fbpx

iqtisadiyyat

iqtisadiyyat

Azərbaycanda daxili miqrasiya: səbəbləri, nəticələri və əsas istiqamətləri

Read this article on other language
Download article
image_pdf
image_pdf

Sosial-iqtisadi siyasət mexanizmlərinin hazırlanması baxımından daxili miqrasiyanın gerçək durumunu əks etdirən statistika çox önəmlidir. Təəssüflər olsun ki, daxili miqrasiya ilə bağlı Azərbaycanda ictimaiyyətə etibarlı və dolğun məlumat açıqlanmır. Amma müstəqil hesablamalar daxili miqrasiya səviyyəsinin kifayət qədər yüksək olduğunu göstərir.

Daxili miqrasiyanın real səviyyəsinin üzə çıxması üçün əhalinin siyahıyaalınması olduqca vacibdir. Azərbaycanda sonuncu dəfə 2019-cu ildə əhalinin siyahıyaalınması həyata keçirilib. Dövlət Statistika Komitəsi (DSK) ilkin olaraq  siyahıyaalmanın nəticələrinin 2022-ci ilinin birinci rübündə açıqlanacağını bildirsə də, sonradan bu tarix 2022-ci ilin sonu olaraq dəyişdirildi. Amma DSK hələ də əhalinin siyahıyaalınması ilə bağlı ictimaiyyətə heç bir sənəd açıqlamayıb. Siyahıyaalmanın nəticələrinin bölüşülməsi ilə bağlı sorğuma cavabında DSK bildirdi ki, siyahıyaalmanın nəticələrini yalnız qurumun kitabxanasından əldə etmək olar. Siyahıyaalmanın nəticələri hər biri yüzlərlə səhifədən ibarət olan 26 cild kitabdan ibarətdir və elektron versiyaların mövcud olmaması müstəqil tədqiqatçıların həmin rəqəmlər əsasında araşdırmalar aparmasını çətinləşdirir. Həmçinin, 2019-cu ilin oktyabr ayında əhalinin siyahıyaalınması keçirilərkən bir çox vətəndaş onlara siyahıyaalma ilə bağlı müraciət edilmədiyini bildirib.

Bu çatışmazlıqlara baxmayaraq, müxtəlif dövlət qurumlarının əhalinin faktiki yaşayış yeri ilə bağlı sahib olduğu bilgilər daxili miqrasiyasının gerçək durumunu hesablamağa yetərlidir. Bu baxımdan, bu yazıda əhalinin siyahıyaalınmasının rəsmi nəticələri əsasında ölkədə ən çox tərk edilən və ən çox köçün olduğu rayon və şəhərləri araşdıracağam və daxili miqrasiyanın səbəbləri, ortaya çıxardığı problemlər və bu problemlərin həlli yollarını tədqiq edəcəyəm. Yazıda istifadə edilən rəqəmlər DSK-nın kitabxanasından götürülən siyahıyaalma ilə bağlı çap edilmiş nəşrlər əsasında hesablanıb. 

Ən çox köç qəbul edən rayon və şəhərlər

Azərbaycanda qeydiyyatda olan əhali sayı ilə müqayisədə ən çox köç alan bölgə Abşeron rayonudur. 2019-cu ildə Abşeron rayonununda qeydiyyatda olan əhali 214 min nəfər, daimi əhali isə 476 min nəfər olub.[1] Yəni Abşeron rayonuna köçənlərin sayı rayonda qeydiyyatda olan şəxslərdən daha çoxdur. 

Cədvəl 1: Abşeron rayonunda yerləşən şəhər, qəsəbə və kəndlərin qeydiyyatda olan və daimi əhali sayı

*Rəsmi əhali sayları 2020-ci ilin sonuna olan göstəriciləri əks etdirir.

 Cədvəldən göründüyü kimi, Xırdalan şəhərində yaşayan daimi əhali sayı şəhərdə qeydiyyatda olan rəsmi əhali ayını iki dəfədən çox qabaqlayır. Abşeron rayonunda yerləşən Masazır kəndində yaşayan insanların sayı Xızı, Daşkəsən, Göygöl, Siyəzən, Şabran, Yardımlı, Qax, Oğuz, Hacıqabul kimi rayonların əhalisindən daha çoxdur.

Bəs Abşeron yarımadasındakı əsas iki şəhərdə vəziyyət necədir? Sumqayıtda da daimi yaşayan və qeydiyyatda olan əhali sayı rasında ciddi fərqlər mövcuddur. Sumqayıtda daimi əhali sayı 491 min, rəsmi əhalisi isə 345 min nəfərə bərabərdir. Yəni Sumqayıtın daimi əhali sayı rəsmi rəqəmlərlə müqayisədə 146 min nəfər və ya 42% daha yüksəkdir. 2019-cu ildə Bakıda daimi əhali sayı 2 milyon 617 min nəfərə bərabər olub. Həmin vaxt şəhərin qeydiyyatda olan əhali sayı 2 milyon 277 min nəfərə bərabər idi. Yəni DSK-nın hesablamasına görə, paytaxtda daimi əhali sayı rəsmi qeydiyyatda olanları cəmi 340 min nəfər və ya 15% qabaqlayır. Lakin nəinki müstəqil tədqiqatçıların alternativ hesablamaları, prezidentin sərəncamı ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzinin (STM) tədqiqatında da qeyd edilir ki, Bakının daimi əhalisi 3 milyon nəfərdən çoxdur və bununla yanaşı hər gün 500 mindən çox şəxs paytaxta qısamüddətli giriş-çıxış edir. Bu baxımdan, hətta etibarlılığı suallar doğuran əhalinin siyahıyaalınmasının nəticələrinə görə belə, ölkə əhalisinin təxminən 3.6 milyon nəfəri, yəni əhalinin təxminən 35 faizi Abşeron yarımadasında yaşayır.

Abşeron yarımadasından kənarda yerləşən rayon və şəhərlər arasında Bərdə (25 min nəfər), Ağcabədi (13 min), Beyləqan (8 min) rayonlarında və Mingəçevir şəhərində (14 min) əhalinin daimi sayı qeydiyyatda olan əhali sayını daha çox qabaqlayıb. Bunun başlıca səbəbi isə həmin bölgələrdə məcburi köçkün icmasının kompakt məskunlaşması ilə bağlıdır. Bu baxımdan, adı çəkilən ərazilərdə daimi əhalinin qeydiyyatda olan əhalidən daha çox olmasının səbəbi sosial-iqtisadi üstünlüklərlə bağlı deyil.

Əhalinin ən çox tərk etdiyi rayonları da müəyyənləşdirmək mümkündür. Ərazisi işğala məruz qalmış rayonları nəzərə almasaq, əhali sayına nisbətdə ən çox köç verən rayon Qaxdır.  2019-cu ildə Qaxın daimi əhalisi 51.5 min nəfərə olub və bu, həmin ildə rayonun qeydiyyatda olan əhali sayından 5 min 681 nəfər və ya 10 faiz daha aşağı göstəricidir. Qaxla yanaşı, İsmayıllı (8.2 min nəfər) və Cəlilabad (17.7 min nəfər) rayonları da qeydiyyatda olan əhali sayına nisbətdə ən çox tərk edilən rayonlar siyahısındadır. 

Əhali niyə Abşeron yarımadasına köç edir?

Əhalinin Abşeron yarımadasına köç etməsinin əsas səbəbləri əyalətlərdə iş imkanlarının və gəlirin azlığı ilə bağlıdır. Bu ilin birinci rübünün sonuna ölkədə 1 milyon 736 min nəfər muzdlu işçi var. Onlardan  905 min nəfəri (52%) Bakıda, 57 min nəfəri (3.3%) Sumqayıtda, 41 min nəfəri isə (2.4%) Abşeron rayonundadır. Yəni ölkədə əmək müqaviləsi ilə çalışanların 58 faizi Abşeron yarımdasında, 42 faizi isə ölkənin digər bütün rayon və şəhərlərindədir.

Mövcud iş yerləri ilə yanaşı, yeni açılan iş yerləri baxımından da Abşeron yarımadası və digər ərazilər arasında kəskin fərqlər var. 2022-ci ildə yeni açılan iş yerlərinin 83%-i Abşeron yarımadasının payına düşüb. Həmin ildə Culfa, Şahbuz, Şərur rayonlarında ümumiyyətlə yeni iş yeri açılmayıb. Ordubad, Xızı, Cəlilabad və Lerik sayonlarında isə il ərzində cəmi 1 yeni iş yeri açılıb.

Regionlarda gəlir də Bakı ilə müqayisədə aşağıdır. Bakıda qeydə alınan orta aylıq əmək haqqı məbləği Abşeron yarımadasından kənardakı regionlarla müqayisədə təxminən iki dəfə yüksəkdir. Bunun əsas səbəbi isə Bakıda özəl sektorun daha geniş fəaliyyət göstərməsi ilə bağlıdır. Ölkə üzrə muzdlu işçilərin 58%-i Abşeron yarımadasında olsa da, özəl sektorda çalışan muzdlu işçilərin 66%-i Abşeron yarımadasında işləyir. Özəl sektorda gəlir səviyyəsinin dövlət sektoru ilə müqayisədə yüksək olması Bakıda daha yüksək orta aylıq gəlir səviyyəsinin formalaşmasına səbəb olur. 

Cədvəl 2: İqtisadi rayonlar üzrə 2023-cü ilin birinci rübünün sonuna orta aylıq əmək haqqı göstəriciləri

Daxili miqrasiyanın yaratdığı fəsadlar

Regionlar arasındakı iqtisadi bərabərsizlik növbəti mərhələdə həm sosial bərabərsizliklərə, həm də bir çox digər sahələrdə problemlərin ortaya çıxmasına səbəb olur.

Sosial-iqtisadi səbəblərlə əhalinin Abşeron yarımadasına axını sadəcə daxili miqrantlar üçün deyil, Abşeron yarımadasında yaşayan hər kəs üçün problemlərin ortaya çıxmasına səbəb olur. Məsələn, plansız məskunlaşma ictimai nəqliyyat sisteminin, yolların yetərsiz qalmasına yol açır ki, bu da Bakı və ətraf ərazilərdə yaşayan hər kəsin həyat keyfiyyətini aşağı salır. Əlavə olaraq, daşınmaz əmlaka tələbin artması nəticəsində kirayə və satış qiymətləri yüksəlir və bir çox insan sənədsiz evlər tikməyə məcbur qalır. Ölkədə yarım milyona yaxın sənədsiz ev var ki, onların da əsas hissəsi Bakı və ətraf ərazilərdə yerləşir. Sənədsiz evlərdə yaşayanlar mülkiyyət haqları və kommunal xidmətlər baxımından çətinliklərlə qarşılaşırlar. Eyni zamanda, kommunal, təhsil və səhiyyə xidmətləri ilə təminat baxımından da, Bakı və digər bölgələr arasında ciddi fərqlər mövcuddur. Məsələn, Xırdalandakı bir çox məktəblərdə məktəbin tutumunun bir neçə qatı qədər şagird təhsil alır və təbii ki, belə bir şəraitdə təhsilin keyfiyyəti də aşağı düşmüş olur.

Azərbaycanda daxili miqrasiya ilə bağlı problemi kəskinləşdirən digər bir amil də miqrasiyanın sadəcə bir istiqamətinin olmasıdır. Çünki qeyd edilən sosial-iqtisadi fərqlər sadəcə kəndlər və Bakı arasında deyil, Abşeron yarımadasından kənardakı bütün rayon və şəhərlərlə müqayisədə mövcuddur. Paytaxt Bakı və Abşeron yarımadasından kənardakı ən böyük şəhər olan Gəncənin məhsul buraxılışı arasındakı fərq əlli dəfədən çoxdur. Bu baxımdan, ölkədə həqiqi regional mərkəzlərin olmaması daxili miqrasiya etməyə məcbur olanların mütləq əksəriyyətinin Abşeron yarımadasına yönəlməsinə yol açır. Halbuki ölkənin ən azı bir neçə şəhər və rayonunda iqtisadi inkişaf səviyyəsi nisbətən yüksək olsaydı, bu amil daxili miqrantların müəyyən hissəsinin həmin ərazilərə yönəlməsinə səbəb ola bilərdi. Ancaq indiki halda əyalətdə yaşayan və iqtisadi problemləri olan vətəndaşlar üçün nə rayon mərkəzi, nə də regional mərkəz hesab edilə biləcək ərazilər cəlbedici deyil, çünki onların bir çoxu sosial-iqtisdi inkişaf baxımından kəndlərdən bir o qədər fərqlənmir. 

Daxili miqrasiyanın səbəb olduğu problemləri necə aradan qaldırmaq olar?

Regionların sosial-iqtisadi inkişaf baxımından geri qalmasının başlıca səbəbi Azərbaycan iqtisadiyyatının primitiv strukturu ilə bağlıdır. Ölkədə enerji sektorundan kənar sahələrin məhdud inkişafı, rəqabət mühitinin əlverişli olmaması, regionda ən yüksək gömrük tarifləri, maliyyə resurslarına çıxış imkanlarının məhdudluğu kimi amillər ölkə iqtisadiyyatının inkişafına mənfi təsir göstərir və iqtisadi fəaliyyətin sadəcə paytaxt və ona yaxın ərazilərdə təmərküzləşməsinə yol açır.

Ölkə iqtisadiyyatı ilə bağlı qeyd edilən xronikiləşmiş problemlərin həlli bir çox digər problemlərlə yanaşı, regional bərabərsizliklərin aradan qalxması baxımından da çox əhəmiyyətlidir. Bir çox beynəlxalq qurumların hesabatlarında Azərbaycanda dayanıqlı inkişafa mane olan əsas problemlərdən biri kimi ölkədə insan kapitalının məhdud inkişafı göstərilir. Bu baxımdan, hökumətin təhsil, səhiyyə və digər sosial sahələrdə fəaliyyətini yaxşılaşdırması və  investisiyaların effektivliyinin artırılması bir çox digər problemlər kimi regional bərabərsizliyin azaldılması baxımından da çox vacibdir.

Ümumi ölkə iqtisadiyyatı ilə bağlı problemlərlə yanaşı, regional inkişaf baxımından spesifik  problemlər də mövcuddur. Bunlardan ən birincisi Azərbaycanda yerli özünüidarəetmə sistemidir. Azərbaycanda  bələdiyyə institutunun yaranmasından 25 ilə yaxın zaman keçsə də, hələ də insanlar gündəlik həyatlarında bu qurumun fəaliyyətinə rast gəlmir. Bunun əsas səbəbi ölkədə bələdiyyələrin səlahiyyətlərinin və maliyyə resurslarının məhdud olmasıdır. Bələdiyyələrin yerli inkişafa təsir baxımından əsas üstünlüyü onların çevikliyi ilə izah edilir. Hazırda Azərbaycanda ən ucqar kəndlərdə də yol çəkilməsi üçün prezident sərəncam imzalayır. Bu səbəbdən, bir çox bölgələrin yol və digər kommunal problemlərinin həlli bəzən illər alır. Lakin işlək bələdiyyə institutu olduğu halda icma özü vəsaiti hara xərcləyəcəyinə qərar verə bilər. Beləcə, problemlərin həlli üçün illərlə gözləmək lazım gəlməz.

Bələdiyyələrin fəaliyyətinin daha məhsuldar olması həmçinin onların seçki ilə formalaşması ilə izah edilir. Çünki demokratik seçki institutunun olduğu ölkələrdə bələdiyyəyə seçilən şəxslər başa düşür ki, yaxşı xidmət etmədikləri təqdirdə, növbəti dəfə seçilmək şansları yoxdur. Azərbaycanda seçki institutu ilə bağlı mövcud problemlər bələdiyyələrin işlək qurumlara çevrilməsini əngəlləyir. Bütün bunları nəzərə alaraq, ölkədə bələdiyyələrin səlahiyyətlərinin və maliyyə mənbələrinin artırılması, onların şəffaf və hesabatlı fəaliyyətinin təmin edilməsi həm regionlarda yaşayan şəxslərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması həm də regional bərabərsizliklərin aradan qaldırılması baxımından geniş imkanlar yarada bilər.

Regional inkişaf baxımından kəskin fərqlərin olmasına baxmayaraq, Azərbaycana regionlara investisiya yatırılması ilə bağlı təşviq siyasətini yetərli saymaq olmaz. 2023-cü ildən etibarən hökumət işğaldan azad edilmiş ərazilərdəki iqtisadi fəaliyyətlə bağlı 10 illik güzəştlər tətbiq etməyə başlayıb. İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Bununla yanaşı işçilərin sosial ödənişlərinə güzəştlər və bu ərazilərdə çalışan işçilərə əlavə vəsaitlərin verilməsi də nəzərdə tutulur. Ölkənin digər ərazilərində də iqtisadi inkişaf baxımından ciddi problemlər olduğundan hökumətin bu güzəştlərin əhatə dairəsinin və çeşidlərinin artırılmasına ehtiyac var. Özəlliklə güzəştli kredit imkanlarının həcminin artırılması diqqətə alınmalıdır. Regionlarda güzəştli imkanların yaradılması açılan yeni iş yerləri baxımından Bakı və digər ərazilərdəki kəskin fərqin azaldıması üçün çox vacibdir.

Digər ölkələrin təcrübəsində sadəcə biznes fəaliyyəti ilə bağlı deyil, sosial ödənişlər baxımından da regionlar arasında fərqli yanaşmanın olması praktikası mövcuddur. Məsələn, Gürcüstanda pensiyaların məbləği yaşla yanaşı, həm də pensiya alan şəxsin yüksək dağlıq ərazidə yaşayıb-yaşamamasına görə fərqlənir. Bu baxımdan, Azərbaycanda da əlverişsiz coğrafi-iqtisadi ərazilərdə yaşayan şəxslərə təyin edilən sosial ödənişlərdə əlavə əmsalların tətbiq edilməsi həm həmin ərazilərdə yaşayan şəxslərin rifahının artırılmasına, həm də miqrasiya prosesinin qarşısının alınmasına töhfə verə bilər.

Regional fərqlərin əsaslandırılması baxımından çox qeyd edilməsə də, bu fərqlərin artmasına təsir imkanı olan amillərdən biri də ölkədə qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı əlverişli mühitin olmamasıdır. Xüsusilə 2014-cü ildən etibarən QHT qanunvericiliyinin sərtləşdirilməsi bir çox yerli təşəbbüslərin fəaliyyətini dayandırmasına, xarici fondların isə ölkəni tərk etməsinə gətirib çıxardıb. Lakin nəzərə almaq lazımdır ki, bu fəaliyyətlərin heç də hər biri demokratiya və insan hüquqları istiqamətində deyildi. Regionlarda yaşayan icmaların resurslarının artırılması da həmin dövrdə vətəndaş cəmiyyətinin əsas fəaliyyət istiqamətlərindən biri idi. Bu fəaliyyətlərə həm araşdırma və monitorinqlərlə problemlərin və onların həlli yollarının tapılması, həm də bir-başa investisiyaların yatırılması daxil idi. Bu baxımdan, ölkədə həm yerli, həm də xarici vətəndaş cəmiyyəti strukturlarının fəaliyyət imkanlarının yaxşılaşdırılması regionlarda yaşayan icmaların resurslarının artırılması baxımından əhəmiyyətli rol oynaya bilər.

Qeyd:

[1] Abşeron icra başçısı 2019-cu ilin yekunları ilə bağlı keçirilən hesabat yığıncağında bildirib ki, 2019-cu ildə keçirilən siyahıyaalmanın nəticələrinə görə Abşeron rayonu ərazisində 510 min nəfər insan yaşayır. İcra başçısının 510 min olaraq açıqladığı nəticənin çap edilən siyahıyaalma nəticələrində 476 minə enməsi əlavə suallar yaradır.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.