fbpx

Cəmiyyət

Cəmiyyət

‘Dağlıq Qarabağ münaqişəsinə son qoyulub’ iddiasını necə başa düşək?

Read this article on other language
Download article
image_pdf
image_pdf

İkinci Qarabağ Müharibəsi bitəndən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev başda olmaqla azərbaycanlı rəsmilər dəfələrlə qeyd etdilər ki, Qarabağ münaqişəsi öz həllini tapıb və Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Belə ki, 2020-ci ilin 10 noyabrında Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan Üçtərəfli Bəyanatı oxumazdan əvvəl Əliyev xalqa müraciət edərək vurğuladı ki, “Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur.” Bu fikir daha sonra bir neçə dəfə təkrar səslənsə də, hökumət heç zaman onu ətraflı şəkildə əsaslandırmayıb və münaqişənin artıq həll olması iddiası bir çoxları üçün müəmma olaraq qalmaqdadır. Birincisi, Azərbaycanla Ermənistan arasında sərhədlər açılmayıb, yəni bu iki dövlət hələ də normal qonşuluq münasibəti qura bilməyiblər. Hətta 2021-ci ilin mayından bəri Azərbaycanla Ermənistanın dövlət sərhəddində mütəmadi olaraq atəşkəs pozulurdu və hər iki tərəfdən ölən və yaralananlar olurdu. İkincisi, Azərbaycan hazırda Dağlıq Qarabağın bir hissəsini idarə edə bilmir, çünki həmin ərazi Rusiya sülhməramlıları ilə separatçı Dağlıq Qarabağ Respublikasının (DQR) nəzarəti altındadır. Qeyd edilən bu ikinci faktı nəzərə alsaq, hökumətin Dağlıq Qarabağ münaqişəsinə son qoyulub iddiasını necə başa düşməliyik?

Bu suala cavab verməzdən əvvəl gəlin ilk baxışdan çox sadə görünən, amma mübahisələrə səbəb olan bir məsələni aydınlaşdıraq. Münaqişəli ərazinin adı nədir? Üçtərəfli Bəyanatın birinci maddəsində münaqişəli ərazi “Dağlıq Qarabağ münaqişəsi zonası” kimi qeyd edilir. Üçüncü maddədə Rusiya sülhməramlılarının yerləşəcəyi ərazi belə təsvir edilir: “Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu.” Laçın dəhlizi hansı əraziləri birləşdirir? Bu sualın cavabı da altıncı maddədə öz əksini tapıb: “Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.” Deməli, Laçın dəhlizi Dağlıq Qarabağ adlı ərazi ilə Ermənistan arasında əlaqə yaratmaq məqsədilə Rusiya sülhməramlılarının nəzarətinə verilir. Bəyanatın yeddinci maddəsində deyilir ki, “[d]axili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara … geri qayıdır.” Beləliklə, ətraf rayonlar (onların sayı yeddidir – Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan) xaric olmaqla geridə qalan ərazinin adı Dağlıq Qarabağ adlanır. Deməli, Üçtərəfli Bəyanata görə verdiyim sualın cavabı da belədir: münaqişəli ərazinin adı Dağlıq Qarabağdır. Amma biz bilirik ki, adətən Dağlıq Qarabağ deyiləndə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) ərazisi (təxmini 4400 kv.km) nəzərdə tutulur, hazırda isə həmin ərazinin təxmini ¼ hissəsinə Azərbaycan nəzarət edir. Buna görə də, Üçtərəfli Bəyanatda Dağlıq Qarabağ deyiləndə çox güman ki, keçmiş DQMV-nin təxmini ¾ hissəsi – haradasa 3200 kv.km-lik ərazi nəzərdə tutulur. Mən də bundan sonra Dağlıq Qarabağ deyəndə sonuncunu nəzərdə tutacağam.

Yəqin ki, məhz bu səbəbdən də Rusiya Federasiyası Müdafiə Nazirliyi Qarabağla bağlı bəyanatlarında münaqişə zonasını Dağlıq Qarabağ adlandırır. Lakin hər belə bəyanatdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi öz cavab bəyanatlarında qeyd edir ki, “Azərbaycan ərazisində ‘Dağlıq Qarabağ’ adlı inzibati ərazi vahidi yoxdur.” Aydın olmayan budur ki, 2020-ci ilin 10 noyabr tarixində Əliyev Üçtərəfli Bəyanatı imzalayanda da Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi yox idi; bəs nəyə görə həmin sənəddə münaqişə zonası məhz Dağlıq Qarabağ adlandırılırdı? Məsələn, niyə münaqişə zonası Xankəndi-Xocalı-Xocavənd-Ağdərə münaqişə zonası adlandırılmadı? Azərbaycanın Müdafiə Nazirliyi hər dəfə Rusiya Müdafiə Nazirliyinə etiraz edəndə bu məsələyə də aydınlıq gətirsə daha yaxşı olar. Rusiyanın münaqişə zonasına Dağlıq Qarabağ deməsi belə problemlidirsə, iki sözdən ibarət bu söz birləşməsi Azərbaycanda belə qıcıq yaradırsa, Üçtərəfli Bəyanatda niyə bu ifadə öz əksini tapırdı?

İndi isə qayıdaq əsas suala. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə son qoyulub iddiasını necə başa düşməliyik? Hökumət bu iddiasını aydın şəkildə əsaslandırmadığı üçün mən sadəcə öz gümanım əsasında bu suala cavab verə bilərəm. Məncə, bu iddianı başa düşmək üçün Üçtərəfli Bəyanatın dördüncü maddəsinə fokuslanmaq lazımdır. Həmin maddə iki cümlədən ibarətdir və onun birinci cümləsi aşağıdakı kimidir:

Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.

Gəlin bu maddə əsasında münaqişəyə son qoyulmasına dair Azərbaycan hökumətinin iddiasını başa düşməyə çalışaq. Bu qısa cümlədə problemli iki ifadə var: erməni silahlı qüvvələriparalel şəkildə.

Dördüncü maddənin birinci cümləsindəki erməni silahlı qüvvələri deyiləndə konkret hansı qüvvələr nəzərdə tutulur – Ermənistan Respublikasının silahlı qüvvələri, yoxsa separatçı yerli ermənilərin (başqa sözlə, separatçı DQR-in) silahlı qüvvələri, yoxsa hər ikisi? Belə ki, Bəyanatın ingilis və rus dillərində olan versiyalarında erməni silahlı qüvvələri ifadəsi müvafiq olaraq Armenian armed forcesармянских вооруженных сил olaraq verilib. Lakin bəyanatın ingilis və rus dillərindəki versiyaları da bizim hansı qüvvələrdən bəhs edildiyini anlamağımıza kömək etmir, çünki erməni termini kimi, Armenianармянских terminləri də birmənalı deyil. Armenian və ya армянских deyiləndə Ermənistan da nəzərdə tutula bilər, yerli etnik ermənilər də. Nə edək ki, bəyanatı analitik filosoflar hazırlamayıb! Məsələni aydınlaşdırmaq üçün bəyanatın dili daha aydın şəkildə yazıla bilərdi. Bəyanat qeyd edə bilərdi ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan Respublikasının və yerli erməni separatçılarının silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir,” yaxud da həmin cümlə belə yazıla bilərdi: “Rusiya Federasiyasının sülhməramlı kontingenti digər bütün silahlı qüvvələrin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” (vurğu əlavə edilmişdir).

Bəyanatın birinci maddəsində qeyd edilir ki, “[b]undan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.” Yəni tərəflər dedikdə Azərbaycanla Ermənistan nəzərdə tutulur və separatçı DQR tərəf kimi qeyd edilmir. Lakin dördüncü maddədə ümumiyyətlə tərəflər sözündən istifadə edilmir. Buna baxmayaraq, biz dördüncü maddəni belə təfsir edə bilərik ki, burada erməni silahlı qüvvələri deyiləndə məhz Ermənistanın silahlı qüvvələri nəzərdə tutulur, çünki bu bəyanatda separatçı DQR tərəf deyil. Halbuki, Azərbaycan rəsmi qurumları dördüncü bənddəki erməni silahlı qüvvələri ifadəsini təkcə Ermənistana yox, həm də separatçı DQR-in qüvvələrinə şamil edirlər. Məsələn, Azərbaycan Müdafiə Nazirliyinin 26 mart 2022-ci ildəki bəyanatında deyilir ki, “qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib.” Müdafiə Nazirliyi sadəcə Ermənistan silahlı dəstələri deyə bilərdi, amma demədi. Eyni bəyanatda belə bir cümlə də var: “Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir. Buna görə bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır” (vurğu əlavə edilmişdir).  Birinci cümləyə baxın. Burada Ermənistana məxsus silahlı qüvvələr ilə qeyri-qanuni erməni silahlı qüvvələri bir-birindən ayrılır. Məhz bu cümlə əsasında deyə bilərik ki, Üçtərəfli Bəyanatın dördüncü maddəsindəki erməni silahlı qüvvələri ifadəsini Azərbaycan Respublikası geniş formada, belə təfsir edir: Ermənistan Respublikasının silahlı qüvvələri və separatçı yerli ermənilərin (başqa sözlə, separatçı DQR-in) silahlı qüvvələri.

İndi Dördüncü maddənin birinci cümləsindəki paralel şəkildə ifadəsinə baxaq. Mən bu cümləni oxuyanda təsəvvürümdə belə bir vəziyyət yaranır: rusiyalı sülhməramlılar Ermənistandan Azərbaycana Laçın dəhlizi vasitəsilə girərkən eyni anda və ya mümkün ən qısa müddətdə erməni silahlı qüvvələri Azərbaycan ərazisini tərk edir. Amma daha yaxşı olardı ki, konkret bir zaman məhdudiyyəti qoyulsun. Məsələn, deyilsin ki, bütün bu çıxarılma prosesi 2020-ci ilin sonuna qədər tamamlanmalıdır.

Lakin hadisələr belə baş vermədi, hətta Üçtərəfli Bəyanatın üzərindən bir il yarım ötməsinə baxmayaraq hələ də, Azərbaycan Müdafiə Nazirliyinin dili ilə desək, Dağlıq Qarabağda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri mövcuddur. Bəs kimdir müqəssir? Erməni silahlı qüvvələrini Dağlıq Qarabağdan çıxartmaqla kim mükəlləf idi? Yuxarıda Azərbaycan Müdafiə Nazirliyindən belə bir sitat gətirdim: “Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir. Buna görə bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır” (vurğu əlavə edilmişdir). Yəni Azərbaycan tərəfi erməni silahlı qüvvələrinin çıxarılmamasına görə rusiyalı sülhməramlıları deyil, Ermənistanı günahlandırır.

Amma burada üç problem var. Birincisi, təbii ki, Azərbaycan tərəfinin iddia etdiyi kimi həqiqətən də Dağlıq Qarabağda Ermənistanın silahlı qüvvələri varsa, onda həmin qüvvələrin Azərbayanın hüquqi ərazisində olmasının günahkarı Ermənistandır. Lakin yerli ermənilərin, yaxud da separatçı DQR-in silahlı qüvvələri hara çıxarılmalıdır – Ermənistana? Yerli erməniləri Azərbaycan öz (potensial) vətəndaşları kimi görürsə, onlar niyə harasa çıxarılmalıdır? Bəlkə tərksilah edilsinlər? Əgər onları çıxartmaq yox, tərksilah etmək lazımdırsa, onda Azərbaycan ərazisində, yəni Dağlıq Qarabağda, yerli separatçı erməniləri tərksilah etmədiyinə görə Ermənistan necə günahlandırıla bilər? Ermənistan öz ordusunu, tutaq ki, Xankəndinə soxub yerli erməniləri tərksilah etməlidir? Budur Azərbaycanın istədiyi? Güman edirəm ki, yox. Onda belə çıxır ki, yerli ermənilər tərksilah edilməlidirsə, bunu Ermənistan yox, başqa bir qüvvə etməlidir. İkincisi, həmin qüvvə kimdir? Belə ki, Üçtərəfli Bəyanatın dilindən yerli separatçı erməniləri tərksilah etmək məsuliyyətinin kimdə olduğunu dəqiq demək mümkün deyil. Nəzərə alsaq ki, hazırda Dağlıq Qarabağda yerli separatçı erməni silahlı qüvvələrindən başqa yeganə hərbi qüvvə Rusiyanın sülhməramlılarıdır, onda güman edə bilərik ki, bu məsuliyyət də Rusiyanın üzərinə düşür. Üçüncüsü, hesab edək ki, rusiyalı sülhməramlılar və ya hansısa başqa bir qüvvə yerli separatçı erməni silahlı qüvvələrini tərksilah etdi, yaxud da həmin separatçılar silahlarını hansısa bir qüvvəyə (rusiyalı sülhməramlılara, Ermənistana və ya Azərbaycana) təhvil verməyə məcbur edildi. Bir yandan, əgər erməni silahlı qüvvələri dedikdə Dağlıq Qarabağdakı yerli polis qüvvələri də nəzərdə tutulursa, onda tərksilahdan sonra, Dağlıq Qarabağda əhalinin təhlükəsizliyini və ictimai asayişin qorunmasını kim həyata keçirdəcək? Məsələn, Xankəndidə adi bir oğurluq halı baş versə, cinayətkarı tutmaq və cəzalandırmaqla kim mükəlləf olacaq? Rusiyalı sülhməramlıların belə bir səlahiyyəti və gücü varmı? Digər tərəfdən, əgər erməni silahlı qüvvələri dedikdə Dağlıq Qarabağdakı yerli polis qüvvələri nəzərdə tutulmursa, məhz, məsələn, Arsax Müdafiə Ordusu nəzərdə tutulursa, onda tərksilahdan sonra, Azərbaycan tərəfi yerli erməni əhalinin təhlükəsizliyinə qarantiya verirmi? Tərksilah prosesindən sonra yerli mülki erməni əhalinin Azərbaycan Ordusundan qorxmaması üçün Azərbaycan dövləti nə edir?

İndi isə əsas suala – Dağlıq Qarabağ münaqişəsinə son qoyulub iddiasını necə başa düşməliyik? – nəhayət cavab verə bilmək üçün gələk Üçtərəfli Bəyanatın dördüncü maddəsinin ikinci cümləsinə. Həmin cümlə aşağıdakı kimidir:

Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

Beləliklə, Azərbaycan tərəfi yəqin dördüncü maddəyə əsaslanaraq hesab edir ki, Dağlıq Qarabağdakı Ermənistana məxsus silahlı qüvvələr oradan Ermənistan tərəfindən çıxarılmalıdır, yerli erməni separatçı silahlı qüvvələri Rusiya sülhməramlıları tərəfindən tərksilah edilməlidir. Belə olan halda ən azı 2025-ci ilə kimi Dağlıq Qarabağda yeganə hərbi birləşmə Rusiyaya məxsus olmalıdır. Həmin ilin də may ayında Azərbaycan özü Tərəflərdən biri kimi Rusiya sülhməramlılarının Dağlıq Qarabağ və Laçın dəhlizindən çıxmasını tələb edəcək və 2025-ci ilin noyabrında Azərbaycan Ordusu heç bir silahlı müqavimət ilə üzləşmədən həmin əraziyə daxil olaraq regionda öz hakimiyyəti bərpa edir. Başqa sözlə, dördüncü maddənin yuxarıda təsvir edilmiş təfsirinə əsasən, Azərbaycan hökumətinin münaqişənin bitməsinə dair səsləndirdiyi iddianı başa düşə bilərik. Bu təfsirə əsasən, münaqişə bitib və ya öz həllini tapıb, lakin ən azı 2025-ci ilin noyabrına qədər müvəqqəti olaraq Dağlıq Qarabağ və Laçın dəhlizi rusiyalı sülhməramlıların nəzarəti altındadır. Lakin bu təfsir nə dərəcə realist və ya hüquqidir? Bu suala gərək politoloqlar və hüquqşünaslar cavab versin.

Yuxarıda sadalanan təfsir problemlərindən əlavə olaraq iki məsələyə də diqqət çəkmək lazımdır. Birincisi, Üçtərəfli Bəyanatın yeddinci maddəsində qeyd edilən məsələ, yəni “[d]axili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri” qayıtması hələ də reallaşmayıb. Bildiyimiz qədərilə hələ ki, Azərbaycan tərəfi Dağlıq Qarabağdan olan azərbaycanlı (yəni etnik erməni olmayan) məcburi köçkünlərin, o cümlədən, Hadrutdan olan erməni (yəni Azərbaycanın özünün də (potensial) vətəndaşları kimi gördüyü etnik erməni) qaçqınların öz torpaqlarına qayıtması ilə bağlı bir plan açıqlamayıb. İkincisi, Azərbaycan tərəfi qarabağlı erməniləri öz vətəndaşı kimi gördüyünü və onlara heç bir siyasi muxtariyyətin verilməyəcəyini qeyd edir. Lakin 2025-ci ildə (ya da sonrakı illərdə, məsələn, 2030-cu ildə) rusiyalı sülhməramlılar regiondan çıxandan sonra yerli ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı hökumət heç bir plan açıqlamır. Bu inteqrasiya prosesi konkret olaraq necə aparılacaq? Bununla bağlı bir dövlət proqramı varmı?

Bu məsələləri aydınlaşdırmaq nəyə görə vacibdir? Belə ki, biz hər iki Qarabağ müharibəsindən də bilirik ki, erməni silahlı qüvvələri bir ərazini tutanda oradan azərbaycanlılar çıxarılır və ya qorxaraq çıxır, bir ərazi Azərbaycan Ordusunun nəzarətinə keçəndə isə oradan etnik erməni əhali çıxarılır və ya qorxaraq çıxır. Başqa sözlə, ermənilər Azərbaycan Ordusunun olduğu yerdə, azərbaycanlılar da erməni silahlı qüvvələrinin olduğu yerdə yaşamayıb, yaxud da yaşaya bilməyəcəyini düşünüb. Yəni hər iki tərəfin silahlı birləşmələrinin müəyyən bir əraziyə nəzarəti birbaşa və ya dolayı yolla etnik təmizləmə ilə müşayiət olunur. Etnik təmizləmə dedikdə mütləq şəkildə müəyyən etnik qrupun nümayəndələrinin öldürülməsi nəzərdə tutulmur; bir etnik qrupun nümayəndələrinin köçürülməsi və ya qorxudularaq köçməyə vadar edilməsi də nəzərdə tutulur. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan hökuməti etnik təmizləmədə ittiham olunur və güman edilir ki, Azərbaycanın məqsədi Dağlıq Qarabağdan bütün erməniləri çıxartmaqdır.

Bir Azərbaycan vətəndaşı kimi mən Azərbaycan hökumətinin belə niyyətinin olduğuna inanmaq istəmirəm. Halbuki təəssüflə qeyd etməliyəm ki, Azərbaycan tərəfi öz niyyətinin etnik təmizləmə olmadığını isbat etmək, səmimi olaraq Dağlıq Qarabağdakı erməniləri özünün vətəndaşı kimi qəbul etdiyini göstərmək üçün heç bir ciddi səy göstərmir. Rusiyalı sülhməramlılar Dağlıq Qarabağdan çıxandan sonra yerli ermənilərin aqibəti məchuldur. Özünə qarşı yönəldilmiş etnik təmizləmə kimi ağır ittihamları dəf etmək, qarabağlı erməni əhalinin təhlükəsizliyinin rusiyalı sülhməramlılar olmadığı vəziyyətdə təmin ediləcəyini və onlara qarşı ayrı-seçkilik edilməyəcəyini göstərmək, o cümlədən Azərbaycanda insanları birgəyaşayışa hazırlamaq üçün Azərbaycan hökuməti zəruri olan bütün addımları atmalı, dövlət proqramı qəbul edərək birgəyaşayışın və ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının necə təmin ediləcəyi ilə bağlı hər kəsi məlumatlandırmalıdır.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.