fbpx

Cəmiyyət

Cəmiyyət

Qarabağın status tapmacası

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bu yazıda ilk olaraq 44 günlük II Qarabağ müharibəsindən öncəki status müzakirələrinə nəzər salacam. Daha sonra Rusiyanın öncəki sülhməramlı fəaliyyətinə diqqət çəkərək, müharibədən sonrakı status məsələsinin gələcəyi barədə fikirlərimi bölüşəcəm. Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin geridə qaldığını[i] və Dağlıq Qarabağa xüsusi status verilməyəcəyini desə də, görünür status məsələsi heç də bitməyib. 26 fevral 2021-ci ildə Prezident İlham Əliyev bir daha yerli və xarici media ilə mətbuat konfransında status məsələsinin Azərbaycan üçün başa çatdığını bildirdi və status məsələsini qaldıranların sülhə yox, qarşıdurmaya xidmət etdiyini ifadə etdi.[ii]

Qarabağ probleminin həllinə yönəlik təkliflər və onların taleyi

Birinci Qarabağ müharibəsi 1994-cü ildə Bişkek Protokolunun imzalanması ilə uzunmüddətli müzakirələr dövrünə qədəm qoydu. 26 il ərzində cəmi bir böyük toqquşma olsa da, müntəzəm olaraq atəşkəsin pozulması və bunun nəticəsində insan itkisinin baş verməsi rutin hala çevrilmişdi. Ermənistan onun üçün əlverişli vəziyyəti mümkün qədər uzatmaqla və Dağlıq Qarabağın ətrafında işğal etdiyi rayonlardan təhlükəsiz bufer zona yaratmaqla heç cür sonlanmayan sülh müzakirələrindən istifadə edirdi. Azərbaycan hakimiyyəti də ölkənin ərazi bütövlüyündə israr edirdi. Tərəflərin ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsipləri bir-birinə o qədər zidd anlaşılırdı ki, bu mövqedə qalmaqla sülh müqaviləsinin bağlanması da əslində gözlənilən deyildi.

Münaqişənin həlli ilə bağlı vasitəçiliyi üzərinə götürən ATƏT-in Minsk qrupunun ilk həmsədrləri Rusiya və Finlandiya idi. Lakin 1996-cı ilin dekabrında Lissabon sammitindən dərhal sonra həmsədrlik institutu yenidən formalaşdırıldı və Fransa ilə ABŞ Rusiya ilə birlikdə həmsədr oldular. 1990-cı illərdə ATƏT-in Minsk qrupu problemin həllinə yönəlik 3 təklif irəli sürdü. Paket həll, Mərhələli həllÜmumi dövlət təkliflərini tərəflər qəbul edilmədi.

1990-cı illərdə problemin həllinə yönəlmiş ilk planlardan biri ABŞ diplomatı Pol Qoblun planı idi. Bu plana görə ərazi mübadiləsi (Mehri və Laçın rayonlarının mübadiləsi nəzərdə tutulurdu) yolu ilə münaqişə sonlandırılmalı idi. Bu planın həyata keçirilməsində ABŞ əsas moderator rolunu oynayırdı. Heydər Əliyev və Robert Koçaryanın görüşlərində bu plan üzrə danışıqların müsbət sonlanacağına böyük ümidlər yarandığı və ABŞ Dövlət katibinin müavininin Yerevana səfər etdiyi bir vaxt Ermənistan parlamentində Baş nazir və parlament sədrinin də öldürüldüyü terror aktı baş verdi. Beləliklə də sülh müqaviləsinin imzalanması təxirə düşdü. Bu terror aktının əsas təşkilatçısının Rusiya olması barədə hər zaman şübhə və iddialar var idi. İngiltərədə zəhərlənərək öldürülən keçmiş rus xüsusi xidmət orqanı agenti Aleksandr Litvinenko da teraktı Rusiyanın təşkil etdiyini iddia etmişdi.[iii]

2000-ci illərdə münaqişənin həllində 2007-ci ildə Madrid prinsipləri, 2009-cu ildə isə Yenilənmiş Madrid prinsipləri ətrafında müzakirələr aparıldı.  Bu ikisi arasında yeganə fərq odur ki, ilkində Qarabağın gələcək statusu referendum yolu ilə, sonuncuda isə iradənin hüquqi yolla ifadəsi yolu ilə müəyyənləşdiriləcəkdi. Azərbaycan hakimiyyətinin hər zaman Qarabağa müstəqilliyin verilməyəcəyini bildirməsi ilə referendum və ya iradənin hüquqi yolla ifadəsi ilə müəyyənləşdirilməsində hansı statusun müzakirə mövzusu olacağı tam aydınlaşdırılmadı.

2010-cu illərdə Rusiya vasitəçilik prosesində önə keçdi və müzakirələri digər həmsədr dövlətlərin iştirakı olmadan özü təşkil etməyə başladı. Həmçinin Rusiya münaqişənin həllində öz sülhməramlı missiyasını təklif etmiş tək dövlət idi. Rusiya bunu ilk olaraq, 1994-cü ildə təklif etmişdi. Daha sonra 2015-ci ildə Lavrov planı adlı öncəkilərdən çox da fərqlənməyən bir təklifdə Rusiya yenidən sülhməramlı missiya təklifini yenilədi. Maraqlıdır ki, Rusiya sülhməramlısına həm Azərbaycan, həm də Ermənistan etiraz etdi.[iv]

Hətta 2016-cı il aprel eskalasiyasından sonra da bütün danışıqlar nəticəsiz qaldı və Ermənistanda Paşinyan hakimiyyəti tərəfindən təxribatların (Paşinyanın “Artsax Ermənistandır, nöqtə” deməsi, separatçı Dağlıq Qarabağ Respublikasının öz parlamentini Şuşaya köçürmək planları, Ermənistan Müdafiə nazirinin “yeni müharibə, yeni ərazilər” fikri və s.) törədilməsi müharibəyə gətirib çıxardı. 2020-ci ilin iyulunda Tovuz rayonunda baş vermiş toqquşma artıq müharibəni qaçılmaz etdi.

Azərbaycanın çox böyük hərbi üstünlüyünün olduğu 44 günlük müharibə 10 noyabr 2020-ci ildə gecə saatlarında Putinin moderatorluğu və ya təzyiqi ilə müharibənin dayandırılması barədə bəyanat imzalanması ilə nəticələndi. Bəyanatın imzalandığı ilk saatlardan Azərbaycan hakimiyyəti bunu Qarabağ probleminin sonu kimi dəyərləndirdi və artıq Qarabağın status məsələsinin qalmadığını bildirdi.

Cəmi 9 maddədən ibarət olan bəyanatın şərtləri onu imzalayan tərəflər, hətta Rusiya tərəfindən fərqli təfsir olunmağa başladı. Xüsusilə 1-ci və 4-cü maddələr arasında fərqli yanaşmalar özünü göstərdi. Birinci maddəyə görə, Azərbaycan və Ermənistan hazırda tutduqları mövqelərdə qalacaqlar. Dördüncü maddədə isə Rusiya sülhməramlı kontingentinin erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirildiyi göstərilib. Azərbaycan tərəfi dördüncü maddəyə uyğun olaraq erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmalı olduğunu, Ermənistan və Rusiya isə birinci maddədə olduğu kimi həmin qüvvələrin 10 noyabrda olduğu yerlərdə qala biləcəklərini bildirirlər.[v]

İstənilən halda problemin həlli üçün Rusiya sülhməramlı missiyası həlledici amil kimi nəzərdən keçirilir. 10 noyabr Bəyanatının üçüncü maddəsi – Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir[vi] – ilə Rusiya bölgəyə sülhməramlı qüvvə göndərmək hüququ qazandı və bir neçə saat içərisində bölgəyə sülhməramlı qüvvələrini göndərdi. Bəyanatın dördüncü maddəsində sülhməramlı qüvvənin bölgədə qalma müddəti artırılma imkanı da olmaqla 5 il müəyyənləşdirilir, beşinci maddəsində isə münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılması nəzərdə tutulur.

Azərbaycan üçün burada Rusiya hegemonluğunu kompensasiya edə biləcək qüvvə Türkiyənin sülhməramlı kimi iştirakı ola bilərdi ki, buna nə Rusiya, nə də Ermənistan razı olmazdı. Türkiyə ilə Rusiya arasında Bəyanatın ertəsi günü –  11 noyabrda sülhməramlı mərkəzlə bağlı razılaşma əldə edildi, həmin razılaşmanın detallarına dair müqavilə isə dekabrın 1-də imzalandı.[vii] Rus-Türk Birgə Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-da Ağdam rayonu ərazisində Azərbaycan, Türkiyə və Rusiya rəsmilərinin iştirakı açıldı.[viii] Mərkəzdə hər iki dövlətdən 60 hərbçi fəaliyyət göstərəcək ki, onların da vəzifəsi atəşkəs rejiminə nəzarət etmək və onu qorumaqdır.[ix] Beləliklə, Türkiyənin iştirakı mümkün qədər minimuma endirilib.

Rusiya həqiqətən sülh məramlıdırmı?

Yuxarıda qeyd etdiyim kimi, Rusiya münaqişənin əvvəlindən arzu etdiyi kimi yenidən Azərbaycan ərazisində hərbi mövcudiyyətini təmin etdi. Bu mövcudiyyətin Azərbaycan üçün necə nəticələnəcəyi hələlik müəmmadır və gələcəyin nə gətirəcəyini dəqiq müəyyənləşdirmək olmur. Amma dəqiqdir ki, Rusiya özünün rəsmi sənəd və doktrinalarında keçmiş sovet ölkələrini yaxın ətraf adlandırır və buranı özünün maraq dairəsi hesab edir. Rusiya sühlməramlılarının regionda yerləşdirilməsini də məhz bu kontekstdə başa düşmək lazımdır. (Rusiyanın postsovet dövründə Qarabağa qədər 4 sülhməramlı missiyası olub. Bunlardan biri Tacikistanda vətəndaş müharibəsi nəticəsində, digər üçü isə Dnestryanı (Transnistriya), Abxaziya və Cənubi Osetiya olmaqla separatçı bölgələrdə baş tutub.)

Hərçənd, qeyd etmək yerinə düşər ki, Beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq BMT-nın əsas vəzifələrindəndir. Bu vəzifə xüsusi olaraq BMT Təhlükəsizlik Şurası üçün müəyyənləşdirilib və BMT Nizamnaməsinin 34 və 42-ci maddələri ilə Təhlükəsizlik Şurasına beynəlxalq sülhə təhlükə ola biləcək situasiyanı müəyyənləşdirmək və sülhü və təhlükəsizliyi bərpa etmək üçün gücdən istifadə etmək hüququ verilib.

Rusiya BMT çərçivəsində də sülhməramlı fəaliyyət göstərib. İlk belə fəaliyyət SSRİ dövründə Süveyş kanalı bölgəsində,  postsovet dövründə isə Balkanlarda baş tutub. Ancaq son zamanlarda Rusiya BMT çərçivəsində sülhməramlı fəaliyyətlərdə iştirakını minimuma endirib və münaqişə yerlərinə əsasən xüsusi birlikləri, bəzən də hərbi ekspertləri göndərməklə kifayətlənir.[x] Belə ki, SSRİ dağıldıqdan sonra BMT çərçivəsində rus hərbi heyəti 1992-ci ildə Yuqoslaviya, Kamboca və Mozambikə, 1994-cü ildə Ruandaya və Gürcüstana göndərildi. 1995-ci ildə Anqolaya 160 nəfərlik hərbi birlik, 1997-ci ildə Qvatemalaya, 1998-ci ildə Syerra-Leoneyə, 1999-cu ildə Şərqi Timor və Konqo Demokratik Respublikasına müşahidəçi göndərdi. 2010-cu ildə Rusiyanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakının pik vaxtında cəmi 367 hərbçi iştirak edirdi.[xi] Bu say sonralar kəskin şəkildə azaldı.

Burada diqqət çəkən məqam ondan ibarətdir ki, Rusiyanın sülhməramlı missiyası əsasən postsovet ölkələrini əhatə edir. Gürcüstanın separatçı Abxaziya ilə 1992-93-cü illər müharibəsi Rusiyanın moderatorluğu ilə Moskvada atəşkəs və qüvvələrin ayrılması müqaviləsinin imzalanması ilə nəticələndi. Bu müqavilə ilə 14 may 1994-cü ildən atəşkəs elan edilir və Abxaziyada 3000 nəfərlik MDB (de-fakto Rusiya) sülhməramlı qüvvəsi yerləşdirilirdi. Müqavilədə missiyanın müddəti və fəaliyyəti barədə heç nə yoxdur. Yalnız 2003-cü ildə Rusiya və Gürcüstan arasında imzalanmış razılaşmaya əsasən hər hansı bir müddət müəyyənləşdirilməsə də tərəflər sülhməramlı fəaliyyətdən imtina etmək hüququ əldə etdilər. Tələb olardısa, sülhməramlı qüvvələr 1 ay müddətində çıxarılmalı idi.[xii]

Rusiya sülhməramlılarının olduğu digər postsovet bölgəsi Cənubi Osetiyadır. Gürcüstan 1991-92-ci illərdə Cənubi Osetiya separatçıları ilə müharibəni 1992-ci il 24 iyunda Rusiya ilə imzaladığı Soçi və ya Daqomis razılaşması ilə sonlandırdı. Razılaşmanın 3-cü bəndinə əsasən bölgədə Rusiya və Gürcüstan birgə qüvvələri yerləşdirildi. Rusiya 700, Cənubi Osetiya 469, Gürcüstan isə 320 şəxslə təmsil olunurdu. Razılaşma ilə bu qüvvələrin əsas öhdəliyi sülhü və təhlükəsizliyi qorumaq, monitorinq aparmaq idi. Bu razılaşma ilə birgə qüvvələrin statusu, bölgədə qalma müddəti müəyyənləşdirilməmişdi. Daha sonra zamanla Gürcüstan öz qüvvələrini azaltdı və onun yerini Rusiya tutdu. Rus, gürcü, Şimali və Cənubi Osetiya nümayəndələrinin iştirakı ilə Birgə Nəzarət Komissiyası yaradıldı. Bu Komissiyada ATƏT də iştirak etdi. Gürcüstan parlamenti Birgə sülhməramlı qüvvələrin həqiqi beynəlxalq qüvvələrlə əvəz edilməsi barədə 2006-cı ildə qətnamə qəbul etsə də, bunu həyata keçirmək mümkün olmadı.[xiii] 2008-ci ilin avqustunda separatçıları müdafiə edən Rusiya Gürcüstana sərt müdaxilə etdi. Bu müharibədən sonra Rusiya separatçı Abxaziya və Cənubi Osetiya respublikalarını tanıdı və onlarla müqavilə bağlayaraq orada hərbi mövcudiyyətini saxladı.

Rusiya silahlılarının olduğu digər postsovet ölkəsi Moldovadır. 1991-92-ci illərdə separatçı Dnestryanı (Transnistriya) ilə müharibədən sonra Moldova və Rusiyanın imzaladığı 1992-ci il iyul müqaviləsinə əsasən bölgədə Rusiya, Moldova və Dnestryanı əsgərlərindən ibarət sülhməramlı qüvvə yerləşdirildi. Bundan başqa müharibə vaxtı separatçılara dəstək verən 14-cü ordunun bazasında 1995-ci ildə Rus Ordusunun Əməliyyat Qrupunu formalaşdırdı.[xiv] Hazırda təxminən 1500 nəfərlik rus ordusu Moldova ərazisindədir. 2020-ci ilin noyabrında prezident seçilmiş Maya Sandu Rusiya ordusunun Moldova ərazisindən çıxarılmasını tələb etsə də, Rusiya bunun yenidən destabilizasiyaya səbəb olacağını bildirərək ordusunu çıxarmaqdan imtina etdi.[xv]

SSRİ-nin dağılmasından sonra 1991-ci ilin sentyabrında müstəqil olan Tacikistanda vətəndaş müharibəsi (1992-97-ci illər) baş verdi. Müharibəni əsas gətirən Rusiya 1992-ci ilin oktyabrında Tacikistana MDB – Rusiya, Qazaxıstan və Qırğızıstan hərbçilərindən ibarət 12 minlik sülhməramlı birləşmə göndərdi. Bu birləşmənin əsası hələ vətəndaş müharibəsindən öncə Tacikistanda yerləşmiş olan 201-ci diviziya idi və sözsüz ki, komandanlıq ruslarda idi. 2000-ci ildə MDB Dövlət Başçılarının Şurasında sülhməramlıların artıq öz işini tamamladığını və geri çəkilməli olması qərara alındı. 201-ci diviziya Əfqanıstanla sərhədə yerləşdirildi və 2003-cü ildə Tacikistanda hərbi baza yaradıldı. 2012-ci ildə Tacikistan hakimiyyəti ilə bağlanmış müqaviləyə əsasən 2042-ci ilə qədər Rusiyanın Tacikistanda hərbi baza saxlamaq hüququ var.[xvi]

Bir çoxları haqlı olaraq düşünür ki, Rusiya özünün yaxın ətraf adlandırdığı keçmiş postsovet ölkələrindəki separatçı qüvvələrə dəstək verməklə[xvii] geosiyasi məqsədlər güdür və bu yöndə əsas alət kimi sülhməramlı qüvvələrdən, hərbi bazadan, rusiyameyilli hakimiyyət formalaşdırmaqdan istifadə edir. Bu separatçı hərəkatların Rusiyanın dəstəyi ilə yaradılması iddiasını birbaşa sübut etmək çətin olsa da, fakt odur ki, Rusiya bu hərəkatlardan öz geostrateji məqsədləri üçün istifadə edir. Məsələn, 1999-cu ildə Rusiya prezidenti Vladimir Putin İstanbul sammitində sülhməramlılarını Moldova və Gürcüstandan çıxarmağa razılaşsa da, geostrateji maraqları əsas tutaraq bunu indiyə kimi həyata keçirməyib. Rus qüvvələri əslində daima həmin separatçıları müdafiə etməklə, onlara müxtəlif cür dəstək verməklə məşğul olub.[xviii]

Rusiyanın Özbəkistan və Türkmənistan, həmçinin Pribaltika ölkələri istisna olmaqla artıq bütün postsovet ölkələrində hərbi birləşmələri var. Rusiyanın BMT çərçivəsində iştirak etdiyi sülhməramlı missiyalarda 10-larla, maksimum yüzlərlə ölçülən hərbçi sayı postsovet ölkələrində minlərlə ölçülür. Bu hərbi birləşmələrin Rusiyanın geosiyasi maraqlarını müdafiə etmək üçün yerlərdə olması onların gerçək sülhməramlı niyyətli olmasını şübhə altına salır.

Belə olduğu təqdirdə 10 noyabr Bəyanatından saatlar sonra Azərbaycana göndərilən ordunu sülhməramlı kimi qiymətləndirmək də şübhəlidir və bu, onların 5 il sonra Azərbaycanı tərk edəcəyinə inamı öldürür. Məlum olduğu kimi Rusiya ordusu Qarabağa gəldikdən sonra Azərbaycanın maraqlarına uyğun olmayan addımlar atması, oradakı de-fakto hakimiyyət orqanlarını saxlaması, rus dilinin separatçı Dağlıq Qarabağ Respublikasının rəsmi dili olacağı ilə bağlı iddialara birmənalı cavab verməməsi gələcəkdə müxtəlif problemlərin olacağını göstərir.[xix] Qeyd edim ki, 2021-ci il fevralın 17-də separatçı Dağlıq Qarabağ Respublikasının parlamenti rus dilinin rəsmi dil olması ilə bağlı qanun layihəsini qəbul etdi.[xx]

Nə etməli?

Münaqişənin gələcəyi barədə düşünəndə rəsmi şəxslərin ritorikasına da diqqət etmək vacibdir. 44 günlük müharibə dövründə tərəflərin çox sərt ritorikadan istifadə etməsi anlaşılandır. Müharibədən sonra prezident İlham Əliyev sərt ifadələrinin istiqamətini Paşinyandan eks-prezidentlərə çevirdi. O, bu müharibədə Sarkisyan və Koçaryan ordusunun məğlub edildiyini ifadə etməyə başladı. Görünür, Əliyev sülh müqaviləsi üçün Paşinyana daha çox inanır. Amma buna  baxmayaraq, qarşılıqlı ritorika hələ də düşmən ritorikasıdır və bu yaxın gələcəkdə xalqlararası barışıq imkanlarını azaldır. İstər ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərinin, istərsə də Rusiyanın mövqeyi Qarabağın status probleminin bitmədiyini göstərir.

Lakin Azərbaycan prezidenti bildirir ki, müharibə bitdi və status məsələsi də getdi. Reallıq isə fərqlidir. Reallıq budur ki, Azərbaycan cəmiyyəti müharibəni davam etdirmədiyinə, yəni ərazi bütövlüyünü tam təmin etmədiyinə görə hökuməti qınayır. Ermənilər Dağlıq Qarabağın müstəqilliyindən nəinki imtina ediblər, hətta bu məsələdə daha da barışmaz görünürlər. Yəni müharibə bitməyib və status məsələsi həll olunana kimi də bitməyəcək. Bu şəraitdə olan anlaşma sadəcə növbəti atəşkəsdir və müharibə alovu növbəti əlverişli zamana kimi közərməkdə davam edəcək. Müharibənin getməsi üçün status məsələsinin həqiqətən getməsi yəni münaqişənin həll olunması lazımdır.

Bəziləri deyir ki, yaranmış şəraitdə iki tərəf arasında təmasları genişləndirmək, kommunikasiya xətlərini açmaq, vətəndaş təşəbbüsləri ilə tədricən status məsələsinin kəskinliyini azaltmaq mümkündür. Bu, illüziyadan və səyləri boşuna xərcləməkdən başqa bir şey deyil. Son 30 ildə xeyli belə təşəbbüs olub, nəticəsi isə sıfır. Bu, həll yolu deyil, özünü aldatmaqdır. Yeganə həll yolu məhz status məsələsinin həllidir və məhz bundan sonra təmas da yaranacaq, bütün düşmənçiliklər də öz-özünə tədricən aradan qalxacaq.

Bəs status məsələsi iki tərəfin ümidinə qalarsa, sülh yolu ilə necə həll oluna bilər? Bir şey aydındır ki, Azərbaycan tərəfi heç vaxt Dağlıq Qarabağ ermənilərinin müstəqilliyinə, daha doğru ifadə etsək, qanuni ərazisinin bir hissəsinin Ermənistana verilməsinə razı olmayacaq. Bu mümkün deyil. Heç 27 il məğlub, xeyli ərazilərini itirmiş durumda belə buna razı olmadısa, erməni ordularını sarsıdıcı məğlubiyyətə uğratmasından sonra buna razı olacağına inanmaq sadəlövhlük olardı. Amma kompromissiz də status məsələsinin həlli yoxdur. Nə ola bilər bu kompromislər? Bunun bir yolu var: Ermənilərin Dağlıq Qarabağın müstəqilliyi ideyasından imtinası və problemin Azərbaycanın formal ərazi bütövlüyü çərçivəsində həlli. Azərbaycanın isə vaxtilə söz verdiyi ən yüksək muxtariyyət statusunu yenidən masa üstünə qaytarması. Məlumdur ki, hər iki tərəfin ictimaiyyəti mənim bu dediyimi qətiyyətlə rədd edəcək. Fəqət, status məsələsinin həllinin yeganə variantı kimi də elə bu yol görünür. Bu qəbul edilmirsə, yalnız müharibə ehtimalı qalır.

Istinadlar

[i] https://www.bbc.com/azeri/azerbaijan-55546657

[ii] https://president.az/articles/50738

[iii] Qarabağ 99 sualda, 243, orjinalı “Shooting of the Armenian Parliament was Organized by Russian Special Services”, AZG DAILY #79, 3 May 2005; http://www.azg.am/EN/2005050307

[iv] https://modern.az/az/news/221452

[v] Waal, T. https://carnegieeurope.eu/2021/02/11/unfinished-business-in-armeniaazerbaijan-conflict-pub-83844

[vi] Bəyanatın tam mətni  https://president.az/articles/45924

[vii] https://www.dw.com/tr/t%C3%BCrkiye-ve-rusya-da%C4%9Fl%C4%B1k-karaba%C4%9F-konusunda-anla%C5%9Ft%C4%B1/a-55785322

[viii] https://mod.gov.az/az/news/turkiye-rusiya-birge-monitorinq-merkezinin-acilis-merasimi-kecirilib-video-34668.html

[ix] https://pressklub.az/?p=76793

[x] Romańczuk, M The Russian Federation’s involvement in peace missions after the dissolution of the USSR, Acta Politica Polonica nr 2/2018 (44) | www.wnus.edu.pl/ap, 44

[xi] Yenə orada, 45.

[xii] Yenə orada, 48.

[xiii] Yenə orada.

[xiv] Yenə orada, 49.

[xv] https://www.bbc.com/news/world-europe-55135213

[xvi] https://tass.com/defense/1054440

[xvii] https://carnegieendowment.org/2017/06/30/whose-rules-whose-sphere-russian-governance-and-influence-in-post-soviet-states-pub-71403

[xviii]Lynch, Dov Separatist states and post-Soviet conflicts, International Affairs, 78, 4 (2002), 831-848

[xix] https://aqreqator.az/az/siyaset/1139867

[xx] https://ru.armeniasputnik.am/karabah/20210217/26479137/Russkiy-yazyk-stanet-v-Karabakhe-ofitsialnym—v-parlament-vnesen-zakonoproekt.html

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.