Əhalinin sosial-iqtisadi vəziyyəti barədə tam təsəvvürə malik olmaq üçün adətən median gəlir göstəricisindən istifadə olunur. Çünki orta aylıq qazanc səviyyəsindən fərqli olaraq, median gəlirlər cəmiyyətdə insanların real sosial vəziyyətini daha dəqiq ifadə edirlər. Median gəlir elə bir gəlir səviyyəsidir ki, əhalinin yarısından çoxu bu məbləğdən az, digər yarısı isə bu məbləğdən çox gəlirə malikdir. Bu göstərici cəmiyyətdə kəskin fərqlərin təsirini neytrallaşdırmaq üçün tətbiq edilir. Belə ki, azlıqda olan yüksək gəlirli sahələr (məsələn, neft, maliyyə və s.) orta göstəriciləri (məsələn, orta əmək haqqı) yuxarı çəkə bilər. Bu zaman orta göstərici reallıqdan uzaqlaşır. Median gəlirlər isə yüksək gəlirlərdən baş verən dəyişikliklərə qarşı daha sabitdir. Bu göstəricidən vergi siyasəti, minimum əmək haqqının təyin olunması, yoxsulluq səviyyəsinin ölçülməsi kimi sahələrdə əsas indikator kimi istifadə olunur.
Median gəlirlər dövlət səviyyəsində sosial bərabərsizliyin səviyyəsini müəyyənləşdirməyə, ölkə iqtisadiyyatı və onun ayrı-ayrı sektorlarının sosial siyasətində boşluqları aşkara çıxarmağa imkan verir. Median gəlirlər barədə məlumat əmək bazarında kritik problemləri müəyyənləşdirməyə və riskləri qiymətləndirməyə, iqtisadi siyasətdə düzəliş etməyə, vətəndaşların həyat səviyyəsi üçün daha real proqnozlar verməyə yardımçı olur.
Median əmək haqqı median gəlirlərin bir hissəsidir. Əksər ölkələrdə, xüsusən də ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Kanada kimi inkişaf etmiş ölkələrdə median əmək haqqının səviyyəsi rəsmi olaraq açıqlanır. Məsələn, ABŞ-ın Əmək Statistikası Bürosu (U.S. Bureau of Labor Statistics) nəinkiillik və rüblük, hətta saatlıq median əmək haqlarının (median hourly wage) səviyyəsi barədə məlumatları açıqlayır. Son məlumata görə, 2025-ci ilin I rübündə ABŞ-da median həftəlik əmək haqqı təqribən 1194 dollar səviyyəsində olub. Bəzi ölkələr var ki, orada median gəlir və minimum qazanc arasında asılılıq var. Rusiyada Federal qanuna əsasən, 2021-ci ildən etibarən yaşayış minimumunun median gəlirlərə nisbəti 42%-i səviyyəsində müəyyənləşdirilib. 2025-ci ildən etibarən bu nisbətin 48%-ə qaldırılması planlaşdırılır.
Azərbaycanda açıq mənbələrdə median gəlirlər, o cümlədən median əmək haqqının səviyyəsi barədə rəsmi məlumatlara rast gəlmək mümkün deyil. Hökumət adambaşına düşən orta gəlir, orta aylıq əmək haqqı və minimum əmək haqqı kimi məlumatları açıqlasa da, əhalinin yarısının qazancının aşağı olduğu hədd barədə məlumatlar açıqlanmır. Bu vəziyyət isə əhalinin gəlirlərində bərabərsizliyin real vəziyyəti barədə dolğun təsəvvür formalaşdırmağa imkan vermir.
Bu baxımdan Bakı Araşdırmalar İnstitutunun ekspert qrupu Dövlət Statistika Komitəsinin açıq məlumatları (Cədvəl 1 və 2) əsasında median gəlirləri və median əmək haqqını hesablayıb.
Cədvəl 1. 2023-cü ildə şəhər və kənd yerləri üzrə ev təsərrüfatlarının
adambaşına düşən gəlirə görə bölgüsü, faizlə

Mənbə: Dövlət Statistika Komitəsi
1-ci Cədvəlin məlumatlarından görünür ki, 2023-cü ildə ölkə üzrə median gəlirlər təxminən 310-320 manat civarında dəyişib. Bu, o deməkdir ki, əhalinin 50%-nin aylıq gəliri 320 manatdan çox olmayıb.
Yaşayış məntəqələri üzrə müqayisə aparsaq, görərik ki, şəhər və kənd yerlərində yaşayan əhalinin median gəlirlərinin məbləği bir-birindən fərqlənir.
Şəhər yerləri statistik göstəricilərə əsasən, 2023-cü ildə ev təsərrüfatlarının 53,8%-də adambaşına düşən aylıq gəlirlər 340 manatdan,47,8%-də isə 320 manatdançox olmayıb.Bu halda ev təsərrüfatlarının 50%-nin gəlirlərinin hansı həddən aşağı və ya çox olmasını tapmaq üçün aşağıdakı düsturdan istifadə edək. Bu düstur qruplaşdırılmış məlumatlar üçün median göstəricinin təxmini dəyərini hesablamaq məqsədilə istifadə olunur.

Burada:
- L – median sinfinin alt həddi
- n – ümumi müşahidə sayı
- c – median sinfindən əvvəlki siniflərin kümülatif tezliyi
- f – median sinfinin tezliyi
- h – median sinfinin eni
Hesablamada 50% həddinə yaxın olan əhali qrupu seçilir. Bizim misalda ev təsərrüfatlarının 47,8%-ni və 53,8%-ni əhatə edən göstəricilərdən istifadə edilir.
İndi isə göstəriciləri düsturda yerləşdirək:
- L = 320.05 ((320+320,1)/2)
- c = 47.8% (50%-dən öncəki kumilyasiya)
- f = 6.0 (median intervalının faizi)
- h = 20 gəlir intervalının uzunluğu: 340.05 – 320.05 = 20

Şəhər yerləri üzrə ev təsərrüfatlarının adambaşına düşən median gəliri 327,4 manat təşkil edib.
Analoji hesablamanı kənd yerlərindəki ev təsərrüfatları üzrə aparsaq, vəziyyət aşağıdakı kimi olar:

Deməli, 2023-cü ildə ölkə üzrə ailə təsərrüfatlarının adambaşına düşən median gəliri təqribən 310-320 manat, kənd yerləri üzrə 310,4 manat, şəhər yerləri üzrə isə 327,4 manat olub.
Rəsmi məlumata görə, 2023-cü ildə ev təsərrüfatlarının adambaşına düşən aylıq gəlirlərinin 37,7%-ini muzdlu işlə əlaqədar əldə edilən gəlirlər, yəni əmək haqqı gəlirləri təşkil edib. 2023-cü ildə ölkə üzrə orta aylıq əmək haqqı 933,8 manat, həmin ilin noyabr ayında isə 829,9 manat olub. Dövlət Statistika Komitəsinin 2-ci Cədvəldə göstərilən məlumatına görə, həmin ilin noyabr ayında işçilərin ən azı 67,3%-nin aylıq maaşları ölkə üzrə orta aylıq əmək haqqı səviyyəsindən (829,9 AZN) aşağı olub. Bəs median əmək haqqının səviyyəsi nə qədər olub?
Gəlin, Cədvəl 2-də əks olunan göstəricilər əsasında median əmək haqqının məbləğini tapaq.
Cədvəl 2. Ölkə üzrə 2023-cü ilin noyabr ayını tam işləmiş işçilərə hesablanmış əmək haqqının ölçülərinə görə bölgüsü

Mənbə: Dövlət Statistika Komitəsi
Cədvəl 2-dən göründüyü kimi, 2023-cü ilin noyabr ayında tam işləmiş işçilərin 43,3%-nin əmək haqları ən çoxu 500 manat, 52,8%-nin əmək haqları isə ən çoxu 600 manat olub. Göstəriciləri müvafiq düstura yönəltsək, bu halda median əmək haqqının səviyyəsinin 571 manata bərabər olduğunu görmək olar.
Deməli, 2023-cü ilin noyabr ayında ölkə üzrə median əmək haqqı (571 manat) orta aylıq əmək haqqının (829,9 manat)) 68,8%-i həddində olub. Həmin dövrdə qüvvədə olmuş minimum əmək haqqı isə (345 manat) median əmək haqqının 60,4%-ə bərabər olub. Ev təsərrüfatlarının adambaşına düşən aylıq gəlirinə gəlincə, 2023-cü ildə orta hesabla 343,2 manat, median gəlir isə 320 manat olub. Yəni median gəlir orta aylıq gəlirin 93%-ə bərabər olub.

Bu onu göstərir ki, ölkə üzrə aylıq gəlirlərdən fərqli olaraq, aylıq maaşlarda qeyri-bərabərlik daha yüksəkdir. Bunun səbəbi bir tərəfdən neft, maliyyə sektorunda maaşların digər sektorlarla müqayisədə yüksək olmasıdırsa, digər tərəfdən aylıq gəlir anlayışına əmək haqqı ilə yanaşı, pensiya, sosial ödənişlər, müavinətlər və qeyri-rəsmi gəlirlərin də daxil olmasıdır. Çünki pensiya, sosial ödənişlər, müavinətlər kimi kateqoriyalarda fərqliliyin az olması son nəticədə orta aylıq gəlirlə median gəlir arasındakı fərqi azaldır. Azərbaycanda median gəlirlərin həddi barədə məlumatlar rəsmi olaraq açıqlanmasa da, bir çox ölkələrdə, o cümlədən ölkəmizlə həm qonşu, həm də oxşar iqtisadi-siyasi idarəetməyə malik olan ölkələrin milli statistik qurumlarında bu göstəriciyə rast gəlmək olar. Həmin ölkələrdə median gəlirlər həm ümumilikdə aylıq, həm gender, həm də iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə açıqlanır. Açıqlanan məlumatlar əsasında əhalinin, o cümlədən muzdlu işçilərin gəlirləri arasında bərabərsizliyin səviyyəsini müəyyənləşdirmək olur. Məsələn, Gürcüstanda 2023-cü ildə muzdlu işçilərin median gəlirləri 1238 GEL olub. Bu isə həmin dövr üçün orta əmək haqqının 70,1%-i səviyyəsindədir. Analoji ildə Rusiyada median əmək haqqının orta aylıq əmək haqqına olan nisbəti 62,5%, Qazaxıstanda 69% olub. Bu, Azərbaycanda (68.8%) olduğu kimi, adı çəkilən ölkələrdə də muzdlu işlərin gəlirləri arasında bərabərsizliyin yüksək olmasını göstərir.

