fbpx

Cəmiyyət

Cəmiyyət

Feminist xarici siyasət və avtoritar cins siyasəti: Almaniya-Azərbaycan əlaqələri

Read this article on other language
Download article
image_pdf
image_pdf

Feminist düşüncə, feminist yanaşma və feminist fəaliyyətlər lokal, regional və beynəlxalq müstəvidən çıxaraq qlobal trend olub. Demokratik  dövlətlər beynəlxalq müstəvidəki insan hüquqları, sülh və təhlükəsizlik, iqlim dəyişikliyi kimi məsələlər üzrə qəbul edilmiş qətnamələri əsas alaraq, təkcə daxili deyil, xarici siyasətlərini də bəşəri prinsip və dəyərlər üzərində qurur. Bu istiqamətdə mühüm addımlardan biri patriarxal düşüncə əsasında formalaşmış ənənəvi xarici siyasətə müqavimət olaraq 2014-cü ildə meydana çıxan feminist xarici siyasət anlayışı və konsepsiyasıdır. Bu konsepsiya xarici siyasətdəki hökumətlərarası münasibətləri və təhlükəsizlik anlayışını mübahisələndirir, onları yenidən təftiş edir, xarici siyasətdə aktiv sülhü və təhlükəsizliyi, azadlığı, bərabərliyi və ətraf mühiti prioritetləşdirir.

Bir sıra dövlətlər xarici siyasətlərini feminist düşüncə əsasında təkmilləşdirib və öz feminist xarici siyasət təlimatlarını təqdim ediblər. Hələ ki, bu proqressiv addımı atan ölkələr aşağıdakılardır: İsveç (2014), Kanada (2017), Fransa (2018), Lüksemburq (2019), Meksika (2020), İspaniya (2021), Liviya (2021), Çili (2022) və Almaniya (2023). Mən məhz Almaniya Federativ Respublikasının feminist xarici siyasətinə fokuslanacağam. Almaniya Azərbaycan üçün Avropa İttifaqındakı vacib tərəfdaş dövlətlərdən biri hesab edilir. Feminist xarici siyasət çərçivəsində Azərbaycan-Almaniya əlaqələrinə nəzər salmaq bu baxımdan əhəmiyyətlidir.

Azərbaycan ilə Almaniya arasında əsasən iqtisadi əməkdaşlığa və enerji ticarətinə əsaslanan 30 illik diplomatik münasibətlər mövcuddur. Lakin artıq Azərbaycan ilə münasibətində Almaniya özünün feminist xarici siyasət təlimat sənədindəki prinsiplərə əsasən, Azərbaycandakı qadın və LGBTQ+ hüquqlarının vəziyyəti nəzərə almalı olacaq. Azərbaycanda bu sahədə vəziyyət necədir və feminist xarici siyasət çərçivəsində hansı istiqamətlər ikitərəfli münasibətlərdə müzakirə predmetidir və Almaniya Azərbaycan ilə münasibətdə hansı feminist prinsipləri nəzərə alır?

Feminist xarici siyasət etikası ilə avtoritar dövlətlə əməkdaşlıqda müxtəlif böhranların yaşanacağı istisna edilmir. Məsələn, 2015-ci ildə İsveçin xarici işlər naziri Marqot Vallştröm Ərəb Liqasında açılış nitqi söyləmək üçün dəvət edilmişdi, lakin İsveç hökumətinin Səudiyyə Ərəbistanında qadın hüquqlarının vəziyyətini tənqid etməsini əsas gətirərək Səudiyyə Ərəbistanı Vallştrömün çıxış etməsinə mane olmuşdu. Hadisədən bir neçə gün sonra İsveç Səudiyyə Ərəbistanı ilə 10 illik müddətə imzalanmış silah ticarəti sazişini feminist xarici siyasət prinsiplərinə əsasən ləğv etdi (Spiegel 2015).

 Məqalədə əvvəlcə feminist xarici siyasətə tərif verəcəyəm və Almaniyanın feminist xarici siyasətini xülasə edəcəyəm. Sonra isə Azərbaycanda avtoritar cins siyasətinin istiqamətlərini təsnifatlandıracağam və bu təsnifat fonunda feminist xarici siyasət etikası çərçivəsində Almaniya-Azərbaycan əlaqələrini dəyərləndirəcəyəm.[1] 

Feminist xarici siyasət nədir?

Feminist xarici siyasətə aşağıdakı kimi tərif verilir:

Feminist xarici siyasət bir dövlətin digər dövlətlərlə, eləcə də hərəkatlar və ya qeyri-dövlət aktorları ilə olan qarşılıqlı əlaqələrini məhz sülh, gender bərabərliyi və ətraf mühitin bütünlüyü üzərində quraraq apardığı siyasətidir; feminist xarici siyasət üçün insan hüquqları toxunulmazdır və o, bunu təşviq edir; feminist xarici siyasət hər kəsin insan hüquqlarını müdafiə edir; müstəmləkəçi, irqçi, patriarxal və kişi dominantlı güc strukturlarının sıradan çıxmasına cəhd edir; […] (Tompson və d. 2020)

Feminist xarici siyasət ilk dəfə 2014-cü ildə İsveçin sosial-demokrat siyasətçisi və keçmiş xarici işlər naziri (2014-2019) Vallştröm tərəfindən elan edilib. Hökumət eyni ildə zəuri resurslar və artan iştirakçılıqla qadın hüquqlarının dəstəklənməsi üzrə feminist xarici siyasət sənədini qəbul edib və  bu təşəbbüsünə görə İsveçfeminist xarici siyasətinin anası” kimi təqdim edilir (Tompson və d. 2021, 2).

Feminist xarici siyasətin mərkəzi motivləri interseksionallıq, empatik refleksivlik, həqiqi təmsilçilik, iştirakçılıq, hesabatlılıq və aktiv sülh ödəliyi üzərində qurulub. Cinsinə, sinfinə, irqinə, fiziki məhdudiyyətinə, yaşına və cinsi oriyentasiyasına görə ayrı-seçkiliyə məruz qalanlar müdafiə edilir, habelə onların siyasi, ictimai, iqtisadi proseslərdə təmsilçilik və iştirakçılığı dəstəklənir. Siyasətçilərin və idarəçilərin “təkcə institutlar, idarələr qaşısında deyil, eyni zamanda icmalar və fərdlər qarşısında da” hesabatlı olmasını təşviq edilir (Cheung və d. 2021, 8). Aktiv sülh təkcə müharibə və zorakılığın olmaması yox, bunlarla yanaşı sosial ədalətin və rifahın bərqərar olması sayılır. Müharibə və zorakılığın olmaması passiv, natamam sülh hesab edilir. Beləliklə, anti-müharibə mövqeyi və zorakılığa qarşı çıxma ilə yanaşı, feminist xarici siyasət sosial ədaləti və rifahı təmin edən siyasətləri də dəstəkləyir. 

Almaniyanın feminist xarici siyasətinin əsasları

Almaniyanın 1 mart 2023-cü ildə qüvvəyə minmiş feminist xarici siyasət təlimat sənədi hüquqlar, resurslar və təmsilçilik əsaslıdır. Almaniya xarici siyasətdə – sülh və təhlükəsizlik; humanitar yardım öhdəliyi; insan hüquqları; iqlim və enerji xarici siyasəti; xarici ticarət siyasəti; xarici mədəni və sosial siyasət sahələrində – feminist perspektivə əsaslanaraq fəaliyyət göstərəcək. Daxildə – Almaniyanın Xarici Siyasət İdarəsi və İqtisadi Əməkdaşlıq və İnkişaf  Nazirliyində iş mühiti və iş tərzinin dəyişdirilməsi üzrə iş aparacaq. Burada dövlət idarəsində bərabər təmsilçilik, fərqlilik və inklüzivlik; iş yerində bərabər şanslar, seksizmsiz iş mühiti; diplomatların gender və fərqlilik mövzusunda biliklərinin artırılması; feminist xarici siyasət konsepsiyasının təkmilləşdirilməsi kimi feminist fəaliyyətlər nəzərdə tutulur.

Alman feminist xarici siyasəti sülh və təhlükəsizlik məsələsində silahsızlaşmanı və silahlı münaqişlərdə cins əsaslı zorakılıqla mübarizə işini prioritetləşdirir. Bununla yanaşı, qadınların və marginallaşdırılmış qrupların sülh quruculuğunda iştiraka cəlb edilməsini əsas tutur. Həmçinin münaqişə cinayətkarlarının məsuliyyətə cəlb edilməsi feminist xarici siyasətdə yer alır. Məsələn, Almaniya Ukrayna dövlət qurumlarının silahlı münaqişədə cins əsaslı cinayət haqqında maariflənməsi, cinayətlərin sənədləşdirilməsi və cinayətkarların məsuliyyətə cəlb edilməsi üzrə işlərə dəstək verib.

Feminist xarici siyasət insan hüquqları sahəsində xarici ölkələrdə qadınların hüquqlarının pozulduğu hallarla mübarizəni və diskriminasiyaya məruz qalan qrupların dəstəklənməsini əhatə edir. Xüsusən, reproduktiv sağlamlıq hüquqlarının müdafiəsi, qadın sünnəti kimi zərərli adətlərin aradan qaldırılması və LGBTQ+ hədəfli zorakılıq və diskriminasiyaya qarşı mübarizə işləri prioritetləşdirilir. O cümlədən Almaniyanın bütün səfirlikləri Qürür tədbirlərində həmrəylik göstərmək, insan hüquqları layihələrini dəstəkləmək, LGBTQ+ şəxslərin hüquqları barədə yerləşdiyi ölkələrin hökumətlərinə məsləhətlər vermək, habelə LGBTQ+ hüquq müdafiəçilərini viza, qoruma və s. kimi məsələlərdə dəstəkləmək barəsində təlimatlandırılır.

İqlim böhranının və enerji məsələlərinin gətirdiyi cins əsaslı problemlər feminist xarici siyasətdə nəzərə alınacaq və bundan sonrakı iqlim və enerji siyasətləri bu qəbildən problemlərə yol açmayacaq üsulda tətbiq ediləcək. Qadınların və marginallaşmış qrupların iqtisadi proseslərdə, incəsənət, mədəniyyət, təhsil, media, tədqiqat və elm sahələrində iştirakçılığı da dəstəklənəcək. 

Azərbaycanda avtoritar cins siyasəti

Azərbaycan sekulyar ölkədir, lakin patriarxal ənənələrin və patriarxal cins nizamının avtoritar hökumət üçün əlverişli tərəfləri var. Ölkədə cinsin mövcud avtoritar sistemi sabitləyən rolu var. Kimliyin əsas komponenti kimi qavranılan cins, təkcə cins dualizmini xarakterizə edən əlamət yox, həm də iqtidar və legitimlik baxımından siyasi sistemi dəstəkləyən aspektdir. Avtoritar dövlət və antifeminist vətəndaş cəmiyyəti Azərbaycan cəmiyyətinin cins münasibətlərində demokratikləşməsinin və modernləşməsinin qarşısını alan və ya bu prosesləri gecikdirən tərəflərdir. Azərbaycanda 2019-cu ildən yenidən ənənəviləşmə, görünməz institusional cinsiyyətçilik, seksual şəxsiliyin pozulması, iyerarxik cins nizamını təşviq edən qanunvericiliyin mühafizəsi, patriarxal ailə institutunun izzətlənməsi, LGBTQ+ düşmənçiliyi və bunların əsasında formalaşan milli antifeminist axının ildən-ilə yüksəlişi müşahidə edilir. Bunlar dövlət rəsmiləri, parlament üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri, kütləvi informasiya vasitələri tərəfindən təşviq edilir və ənənəvi strukturlar tərəfindən icra edilir. Bu reqressiv dəyişiklik bizə cinsin və patriarxal cins nizamının avtoritar sistemin davamlılığını təmin edən faktorlardan olduğu qənaətinə gəlməyə əsas verir.

Azərbaycanda digər siyasi-ictimai sahələrdə olduğu kimi, cins siyasəti də əsasən Rusiya və Türkiyə təcrübələrini örnək götürərək formalaşır. Bu ölkələrin cins siyasətindəki uğuruğursuzluqlarından nəticə çıxarılır, onların gender strategiyaları və qanunvericilikləri kopyalanır və milli cins siyasəti kimi tətbiq olunur. Bu proses cins siyasətinin avtoritar öyrənilməsidir.[2]

Azərbaycanda avtoritar cins siyasəti yenidən ənənəviləşmə əsasında formalaşır. Yenidən ənənəviləşmə cins münasibətləri və cins nizamındakı liberallaşmağa qarşı lokal ənənəvi-patriarxal cins münasibətlərini mühafizə etmək və ya bunu yenidən bərpa etmək cəhdləridir. Bu reqressiv addım ölkədə feminizmin birinci transformasiyasından sonra avtoritar sabitliyi pozan feminist təhdidlərə cavab olaraq əmələ gəlib. Prezident Əliyev rəsmi olaraq ilk dəfə Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki nitqində yenidən ənənəviləşmə istiqamətini göstərib (Cəlil 2022). O, gənc nəsilə xitabən qeyd edib ki, onun hökuməti dövləti ənənəvi dəyərlər üzərində qurur; böyük-kiçik məsələləri, qadın və kişinin rolları var. O, həmçinin qadınların kişilər tərəfindən qorunmasının vacibliyini və bizim bu ənənəvi düşüncədən kənarda yaşamağımızın mümkünsüzlüyünü vurğulayıb (Əliyev 2019). Bu düşüncə iyerarxik və binar cins nizamının tərənnümünü, ənənəvi gender rollarının izzətlənməsini, gənclərin yaşlılara tabeçiliyini və patriarxal cins münasibətinin təşviqini əks etdirir.

Əliyevin işarə etdiyi ənənəviləşmə siyasəti daha sonra parlament, universitetlər, dövlət qurumları və media tərəfindən təşviq edilməyə başlandı. Yenidən ənənəviləşmə əsasən işçi sinfindən olan qadınların siyasi iştirakçılığının qarşısını alır; onların pis idarəçiliyin mühakiməsində, yoxsulluğun mübahisələndirilməsində, əməyin institusional istismarı və s. kimi məsələlərdə itaətkar qalmasını möhkəmlədir. Beləliklə, qadınların struktural problemlərə qarşı etiraz ruhu və siyasi iştirakçılıq potensialı patriarxal-kapitalist dövlət tərəfindən tənzimlənir və avtoritar sabitliyin qorunması üçün avtoritar cins siyasətləri tətbiq edilir.

Azərbaycanda yenidən ənənəviləşmə əsasında formalaşan avtoritar cins siyasətinin əsas istiqamətlərini aşağıdakı kimi təsnifatlandırıram:

  1. Cins əsaslı panoptika
  2. LGBTQ+ düşmənçiliyi
  3. Görünməz institusional seksizm
  4. Patriarxal qanunvericiliyin mühafizəsi
  5. Patriarxal ailə institutunun təşviqi

Cins əsaslı panoptika şəxsi məkanlara gizli yerləşdirilmiş qurğular və kiber cinayətkarlıqla əldə edilən seksual məlumatların siyasi rəqiblərə qarşı istifadə edilməsidir. Cins əsaslı panoptik siyasətlə avtoritar dövlət vətəndaşı obyekt olaraq görür, onun fərdi və siyasi muxtariyyətini tanımır (Cəlil 2021). Belə ki, dövlət tərəfindən vətəndaşın seksual şəxsiliyinin pozulması, şəxsi informasiyaların paylaşılması və şəxsi məkana icazəsiz giriş halları geniş yayılıb (Patrucic və  Bloss 2021). 2005-ci ildən 2023-cü ilədək siyasi müstəvidə çox sayda vətəndaşın seksual şəxsiliyinin pozulduğu 15 insident baş verib (insident siyahısı məqaləyə əlavədədir).[3] Hədəf alınanlar siyasi rəqiblər, jurnalistlər, ictimai fəallar və onların qadın ailə üzvləri, həmçinin siyasi səhnədə olan qadınlardır. Burada məqsəd cins faktoru üzərindən müxalif şəxsləri etibarsızlaşdırmaq və onları siyasi iştirakçılıqdan çəkindirmək, eyni zamanda da seksuallığın tabulaşdırılması və ayıblanmasıdır.

LGBTQ+ düşmənçiliyi ən geniş yayılmış sosial-siyasi fenomenlərdən biridir. Kuir icma bütün sosial qruplar arasında ən təməl insan hüquqları pozulan və həyat təhlükəsizliyinin təminatı olmayan yeganə sosial kəsimdir. Bu kəsimin özünü də kateqoriyalaşdırsaq, içərisində ən çox əzilən və həyat təhlükəsizliyi olmayan təbəqə işçi sinfinə mənsub olan LGBTQ+ vətəndaşlardır. Azərbaycanda qanunvericilik binar kimlik üzərindən kateqoriyalaşıb deyə kuir vətəndaşların hüquqlarını müdafiə edən heç bir normativ əsas yoxdur. Bu, onların qətllərini, yaşayış imkanlarından məhrum edilməsi və təqib edilməsi hallarını daha da artırır. Bir çox hallarda siyasətçilər, hüquq müdafiəçiləri, jurnalistlər, sosial media fenomenləri kimi ictimai fiqurlar cəmiyyətdə LGBTQ+ düşmənçiliyini yüksəldir, nifrət nitqi ilə çıxış edərək bu düşmənçiliyi təşviq edirlər (QueeRadar 2020, 2021, 2022).

Görünməz institusional seksizm təkcə iş və vəzifənin ədalətsiz bölgüsü, səlahiyyətləndirməmə kimi hallar yox, iş həyatında irəliləmək istəyən qadınlara qarşı seksual qısnama və cinsi istismar hallarıdır. Dövlət müəssisələrində qadın işçilərə qarşı cinsi qısnama və seksual istismar az qala davranış kodeksi halıdı. Xüsusən ordu və təhlükəsizlik kimi dövlət orqanlarında teatr, opera kimi incəsənət sahələrində fəaliyyət göstərən qadınlar iş həyatlarında seks obyekti kimi hədəfə alınır və cinsi qısnamalara məruz qalır (Fem-Utopia 2023). Məsələn, 2022-ci ildə Fövqəladə Hallar Nazirliyinin polkovniki Zaur Mirzəyevin tabeliyində fəaliyyət göstərən qadınları özünün iş otağında cinsi istismara məruz qoyması və seks prosesini gizli kamera ilə çəkməsi bu faktlardan biridir (Azadlıq Radiosu 2023). Feminist icma 8 mart 2023-cü il tarixindəki nümayişində dövlət müəssisələrindəki cinsi istismar hallarına etiraz etsə də, bu faktlar siyasi-ictimai müstəvidə geniş müzakirə edilmir. Cinsi istismara məruz qalmış qadınların hüquqlarının müdafiəsi təmin edilmir. Görünməz institusional seksizmə qarşı susqunluq cinsi istismar hallarını artırır.

Patriarxal qanunvericiliyin mühafizəsi halları BMT başda olmaqla, bir sıra beynəlxalq təşkilatların Azərbaycan hökuməti qarşısında İstanbul Konvensiyasını imzalama və ratifikasiya məsələsini qaldırmaqla başlayıb. Milli Məclis üzvlərinin əksəriyyəti İstanbul Konvensiyasının təhlükəli olduğunu ifadə edir və onun qəbulunu rədd edir. Məsələn, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli konvensiyanın heç bir müsbət təsirinin olmayacağını, əksinə ailə institutuna təhlükə yaradacağını ifadə edir (Kərimli 2021). Hər il feminist və kuir vətəndaş cəmiyyəti təşkilatları insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatlar hazırlayır və gender sahəsindəki qanunvericilikdə müvafiq dəyişikliklər edilməsini təklif edirlər (Khalilova 2020; Nafas LGBT Azerbaijan Alliance 2020; Jalil 2020;). Lakin belə təkliflər heç vaxt Milli Məclisdə müzakirə mövzusu olmur.

Patriarxal ailə institutunun təşviqi ailə insitutunun tənəzzülə doğru getməsi fonunda baş verir. Ailə dövlətin təməli kimi görüldüyü üçün patriarxal ailə institunun müqəddəsliyi, toxunulmazlığı və onun dövlət nəzarəti altında mühafizəsi təşviq edilir. Ailə içində assimmetrik güc və təhkimçi rollar, yuxarıya doğru tabeçilik (uşaq anaya, ana ataya, ata dövlətə tabedir) və ya aşağıya qarşı nəzarət mexanizmi (dövlətin kişi, kişinin qadın, qadının uşaq üzərində nəzarəti), yəni patriarxal nəzarət bərqərardır.

Ailə və gender məsələləri üzrə dövlət siyasətini və bunun tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Ailə Qadın və Uşaq Problemləri üzrə Komitədir. Komitə Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq çərçivəsində 2021-ci ildə Azərbaycanda mövcud ailə münasibətləri: Sosial-psixoloji təhlil adlı hesabat təqdim edib. Hesabatda cins nizamının liberallaşması və gender bərabərliyi “[d]əyərlər sisteminin qərbləşməsi, neoliberal Qərb dəyərlərinin dünyaya aqressiv təbliği və mədəni hegemonluq, mədəni imperializm geosiyasəti vasitəsilə yayılması” kimi təqdim edilir (Hesabat 2021, 9). Burada məqsəd neoliberal və kolonial əsaslı siyasətlərin tənqidindən sui-istifadə edərək, avtoritar sistemin sabitliyinin mühafizəsi üçün patriarxal ailə nizamını legitimləşdirməkdir.

Hesabatda Ailə Məsələləri Nazirliyinin, Ailə Mediasiyası İnstitutunun, Azərbaycan Familistik Tədqiqatlar Elmi Mərkəzinin yaradılması təklif edilir. Bundan başqa, “subay qalmaq istəyən qadın və kişilərin sayının artmasını, ‘uşaqsız ailə’ modelini seçənlərin sayının yüksəlişini və nikah sayının azalmasına nisbətdə boşanmaların sayının artmasını, habelə nikahdankənar cinsi münasibətlərin normallaşması hallarının intensivləşməyini” hesabat təhlükəli tendensiyalar hesab edərək, ailə institutunun qorunmasında paternalist və mühafizəkar ailə siyasətinin tətbiqini hökumətə təklif edir (Hesabat 2021, 10). Feministlər və LGBTQ+ fərdləri ailə institunun tənəzzülündə xüsusi fəallıq göstərən transformasiya agentləri adlandırılır (Hesabat 2021, 57).

Almaniya-Azərbaycan əlaqələri

Almaniyanın xarici siyasət prioriteti Azərbaycan hökuməti ilə enerji ticarətinə köklənib və Azərbaycandakı insan hüquqları sahəsində pozuntular bu sahədəki qarşılıqlı əməkdaşlığın daha da inkişafına heç vaxt mane olmayıb. Almaniya “insan hüquqlarının vəziyyətini, demokratiya defisitini və mətbuat azadlığını, habelə aqressiv xarici siyasəti hesaba almadan” avtoritar Azərbaycan hökuməti ilə məhz özünün enerji maraqları üçün sıx əməkdaşlıq edir (Schutte 2023). Yalnız 2010-2013-cü illərdə səfir Herbert Kvellenin Azərbaycanda fəaliyyəti zamanı ölkədəki siyasəsi həbslər, media və ifadə azadlığı ilə bağlı pozuntular mühakimə edilib. Qadın və LGBTQ+ hüquqları istiqamətində isə Roza Luksemburq Fondu və Haynrix Böll Fondunun son illərdəki regional feminist layihələri xaricində Almaniyanın Azərbaycanda feminist konsepsiyalı ardıcıl heç bir aktiv siyasəti olmayıb. Almaniyanın ölkədəki feminist fəaliyyəti Almaniya səfirliyinin 8 martda Bakının mərkəzində qadınlara gül hədiyyə etmək aksiyasından və Fransa-Almaniya Gender Bərabərliyi Müsabiqəsindən ibarətdir.

Feminist xarici siyasət təlimat sənədinin qəbulundan sonra da Azərbaycan ilə ikitərəfli münasibətlərdə feminist siyasət özünü göstərmir. Məsələn, 14 mart 2023-cü il tarixində Əliyevin Almaniyaya səfəri zamanı federal kansler Olaf Şoltsla görüşündə feminist xarici siyasət etikasının qorunması nəzərə çarpmadı. Halbuki bu səfər ərəfəsində Azərbaycanda avtoritar rejimin cins əsaslı panoptika siyasəti ilə seksual şəxsiliyi pozulan və həyati təhlükə ilə üzləşən qadınların vəziyyəti, onların siyasi müstəvidə digər siyasi opponenti diskvalifikasiya etmək üçün alətləşdirilməsi məsələsi gündəm idi. Ənənəvi olaraq bu səfər çərçivəsində əsas mövzu enerji ticarəti idi. Şolts tərəfindən Azərbaycandakı ümumi siyasi vəziyyətlə bağlı qeyd edilənlər yalnız bundan ibarət oldu:

Azərbaycan və Almaniya Avropa Şurasının üzvləridir. Biz bununla insan hüquqlarının, demokratiyanın və qanun aliliyinin qorunmasında öhdəlik daşıyırıq və bu istiqamətdə müntəzəm işləməliyik. Bizim Almaniyadakı əsas qənaətimiz budur: Aktiv vətəndaş cəmiyyəti demokratiya üçün zəruridir. Bundan yalnız faydalanmaq olar. Biz həmçinin bu barədə danışdıq (Mitschrift Pressekonferenz 2023).

Lakin hansı mövzular, hadisələr və repressiv halların müzakirə edildiyi barədə söhbətlər ictimaiyyətə açıqlanmadı və şəffaflıq təmin olunmadı. Berlində yaşayan siyasi mühacir jurnalistlər Əliyevin Almaniyaya səfəri haqqında son günədək Almaniyadakı heç bir dövlət qurumunun saytında öncədən informasiya yayımlanmadığını iddia etdi (Meydan TV 2023).

Almaniyanın feminist xarici siyasət təlimatı ikitərəfli münasibətlərdə qadın və LGBTQ+  hüquqlarının gözardı edilməməsini əhatə edir. Bu, Azərbaycanla da həmin etik xəttin qorunması məcburiyyətini yaradır. Bu o deməkdir ki, Almaniya höküməti enerji təhlükəsizliyi sahəsində Azərbaycanla sıx əməkdaşlıq edərkən, tərəfdaş ölkədəki avtoritar cins siyasətinə və bunlardan yaranmış insan hüquqları problemlərinə səssiz qala bilməz. Buna görə Almaniya Azərbaycan ilə ikitərəfli münasibətlərində iki yol ayrımına girir: avtoritar rejimin sabitliyini möhkəmlədən enerji ticarətini priroritetləşdirməyə davam etmək, ya da avtoritar cins siyasətini müzakirə predmetinə çevirərək feminist vətəndaş cəmiyyətini dəstəkləmək, habelə qadın və LGBTQ+ hüquqlarını nümayişkaranə müdafiə etmək. İkinci halda alman hökuməti ölkədə antiavropa ressentimenti ilə yürüdülən avtoritar cins siyasətinin yuxarıdakı istiqamətlərinə, həmçinin bundan yaranan qadın və LGBTQ+ hüquqları sahəsində pozuntulara fokuslanmalıdır.

Feminist xarici siyasət təlimatlarını Azərbaycanda öz fəaliyyətlərində tətbiq edəcək alman qurumları Almaniya səfirliyi, Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və Höte İnstitutudur (2015-ci ildən Azərbaycanda Almaniyanın heç bir siyasi fondu fəaliyyət göstərmir. 2014-cü ildə qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanuna edilən dəyişikliklərdən sonra alman fondları Bakı nümayəndəliklərini bağladılar.). Bu üç qurum Azərbaycanda alman feminist xarici siyasəti icra edəcək və alman hökumətinə iki ölkə arasındakı feminist əməkdaşlığa dair məsləhətlər verəcək mərkəzlərdir, çünki onlar siyasi, iqtisadi və mədəni sahələrdə feminist xarici siyasət təlimatlarına müvafiq olaraq işlər görmək öhdəliyi daşıyırlar. Avtoritar cins siyasətini ikitərəfli münasibətlərdə müzakirə predmeti etmək, qadın və LGBTQ+ normativ hüquq çərçivəsinin genişlənməsi üzrə parlametlərarası işçi qruplar arasında müzakirələr başlatmaq, vətəndaş cəmiyyətində feminist və LGBTQ+ icmalarla strukturlaşma və peşəkarlaşma fəaliyyətləri aparmaq,  elm, tədqiqat, və media sahələrində qadınların və LGBTQ+ vətəndaşların iştirakçılığının artırılması üzrə əməkdaşlıq etmək ilkin mərhələ üçün əhəmiyyətlidir.

Feminist dövlətlər universal prinsiplərin müdafiəsindən geri çəkilməməlidir. Din, adət-ənənə, mədəniyyət başda olmaqla, ticarət və ya iqtisadi siyasət kimi faktorlar qadın və LGBTQ+ hüquqlarının pozulması hallarına səssiz qalınmasına əsas vermir. Azərbaycanlı feminist və kuir fəallar, feminist və kuir icmalar və proqressiv şəxslər Almaniya-Azərbaycan arasında feminist xarici siyasət etikasının nə qədər qorunması məsələsini diqqət mərkəzində saxlamalıdırlar. 

Nəticə

Almaniyanın Azərbaycanda aktiv feminist xarici siyasət yürütməsi müşahidə edilmir. Azərbaycan hökuməti isə avtoritar cins siyasəti ilə cəmiyyətdə reqressiv dəyişiklik yaradır və cins əsaslı məsələləri özünün avtoritar sabitliyinin möhkəmlənməsi üçün istifadə edir. Almaniyanın Azərbaycanla feminist xarici siyasət çərçivəsində avtoritar cins siyasətinin istiqamətlərini müzakirə predmetinə çevirməsi, qadın və LGBTQ+ normativ hüquqlarının genişlənməsi üzrə hökumətlə danışıqlar aparması, habelə azərbaycanlı feminist və LGBTQ+ icmalarını dəstəkləməsi zərurəti var.

Ədəbiyyat: 

Azadlıq Radiosu (2023), “İşdə qadınları gizli çəkməkdə ittiham olunan FHN polkovnikinə həbs” https://www.azadliq.org/a/zaur-mirzeyev-intim-video/32427326.html

Cəlil, Nurlana (2021), “Panoptik dövlət, Şəxsilik və siyasiləşən qadın” Bakı Arasdırmalar İnstitutu https://bakuresearchinstitute.org/the-panoptic-state-privacy-and-politicized-women-2/

Cəlil, Nurlana (2022), “Azərbaycanda F-99 Hərəkatının təşəkkülü və feminizmin transformasiyası” Bakı Araşdırmalar İnstitutu https://bakuresearchinstitute.org/the-formation-of-the-f-99-movement-and-the-transformation-of-feminism-in-azerbaijan-2/

Cheung, J. Gürsel, D.  Jelenka Kirchner, M. Scheyer, V. (2021) „Feministische Außenpolitik: ein Leitfaden zur praktischen Umsetzung“, Internationale Frauenliga für Frieden und Freiheit Deutschland, https://www.boell.de/sites/default/files/2022-11/221029_wilpf_feministische_aussenpolitik_de.pdf

Hesabat (2021), Azərbaycanda Mövcud Ailə Münasibətləri: Sosial

Psixoloji Təhlil”  http://www.scfwca.gov.az/post/2778/azerbaycanda-movcud-aile-munasibetleri-sosial-psixoloji-tehlil-ictimai-rey-sorgusu-ve-sosioloji-ted

Əliyev, İlham (2019), Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitq. https://president.az/articles/34958

Jalil Nurlana (2020), The Alternative Report to CEDAW https://tbinternet.ohchr.org/_layouts/15/treatybodyexternal/Download.aspx?symbolno=INT%2FCEDAW%2FCSS%2FAZE%2F43274&Lang=en

Khalilova Lyudmila (2020), The Alternative Report to CEDAW https://tbinternet.ohchr.org/_layouts/15/treatybodyexternal/Download.aspx?symbolno=INT%2FCEDAW%2FCSS%2FAZE%2F43600&Lang=en

Kərimli, T. (2021). “Tahir Kərimli feministləri ´üzdəniraq´ adlandırdı” 9 mart 2021, https://modern.az/az/news/281234/tahir-kerimli-feministleri-uzdeniraq-adlandirdi-

QueeRadar (2020), “Monitoring hate speech against LGBTIQ+ in Azerbaijani Media”   https://queeradar.com/wp-content/uploads/2022/06/Report-EN.pdf

QueeRadar (2021) “Monitoring hate speech against LGBTIQ+ in Azerbaijani Media” https://queeradar.com/wp-content/uploads/2023/02/report_EN-2020.pdf

QueeRadar (2022)  “Monitoring hate speech against LGBTIQ+ in Azerbaijani Media” https://queeradar.com/wp-content/uploads/2022/07/QR-2022-EN.pdf

Meydan TV (2023), “Mühacir jurnalistlər Əliyevin Berlin səfərinə etiraz ediblər” 15.03.2023 https://www.meydan.tv/az/article/muhacir-jurnalistler-eliyevin-berlin-seferine-etiraz-edibler/

Mitschrift Pressekonferenz (2023) Pressekonferenz von Bundeskanzler Scholz und dem aserbaidschanischen Staatspräsidenten Ilham Aliyev am 14. März 2023 in Berlin https://www.bundesregierung.de/breg-de/suche/pressekonferenz-von-bundeskanzler-scholz-und-dem-aserbaidschanischen-staatspraesidenten-ilham-aliyev-am-14-maerz-2023-in-berlin-2170994

Nafas LGBT Azerbaijan Alliance (2020), The Alternative Report to CEDAW https://tbinternet.ohchr.org/_layouts/15/treatybodyexternal/Download.aspx?symbolno=INT%2FCEDAW%2FCSS%2FAZE%2F43601&Lang=en

Fem-Utopia (2023), “8 marş – yaşamaq istəyirik – yürüşü niyə təşkil olunub?” https://www.youtube.com/watch?v=JQUK03P_NGg

Spiegel (2015), “Streit zwischen Schweden und Saudi-Arabien eskaliert“, 11.03.2015    https://www.spiegel.de/politik/ausland/saudi-arabien-zieht-botschafter-in-schweden-ab-a-1022963.html

Schutte, Harald (2023), “Olaf Scholz und die Begeisterung für den Autokraten aus Baku”, 18.03.2023 https://www.rnd.de/politik/olaf-scholz-lobt-aserbaidschans-diktator-ilham-aliyev-ZMFZSAJ6Z5BTPPTQOHMX5R6WWE.html

Lyric Thompson, Spogmay Ahmed and Tanya Khokhar (2021), “Defining Feminist Foreign Policy: A 2021 Update”, International Center for Research on Women, https://www.icrw.org/wp-content/uploads/2021/09/Defining-Feminist-Foreign-Policy-2021-Update.pdf

Thompson, L., Patel, G., Kripke, G. and O’Donnell, M. (2020). Toward a Feminist Foreign Policy in the United States. Washington, DC: International Center for Research on Women. Retrieved June 16, 2021 from https://www.icrw.org/wp-content/uploads/2020/05/FFP-USA_v11-spreads.pdf

Patrucic, M., Bloss K. (2021) “Life in Azerbaijan Digital Autocracy: They want to control everything”https://www.occrp.org/en/the-pegasus-project/life-in-azerbaijans-digital-autocracy-they-want-to-be-in-control-of-everything

Qeydlər:

[1] Azərbaycanın Almaniyadakı səfirliyinə və Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna feminist siyasət çərçivəsində Azərbaycanın Almaniya ilə əməkdaşlıq potensialına şərh vermələri üçün sorğu ünvanlansa da, tərəflərdən mövzu ilə bağlı heç bir münasibət bildirilməyib.

[2] “Authoritarian Learning von Geschlechterordnung” mənim disstertasiya mövzumdur. Burada cins siyasətinin avtoritar sistemlər şəbəkəsində kopyalanması, ötürülməsi, təşviq edilməsi və formalaşmasını tədqiq edirəm.

[3] 1993-2023 illər ərzində Azərbaycanda siyasi münasibətlərdə hökumət tərəfindən rəqiblərin və müxalif düşərgədən olan vətəndaşların şəxsiliyini pozan insidentlərin siyahısı məqaləyə əlavələr hissəsində təqdim edilir. Bu siyahı hüquqşünas Xalid Bağırovla birlikdə tərtib edilib.

1993-2023 illər ərzində Azərbaycanda siyasi münasibətlərdə hökumət tərəfindən rəqiblərin və müxalif düşərgədən olan vətəndaşların şəxsiliyini pozan insidentlərin siyahısı

Sayİllər

 

İnsidentMaterialın yayıldığı KİVİstinad linkləri
1.2023Siyasi fəal Bəxtiyar Hacıyevin siyasi motivlər əsasında 2022-ci ildə həbs edildiyindən sonra onun qadınlarla olan şəxsi yazışmaları və bu qadınların intim fotoları Hacıyevin sosial media hesabından kiber cinayətkarlıqla əldə edilərək siyasi alət kimi istifadə edilmişdir.

 

 

Sosial Media və naməlum Telegram Kanalı

Agayev Ismi, “Intimate footage of imprisoned Azerbaijani activist leaked” 27.03.2023

https://oc-media.org/intimate-footage-of-imprisoned-azerbaijani-activist-leaked/

 

2.2021Siyasətçi və 2012-ci ildə Azərbaycan Respublikasının Prezident seçkilərində namizəd olan Cəmil Həsənlinin qızı Günel Həsənlinin olduğu mənzilə gizli kamera yerləşdirilərək, onun intim görüntüləri atası Cəmil Həsənliyə qarşı siyasi rəqabətdə alət kimi paylaşılmışdır.

 

Sosial MediaGiyasbayli Hamida, “New sex-tape emerges targeting daughter of Azerbaijani critic

“ 30.01.2021

https://oc-media.org/new-sex-tape-emerges-targetting-daughter-of-azerbaijani-critic/

3.2021Fransada siyasi mühacirlikdə olan video bloger Məhəmməd Mirzəliyə qarşı Azərbaycanda yaşayan bacısı Zümrüd Mirzəlinin yataq otağına gizli kamera yerləşdirilək, görüntülər qardaşının əleyhinə siyasi alət kimi istifadə edilmişdir.Sosial MediaGiyasbayli Hamida, “New sex-tape emerges targeting daughter of Azerbaijani critic

“Azerbaijani blogger stabbed in France after sister blackmailed with ‘intimate video’ 17.03.2021

https://oc-media.org/azerbaijani-blogger-stabbed-in-france-after-sister-blackmailed-with-with-intimate-video/

 

4.2021Feminist fəal Nərmin Şahmarzadənin sosial media hesabından kiber cinayətkarlıqla əldə edilən şəxsi yazışmalar və intim fotolar paylaşılmışdır.Sosial MediaShahmarzade Narmin, “Opinion | In Azerbaijan sex is a weapon” 05.04.2021 https://oc-media.org/opinions/opinion-in-azerbaijan-sex-is-a-weapon/
 

5.

 

2021

 

Feminist fəal Gülnara Mehdiyevanın kiber cinayətkarlıqla əldə edilən mental səhhətinə dair səs yazısı paylaşılmışdır.

 

Sosial Media

 

Giyasbayli Hamida, “Leak targets prominent Azerbaijani feminist in run-up to Women’s Day” 26.02.2021 https://oc-media.org/leak-targets-prominent-azerbaijani-feminist-in-run-up-to-womens-day/

 

6.2021Siyasi məhbus Əfqan Sadıqovun həbsdə başlatdığı aclıq aksiyasının dayandırmadığı təqdirdə həyat yoldaşı jurnalist Sevinc Sadıqova mənzilinin vanna otağında yerləşdirilmiş gizli kamera görüntüləri ilə qeydə alınmış və digər şəxsi materialların yayılması ilə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən təhdid edilmişdir.Sosial MediaToplum TV, 30.03.2021

https://toplum.tv/siyaset/jurnalistin-heyat-yoldasi-meni-intim-goruntulerimi-yaymaqla-santaj-edirler

 

7.

 

2020

 

Siyasi fəal İlkin Rüstəmzadənin keçmiş həyat yoldaşının şəxsi foto və yazışmaları “İlkin Rüstamzadə tarixçəsi olan qızla evlənib”, “Rüstəmzadənin həyat yoldaşı bakirə olmayıb” kimi başlıqlarla tirajlanaraq paylaşılmışdır və həyat yoldaşının foto, video və telefon nömrələri eskort saytlarda yerləşdirilmişdir.

 

Sosial Media

 

Az-netwatch.org, “Political activist´s partner harrasted online” 08.04.2020

https://www.az-netwatch.org/news/political-activists-partner-harassed-online/

 

8.

 

2019

 

Milli Şuranın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamalın intim fotoları və şəxsi yazışmaları paylaşılmışdır.

 

Real TV və

Sosial media

 

Real TV, 04.11.2019

https://www.youtube.com/watch?v=wyWY95U0wm0

 

9.

 

2019

 

Aktivist bloger Fatimə Mövlamlının intim video və fotoları paylaşılmışdır.

 

Sosial media

 

Azadlıq Radiosu, 20.06.2021

https://www.azadliq.org/a/occrp-jurnalist-arasdirma-pegasus-telefon-xedice-ismayil/31365048.html

10.2011AXCP-yə yaxın Azadlıq Qəzetinin əməkdaşı Natiq Ədilovun intim görüntüləri otel otağına yerləşdirilmiş gizli kamera ilə qeydə alınmış və paylaşılmışdır. 

Lider TV və Sosial Media

 

Farhadova Aytan, “Azeri Opposition Rocked by Obscene Videos” 02.05.2011

https://iwpr.net/global-voices/azeri-opposition-rocked-obscene-videos

 

 

11.

 

2012

 

Araşdırmacı jurnalist Xədicə İsmayılovanın Azərbaycan Respublikası Prezidentinin ailə biznesini ifşa edən yazılarına görə yataq otağına gizli kamera yerləşdirilərək, intim görüntüləri paylaşılmışdır.

 

 

Sosial Media və ənənəvi KİV

 

Grasshoff Z. Friederike, “Der Staat in meinem Schlafzimmer” 20.03.2012 https://www.sueddeutsche.de/politik/schmutzkampagne-gegen-journalistin-aus-aserbaidschan-der-staat-in-meinem-schlafzimmer-1.1313637

Lomsadze, Giorgi, “Azerbaijani reporter wins sex tape case” Eurasianet.net, 11.01.2019 https://eurasianet.org/azerbaijan-reporter-wins-sex-tape-case

 

12.2014Azərbaycan Xalq Cəbhəsi fəalı Kəmalə Bənənyarlıya aid olduğu bildirilən intim video görüntüləri paylaşılmışdır.Sosial media

 

 

BBC, 31.07.2014 https://www.bbc.com/azeri/azerbaijan/2014/07/140730_kemale_benenyarli_video
13.2010Azadlıq qəzetinin icraçı direktoru Azər Əhmədovun intim video görüntüləri paylaşılmışdır.Lider TV və sosial mediaAzadlıq Radiosu, 12.10.2010

https://www.azadliq.org/a/2188429.html

 

14.

 

2005

 

Azadlıq qəzetinin redaktoru Qənimət Zahidin və qəzetin direktoru Azər Əhmədovun Üç palma restoranında özbək qadınlarla intim fotoları paylaşılmışdır.

 

Lider TV və sosial media

 

Farhadova Aytan, “Azeri Opposition Rocked by Obscene Videos” 02.05.2011

https://iwpr.net/global-voices/azeri-opposition-rocked-obscene-videos

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.