fbpx

Cəmiyyət

Cəmiyyət

Azərbaycanda F99-Hərəkatının təşəkkülü və feminizmin transformasiyası

Read this article on other language
Download article
image_pdf
image_pdf

İqtisadi bərabərsizliklər dərinləşir, təbii ehtiyatlar istismardan tükənir, əmək istismarı intensivləşir, iyerarxik cins nizamı və ənənəvi rollar izzətlənir və ideallaşdırılır, cins əsaslı zorakılıqlar və homofobiya azalmır, irqçilik, millətçilik, faşizm və irtica populizmi artır, təməl azadlıqlar pozulur, avtoritarizm sürətlə yayılır; bütün bunlar patriarxal kapitalist nizamda kasıb çoxluğun daha da yoxsullaşdığı və əzildiyi, cinsi, irqi, sinfi ayrı-seçkiliyə məruz qaldığı, varlı azlığın isə ədəbsizcə daha da varlandığı proseslər fonunda baş verir. Dünyada gedən bu proseslərə reaksiya olaraq üç professor – Çinziya Arruzza, Tithi Bhattaçarya və Nensi Freyzer 2019-cu ildə 99% üçün Feminizm – Manifest kitabını geniş kütlələrə təqdim etdi. Kitab 2021-ci ildə azərbaycancaya da tərcümə edildi. Bu məqalə məhz həmin siyasi feminist manifesti və onun mərkəzi prinsiplərinin Azərbaycan kontekstində təşəkkül potensialını müzakirə edir. Bununla Azərbaycanda feminizmin transformasiyası və 99% üçün feminizmin təşəkkülü mümkündürmü sualına cavab verilir. Yazıda on bir tezis üzərində qurulmuş siyasi manifestin məzmunu və məqsədi xülasə edilərək, Azərbaycanda feminizmin transformasiyasına, 99% üçün feminizmin buradakı perspektivinə, başqa sözlə F99-Hərəkatının Azərbaycanda təşəkkül tapması potensialına nəzər salınır.

99% üçün Feminizm Nədir?

Feminizmin son illərə qədər təşəkkül tapmış müxtəlif qolları – liberal feminizm, marksist feminizm, sosialist feminizm, radikal feminizm, qaradərili feminizm, kuir feminizm, eko feminizm və başqa siyasi feminist cərəyanlar mövcuddur (Bryson 2003; Künzel 2003; Cəlil 2021). Feminizmin növbəti qolu feminist plüralizmin getdikcə daha da şaxələnməyə, hətta haçalanmağa başladığı ərəfədə ortaya çıxan, o cümlədən, feminizmin yalnız klassik mənasında – qadın problemi kimi tərif edildiyi dövrdə – liberal feminizm istisna – digər bütün cəbhələri vahid, lakin geniş çətir altında eyni hədəfə qarşı mübarizəyə çağıran 99% üçün feminizmdi. “Bu feminizm çoxluğun rifahını bir neçə adamın azadlığına qurban verməkdən imtina edərək, yoxsul və işçi sinfinə mənsub qadınların, irqi ayrı-seçkiliyə məruz qalan miqrant qadınların, kuir, trans və əlilliyi olan qadınların, kapitalın onları istismar etməsinə baxmayaraq, özlərini ‘orta sinif’ hesab etməyə vadar olunan qadınların ehtiyacları və hüquqları üçün mübarizə aparır … Onun qayəsi istismar olunan, idarə olunan, əzilən hər kəsin yanında olmaqla bütün bəşəriyyət üçün ümid mənbəyinə çevrilməkdir” (Arruzza və d. 2021, 25).

Buradakı hər kəs sadəcə qadınları deyil, bütün insanları, habelə təbiəti özündə ehtiva edir. O cümlədən, idarə olunan deyildikdə cins, sinif və irq əsaslı təhkimçi siyasətlərlə idarə edilmək nəzərdə tutulur. Ona görə bu feminizm “ətraf mühit üçün, pulsuz yüksək keyfiyyətli təhsil üçün, əmək haqları, pulsuz universal səhiyyə və ya müharibələrin və irqçiliyin olmadığı dünya üçün mübarizə aparanların birləşməyini” təklif edir (Arruzza və d. 2021, 27).

Çıxış nöqtəsi olaraq 99% üçün feminizm üç təməl elementi – antikapitalist, antiirqçi və antipatriarxal elementləri özündə cəmləyib, “xərçəng hüceyrələri kimi yayılan barbarlığın kapitalist kökləri”, sinfi və institusional irqçilik, patriarxallıq və liberal feminizm ilə mübarizə aparır (Arruzza və d. 2021, 25). Burada liberal feminizm Lean in feminizm (Özünü qabağa çəkmək feminizmi) kimi təqdim edilir. Müəlliflər amerikalı milyarder və biznes meneceri Şeril K. Sandberqin 2013-cü ildə nəşr olunan Lean In: Women, Work and the Will to Lead (Özünü qabağa çək: qadınlar, iş və rəhbərlik əzmi) adlı kitabına istehza edərək liberal feminizmi tənqid edir. Kitabın sadəcə imtiyazlı qadınlara xitab etdiyini vurğulayan müəlliflər liberal feminizmin əsl məqsədinin ədalətsiz sistemdə imtiyazlı qadınların təmsilçiliyi və eyni sinifdən olan kişilərlə bərabər daha çox pul qazanması üçün mübarizədən ibarət olduğunu qeyd edirlər. Beləliklə, 99% üçün feminizm özünü liberal feministlərdən birmənalı olaraq ayırır. Müxtəlif sinifləri əhatə edən, radikal və transformativ feminizm qurmaq şansını 11 tezis üzərində manifestləşdirən, liberal feminizmin meritokratiyalaşdığı,[1] kuir feminizmin burjualaşdığı və digər feminizmlərin gücsüzləşdiyi bu ərəfədə 99% üçün feminizm istisnasız şərt qoyur: “Feministlər tərəf seçməlidir” (Arruzza və d. 2021, 11).

99% üçün Feminizm: 11 Tezisin xülasəsi

Məqalədə 99% üçün feminizmin Azərbaycanda təşəkkül potensialı haqqında yazmazdan əvvəl oxucuya 100 səhifəlik manifestin xülasəsini yığcam formada verməyi zəruri bilirəm. Bu xülasə manifestin məzmununu çatdırmaqla yanaşı, oxucuya məqalənin əsas bölməsini daha yaxşı başa düşməyə kömək edəcək.

Manifestin 1-3-cü tezisləri 99% üçün feminizmin hansı zərurət və fürsətlərdən yaranmasını izah edir. 4-6-cı tezislərdə kapitalist böhranın yol açdığı və dərinləşdirdiyi gender problemləri əsaslandırılır. 7-11-ci tezislərdə isə kapitalist nizamın seksuallığı sui-istifadə etməsi, irqçi və müstəmləkəçi zorakılığın kapitalizmə xas olması, təbiət və ətraf mühitin kapital naminə məhv edilməsi, kapitalizmin həqiqi demokratiya və sülh ilə ziddiyyət təşkil etməsi qeyd edilir. Burada da bu problemlərə qarşı bütün radikal feminist və sol hərəkatlar antikapitalist feminist üsyana dəvət edilir. İndi gəlin tək-tək həmin on bir tezisin məzmununa yaxından nəzər salaq.

Tətil, yürüş, mitinq və aksiyalar feminizmin təməl mübarizə metodlarıdır. Manifestin müəllifləri on illərlə davam edən neoliberal təzyiq nəticəsində bu ənənəvi metodların zəiflədiyini iddia edir. Bununla belə, onlar 2016-cı ildə Polşada Qara Cümə (Black Friday) tətili kimi başlayan və sonradan İtaliya, İspaniya, Braziliya, Türkiyə, Peru, ABŞ, Meksika, Çili və digər ölkələrə sıçrayan yürüş, mitinq və tətillərə diqqət çəkərək, onları 20-ci əsrin əvvəllərindəki işçi sinifdən olan qadınların küçələrdə kütləvi mübarizə ruhunu yenidən oyatması ilə əlaqələndirir. Bu tətillərdə qadınlar feminist, beynəlmiləlçi, ətraf mühitçi və antiirqçi tələblərlə “təkcə maaş, iş saatı məsələsini yox, cinsi qısnama və zorakılıq, reproduktiv ədalətə qoyulan məhdudiyyətlər, tətil hüququna nəzarət məsələlərini də ön plana çəkirlər” (Arruzza və d. 2021, 17). Beləliklə, “yeni feminist dalğa tətili yenidən ixtira edir (Tezis 1) və unutdurulmuş bu vərdişi şimal və cənub yarımkürəsində illər sonra bərpa edir.

“Liberal feminizm iflasa uğrayıb. Bununla barışmaq lazımdır” (Tezis 2) iddiası ilə müəlliflər liberal feminizmin hegemon olduğu bu illər ərzində qadınların 99%-nin vəziyyətinin yox, qadınların yalnız 1%-nin maraqlarının qorunduğunu iddia edir. “Bu ideyanın tərəfdarları [liberal feministlər] düşünürlər ki, qadınlar ‘az təmsil olunan qrup’dur və onları təmsil etmək üçün bir neçə imtiyazlı qadın öz sinfindən olan kişilərlə yanaşı yaxşı vəzifə tutmalı və yaxşı pul qazanmalıdır” (Arruzza və d. 2021, 21 vurğu orijinaldır). Liberal feminizmin iflasını Hillari Klintonun 2016-cı ildəki məğlubiyyəti ilə əlaqələndirən bu tezis qadın hüquqlarına dair problemlərə soldan yanaşmanın vaxtı çatdığını elan edir. Bunun üçün müəlliflər “bizə antikapitalist feminizm – 99% üçün feminizm lazımdır” (Tezis 3) tələbini irəli sürürlər. Müəlliflər növbəti tezislə iddia edirlər ki, “hazırda yaşadığımız böhran bütövlükdə cəmiyyətin böhranıdır və bunun təməl səbəbi kapitalizmdir” (Tezis 4). Kapitalizmin özünün böyük bir böhran içində olduğunu vurğulayan müəlliflər təbiətin davamlılığı və insanların yaşamaq uğrunda enerjilərinin tükəndiyini ifadə edirlər. Onlar iddia edirlər ki, “[b]u minvalla [kapitalizmin havadarları] inqilabi enerjiləri (o cümlədən feminist hərəkatların enerjilərini) 1 faizə xeyir verən layihələrə yönəltməklə, təkcə sinfi istismarı yox, həm də gender əsaslı və irqi zülmü yenidən təşkil ediblər” (Arruzza və d. 2021, 31).

Müəlliflər kapitalizmin gender istismarının qaynağı olduğu fikrini irəli sürərək, qadınların subordinasiyasını kapitalizmin yaratmadığını, lakin kapitalizmin bu problemi daha da möhkəmləndirdiyini vurğulayır. Kapitalizm sosial reproduksiyanı kapitalist sistemin davamlılığını təmin etmək üçün şəkilləndirir; əhali artımını yalnız potensial işçi qüvvəsi və özlərinə xidmət edən güc faktoru kimi dəyərləndirir, insanları maddi, siyasi və mədəni nəzarət altında tutaraq istismar edir (Arruzza və d. 2021, 34). Buna əsasən müəlliflər iddia edir ki, “kapitalist cəmiyyətlərdə gender istismarı sosial reproduksiyanın mənfəət uğrunda istehsala tabe edilməsindən qaynaqlanır” (Tezis 5) və “gender əsaslı zorakılıq və onun bütün formaları kapitalist münasibətlərlə əlaqəlidir” (Tezis 6). Bu zorakılığa imkan verən isə gender, irq və sinifi özündə birləşdirən iyerarxik güc sistemidir. 99% üçün feminizm gender zorakılığına ənənəvi feminist yanaşmanın, yəni kriminallaşdırma və cəzaların tətbiqi kimi tələblərin adekvat olmadığını vurğulayır: “Bu ´karseral feminizm´[2] əslində sorğulanmalı olan məsələni olduğu kimi qəbul edir – o, səhvən hesab edir ki, qanunlar, polis və məhkəmələr kapitalizmin təməlindəki gender zorakılığına qarşı çıxacaq qədər müstəqildirlər” (Arruzza və d. 2021, 42).

Bütün bunların arxa fonunda 7-ci tezisdə kapitalizmin seksuallığı tənzimləmə və bundan faydalanma əsasları izah edilir. “Kapitalizm seksuallığı tənzimləmək istəyir. Biz isə onu azad etmək istəyirik” (Tezis 7) deyən 99% üçün feminizm seksual avtoritarizmin (seksual özünüifadəyə dair nəzarət və məhdudiyyət)  arxaik olmadığını, lakin kapitalist cəmiyyətlərin onu müxtəlif üsullarla tənzimlədiyi fikrini irəli sürür. Kapitalist münasibətlərin yaranmasından əvvəl seksuallıqla əlaqədar məsələlər kilsə və icmaların nəzarətində idisə, kapitalist cəmiyyət də sonradan yeni burjua normaları, tənzimləmə rejimləri, mədəni, repressiv üsullarla seksuallığa nəzarəti davam etdirdi, eyni zamanda da seksi kommersiyalaşdırdı (Arruzza və d. 2021, 48).

Manifestdə “kapitalizm irqçi və müstəmləkəçi zorakılıqdan doğulub” (Tezis 8) deyilərək, onun gender münasibətlərinə repressiv təsirləri qeyd edilir. “Tarixən feministlərin irq məsələsinə münasibətini ən yaxşı halda qarışıq adlandırmaq olar. Vətəndaş müharibəsindən sonra qaradərili kişilər səsvermə hüququ əldə etdikdə ABŞ-dakı nüfuzlu ağ sufrajistlər özlərinə bu hüquq verilmədiyinə görə olduqca irqçi çıxışlar edirdilər” (Arruza və d. 2021, 54). Buna görə müəlliflər iddia edirlər ki, “həqiqi mənada antiirqçi və antiimperialist olan feminist həm də antikapitalist olmalıdır” və “irqçilik, imperializm və etnik millətçilik ümumiləşmiş mizogeniyanın və bütün qadınların bədəninə nəzarətin əsas dayaq sütunlarıdır” (Arruzza və d. 2021,  56, 58 vurğu orijinaldır).

İrqçi və müstəmləkəçi elementlərin yanında kapitalist sistemin təbiəti məhv etməsi vurğulanır. “Kapitalın məhv etdiyi yer üzünü bərpa etmək üçün mübarizə aparan 99 faiz üçün feminizm eko-sosialistdir” (Tezis 9) deyərək müəlliflər feminist mübarizənin növbəti hədəfini elan edir. Onlar qadınların azadlığının birbaşa ekoloji fəlakətlərin və kapitalizmin aradan qalxması ilə əlaqəli olduğunu iddia edirlər. Bu faktorla yanaşı “kapitalizmin həqiqi demokratiya və sülhlə heç bir əlaqəsi olmadığı” (Tezis 10) iddia edilərək, bu sistemin ümumbəşər məsələlərdə və sosial reproduksiyanın istehsalla əlaqəsini müəyyən etməkdə insanların qərarvermə bacarığını yox etdiyi, çoxluğun yerinə sistemin güc ünsürlərinin qərar verdiyi qeyd edilir (Arruzza və d. 2021, 64). Bundan başqa, müəlliflərə görə, kapitalizmin imperialist xisləti ona imkan verir ki, güclü dövlətlər zəif dövlətləri talan etsin, sərvətlərini talasın, onları borclandırsın, əraziləri hərbi müdaxilə və siyasi-iqtisadi hədələrlə asılı vəziyyətə gətirsin (Arruzza və d. 2021,  64). Bu və digər siyasətlərə görə 99% üçün feminizm iddia edir ki, kapitalizm həqiqi demokratiyanı özündə ehtiva edə bilməz. Sadalanan problemlərin həlli üçün “99 faiz üçün feminizm bütün radikal hərəkatları ortaq antikapitalist üsyana qoşulmağa dəvət edir” (Tezis 11) və antikapitalist, ekoloji, antiirqçi, antiimperialist cərəyanların, LGBTİQ+ hərəkatlarının və həmkarlar ittifaqlarının birləşməsini zəruri hesab edir (Arruzza və d. 2021, 67).    

Manifestə reaksiyalar

99% üçün feminizm feministlər tərəfindən böyük həyəcanla qarşılandı və dəstəkləndi, çünki manifest vahid konsept halında bütün sahələri əhatə edir. Buna baxmayaraq, manifestin məzmununda boşluqlar axtarılır və onun əsas ideyaları tənqid edilir (Bax: March 2020; D´Atri və Murillo 2019). Onların tənqidlərinin əsasını antikapitalist mübarizədə tətillərin yalnız sosial və reproduktiv azadlıq uğrunda üsyan ilə məhdudlaşması, onun iştirakçı əhatəsinin və təşkilinin naməlum qalması və s. təşkil edir. Başqa sözlə, manifestin strategiyalarının natamam qaldığı, təhlilin səthi olduğu və populist ritorika təsiri verdiyi deyilir (Fuchs 2021, 158). Sol qanaddan olan müəllif Utre Marx manifestdəki yürüş strategiyasını tənqid etdikdə qeyd edir ki, “əgər 99% üçün feminizm yürüşləri antikapitalist inqilab üçün katalizator hesab edirsə, o zaman işçi sinifi mərkəzi və aparıcı güc olmalıdır” (March 2020). O, hesab edir ki, “[ş]übhəsiz ki, ona digər əzilən və istismar edilən siniflərdən müttəfiqlər lazım olacaq, lakin işçi sinifi hegemon sinif olmalıdır, çünki tarixən göründüyü kimi işci sinifi kapitalizmdən imtina etdiyi halda, kapitalizm onsuz həyatda qala bilməz” (March 2020).

Bu qəbildən tənqidlərə Fuks belə cavab verir ki, “manifestdə detallı təhlil gərəkmir, müəlliflər onsuz da tezislərdə geniş sahəni əhatə edir və təhlilləri buna müvafiq sistematik olaraq sıralayırlar” (Fuchs 2021, 159). Fuks Femina Politica akademik jurnaldakı yazısında 99% üçün feminizm manifestinin “böyük ehtiras və hiddətlə yazılması” şərhini verir və müəlliflərə sual edir ki, “kapitalist sistemlə mübarizədə insan və vətəndaş hüquqları kimi başqa hansı liberal nailiyyətlər əldə edilməlidir, çünki bilirik ki, kapitalizm və onun mərkəzi aparatı meydanı könüllü və dinc yolla tərk etməyəcək” (Fuchs 2021, 159).

Azərbaycanda feminizmin transformasiyası və F99-Hərəkatının təşəkkülü mümkündürmü?

Bu suala cavab vermək üçün əvvəlcə Azərbaycanda feminizmin keçdiyi mərhələlərə və transformasiyasına nəzər salmaq lazımdır. Yalnız bu nəzərdən sonra yuxarıda xülasəsi edilən 99% üçün feminizmin Azərbaycanda təşəkkülü haqqında müəyyən qənaətə gəlmək və sualı oxucunun öz qənaəti ilə cavablandırması üçün də fürsət yaratmaq mümkündür.

Azərbaycanda feminizmin transformasiyası

Bəzi tədqiqatçılar Azərbaycanda feminizmin əsasən 1990-cı illərlə 2010-cu illər arasında üzə çıxaraq siyasiləşdiyini iddia edir (Aliyeva 2020; Namazov 2021a). Lakin bu, həm məzmun, həm də zamanlama baxımından doğru olmayan təyinatdır. Çünki birincisi, feminizm onsuz da özlüyündə siyasidir, siyasiləşmək dedikdə burada söhbət yalnız şəxsi hesab edilən problemlərin ictimailəşərək siyasiləşməsindən gedə bilər. İkincisi, bu zaman dilimində Azərbaycanda həyata keçirilənlər yalnız millət və dövlət kontekstində qadının rolunun modifikasiyası və onun məhdud müasirləşməsinə uyğun idi. Yəni bu dövrdə icra edilən fəaliyyətlər “qadınların azadlıq və bərabərliyindən daha çox ‘savadlı modern ana’ roluna hesablanmışdı” (Abbasov 2021). Üçüncüsü, dövrləşməni konkretləşdirmək lazımdır; Azərbaycanda feminist dalğa məhz 2019-cu ildə meydana çıxıb. Ona qədərki dövrdə isə feminizm nə hərəkat olaraq, nə də öz təyinatı üzrə deyil, Abbasovun (2021) da vurğuladığı kimi “milli burjuaziya və maarifçilərin qadınların rolunun da müasirləşməli olduğunu düşündükləri” üçün milliyyətçi, itaətkar və modern qadın formatına fokuslanmışdı. Bu fəaliyyətlər səlahiyyətli dövlət qurumları (əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitə) ilə yanaşı Azərbaycandakı BMT nümayəndəlikləri və avtoritar hökumətə sadiq – ondan siyasi və maliyyə baxımından asılı olan qadın Qeyri-Hökumət Təşkilatları (QHT) tərəfindən hələ də icra edilir. Onların fəaliyyətlərinin məramları hüquqi maarifləndirmə, mikrokreditləşmə, səlahiyyətləndirməliderlik məzmunlu işlər əsasında konseptləşib. Patriarxal cəmiyyət və struktural ədalətsizliyə qarşı antaqonist duruşu özündə ehtiva etməyən bu fəaliyyətlər mühiti daha da mütiləşdirməklə yanaşı, əsasən liberal feminizmin kapitalist, militarist, milliyətçi və istismarçı məğzini tərənnüm edir.

Azərbaycanda müstəqillikdən etibarən dövlətin ənənəvi olaraq pis idarəçiliyi, korrupsiyalaşması və büdcə soyğunçuluğu kimi hallar yerli QHT-lərdə də təkrarlandı. Müşahidələrim əsasında gəldiyim qənaətə görə, azərbaycanlı QHT-lərdə dövlətdən və Qərbdən ayrılan maliyyə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi, vəsaitin mənimsənilməsi, ucuz əmək istismarı, nepotizm və işin formal xarakter alması kimi hallar geniş yayıldı ki, əldəki  konseptin məramını doğrultmadı və onların feminist məzmunlu fəaliyyətlərinin təsir gücü getdikcə iflasa uğradı. 2014-cü ildə Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının qanununa edilən dəyişkliklər bu çöküşü tamamladı (Qanun 2014). Beləliklə,  Azərbaycanda həm dövlətin, həm də Qərb institutlarının maliyyəsi ilə tokenizm (gözdən pərdə asma) xarakterli feminist fəaliyyətlər 2014-cü ildən etibarən xeyli sıradan çıxdı.

Azərbaycanda həqiqi feminist təşəbbüslərin və feminist məzmunların əmələ gəldiyi dövr məhz 2019-cu ildir. Azərbaycanda feminist fəaliyyətin xarakter dəyişməsi və doğru yönə istiqamətlənməsi, başqa sözlə, ilk transformasiyası təsadüfi deyil. Bu, 2016-cı ildə Polşada Qara Cümə (Black Friday) tətili kimi başlayıb, sonradan digər ölkələrə sıçrayan radikal və transformativ yürüş və tətillərin 1970-ci illərdən sonra yenidən kütləvi alovlanması ilə əlaqəlidir. Yeni transmilli feminist dalğanın üç il ərzində Azərbaycana sıçraması, yəni azərbaycanlı feministlərin qlobal çağırışlardan ilhamlanaraq və cəsarətlənərək yerli problemlərə müvafiq reaksiya verməsi bir uğurdur. Çünki məhz həmin reaksiyalar uzun illərdən bəri yerli və beynəlxalq təşkilatların ölkədə ərsəyə gətirə bilmədiyi oyanışı başlatdı və gender əsaslı problemlərin ictimailəşməsini və siyasiləşməsini ilk dəfə bərqərar etdi. Azərbaycanda əzəldən dövlət və cəmiyyət tərəfindən şəxsi hesab edilən problemlər – cins əsaslı zorakılıq, qadın qətlləri, cinsi qısnama, bullinq və başqa cinsləşdirilmiş hallar – yürüş, aksiya və mitinqlər vasitəsi ilə skandallaşdırıldı, ictimailəşdirildi və siyasiləşdirildi.

Namazov (2021b) 2019-2021-ci illər ərzində baş tutan yürüşlər, təşkilatçı qruplar, onların məqsəd və tələbləri, o cümlədən bu yürüşlərin siyasi şüarlarını təsnifatlandırıb: 3 il ərzində Azərbaycanda qadın qətllərinə və cins əsaslı zorakılığa həsr olunmuş dörd icazəsiz və qalmaqallı yürüş təşkil edilib. Eyni zamanda, müxtəlif feminist məzmunlu ədəbi, incəsənət, populyar-elmi və akademik yazılar emal edən feminist portallar təsis edilib. Dövlətin razılığı ilə BMT-nin Azərbaycanın rəsmi qurumlarıyla birgə ilk dəfə 2021-ci ildə Qadına qarşı zorakılığa son kampaniyasını kütləvi təşkil etməsinə məhz 2019-cu ildən etibarən yürüş, aksiya və digər formalarda ifadə edilən feminist tələblərin nəticəsi kimi baxmaq olar. Dövlətin burayadək şəxsi məsələ deyərək inkar etdiyi və üstünü örtdüyi gender əsaslı zorakılıq problemini 30 il sonra ilk dəfə ictimailəşdirməsi tokenizm xarakterli olsa da, bu, vurğulanması lazım olan iki halı təsdiqləyir: 1) Qeheteləşmiş feminist məzmunlu fəaliyyətlərin dövlətə təsir gücü sıfıra bərabər olub; 2) Kənd, rayon və paytaxtın fəhlə və işçi sinif təbəqəsindən gələn azərbaycanlı feministlərin dünyada 2016-cı ildən başlamış yeni feminist tətil dalğasını tərənnüm edən fəaliyyətinin dövlətə təsir gücü realdır.

Birinci halda qeheteləşmiş feminist məzmunlu fəaliyyətlər patriarxal dövlət üçün təhlükə kəsb etmirdi və hökumət bu fəaliyyətlərə qarşı repressiv rəftar etmədiyi kimi, eyni zamanda feminizmi qadınların maariflənməsi kontekstində qavrayırdı. İkinci hal isə həm patriarxal dövlətin, həm də patriarxal cəmiyyətin qadın hüquqlarına və qadın azadlığına dair yanaşmasını dəyişməyi bacardı, həm də icazəsiz yürüş və aksiyalarla avtoritar stabilliyi pozmağa cəhd etdi. Avtoritar kontekstdə cərəyan edən bu dəyişim özündə aşağıdakı prosesləri ehtiva edir:

Avtoritar iqtidar öz növbəsində feminist marginal gücə əks və repressiv reaksiya verərək Azərbaycanda gender problemlərini daha da siyasiləşdirdi. Bundan başqa, məhz 2019-cu ildən etibarən Azərbaycanda yeni feminist dalğanın təkcə yürüşlər yox, həm də ədəbi, incəsənət, populyar-elmi və akademik yazılı məzmunlar yaratması, o cümlədən feminizmin sosial mediada gedən müzakirələrlə aktuallaşması fonunda cəmiyyət və dövlətin məsələlərə yanaşma dinamikası kəskin dəyişdi; a) cəmiyyətdə antifeminist və antigender kütləsi üzə çıxdı, b) dövlət isə ənənəvi gender rollarını, partiarxal ailə institutunu, milli, vətənpərvər və itaətkar azərbaycanlı qadın və kişi obrazlarını yenidən ənənəviləşdirmə (re-traditionalization) tətbiqinə başladı. Prezident İlham Əliyev rəsmi olaraq ilk dəfə[3] və açıq şəkildə Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki nitqində yenidən ənənəviləşdirmənin istiqamətini göstərdi:

“Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Biz bunu qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər. İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə etməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin” (Əliyev 2019).

Xüsusən bu nitqdən sonra millət vəkillərinin gender əsaslı məsələlərdə qərbli və qeyri-müsəlman qadınlara qarşı çıxışları, dini qurumların məsələlərə müdaxiləsinə çağırışları oldu.  Məsələn, Milli Məclisin deputatı və Vəhdət Partiyasının sədri Tahir Kərimlinin feminist siyasi tələblərə istinadən Ailə Məcəlləsinin İstanbul Konvensiyasına[4] uyğun olaraq dəyişdirilməsinin yolverilməz olduğunu bildirərək, ailə dəyərlərinin qorunması üçün dini qurumları səfərbər olmağa çağırması (Kərimli 2021); və ya Milli Məclisin deputatı Eldar Quliyevin qərbli qadınları dəyərsizləşdirərək, Azərbaycan qadınlarının onlar kimi olmasının yolverilməzliyini ifadə etməsi (Quliyev 2021) kimi və s. hallar baş verməyə başladı. O cümlədən, Əliyev 13 oktyabr 2021-ci il tarixində İtaliyanın La Repubblica qəzetinə müsahibə zamanı ailə biznesi ilə bağlı Pandora sənədlərindəki ittihama müdafiə olaraq cavab verdiyində katolik patriarxal italyan ailəsini istisna etməklə Qərbdəki ailə və miras münasibətlərinə istehza etmişdi: “Siz bəlkə məni başa düşərsiniz ki, bütün mirasını pişiklərə və itlərə qoyub gedən Qərbdəki digər insanlardan fərqli olaraq, İtaliya və Azərbaycanda biz ailə dəyərlərinə daha çox üstünlük veririk” (Əliyev 2021).

Habelə Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin Sosial Tədqiqatlar Mərkəzi ilə Azərbaycanda Mövcud Ailə Münasibətləri: Sosial-Psixoloji Təhlil adlı ictimai sorğu və sosial tədqiqatların nəticələrini müzakirə etməsi kimi silsilə fəaliyyətlər baş verdi. Bu fəaliyyətlərdə ölkədəki siyasi və iqtisadi aspektlərin yaratdığı fəsadlar yox, məhz dövlətin patriarxal ailə institutunu necə mühafizə etməsi yolları, gender rollarının necə ideallaşdırılması müzakirə edilir (Təhlil 2021). 2019-cu ilə qədər ölkədə feminist tələblər mövcud olmadığı üçün bir çox xüsusiyyətlərinə görə patriarxal səciyyə daşıyan Azərbaycan cəmiyyətində yenidən ənənəviləşdirmə siyasətinə zərurət yaranmamışdı. Lakin 2019-cu ildən etibarən Azərbaycanda feminist hərəkətlənmələrin başlanması fonunda avtoritar hökumətin yenidən ənənəviləşdirmə siyasətinin anti-Avropa diskursda aparılması, dövlət qurumları, millət vəkilləri, hökumət mətbuatı, TV-lər və s. tərəfindən patriarxal gender rollarının izzətləndirilməsi və ideallaşdırılması üzrə işlər başlandı ki, cəmiyyət də öz növbəsində feminist siyasi fəaliyyətə və feministlərə qarşı nifrət və inkarçı cəbhə aldı. “Beləliklə, feministlər və feminizm ən uzaq nöqtədə dayanan özgəyə, bununla yanaşı mövcud iqtidar münasibətləri içərisində ən görümlü [gözəgörünən], ən çox nifrət edilən, cəmiyyətin demək olar ki, başlıca ictimai-siyasi qüvvələri, hətta azad hesab edilən müəyyən ziyalıları tərəfindən müxtəlif növ tənqidlərə tuş gələn qrupuna çevrildilər” (Namazov 2021 b).

Azərbaycanda F99-Hərəkatının təşəkkülü üçün əsaslar

99% üçün feminizm nəzəriyyəsindən yola çıxaraq, Azərbaycanda F99-Hərəkatının təşəkkülü üçün bir çox aspektlər əhəmiyyətə malik olsa da, zənnimcə, onlardan üçü bu təşəkkülün əsas elementləri sayıla bilər: 1) Azərbaycan feministlərinin tərəf seçməsi və antikapitalist feminist əsaslarla çıxış etməsi; 2) Sol qanadın feministlərlə ittifaqı; 3) Bu ittifaqın işçi sinifə xitab edən inandırıcılıq gücünün inkişafı. F99-Hərəkatı ideoloji olaraq antikapitalist və antipatriarxal olduğu üçün hərəkatın aparıcı gücü feministlər, solçular və işçi sinfi kütləsidir. Ona görə Azərbaycanda da bu üç təməl elementin olması, həm feminizmin ikinci transformasiyasını təmin edir, həm də F99-Hərəkatının təşəkkülünü təşkil edir.

Ölkənin ictimai həyatında nəzərə çarpacaq fərq yaradan nə imtiyazlı ailələrin qadınları və onların təmsil olunduğu feminist qruplar, nə yuxarı sinif tərəfindən maliyyələşən feminist layihə komandaları, nə də avtoritar sistemdə səlahiyyətləndirilmiş imtiyazlı ailələrdən və işçi sinifdən olan itaətkar qadınlardı. Fərqi və oyanışı yaradan azərbaycanlı fəhlə və işçi sinif  ailələrindən olub, itaətkar olmayan qadınlar, LGBTİQ+ icmalar və az sayda emansipativ sol qanaddan olan kişilərdir. Bu üç qrup antikapitalist, antipatriarxal, antimilitarist, ətraf mühitçi, antimüharibə və antiimperialist dəyərləri ehtiva edən fəaliyyətlər icra edir (Bax: Feminist Sülh Kollektivi nəşrləri 2021, Femiskop nəşrləri 2021). Lakin Azərbaycan feministlərinin fəaliyyətlərində pərakəndə halda bu dəyərlərə xitab edən hallar olsa da, antikapitalist, antiimperialist və antiirqçi mövqeni dəqiq göstərən kəskin xətlər hələ tam müəyyənləşməyib (Feminist Sülh Kollektivi istisna olmaqla). Odur ki, Azərbaycandakı avtoritar nizam, əmək, təbiət və təbii ehtiyatların istismarı, sosial reproduksiyanın mənfəət uğrunda istehsala tabe edilməsi, əməyin aşağı qiymətləndirilməsi, habelə ölkədəki yoxsullaşma və sərvətlərin ədalətsiz bölgüsü, yüksək təhsil haqqı, pullu və korrupsiyalaşmış səhiyyə sistemi, hərbiləşmə və bütün bunların qadın hüquq və azadlığına olan təhdidi azərbaycanlı feministlərin antikapitalist mövqeyinin formalaşmasına əsas verir. Buna görə 99% üçün feminizm antikapitalist, antipatriarxal, antimilitarist və ətraf mühitçi feminist konsepti özündə ehtiva edərək, feministləri tərəf seçməyə sövq edir. Azərbaycanda feminizmin transformasiyasının ikinci mərhələsi üçün burada yol ayrımı başlayır: ya avtoritar dövlətdə cins əsaslı zorakılıq və əzilmə hallarına daha da təkan verən kapitalist nizama qarşı çıxmadan lider qadınlar uğrunda mübarizə aparmaq; ya da avtoritar dövlətdə kapitalizmin qadın hüquqlarını daha da pozduğunu əsas götürərək, habelə yoxsul və işçi sinifin qadınlarını əhatə edərək, ənənəvi gender rollarına, patriarxal ailə institutuna, cinsi, irqi, sinfi diskriminasiyaya və patriarxiyaya qarşı kompleks mübarizə aparmaq. Azərbaycanda əhalinin 50.1%-ni təşkil edən qadınlar (DSK 2021) hər nə qədər apolitik olsa da, işçi sinif qadınlarının gücünün böyük siyasi potensialı var ki, androsentrik (patriarxal və maskulin) müxalif siyasi partiya və siyasətçiləri geridə qoyaraq, avtoritar rejimə meydan oxuya və azadlıq uğrunda səfərbər ola bilsinlər. Bununla belə, Azərbaycanda işçi sinifinin gücünü birləşdirmək feministlərin və sol qanadın ittifaqından keçir.

Sovet dövrünün qoyduğu mənfi təəssüratlar və təcrübələrə görə postsovet ölkəsi kimi Azərbaycanda da sol ideologiyalara birmənalı münasibət yoxdur. Eyni zamanda sol ideologiya barədə cəmiyyətdə məlumatlılıq zəifdir. Bundan başqa, sol ideyalar stiqmalaşdırılır və solçular etibarsızlaşdırılır. Sol qanad da feministlər kimi Azərbaycanda marginal gücdür. Lakin onların feministlər kimi məsələləri kütləvi ictimailəşdirmə və siyasiləşdirmə fəaliyyətləri nəzərə çarpmasa da, sol qanad müqavimət formalaşdırma potensialına malikdir. Çünki feministlərdən fərqli olaraq onların siyasi agendası ilə narazı əhalinin hökumətə qarşı siyasi və iqtisadi məsələlərdəki mövqeyi (həmişə) toqquşmur, üstəlik sol qanadın kişilər tərəfindən təmsil olunması onları patriarxal kütlə arasında yadlaşdırmır. Çünki müşahidələr göstərir ki, siyasi və ictimai iştirakçılıq zamanı kişilərə daha çox etimad göstərilir, nəinki qadınlara. Bu, Azərbaycanda da eynidir. Bundan başqa sol qanad Azərbaycandakı digər siyasi və ictimai fəallarla müqayisədə öz ideologiyaları haqqında daha məlumatlıdır. Hazırkı vəziyyət ondan ibarətdir ki, hər nə qədər feminist qrupların gender problemlərinə sol əsaslı baxışı zəifdirsə, sol qanadın da gender problemlərinə sadəcə iqtisadi əsaslardan yaranmış qadın problemi kimi baxışı hakimdi. Bu yanaşmalar iki qrupu bir-birindən uzaqlaşdırır. Bir-birinə qarşı antaqonist münasibətlərdənsə, tərəflərin bir-biri haqqında – gender və antikapitalizm – biliklərini dərinləşdirmək, ilk başda marginal olsa da, cəmiyyətdə transformativ güc yarada bilər.

Feminist və sol qanad ittifaqının işçi sinifi inandırması və mübarizəyə cəlb etməsi avtoritar cəmiyyətdə qismən mürəkkəb məsələdir, çünki siyasi kimliksiz və apolitik işçi sinif Azərbaycanda da avtoritarlığın davamlılığını təmin edən təbəqəyə çevrilib (Nəhmədova 2021). Lakin buna baxmayaraq müasir və tarixi təcrübələr bunun (işçi sinifin mübarizəyə cəlb edilməsinin) mümkün olduğunu təsdiqləyib. O cümlədən, ölkədə getdikcə çətinləşən siyasi və iqtisadi vəziyyət işçi sinfin sərhədlərini daraldır. Bu şəraitdə F99-Hərəkatının işçi sinifə xitab edən fəaliyyətlərinin yüksəlməsi və intensivləşməsi daha effektiv nəticə verə bilər. Bundan əlavə, Azərbaycan cəmiyyətində alternativ siyasi ideya və radikal sol-feminist yanaşmalara ehtiyac var.

Nəticə

Bu məqalədə 2016-cı ildə dünyada baş verən transmilli qadın tətilləri və etiraz aksiyalarından ilhamlanaraq yeni yanaşma ortaya qoyan 99% üçün feminizm və onun Azərbaycan kontekstində təşəkkül potensialından bəhs edildi. Bu feminizm daha radikal, proqressiv və transformativdir, həm şimal, həm də cənub yarımkürəsindəki ölkələrin işçi sinif kütlələrinə xitab edir. O cümlədən, Azərbaycan da kapitalist münasibətlərdən yaranmış problemlərə görə 99% feminizmin, başqa sözlə, F99-Hərəkatının formalaşa biləcəyi bir cəmiyyətdir. Azərbaycanda feminizmin ilk transformasiyası mövcuddur və antikapitalist feminizmə inteqrasiyası üçün əsaslar vardır.

 

Qeydlər:

[1] Meritokratiya ilk dəfə 1958-ci ildə Maykl Yunqun (Michael Young) The Rise of Meritocracy adlı kitabında istifadə etdiyi termindir. Mənası “fərdin koqnitiv bacarıqları (IQ, bilik, bacarıqlar), əldə etdiyi diplom və qiymətlərinə görə təhsili və şəxsi keyfiyyətləri (çalışqanlıq, məsuliyyətlilik) əsasında seçilərək yüksək vəzifələr, idarəçilik və s. məqamlara gətirilməsidir” (Hadjar 2008, 44). Meritokratiya sosial ədalətlilik baxımından tənqid edilir, çünki fərdlərin bu keyfiyyətləri əldə etməsi üçün digər faktorlar böyük rol oynayır. Məsələn, kasıb bir fərdin varlı bir fərdlə müqayisədə bu keyfiyyətlərə sahib olma imkanı daha aşağıdır.

[2] “Karseral feminizm (ing. carseral feminism) feminist və gender məsələləri ilə əlaqəli həbs cəzalarının artırılmasını və uzadılmasını tələb edən yanaşmadır. – red. qeydi.” ( Arruza və d. 2021, 42)

[3] Bu, Əliyevin yenidən ənənəviləşdirmə (re-traditionalization) kontektsli ilk çıxışıdır. Bura qədər o, ənənəvilik məzmunlu fraqmentativ şərhlər verirdi.

[4] Bu, Avropa Şurasının Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında konvensiyasıdır. 11 may 2011-ci ildə İstanbulda qəbul edilmişdir.

Ədəbiyyat siyahısı:

1. Abbasov, Toğrul (2021). “Bəzi Mələklərin Bığı olur”. Feminist Sülh Kollektivi. https://www.feministpeacecollective.com/post/b%C9%99zi-m%C9%99l%C9%99kl%C9%99rin-b%C4%B1%C4%9F%C4%B1-olur
2. Aliyeva, Y. G. (2020). Exploring Two Generations of Women Activists in Azerbaijan: Between Feminism and a Post-Soviet Locality. In Ziemer U. (eds) Women’s Everyday Lives in War and Peace in the South Caucasus. Palgrave Macmillan, Cham. https://doi.org/10.1007/978-3-030-25517-6_10
3. Arruzza, Çinziya; Bhattaçarya, Tithi; Freyzer, Nensi (2021). 99% üçün Feminizm. Egalite Nəşriyyatı. Bakı
4. DSK, (2021). Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Gender Göstəriciləri, Azərbaycanda qadınlar və kişilər. Son yenilənmə: 21.10.2021, https://www.stat.gov.az/source/gender/?lang=az
5. Bryson, Valerie (2003). Feminist political theory. An introduction. 2., revised and updated ed.
6. Cəlil, Nurlana(2021). Feminizm: Anlayışlar, cərəyanlar, tədqiqat istiqamətləri. Baku Research Institute. https://bakuresearchinstitute.org/az/feminizm-anlayislar-cereyanlar-tedqiqat-istiqametleri/
7. D´Atri, Andrea/Murillo, Christine M. (2019). Feminismus für die 99 Prozent: Strategien im Widerstreit. Internet: https://www.klassegegenklasse.org/feminismus-fuer-die-99-prozent-strategien-im-widerstreit/#sdfootnote1sym
8. Əliyev, İlham (2019). Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitq. https://president.az/articles/34958
9. Əliyev, İlham (2021). İlham Əliyevin La Repubblica qəzetinə müsahibəsi. 13 oktyabr 2021-ci il https://president.az/articles/53444
10. Künzel, Annegret (2012). § 2 Feministische Theorien und Debatten. In: Lena Foljanty und Ulrike Lembke (Hg.). Feministische Rechtswissenschaft: Nomos, S. 52–73.
11. Fuchs, Gesine (2020). Wie machen wir einen Feminismus für die 99%? . Femina Politica – Zeitschrift für feministische Politikwissenschaft, 1-2020, S.156-160.
12. Feminist Sülh Kollektivi. https://www.feministpeacecollective.com/
13. http://femiskop.org/
14. Kərimli (2021). “Tahir Kərimli feministləri ´üzdəniraq´ adlandırdı” 9 mart 2021-ci il, https://modern.az/az/news/281234/tahir-kerimli-feministleri-uzdeniraq-adlandirdi-
15. Hadjar, Andreas (2008). Meritokratie als Legitimationsprinzip. VS Verlag für Sozialwissenschaften | GWV Fachverlage GmbH, Wiesbaden
16. Namazov, Khayyam (2021a). Emerging Political Feminism in Azerbaijan: The Most Visible Other. https://feminism-boell.org/en/2021/10/25/emerging-political-feminism-azerbaijan-most-visible-other
17. Namazov, Xəyyam (2021b). Azərbaycanda Siyasi Feminizmin Yüksəlişi: Ən görünən Özgə. http://femiskop.org/azerbaycanda-siyasi-feminizmin-yukselisi-en-gorunen-ozge/
18. Nəhmədova, Firuzə (2021). Azərbaycanda avtokratik orta sinif: dövlətdən asılılıq avtoritar dayanıqlılığa səbəb olurmu? Baku Research Institute. https://bakuresearchinstitute.org/az/an-autocratic-middle-class-in-azerbaijan-does-state-dependency-lead-to-authoritarian-resiliency/
19. March, Urte (2020). Feminismus für die 99 Prozent – eine Kritik. https://arbeiterinnenmacht.de/2020/03/04/feminismus-fuer-die-99-prozent/Z
20. Qanun (2014). Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının qanunu http://www.e-qanun.az/framework/511
21. Quliyev, Eldar (2021). “Eldar Quliyev: “Qərbdə qadınlar üçün 50 nəfərlə görüşdükdən sonra 51-ci ilə evlənməkdə problem yoxdu” 30 oktyabr 2021-ci il, https://pravda.az/news/62895
22. Təhlil (2021). 22 dekabr 2021-ci il tarixində Azərbaycanda Mövcud Ailə Münasibətləri: Sosial-Psixoloji Təhlil adlı ictimai sorğu və sosial tədqiqatların nəticələrinə dair konfrans. http://www.scfwca.gov.az/post/2778/azerbaycanda-movcud-aile-munasibetleri-sosial-psixoloji-tehlil-ictimai-rey-sorgusu-ve-sosioloji-ted

 

 

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.