fbpx

Cəmiyyət

Cəmiyyət

Azərbaycan Ermənistanla sülhə niyə tələsmir?

Read this article on other language
Download article
image_pdf
image_pdf

19 sentyabr Azərbaycanın Qarabağda keçirdiyi bir günlük hərbi əməliyyatdan qısa müddət sonra tanınmamış Dağlıq Qarabağ Respublikası özünü buraxdığını elan etdi. Əlavə olaraq, yerli erməni əhali Qarabağı tərk etdi. Bununla da hesab edildi ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin qarşısında duran əsas əngəllər – Dağlıq Qarabağın statusu və yerli erməni əhalisinin təhlükəsizliyi məsələləri aradan qalxdı və tərəflər tezliklə sülh müqaviləsi imzalaya biləcəklər. Ancaq oktyabr ayında Avropa İttifaqı vasitəçiliyi ilə Qranada və Brüsseldə Əliyevlə Paşinyan arasında baş tutacaq görüşlərə Əliyev qatılmaqdan imtina etdi. Görünür, Azərbaycan hazırda sülhün imzalanmasında maraqlı deyil və ya bunun üçün tələsmir. Azərbaycanda rəsmi və hökumətə yaxın şəxslərin diskursunda bunun səbəbləri haqqında bir neçə ehtimal səslənir. Bu məqalədə mən ehtimal edilən səbəbləri müzakirə edəcəyəm.

Azərbaycandakı hökumət yönümlü diskursda sülh müqaviləsinin imzalanmasına əngəl kimi ilk olaraq Fransa günahlandırılır. Fransanın Qarabağ münaqişəsində Ermənistana açıq dəstəyi, Qarabağ məsələsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırması və hazırda Ermənistana silah tədarükünə görə Azərbaycanla münasibətləri pozulub. Bu səbəblə Azərbaycan tərəfi Fransanı bitərəf vasitəçi kimi qəbul etmir. İkincisi, bəzi Avropa parlamentariləri Azərbaycanı etnik təmizləmədə və insan haqlarını pozmaqda ittiham edərək Azərbaycana qarşı sanksiya çağırışları edirlər. Azərbaycan isə Qranada və Brüsseldə danışıqlara qatılmamaqla Aİ ölkələrini özünə qarşı yaranmış mövqedən çəkindirmək məqsədi güdür. Üçüncüsü, Aİ Qarabağ ermənilərinin geri qayıdışı ilə bağlı məsələni də müzakirə etmək istəyir. Azərbaycan isə Qarabağı daxili məsələsi hesab etdiyindən Ermənistanla sülh müqaviləsində Qarabağı müzakirə etmək istəmir. Görünür, bu üç səbəbə görə Azərbaycan sülh danışıqlarında Aİ vasitəçiliyini qəbul etmək istəmir.

Azərbaycanın sülhə tələsməməsinin dördüncü səbəbi kimi də hazırda Ermənistanın Rusiya ilə pozulan və Qərblə yaxşılaşan münasibətləri göstərilir. Bir müddətdir ki, Nikol Paşinyan Rusiyaya qarşı sərt fikirlər səsləndirir. O, bir müsahibəsində ölkəsinin təhülkəsizlik məsələsində yalnız Rusiyaya arxalanmasını səhv adlandırıb və Rusiyanın bölgəni tərk edə biləcəyini deyib. Digər bir müsahibəsində isə Azərbaycanın Qarabağı tam nəzarətinə götürməsindən sonra ölkəsində Rusiya hərbi bazasını saxlamağın mənasız olduğunu bildirib. Paşinyanın fikirləri Rusiyada sərt qarşılanıb və hər iki ölkə bir-birinin səfirlərini müzakirə üçün Xarici İşlər Nazirliyinə çağırıb. Rusiya ilə münasibətlərin pozulduğu ərəfədə isə Ermənistanın Qərblə əlaqələri genişlənir. Məsələn, Fransa Ermənistana silah tədarükünə başlayıb; Aİ Ermənistan sərhədindəki müşahidəçi missiyasının sayını daha da artırmaq qərarı verib; Paşinyan Avropa Parlamentində çıxış edərək açıq şəkildə Ermənistanın Aİ ilə mümkün qədər yaxın ola biləcəyini deyib. Ermənistanın Qərbə meyillənməsini Rusiya özünə təhdid kimi gördüyündən Rusiya rəsmiləri Paşinyanı devirməklə hədələyir. Avropa Parlamentindəki çıxışında Paşinyan özü də Rusiyanı nəzərdə tutaraq bu təhdidləri dilə gətirib və təhlükəsizlik sahəsindəki müttəfiqlərinin [yəni Rusiyanın] Ermənistanda “demokratik hökuməti yıxmaq və hakimiyyət dəyişikliyinə çağırış” etdiyini deyib. Bu kontektsdə Azərbaycan hökumətinin sülh müzakirələrinə tələsməməsinin bir səbəbi kimi də Paşinyanın hakimiyyətdə qalıb-qala bilməməsinin qeyri-müəyyən olması göstərilir. Belə ki, Ermənistanda stabillik pozularsa, sülh razılaşmasının davamlılığı sual altında qala bilər. Xüsusilə tanınmamış Dağlıq Qarabağ Respublikası prezidenti və rəsmilərinin bu günlərdə Yerevanda mühacir hökumət qurmaq planları, Ermənistanən keçmiş prezidenti Serj Sarkisyanın bu plana dəstəyi fonunda bu məsələ daha real görsənir.

Məncə, sülh prosesinə əngəl olan ancaq Azərbaycan tərəfinin açıq səsləndirmədiyi əlavə iki səbəb də var. Beşinci səbəb hələ də ərazi bütövlüyü məsələsidir. Hazırda Azərbaycanın 8 kəndi (Bağanıs ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Sofulu, Bərxudarlı və Kərki) Ermənistan işğalı, Ermənistanın bir kəndi (Başkənd/Artsvashen) isə Azərbaycanın işğalı altındadır. Bundan əlavə, Ermənistan iddia edir ki, Azərbaycanın 2021-ci ildə onun 200 km ərazisini işğal edib. Azərbaycan ilk növbədə tərəflərin sərhədləri delimitasiya etməsini və işğaldakı kəndlərin qaytarılmasını tələb edir. Paşinyan 2020-ci il müharibəsindən sonra hər iki tərəfdəki kəndlərin dəyişdirilməsi variantını – yəni ərazi mübadiləsini müzakirə edirdi. Ancaq sonradan bu məsələdə mövqeyini dəyişdi və hazırki vəziyyətin saxlanmasını təklif etdi. Bu günlərdə isə Paşinyan Azərbaycanın tələb etdiyi ərazilərin qaytarılmasından danışarkən əlavə olaraq 4 erməni kəndinin Berkaber (Bibiş), Vazaşen (Lələkənd), Paravakar (Tatlı) və Aygehovit (Uzuntala) ərazilərinin hazırda Azərbaycan nəzarətində olduğunu və onların da qaytarılmalı olduğunu bildirib. Maraqlıdır ki, bu kəndlərin adı Ermənistan tərəfindən ilk dəfə çəkilirdi. Azərbaycan XİN isə Paşinyanın iddialarını yalanlayıb. Bununla da sülh danışıqları ərəfəsində kəndlərin qaytarılması məsələsi tərəflər arasında yenidən ziddiyyəti artırıb. İşğal altındakı kəndləri tərəflər niyə qaytarmaq istəmir? Ermənistan rəhbərliyi bu kəndləri ona görə qaytarmaq istəmir ki, Qazaxın kəndlərindən Ermənistanın həm ölkənin daxili bölgələri, həm də Gürcüstana, Kərkidən isə İrana gedən magistral yolları keçir. Bu kəndlərin qaytarılması ilə qeyd edilən yollara nəzarət Azərbaycanın əlinə keçir. Bakı üçün isə bu kəndlərin geri alınması həm ərazi bütövlüyünü bərpa etmək, həm də Ermənistan üzərində çox əhəmiyyətli rıçaq əldə etmək baxımından vacibdir. Belə ki, Azərbaycan həmin kəndlərdən keçən yollarda sərhəd buraxılış məntəqəsi qurmaq istəyir. Bununla da Ermənistanı həm ölkənin daxili bölgələrinə, həm də xaricə çıxışını bağlaya və onu Azərbaycana Sünikdə dəhliz verməyə məcbur edə bilər.

Azərbaycanın sülhə tələsməməsindəki altıncı səbəb budur ki, Ermənistanla qısa zaman ərzində münasibətlərin yaxşılaşdırılması Qarabağ ermənilərində sabitlik və təhlükəsizlik ümidi, o cümlədən geridönüş arzusu yarada bilər. Bu isə yenidən ya sülhməramlı qüvvələrin Azərbaycanda qalması, ya da onu əvəz edən beynəlxalq missiyanın əraziyə göndərilməsi məsələsini gündəmə gətirir. Həmçinin ermənilərin geri dönüşü Azərbaycan üçün həmin əhalinin hüquqlarını təmin etməsi öhdəliyini yaradaraq, Qərbin Azərbaycana qarşı tələblərini və təzyiqini artıracaq. Münaqişəni hərbi yolla həll edəndən sonra isə Azərbaycan bunların heç birini qəbul etmək fikrində deyil. Əksinə Azərbaycan bütün istəklərinin təmin olunduğu, müharibənin qalib tərəfinin diktə etdiyi sülhü istəyir.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.