fbpx

Cəmiyyət

Cəmiyyət

Azərbaycan Monqolustanın ABŞ-dakı lobbiçilik fəaliyyətini maliyyələşdiribmi?

Read this article on other language
Download article
image_pdf
image_pdf

2019-cu il noyabrın 26-da Monqolustanın Respublika Gününə həsr olunmuş güləş yarışında monqollar Prezident Xaltmaaqiyn Battulqanın arxasında dayanmış naməlum bir qonaq gördülər. Bu qonaq Monqolustana gəlməzdən bir neçə ay əvvəl israilli Saqi Muki ilə güləşməmək üçün məşqçisi tərəfindən döyüşü uduzmağa məcbur edilən və bu səbəbdən vətənini tərk edən iranlı cüdoçu, dünya çempionu Səid Mollayi idi. Tezliklə Səid Mollayinin Ulan-Batorda olmasının səbəbi məlum oldu – ona yalnız Monqolustan Prezidenti tərəfindən müddəti uzadıla bilən Monqolustan vətəndaşlığı verilmişdi.

Əslində, Mollayi vətəndaşlığı dəyişdiyinə görə Olimpiya seçmə xallarını itirməliydi; lakin Beynəlxalq Cüdo Federasiyasının (BCF) İcraiyyə Komitəsi xüsusi halları nəzərə almaq və idmançının reytinq xallarını saxlayıb-saxlamaması ilə bağlı qərar vermək hüququnu özündə saxladı. Monqolustan bayrağı altında cəmi 2 Olimpiya təsnifat yarışında iştirak etməsinə baxmayaraq, Mollayi 2021-ci ildə 5023 xalla Tokioda yarışmağa vəsiqə qazandı və dünya üzrə 6-cı yeri tutdu, bunun ardınca BCF prezidenti Marius Vizer komitənin onun nəticələrini qoruyub saxlaması üçün əlindən gələni edəcəyini bildirdi. BCF, həqiqətən də, Mollayiyə xallarını saxlamağa icazə verdi. Tokio Olimpiadasında Mollayi Monqolustana gümüş medal qazandırdı. Daha sonra o, yenidən vətəndaşlığını dəyişərək, 2022-ci ildə Azərbaycan vətəndaşlığına keçdi.

Siyasi səbəblərdən ölkəsini tərk edən, iranlıların tez-tez xor gördükləri ölkənin — Monqolustanın vətəndaşlığını qəbul edən,  İranın əzəli düşməni İsraildən olan cüdoçu ilə dostluğunu qoruyaraq Olimpiya medalı qazanan və etnik azərbaycanlı olan bu iranlı cüdoçunun hekayəsi Hollivud ssenaristlərinin belə ağlına gələ bilməyəcək bir ssenaridir. Bununla belə,  Mollayinin hekayəsini daha cəlbedici edən şey bu hekayənin arxasındakı incə məqamlardır.

Düzünü desək, Mollayidən əvvəl Monqolustan heç kimi idman məqsədi ilə vətəndaşlığa qəbul etməyib; ölkədə əcnəbi idmançılara vətəndaşlıq verilməsi üçün dövlət siyasəti və ya büdcəsi yoxdur. Digər tərəfdən, Tokio Olimpiadası ərəfəsində Monqolustanın bir neçə idmançısı BƏƏ və Qazaxıstan kimi ölkələrə çıxıb gedib. Eyni zamanda, Monqolustan siyasətçiləri Qərbi Asiya geosiyasəti haqqında çox az məlumata malikdirlər və ümumiyyətlə, insan haqları, yaxud mühacirlik kimi məsələlərə əhəmiyyət vermirlər. Bunun əvəzinə onlar diqqəti yerli məsələlərə yönəltməyi üstün tuturlar. Beləliklə, Səid Mollayinin vətəndaşlığa qəbulu tamamilə gözlənilməz idi və onu Azərbaycan kimi daha gözlənilən (vətəndaşlığa qəbul üçün) ölkənin gözünün önündə alıb gətirmək heç də Monqolustanın ideyası deyildi. Monqolustan vətəndaşı olduğu müddətdə Səid Mollayi Monqolustan milli komandası ilə nadir hallarda məşq edirdi və əsasən Almaniyada yaşayırdı. Monqolustanın Mollayinin Almaniyada qalması üçün xərcləri qarşılamadığı və Mollayini arzuladığı istiqamətə sövq edən başqa maraqların olduğu aydın idi. Bəs nə üçün Monqolustan ona vətəndaşlıq təklif etdi? Və sonunda Səid Mollayinin Azərbaycan vətəndaşı olmağına səbəb olan bu hekayənin arxa planında nə baş verirdi?

Sambo üzrə keçmiş dünya çempionu və Monqolustanın Cüdo Federasiyasının rəhbəri Marius Vizerlə yanaşı, Vladimir Putinin də dostu olan Xaltmaaqiyn Battulqa 2017-ci ildə Monqolustanın prezidenti seçildi. Monqolustan siyasətinin  anti-Çin və rusiyapərəst prezidentinin əsas məqsədlərindən biri Monqolustanın Üçüncü Qonşu Ticarəti haqqında Qanununun ABŞ-da qəbul edilməsinə nail olmaq idi. Qanun layihəsi Monqolustanın kaşmir məhsullarının ABŞ-a rüsumsuz idxalına icazə verəcəkdi;  o, Monqolustanda demokratiyanı gücləndirmək və qadınların məşğulluğunu təmin etmək məqsədi ilə hazırlanmışdı. Qanun layihəsi 2018-2021-ci illər arasında Konqresə cəmi üç dəfə təqdim edildi, lakin 2021-ci ildə Battulqanın səlahiyyət müddəti məhdudlaşdırıldıqdan sonra ondan tamamilə imtina edildi.

Battulqanın hakimiyyəti dövründə Monqolustanın Üçüncü Qonşu Ticarəti haqqında Qanununun Vaşinqtonda təşviqi üçün əsas vasitə Mongolia Tomorrow Coalition adlı qeyri-kommersiya təşkilatı idi. Hazırda qeyri-aktiv olan internet saytında Mongolia Tomorrow Coalition təşkilatının ABŞ və Monqolustan daxilindəki ianələr hesabına maliyyələşdiyi bildirilirdi. Monqolustan hökuməti bu təşkilata, çox güman ki, daxili siyasətdəki fikir ayrılıqlarına görə lobbiçilik üçün birbaşa maliyyə ayırmamışdı: Battulqa Çinin dəstəklədiyi hakim Monqolustan Xalq Partiyasının namizədinə qarşı müxalif Demokrat Partiyasının namizədi olaraq prezident seçkilərində qalib gəlmişdi. Bütün məlum mülahizələrin əksinə olaraq, Battulqa Vaşinqtonda davam etdirilən lobbiçilik fəaliyyətini öz cibindən maliyyələşdirə biləcək qədər zəngin biri deyildi. O zaman belə bir sual ortaya çıxır: Bəs bu pullar haradan gəlirdi?

Lobbiçilik fəaliyyətinin bir qismi, çox güman ki, Monqolustandan gələn ianələr hesabına maliyyələşdirilmişdi: ianələrlə bağlı ölkənin ən böyük kaşmir istehsalçıları olan Gobi CorporationEvseg Cashmere üzərində dayanılır, çünki onlar təklif olunan ABŞ ticarət sazişindən maksimum faydalanacaq şirkətlər idi. Məsələn, Gobi Corporation şirkətinin sahibi və sədri Baatarsayxan Tsaqaaç 2019-cu ildə Battulqanın nümayəndə heyətinin tərkibində ABŞ-a səfər etmişdi. 2021-ci ildə vəzifədən gedən prezident Battulqa bu qanun layihəsinin ABŞ-da daha sonra müzakirə olunmayacağını nəzərə alaraq, bəlkə də, mütənasib təzminat kimi Gobi Evseg şirkətlərinin sədrlərini Əmək Qəhrəmanı adı ilə təltif etdi.

Monqolustanın lobbiçilik fəaliyyətləri üçün ABŞ ianələri haqqında heç bir faktiki məlumatımız olmasa da, Mongolia Tomorrow Coalition xərcləmələrinə istinad edərək təsəvvür əldə edə bilərik. Vəsaitin çox hissəsi Mongolia Tomorrow Coalition tərəfindən işə götürülən lobbi şirkətlərindən olan Amerika-yəhudi lobbiçisi Aryeh Mittlemanın təsis etdiyi Keystone Strategy & Advisory şirkətinə xərclənib. OpenSecrets qeyri-kommersiya təşkilatının saytında mövcud olan Xarici Agentlərin Qeydiyyatı Aktının (FARA) məlumat bazasına əsasən müəyyən olur ki, 2018 və 2019-cu illərdə Mongolia Tomorrow Coalition ilə danışıqlar zamanı Mittleman başqa ödənişli tapşırıqlar qəbul etməyib.

Bununla belə, FARAnın məlumat bazasının təkrar yoxlanması daha bir nüansı ortaya çıxarmağa imkan verir. FARAnın 2018 və 2019-cu illərə aid Konqres hesabatlarında Aryeh Mittlemanın adı çəkilmir. Onun adına yalnız 2017-ci il sənədlərində rast gəlinir; orada o, o vaxt Mittlemanın da şərik olduğu Keystone Strategic Advisors MMC-nin lobbiçisi kimi qeydə alınmışdı Daha sonra o, öz payını şəriki, Serbiyanın ABŞ-dakı keçmiş səfiri Vladimir Petroviçə verir. Bu ikilinin 2017-ci il üçün müştərisi general Xəlifə Haftarın idarəçiliyində olan Şərqi Liviya hökuməti olub. Keystoneun Haftarla əlaqəsinə dair 2017-ci il Politico məqaləsində Mittlemanın adının Ari olaraq bir qədər fərqli yazılışı verilir və ona Pensilvaniyadan olan senator Bob Keysinin keçmiş köməkçisi kimi istinad edilir.

Digər tərəfdən, Ari Mittleman adına FARA hesabatlarında daha tez-tez rast gəlinir. Həmin 2017-ci il hesabatında ArieAryeh yan-yana yazılır və çevik internet axtarışı zamanı onun tam adının Aryeh Eliezer Mittleman olduğunu görmək olur. Mittlemanın sosial media fəaliyyətişəxsi vebsaytı da Ari Mittlemanın Mongolia Tomorrow Coalition tərəfindən işə götürülən Aryeh Mittleman olduğunu sübut edir. Qeyd edək ki, FARAnın 2018-ci il və 2019-cu ilin birinci yarısının hesabatları Ari Mittlemanın Roberti + White MMC-nin əməkdaşı olduğunu göstərir. Həmin vaxt Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti olan SOCAR USA qeyri-müəyyən lobbiçilik fəaliyyətinə görə Roberti + White şirkətinə açıqlanmayan məbləğ ödəyib. Başqa sözlə, Ari Mittleman dolayı yolla həm Monqolustan, həm də Azərbaycandan eyni vaxtda ödəniş alıb, həmçinin, ola bilsin ki, Azərbaycanla Monqolustan arasındakı əlaqələri gizlətmək üçün rəsmi məlumatlarda öz adının və lobbiçi şirkətinin adının variantlarından istifadə etməyi üstün tutub.

2018-ci və 2019-cu illər həm də bir sıra digər hadisələrlə üst-üstə düşdü: 2018-ci ilin sentyabrında Battulqa Azərbaycana işgüzar səfər etdi, bu, güclü tarixi əlaqələri olmayan iki ölkə arasında qeyri-adi və ilk belə yüksək səviyyəli səfər idi. Battulqanın Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə xüsusi vurğuladığı məqamlardan biri də 1950-ci illərdə Monqolustanın Zuunbayan neft emalı zavodunu azərbaycanlı mütəxəssislərin işlətməsi olub. Əliyev bu tarixi əlaqələrin neft sektorunda gələcək əməkdaşlıq üçün əsas ola biləcəyi ilə razılaşıb. O dövrdə Monqolustan Zuunbayanda yeni neft emalı zavodunun tikintisi üçün Hindistandan 1 milyard dollarlıq EXIM bank krediti almışdı.

2018-ci ildən başlayaraq Monqolustan BMT-nin İsraillə bağlı bir sıra səsvermələrindən, eləcə də Fələstinin mülki əhalisinin müdafiəsi haqqında Baş Assambleyanın qətnaməsindən, Qəzza zolağı etirazındakı pozuntuları araşdırmaq üçün BMT-nin İnsan Hüquqları Şurasının qərarından, ölkələrin Qüdsdə (Yerusəlim) diplomatik nümayəndəliklər yaratmaması təklif edən və Tramp administrasiyasının qərarını pisləyən Baş Assambleyanın qətnaməsindən nəzərəçarpacaq dərəcədə boyun qaçırmağa başladı. Battulqa administrasiyasının rəhbəri 2018-ci ildə Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) konfransında iştirak etdi, 2019-cu ildə isə Battulqa özü ABŞ-a səfəri zamanı AIPACı ziyarət edəcəkdi. 2019-cu ildə İsrail Monqolustanın Xüsusi Təyinatlı Qüvvələrinə TAVOR tüfəngləri və fərdi avadanlıqlar hədiyyə etdi. İsrailin xarici işlər nazirliyi Monqolustanın onların ölkəsi ilə isti münasibətlərinin ABŞ-a yaxınlaşmaq cəhdi ilə bir əlaqəsi olduğunu təkzib etsə də, Monqolustanın ABŞ-a, Vaşinqtondakı İsrailyönümlü lobbiyə, İsrailə və Azərbaycana yönəlik paralel səylərində nəzərəçarpan tendensiya müşahidə olunur. İsrailə və AIPACa bütün bu yeni təkliflər həyat yoldaşı Orta-Atlantik bölgəsi üzrə AIPACın regional direktoru olan həmin amerikalı-yəhudi lobbiçinin Monqolustan və Azərbaycan üçün işlədiyi müddətdə edilib.

İndi aydın olur ki, 2018-2019-cu illər ərzində Monqolustan Vaşinqtonda, Kolumbiya dairəsində daha çox müttəfiq qazanmaq üçün İsrailə geosiyasi xidmətlər göstərirdi. Monqol siyasətçiləri bəzən antisemitist konspirasiya nəzəriyyələri və məqsədyönlü ictimai qorxu aşılayıblar; lakin bu, onlara xarici siyasətlərində İsrailyönlü strategiya həyata keçirmələrinə mane olmayıb – əgər bundan az da olsa fayda görüblərsə. Bu, xüsusən də Amerika standartlarına görə son dərəcə İsrailyönlü olan Tramp administrasiyası dövründə belə idi. İsrail bir çox digər hallarda BMT-dəki dəstək müqabilində digər ölkələrin Vaşinqtondakı lobbiçilik fəaliyyətlərinə dəstək verirdi, buna görə də İsrailin Monqolustanın təkliflərini qəbul etməsi və müqabilində nəsə verməsi qeyri-adi bir şey olmazdı. Bəlkə də, Ulan-Bator Tramp prezidentliyinin ikinci yarısında Kolumbiya dairəsindəki ənənəvi müttəfiqləri olan Tibet lobbisinin məqsədlərinə çatmaqda onlara kömək edə bilməyəcəyini başa düşdükdən sonra İsrailə meyllənməyə başladı. Beləliklə, Mongolia Tomorrow Coalition, çox güman ki, özünün ticarət razılaşması üçün İsrailyönlü maraqları sayəsində daha geniş ikitərəfli dəstək qazanmağa çalışdı.

Monqolustan, Azərbaycan və İsrailyönlü maraqlar arasındakı bu üçtərəfli münasibətdə biz Monqolustanın və Azərbaycana nə verib-alması barədə yalnız fərziyyə irəli sürə bilərik. Eyni zamanda, Mongolia Tomorrow Coalition üçün Amerikanın ayırmış olduğu ianələrin mənbələri bizim üçün hələ də qaranlıq qalıb. Odur ki, Azərbaycanın Monqolustanın lobbiçilik xərclərini qarşıladığını, Ulan-Batorun isə bunun müqabilində Bakıya Zuunbayan neft emalı zavodu sövdələşməsindən pay verməyə çalışdığını söyləmək mümkündür. Dəqiq olan odur ki, 2020-ci ilə qədər Monqolustan-Azərbaycan münasibətləri o qədər möhkəm olub ki, Monqolustan səfiri İkinci Qarabağ müharibəsindən sonra “torpaqlarının azad edilməsi” münasibətilə Azərbaycanı təbrik etmişdi. Bu, adətən, geosiyasi münaqişələrdən kənarda qalan bir ölkə üçün olduqca qeyri-adi hal idi.

Səid Mollayinin İrandan qaçması də məhz bu kontekstdə baş verdi. Mollayinin Saqi Muki ilə dostluğu Azərbaycan üçün çox yaxşı ictimai əlaqələr yaradıb. Bir şiə-müsəlmanla bir israillinin tatami üzərindən başlayan  dostluğu Azərbaycanda yaşayan dağ yəhudilərinin dinlərarası harmoniya və birgəyaşayış yeri kimi alətə çevrildiyi piar-kampaniyasına tam uyğun gələrdi. Eynilə, Səid Mollayinin ailəsinin İranın azərbaycandilli Xoy rayonundan olması Azərbaycanı onun üçün doğma bir məkana çevirərdi. Amma nədənsə 2019-cu ildə Azərbaycan belə bir təkliflə çıxış etməyə hazır görünmürdü və başqa biri bu vəzifəni öhdəsinə götürməli idi. Bu nöqtədə, çox güman ki, Monqolustan Azərbaycanın ödəməli olduğu xidmət müqabilində dövrəyə girdi.

2019-cu ilin sonlarında üç ay ərzində əvvəlcə Almaniyada qaçqın statusu alan Səid Mollayi daha sonra Monqolustan vətəndaşlığını qəbul etdi və nəticədə, BCF tərəfindən təsdiqləndikdən sonra tatami üzərindəki rəqibləri ilə mübarizə aparmağa nail oldu. 2021-ci ildə Tel-Əvivdəki Böyük Dəbilqə turnirində iştirak etdi; həmçinin onun Saqi Muki ilə görüşləri Azərbaycan və digər ölkələr üçün motivasiya mənbəyi oldu. İsrail mətbuatındakı bəzi qaynaqlar hətta yalandan onun Olimpiya gümüş medalını israillilərə həsr etdiyini iddia etdi, bütün bu müddət ərzində onun Monqolustan vətəndaşlığı isə nadir hallarda xatırlanan bir fakt kimi qaldı. Daha əvvəl də qeyd edildiyi kimi, Mollayi nadir hallarda Monqolustanda məşqlərə qatılırdı və onun 2022-ci ildə Azərbaycan vətəndaşlığını qəbul etmək qərarına gəlməsi əvvəlcədən düşünülmüş məsələ kimi görünürdü.

Bəs Azərbaycan niyə 2019-cu ildə Mollayini vətəndaşlığa qəbul etmək imkanını əldən vermişdi? Ola bilsin ki, cavabı həmin FARA hesabatlarında tapmaq mümkündür. Hesabatlardan görürük ki, 2019-cu ilin ikinci yarısı və 2020-ci ildə Azərbaycan Dəmir Yolları ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar və bu sanksiyaların İran ərazisində dəmir yolu tranzitinə təsiri barədə onlara məsləhət vermək üçün lobbiçi tutmuşdu. Şübhəsiz, Azərbaycan İran hissəsi 25 il müddətinə Azərbaycana icarəyə verilmiş yeni açılan Astara-Astara xətti ilə bağlı riskləri idarə etməyə çalışırdı. Bakı və Tehran ən azından bu dinamikanı inkişaf etdirməyə və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini başa çatdırmaq üçün Astara-Rəşt dəmir yolunun tikintisinə can atırdılar. Ona görə də qaçqın güləşçi ilə bağlı qalmaqal o vaxt Azərbaycan-İran münasibətləri üçün gərəksiz qıcıqlandırıcı amil idi. Monqolustan pasportu vətəndaşlıq dəyişikliyi öz əhəmiyyətini itirənə qədər Mollayinin bir neçə il rahat nəfəs alması üçün gözəl bir fürsət olardı.

Bu hekayədəki bütün nöqtələri yerinə qoyduqda təsəvvür etmək çətin olmur ki, Ari Mittlemanın Roberti + White şirkətində məşğul olduğu açıqlanmayan xidmətləri özündə Monqolustan maraqları üçün etibarlı lobbiçiliyi ehtiva edirdi; həmçinin “cibləri dolu olan” Azərbaycan ABŞ-dakı adamları vasitəsilə Mongolia Tomorrow Coalition üçün bir qədər pul ayıra bilərdi və Monqolustanın ilkin planı Vaşinqtondakı lobbi fəaliyyətini davam etdirmək idi, yaxşılığı müqabilində isə Azərbaycana 1,35 milyard dollar dəyərindəki neft emalı zavodunun bir hissəsi veriləcəkdi. Geriyə baxanda görürük ki, Monqolustan Olimpiya medalı aldı, İsrail silahlarını pulsuz əldə etdi və 2022-ci ildən İsrail-Fələstin məsələsində BMT-dəki ənənəvi mövqeyinə qayıtdı, amma ABŞ-la ticarət razılaşması olmadı. Azərbaycan, nəhayət, öz güləşçisinə sahib çıxdı və Vaşinqton lobbiçiləri öz iş yerlərini qoruyub saxladılar. Bu hekayədəki bütün oyunçuların heç də hamısı, xüsusən də Azərbaycan istədiklərinə nail ola bilmədi. Azərbaycan neft emalı zavodundan pay ala bilmədi, çünki investisiya imkanları ilk olaraq ixrac-idxal kreditini verən Hindistana verildi, o da podratçı kimi öz şirkətlərini seçdi. Bunun kimi, Astara-Rəşt dəmir yolu layihəsi də hələ müzakirə mərhələsindədir. Geriyə nəzər saldıqda onu da deyə bilərik ki, bu hekayənin yeganə ibrətamiz dərsi odur ki, o, bizə qarşılıqlı bağlarla birləşmiş dünyamızın necə idarə olunduğunu və çox vaxt bu cür mürəkkəb münasibətlərin pərdə arxasında ağılabatmaz tərəfdaşlıqların ola biləcəyini göstərdi.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.