fbpx

Cəmiyyət

Cəmiyyət

Azərbaycanın Beynəlxalq Şagird Qiymətləndirmə Proqramındakı (PISA) nəticələri

Read this article on other language
Download article
image_pdf
image_pdf

PISA, yəni Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı təhsil sahəsində dünyanın ən mötəbər tədqiqatlarından biridir və ölkələrin təhsil səviyyəsini təhlil və müqayisə etmək üçün bu tədqiqatın nəticələrindən geniş istifadə olunur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən 3 ildən bir təşkil olunan və 80-dən çox ölkəni əhatə edən bu tədqiqat 15 yaşlı şagirdlərin (əsasən 9 və 10-cu sinif) oxu, riyaziyyat və təbiət elmləri üzrə məktəbdə qazandıqları bilik və bacarıqlarını real həyatlarında istifadə etmək qabiliyyətini qiymətləndirir. 

Bu tip beynəlxalq tədqiqatlar keçirilərkən, nəticələrin reprezentativ və etibarlı olması, yəni ölkənin vəziyyətini mümkün qədər düzgün əks etdirməsi üçün həmin tədqiqatda iştirak edəcək şagirdlər bir qayda olaraq ölkənin bütün məktəbləri arasından seçilməlidir. Yəni seçiləcək şagird qrupunda həm şəhər, həm rayon, həm aran, həm də ucqar kənd məktəbləri bərabər təmsil olunmalıdır. Bununla yanaşı, seçiləcək şagirdlər təsadüfi üsulla seçilməlidir ki, tədqiqatın nəticələri statistik nöqteyi-nəzərdən etibarlı olsun. Məhz bu tələblərə uyğun keçirildiyi halda deyə bilərik ki, bu tədqiqatın nəticələri müəyyən statistik yanılma olması şərtiylə bütövlükdə ölkənin təhsil sistemindəki vəziyyəti əks etdirir.

Azərbaycan 2006 və 2009-cu illərdə də PISA tədqiqatlarında iştirak edib. Lakin 2009-cu ildəki tədqiqatda şagirdlərin orta göstəriciləri 65 iştirakçı ölkə arasında sondan ikinci yerdə olub. Nəticədə, hökumət PISA-nı qeyri-obyektivlik və ikili standartların tətbiqində ittiham edərək proqramdan çıxdı. Buna baxmayaraq, 2018-ci ildə Azərbaycan yenidən PISA proqramına qayıtdı. Dekabrın 5-də PISA-nın 2022-ci il üzrə nəticələri açıqlanıb. Azərbaycanın bundan əvvəlki (2018) göstəriciləri ilə müqayisədə bu dəfə xeyli geriləmə müşahidə olunub – şagirdlərin Azərbaycan dilində oxuyub anlamaq üzrə orta göstəricisi əvvəlki 389 baldan 365 bala (-24), Riyaziyyat üzrə 420 baldan 397 bala (-23), təbiət elmləri sahəsində isə 398 baldan 380 bala (-18) enib.

PISA proqramının məqsədi şəhərlər və ya əyalətlər üzrə yox, məhz ölkələrarası tədqiqat və müqayisə aparmaqdır. Əslində, iştirakçı ölkələr özü də bu bahalı proqrama ona görə xeyli pul ödəyir və tədqiqatın çox böyük təşkilati əziyyətlərinə qatlaşır ki, bütövlükdə ölkənin təhsil sistemi ölçülsün. 2018-ci ilə kimi PISA tədqiqatlarında bu ənənəni pozmuş yeganə dövlət Çin olub. Bir qayda olaraq, Çini bu tədqiqatda ən zəngin və yaxşı məktəblərin yerləşdiyi 3 və ya 4 əyalət təmsil edir. Lakin Çinin bu yolu seçməsi müəyyən qədər anlaşılandır, çünki 1,4 milyard əhalisi olan ölkədə belə bir tədqiqatı keçirməyin xüsusi logistik çətinlikləri var.

Azərbaycan əvvəlki illərdə (2006 və 2009) PISA tədqiqatlarında məhz yuxarıda qeyd etdiyimiz qaydada, yəni bütün ölkə üzrə seçim apararaq iştirak etdiyi üçün arxayınlıqla deyə bilərik ki, ölkəmizin həmin illərdəki nəticələri digər ölkələrin nəticələri ilə müqayisə oluna bilər. Lakin 2018-ci ildə bizdə də vəziyyət dəyişdi. Belə ki, Azərbaycan Təhsil Nazirliyi bu tədqiqat üçün seçilən şagirdləri digər 75 iştirakçı ölkə kimi bütün ölkə üzrə yox, avtoritar Çinin etdiyi kimi, təhsil səviyyəsinin ən yüksək olduğu Bakıdan seçmək qərarını verib. Hətta müharibə şəraitində olan Ukraynada da maksimum reprezentativlik naminə 27 regiondan 18-nin bu tədqiqatda iştirakı təmin edilmişdir. Amma 4000-dən çox məktəbi olan Azərbaycanı bu tədqiqatda yalnız Bakının 300 məktəbi arasından seçilmiş məktəblər təmsil edib. Deməli, nəticələr də süni şəkildə şişir.

Beləliklə, 2018-ci il PISA tədqiqatlarında Azərbaycanı Bakının 300 məktəbi arasından seçilmiş 197 məktəbin 6.827 şagirdi təmsil etdi. 2022-ci ildə keçirilmiş PISA tədqiqatı üçün (2021-ci ildə keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyası ilə əlaqədar 2022-ci ildə həyata keçirilib) hökumətin seçdiyi Bakı məktəblərinin sayı isə bir az da azaldılaraq 197-dən 178-ə endirilib.

Bu statistik fəndin məqsədi Azərbaycanın tədqiqatdakı nəticələrini süni şəkildə şişirtməkdir. Məsələn, bu fəndin sayəsində 2018-ci ildə ölkənin nəticələri Qazaxstanın nəticələrindən çox cüzi də olsa, yuxarı ola bildi. Halbuki 2009-da Azərbaycan Qazaxıstandan xeyli geridəydi. Lakin 2022-ci il tədqiqatında hətta bu fəndin də heç bir faydası olmadı, çünki nəticələrimiz Qazaxstandan ciddi şəkildə geridədir, həmçinin Gürcüstandan da üç sahədən ikisi üzrə aşağı pillədəyik. Buna baxayaraq, hökumətyönümlü media və təhsil ekspertləri məsələyə manipulyativ yanaşaraq, Azərbaycanın guya reytinq cədvəlində Gürcüstan və Özbəkistandan öndə olduğunu, regiondakı ölkələrdən irəlidə, MDB ölkələri arasında 3-cü yerdə olduğunu bəyan etdi.

Cədvəllərdən də göründüyü kimi, bütün bu fəndlərə baxmayaraq, əslində, Azərbaycan reytinqdə çox qabağa gedə bilməyib. Siyahıda olan digər post-sovet ölkələri (Estonia, Latviya, Litva, Moldova, Ukrayna) OECD ortalamasından yüksək və ya ona yaxın pillələrdə yer aldığı halda (hətta Estoniya Avropa ölkələri arasında birinci yerdədir), Azərbaycan – daha doğrusu Bakı şəhəri bütün göstəricilərə görə OECD ortalamasından təqribən 100 xal geridədir. Bu da Bakıdakı şagirdlərin bu tədqiqat vasitəsilə ölçülən bacarıq və vərdişlər baxımından digər ölkələrdən olan həmyaşıdlarından təqribən 1,5-2 təhsil ili geridə qaldığı mənasına gəlir.

Bu tədqiqatda iştirak edəcək şagirdləri ölkənin ən yaxşı məktəblərindən seçməkdə hökumətin əsas məqsədi nəticələri süni şəkildə şişirtmək və təhsildə inkişaf olduğu təəssüratı yaratmaq olub. Əgər Azərbaycanda məktəb və şagird seçimi reprezentativ aparılsaydı, böyük ehtimal nəticələr indikindən daha aşağı olardı. Halbuki çox xərc tələb edən bu mötəbər beynəlxalq tədqiqatı Bakı ilə məhdudlaşdırmaq əslində çox mənasız və israfçı bir addım idi. Birincisi, nəticələr bütövlükdə ölkənin vəziyyətini əks elətdirmir. İkincisi, bu nəticələr Bakı üzrə olduğu üçün onları əvvəlki illərin (2006 və 2009) nəticələri ilə müqayisə etmək mümkün deyil, yəni zəncir qırılır. Üçüncüsü, bir şəhərin – Bakının göstəricilərini başqa ölkələrlə də müqayisə etmək düzgün deyil.

2018-ci ildə PISA proqramına qayıtmaq qərarı verilərkən hazırkı Təhsil naziri Emin Əmrullayev həmin dövrdə şöbə müdiri olaraq bu faəliyyətə rəhbərlik edən şəxslərdən biri idi. Həmin dövrdə müsahibələrinin birində demişdi ki, “bizim PISA-da iştiraka qayıtmağımız yaxşı xəbərdir, çünki biz təhlil baxımından başa düşəcəyik ki, dünya standartlarına nə qədər yaxınıq.” Yəni onun sözlərindən də görünən odur ki, bu tədqiqatda iştirakın əsas məqsədi məhz ölkənin təhsil sisteminin vəziyyətini təhlil etməkdir, yalnız Bakı məktəblərinin deyil.

Sözsüz ki, PISA tədqiqatı vasitəsilə Azərbaycan təhsil sisteminin bugünkü vəziyyətini daha obyektiv əks etdirən və 80-dən çox ölkənin nəticələri ilə müqayisə edə biləcəyimiz etibarlı nəticələr əldə etmək mümkün idi. Amma Təhsil naziri Emin Əmrullayevin daha əvvəl söylədiklərinin əksinə olaraq, tədqiqatın əhatə dairəsinin məhdudlaşdırması bütün ölkə üzrə obyektiv nəticələrin əldə edilməsini qeyri-mümkün edib. Əgər nazir tədqiqatın nəticələrini manipulyasiya yolu ilə şişirdərək, bunu Azərbaycan təhsilinin inkişafı və aparılmış təhsil islahatlarının uğuru kimi qələmə verməyi və təbliğat məqsədləri üçün istifadə etməyi nəzərdə tuturdusa, bu gün hətta Bakı şəhəri üzrə şişirdilmiş nəticələr də belə bir təbliğata imkan vermir.

Ümumiyyətlə, Azərbaycan təhsilində son 20 ildə aparılmış islahatların təhlili göstərir ki, əslində, Azərbaycan təhsilinin avtoritar mahiyyətində heç bir ciddi dəyişiklik baş verməyib. Doğrudur, təhsil sektoruna nisbətən gənc və Qərbtəhsilli kadrlar rəhbərlik edir, məktəb binaları təmir edilir, müasir avadanlıqlar alınır, siniflərin tərtibatı dəyişir, nəfis dərsliklər nəşr olunur, STEAM mərkəzləri açılır. Lakin istər təhsilin idarə olunmasında, istərsə də təhsilin məzmununda aparılmış islahatlar çox məhduddur və müasir Azərbaycan təhsili Sovet təhsil sisteminin zərərli avtoritar ənənələrini olduğu kimi davam etdirir.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.