Cəmiyyət

Cəmiyyət

Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının bəyanatı

Read this article on other language
Download article
image_pdf
image_pdf

22 sentyabr 2026

Azərbaycanla münasibətlərdə Avropa Şurasının prinsipləri əsas götürülməlidir

Biz – Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları – Avropa Şurası institutlarını və üzv dövlətləri Azərbaycan hökumətinin üzvlük öhdəliklərini sistemli şəkildə pozmasına və təşkilatdan çıxmaq hədələrinə qarşı prinsipial cavab verməyə çağırırıq.

Bu çağırış həm Azərbaycanda insan hüquqlarının müdafiəsi, həm də Avropa Şurasının əsas dəyərlərinin qorunması zərurətindən irəli gəlir. Xatırlatmaq yerinə düşər ki, Avropa İnsan Hüquqları Konvensiyası insan hüquqları, demokratiya və hüququn aliliyi kimi prinsiplərin kollektiv müdafiəsini təşkilata üzv dövlətlərin ortaq məsuliyyəti kimi müəyyən edir.

Məhz bu ortaq öhdəlik və məsuliyyətdən çıxış edərək, biz Avropa Şurasına üzv olan dövlətləri Azərbaycanın üzvlük öhdəliklərini yerinə yetirməsini təmin etmək üçün təşkilatın institutları çərçivəsində birgə və ardıcıl addımlar atmağa çağırırıq.

Azərbaycan hakimiyyətinin Avropa Şurasına qarşı təzyiq və qarşıdurma siyasəti

Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv olması ölkənin müstəqillik dövründəki ən mühüm siyasi-hüquqi seçimlərdən biridir. Bu seçim həm də Azərbaycanın Konstitusiyasında və dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında təsbit edilmiş hüquq və azadlıqların beynəlxalq hüquqa uyğun qorunması öhdəliyinin ifadəsidir. Bu çərçivədə 2002-ci ildən Avropa İnsan Hüquqları Konvensiyası Azərbaycan vətəndaşlarına beynəlxalq hüquqi müdafiə imkanı yaradıb, Avropa Məhkəməsi isə daxili müdafiə vasitələrinin səmərəsizliyi fonunda yeganə ədalət mexanizminə çevrilib. Bununla belə, Avropa Məhkəməsinin Azərbaycandakı çoxsaylı və təkrarlanan pozuntu faktlarına dair qərarları ölkə daxilində insan hüquqları ilə bağlı vəziyyətin dəyişməsi ilə nəticələnməyib. Məhkəmənin qərarları siyasi motivli həbslər, seçki hüquqları, ifadə və birləşmək azadlığı, işgəncə və pis rəftar, eləcə də mülkiyyət hüququ sahəsindəki ciddi struktur problemləri üzə çıxarıb.

Lakin Azərbaycan hakimiyyəti bu problemləri aradan qaldırmaq əvəzinə, Avropa Şurasının nəzarət mexanizmlərini suverenliyə və ərazi bütövlüyünə müdaxilə kimi təqdim edərək təşkilatın institutlarının legitimliyini şübhə altına alan siyasət yürüdüb, onların fəaliyyətini qanunsuz müdaxilələrlə məhdudlaşdırmağa çalışıb. “Kürü diplomatiyası” kimi tanınan korrupsiya və qeyri-qanuni təsir praktikaları isə təşkilatın institusional bütövlüyü üçün ən ciddi sınaqlardan biri olub.

Avropa Şurasına qarşı gözdən salma kampaniyaları, təhqiramiz ritorika və təşkilatdan çıxmaq hədələri bu gün də davam edir. Halbuki Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü və məcburi köçkünlərin hüquqlarını ardıcıl dəstəkləyib, Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinə çağırıb.

Azərbaycanda insan hüquqları böhranı və siyasi repressiyalar

2022-ci ildən etibarən intensivləşmiş repressiyalar Azərbaycanda misli görünməmiş insan hüquqları böhranına gətirib çıxarıb.

Müstəqil vətəndaş cəmiyyətinin, medianın və siyasi müxalifətin sərbəst fəaliyyət imkanları ardıcıl şəkildə yox edilib. Hər il daha da sərtləşdirilən repressiv qanunvericilik, siyasi motivli genişmiqyaslı həbslər və ölkə hüdudlarından kənara yayılan transmilli repressiya halları fərqli səslərin susdurulmasının və müstəqil ictimai fəaliyyətin sıradan çıxarılmasının əsas vasitələrinə çevrilib. Müstəqil təşkilatların hesabatları ölkədə ən azı 328 siyasi məhbusun olduğunu göstərir. Vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər və siyasi fəallar 10–15 ilədək ağır həbs cəzalarına məhkum edilir və repressiya həbs yerlərində də davam edir.

2026-cı ilin ilk altı ayında siyasi məhbuslara qarşı işgəncə və pis rəftar, o cümlədən qadın siyasi məhbuslara qarşı cinsi qısnama halları artıq ayrı-ayrı hüquq pozuntularının fövqünə keçən, insan ləyaqətini alçaldan bir vəziyyət yaradıb. Həbs yerlərində adekvat tibbi xidmətə çıxışın təmin edilməməsi, siyasi məhbuslara və onların ailələrinə qarşı təzyiqlərin davam etməsi vəziyyəti daha da ağırlaşdırıb. Bu qeyri-insani repressiya siyasəti təcili və adekvat beynəlxalq reaksiya tələb edir.

Avropa Şurasının məlumatlarına görə, Azərbaycan təşkilata üzv dövlətlər arasında Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra edilməməsi üzrə ən yüksək göstəriciyə malikdir; belə ki, Məhkəmə qərarlarının 68 faizi hələ də icra olunmayıb. Azərbaycan vətəndaş cəmiyyəti və müstəqil medianın fəaliyyətinin tam sıradan çıxarıldığı, yüzlərlə siyasi məhbusun qeyri-insani şəraitdə saxlanıldığı yeganə Avropa Şurası ölkəsidir. Oxşar vəziyyət 2022-ci ildə təşkilatdan çıxarılmış Rusiya Federasiyasında və təşkilata heç vaxt üzv olmayan Belarusda hökm sürür.

Azərbaycanla münasibətlərdə Avropa Şurasının prinsiplərinin qorunması

Ölkədə insan haqları sahəsindəki dərin böhrana baxmayaraq, son iki ildə Azərbaycan hökuməti ilə Avropa Şurası arasında müəyyən sahələrdə əlaqələr və əməkdaşlıq davam edib. Avropa Şurasının Bakı Ofisi fəaliyyətini davam etdirib, ayrı-ayrı konvensiya və monitorinq mexanizmləri çərçivəsində əlaqələr saxlanılıb, Azərbaycan üzrə 2022–2026-cı illər üçün Avropa Şurasının Fəaliyyət Planının icrası davam edib, İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi (CPT) Azərbaycanla dialoqu və səfərlərini bərpa edib.

Bu əməkdaşlığın vacibliyini vurğulamaqla yanaşı, hesab edirik ki, belə əlaqələr Azərbaycandakı vəziyyətin legitimləşməsinə xidmət etməməli, repressiya siyasətini və onun ağır nəticələrini ikitərəfli əlaqələrin gündəliyindən çıxarmamalıdır. Mövcud əlaqələr Avropa Məhkəməsi qərarlarının icrasından imtina edilməsi, siyasi məhbusların sayının getdikcə artması və AŞPA ilə həqiqi əməkdaşlığı istisna edən status-kvo fonunda davam etdirilməməlidir. Xüsusilə də İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin 2025-ci ilin sentyabr–oktyabr aylarında Azərbaycana səfər edən nümayəndələrinin siyasi məhbuslara qarşı çoxsaylı pis rəftar və işgəncə hallarının baş verdiyi Bakı İstintaq Təcridxanasına baş çəkməməsi bu əlaqələrin əhəmiyyəti və faydası baxımından ciddi narahatlıq doğurur.

Azərbaycan hakimiyyətinin Avropa Məhkəməsinin qərarlarını icra etməməsinə və Avropa Şurasının nəzarət mexanizmlərinə açıq şəkildə meydan oxumasına adekvat reaksiya verilməsi təkcə Azərbaycan üçün əhəmiyyətli deyil; bu cavab Konvensiya öhdəliklərinin bütün üzv dövlətlər üçün məcburi olduğuna dair mühüm presedent yaradır.

Biz inanırıq ki, Avropa Şurasının öz fundamental prinsiplərini qətiyyətlə müdafiə etməsi Azərbaycan cəmiyyətinin demokratik dünyadan təcrid olunması demək deyil. Əksinə, bu prinsiplərin sistemli şəkildə pozulmasına göz yummaq onların aşınmasına, Avropa Məhkəməsi qərarlarının icrasının məcburi xarakterinin zəifləməsinə və bütövlükdə Konvensiya sisteminə etimadın sarsılmasına gətirib çıxara bilər. Bir dövlətin üzvlüyünü qorumaq naminə təşkilatın təməl prinsiplərinin aşınmasına yol vermək Avropa Şurası və bütün üzv ölkələr üçün daha ağır və uzunmüddətli nəticələr doğura bilər.

Biz başa düşürük ki, prinsipial cavab Azərbaycan hökumətinin təşkilatdan çıxmasını sürətləndirə bilər. Bu nəticəyə görə məsuliyyət Avropa Şurasının deyil, Azərbaycan hökumətinin üzərinə düşür.

Avropa Şurası üzvlükdən irəli gələn məsuliyyəti arxa plana keçirən, davamlı hüquq pozuntularını normallaşdıran başqa beynəlxalq təşkilatların təcrübəsini təkrarlamamalıdır.

Biz – Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları – inanırıq ki, institusional münasibətlərin gələcəyindən asılı olmayaraq, ölkəmizdə insan hüquqlarına, azadlığa, ədalətə və hüququn aliliyinə olan ictimai tələb davam edəcək.

Biz AŞPA-nın 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsini üzvlük öhdəliklərinin müdafiəsinə yönəlmiş mühüm addım hesab edirik.

Azərbaycan hökumətinin buna cavab olaraq AŞPA ilə əməkdaşlığı dayandırması və Avropa Şurasından çıxmaq hədəsini isə Azərbaycan cəmiyyətinin maraqlarına xidmət etməyən addım kimi qiymətləndiririk. Belə siyasət Azərbaycanı mənsub olduğu Avropa məkanından təcrid etməyə, ölkə vətəndaşlarını bu məkanın daha səmərəli qoruduğu hüquq və azadlıqlardan, eləcə də onların müdafiə vasitələrindən məhrum etməyə xidmət edir.

Bu səbəbdən biz Avropa Şurasını, üzv dövlətləri və qurumun aidiyyəti institutlarını aşağıdakı addımları atmağa çağırırıq:

  • Nazirlər Komitəsini Azərbaycanın Komitə ilə əməkdaşlığı dayandırmasına və siyasi motivli həbslərlə bağlı Məmmədli qrupu üzrə Avropa Məhkəməsi qərarlarını icra etməməsinə cavab olaraq növbəti insan haqları (DH) iclasında Konvensiyanın 46-cı maddəsinin 4-cü bəndində nəzərdə tutulan, daha əvvəl İlqar Məmmədov Azərbaycana qarşı işi (2017) üzrə tətbiq edilmiş proseduru başlatmağa;
  • Baş Katibi Konvensiyanın 52-ci maddəsinə əsasən Azərbaycandakı insan hüquqları böhranı və Məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı hökumətdən rəsmi izahat tələb etməyə;
  • AŞPA, Nazirlər Komitəsi və Baş Katibi Azərbaycandakı insan hüquqları böhranını gündəmdə saxlamağa, siyasi məhbusların azad edilməsi, insan hüquqları pozuntularının sənədləşdirilməsi və gələcək hesabatlılığın təmin edilməsi üçün əlaqələndirilmiş institusional addımlar atmağa;
  • Avropa Şurasına üzv dövlətləri Azərbaycanla münasibətlərdə vahid və prinsipial mövqe tutmağa, təşkilatın dəyərlərini və institutlarını avtoritar təzyiqlərdən qorumağa, habelə siyasi məhbuslara, hüquq müdafiəçilərinə, jurnalistlərə və vətəndaş cəmiyyətinə dəstəyi gücləndirməyə.

Bəyanatı imzalayan təşkilatlar:

Müstəqil Hüquqşünaslar Şəbəkəsi
Xəzər Tədqiqat və Analiz Mərkəzi
Açıq Azərbaycan Təşəbbüsü
Free Voice Collective
Demokratik Təşəbbüslər İnstitutu

Bu bəyanat onun məzmununu və çağırışlarını dəstəkləyən Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının, hüquq müdafiəçilərinin və ictimaiyyət nümayəndələrinin qoşulması üçün açıqdır.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.