fbpx

Cəmiyyət

Cəmiyyət

Çinin Mərkəzi Asiya Strategiyası

Read this article on other language
Download article
image_pdf
image_pdf

Mərkəzi Asiya coğrafiyası tarixən Çinin xarici siyasət kursunda vacib yerlərdən birini tutub. Qədim Çin xanədanlıqları Böyük İpək Yolunun mərkəzində yerləşən bu regionda siyasi-iqtisadi dayaqlarını möhkəmləndirmək üçün uzun əsrlər boyu ciddi cəhdlər göstəriblər. Bu cəhdlər fonunda dövrün rəqib imperiyaları ilə də toqquşmalar qaçılmaz olub. Region uğrunda eramızın 751-ci ilində şərqin ən qüdrətli iki imperiyası olan Ərəb Abbasi xilafəti ilə Çin Tanq sülaləsi bugünkü Qazaxıstan və Qırğızıstanın sərhədi boyu axan Talas çayının sahilində qarşılaşmışdır. Orta əsrlər tarixinin gedişatına təsir etmiş kritik hərbi toqquşmalardan hesab edilən Talas döyüşündən sonra Mərkəzi Asiya Çinin nüfuz dairəsindən uzaqlaşmışdır. Çinin regiona nüfuz etməsinin qarşısının alınması ərəblərdən sonra Mərkəzi Asiyada mövcud olmuş türk və monqol imperiyaları və sonradan onları əvəzləyən Çar Rusiyası və SSRİ hesabına mümkün olmuşdur. Bu gün isə Rusiyanın regionda dayaqlarının zəifləməsi Mərkəzi Asiyadakı geoiqtisadi vəziyyəti Pekinin lehinə dəyişir. Hazırda Çinin regiona yenidən iri addımlarla qayıdışının və az qala hər sahədə sürətli ekspansiyasının şahidi oluruq. 2023-cü ilin may ayında Tanq imperiyasının paytaxtı və Qədim İpək Yolunun başlanğıcı olmuş Çinin Xi’an şəhərində ən ali səviyyədə təşkil edilmiş Çin-Mərkəzi Asiya Sammitini Pekinin regiona olan diqqət və marağının bariz təzahürü kimi qiymətləndirə bilərik.

Bu yazıda Çinin son 30 ildə Mərkəzi Asiyanın 5 dövləti ilə (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan) qurduğu çoxşaxəli təmasları təhlil edəcəyik. Avrasiya materikinin mərkəzində, Avropa və Asiya qitələrinin kəsişməsində yerləşən bu regionun Çinin kontinentlərarası nəqliyyat-logistika planlarındakı yerini əhatəli şəkildə nəzərdən keçirəcəyik. Eləcə də, Mərkəzi Asiyanın sahib olduğu zəngin təbii resursların Pekinin enerji təhlükəsizliyi siyasətindəki yerinə toxunacağıq. Həmçinin, məqalədə regionun Çinin milli təhlükəsizliyi üçün kəsb etdiyi əhəmiyyti barədə də danışılacaq.

SSRİ-nin tənəzzülündən sonra…

İlk öncə ondan başlayacaq ki, Mərkəzi Asiyanın Çinin qərb əyalətləri ilə həmsərhəd olması, bu regionun Pekinin xarici siyasət gündəliyində əhəmiyyətli yer tutmasına səbəb olub. Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə etmiş türk əsilli dövlətlər Çini narahat etməyə bilməzdi. Belə ki, Qazaxıstan və Qırğızıstanın Çinin Sincan Uyğur Muxtar Regionu və eləcə də İli Qazax Muxtar Dairəsi ilə bilavasitə qonşu olması, Çində yaşayan yerli uyğur və qazaxlar  arasında müstəqillik meyillərinin yaranmasına təkan verə bilərdi. Özbək və uyğurların mənşə etibarilə daha yaxın köklərə mənsub olması da nəzərdən qaçmamalıdır. Buna görə də Çin ucqarlarına yaxın  türk dövlətləri ilə münasibətlərə əvvəldən xüsusi həssaslıqla yanaşıb. Təsadüfi deyil ki, Pekin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi regional inteqrasiya və təhlükəsizlik blokları vasitəsilə bu ölkələrlə bir çox strateji sahədə dərin əməkdaşlıq bağları qurub. Çin ŞƏT vasitəsilə Mərkəzi Asiya dövlətləri ilə birgə (Türkmənistan istisna olmaqla) regional təhlükəsizliyin qorunması və stabilliyin təmin olunması üçün regional terrorizm, etnik separatizm və dini ekstremizm kimi məsələlərə qarşı müştərək mübarizə aparır.

Mərkəzi Asiya Çinin yumşaq güc diplomatiyasına ən çox məruz qalan regionlardan biridir. Bölgədə hələ də rus mədəniyyətinin təsiri hiss edilsə də , Pekin müxtəlif vasitələrlə region boyu təsir mexanizmlərini artırmağa çalışır. Ələlxüsus, Çin hökuməti təhsil yolu ilə  region gəncləri arasında nüfuzunu artırır. Çində ali təhsil almaq istəyən namizədlərə müxtəlif təqaüd proqramları təklif edilir, Mərkəzi Asiya ölkələrinin hər birində Çinə bağlı mədəniyyət mərkəzləri və Konfutsi İnstitutu fəaliyyət göstərir. Çinin Mərkəzi Asiyada tətbiq etdiyi çoxistiqamətli yumşaq güc metodları və həyata keçirtdiyi təhsil proqramları sayəsində son illərdə region gəncləri arasında Çin dili və mədəniyyətinə ciddi maraq yaranıb. Müstəqilliyinin ilk illərində Mərkəzi Asiya ölkələrinin həm siyasi dairələrində, həm də əhali arasında Çinə qarşı inamsızlıq olsa da, bu hal tədricən aradan qalxır. Region dövlətlərində müşahidə olunan sinofobiyanın (Çinə qarşı qorxu və inamsızlıq tendensiyası) tarixi kökləri Sovet illərinə qədər uzanır. Belə ki, SSRİ-Çin diplomatik münasibətlərinin deqredasiyaya uğradığı 1960-1980-ci illərdə Çinin region ölkələri arasında nüfuzunun zəiflədilməsi üçün anti-Çin təbliğatı aparılmışdı. Lakin müasir dövrdə Mərkəzi Asiyada, eləcə də dünyanın digər hissələrində sinofobiyanı doğuran ən mühüm səbəb Çinin dünya hökmranlığına iddiaları ilə bağlıdır.

Son onillikdə Pekin Mərkəzi Asiya ölkələrinin hər biri ilə ayrı-ayrılıqda hərtərəfli strateji əməkdaşlıq sazişləri imzalayıb. İkitərəfli sıx təmasların qurulması ilə yanaşı, C+C5 kimi çoxtərəfli əməkdaşlıq formatı çərçivəsində də qarşılıqlı tərəfdaşlıq münasibətləri sürətlə inkişaf etdirilir. Həmçinin, Çin beynəlxalq infrastruktura layihələrindən biri olan Kəmər və Yol Təşəbbüsü çərçivəsində Mərkəzi Asiyanın tranzit potensialının artırılması üçün ciddi səylər göstərir. Sonuncu dəfə, 5+1 platforması çərçivəsində 2023-cü ilin may ayında Çində təşkil edilmiş Çin-Mərkəzi Asiya sammitində Çin lideri Mərkəzi Asiya dövlətlərinə 3.8 milyard dollar dəyərində maliyyə yardımı və qrantlar ayrılacağını vəd etmişdi.

Pekinin xarici ölkələrin daxili məsələlərinə müdaxilə etməmək prinsipini rəhbər götürməsi və eyni zamanda əməkdaşlıq etdiyi hökumətlər qarşısında hər hansı siyasi şərt və ya tələb irəli sürməməsi Çinin Mərkəzi Asiya dövlətləri ilə konstruktiv və harmonik münasibətlər qurmasına imkan verib.

Pekin-Astana əlaqələri

Mərkəzi Asiya ölkələri içərisində Çin üçün geostrateji və iqtisadi olaraq ən vacib ölkənin Qazaxıstan olduğunu nəzərə alaraq, yazıda Pekin-Astana əlaqələrinə daha çox yer verəcəyik. Mərkəzi Asiyanın ərazisinə görə ən böyük, eyni zamanda təbii ehtiyatlarına görə ən zəngin ölkəsi olan Qazaxıstanın Çinlə 1765 km uzunluğunda sərhədi var. Qazaxıstan təkcə neft və təbii qaz kimi karbohidrogen ehtiyatları ilə deyil, eləcə də uran kimi kritik yeraltı resurslar baxımından da olduqca zəngin ölkədir. Bundan başqa, Qazaxıstan Çindən Avropaya uzanan regionlararası tranzit marşrutların və ticarət dəhlizlərinin də keçdiyi ölkədir. Bütün bu unikal amillər Qazaxıstanı Çinin gözündə dəyərli edir. Təsadüfi deyil ki, Çinin hazırkı dövlət başçısı Si Cinpin 2013-cü ildə Kəmər və Yol Təşəbbüsü layihəsini Qazaxıstanın paytaxtı Astana şəhərində elan etmişdir. Həmçinin, Koronavirus pandemiyası ilə əlaqədar 3 il ərzində ölkəsindən kənara çıxmayan Si Cinpin ilk xarici dövlət səfəri üçün də məhz Qazaxıstanı seçmişdi.

Şanxay Əməkdaşlıq Təşkilatının qurucu üzvlərindən biri olan Qazaxıstan Çinlə ticarət və təhsildən tutmuş hərbi təlimlərə və terrorizmlə mübarizəyə qədər bir çox məsələlərdə əməkdaşlıq edir. Üstəlik, Kəmər və Yol Təşəbbüsü nəzdində enerji, mədənçilik, nəqliyyat-logistika, telekommunikasiya, yaşıl texnologiya kimi bir çox sahədə artan xətlə inkişaf edən əməkdaşlıqları də sadalamaq olar. Qazaxıstan Çinin bölgədə ən böyük birinci ticarət partnyorudur. Çin həm də Qazaxıstanın ən böyük investorlarından biridir. Belə ki, Pekin müstəqillikdən bu yana Qazaxıstan iqtisadiyyatına ümumilikdə 23 milyard dollar həcmində sərmayə qoyub.

Qazaxıstan Çinin əsas enerji tədarükçülərindən biridir. Enerji mənbələrinin diversifikasiyasına çalışan Pekin hökuməti, uzun illər Qazaxıstanın enerji sektoruna milyardlarla dollar həcmində investisiya qoyuluşu həyata keçirtmişdir. Çinin CNPC neft şirkəti Qazaxıstanın neft sənayesinin əsas səhmdarları arasında yer alır. Dəniz yolları vasitəsilə idxal edilən neft və qazın alternativ quru yollar ilə nəqli Çin hökuməti və iqtisadiyyatı üçün olduqca vacibdir.

Qazaxıstanın sahib olduğu boru şəbəkəsi 2013-cü ildən bu yana rus neftini də Çinə daşımaqdadır. 2023-cü ilin may ayında imzalanmış hökumətlərarası sazişə əsasən, Moskva, illik ötürmə qabiliyyəti 200.000 barel olan enerji daşıyıcılarından 2034-cü ilədək istifadə etmək hüququ əldə etmişdir. Qərbin iqtisadi sanksiyalarından yayınmağa çalışan Kreml Qazaxıstan vasitəsilə Çinə qaz nəqlinə hazırlaşır. Bununla da hazırda Rusiya və Çin arasında təbii qaz nəqlini həyata keçirən Sibir Gücü qaz boru xəttindən sonra ikinci bir enerji koridoru istifadəyə verilmiş olacaq.

Dünya üzrə uran ehtiyatlarının 15%-nə malik olan Qazaxıstan 2009-cu ildə planetin ən böyük uran istehsalçısına çevrildi.  Hal-hazırda dünyada istehsal olunan uranın 40%-dən çoxu Qazaxıstanın payına düşür. Qazaxıstan uranı Çinin tikdiyi və tikməkdə olduğu onlarla atom elektrik stansiyasının yanacaq tələbatını qarşılayan əsas komponentlərdəndir. Qazaxıstanın və dünyanın ən böyük uran istehsalçısı Kazatomprom Çinin müxtəlif korporasiyaları ilə əməkdaşlıq edir. Ölkədə hasil edilən təbii uranın böyük hissəsi Çinə ixrac edilir. Daha təmiz enerji əldə edilməsinə və karbon neytrallığına çalışan Pekin ölkənin ümumi enerji istehlakında günəş və külək enerjisi ilə yanaşı atom enerjisinin payını da artırmağa çalışır. Hazırda Çində ümumi gücü 53 qiqavatdan çox olan 55 atom elektrik stansiyası fəaliyyət göstərir. Bu da, əlbəttə ki, zənginləşdirilmiş urana tələbatı intensiv şəkildə artırır. Məhz bu səbəbdən  Çinin liderləri qazax həmkarları ilə rəsmi görüşlərdə neft və qazla yanaşı hər zaman uran məsələsini də diqqət mərkəzində saxlayırlar.

Şərqlə qərb arasında ən qısa və əlverişli quru əsaslı tranzit qovşaqların üzərində yerləşən Qazaxıstan Mərkəzi Asiya regionunda beynəlxalq yükdaşımaçılığa görə ən böyük potensiala malik ölkədir. Çin və Qazaxıstanın sərhədində yerləşən Horgos keçidi dünyanın ən böyük quru yük limanlarından və Çinin Qərbə açılan əsas qapılarından biri hesab edilir. Qazaxıstan hüdudları içərisində çoxşaxəli dəmir yol magistralları hesabına iki istiqamət üzrə,  həm cənub marşrutu ilə, yəni Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) vasitəsilə, həm də şimal marşrutu ilə, yəni Şimal Dəhlizi vasitəsilə karqo vaqonlarının Avropaya çatdırılması mümkündür. Kəmər və Yol Təşəbbüsünün 6 əsas iqtisadi koridorundan biri olan Çin – Mərkəzi və Qərbi Asiya Ticarət Dəhlizinə daxil olan Qazaxıstanın nəqliyyat-kommunikasiya infrastrukturunun modernizasiyası üçün Çin hökuməti böyük həcimdə sərmaye qoyub. Hal-hazırda Çin və Qazaxıstan arasında üçüncü dəmir yol xəttinin tikintisi gedir. Rusiya-Ukrayna müharibəsinin davam etməsi Qazaxıstanın tranzit ölkə kimi önəmini  Çinin gözündə artıran əsas faktorlardan biridir. Dünya siyasətində qeyri-müəyyənlik davam etdikcə Pekinin Astana ilə sıx təmaslar quraraq nəqliyyat-logistika sferasında əməkdaşlığını dərinləşdirəcəyini güman etmək olar.

Pekin-Daşkənd əlaqələri

Mərkəzi Asiyanın iqtisadi cəhətdən ikinci dövləti olan Özbəkistanla Çinin birbaşa sərhədi olmasa da, tərəflər arasındakı münasibətlər son illərdə artan xətlə inkişaf edir. 2016-ci ildə Şövkət Mirziyoyevin iqtidara gəlməsi və xələfindən fərqli olaraq ölkə iqtisadiyyatının liberallaşması istiqamətində bəzi tədbirlərin həyata keçirilməsi bir çox ölkələr kimi Çinin də Özbəkistan bazarına daxil olmasına münbit şərait yaradıb. Əlavə olaraq, Özbəkistan həm də Türkmənistan qazının Çinə nəql edilməsində tranzit ölkə rolunu oynayır. Belə ki, Çinin qərb əyalətlərini təbii qazla təmin edən Mərkəzi Asiya-Çin Qaz Boru Kəməri Özbəkistan ərazisindən keçir. Özbəkistanın özü də Çinə əhəmiyyətli miqdarda təbii qaz, eləcə də digər mallar, o cümlədən pambıq və qeyri-üzvi kimya məhsulları ixrac edir.

Bundan əlavə, Qazaxıstan kimi Özbəkistanın da tranzit ölkə kimi çəkisi günü-gündən artır. Özbəkistanın geostrateji  mövqeyi onu Xəzər dənizi, Fars körfəzi və Qara dənizdə yerləşən beynəlxalq dəniz limanları istiqamətində uzanan yolda əlverişli dəhlizə çevirir. Avropanın tətbiq etdiyi sanksiyalardan sonra Pekinin Rusiya ərazisindən keçən beynəlxalq ticarət dəhlizlərinə alternativ marşrut axtarışına başlaması Özbəkistana müxtəlif istiqamətlər üzrə nəqliyyat qovşağı olmaqda əhəmiyyətli gelir qazandırıb. Hazırda inşaat işləri davam etdirilən 523 km uzunluğunda Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu magistralının yaxın gələcəkdə Asiya və Avropa arasında vacib rol oynayacağı istisna edilmir. 15 milyard dollarlıq transregional nəqliyyat layihəsi ikiqat qapalı ölkə hesab edilən Özbəkistana  qlobal bazarlara çıxışı baxımından əlavə fürsətlər yaradır. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin Çindən Avropaya və Yaxın Şərqə yük daşımalarında ən qısa marşrut olacağı təxmin edilir.

Çinin son vaxtlar Özbəkistanda fəal olduğu digər sahələr maşınqayırma və yaşıl enerji kimi sahələrdir. Çinin BYDChery kimi nəhəng avtomobil istehsalçıları Özbəkistanın yerli korporasiyaları ilə əməkdaşlıq edir. Dünyanın ən böyük elektromobil və batareya istehsalçılarından biri olan BYD Özbəkistanın yeni nəsil maşınqayırma sənayesinin inkişafında mühüm rol oynayır. 2022-ci ilin avqust ayında əldə edilmiş razılaşmaya əsasən, sözügedən Çin şirkətinə məxsus avtomobillərin Özbəkistanda istehsalı həyata keçiriləcək.

Çin və Özbəkistan hökumətləri alternativ enerji mənbələrinin inkişaf etdirilməsi üzrə də tərəfdaşlıq edirlər. 2023-cü ilin fevral ayında Daşkənd Çinin Energy ChinaHuaneng Renewables kimi yaşıl enerji üzrə ixtisaslaşmış korporasiyaları ilə Özbəkistanın müxtəlif əyalətlərində günəş elektrik stansiyalarının tikintisi üçün müqavilə imzalayıb. Özbəkistanın Fərqanə əyalətində günəş panelləri istehsal edəcək zavodun tikintisi də Pekinin əsas planları arasındadır. Bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalını prioritetləşdirən Özbəkistan hakimiyyəti yaşıl enerji sektorunun payını artırmaqla enerji qıtlığının öhdəsindən gəlməyə ümid edir. Mərkəzi Asiya ölkələrinin yaşıl enerjiyə keçidində Çinin imkanlarından bəhrələnəcəyi şübhəsizdir.

Pekin-Aşqabad əlaqələri

Mərkəzi Asiyanın ərazisinə görə ikinci dövləti Türkmənistan təbii qaz ehtiyatları baxımından dünyanın ən zəngin beşinci ölkəsidir. Pekin-Aşqabat münasibətlərinin mərkəzində Türkmənistanın sahib olduğu nəhəng karbohidrogen resursları durur. Bu da Türkmənistanı Çinin qaz təchizatında əsas oyunçulardan biri edir. Çinin qaz ehtiyacının 30%-dən çoxunu bu ölkə qarşılayır. Hal-hazırda bir-birinə paralel şəkildə uzanmış 1833 km uzunluğunda 3 boru xətti Türkmənistanın müxtəlif qaz yataqlarından hasil edilmiş mavi yanacağı Çinə daşıyır. Müvafiq olaraq, 2009, 2010 və 2014-cü illərdə istifadəyə verilmiş A, BC xətlərinin tikintisi Çin tərəfinin ayırdığı vəsait hesabına mümkün olub. Mərkəzi Asiya-Çin Boru Kəməri adlı bu təbii qaz şəbəkəsinin keçdiyi tranzit ölkələr isə Özbəkistan və Qazaxıstandır.

2023-cü ilin yanvar ayında Pekində həmkarı ilə görüşən Türkmənistan prezidenti Sərdar Berdimüəhəmmədov dördüncü qaz kəmərinin çəkilişinə dair müzakirələr aparıb. D Xətti olaraq bilinən yeni qaz magistralı Özbəkistan, Tacikistan və Qırğızıstan sərhədlərindən keçməklə Türkmənistan qazını Çinə nəql edəcək. Türkmənistan lideri Çində sərt və uzunmüddətli karantin qaydalarının ləğvindən sonra ölkəyə dəvət edilmiş ikinci dövlət başçısıdır. Digər tərəfdən, Türkmənistan qazı həm də Çinin Rusiya qazından asılılığını azaltmaq üçün Pekinin mövqeyini gücləndirən və Moskva qarşısında manevr imkanlarını artıran siyasi bir vasitədir. Məhz bu səbəbdən Çin tərəfi rusların təkid etdiyi Sibir Gücü 2 qaz layihəsindənsə, Türkmənistandan çəkiləcək alternativ enerji daşıyıcılarına daha çox maraq göstərir. Beləliklə, Pekin Mərkəzi Asiyanın ən böyük xammal ixracatçısı olaraq qalacaq. Qeyd etmək lazımdır ki, Türkmənistan qazının Çindən sonra ən böyük ikinci alıcısı Rusiyadır.

Enerji layihələrindən başqa, Kəmər və Yol Təşəbbüsü çərçivəsində Türkmənistanın tranzit rolunun artırılması da iki ölkənin gündəliyində duran əsas məsələlərdən biridir. Türkmənistanın gələcəkdə Çin-Qırğızıstan-Özbəkistan dəmir yol şəbəkəsinə inteqrasiyası planlaşdırılır.  Qeyd edilən trans-regional nəqliyyat layihəsi reallaşacağı təqdirdə, Çin, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Əfqanıstan və Pakistanı birləşdirən dəmir yolu şəbəkəsinin yaradılması mümkün olacaq. Qeyd edək ki, ittifaq və bloklara qoşulmamaq siyasəti yürüdən Türkmənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmayan yeganə Mərkəzi Asiya dövlətidir.

Pekin-Bişkek əlaqələri

Mərkəzi Asiyada Çinlə birbaşa quru sərhədi olan ikinci türkdilli dövlət Qırğızıstandır. Bu ölkə qonşuları kimi neft və qaz ehtiyatlarına sahib olmasa da, qızıl mədənləri və dəmir filizi yataqları ilə zəngindir. Qırğızıstan Çinin regiondakı ən böyük ikinci ticarət tərəfdaşıdır. Çin həm də Qırğızıstanın ən böyük kreditorudur. Ölkədə həyata keçirilmiş bir sıra infrastruktur layihələr Çin banklarının ayırdığı kreditlər hesabına mümkün olmuşdur. Bu layihələr həm də Qırğızıstanın küllü miqdarda borclanmasına səbəb olmuşdur. Qırğızıstanın ümumi dövlət borcunun 40%-ə yaxını Çinədir. Çinlə əməkdaşlığın müsbət tendensiyalarından biri kimi Qırğızıstanın inşası planlanlaşdırılan Çin-Qırğızıstan-Özbəkistan dəmir yol layihəsində iştirakı göstərilə bilər.  Layihə Qırğızıstanı regionun əsas tranzit dövlətlərindən birinə çevirə bilər ki,  bu da Bişkekə əlavə maliyyə axınını təmin edəcək.

Qırğızıstan həm də Mərkəzi Asiyada Çinə ən çox problemlər yaradan dövlətdir. Çinin ölkədəki biznes təşəbbüslərinə qarşı regionda ən çox narazılığın yarandığı dövlət Qırğızıstandır. 2020-ci ildə Çinin Qırğızıstana aid Narın Azad İqtisadi Zonasını 49 il müddətinə icarəyə götürməsi xəbərindən sonra lokal müstəvidə nümayişlər baş vermişdi. Ətraf ərazilərdəki torpaqların da əllərindən çıxacağından narahat olan yerli qırğızların etirazından sonra Çin sazişdən imtina etməyə məcbur olmuşdur. Çinin zaman-zaman uyğurlarla bərabər yerli qırğızları da Sincan-Uyğur Muxtar Rayonunda yerləşən əmək düşərgələrində məcburi saxlaması xəbəri qırğız millətçilərinin Çin əleyhinə nümayişlər təşkil etməsinə səbəb olmuşdu zəmin yaradıb.

Pekin-Düşənbə əlaqələri

Regionun yeganə qeyri-türk dövləti Tacikistan Çinlə həmsərhəd olan Mərkəzi Asiyanın üç ölkəsindən biridir. Tacikistan da qonşuları kimi Çin mənşəli investisiyaların yatırıldığı əsas yerlərdən biridir. Çin İxrac-İdxal Bankı Asiya İnfrastruktur İnvestisiya Bankının təmin etdiyi kreditlərlə ölkədə zəruri infrastruktur quruculuğu (su elektrik stansiyası və elektrik şəbəkələri, magistral yollar və s.) həyata keçirilib. Bir çox aspektdən Qırğızıstanla oxşar olan bu ölkənin də Çinə külli miqdarda borcu var. Düşənbənin ödəməli olduğu 3.1 milyard dollarlıq ümumi dövlət borcunun təxminən yarısı Çinin payına düşür. Üstəlik, yeni kreditlərin alınmasına dair yeni müqavilələr imzalanıb. Mineral resurslarla zəngin olan Tacikistan, Pamir dağlarının altında olan faydalı qazıntıların (qızıl, gümüş, mis, uran və s.) bir qismini Çinin mədənçilik şirkətlərinə həvalə edib.

Tacikistanın Çinlə Əfqanıstanı birləşdirən Vakan Dəhlizi ilə həmsərhəd olması onu Çinin regional təhlükəsizlik siyasətinə daxil edən faktordur. Vaxtilə Çar Rusiyası ilə Britaniya İmperiyasi arasında bufer zona olaraq təsdiq edilmiş 90 kilometr uzunluğundakı bu ensiz koridorun ciddi tranzit potensialı olsa da, Əfqanistandakı qeyri-sabit vəziyyət ondan istifadə imkanlarını məhdudlaşdırır. Çin Əfqanıstandakı siyasi xaosun və dini ekstremizmin Mərkəzi Asiyaya sıçramasının qarşını almaq üçün  ŞƏT xəttilə Tacik-Əfqan sərhədinə yaxın bölgələrdə vaxtaşırı hərbi təlimlər keçir. Bundan başqa, 2016-cı ilin oktyabr ayında Tacikistan və Çin hökumətləri arasında Tacik-Əfqan sərhədində sərhəd məntəqələrinin tikintisinə dair saziş imzalanıb. Həmin sazişə əsasən, Çin tərəfinin ayırdığı vəsait hesabına Tacikistan-Əfqanıstan sərhədi boyu üç komandanlıq mərkəzi, beş sərhəd xidməti məntəqəsi, beş sərhəd keçid xidməti məntəqəsi və bir təlim mərkəzinin tikintisinə başlanılıb. Həmin ildə dövlətlərarası kəşfiyyat məlumatlarının mübadiləsini asanlaşdırmaq üçün Çin, Tacikistan, Pakistan və Əfqanıstan arasında Dördtərəfli Əməkdaşlıq və Koordinasiya Mexanizmi yaradılıb. Əfqanistanda Talibanın iqtidara gəlməsi Çinin Vakan Dəhlizi boyu yerləşən Tacikistan və Pakistan kimi qonşu ölkələrdə təhlükəsizlik tədbirlərini artıracağı ehtimal olunur. 

Nəticə

Məqalənin məzmunundan bəlli olduğu kimi, Çinin xarici siyasi diskursunda geoiqtisadi maraqlar hələ də mühüm əhəmiyyət təşkil etdiyindən, Pekin Mərkəzi Asiyada öz mövqeyini daha çox iqtisadi və texnoloji sferalarda  möhkəmləndirir. Regionda Çinin təklif etdiyi sərmaye və texnologiyaya alternativ olmadığından Pekinin Mərkəzi Asiyada sosial-iqtisadi dayaqlarının daha da güclənəcəyinin şahidi olacağıq. Bu da Çinin region dövlətlərinin ictimai-siyasi həyatında daha güclü təsir alətinə çevrilməsinə imkan yaradacaq.

Regional təhlükəsizlik və sabitlik məsələlərində Rusiyanın dominant mövqeyi Pekinin hazırkı maraqlarına cavab verir. Çin hakimiyyəti bu məsələdə hələ uzun müddət regionun ənənəvi hegemon aktorunu əvəzləyə bilməyəcəyini anlayır. Son bir ildə yaşanan geosiyasi kataklizmlərə görə Moskvanın nüfuzuna xələl gəlsə də, Mərkəzi Asiyanın əsas təhlükəsizlik təminatçısı hələ də Rusiya hesab edilir. Digər tərəfdən Kremlin əli ilə Mərkəzi Asiya dövlətlərindəki mövcud iqtidarların saxlanılması və ən əsası, başda ABŞ olmaqla, Qərb dünyasının regiondan kənarlaşdıılması Pekinə sərf edir. Ümumi mənzərədən görünən odur ki, Mərkəzi Asiya orta və uzunmüddətli perspektivdə Çinin həm enerji, həm regional təhlükəsizlik, həm də nəqliyyat-logistika siyasətində mühüm yerlərdən birini tutmağa davam edəcək.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.