fbpx

Cəmiyyət

Cəmiyyət

Tayvan məsələsi: İki Çinin hekayəsi

Read this article on other language
Download article
image_pdf
image_pdf

Planetin iki super gücü olan ABŞ və Çini son illərdə dəfələrlə qarşı-qarşıya gətirmiş Tayvan ixtilafının kökləri ötən əsrin ortalarına qədər uzanır. Məlum olduğu kimi, 20 ildən çox (1927-1949)  davam edən Çin Vətəndaş Müharibəsinin yekununda kommunist qüvvələrin məğlub etdiyi milliyətçi güclər Kontinental Çini tərk edərək ölkənin cənub-şərqində yerləşən kiçik Tayvan adasına sığınmışdır. Çin imperiyasının süqutundan sonra Sun Yatsenin rəhbərliyi altında 1912-ci ildə qurulan müasir Çin Respublikası varlığını Tayvan adasında bu günə qədər faktiki olaraq davam etdirməkdə və özünü hələ də bütün Çinin (bugünkü Çin Xalq Respublikasının idarəçiliyi altında olan əraziləri nəzərdə tutulur) tək legitim hakimi kimi görməkdədir. Tayvanın (rəsmi adı Çin Respublikasıdır) müstəqilliyi hazırda dünyanın sadəcə 13 dövləti tərəfindən tanınır.

Bu yazıda həlli müşkül məsələlərdən birinə çevrilmiş Tayvan probleminin önəmindən bəhs etməklə yanaşı, Vaşinqton-Pekin-Taypey üçbucağında hərbi-siyasi gərginliyin artmasına zəmin yaradan diplomatik gedişləri geniş prizmadan araşdıracağıq. Tayvan məsələsinin həlli yönündə atılmış və atılmaqda olan nəticəsiz addımları da nəzərdən keçirəcəyik. Bundan əlavə, son 70 ildə baş vermiş əhəmiyyətli tarixi hadisələrə də müxtəsər şəkildə baxmaqla, Tayvan ixtilafı fonunda Asiya-Sakit Okean hövzəsində hakim olan mürəkkəb geosiyasi mənzərənin formalaşmasına təsir edən nüansları da sistematik olaraq təhlil etməyə çalışacağıq. Əlbəttə ki, qlobal mikroelektronika sənayesinin mərkəzi olan Şərqi Asiya regionundan söz düşmüşkən, ABŞ-Çin arasında son onillikdə yüksək texnologiya uğrunda yaşanan qızğın rəqabət barədə də danışmalı olacağıq. 

Tayvanın geostrateji və iqtisadi əhəmiyyəti

Formosa adı ilə də tanınan Tayvan adası strateji coğrafi mövqeyindən ötrü tarix boyu Hollandiya, İspaniya, Fransa və Yaponiya kimi müstəmləkəçi güclərin diqqət mərkəzində olmuşdur. Tayvan 1683-1895-ci illər arasında Böyük Çinq[1] İmperiyasının (1636-1911) tərkibində olmuşdur. Birinci Çin-Yapon müharibəsi (1894-95) nəticəsində Yaponiyanın əlinə keçən ada ikinci dünya müharibəsinin bitdiyi 1945-ci ilədək Yaponiya imperiyasının işğalı altında qalır. 1912-ci ildən 1949-cu ilədək Kontinental Çini idarə etmiş Çan Kayşi liderliyindəki milliyətçi cinahın Mao Cıdon[2] komandanlığındakı kommunistlər tərəfindən məğlub edilməsindən sonra Tayvana pənah gətirən birincilər mövcudluqlarını bu günədək burada davam etdirirlər. Əlbəttə ki, ilk vaxtlar başda ABŞ olmaqla, Qərb dövlətləri də Pekində iqtidara gəlmiş Çin Kommunist Partiyasını (ÇKP) deyil, Taypeydəki Çin Milliyətçi Partiyasını (KMT) bütün Çinin yeganə qanuni varisi və hakimi kimi qəbul etmişdir. 1971-ci ilədək beynəlmiləl institut və təşkilatlarda bütün Çini təmsil etmək hüququnu əlində saxlamış Çan Kayşi başçılığındakı Tayvan hökuməti, Vaşinqton-Pekin yaxınlaşmasından sonra BMT və Təhlükəsizlik Şurasında tutduğu postlardan uzaqlaşdırılaraq beynəlxalq siyasi sistemdən təcrid edilir. Beləliklə, bu günədək davam edən mürəkkəb və qeyri-müəyyən geosiyasi vəziyyətin təməlləri atılmış olur.

24 milyon əhalisi olan Tayvan Çinə 130 km-lik bir məsafədə yerləşir. Adanı materikdən fiziki olaraq ayıran Tayvan boğazı dünyanın əsas su keçidlərindən biri hesab olunur. Tayvanın yerləşdiyi bu strateji dəniz yolları Çin başda olmaqla, regiondakı digər güclər üçün də həyati əhəmiyyət daşıyır. Şimal-şərqdən ABŞ-ın iki əsas müttəfiqi olan Cənubi Koreya və Yaponiya ilə əhatə olunmuş Çin, cənub-şərqdən yenə ABŞ müttəfiqi hesab olunan Filippin ilə çevrilidir. Bütün bunların ortasında da Tayvan adası yerləşir. Çin hakimiyyəti Vaşinqtonun başda Tayvan olmaqla, sadalanan ada dövlətlərinin əlverişli coğrafi mövqelərindən istifadə edərək Çini Sakit Okeanın qərb cəbhəsi boyu blokada vəziyyətində saxlaya biləcəyindən narahatdır. Pekinin son onillikdə Kəmər və Yol təşəbbüsü kimi genişmiqyaslı qlobal layihələrlə müxtəlif istiqamətlərdə dəniz və quru əsaslı tranzit marşrutlarının və logistika şəbəkələrinin inkişaf etdirmə səyləri də bu məsələ ilə əlaqədardır.

Mikroelektronika sahəsində sahib olduğu nəhəng infrastruktura və texnoloji üstünlük də Tayvanın strateji əhəmiyyətini artıran ciddi amillərdən biridir. Yüksək texnologiya istehsalı və ixracı ada iqtisadiyyatının əsasını təşkil edir. Hazırda dünya çip ehtiyacının 80%-ni (əsasən, yüksək texnoloji həllərə malik olanlar nəzərdə tutulur) Tayvan qarşılamaqdadır. Xüsusən də, əsası 1987-ci ildə qoyulmuş Tayvanın ən böyük transmilli şirkəti olan TSMC (Taiwan Semiconductor Manufacturing Company Limited), yarımkeçirici mikroçip istehsalında dünya lideridir. Belə ki, Tayvan mənşəli bu şirkətin hazırkı bazar dəyəri 511 milyard dollardır və bu da TSMC-ni qlobal şirkətlərin bazar kapitalllaşması üzrə ən böyük 10 şirkətdən biri edir. Mikroskopik ölçülərdə milyardlarla tranzistordan ibarət olan yarımkeçirici çiplərin istehsalı çox az ölkənin öhdəsindən gəldiyi bir iş olduğundan Tayvan qlobal texnologiya yarışının episentri halına gəlmişdir.

Koronavirus pandemiyasının ortaya çıxmasıyla qlobal təchizat zəncirində uzunmüddətli ləngimələrin baş verməsi mikroçip sənayesinə də təsirsiz ötüşməmişdir. Üstəlik, yeni nəsil 5G naqilsiz şəbəkəsinin və süni intellekt əsasında işləyən cihaz və alqoritmlərin həyatımızın az qala hər sferasına daxil olmasıyla da supergüclü mikrosxemlərin hazırlanmasına daha çox zərurət yaranıb. Bu da, öz növbəsində, Tayvanın rolunu yer kürəsindəki bütün ölkələr üçün artıran başlıca səbəblərdəndir. ABŞ və Çin başda olmaqla, dünyanın əsas kommersiya yönümlü texnoloji məhsul tədarükçüləri TSMC şirkətinin müəssisələrində istehsal edilən bu kiçik komponentdən asılı vəziyyətdədir. Başqa sözlə, maşınqayırma sənayesindən tutmuş, smartfon industriyasına, aviasiyadan tutmuş, yeni nəsil silahlara qədər ağlınıza gələ biləcək bir çox texnologiya sahəsində istifadə edilən yarımkeçiricilər TSMC şirkətinin hesabına ərsəyə gəlir. Misal olaraq, TSMC ABŞ hava qüvvələrinin beşinci nəsil qırıcı təyyarəsi F35-lərin elektron hissələrinin təchizatçılarından biri olan Xilinx (ABŞ) şirkətinə aid çiplərin hazırlanmasından tutmuş, Apple korporasiyasına aid məhsullara qədər bir çox ABŞ mənşəli texnoloji avadanlıq istehsalçısı üçün yarımkeçirici mikroçiplərin hazırlanması ilə məşğul olan dünyadakı tək konqlomeratdır.

Bundan başqa, dünya üzrə elektron məhsul və komponent istehsalının yarısından çoxunu əlində cəmləşdirən planetin ən böyük texnologiya avadanlığı istehsalçısı olan FOXCONN şirkətlər qrupu da Tayvana aiddir. Çin və ABŞ daxil olmaqla, bir çox dövlətlə sıx əməkdaşlıq edən sözügedən korporasiyaya məxsus çoxsaylı emal müəssisələri olmasa, bir çox elektron cihazın ərsəyə gəlməsi ya mümkünsüz olar, ya da istehsal prosesində uzunmüddətli yubanmaların yaşanmasına səbəb olar ki, bu da qlobal tədarük zəncirini iflic vəziyyətə gətirər. Əlqərəz, Tayvan iqtisadiyyatının innovasiya yönümlü olması onun beynəlxalq mövqeyinin möhkəmlənməsinə və manevr imkanlarının artmasına şərait yaradır.

Taypey-Pekin diplomatik münasibətləri son illərdə tənəzzül dövrünü yaşasa da, iqtisadi əlaqələr barədə müsbət tendensiyanın yaşandığı deyə bilərik. Belə ki, ikitərəfli ticarət dövriyyəsinin ümumi dinamikasına diqqət yetirdikdə Tayvanın dünyada ən böyük ticari tərəfdaşının hələ də Çin olduğunu görə bilərik. Çin-Tayvan arasındakı illik ticarət dövriyyəsinin ümumi həcmi 120 milyard dollardan çoxdur və Tayvan ixracatının 25%-dən çoxu bilavasitə Kontinental Çinlədir. Hətta bu siyahıya Çinin xüsusi  statuslu inzibati ərazisi olan Honq Konq şəhərini də əlavə etsək, bu rəqəm 40%-ə yaxınlaşır. Qısacası, Tayvanın ümumi xarici ticarətinin az qala yarısı Çin və ona bağlı regionlarla baş tutur. Əlbəttə ki, bu dövriyyənin əsasını yüksək texnologiya məhsulları (Tayvandan Çinə) və bunların hazırlanması üçün zəruri olan nadir element və elektron komponentlər (Çindən Tayvana) təşkil edir. Başqa sözlə, Tayvan çip istehsalı üçün gərəkli olan xammalın əsas hissəsini Çindən, Çin də nəhəng istehsalat sənayesinin ehtiyac duyduğu yarımkeçiriciləri Tayvandan təmin edir. Bundan savayı, Tayvan administrasiyası həm də Çinə ən böyük xarici investisiyanı qoyanların başında gəlir. Son 30 ildə Tayvan mənşəli şirkətlər Çindəki kommersiya layihələrinə ümumilikdə 194 milyard dollar həcmində sərmayə qoyuluşu həyata keçirdib. Yuxarıda adını çəkdiyimiz FOXCONN korporasiyasının dünyadakı əsas istehsal müəssisələri də Çinin müxtəlif şəhərlərində fəaliyyət göstərir.

Ərazi baxımından Azərbaycandan təxminən 3 dəfə kiçik olan Tayvanın (36,197 km²) beynəlxalq aləmlə, ən əsası dünyanın aparıcı aktorları ilə münasibətlərinə gəldikdə isə Tayvan iqtidarı qarşılıqlı siyasi-iqtisadi və eləcə də mədəni-ictimai əlaqələrin inkişafına xüsusi önəm verir. Bu da onun siyasi müstəvidə həm Pekin hökuməti qarşısında təklənməsinin qarşısını almağa, həm də qlobal iqtisadi təsir dairəsinin genişlənməsinə kömək edir. Tayvanın bu minvalla xarici dövlətlərin paytaxtında açdığı Taypey İqtisadi və Mədəni Missiyası (Taipei Economic and Cultural Mission) hökumətlərarası hər növ təmasların qurulmasında və saxlanılmasında əsas diplomatik kanal rolunu oynayır. Bu mərkəzlər rəsmi olaraq hər hansı bir diplomatik missiya daşımır kimi görünsə də, praktiki olaraq Tayvanın xaricdəki əsas təmsilçiliyi, yəni bir baxıma səfirliyi kimi xarakterizə edilir. Hazırda bütün dünya üzrə ümumi olaraq 111 belə mərkəz fəaliyyət göstərməkdədir. Yeri gəlmişkən, Taypey İqtisadi və Mədəni Missiyasının Cənubi Qafqaz regionuna ən yaxın mərkəzləri Ankara və Moskva şəhərlərində yerləşir. Azərbaycan başda olmaqla, postsovet ölkələrindən olan vətəndaşların Tayvanla bağlı əlaqələrinin təmini işinə isə Moskvadakı mərkəz təhkim edilib.

Bundan başqa, Tayvan, daha doğrusu, tanınmayan Çin Respublikasının vətəndaşları bir çox ölkəyə vizasız şəkildə səyahət etmə imkanına da malikdirlər. Qlobal pasport indeksinə görə Tayvan pasportu dünyanın ən güclü 29-cu pasportudur. Bu göstərici ilə Tayvan Azərbaycan (57), Türkiyə (34), Qazaxıstan (57), Rusiya (60), Çin (55), Hindistan (66) və Qatar (40) kimi suveren dövlətləri belə qabaqlamaqdadır. Başda ABŞ olmaqla, Qərbi Avropa ölkələrinə Tayvan pasportu ilə vizasız gediş-gəliş mümkündür.

Suveren bir dövlətə xas bütün zəruri əlamət və keyfiyyətlərə artıqlamasıyla malik olmasına rəğmən, Tayvanın de-yure müstəqilliyinin tanınmaması və ya ada hökumətinin ümumiyyətlə suverenliyini elan etməməsi kimi səbəblərlə növbəti hissələrdə tanış olacağıq.

Pekinin mövqeyi

ÇKP-nin Çin Vətəndaş Müharibəsindən geriyə qalmış və tamamlanmamış tarixi missiya hesab etdiyi Tayvan məsələsi ABŞ-Çin diplomatik münasibətlərinin, eləcə də regionun dominant ölkələri arasındakı əlaqələrinin inkişaf dinamikasına uzun müddətdir ki, təsir edir. Pekin tərəfi ABŞ və müttəfiqlərinin Tayvan məsələsindəki yanaşmalarını Çinin daxili işlərinə kobud müdaxilə və ərazi bütövlüyünün bərpası prosesinə süni əngəl törədilməsi kimi qiymətləndirir.

Rəsmi Pekin Çinlə diplomatik münasibət quracaq hər bir dövlətdən Vahid Çin prinsipinə əməl edilməsini şərt qoyur. Tayvanın bir dövlət kimi varlığını kökündən rədd edən Vahid Çin siyasəti dünyada yalnızca bir legitim Çin hökumətinin olması (Çin Xalq Respublikası) və eləcə də beynəlxalq hüquqa uyğun olaraq Tayvan adasının onun ayrılmaz bir parçası olaraq qəbul edilməsi kimi tələbləri özündə ehtiva edir. Çinin qondarma rejim hesab etdiyi Tayvan hökumətilə xarici dövlətlərin rəsmi xarakterli təmaslar qurması da qadağandır. ABŞ başda olmaqla, dünyanın əksər ölkələri nəzəri olaraq bu prinsipə əməl edir. Azərbaycan da bu baxımdan istisna deyil.

Özünü hələ də bütün Çinin tək qanuni varisi hesab edən Tayvanın ilhaq edilməsi ölkə səviyyəli ciddi tədbirlərdə Çin rəsmiləri tərəfindən tez-tez təkrarlanan mövzuların başında gəlməkdədir. De-fakto müstəqil olan adanın gələcək taleyi ilə bağlı bildirilən fikirlər və edilən çağırışlar da, adətən, Pekin-Taypey münasibətləri ilə yanaşı, Pekin-Vaşinqton diplomatik təmaslarına də ciddi dərəcədə xələl gətirir. Misal olaraq, Çinq sülaləsinin süqutu ilə nəticələnmiş və Çində 2000 illik monarxiya hakimiyyətinə son qoymuş Sinxay inqilabının (1911) 110-cu ildönümünə həsr olunmuş dövlət tədbirində (2021-ci ilin oktyabr ayında) çıxış edən Pekin rəhbərliyinin Tayvanla bağlı açıqlamaları Çin-Tayvan münasibətlərinin 25 illik fasilədən sonra yenidən kritik həddə gərginləşməsinə zəmin yaratmışdı. Belə ki, Tayvan adasının ana vətənlə (Kontinental Çinlə) birləşməsinin zəruriliyinə toxunan Çinin hazırkı dövlət başçısı Si Cinpin sülh yolu ilə birləşmənin tayvanlılar da daxil olmaqla, Çin millətinin milli maraqlarına ən optimal yol olacağını bəyan etmişdir. 100 ilə yaxın bir müddətdə Britaniya və Portuqaliya imperiyalarının müstəmləkələri olmuş Honq Konq və Makao şəhərlərində hazırda Pekin tərəfindən tətbiq edilən bir dövlət, iki sistem idarəçilik üsulu əsasında Tayvanın birləşdirilməsini təklif edən Çinin dövlət başçısı, eyni zamanda, heç kimin Çin xalqının milli suverenliyi və ərazi bütövlüyünü müdafiə etmək qabiliyyətini sınamamalı olduğunu vurğulamaqla da xarici müdaxilələrə qarşı sərt mövqeyini ortaya qoymuşdur.

Tayvanla bağlı sonunca hadisə ABŞ nümayəndələr palatasının spikeri Nensi Pelosinin başçılıq etdiyi altı nəfərdən ibarət nümayəndə heyətinin 2022-ci ilin avqust ayının ilk günlərində Taypeyə etdikləri səfər olmuşdur. Pekin hökumətinin dəfələrlə etdiyi xəbərdarlığa məhəl qoymayan Bayden administrasiyası bununla da Çinin Tayvan körfəzi akvatoriyasında genişmiqyaslı hərbi təlimlər keçirtməsinə zəmin yaradır. ÇKP nümayəndələrinin təxribat xarakterli hərəkət olaraq səciyyələndirdikləri bu hadisələr ABŞ-Çin və eləcə də Çin-Tayvan münasibətlərinin tədricən destruktiv hala gəlməsinə rəvac verir. Ağ Ev rəhbərliyinin Tayvanla bağlı siyasi gedişlərinə adətən Çin Xalq Qurtuluş Ordusu Tayvan sahillərinə yaxın sularda iriçaplı silahlarla müşayiət olunan hərbi təlimlər keçirməklə cavab verir. Əzələ nümayişinə paralel olaraq, Çin tərəfi Tayvanı iqtisadi sanksiyalara məruz qoymaq və dəniz blokadası tətbiq etməklə də hədələyir.

Çin hərbi birləşmələrinə aid aviasiya vasitələri, axırıncı dəfə Tayvan rəhbərliyinin 2023-cü ilin aprel ayının əvvəllərində Vaşinqtonda amerikalı həmkarları ilə keçirtdiyi rəsmi görüşlərə cavab olaraq 71 döyüş təyyarəsindən ibarət qüvvəylə Tayvan körfəzini keçərək 3 gün boyunca intensiv təlim uçuşları həyata keçirtmişdir. Çox sayda qoşun və aviasiyanın cəlb edildiyi sonuncu təlimlar çərçivəsində yaxınmənzilli ballistik raket sınaqlarına da yer verilmişdi. Qeyd edək ki, bundan öncə Pekin-Taypey hərbi-siyasi münasibətlərinin ciddi şəkildə korlandığı tarix 1996-ci ildə adada baş verən prezident seçkiləri vaxtı olmuşdu. III Tayvan boğazı böhranı kimi tarixə düşmüş bu konfrontasiya, ABŞ hərbi donanmasına aid iki aviadaşıyıcının Tayvan boğazına yaxınlaşmasıyla sona çatmışdı. Tayvanda 2024-cü ilin yanvar ayında baş tutacaq növbəti prezident seçkilərində bənzər hadisələrin cərəyan etmə ehtimalı da istisna edilmir. Tayvan hakimiyyəti ÇKP nümayəndələrinin çıxışlarına və eləcə də Pekinin gördüyü əməli tədbirlərə adətən sərt münasibət bildirərək, adanın Çinin hərbi və iqtisadi təzyiqlərinə tab gətirə biləcəyini, provakasiyalara yol verilməməsini və Pekinlə münasibətlərində hazırkı status-kvonun qorunmasında maraqlı olduqlarını açıqlayan bəyanatlar verir. Nəticə etibarilə, son 70 ildə dəfələrlə kritik qarşıdurmalar yaşansa da, tərəflər birbaşa hərbi toqquşmadan yayınaraq münaqişənin eskalasiyasından çəkiniblər.

Çinin Tayvandakı siyasi qüvvələrlə arasının ən yaxşı olduğu cinah milliyətçilər, yəni KMT-dir. Ötən əsrin ortalarından 90-cı illərədək Tayvanın əsas iqtidar partiyası olmuş KMT, Pekinin təklif etdiyi bir dövlət, iki sistem idarəçilik üsulu əsasında Tayvanın Çinə inteqrasiyası ideyasına müsbət baxır. KMT və ÇKP arasında imzalanmış 1992 Konsensusuna əsasən, tərəflər dünyada bir Çinin olmasını qəbul edir və eyni zamanda Tayvanın da onun bir hissəsi olmasıyla razılaşırlar. Lakin, bir Çin deyilən məfhumun tam olaraq hansı Çini (Taypeydəki Çin Respublikası, yoxsa Pekindəki Çin Xalq Respublikası) nəzərdə tutduğu heç vaxt aydın şəkildə qeyd edilmir. Hal-hazırda müxalifətdə olan KMT namizədinin 2024-cü ilin əvvəlində baş tutacaq prezident seçkilərində qalib gəlməsi halında Pekin-Taypey münasibətlərinin, qismən də olsa, normallaşacağı ehtimalını gücləndirir.

Tayvanda hazırda hakimiyyətdə olan Demokratik İnkişaf Partiyası isə daha çox qərbyönlü siyasi kurs mənimsəyib və 1992 Konsensusundan imtina etdiyini bəyan edib. DDP həmçinin yeni nəsil Tayvan kimliyinin formalaşmasında mühim rol oynayan əsas siyasi qüvvədir. Ada əhalisinin müstəqilliklə bağlı istəklərinə gəldikdə isə Taypeydə yerləşən Milli İdarəçilik Universitetinin 1994-cü ildən bu günə qədər apardığı rəy sorğusunun nəticələrinə əsasən, Tayvan cəmiyyətində müstəqillik meyillərinin ilbəil güclənməsi halları müşahidə edilir. Ələlxüsus da, yeni nəsil Tayvan iqtidarının Çin Respublikası olaraq varislik hüququndan və ərazi iddialarından əl çəkməsinin və çinli kimliyindən çox tayvanlı kimliyini üstün tutaraq, suveren Tayvan Respublikası kimi yola davam etməsinin tərəfdarıdır.

Ümumiləşdirəsi olsaq, Pekinin əsas məqsədi hər vəchlə Tayvanın Çinlə birləşməsinə nail olmaqdır, bununla da Si Cinpin ümumölkə adına siyasi və iqtisadi sahələrdə əlamətdar işlər görmüş əsas liderlərlə (Mao Cıdon, Dın Siaopin[3] və Cian Cımin[4]) eyni cərgədə olmaq istəyir. Tayvan hökumətinin hazırda izlədiyi siyasət isə ondan ibarətdir ki, Çin Respublikası artıq suveren bir ölkədir və onun xalq tərəfindən seçilmiş dövlət başçıları adanın mövcudiyyətini və demokratik dəyərlərini qorumaqla mükəlləfdirlər.

Ağ Evin yanaşması

İkinci dünya müharibəsindən bəri Asiya-Sakit Okean hövzəsində müntəzəm şəkildə varlığını göstərən ABŞ donanması Çinin son illərdə regionun dominant iqtisadi və hərbi gücünə çevrilməsiylə bu strateji bölgədə daha da aktivləşib. Hazırda ABŞ Tayvanın müdafiəsinin ən böyük dəstəkçisi və adıçəkilən regionda mövcud sabitliyin əsas qarantoru kimi çıxış etməkdədir. 1990-cı illərin ortasından etibarən Tayvanda başlayan demokratikləşmə dalğası onu regionun liberal ölkələrindən birinə çevirmişdir ki, bu da, Tayvan hökumətinin ABŞ başda olmaqla, Qərb dünyasının nəzərində dəyərinin artmasına səbəb olmuşdur. Onu da qeyd edək ki, 1972-ci ilin fevralında ABŞ prezidenti Riçard Niksonun Çinə dövlət səfəri zamanı tərəflər arasında imzalanmış Şanxay Sazişinə əsasən, Vaşinqton ilk dəfə olaraq dünyada yalnız bir Çinin varlığını və Tayvanın da onun tərkib hissəsində qalmasını rəsmi surətdə qəbul etmişdir. Hərçənd, bütün bu razılaşmalara baxmayaraq, Tramp və Baydenin Oval Ofisdə olduğu illər Vaşinqton-Pekin münasibətlərinin deqredasiyaya uğradığı, Vaşinqton-Taypey əlaqələrinin isə, əksinə olaraq, möhkəmlənməsi yönündə müsbət işartıların göründüyü bir dövr kimi tarixə düşüb.

Tayvan demokratiyasını təhlükə altında qoyacaq xarici hərbi müdaxiləni mütəmadi olaraq pisləyən Ağ Ev rəhbərliyi eyni zamanda Tayvan boğazında sülhə və sabitliyə xələl gətirə biləcək hər hansı bir aqressiv fəaliyyətə qarşı regiondakı müttəfiqləri ilə birgə aktiv mübarizə aparacaqlarını dəfələrlə açıqlayıb. ABŞ-ın regiondakı əsas müttəfiqi Yaponiya da öz növbəsində Tayvan adasının müdafiəsi istiqamətində adekvat tədbirlər görərək Şərqi Çin dənizində Rükü adaları boyunca müdafiə xətti qurmuşdur. Baş nazirin hazırki müavini Taro Asonun 2021-ci ilin iyul ayındakı çıxışında ölkəsinin ABŞ-la birgə adanı hər vəchlə Çinin istilasından qoruyacağını deməsi, rəsmi Tokionun da Tayvan mövzusuna qarşı həssaslığını nümayiş etdirən vacib hadisələrdən biridir. Tokio hakimiyyətinə görə Tayvanın itirilməsi Yaponiyanın Şərqi Çin dənizi akvatoriyasında yerləşən adalarının, xüsusən də Çin və Yaponiya arasında uzun müddətdir ki, mübahisə predmeti olan Senkaku arxipelağının da növbəti potensial hədəf halına gəlməsi deməkdir.

Böyük dövlətlərin Tayvanla rəsmi xarakterli heç bir təmasları olmasa da, hərbi, mədəni və iqtisadi sahədə Tayvanın Ağ Evlə ikitərəfli əlaqələri yüksələn xətlə davam etməkdədir. 1979-cu ilin aprel ayında konqres tərəfindən ratifikasiya edilmiş Tayvan Münasibətləri Aktı Vaşinqton-Taypey qarşılıqlı təmaslarının tənzimlənməsi mexanizmlərini özündə əks etdirən əsas strateji sənəd olaraq qəbul edilir. Bundan başqa, adanın özünü müdafiəsini təşkil edəcək hərbi vasitələrin təmin edilməsində Pentaqon əvvəldən böyük rol oynayıb. Senat tərəfindən 2022-ci ilin sentyabrında təsdiqlənmiş Tayvan Siyasət Aktı 2022 sənədi də adanın döyüş qabiliyyətinin artırılmasına xidmət edir. Tayvanın silahlandırılması Pekinin hiddətinə səbəb olsa belə, Tayvan administrasiyası ordu arsenalının gücləndirilməsində Vaşinqtonla sıx əməkdaşlığını davam etdirir. 2019-cu ildə ABŞ-dan 17 milyard dollar dəyərində silah və hərbi texnikanın alınmasıyla bağlı əldə edilmiş hökumətlərarası razılığı hərbi-texniki əməkdaşlığın davamı kimi göstərə bilərik. Bəzi mənbələrə görə, Çinin son illərki geosiyasi həmlələrinə cavab olaraq, ABŞ-ın xüsusi əməliyyatlar bölməsi və dəniz piyadaları kontingenti məxfi şəkildə Tayvanın müdafiə potensialını gücləndirmək məqsədilə quru qoşunlarına və hərbi dəniz qüvvələrinə xüsusi hazırlıq proqramları əsasında təlimlər də keçir.

Qeyd edək ki, daha əvvəl haqqında təfsilatlı şəkildə söz açdığımız Tayvanın TSMC şirkəti ABŞ iqtidarının gündəliyində olan əhəmiyyətli mövzuların başında gəlir. Çünki Apple, Qualcomm, Nvidia AMD kimi amerikalı nəhənglərin dünyadakı ən böyük çip tədarükçüsü məhz tayvanlı TSMC konqlomeratıdır. Ümumiyyətlə, ABŞ-ın texnologiya şirkətlərinə aid hər növ smartfon, tablet və komputerlərdə istifadə edilən mikroçiplərinin böyük hissəsi TSMC tərəfindən hazırlanır. Həmçinin adı sadalanan ABŞ mənşəli şirkətlərə aid məhsulların ərsəyə gəlməsi də tayvanlı FOXCONN şirkəti hesabına mümkün olur. Sadalanan amillərdən ötrü də koronavirus pandemiyasının törətdiyi iqtisadi fəsadlardan sonra yaranan çip böhranı ilə strateji önəmi daha da artan Tayvanın müdafiəsi rəsmi Vaşinqton üçün prioritet hala gəlmişdir.

Digər tərəfdən isə 2022-ci ilin avqust ayında ABŞ prezidenti Co Bayden çip qıtlığı ilə bağlı yaşanan problemin öhdəsindən gəlmək və rəqibləri qarşısında strateji üstünlüyə malik olmaq üçün kritik önəmə sahib texnoloji məhsulların yerli imkanlar hesabına istehsalını stimullaşdıracaq və təchizat zəncirini gücləndirəcək sərəncam imzalayıb. ABŞ hüdudlarında texnoloji məhsul, daha dəqiqi mikroçip istehsalı prosesində TSMC vacib oyunçulardan biri olaraq ön plana çıxır. Belə ki, Bayden administrasiyası sözü gedən şirkəti Arizona ştatında yeni müəssisələrin tikintisinə 12 milyard dollarlıq investisiya qoyuluşuna razı sala bilib. Co Baydenin 2022-ci ilin dekabr ayında şəxsən ziyarət etdiyi TSMC korporasiyasının Finiks şəhərindəki istehsalat müəssisələri kommersiya çipləri ilə yanaşı, ABŞ hərbi sənayesi üçün də mikroçiplərin hazırlanmasını həyata keçirəcək. TSMC rəhbərliyi növbəti mərhələdə Arizonadakı bu yeni zavoda qoyulacaq sərmayəni üç dəfədən çox artıraraq 40 milyard dollara çatdıracağını bəyan edib.

Tayvanın bir dövlət olaraq mübahisəli statusu və coğrafi baxımdan Çinə yaxın olmasını nəzərə alan rəsmi Vaşinqton TSMCFOXCONN kimi transmilli korporasiyalardan asılılığını azaltma təşəbbüsləri ilə yanaşı, Tayvan hökumətinin mövcudluğunun qorunması istiqamətində regiondakı müttəfiqlərilə birgə adekvat tədbirlərin görülməsini intensivləşdirir. 2021-ci ilin aprel ayında baş tutan Ağ Ev sammitində (Bayden-Suqa zirvə görüşü) Tayvan məsələsinin əsas müzakirə predmetlərindən biri olması onu göstərir ki, ABŞ zərurət yaranacağı təqdirdə Şərqi Asiyadakı ənənəvi müttəfiqləriylə birlikdə Tayvanın hərbi müdafiəsini öhdəsinə götürəcək. Bunu Ukraynadan fərqli olaraq, Tayvan uğrunda yaşanacaq müharibəyə ABŞ hərbi qüvvələrinin birbaşa cəlb olunacağı fikrini səsləndirən Baydenin son mətbuat çıxışlarında da açıq-aydın görmək olur. Bu baxımdan, AUKUS tərəfdaşlığı (ABŞ, Böyük Britaniya və Avstraliya arasında 2021-ci ildə qurulmuş üçtərəfli strateji ittifaq) çərçivəsində Avstraliyanın hərbi dəniz donanmasının modernizasiya və yenidənqurma prosesi bütün bu tədbirlərin tərkib hissəsi kimi qiymətləndirə bilərik. Vaşinqton-Pekin-Taypey üçtərəfli münasibətlərinin son illərdəki dinamikası da regionda AUKUS və bənzəri çoxmillətli hərbi-siyasi koalisiyaların yaranmasına təkan verən başlıca faktorlardan biridir desək, mübaliğə etmiş olmarıq.

Şübhəsiz ki, bir ildən çoxdur ki, davam edən Rus-Ukrayna müharibəsi konteksində Çinin də son bir neçə ayda Tayvan boğazında intensiv şəkildə hərbi təlimlər təşkil etməsi oxşar hadisələrin Uzaq Şərqdə də yaşana biləcəyinə dair spekulyasiyaların ortaya çıxmasına səbəb olub. Hərçənd, koronavirusun törətdiyi sosial-iqtisadi fəsadların aradan qaldırılmağa çalışıldığı bir vaxtda, xüsusən də Çin-Tayvan, ABŞ-Çin və eləcə də ABŞ-Tayvan arasında dərin iqtisadi və texnoloji asılılığın olduğu bir dövrdə Sakit okeanın qərbində baş verə biləcək irimiqyaslı müharibə bütün tərəflər üçün hər cəhətdən əlverişsiz və yüksək riskli versiya kimi görünür.

Nəticə

Sözsüz ki, Çinin geosiyasi ambisiyalarının günbəgün artması fonunda ABŞ-ın da regionda dayaqlarını möhkəmləndirmə cəhdləri Asiya-Sakit Okean regionunu dünyanın ən qaynar nöqtələrindən birinə çevrilməsinə zəmin yaradır. Üstəlik, sələfləriylə müqayisədə hücumameyilli xarici siyasi kurs nümayiş etdirən və sərt ritorikası ilə tanınan Si Cinpinin üçüncü dönəm üçün hakimiyyətdə qalması da regionda yaxın gələcəkdə ziddiyyətli geosiyasi hadisələrin cərəyan edəcəyi və ada uğrunda genişmiqyaslı təsirləri ola biləcək hərbi-siyasi konfrontasiyaların yaşana biləcəyi ehtimalını gücləndirir. Hadisələrin gedişatı və ən əsası, Çin liderinin gücdən də istifadə ediləcəyi kimi sərt mesajlar verməsi də ümumi vəziyyətin daha da kəskinləşə biləcəyinə dəlalət edir.

Dövlət rəsmilərinin son iki ildə verdikləri rəsmi bəyanatlardan da görünən odur ki, getdikcə daha da mürəkkəb hala gələn Tayvan problemi Vaşinqton-Pekin diplomatik münasibətlərinin inkişaf dinamikasına uzunmüddətli perspektivdə də təsir edən əsas ixtilaflı məsələlərdən biri olacaq. Bununla da, Çinin regiondakı geosiyasi həmlələrinə və çoxalan təsir mexanizmlərinə qarşı effektiv müqavimət göstərə biləcək kollektiv təhlükəsizlik əməkdaşlıqlarının sayının artacağını da güman etmək olar. Regionun iqtisadi lokomotivlərindən və innovasiya mərkəzlərindən biri olan Tayvanın siyasi gələcəyinin müəyyənləşdirilməsi bütün hallarda olduqca qəliz bir proses olaraq qalmağa və dünya siyasi gündəmini periodik olaraq zəbt etməyə davam edəcək.

 

Qeydlər:

[1] Rusdilli mənbələrin təsirindən dolayı Azərbaycan tarixşünaslığında Tzin İmperiyası (清朝Qīngcháo) kimi bilinsə də, bu tamamilə yanlış transliterasiya formasıdır. Bu barədə ətraflı məlumat əldə etmək üçün Bakı Araşdırmalar İnstitunun nəşri olan Azәrbaycanda Türkologiyanın Çin mәnbәlәri ilә problemi adlı məqaləyə baxa bilərsiniz.

Qeyd: Çin (秦朝e.ə.221 – e.ə.206)Çinq (清朝1636 – 1911) sülalələri Çin tarixində müxtəlif vaxtlarda mövcud olmuş iki ayrı feodal xanədanlıqlardır. Azərbaycan daxil olmaqla bir çox dövlətin istifadə etdiyi Çin (China) sözü də birinci sülalənin adından gəlməkdədir.

[2] Azərbaycandilli mətinlərdə bu ad Mao Tszedun kimi qeyd edilsə də, bu xüsusi ismin (毛泽东 – Máozédōng) düzgün transliterasiya forması Mao Cıdondur.

[3] Çinin əsas dövlət xadimlərindən birinin adı yerli mənbələrdə Den Syaopin kimi göstərilsə də, bu adın da (邓小平 – Dèngxiǎopíng) dilimizin fonetik qaydaları gərəyi ən uyğun transliterasiyası Dın Siaopindir.

[4] Yerli mənbələrdə səhvən Tsyan Tsemin kimi qeyd edilən bu xüsusi ismin (江泽民 – Jiāngzémín) ən adekvat transliterasiyası Cian Cımin olmalıdır.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.