fbpx

iqtisadiyyat

iqtisadiyyat

Azərbaycanın iqtisadi modelləşmə sindromu

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycanın iqtisadi siyasətinin qiymətləndiriciləri üçün əsas müzakirə predmeti onun nə dərəcədə real çağırışları əks etdirməsi, orta və uzunmüddətli perspektivdə hədəflərinin düzgün müəyyənləşdirilməsidir. Opponentlər hökuməti iqtisadi prioritetləri müəyyənləşdirməkdə tədqiqata əsaslanmamaqda, məsələn, iqtisadi modelləşmənin imkanlarından zəif istifadə etməkdə günahlandırırlar.  İqtisadi modelləşmə işi bir qayda olaraq arxa planda olduğundan onun keyfiyyəti və miqyası haqqında hətta mütəxəssislərdə belə müfəssəl məlumat yoxdur. Bu baxımdan ölkədə iqtisadi modelləşmə işinin real vəziyyəti və imkanları ilk növbədə iqtisadçıların özləri üçün maraq doğuran məsələdir. Beləliklə, Azərbaycanda iqtisadi modelləşmə işi hansı səviyyədədir, 30 ildən çox olan müstəqillik illərində hansı məsafəni qət edib və hazırda qurulan iqtisadi modellərin siyasətə töhfəsi nədən ibarətdir, və nəhayət, modelləşmə işinin keyfiyyət artımına maneələr nədir? Məqalədə bu və digər suallara  cavab axtarılacaq.

İqtisadi model nədir və niyə lazımdır?

İqtisadi problemlərin həllində model qurmağın tarixçəsi hələ 18-ci əsrdə Fransua Kenedən başlasa da, iqtisadi modellər tam mənada ötən əsrin ortalarında püxtələşir. Bunlara Kobb-Duqlas istehsal modelini, Solou iqtisadi artım modelini, Romer və çoxsaylı digər modelləri misal gətirmək olar.  İqtisadi modellərin qurulması zərurəti iqtisadiyyatın sosial elm kimi özəlliyindən irəli gəlir. Burada, məsələn, fizikadan fərqli olaraq təbiətdə baş verən hadisələri ölçmək və laboratoriyada tədqiq etmək olmur. Sosial mühit özü bir laboratoriyadır və burada dəyişənlərin sayı xeyli çoxdur. O səbəbdən, bu halda iqtisadi dəyişənlərin bir-birinə və nəticəyə münasibətdə təsirlərini qiymətləndirmək, iqtisadi inkişafı proqnozlaşdırmaq üçün model qurmaq əsas vasitələrdən biridir. İqtisadi model mürəkkəb prosesləri təsvir etmək üçün nəzərdə tutulmuş, sadələşdirilmiş riyazi çərçivədir. Hətta başqa mühitdə özünü tam doğrultmayan model belə iqtisadi ssenarini təxmin etmək üçün faydalıdır.

Müasir dövrdə iqtisadi modellər, bir qayda olaraq, makroiqtisadi proqnozlaşmaya, iqtisadi artım tempini təxmin etməyə, habelə hökumətin iqtisadi siyasətinin prioritetlərini müəyyənləşdirməyə, maliyyə və sosial indikatorları proqnozlaşdırmağa və digər çoxsaylı iqtisadi parametrlərin dəyişkənliyini izləməyə imkan verir.  Mövcud iqtisadi modelləri 3 qrupa bölmək olar: i) Stoxastik modellər bir qayda olaraq statistik məlumatları istifadə edərək iqtisadiyyatın bəlli zaman çərçivəsində dəyişkənliyini ölçməyə xidmət edir. Bu tip ekonometrik modellər hipotetik olaraq bütövlükdə iqtisadiyyatı və onun ayrı-ayrı seqmentinin dinamikasını izləməyə imkan yaradır;  ii) Qeyri-stoxastik modellər əsasən keyfiyyət parametrləri üzərində qurulur. Məsələn, sosial seçim nəzəriyyəsi buna misal ola bilər; iii) Keyfiyyət modelləri isə adından göründüyü kimi, keyfiyyət dəyişkənliyini izləməyə xidmət edir. Məsələn, ssenari metodu buna misal ola bilər.

Hələ ki modellərə alternativ tapılmayıb, indiyə qədər kəşf edilmiş çoxsaylı iqtisadi modellər bu və ya digər şəkildə tətbiq edilməyə davam edilir.  Hətta son zamanlar dəbə minmiş eksperimental iqtisadi yanaşma belə modellərin dəyərini azaltmır. Təsadüfi İdarə Olunan Sınaqlar (Randomized Controlled Trials – RCT)  üzrə 2019-cu il iqtisadiyyat sahəsində Nobel mükafatı laureatları Abhijit Banerjee, Ester Duflo və Maykl Kremeri eksperimental iqtisadi yanaşmaya misal gətirmək olar. Amma bu yanaşma daha çox mikro səviyyədə və ya yatırımların (sosial layihələrin) dəyərləndidlməsi üçün faydalı olsa da, makroiqtisadiyyatda onu tətbiq etmək çox çətindir. Ən əsası isə iqtisadi artım üçün yararlı olan modelləri heç bir halda yuxarıda qeyd edilən metodla ölçüb proqnoz vermək olmur.

Beləliklə, nə qədər narazı olsaq da, hələ ki iqtisadi modellərlə işləməyə məhkumuq. Bundan əlavə bu gün, xüsusilə yeni texnologiyanın hesabına kəskin dəyişən və ümumən artan iqtisadiyyatların əvvəlkinə nisbətən modelləşməyə daha çox ehtiyacı var. Əks halda artan risklər itkiləri fantastik edə bilər.

Modelləşmənin məxsusi çətinlikləri

Modelləşmə nə qədər önəmlidirsə, onu tətbiq edib etibarlı nəticə almaq da bir o qədər çətindir. Ən yaxşı data bazası belə (ideal data bazaları mövcud deyil) bu və ya digər modelin düzgün nəticə verməyini sığortalamır. Fizika qanunlarından fərqli olaraq, iqtisadiyyatda qanunauyğunluq nisbi xarakter daşıyır. Məsələn, ABŞ–da iqtisadi artımı və ya tənəzzülü şərtləndirən amillər digər ölkəninkindən xeyli fərqlidir, o səbəbdən də eyni mahiyyət daşıyan statistik data bazası fərqli məkanlarda fərqli nəticə verə bilər. Amma bu da modelləşmə qarşısında ciddi maneə deyil. Böyük mənada modellər trendi göstərməyə xidmət edir, nəinki dəqiq statistik nəticəni əldə etməyə.

Modelləşmə üçün vacib olan amilləri nisbi olaraq 3 qrupa bölmək olar.

Data amili modelləşmədə müstəsna əhəmiyyətə malikdir. Modelin düzgün nəticə verməyi üçün ora daxil edilən statistik məlumat bazasının dəqiqliyi əsas şərtdir. Məhz bu bazaya əsaslanaraq modelçilər müvafiq alqoritmlərdən istifadə etməklə nəticə əldə edirlər. Təbiidir ki, yanlış məlumat bazası heç zaman düzgün nəticə verə bilməz.

Data amili heç də texniki məsələ deyil. Başqa sözlə, istənilən modelə xidmət edən  datanın etibarlılığı onun hesablanması metodikası ilə yox, mövcud institusional mühitlə bağlıdır. Qanunların aliliyinin təmin edilmədiyi iqtisadi məkanlarda bir qayda olaraq statistik baza ciddi nöqsanlarla müşayiət edilir, çünki müvafiq icra qurumları korporativ maraqlarından çıxış edərək məlumatları təhrif edə və ya siyasiləşdirə bilər. Belə olan halda, təbii ki, etibarlı statsitik məlumatından və  real nəticə verə bilən modeldən danışmaq mümkün olmur.

Modelləşmədə 3-cü amil emal prosesidir ki, bu da daha çox bilik və bacarıqla bağlıdır. Bir qayda olaraq, inkişaf etməkdə olan ölkələrdə modelçilər iqtisadi komandanın ən zəif bəndi olur. Yaxşı kvalifikasiyaya malik modelçiləri hazırlamaq çox bahalı işdir, nisbətən uzun zaman, hazırlıq və təcrübə tələb edir. Müasir data idarəetməsi və ekonometrika metodları o qədər sürətlə inkişaf edir ki, tez bir zamanda yüksək kadr potensialını hazırlamaq çox çətin olur. Bunun müqabilində isə dünya maliyyə institutlarının (BVF, Dünya Bankı), demək olar ki, bu peşəni inhisara alması yerli kadr hazırlığını daha da əlçatmaz edir. Faktiki olaraq, bu gün adı çəkilən beynəlxalq qurumlar yerli ehtiyacları özləri ödəyir və bu işi, belə demək mümkünsə, konveyerə qoyublar. Bir tərəfdən bu həmin mütəxəssislərin bilik və bacarıq horizontlarını xeyli genişləndirir, beynəlxalq ekspertlərə ehtiyacı artırır, amma digər tərəfdən yerli konteksti bilməyən xarici ekspertin qiymətləndirməsi ən yaxşı qurulan modelin belə nəticəsinin işlək olmasını sual altına qoyur.

Azərbaycanın neft ölkəsi kimi makroiqtisadi özəllikləri

Azərbaycan digər postsovet ölkələri kimi iqtisadi modelləşmə tarixçəsini nisbətən gec başlayanlar sırasındadır. 1990-cı illərdə beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın bir istiqaməti də məhz ölkə üçün iqtisadi modellərin qurulması təcrübəsi idi. Amma bu kontekstdə əsas hədəf kimi daha çox statistik məlumat bazasının təkmilləşdidirilməsi oldu. Məhz beynəlxalq institutlarla əməkdaşlıq sayəsində statistik hesabatların tədricən xeyli dərəcədə təkmilləşməsi onların beynəlxalq standartlara uyğunlaşdırılmasına təkan verdi. Modelləşmə işi isə bir qədər arxa plana keçdi. Modellərə marağın az olması bir neçə səbəbdən irəli gəlirdi. 2000-ci illərin neft bumu dövründə makroiqtisadi proqnozlaşdırma və bu çərçivədə iqtisadi inkişafa uzunmüddətli baxış bir o qədər də trenddə deyildi. Başqa tərəfdən, iqtisadi modelləşmə işinə daha çox uyğun sayılan İqtisadiyyat Nazirliyi bu sahəni prioritetləşdirmək üçün, demək olar ki, ciddi addımlar atmadı.  Nəhayət, modelçi komandanın yaradılması istiqamətində də elə bir məqsədyönlü iş aparılmadı. İqtisadi poqnozlaşma işi həm də bu səbəbdən çox axsadı və indi də arzu edilən səviyyədə deyil.

Əvəzində digər qurum – Mərkəzi Bank ekonometrik modellərin qurulması istiqamətində xeyli iş gördü. Bankda yaradılmış xüsusi makroiqtisadi analitik qurum monetar siyasətin çərçivəsini tənzimləmək üçün vacib olan modellərlə yanaşı ümumi makroiqtisadi modellər də qurmağa başladı. Düzdür, hazırda bu işin tempi nisbətən səngisə də, təcrübə göstərdi ki,iqtisadi problemin həllində iqtisadi modelləşməni vacib alət kimi qoyanda müvafiq potensialı yaradıb ortalığa konkret məhsul qoymaq mümkündür.

Hazırda bu istiqamətdə İqtisadiyyat Nazirliyi kifayət qədər davamlı iş aparmaqdadır. Belə ki, əvvəlcədən fəaliyyət göstərən makroiqtisadi proqnozlaşdırma komandası ilə yanaşı, yeni iqtisadi statistika qrupu fəaliyyət göstərir ki, bu da statistik məlumat bazasının modelləşmə ilə sıx vəhdətinə və bu sahəda daha rasional yanaşmanı nümayiş etdirməyə xidmət etməlidir. Son dövrdə məhz bu nazirlikdə beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində makroiqtisadi proqnozlaşma xeyli təkmilləşib və bir sıra modellər davamlı olaraq qurulmaqdadır. Buna misal olaraq inflyasiya gözləntilərinin hesablanması və bir sıra digər modelləri göstərmək olar. Digər bir qurum- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bir neçə ildir ki, daha çox sosial sahəyə yönəlmiş modelləri qurmağı qarşısına məqsəd qoyub reallaşdırır və hazırda burada da əsasən sahəvi xarakter daşıyan modellər qurulur.

Bunlarla yanaşı, digər aidiyyatı qurumlar olan Maliyyə Nazirliyi və Neft Fondu hələ ki iqtisadi modelləşməni prioritet kimi görmürlər. Hərçənd ki, dövlət maliyyəsinin iqtisadi artımda rolu, bir qayda olaraq, yüksək olan Azərbaycan kimi təbii resursdan asılı ölkələrdə büdcə məhdudiyyətinin və ya büdcə defisitinin (profisit) iqtisadi artımla əlaqəliliyinin ölçülməsi əsas hədəflərdən biri olmalıydı.

Azərbaycan üçün dövlət xərcləmələrinin ÜDM-ə mültiplikativ təsirlərini ölçmək baxımından cari və kapital xərclərinin dəyişkənliyi ÜDM artımı üçün mühüm əhəmiyyət kəsb edir. Halbuki, bir qayda olaraq, hökumət pozitiv xarici şoklar dövründə (dünya bazarında neftin qiymətinin proqnozdan yüksək olması) büdcənin kapital xərclərini artırır, neqativ şok dövründə isə (əks proses) məhz bu komponenti ixtisar etməklə büdcə balansına nail olur. Bu yanaşma ilə isə davamlı iqtisadi artıma nail olmaq çox çətindir, çünki iqtisadi artımın əsasında investisiyalar durur. Yuxarıda deyilənləri əsas gətirərək, dövlət maliyyəsi ilə bağlı modellərin iqtisadi artımın proqnozlaşdırılması və davamlı təminatı üçün çox böyük önəm daşıdığını söyləmək olar.

Neft ölkəsi olaraq Azərbaycan üçün daha önəmli olan neftin qiyməti ilə bağlı ekzogen amilləri və ya neft asılılığıını əsas götürməklə iqtisadi artım modelinin mövcud makroiqtisadi mühitə adaptasiya edilməsi prioritet istiqamət olaraq ayrı-ayrı qurumları yox, bütövlükdə hökuməti davamlı olaraq müvafiq modelləri qurmağa sövq etməlidir. Dövlət büdcəsinin və bütövlükdə makroiqtisadi tarazlaşmanın bu qiymətlərdən yüksək asılılığını nəzərə alsaq, bu modellər müntəzəm şəkildə, hətta ayrı-ayrı sahəvi qurumlar tərəfindən tərtib edilməlidir.

Azərbaycanda iqtisadi modelləşmə işinin aktivləşdirilməsi yolunda maneələr

İqtisadi modellər uzunmüddətli baxışa xidmət edir. Bu baxımdan onların qurulması hökumətin strateji vizionuna bağlı məsələdir. Başqa sözlə, hökumətin iqtisadi strategiyası, onun orta və uzunmüddətli perspektivdə prioritetləri iqtisadi modellərin nəticəliliyi əsasında müəyyənləşdirilməlidir. Son illərin əsas strateji sənədləri Strateji Yol Xəritəsi, Azərbaycan- 2030: sosil-iqtisadi inkişafa dair Milli Prioritetləri və  Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının məqsəd və hədəfləri məhz iqtisadi modellərin nəticələrini özündə əks etdirməliydi. Hazırda ortalıqda olan strateji sənədlərdə əks olunan prioritetlərin və hədəflərin  məhz iqtisadi modellərə əsaslandığını sübut və ya inkar etmək çətindir. Amma reallıq ondan ibarətdir ki, iqtisadi modelləşmə işi xeyli güclənməlidir. Bunun üçün ən azından 3 istiqamətdə əlaqəli və davamlı fəaliyyətə ehtiyac var.

Modelləşmə işi ayrı-ayrı sahəvi nazirliklərin işi olmaqla yanaşı (sahəvi nazirliklər adətən öz seqmentlərini modelləşdirir və bunun əsasında siyasətini formalaşdırır), bütövlükdə hökumətin əsas prioritetlərindən biri ola bilər. Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi orta aylıq əmək haqqının dinamıkasının inflyasiya səviyyəsi ilə korrelyasiyanın olub-olmamasını sübut və ya inkar etmək istəyirsə, bu onun sahəvi marağı ilə yanaşı, həm də bütövlükdə hökumətin fəaliyyət planının tərkib hissəsi olsa, tərtib edilən modellərə münasibət də daha qabarıq və səlahiyyətli olar. Nəticə isə yalnız əlahiddə sosial indikatorlara yox, bütövlükdə sosial iqtisadi inkişafa xidmət edər.

Şübhəsiz, iqtisadi artımla bağlı proqnozlaşma işi əsasən İqtisadiyyat Nazirliyinin funksiyasıdır, amma digər yanaşı modellərlə əlaqəlilik və son nəticədə verifikasiya edilmiş nəticənin əldə edilməsi sinerji effekti yaradardı. Bu yanaşma həm də strategiya sənədlərinin daha relevant tərtib edilməsinə, orta və uzunmüddətəli perspektivdə hədəflərin düzgün seçiminə töhfə verərdi. Bu baxımdan, hökumət modelləşmə işini özünün prioriteti elan etməklə bu işin dəyərini xeyli artırmış olar.

Data məsələsi həmişə olduğu kimi, aktual olaraq qalmaqdadır. Mövcud stereotip ondan ibarətdir ki, Dövlət Statistika Komitəsinin məlumatları reallığı əks etdirmir və bu ona görə baş verir ki, statistik məlumatlar bəzən siyasiləşdirilir, metodologiya və kompetensiya isə beynəlxalq standartlara tam cavab vermir. Reallıqda isə problem ciddi sürətdə fərqlidir. DSK-nın kompetentliyi geniş mənada texniki məsələdir və hökumətin hazırkı imkanları ilə bu boşluğu qısa zaman kəsiyində doldurmaq mümkündür. Mövcud potensial isə kifayət qədər yüksək qiymətləndirilir. O baxımdan problemi burada axtarmaq düzgün olmazdı. İqtisadi modelləşmə fəaliyyəti hökumətin prioritetinə çevrilsə, mövcud və perspektivli kadrları cəlb etmək mümkündür.

Nə qədər paradoksal səslənsə də, ölkədə statistik məlumatların keyfiyyət problemi bu gün daha çox dövlət idarəetməsi ilə bağlıdır. Sahəvi nazirliklərin təqdim etdiyi məlumatlar və tərtib etdiyi ssenarilər reallığı tam əks etdirməlidir. Praktikada isə bu və digər qurumların həm Dövlət Statistika Komitəsinə, həm İqtisadiyyat Nazirliyinə təqdim etdiyi məlumat qeyri-korrektliyi  ilə müşayiət edilir. Halbuki bu data son nəticədə iqtisadi artım tempinin düzgün müəyənləşdirilməsinə töhvə verən əsas inputlardır. Beləliklə, modelləşmənin təkmilliyi üçün datanın önəmi nə qədər böyükdürsə, datanın etibarlılığı üçün dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi bir o qədər vacibdir.

O ki qaldı bilik və bacarıqların artırılmasına, şübhəsiz, bu istiqamətdə məqsədyönlü və davamlı iş aparılmalıdır. Son dövrdə data yönümlü təlim və tədris imkanlarının yaradılması bu sahənin təkmilləşdirilməsi üçün xeyli ümidlər verir. MİT-nin Data, İqtisadiyyat və İnkişaf Siyasəti  MikroMaster proqramının təşkili və proqramda mütəşəkkil iştirak bu ümidləri artırmaqla yanaşı, həm də yuxarıda qeyd edilən hədəflərə çatmaq üçün real potensialdır.

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.