fbpx

Cəmiyyət

Cəmiyyət

Şah Abbasın Avropa casusları – ilk kontaktlar

Read this article on other language
Download article
image_pdf
image_pdf

XVI əsrin sonlarına doğru siyasi və dini təlatümlərin tüğyan etdiyi bir qitə olan Avropa intriqa və diplomatiya mərkəzinə çevrildi. Süleyman Qanuninin vəfatından sonra qüdrətli Osmanlı İmperiyası onsuz da gərginliyin hökm sürdüyü bir bölgədə qüvvələr balansını dəyişdirərək staqnasiya dövrünə girdi. Protestant reformasiyası ilə əlamətdar olan bu dövr, Avropanın dini xətlər üzrə parçalandığını, millətlərin katoliklik və protestantlıq bayraqları altında birləşdiyini və müharibə etdiyi vaxtlar idi. Amerika və Hindistandan qazanılmış sərvətləri ilə zənginləşmiş nəhəng Habsburq sülaləsinin hakimiyyəti altındakı dövlətlər rəqibləri ilə sonsuz münaqişələrlə məşğul idi, İngiltərə isə I Yelizavetanın müdrik hakimiyyəti altında yeni dəniz gücü kimi meydana çıxdı. Başı öz daxili dini münaqişələrinə qarışan Fransa məzhəblərarası qarşıdurmanın alovunu söndürməyə çalışaraq Nant Fərmanı ilə daxildə sülh axtarırdı. Müqəddəs Roma İmperiyası ancaq adda bir imperiya olmağa davam edirdi, müxtəlif knyazlar və imperator Əks-Reformasiya dalğaları ilə mübarizə aparırdı. Bu dövr təkcə daxili mübarizə deyil, həm də xarici genişlənmə dövrü idi. Müharibə maşını olan Türkə qarşı xristianlar birləşməli idi – ən azından İspaniya və Vatikan belə düşünürdü. Daha şərqdə isə Səfəvi şahı Abbas Osmanlılarla biabırçı İstanbul sülhünü imzalamış, imperiyanın özək zonalarından olan Azərbaycanı (həm Təbriz, həm də Aran-Şirvan zonası) itirmişdi.

Diplomatiya və intriqalar dövründə tərcüməçilərin əsaslı rolu adətən görməzdən gəlinir. Bu məqalələr seriyasında Şah Abbasın Avropa ölkələri ilə Osmanlıya qarşı ittifaq yaratma cəhdlərinə nəzər salacaq, salnaməçilərin gözardı etdiyi kiçik fiqurlar olan səfirlərin və tərcüməçilərin fəaliyyətlərini hadisələrə necə təsir etdiklərini anlamaq üçün rekonstruksiya etməyə çalışacağıq. İlk hissə 1599-cu ilə qədər olan hadisələrlə bağlıdır.

Mantua

Mantua hersoqu I Vinsentzo Qonzaqa (Rubens, 1600)
Mantua hersoqu I Vinsentzo Qonzaqa (Rubens, 1600)

Yəqin ki, səbəb-nəticə zəncir reaksiyasının qığılcımı 1594-cü ildə Mantua şəhərində başladı. Fransiskan ordeni üzvü və Mantua hersoqu I Vinsentzo Qonzaqanın baş etirafçısı Ciovanni Battista Ruffini Osmanlı sultanından aldığı xüsusi icazə ilə həcc üçün Yerusəlimə doğru yola çıxdı. Venesiyadan yola çıxan keşiş qrupu Zakinf və Krit adalarından keçərək müqəddəs torpaqlara gedəcəkdi. Lakin keşişlər xəstəliyə yoluxduqları üçün Kritdə qalmağa məcbur oldular. Krit o dövrlər hələ Venesiya mülkü olduğu üçün Ruffini bir müddət burada rahat müalicə aldı.

Sağalandan sonra Yerusəlim yerinə daha yaxın olan Konstantinopola üz tutan Ruffini bura noyabrda çatdı. Osmanlı paytaxtına çatdıqdan sonra keşiş Pera və ya şəhərin Avropa məhəlləsi olan Qalatada yerləşən Müqəddəs Fransisk monastırında[1] qonaq edildi. O, “Perada öz monastırında çox həvəslə qəbul edildiyini”, bahara qədər qalmalı olduğunu yazırdı.[2] Bu, Ruffinini Yerusəlimə getməsini 1595-ci ildə martın 26-na təsadüf edən Pasxa bayramından sonraya qədər təxirə salmağa məcbur edirdi. Pasxa bayramlarından sonra keşiş alacağı yerli məsləhətdən asılı olaraq ya karvanla, ya da gəmi ilə Suriyaya getməyi planlaşdırırdı.

Ruffininin paytaxtda şahid olduğu hadisələrdən biri 13 dekabrda baş tutmuşdu – Osmanlı admiralı Cığalızadə Yusuf Sinan Paşa şəhərə dəbdəbəli giriş etmişdi. İspaniyaya gedən 4 Raqusa gəmisini tutan paşa sultan III Mehmedə 400 qul və 40 uşaq hədiyyə etmişdi.[3] Sultan epilepsiyalı idi və ömrünün son günlərini yaşayırdı. Cığalızadə Yusuf özü əslən genuyalı italyan olub 1560-cı ildə Osmanlıya əsir kimi gətirilmişdi. Atası 1564-cü ildə Ruffininin qaldığı kilsədə basdırılmışdı. Müsəlmanlığı qəbul edib sədaqətini sübut edəndən sonra Osmanlı şahzadələrindən biri ilə evlənəcək qədər yüksəlmişdi. Lakin sarayda düşmənləri az deyildi və intriqalara görə tezliklə ani eniş və yüksəliş yaşayacaqdı. Təkcə bir ay sonra, 31 yanvar 1595-ci ildə Ruffininin qonşuluğunda yaşayan Venesiya səfiri (indi burada İtaliya konsulluğu yerləşir) Cığalızadənin admirallıqdan çıxarıldığını və yerinə Xəlil Paşanın gətirildiyini xəbər verdi.[4] 27 oktyabr 1596-cı ildə sədrəzəmliyə gətirildi və 45 gün sonra da bu vəzifədən qovuldu və 1598-ci ilə qədər Suriyada valilik etdi.

Cığalızadə Yusuf Sinan Paşa (Donikus Kustos, 1579 - 1615)
Cığalızadə Yusuf Sinan Paşa (Dominikus Kustos, 1579 – 1615)

Ruffini isə sağalmışdı və Pasxadan daha öncə yola çıxmışdı. Həmin dövrdə Yerusəlim daxil bir çox xristian mərkəzini gəzmiş və ağası üçün məlumatlar toplamışdı. Hətta 8 iyun 1596-cı ildə yazdığı bir məktubu ilə bərabər hersoqa Hələbdən bir pişik də göndərmişdi.[5] İlin sonuna doğru yola düşən Ruffini yenə xəstələndiyinə görə bir müddət Milad bayramı ərəfəsində Venesiyada qalıb Hələbdən hersoq üçün gətirdiyi malların çatmağını gözlədi. Bu malların arasında Şah Abbasın Avropa ilə əlaqələr qurmasında açar rol oynayacaq şəxslərdən biri də vardı. Çox önəmli olduğu üçün, Ruffininin hersoqa yazdığı məktubdan[6] birbaşa sitat gətirməliyəm:

“Mən özümlə bir suriyalını geri gətirdim, o, gözəl mətnlərə sahibdir, əli ilə gözəl şeylər düzəldə bilər. Onu [siz] əlahəzrət ilə görüşə gətirməyimə razılıq vermənizi istərdim […]. Onun əcəm-fars, xaldey[7] və ərəb dillərində üç-dörd çox qədim Asiya kitabı var və ümid edirəm ki, onun əlahəzrəti razı salacaq bir şeyi olacaq; çox gözəl danışır; ərəb, fars, xaldey və türkcə yazır. O, elə bir adamdır ki, zənn edirəm Zati-alilərini narazı salmayacaq; o, Cigalanın[8] Babildə[9] Sinan Paşa kimi vəzifədə olduğu vaxtlarda şəxsi katibi idi, Hələbdə atası, arvadı və uşaqları var, amma bir türk tərəfindən zülmə məruz qaldığı üçün mənimlə gəldi.”

Federiko Federiki və Davide Trentakoste bu suriyalının adını Mixelangelo Koray kimi verirlər.[10] Əsl adı Fəthullah Qurrai olan Cığalızadənin keçmiş katibi, böyük ehtimal əvvəl məscidlərdən birində müqəddəs mətnlərin oxucusu – qurra idi. Sinan Paşa ilə yaranan problem isə böyük ehtimal din dəyişib Fəthullahdan Mixelangeloya çevrilməsi idi. Sinan Paşaya bu imkan heç vaxt verilməmişdi. Hər bir halda, Koray 1597-ci ildə Ponteliona gəmisi ilə Venesiyaya, oradan da Ruffini ilə birlikdə Mantuaya getdi. Vinçentzo tərəfindən böyük maraqla qarşılanan Koray öz italyancası ilə də hersoqu təəccübləndirdi. Bu dili, güman ki, Sinan Paşadan öyrənmişdi.[11]

1597-ci ildə Macarıstanda Osmanlıya qarşı hərbi əməliyyatlara gedən Müqəddəs Roma imperatoru II Rudolfa qoşulan hersoqun rəsmi tərcüməçisi kimi işə götürülən Koray və keşiş Ruffini (hersoqu) onu rəsmi səfərlərdə müşaiyət edirdi. Ruffini ilə birlikdə Osmanlıların ələ keçirilmiş məxfi məktublarını oxuyub tərcümə etdiyi üçün imperiya ordusuna yaxşı əks-kəşfiyyat dəstəyi vermişdi. Böyük ehtimal 28 mart 1598-ci ildə Raab (müasir Györ, Macarıstan) şəhərinin ələ keçirilməsində həlledici rol oynamışdı. Müvəffəqiyyətli mühasirədən 1 həftə sonra Koray rəsmən Müqəddəs Roma İmperiyasının bir cəngavəri kimi tanınmışdı. Hersoqun latınca əmrində onun Hierapolis şəhərindən olduğu qeyd edilirdi. Əgər bu doğrudursa, Suriyada latınca Hierapolis adlanan əsas şəhər müasir Mənbicdir ki, bu dövrdə orada türkmənlər də yaşayırdı. Bu, Korayın etnik kimliyi haqqında da bir-iki ehtimal verir.

İngiltərə

İndi isə gəlin fokusumuzu Mantuadan İngiltərəyə, sonra da Venesiyaya çevirək.[12] 1561-ci ildə Kembric universitetində abituriyent olan Tomas Şörli gələcək övladlarının Avropa diplomatiyası tarixində ciddi rol oynayacağını hələ bilmirdi.

Tomas, Entoni və Robert Şörli (Shirley) qardaşları İngiltərə parlamentinin üzvü Tomas Şörlinin (ö. 1612) oğulları idilər. O, 1573-cü ildə cəngavər oldu və 1576-cı ildə Sörri və Susseksin şerifi kimi xidmət etdi. 1586-cı ildə kraliça I Yelizaveta Hollandiya üsyanı zamanı İspaniyaya qarşı Hollandiyada xidmət edən ingilis qüvvələrinə Toması Müharibə Xəzinədarı kimi təyin etdi. Tomas bu vəzifəni elə pis yerinə yetirdi ki, borca batdı və mal-mülkünü itirdi. Bu isə onun oğullarını başqa ölkələrdə başqa macəralar axtarışına yönləndirdi. Tomasın böyük oğlu, eyniadlı Tomas məqalələr silsiləsində ciddi rol oynamayıb deyə onun haqqında çox bəhs etməyəcəyik. Lakin onu demək demək olar ki, atasının borclarına görə dəniz quldurluğuna başlamışdı, əsasən ispan və holland gəmilərini soymaqla məşğul idi. İllər sonra biz onu Toskanada, Ferdinando de Mediçinin xidmətində görəcəyik.

İkinci oğul, məqalənin əsas qəhrəmanlarından olan Entoni Şörli 1563-cü ildə doğulmuşdu. 16 yaşında Oksford universitetinin Hart Hall kollecində bakalavr, 1581-ci ildə eyni universitetin Bütün ruhlar kollecində[13] isə magistr pilləsinə daxil olmuşdu. Universitetdən sonra Londondakı Vəkillər Dərnəyinə[14] daxil olduqdan sonra əsilzadə çevrələrində tanınmağa başlamışdı. Londondakı fəaliyyəti zamanı Esseks qrafı Robert Devörö (Robert Deveraux) ilə tanış oldu. Devörö Esseksin ikinci qrafı və kraliça Yelizavetanın sevimlisi idi. Bu tanışlıqdan daha çox istifadə etmək istəyən Entoninin casusluq həyatı burada başladı. Belə ki, bu dövrdə İspaniyaya qarşı Niderland üsyanı baş vermişdi. İngiltərə bu üsyanın qələbə çalması və öz rəqibi İspaniyaya zərbə vurmaq üçün müharibəyə müdaxilə etmişdi.  Niderland üsyana dəstək olaraq qoşulan ingilis ordusunun tərkibində 1586-cı ildə İspaniyaya qarşı Zutfen döyüşündə iştirak etdi. Entoni bu müharibədə Esseks qrafı ilə bir neçə döyüşə qatılaraq əlaqələrini gücləndirdi. Bunlardan biri də 1586-cı ildə baş vermiş Zutfen döyüşü idi. Döyüş İngiltərə üçün uğursuzluqla nəticələnsə də, Entoni cəsurluğu ilə yadda qaldı.

Entoni Şörli (Dominikus Kustos, 1600-1604)
Entoni Şörli (Dominikus Kustos, 1600-1604)

Entoni 1591-ci ilin avqustunda kraliça Yelizavetanın əmri ilə məşhur Varfolomey gecəsindən son anda qurtulmuş Fransanın protestant kralı IV Henrixə dəstək olmaq üçün getdi. Fransa həmin vaxt din müharibələrinə qərq olmuşdu və İspaniya güclü bir protestant qonşu istəmirdi. İngiltərənin isə bunda hər cür marağı var idi – Hollandiya kimi, Fransaya da kömək edəcəkdi. Buradakı ingilis ordusunun rəhbəri Esseks qrafı idi. Tezliklə qrafdan polkovnik rütbəsi alan Şörli 4000 əsgərə rəhbərlik edirdi. 2 il boyu döyüşdükdən və xüsusilə də uğursuz 1592-ci il Ruan mühasirəsində iştirak etdikdən sonra Şörli, nəticədə qrafın sayəsində Fransa kralından Müqəddəs Mixail ordeni aldı.[15] Bundan şübhələnən kraliça İcmalar Palatasının spikeri Con Plakinq (John Plucking) və Entoninin universitet yoldaşı və Vəkillər Dərnəyindəki bir digər üzv olan Robert Sekvilə (Robert Sackville) Şörlini təftiş etməyi tapşırdı. Yelizaveta, deyilənə görə, Şörli haqda belə demişdi: “Qoyunlarıma yad damğa vurmaram, yad çobanın tütəyi ilə otlamağa da imkan vermərəm.”[16]

Buna görə də o, bu ittihamla mühakimə olunmaq üçün geri çağırıldı və 12 mart 1594-cü ildə ilk məhkəməsində günahkar bilinərək Donanma əsiri kimi orada xidmət etməyə təhkim olundu, lakin qısa müddət sonra qənaətbəxş nəticə verən ikinci məhkəmədən sonra sərbəst buraxıldı. Görünür burda Esseks qrafının da rolu olmuşdu. Növbəti ildə evləndiyi həyat yoldaşı Fransis Vernon təsadüfi deyildi ki, Esseks qrafının bibisi Elizabet Devörönün qızı idi. Evlilik çox da xoşbəxt deyildi, görünür tamamilə qrafla əlaqəni gücləndirmək üçün qurulmuşdu. Şörli İngiltərəyə qayıtdıqdan qısa müddət sonra atası ilə birlikdə və Esseksin himayəsi altında Afrika sahillərindəki San Tome adasındakı Portuqal koloniyasına qarşı hücum planlamağa başladı.

Hazırlıqlarını başa vuran Entoni 1596-cı il aprelin 23-də doqquz gəmi və bir qalera ilə Sauthemptondan yola düşdü. Plimuta çatdıqda, Esseks qrafının Cadiz Action gəmisi ilə yola düşməyə hazırlaşdığını gördü və ona üç gəmisini və 500 əsgərini verdi – donanmasında altı gəmi, bir qalera və bir sandal qalmışdı. Mayın 21-də Plimutdan yola düşən Şörli iyul ayında Kabo Verdeyə çatandan sonra San Tomeyə getmək yerinə, birdən-birə gəminin ucunu Santiaqo adasına yönləndirdi. Güman ki, Esseks qrafı əks-kəşfiyyatdan qorxaraq, düşmənə gözlənilməz cəbhədən zərbə vurmaq istəyirdi. Adanın paytaxtı olan Praya şəhərini döyüşsüz alan Şerli 2 gün boyunca başqa şəhərləri mühasirəyə alandan sonra yenidən yön dəyişərək Karib adalarına yönəldi və Dominika adasına istiqamətləndi. Buradan Yamayka adasına yönələn Şörli yerli Taino bələdçilərindən biri ilə Santiaqo de la Vela şəhərinə daxil olaraq buranı qarət etdi. Bundan sonra Karib adaları uzun müddət ingilis dəniz quldurlarının hücumuna məruz qalacaqdı. Bu yürüşləri və hücumları idarə edən Esseks qrafı idi. Lakin hədəfi Habsburq donanmasının xəzinəsini ələ keçirmək olan tarixdə Adalar sərgüzəşti (Islands Voyage) kimi qalmış bu ekspedisiya uğursuzluqla nəticələndi. Bununla da Esseks qrafınının kraliçanın gözündən düşmə prosesi başladı.

Robert Deverö, Esseks qrafı (Marcus Gheeraerts, 1596)
Robert Deverö, Esseks qrafı (Marcus Gheeraerts, 1596)

1597-ci ilin yay aylarında Kraliça ilə tanış olmaq şərəfinə nail olan Şörlini qrafdan daha bir tapşırıq gözləyirdi. Ferrara hersoqu II Alfonso oktyabrda vəfat etmişdi. Özündən sonra heç bir varis qoymadığı üçün Papa VIII Klement onun torpaqlarına iddia edirdi. Alfonsonun əmisioğlu Çezareni varis kimi tanıyan imperator II Rudolfun bu qərarı papa tərəfindən tanınmamışdı. Çezare öz iddiasını zor gücünə əldə etmək üçün xarici güclərə güvənməli oldu. Bu güclərdən biri də ən böyük protestant hökmdarlarından biri olan və papalığın düşməni Yelizaveta idi. Beləliklə, Şörli Esseks qrafının əmri ilə Çezare üçün döyüşməyə yollandı.

Özü ilə 16 yaşlı kiçik qardaşı Roberti və 5000 piyada əsgəri aparan Şörli səyahətinə Suffolkdan başladı. Buradan Vlissingen-Middelburq-Due-Duysburq-Köln-Nürnberq yolu ilə gələn ordu Auqsburqda Çezarenin Papaya təslim olduğunu öyrəndi. Artıq missiyasız qalan əsgərlər ruhdan düşdülər ve Entonini izləyərək Venesiyaya getdilər. Burada 10 həftə qalan Entoni qardaşı Roberti Toskana hersoqundan dəstək almaq üçün göndərdi. Roberti dəbdəbə ilə qarşılayan hersoq I Ferdinand (1549-1609) ona qızıl zəncir hədiyyə etdi. Robert burada daha öncə 1592-ci il və 1597-ci illərdə 5 il yaşamış, at sürməyi öyrənmişdi.

Venesiya

Venesiyada qalmağa məcbur olan Entoni isə bir gün maraqlı bir şəxslə qarşılaşdı. Səfəvi sarayının nümayəndəsi olduğunu bildirən bir tacirlə əlaqəyə girdi. Onunla daha sonra bir türk səyyah qarşılaşdı.[17] Şörlinin silahdaşlarından biri olan Corc Manverinq onu Angelo kimi xatırlayır. Əslində isə bu yuxarıda adı çəkilən Mixelangelo Koraydan başqası deyildi. Koray hələ bir neçə gün əvvəl cəngavər titulu almışdı. Bəs onu belə tezliklə Venesiyaya gətirən nə idi? Bu haqda dəqiq məlumatımız yoxdur. Federiki onu işə götürənlərin venesiyalılar ola biləcəyini düşünür.[18] Trentakoste isə bunu təsdiqləmək üçün yetəri qədər məlumat olmadığını deyir.[19] Hər bir halda Səfəvi taciri və Koray ilə uzun söhbətlərindən sonra Entoninin ağlına İrana getmək ideyası batdı.

Burada fasilə verib Səfəvilər dövlətinin o vaxtkı hökmdarı Şah Abbasın vəziyyətinə baxmaq olar. Abbas bu vaxtlar Buxara xanlığına qarşı mübarizə aparırdı. Osmanlı ilə olan sülh vəziyyəti ona şərqə fokuslanmağa imkan vermişdi. Gürcü Allahverdi xan Undiladzeni ordunun baş komandanı təyin edən şah ordunu sürətlə yeniləyirdi. Lakin qərbdən gələn dəstək olmadığı müddətcə Osmanlıdan daim bir addım arxada olacağının da fərqində idi. Abbasa iki şey lazım idi – yaxşı iqtisadiyyat və müasir silahlar. İqtisadi yöndən atılan addımlar qənaətbəxş idi –ticarəti canlandırmaq üçün gördüyü bir sıra tədbirlər xəzinəni zənginləşdirmişdi. Avropa tacirlərinə azad ticarət hüququ verilmişdi. 1598-ci ildə şah İsfahanı özünün paytaxtı etmiş və genişmiqyaslı tikinti proqramı onu İranın ən gözəl şəhərinə, sənətkarların emalatxana mərkəzi və dəbdəbəli xalça istehsalı arealına çevirmişdi. Həmin il Şahın qəbul etdiyi səfirlərdən biri də gərəkyaraq Əsəd bəy Təbrizi idi.[20] Dəkkə dövlətlərindən gələn Əsəd bəy özü ilə bir karvan Hindistan malları gətirmişdi.

Bəs Koray necə Venesiyadan gəlib bir İran səfiri ilə birlikdə Şörlini tapmışdı? Bunun üçün venesiyalıların Osmanlıdakı fəaliyyətinə ötəri nəzər salmaq lazımdır. Venesiyanın Osmanlıda 3 diplomatik nümayəndəsi vardı – Konstantinopolda oturan səfir, Hələb və İsgəndəriyyədə oturan konsullar. Hələ 1559-cu ildə Hələbdə 250 venesiyalı tacir yaşayırdı.[21] Venesiyanın Suriyadakı səfiri Alessandro Malipiero 15 fevral 1596-cı ildə Venesiya senatına göndərdiyi hesabatda Şah Abbası belə tərif edirdi[22]:

“Bu hökmdar orta boylu, mütənasib və ahəngdar bədən quruluşuna malikdir, qaraşındır. Görünüşü nəcib, canlıdır və çox ağıllı gözləri var. Dostlaşan təbiəti var, çox insanpərvərdir və hər cür sinifdən insanlarla səmimi davranır; türklərin dəbdəbəli vərdişlərindən uzaqdır. Əsgərlərlə xüsusilə səxavətli olur, onları böyük mükafatlarla cəlb edir, bu da ona hər tərəfdən dəstəkçi yığmağa imkan verir. Amma ən əsası o, çox ədalətli zehni, çox iti və ağıllı ruhu, qətiyyətli və hərəkətlərində çevik olması ilə seçilir. Onun beynində böyük planlar var və İran dövlətinin əvvəlki şöhrət və şərəfini geri qaytarmağı qarşısına məqsəd qoyub. Onun nəcib xüsusiyyətlərindən əskik olan yeganə şey onun səxavətli ruhuna uyğun qüvvələrdir.”

Kifayət qədər detallı olan hesabatda regionun geosiyasi mövqeyi, Şah Abbasın xristianlara rəğbətindən, Rusiya və İspaniya ilə olan əlaqələri, Azərbaycan, Şirvan və Gürcüstanı geri alma istəyindən geniş bəhs edilirdi. Bu qədər detallı məlumatı, xüsusilə də sarayın daxili siyasətini əks etdirən və kifayət qədər Səfəvi təbliğatı daşıyan bu hesabatdan təxmin etmək olar ki, hələ Mantuaya yola düşməmiş olan Koray artıq Səfəvi sarayı ilə əlaqəyə girmişdi və Venesiya ilə vasitəçilik edirdi. Korayın daha sonra Venesiya sarayına verəcəyi öz hesabatına görə, o artıq 1590-cı ildə Hələbdə Antonio Padovan adlı bir tacirlə dostlaşmışdı.

Qayıdaq 1598-ci il Venesiyasına. Koray və Şörli bir müddət söhbətləşdikdən və Koray ona Şah Abbas üçün işləməyin müsbət yönlərindən bəhs etdikdən sonra 24 may tarixində Nana e Ruzzina[23] gəmisi ilə İskəndəruna doğru yola düşdülər.[24] Gəmidə 26 nəfər vardı. Onların bəzilərinin adı mənbələrdə qalıb və onları növbəti məqalələrdə yenidən görəcəyik:

  1. Entoni Şörli
  2. Robert Şörli
  3. Corc Manverinq
  4. Con Morris
  5. Tomas Deyvis
  6. Arnold Roldkraft
  7. Abel Pinçon
  8. Uilyam Perri
  9. Qebriel Bruks
  10. Con Uard
  11. Con Perrot
  12. Eduard Vantivye[25]
  13. Mixelangelo Koray

Ekipajın digər üzvləri xidmətçilərdən ibarət idi. Əvvəlcə Zakinf adasına gələn və burada italyanlarla mübahisə edən ingilislər erməni tacirlərin vasitəçiliyi ilə sakitləşsələr də, gəmidən qovuldular. Burada 10 gün axtarışdan sonra, nəhayət, bir Osmanlı ticarət gəmisi (karamürsel) tapıb Venesiyaya məxsus Krit adasına getməli oldular. Krit adasına fasilə üçün gələrkən daha bir bədbəxtlik üz verdi və limana yaxınlaşan gəmi onların gəmisinə çırpıldı. Daha 9 gün gecikmədən sonra ingilis kampaniyası Kiprə üz tutdu. Kiprdən Tripoliyə yollanan kampaniya daha öncə mübahisə etdikləri venesiyalıları gördülər. Tripoli valisinə müraciət edən Koray tezliklə venesiyalıların böhtanına görə həbs edildi. Müəyyən bir fidyə qarşılığında azad edilən kampaniya kiçik bir balıqçı gəmisi ilə Antioxiyaya (müasir Antakya və ya Hatay) gəlib çıxdı. Geniş casus şəbəkəsinə çıxışı olan Koray burada iki tanış macar yeniçərini öz evlərini gecələmək üçün verməyə razı saldı. Daha sonra Hələbə doğru yola çıxan səyyahlar burada İngiltərənin konsulu Riçard Kolthörst (Richard Colthurst) tərəfindən qarşılandılar. Burada 5 həftə qalıb ticarət etdikdən sonra 2 sentyabr 1598-ci il tarixində Bağdada doğru yola çıxdılar. 29 sentyabrda Bağdada çatsalar da, Konstantinopoldan onların həbs olunması və mülklərinin müsadirə edilməsi haqda əmr gəldi. Viktorio Spesiero (Victorio Speciero) adlı bir florensiyalı tacir tərəfindən gizli şəkildə noyabrın 4-ündə İrana qaçırıldılar.[26] Çinə səyahət etdiyini iddia edən Viktorio, güman ki, Toskana hersoqu Ferdinandonun Osmanlıdakı casus şəbəkəsinə bağlı idi və Korayın da bu hadisədən xəbəri olmamış ola bilməzdi.

Səfəvi ölkəsində

Şah Abbas (1590, miniatür)
Şah Abbas (1590, miniatür)

İlk məqaləni Şörlinin Şah Abbasla görüşü ilə sonlandıracağıq. İngilis kampaniyası Qəsri-Şirin və Kirmanşah üzərindən keçərək 27 noyabrda gəlib Astarabada çatdı. Burada Con Uard, Abel Pinçon və Koray əsas qrupdan ayrılaraq gizlincə Qəzvinə gəlib mehmanxana axtarmağa başladılar. Daha sonra Şörli özü də Qəzvinə gecə gəldi və gizlincə qalmaq istədi. Amma görünür ki, Koray öncədən Səfəvi sarayına xəbər vermişdi. Çünki Manverinqin qeydlərinə görə, onlar burada gözlənilmədən şahın mehmandarı Mərcan bəy tərəfindən qarşılanmışdılar. Orucəli bəy Bayatın yazdıqlarına görə, Şörli özünü saraya Şotlandiya kralı Ceymsin qohumu kimi təqdim etmişdi. Mərcan bəy onlara Şah Abbasın hazırda özbəklərlə döyüşdə olduğunu, o vaxtadək sarayın onlara hər gün 20 funt qızıl xərclik verəcəyini qeyd edir. Şah bu vaxt artıq paytaxtı Qəzvindən İsfahana keçirmək barədə qərar vermiş, şəhərdə abadlıq işlərinə başlamışdı. Bununla belə, Şah Abbasın İsfahana yolu Qəzvindən keçirdi. Özbəklər üzərindən qələbə ilə qayıtmış şahın möhtəşəm paradından sonra Şah ingilisləri qarşıladı və Şörliyə Mirzə Antonio adını verdi. 25 yanvar 1599-cu ildə İsfahana çatan şah qışı burada keçirdi. Burada şah qızılbaş sərkərdələri ilə məşvərət keçirərək Osmanlıya qarşı ittifaq qurmaq üçün Avropaya səfirlik göndərmək fikrindən bəhs etdi. Şörli və Koray şaha Avropadakı son geosiyasi yeniliklərdən bəhs etdilər. Baş vəzir Hətəm bəy Ordubadi təklifə soyuq baxsa da sarayın gürcü xidmətçiləri – Anisəddövlə Təhmasibqulu xan Mirimanidze və Fars əyalətinin valisi Allahverdi xan Undiladze bu ideyanı alqışladılar. Qorçubaşı Allahqulu bəy Qacarın Şörliyə verdiyi məlumata görə, Hatəm bəy xristianlarla ittifaq fikrinə isti baxmırdı. Bu müzakirələr gedən zaman Osmanlının İsfahana göndərdiyi yeni səfir Mehmet Ağanın tələbləri Şah Abbasın fikrini dəyişmişə oxşayır. Yeni səfiri vasitəsilə III Mehmed şah Abbasdan öz oğullarından birini girov kimi Osmanlıya göndərməsini, Xorasanın özbəklərə qaytarılmasını, İrana qaçmış 10.000 ailənin geri verilməsini tələb edirdi. Şah qəzəblənib Mehmet Ağanın bığ-saqqalını qırxdıraraq geriyə göndərmişdi. Sultan özü də bilmədən Şah Abbasın böyük Avropa diplomatik səfirliyinin başlanmasına təkan vermişdi. Bu haqda isə növbəti məqalələrdə.[27]

İstinadlar

[1] Kilsənin tarixi üçün bax: Paolo Girardelli, “Between Rome and Istanbul: Architecture and Material Culture of a Franciscan Convent in the Ottoman Capital”, Mediterranean Studies, cild 19 (2010), 162-188.

[2] Qonzaqa arxivləri, ASMn, AG, b. 795, f. LXVI, c. 275.

[3] Davide Trentacoste, “Mantova porta d’Oriente. Il pellegrinaggio di Giovanni Battista Ruffini, confessore del duca Vincenzo I” (Gonzaga tra Oriente e Occidente. Viaggi, scoperte e meraviglie esotiche, edited by Andrea Canova, Daniela Sogliani (Roma: Edizioni di Storia e Letteratura, 2022),  63.

[4] “Venice: January 1595.” Calendar of State Papers Relating to English Affairs in the Archives of Venice, Volume 9, 1592-1603. Ed. Horatio F Brown. London: Her Majesty’s Stationery Office, 1897. 149-153. British History Online. Web. 2 January 2024. http://www.british-history.ac.uk/cal-state-papers/venice/vol9/pp149-153

[5] Trentacoste, “Mantova porta d’Oriente,” 55.

[6] Qonzaqa arxivləri – ASMn, AG, b. 1529, f. VIII, cc. 475-476 (C) web: http://banchedatigonzaga.centropalazzote.it/collezionismo/index.php?page=Visualizza&carteggio=6826 ; ingiliscə tərcüməsi üçün: Federici, F.M. (2014). A Servant of Two Masters: The Translator Michel Angelo Corai as a Tuscan Diplomat (1599–1609). In: Federici, F.M., Tessicini, D. (eds) Translators, Interpreters, and Cultural Negotiators. Palgrave Macmillan, London. https://doi.org/10.1057/9781137400048_6

[7] Arami dil qrupunun üzvlərindən birinin adı.

[8] Cığalızadənin italyanca adına istinad edir.

[9] Söhbət Bağdad bəylərbəyi (1586-1590) olduğu vaxtdan gedir.

[10] Bir çox sənəddə bu şəxsin adı Angelo, Michel, Michel Angelo və ya Michelangelo kimi gedir, mən burada Mixelangelo versiyasına üstünlük verdim.

[11] Sinan Paşanın həyat və fəaliyyəti üçün bax: Levent Kaya Ocakaçan, ‘Cigalazade Yusuf Sinan Pasha (c. 1545–1606)’, Mediterranea: Richerche Storiche, 12 (2015),

[12] Məqalənin bundan sonrakı, Şörli ailəsi ilə bağlı hissəsinin əsas mənbəyi 1873-cü ildə dərc edilmiş “Stemmata Shirleiana” kitabındandır.

[13] Tam adı: Oksford Universitetində Ölən Bütün Saleh İnsanların Ruhları Müdiri və Kolleci (The Warden and the College of the Souls of all Faithful People deceased in the University of Oxford).

[14] “Inns of Court” tam olaraq Vəkillər Kollegiyası mənasına gəlmirdi, o daha çox kollegiyalar toplusu idi. Məsələn, Linkoln kollegiyasının üzvlərindən Marqaret Tetçer, Toni Bleyr, Məhəmməd Əli Cinnah; Qrey kollegiyasından Uinston Çörçilli nümunə göstərmək olar. Buna görə də “dərnək” ifadəsini seçdik.

[15] Fransızca: Ordre de Saint-Michel.

[16] Harley kitabxanası, əlyazma 6696, səh.82, cild. xv. 6-287.

[17] Entoni Şörli, “Three Brothers”, London, 1825, 25

[18] Federiki, A Servant of Two Masters, səh. 85-86

[19] Trentakoste, “Mantova porta d’Oriente,” 70

[20] Səfəvi sarayında təminat məsələləri ilə məşğul olan rəsmi vəzifəli şəxs. İsgəndər bəy Münşinin “Dünyanı bəzəyən Abbasın tarixi” əsərinin 2010-cu il çapında səhvən “Kürqıraq” kimi tərcümə edilib. Bax: İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). Bakı, “Şərq-Qərb Nəşriyyat evi, 2010, 881.

[21] Lorenzo Tiepolonun hesabatı, 1563; Relazioni dei consolati di Alessandria e di Soria per la Repubblica Veneta tenuti da Lorenzo Tiepolo negli anni MDLII-MDLX, a cura di E.A. Cicogna, Venezia 1857, səh. 30, 37.

[22] Guglielmo Berchet, Relazioni dei consolati di Alessandria e di Soria, Torino 1866, 91.

[23] Şörli bunu xatiratında “Morizell” kimi qeyd edir, lakin bizim fikrimizcə italyancanı mükəmməl bilən Korayın versiyası daha uyğundur. Bu məqalədə də həmin versiyanı qeyd etdik.

[24] Maraqlıdır ki, Şörli bunu daha sonra xatiratında Esseks qrafından gələn bir tapşırıq kimi göstərəcəkdi. Lakin Osmanlı ilə ittifaq qurmuş Yelizavetanın bunu əmr etməsini düşünmək absurddur. Bunun səbəbini sonrakı məqalələrdə araşdıracağıq.

[25] Güman ki, onun əsl adı Eduard van der Veer olub.

[26] Maraqlıdır ki, bunu ancaq Şörli deyir. Digər xatiratlarda belə detal keçmir. Hətta Manverinq bu şəxsin Venesiya tacirlərindən fidyə almaqda kömək edən paşanın köməkçisi, Marqavelo adlı bir erməni olduğunu deyirdi. Görünür ki, Şörlidən başqa hamı bu detaldan xəbərsizmiş. Ətraflı məlumat üçün, bax: Sir Anthony Sherley and His Persian Adventure, Psychology Press, 2005, 49.

[27] Yuxarıda bəhs edilən əksər hadisələr Entoni Şörlinin öz xatiratından götürülmüşdür. Bax: Anthony Shirley, Sir Antony Sherley his relation of his travels into Persia, N. Butter & I. Bagfet, London, 1613.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.