fbpx

iqtisadiyyat

iqtisadiyyat

Azərbaycanda sosial xərclərin maliyyəşdirilmə mexanizminin təhlili

Read this article on other language
Download article
image_pdf
image_pdf

Tədqiqatımızın birinci və ikinci hissələrində biz sosial siyasətin həyata keçirilmə mexanizmlərinin ümumi təsvirini və eyni zamanda bu siyasətin ayrı-ayrı sosial həssas qruplara təsirini göstərməyə çalışdıq. Birinci hissədə müxtəlif sosial həssas qruplara verilən müavinət və ya təqaüdlərin həcmini, bu sahədə mövcud olan ümumi vəziyyəti təsvir edib, həmçinin son zamanlar aktual məsələlərdən birinə çevrilən uşaq pulu mövzusuna da toxunduq. İkinci hissədə isə əsas yer yoxsullar və işsizlərə ayrılmışdı. Bu iki yazıda biz göstərdik ki, Azərbaycanda 2021-ci ilin sonuna uşaqların yalnız 8%-i, ən yoxsul kateqoriyasına aid olan şəxslərin 32%-i, işsizlərin 20%-i müxtəlif sosial müdafiə mexanizmləri ilə əhatə olunub. Başqa sözlə, hər üç qrupa aid olunan şəxslərin böyük hissəsi sosial müdafiə mexanizmlərindən kənar qalıb.

Araşdırmamızın üçüncü hissəsində biz daha iki sosial həssas qrupun vəziyyətini tədqiq etməyə çalışacağıq. Bunlar əlilliyi olan şəxslər və təqaüdçülərdir (pensionerlər). Adətən güman edilir ki, hər iki qrupa aid olunan şəxslərin hamısı müxtəlif sosial müdafiə mexanizmləri ilə əhatə olunub. Bu belədirmi? Ümumiyyətlə, bu istiqamətlərdə həyata keçirilən siyasətin 2020-2021-ci illərdə birdən-birə gündəmə daxil olmasının səbəbləri nədən ibarətdir? Son illər bu iki istiqamət üzrə hansı dəyişikliklər baş verib?  Bu dəyişiklikləri şərtləndirən səbəblər nə idi? Bu suallara cavab axtarmaqla yanaşı, tədqiqatımızın bu hissəsində biz sosial müdafiə siyasətinin maliyyəşdirilmə mexanimzlərini gözdən keçirib, onun problemlərini göstərməyə çalışacağıq. Hökumətin bəyan etdiyi sosial müdafiə sistemində baş vermiş islahatlar nəticəsində yaranan qənaət nəyin hesabına formalaşıb? Ümumiyyətlə, sosial siyasət çərçivəsində qənaət prinsipi istifadə olunmalıdırmı? Tədqiqatımızın üçüncü hissəsində məhz bu suallara cavablar təqdim etməyə çalışacağıq.

Əlillik

Azərbaycanda geniş əks-səda yaradan problemlərdən biri əlilliyə görə müxtəlif ödənişlərin təyin edilməsi və minlərlə insanın müavinətinin kəsilməsi məsələsidir. Belə ki, 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 7 mindən çox şəxsin saxta yollarla əlillik dərəcəsi aldığını, 16 min şəxsin isə reabilitasiya olunduğunu iddia edərək onlara əlillik müavinətinin verilməsini dayandırıb.

Əlilliyi olan şəxslərin sosial müdafiə sisteminin təhlilinə keçməzdən əvvəl, biz bu sahəni müəyyən qədər təsvir etməliyik. Ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi iki göstərici- əlilliyin əmək qabiliyyətinə təsiri və yaş faktorları- əsasında qurulub. Yaşdan asılı olaraq əlilliyi olan şəxslər üç qrupa bölünür:

  1. Sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqlar;
  2. 18 yaşdan yuxarı, amma pensiya yaşına çatmayan və əməkqabiliyyətli yaşda olan şəxslər;
  3. Əlilliyə görə pensiya alan şəxslər.

Həmçinin xəstəlik, travma və ya anadangəlmə qüsurların həyat fəaliyyətinə (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) təsirinə əsasən üç əlillik dərəcəsi müəyyən olunur.

Əlilliyi olan şəxslərin müavinət və pensiyadan asılılığı çox yüksəkdir. Dövlət Statistika Komitəsi (DSK) tərəfindən 2021-ci ilin noyabr-dekabr aylarında Əlilliyi olan şəxslərin məşğulluğuna dair keçirtdiyi seçmə statistik müayinəyə görə, 20 894 nəfər əlilliyi olan şəxs arasında yalnız 7 015, yəni 33,5% məşğul idi. Onların 38%-i kənd təsərrüfatı sahəsində məşğul idi. Bu sahədə isə ölkə üzrə ən aşağı (bundan aşağı yalnız inzibati və yardımçı xidmətlər üzrə qeydə alınıb) ortaaylıq nominal əməkhaqqı – 460,4 manat qeydə alınıb.

Qeyd edildiyi kimi, əlilliyi olan şəxslər üç qrupa bölünür. Gəlin, ilk iki qrupa daxil olan şəxslərə baxaq. Onların sayına baxanda biz 2020 və 2021-ci illərdə ciddi azalmanı müşahidə edə bilərik. DSK-nın verdiyi məlumata görə, 2020-ci ilin yanvarın 1-nə 249 476 şəxs (onlardan 62 951-i 18 yaşından kiçik idi) əlilliyiyə görə müavinət alırdı. İki il sonra 2022-ci ilin eyni tarixinə artıq ölkə üzrə bu iki qrupa aid olan şəxslərin ümumi sayı 208 936 nəfərə (55 191-i 18 yaşdan kiçik) bərabər olub. Deməli, iki il ərzində müavinət alan əlillərin sayı 40 540 nəfər azalıb. Həmçinin hər il müxtəlif şəxslərin ilk dəfə əlillik statusu əldə etməsini də nəzərə almaq lazımdır. 2020-ci ildə 13 567 nəfər, 2021-ci ildə 18 452 nəfərə ilk dəfə əlillik statusu təyin edilib. Yəni təxmini 32 min yeni şəxsin əlil kimi qeydə alınmasına baxmayaraq, əlillik müavinəti alan şəxslərin sayında azalma qeydə alınıb. ƏƏSMN bu azalmanı 3 səbəblə izah edir:

  1. 7 mindən çox şəxsin saxta əlillik arayışı üzə çıxıb;
  2. Bir sıra hallarda əlilliyi olan şəxslər reabilitasiya olublar;
  3. Yenidən qiymətləndirmə vaxtı xəstəlik vəziyyətləri əlillik qrup təyinatı üçün əsas sayılmayıb.

Başqa sözlə, birdən-birə 2020-2021-ci illərdə məlum oldu ki, əlillik müavinəti alan 72,5 min nəfərin (yəni 2020-ci ilin əvvəlinə əlilliyi olan şəxslərin 29%-i) vəziyyəti nazirliyin meyarlarına uyğun deyil. Digər tərəfdən, nazirlik nümayəndələri daim bu azalmanın hesabına büdcə üçün əldə olunan qənaətə toxunurlar.

Bəs reallıq bizə nə deyir? DSK-nın ƏƏSMN-ə istinadən paylaşdığı məlumatlara görə, 2019-cu ilin 9 ayında əlillik ilə bağlı ödənişlərə 238,9 milyon manat xərclənmişdisə, 2020-ci ilin 9 ayı ərzində bu rəqəm 288,4 milyon manat idi (2019-cu ilə aid məbləğin daha az olması həmin ilin aprelin 1-dən etibarən əlillik müavinətləri artırılması ilə bağlı idi), 2021-ci ilin 9 ayı ərzində isə xərclər artıq 253,6 milyon manat idi. Başqa sözlə, 2020 və 2021-ci illərin 9 ayı üzrə qənaətin 34,8 milyon manat, illik olaraq isə 38,98 milyon manat təşkil etdiyini görə bilərik (Cədvəl 1). 

Cədvəl 1. 2020 və 2021-ci illərdə əlilliyə görə müavinətlərə dövlət büdcəsindən xərclənmiş vəsait (min manat)

Maliyyə Nazirliyi tərəfindən təqdim edilmiş proqnoza görə, 2021-ci ildə əlillik müavinətləri ilə bağlı ödənişlərə ən azı 367,2 milyon manat yönəldilməli idi. Amma ƏƏSMN-in fəaliyyəti nəticəsində bu istiqamət üzrə 336,9 milyon manat xərclənmişdi. Başqa sözlə, proqnoz və icra göstəriciləri arasında 30 milyon manat fərq var. Yəni büdcə planlaşdırılması vaxtı da əlilliyi olan şəxslərin sayının azalması təxmin edilirdi, amma göründüyü kimi ƏƏSMN hətta büdcə proqnozlarını da üstələdi.

ƏƏSMN tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramovun sözlərinə görə, əlillik müavinətlərin təyinatı sayəsində effektivliyin artırılması prosesi 2020-ci ildə başlayıb. Həmin il ərzində əlillik təyinatı ilə bağlı 78 min göndərişdən 25 mini (yəni 32%-i) əsaslı, qalanları isə əsassız olub. 2021-ci ildə göndərilən təyinatların sayı barədə heç bir məlumat verilməyib. Sadəcə, müsahibələrin birində Bayramovun sələfi Cavid Əbdül-Qədirov qeyd etmişdi ki, 2021-ci ildə əlillik müddəti bitən şəxslərin böyük hissəsi, əsasən, Nazirlər Kabinetinin 2015-ci ildə qəbul olunmuş qərarına görə avtomatik olaraq beş il müddətinə əlillik statusları uzadılmış şəxslərdir. Onun sözlərinə görə, bu qərar 190 min şəxsi əhatə edib. Nazirliyin məlumatına görə isə 2021-ci ildə 62 min şəxsə əlillik ilə bağlı sosial ödənişlər təyin edilib. Müraciət edən və qəbul edilənlərin bir-birinə nisbəti barədə dəqiq nəsə demək çətindir, amma burada da nisbət 32% təşkil edib. Nəzərə almaq lazımdır ki, bir çox hallarda nazirlik dərhal imtina vermir və təkcə əlillik statusu dayandırılır. Misal üçün, 2021-ci ilin aprelinə 23 min şəxsdə müvafiq status dayandırılmışdı. Qeyd edilənlər bölmənin əvvəlində qeyd etdiyimiz ilk iki qrupa aiddir.

Üçüncü əlillik qrupuna əlilliyə görə pensiya alanlar daxildir. Əmək pensiyaları haqqında qanuna görə 3 növ əmək pensiyası mövcuddur:

  1. Yaşa görə əmək pensiyası;
  2. Əlilliyə görə əmək pensiyası;
  3. Ailə başçısının itirməyə görə əmək pensiyası.

Ümumi pensiya alanlar arasında əlilliyə görə əmək pensiyası alanların nisbəti təxmini 30%-dir. Rəsmi statistikaya görə (Cədvəl 2), 2022-ci ilin yanvarın 1-nə ölkə üzrə 1196,9 min pensiya alan var idisə, onun 345,6 mini əlilliyə görə pensiya alırdı. 

Cədvəl 2. Azərbaycan üzrə pensiyaçıların sayı

* DSMF tərəfindən Hesablama Palatasına təqdim olunmuş proqnoz.

Dövlət rəsmilərinin fikrincə, əlilliyə görə pensiya alanların və ümumiyyətlə əlilliyi olan şəxslərin sayı çox yüksəkdir. Azərbaycan əhalisinin sayı 2022-ci ilin yanvarın 1-nə 10 156,4 min olduğu halda, əlillik üzrə pensiya və müavinət alan şəxslərin payı müvafiq olaraq 3,4 və 2,05%,  təşkil edir. Əlillər sayının yüksək olması ilə bağlı fikirləri hələ millət vəkili S. Novruzov 2018-ci ilin mayında səsləndirmişdi. 2021-ci ildə ƏƏSMN sözçüsü Fazil Talıbov əlillik məsələsindən sui-istifadəyə yol verilməsini də qeyd edib. Onun sözlərinə görə, “Azərbaycanda əlilliyin ümumi göstəricisi əhalinin 6%-ni təşkil etsə də, pensiya sistemində əlilliyi olan şəxslərin payı 30%-dir.” Bu fikrə əsaslanaraq, əlilliyi olan insanların sosial müdafiəsi sahəsində yuxarıda təsvir etdiyimiz tədbirlər həyata keçirilməyə başlandı. Nəticədə , 2021-ci ilin əvvəlinə əhalinin 6%-ni təşkil edən sosial qrup, eyni ilin oktyabrın 1-nə 5,5%-ə bərabər idi. Bəs əlilliyi olan insanların əhali arasında payına dair səsləndirilən fikirlər hansı dərəcədə reallığı əks etdirir?

Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya üzrə 1 milyarda yaxın insan bu və ya digər formada əlilliyə sahibdir. Bu isə dünya əhalisinin 15%-i deməkdir. Ümumən isə əlillik statusu olan şəxslərin sayı 650 milyon olaraq qiymətləndirilir. Bu da dünya əhalisinin 10%-dir. Azərbaycanda isə 6%-lik göstəricini dövlət rəsmiləri yüksək olaraq qiymətləndirirlər. Məhz pensiya yaşında olan insanlar arasında əlilliyin 30% olmasını isə onlar süi-istifadə kimi görürlər. Lakin məsələn, BMT-nin məlumatına görə, 70 yaşdan çox yaşayan insanlar ömürlərinin 8 ilini (və ya 11,5%-ni) əlillik ilə yaşayırlar.  Böyük Britaniyada pensiya yaşında olan şəxslərin 46%-i əlil hesab olunur. Yəni nə pensiya yaşında olan şəxslər arasında 30%, nə də ümumi əhali arasında 6% heç də yüksək göstərici deyil.

Cədvəl 3. Yaşa görə və əlilliyə görə pensiya alanların sayının dinamikası və pensiyaya çıxma yaşının nisbəti

Əgər biz pensiya yaşı dəyişikliklərini müşahidə etsək, görə bilərik ki, pensiya yaşında dəyişiklik baş verən illərdə əlilliyə görə pensiyaya çıxanların payı artmağa başlayır və eyni zamanda yaşa görə pensiya alanların sayı isə azalır. Nəticədə , 2006-ci ildə əlilliyə görə pensiyaya çıxanların payı 19% olduğu halda (məhz pensiya islahatların başlanğıc ili), 2020-ci ilin sonuna artıq 30,42% idi. Cədvəl 3-dən göründüyü kimi, əlilliyə görə pensiya alanların sayında ciddi artım 2010-2012-ci illərdə müşahidə olunurdu. Belə ki, əlilliyə görə pensiya alanların sayında 4% artım qeydə olunduğu halda, yaşa görə pensiya alanların sayında əksinə, azalma müşahidə edilirdi. Yəni insanlar daha çox pensiya qanunvericiliyində baş vermiş dəyişikliklərə (yaş artımına və s.) reaksiya verib, əlilliyə görə pensiyanı seçirdilər.

Digər tərəfdən, 2018-ci ildən bəri əlilliyə görə pensiya alanların da sayında azalma var. Hesablama Palatasının məlumatına görə, əgər 2018-ci ildə 9288 nəfərə bu növ pensiya təyin edilmişdirsə, 2019-cu ildə müvafiq göstərici 3618, 2020-ci ildə isə 1900 nəfər, 2021-ci ildə 1200 olub. Ona görə müvafiq rəy tərtibatçıları da qeyd edir ki, “2017-ci ildə qanunvericiliyə edilmiş dəyişiklik eyni zamanda əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş şəxsləri də əhatə etmişdir. Əlilliyə görə təyin edilmiş pensiya sayının azalma dinamikasının həmin dəyişikliklərin tətbiq edilməsi ilə üst-üstə düşməsi sayın azalmasında hüquqi aktlarda aparılan dəyişikliyin əsas təsiredici amil olduğunu qeyd etmək imkanı verir.”

Göründüyü kimi, yeni qanunvericilik əlilliyi olan şəxslərin azalmasına gətirib çıxardır. Bəs bu nə üçün lazımdır? Nazirlik qeyd edir ki, onlar bunun hesabına həm dövlət büdcəsinə qənaət əldə edirlər, həm də DSMF büdcəsinin dayanıqlığını təmin edirlər (bu barədə bir qədər sonra). Dayanıqlıq deyiləndə isə eyni qənaət prinsipi nəzərdə tutulur. Yəni qeyd olunan addımlar hesabına sabit gəlirlər şəraitində xərclər azaldılır. Pensiya ödənişlərini isə DSMF edir. Bəs bunun hesabına onun büdcəsi nə qədər qənaət əldə etdi? Qeyd etmək lazımdır ki, DSMF-nin Hesablama Palatasına təqdim etdiyi proqnoza görə, 2021-ci il ərzində müvafiq qrupa aid olan şəxslərin sayı 19,6 min nəfər azalmalı idi, amma reallıqda 28,3 min nəfər azaldı.

Qənaəti hesablamaq üçün biz 2021-ci ilə təyin olunmuş pensiyaların orta məbləğini nəzərə almalıyıq. DSK-nın məlumatına görə, pensiyanın orta məbləği 260,9 manat, əlilliyə görə pensiya alanların sayı isə 345,5 min nəfər təşkil edib. O zaman, bizim hesablamalarımıza görə, təkcə bir istiqamət üzrə birbaşa qənaət 92,36 milyon manat təşkil edəcək. Başqa sözlə, dövlət büdcəsi və DSMF insanları əlillik müavinətindən məhrum edərək 131,3 milyon manat qənaət əldə edib.

Yaşa görə pensiya

Nazir Sahil Babayevin sözlərinə görə, 2021-ci ilin 10 ayı ərzində əsassız və saxta pensiya işlərinin ləğvi hesabına 500 milyon manat vəsaitə qənaət edilib. O qeyd edib ki, 2018-2020-ci illərdə də əsassız və saxta pensiya işlərinin ləğvi nəticəsində 500 milyon manat vəsaitə qənaət edilmişdi. Yəni 2018-2021-ci illərdə pensiya hesabına 1 milyard manata qənaət edilib. Bizim fikrimizcə, məsələ ondadır ki, qənaət saxta və əsassız pensiya təyinatı ilə yox, daha çox pensiya sistemində baş vermiş dəyişikliklərlə bağlı idi.

Cədvəl 4-də göründüyü kimi, bu illərdə baş vermiş əsas dəyişiklik pensiya təyinatı həyata keçirilən şəxslərin sayının azalmasıdır. Həmçinin qeyd olunmalıdır ki, 2018-2021-ci illərdə pensiya təyinatı dayandırılmış şəxslərin böyük hissəsində bunun səbəbi heç də saxta və əsassız olması deyildi. Bundan əvvəlki dövrdə də ortalama olaraq ölkə üzrə illik təxmini 40-47 min insanda pensiya təyinatı dayandırılırdı. Hesablama Palatası da öz rəyində qeyd edir ki, bu həmin şəxslərin vəfatı ilə bağlı idi.

Cədvəl 4-də biz 2014-2021-ci illəri əhatə edən bir sıra göstəriciləri təsvir etməyə çalışdıq. Burada illər üzrə pensiya təyinatı, pensiya təyinatının dayandırılması, ümumi pensiya alanların sayı və dinamikası, həmçinin ƏƏSMN tərəfindən bəyan edilən qənaəti də göstərdik. İlk əvvəl qeyd etmək lazımdır ki, yeganə istisna 2017-ci ilə aiddir (yəni əvvəlki il ilə müqayisədə pensiya təyinatı dayandırılmış şəxslərin sayında 14 min azalma qeydə alınıb). DSK-nın məlumatına görə, müvafiq ildə ölüm statistikasında hər hansı dəyişiklik baş verməyib. Təxmin etmək olar ki, sadəcə bu ildə vəfat edənlərin böyük hissəsi pensiya təminatından məhrum idi. Hər bir halda, 2020-ci ili istisna etsək, ortalama olaraq hər il 46 655 nəfərin pensiya təminatı vəfatı səbəbi ilə dayandırıldı.

Yuxarıda hesabladığımız göstəricini nəzərə alsaq, deyə bilərik ki, əvvəlki illərlə müqayisədə 2018 və 2019-cu illərdə pensiya təyinatının dayandırılması üzrə artım 6 364 və 8 326 nəfər təşkil edirdi.

2020-ci il üçün vəziyyəti dəqiq hesablamaq çətindir. Rəsmi statistikaya görə, 2020-ci ildə 60 yaşdan yuxarı vəfat edən şəxslərin sayı 53 019 nəfər təşkil edib. Onların arasında pensiya təminatı əldə edən şəxslərin sayını təxmin etmək çətindir. Bundan başqa, nəzərə almaq lazımdır ki, pensiya alan şəxslərin yaşı məhz 60 yaşdan yuxarı olması da fakt deyil. Bir sıra qurum və sahələrdə çalışan şəxslər daha tez (50-60 yaş arasında) pensiyaya çıxmaq imkanına malikdirlər. Ona görə 60 yaşdan tez vəfat edənlər sırasında da təqaüdçülərin olması mümkündür. Belə ki, 2014-2016-ci illərdə 60 yaşdan yuxarı olan insanlar arasında ölüm göstəricisi ortalama 38 352 nəfər təşkil etdiyi halda, vəfat etmə səbəbi ilə dayandırılmış pensiya işlərinin sayı isə 46 655 nəfər təşkil edib. 

Cədvəl 4. Təyin edilən və dayandırılan pensiya təyinatları.

Cədvəl Hesablama Palatasının müxtəlif illərə aid olan DSMF büdcəsinin layihəsinə və ya icrasına dair rəylərinə əsasən tərtib olunub.

* Nazirin sözlərinə görə, bu qənaət 10 ay ərzində əldə olunub

Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə rəyində qeyd olunur ki, 2021-ci ildə pensiya təyinatı dayandırılan 77 566 nəfərin 52 724 nəfəri vəfat edib. 2020-ci ilə dair dəqiq göstərici yoxdur. Maraqlıdır ki, Hesablama Palatasının 2022-ci və 2023-cü il DSMF büdcəsinə dair rəylərində iki müxtəlif rəqəm qeyd olunub: birində 62 369 (cədvəldə qeyd olunan), ikincisində isə 60 356. Hesablamalarımızda biz birinci göstəricidən istifadə etmişik. Bunun əsas səbəbi ikinci göstəricinin daha gec dərc edilməsidir (2022-ci ilin noyabr ayında). Təxmin edirik ki, ƏƏSMN öz əvvəlki çıxışlarında daha əvvəlki rəqəmə istinad edib. Bu rəqəmləri nəzərə alaraq təxmin edə bilərik ki, vəfat edən təqaüdçülərin sayı ölkə üzrə eyni templərə uyğun artır, o zaman, məntiqli olaraq 2020-ci ildə vəfatı ilə əlaqədar pensiya işi dayandırılmış şəxslərin sayı 60 185 nəfər təşkil edib. Başqa sözlə, bu 2020-ci ildə 2184, 2021-ci ildə isə 24 842 pensiya işinin saxta və ya əsassız olduğu üçün dayandırılması deməkdir. Yəni 4 il ərzində ən azı 41 min pensiya işi saxta və əsassız adı altında dayandırılmışdır.

Bəs biz bunu niyə hesabladıq? Məsələ ondan ibarətdir ki, nazir öz çıxışlarının birində qeyd etmişdi ki, “araşdırmalar aparılan dövrdə, il ərzində 17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib.” Amma rəsmi statistika deyir ki, 2020-ci ildə dayandırılmış pensiya işlərinin ümumi sayı 62 369 idi. Hətta 2020 və 2021-ci illəri cəmləsək bu rəqəm 137 922 təşkil edəcək. Yəni bu ümumi saydır. Qeyd etdiyimiz kimi, pensiyanın dayandırılmasının əsas səbəblərindən biri pensiyaçıların vəfat etməsidir. Xüsusilə 2020-2021-ci illərdə bu yaşa aid olan insanlar arasında ölüm göstəricisi yüksəkdir. 2020-ci ildə 65 və daha yuxarı yaşda olan insanlar arasında vəfat edən insanların sayı 43 478 nəfər təşkil etdiyi halda, 2021-ci ildə bu göstərici 46 334 nəfər idi. Müqayisə üçün 2019-cu ildə bu, 33 005 nəfərə bərabər idi. Yəni burada əsas səbəb qismində COVİD-19 xəstəliyi çıxış edə bilər. Ona görə bizim fikrimizcə, 2018-2021-ci illərdə saxta və əsassız adı ilə yalnız 41 min pensiya işi ləğv olunub. Başqa sözlə, 90 min rəqəmi sadəcə pensiya işlərinin ümumi sayının azalması deməkdir. Bu azalmada nazirlik araşdırmalarının payı ən yaxşı halda 1/3-nə bərabərdir.

Cədvəl 5. Azərbaycan Respublikası əhalisinin bəzi yaş qrupları üzrə bölgüsü

Büdcəyə əsas qənaət bir qədər başqa müstəvidədir. Cədvəl 5-dən göründüyü kimi, Azərbaycanda 60 yaş və daha yuxarı olan insanların sayı və əhalidə olan payı ildən-ilə artır. Əgər 2013-cü ildə ölkə üzrə 857,7 min nəfərin yaşı 60-dan yuxarı idisə, 2020-ci ildə bu rəqəm 1305,7 minə çatdı. Yəni 7 ilə 60 yaşdan yuxarı olan insanların sayı 52% artdı. Azərbaycanın demoqrafik tarixini nəzərə alsaq, təxmin etmək olar ki, gələcək illərdə bu yaşa qrupuna  insanların sayı daha da sürətlə artacaq. Digər tərəfdən, əgər 2013-cü ildə müvafiq yaş qruplarına aid olan insanların sayı pensiya alanların sayından az idisə, 2020-ci ildə bu vəziyyət tamamilə dəyişdi. Artıq bu qrupa aid olanların sayı 1,3 milyon, təqaüdçülərin sayı isə 1,23 milyon təşkil edirdi. Hələ yuxarıda qeyd etdiyimiz kimi, kifayət qədər əhali qrupu var ki, onlar 60 yaşdan daha tez pensiyaya çıxmaq hüququna malikdilər. Bəs qalan əhalinin sosial təminatı necədir? Onlar necə dolanırlar? Bu istiqamətdə hansı addımlar atılıb? Praktikadan göründüyü kimi, hökumət maksimal olaraq pensiya alan şəxslərin azaldılmasına çalışıb. Bunu da bir neçə addıma həyata keçirib.

Birinci addım təqaüdçü qrupunu müəyyən qədər azaltmaq idi. Bu məqsədlə pensiya yaşı həm kişilər, həm qadınlar üçün mərhələli şəkildə 65 yaşa kimi qaldırılmışdı. Kişilər artıq 2021-ci ildən bəri, qadınlar isə 2027-ci ildən etibarən bu yaşda pensiyaya çıxacaqlar. Bu yaşı azaltmaq məsələsi ƏƏSMN tərəfindən “populizm xatirinə pensiya yaşının azaldılması tələbi ilə çıxış edənlər sığorta-pensiya sahəsindən anlayışları olmamaqla yanaşı ölkədə pensiya sisteminin dayanıqlılığına təhlükə yaratmaq istəyirlər” kimi qiymətləndirilir. Nazirlik birbaşa olaraq hökumətin siyasətini qənaət məsələsi ilə bağlayır.

Pensiya yaşı məsələsini müzakirə edərkən, qeyd etmək lazımdır ki, 2020-ci il üçün gözlənilən ömür uzunluğu 73,2 yaş təşkil edir. Kişilər üçün bu göstərici 70,1 yaş, qadınlar üçün isə 76,5 yaşa bərabərdir. Pensiya hesablanarkən, əldə olunan pensiya kapitalı 12 ilə və ya 144 aya bölünür. Başqa sözlə, təxmin edilir ki, təqaüdçü öz pensiya kapitalını 12 il ərzində əldə edəcək. 65 yaşında pensiyaya çıxdığı halda bu 77 yaş deməkdir. Azərbaycanda isə nə kişilər, nə də qadınlar arasında gözlənilən ömür uzunluğu 77-ə bərabər deyil. Əgər 2020-ci ildə qeydə alınan gözlənilən ömür uzunluğunu nəzərə alsaq, ortalama pensiyada yaşama müddəti 8,2 yaş təşkil etməlidir. Amma bu 2020-ci ildə doğulanlara aiddir. 2020-ci ildə 65 yaşı olan şəxslər isə 1955-ci ildə doğulublar. Rəsmi məlumata görə, 1955-1959-cu illərdə doğulanlar üçün gözlənilən orta ömür uzunluğu 70,9 yaş təşkil edir. Başqa sözlə, indi pensiyaya çıxanların böyük hissəsi pensiyada 5 il yaşamaq imkanına malikdirlər (yeri gəlmişkən, 1970-1980-ci illərdə doğulanların böyük hissəsində gözlənilən ömür uzunluğu 68-69 yaş təşkil edir).

Eyni zamanda, 2020-ci ilin nəticələrinə görə ölkədə 60-64 yaş qrupuna aid olan 549,3 min insan yaşayırdı. Bu yaş qrupuna aid olan insanlar 1956-1960-ci illərdə doğulublar. Həmin illərdə 743,4 min insan doğulub və pensiya yaşına çatmamış onların artıq 26%-i vəfat edib. Pensiya yaşına çatdıqda isə bu göstərici daha da aşağı düşür. Belə ki, 2020-ci ildə 65-69 yaş qrupuna aid olan insanların (yəni 1951-1955-ci illərdə doğulanların) sayı 318,7 min nəfər idi. DSK-nın məlumatına görə, isə bu illərdə 552,1 min nəfər doğulub və onların 42,3%-i pensiyanın ilk illərində vəfat edib (ya da çatmayıb). Yəni Azərbaycanda pensiya yaşına çatmaq məsələsi də müşkül məsələyə çevrilir.

İkinci addım növbəti pensiya islahatı çərçivəsində həyata keçirildi. 2017-ci ildə Əmək pensiyaları haqqında qanunvericiliyə dəyişiklik edildi. Pensiyaya çıxmaq üçün əvvəllər azı 12 il sığorta stajı tələb edilirdisə, indi artıq 25 il sığorta stajı tələb edilir. Düzdür, bundan sonra pensiya amnistiyası elan edilmişdi. Buna baxmayaraq, müvafiq yaşa çatmış insanların kifayət qədər hissəsi artıq amnistiya və ya pensiya qanununun tələblərinə uyğun gəlmirdi. Nəticə etibarilə bu insanlar pensiyadan məhrum olurdular. Müvafiq şəxslər bunun müqabilində yaşa görə müavinət əldə etmək imkanına malik idilər.

 Cədvəl 6. Yaşa görə müavinət və minimal pensiya arasında münasibətlər.

Rəsmi statistikadan da qeyd etdiyimiz münasibəti görə bilərik. 2017-ci ildən sonra qanunvericilikdəki dəyişikliklərin qəbulu nəticəsində pensiya alanların sayı azalmağa, yaşa görə müavinət alanların sayı isə artmağa başladı. 2020-ci ilin nəticələrinə görə, yaşa görə müavinət alanların sayı 100 mini keçdi, 2021-ci ilin nəticələrinə görə isə 114 minə yaxınlaşdı. Maraqlıdır ki, eyni dövrdə pensiyaçıların ölkə üzrə sayı 118 min azaldı.

Fikrimizcə məhz bu azalma hökumətin qənaət siyasətilə sıx bağlıdır. İlk əvvəl qeyd etmək lazımdır ki, yaşa görə və digər növ pensiyaların ödənişi DSMF hesabına həyata keçirilir. Amma müavinətlər dövlət büdcəsi hesabına ödənilir. Digər tərəfdən, yaşa görə müavinətin həcmi pensiya ilə müqayisədə aşağıdır. Misal üçün, 2021-ci ildə minimal pensiya 200 manat olduğu halda, yaşa görə müavinət 130 manat idi. 2022-ci ildə artıma baxmayaraq, fərq yalnız 10 manat azaldı – minimal pensiya 240 manat olduğu halda, yaşa görə müavinət 180 manatdır. Nəticə etibarilə ən azı DSMF vəsaitləri üçün qənaət əldə olundu. Belə ki, əgər müvafiq qanunvericilik dəyişilmədən qalsa idi, o zaman 12-25 il sığorta stajı olan şəxslər də pensiyaya çıxmaq imkanına malik olacaq idilər. Müvafiq şəxslər hətta minimal pensiya alsa idilər, o zaman DSMF onlara bu 4 il ərzində 432 milyon manat ödəməli idi. Amma reallıqda yaşa görə müavinət ödənildiyi üçün bu şəxslər dövlət büdcəsindən 272,9 milyon manat alıblar. Bu da 159,1 milyon manat faktiki qənaət deməkdir.

Sosial xərclərin maliyyəşməsi

Hökumət nümayəndələrin və millət vəkillərin çıxışlarında tez-tez deyilir ki, sosialyönümlü xərclər dövlət büdcəsinin əsas hissəsini təşkil edir. Misal üçün, 2019-cu ildə qeyd edilirdi ki, növbəti il üçün dövlət büdcəsinin sosialyönümlü xərcləri 33,5% artırılaraq 10 milyard 374 milyon manat proqnozlaşdırılıb. Bu da sosialyönümlü xərclərin ümumi büdcə xərclərinin 38,5%-ini təşkil etməsi deməkdir. Bəs bu göstəricilər hansı dərəcədə  realdır?

Nəzərə alın ki, bunlar sosial yox, sosialyönlü xərclərdir. Belə ki, 2022-ci ilin büdcə layihəsində sosialyönlü xərclərin ümumi həcmi 13 850,7 milyon manat olaraq göstərilib. Bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1649,3 milyon manat və ya 13,5 % çoxdur. Amma müvafiq xərclərin tərkibinə diqqət yetirdikdə (Cədvəl 7) görə bilərik ki, bu xərclərin yalnız bir hissəsini birbaşa sosial müdafiə və ya sosial təminat ilə bağlı xərc adlandırmaq olar. Belə ki, Maliyyə Nazirliyi məlumat verir ki, 2022-ci ilin dövlət büdcəsində sosialyönlü xərclərin büdcədəki payı 46,4%-ə kimi artacaq. Eyni göstərici 2018-ci ildə 31,7% olduğu halda, 2021-ci ildə 42,7%-i keçib.

Cədvəl 7-dən göründüyü kimi, 2019-2022-ci illərdə müvafiq xərclərin 58-64%-ni əmək? əməyin ödənişi fondu təşkil edir. Əmək ödənişi fondu isə birbaşa dövlət büdcəsindən maliyyəşən dövlət qurumlarında çalışan şəxslərin əməkhaqqı fondudur (misal üçün, bu fondun 123 milyonluq hissəsi “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların və icra səlahiyyətlərini həyata keçirən orqanın” əməkdaşlarının maaşlarına gedəcək, 34,6 milyon manat Milli Məclis əməkhaqqı fonduna aiddir.). Yəni bu xərci yalnız şərti olaraq sosial adlandırmaq olar. Onlar birbaşa olaraq sosial xərclərə aid deyil.

Cədvəl 7. (2019, 2020, 2021, 2022-ci illərdə Dövlət büdcəsinin sosialyönümlü xərcləri (milyon manatla)

Eyni zamanda, digər maddələrin də sosial xərclərə aid edilməsi məsələsi müəyyən qədər şərtidir. Maliyyə Nazirliyi qeyd edir ki, bu aid olunma iqtisadi təsnifata uyğun olaraq həyata keçirilir. Amma məsələ ondadır ki, Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə ilə bağlı xərclər həm 2020, həm də 2021-ci illərdə həyata keçirilmişdi. 2020-ci ildə bu istiqamət üzrə 1985,9 milyon manat xərclənmişdi. Bu xərclər çərçivəsində həm tibbi işçilərin əməkhaqqına əlavələr, həm tibbi infrastrukturun yenilənməsi, həm sahibkarlıq subyektlərinə karantin dövründə dəstək, həm də əhaliyə 190 manatlıq ödəniş və s. aiddir. 2021-ci ildə artıq bu xərclərin həcmi 600 milyon manat olaraq proqnozlaşdırılmışdı. Burada daha çox artıq səhiyyə infrastrukturu və tibbi işçilərin sosial rifahı nəzərdə tutulurdu. Həmçinin iki il dalbadal Maliyyə Nazirliyi müvafiq xərcləri sosial yönümlü xərclərə aid etmirdi, amma 2022-ci ildə aid etdi. Eyni zamanda, funksional olaraq səhiyyə xərclərinə aid edilən tibbi sığorta ilə bağlı xərclər, 2022-ci ildə sosialyönümlü xərclərə aid edilib. Göründüyü kimi, Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən kateqoriyalar üzrə bölgü problemlidir. Faktiki olaraq hər il yanaşma dəyişir və nəticədə rəqəmlər şişirdilir.

Yəni dövlət büdcəsinin sosial yönümlülüyü daha çox dövlət büdcəsində birbaşa olaraq əməkhaqqı fondunun payının göstəricisidir. Reallıqda isə sosial xərclər sadəcə bunun bir hissəsidir. Yuxarıdakı cədvəldən göründüyü kimi, büdcədən təqaüdlər və sosial müavinətlara ayrılan vəsaitin ümumi həcmi 2022-ci ildə 3,67 milyard manat təşkil etməlidir. Həmçinin fikrimizcə, sosial xərclər məhz bizim materiallarımızda əks olunan və digər sosial həssas qrupların dəstəklənməsinə, sosial müavinətlara və pensiyaya ayrılan xərclərdir. Bu xərclər isə icmal büdcənin müxtəlif bölmələrində əks olunub. Bunu nəzərə alaraq biz real olaraq sosial xərclər adlandıra biləcəyimiz xərcləri hesablamağa çalışacağıq.

Cədvəl 8. Sosial xərclərin həcmi

Cədvəl 8-də biz yalnız sosial dəstək tədbirlərinə yönəlmiş xərcləri hesablamışıq. Burada  işsizlik ilə bağlı müxtəlif tədbirlər, təqaüd və müavinətlər, habelə digər belə tipli xərclər nəzərə alınıb. Misal üçün, DSMF eyni zamanda DOST Agentliyinin, İSF isə Milli Observatoriyanın fəaliyyətini maliyyəşdirir. Bu xərcləri biz nəzərə almadıq. Cədvəl 8-dən göründüyü kimi, sosial xərclərin ümumi həcmi 2021-ci ilin nəticələrinə görə, ÜDM-in 7,4%-i civarında olmalı idi (cədvəldə həyata keçirilən hesablama vaxtı dövlət büdcəsindən DSMF-ə edilən transfer dövlət büdcəsinin sosial xərcləri çərçivəsində hesablanıb). Bu çoxdur, ya yox?

Avropada bəzi ölkələr xaric, sosial xərclər adətən büdcənin 9%-dən az olmur. Qonşu ölkələr arasında bu rəqəm Ermənistanda 6,8%, Gürcüstanda 7,1%, İranda 10,1%, Rusiyada 13,4% və Türkiyədə 9,9%-dir. 2019-cu ildə inkişaf etmiş ölkələr arasında sosial xərclərin ortalama göstəricisi 20% təşkil edib. 2020-ci ildə pandemiyanı nəzərə almaqla, bu xərclər bir çox ölkələrdə ciddi sürətdə artıb. Cədvəldən göründüyü kimi, Azərbaycanda da ciddi artım müşahidə olunub. Amma bunun əsas səbəbi sosial siyasətin daha da genişlənməsi yox, daha çox ÜDM-in nominal olaraq azalmasıdır (DSK-ya görə 2019-cu ildə ÜDM 82 milyard manat olduğu halda, 2020-ci ildə 72,6 milyard idi). Başqa sözlə, Azərbaycan üzrə qeydə alınan göstərici inkişaf etmiş ölkələr ilə müqayisədə 2 dəfədən də çox aşağıdır. Region ölkələrin nümunəsində isə Azərbaycan ciddi olaraq fərqlənmir və hətta Türkiyə, İran və Rusiyadan geridə qalır.

Cədvəl 9. Sosial siyasətin qənaəti.

Bunun əsas səbəbi də qənaətdir. Sosial müavinətlərə xərclər 2021-ci ildə 5% təşkil edib. Dövlət büdcəsi işsizliyə görə müavinət kimi öhdəlikdən 2018-ci ildə azad oldu. Yəni müvafiq öhdəlik işçilər və işəgötürənlərin çiyninə atıldı, çünki onlar DSMF-ə əməkhaqqının 1%-i həcmində (0,5% işçidən və 0,5% işəgötürəndən) ödəniş etməli idilər. Belə ki, 2018-2021-ci illərdə dövlət büdcəsi və DSMF faktiki olaraq 862 milyon manata qənaət edib (Cədvəl 9). Bundan başqa, müxtəlif addımlar hesabına dövlət büdcəsindən dövlət öhdəliklərinin ödənilməsi üçün DSMF-yə transfer məbləği azalıb (misal üçün, 2018-2020-ci illərdə 10%, hətta 2021-ci ildə bu məqsədlə ayrılan vəsaitin bir hissəsi- 268,3 milyon manat, xərclənməmiş qaldı). Dövlət tədricən digər öhdəliklərdən də azad olmağa çalışır. DSMF büdcəsinin dövlət büdcəsindən asılılığını azaltmaq adı ilə pensiya ödənişləri məhdudlaşdırılır və faktiki olaraq tam siğorta sisteminə, yəni bütün öhdəliklərin birbaşa olaraq insanların üzərinə keçidi həyata keçirilir (ölkə üzrə əməkhaqqı səviyyəsinin aşağı olmasına baxmayaraq).

Nəticə

Beləliklə, hazırda dövlətin sosial siyasətində əsas məqsədi büdcə və DSMF-ə qənaət etməkdir. Belə ki, əlilliyi olan şəxslərin sayı 2020-ci ilin əvvəlinə 633,4 min nəfər olduğu halda, 2022-ci ilin yanvarın 1-nə isə artıq əlillik ilə bağlı ödənişləri alan şəxslərin sayı 554,5 min nəfərə kimi azaldı. Bu isə artıq ölkə əhalisinin 5,5%-dir. 2017-2021-ci illər ərzində isə yaşlı əhali sayının artmasına baxmayaraq, pensiya alan şəxslərin sayı 118 min azalıb. Bu üç məqalədə təsvir olunan tədbirlər hesabına dövlət icmal büdcəsi 862 milyon manata (cədvəl 9) qənaət edib.

Sosial siyasətdə birbaşa olaraq görmək olar ki, vəzifədəki şəxsin kimliyindən asılı olmayaraq, siyasətin məqsədi eynidir. Belə ki, 2017-ci ildə qeyd etdiyimiz dəyişikliklər ediləndə (bunun da müvafiq ildə olması təsadüfi deyildi, 2015-ci ildə devalvasiya baş vermişdi, 2016-ci ildə hər hansısa radikal addımların atılması düzgün olmazdı və məhz 2017-ci ildən islahatlara start verildi) ƏƏSM naziri Səlim Müslümov idi. Məhz onun zamanında ilk addımlar atılmışdı, amma 2018-ci ilin aprelin 21-də o vəzifədən azad edildi (2021-ci ilin fevral ayında da həbs edilmişdi) və onun yerinə Sahil Babayev gətirildi.

Hər iki nazir fərqli hesab olunmasına baxmayaraq, eyni istiqamətdə addımlar atır. Hər iki nazirin də dövründə dövlətin əsas məqsədi sosial siyasəti həyata keçirərkən, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq yox, məhz qənaət əldə etməkdir. Bu siyasət bir tərəfdən DSMF-nin dövlət büdcəsindən asılılığının azaldılmasına gətirir (DSMF büdcəsinin dayanıqlığını təmin edir), digər tərəfdən isə dövlət büdcəsinin vəsaitlərini başqa istiqamətlərə yönləndirməyə imkan verir. Bizim müşahidələrimizə görə, 2018-2021-ci illərdə dövlət icmal büdcəsi bu islahatlar nəticəsində ən azı 862 milyon manat qənaət edib. Eyni zamanda, gələcək illər ərzində daha da böyük həcmdə qənaətlər üçün əsas yaradılıb.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.