fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Dövlət və Fərd

Read this article on other language
Download article
image_pdf
image_pdf

Əhməd bəy Ağaoğlu (1869-1939) Azərbaycan və Türkiyənin böyük dövlət xadimlərindən olub. Fəaliyyətində əsasən liberal fikirlərə üstünlük vermiş və bu mövzuda düşüncələrini yazmaqdan geri durmamışdır. Məhz buna görə 1930-cu ildə Mustafa Kamal Atatürkün çoxpartiyalı sistemə keçid təcrübəsində Sərbəst Fırkanın yaradılmasında iştirak etmişdir. Türkiyə Cümhuriyyətinin Konstitusiyasının hazırlanmasında da Ağaoğlunun rolu olmuş, Atatürkə həyata keçirdiyi inqilabi islahatlar mövzusunda məsləhətçilik etmişdir.

Lakin 1930-cu illərdə Türkiyə Cümhuriyyətində müəyyən avtoritar meyillər artmaqda idi. Bu meyilləri müdafiə edən nəşrlərdən biri 1932-35-ci illərdə 36 nömrəsi nəşr edilmiş Kadro adlı jurnal idi. Jurnalın yaradıcıları Yakub Kadri Karaosmanoğlu, Şevkət Sürəyya Aydəmir, Vedat Nedim Tör, Burhan Asaf Belge və d. idi. Əksəriyyəti marksist və ya keçmişdə marksist yönümlü olan bu şəxslər Kamalizmi dəyişdirməkdə günahlandırıldılar və Yakub Kadrinin Albaniyaya səfir təyin edilməsi ilə jurnalın nəşri dayandırıldı.

Jurnalın müəlliflərindən olan Aydəmirlə Ağaoğlu arasında bir sıra polemikalar yaşandığı zaman Aydəmir jurnalda dərc etdirdiyi yazılardan ibarət 1932-ci ildə İnqilab və Kadro adlı kitab nəşr etdirir. Bu kitaba cavab olaraq Ağaoğlu Cümhuriyyət qəzetində məqalələrlə çıxış edir. Həmin qəzetdə Ağaoğluna cavab olaraq Karaosmanoğlu və Aydəmirin yazıları və həmin yazılara da Ağaoğlunun cavabları yayımlanır. 1933-cü ildə Ağaoğlu bu yazıları Dövlət və Fərd adlı kitabında türk dilində nəşr etdirir. Kitabda Ağaoğlu jurnalın əməkdaşlarını kadrocular adlandırır.

Müasir dilimizə uyğunlaşdırdığımız bu kitabda kitabın 1933-cü ildəki nəşrindən istifadə olunub. Əhməd bəyin üslubunu qorumağa çalışmaqla, əlavə olaraq, yazıda adını çəkdiyi şəxslər haqqında kiçik məlumatlar da vermişik. Mətndə adi mötərizədə – məsələn, (xxx) kimi yazılan hissələr orijinaldır. Lakin kvadrat mötərizədə – məsələn, [xxx] kimi yazılan hissələr isə bizə aiddir. Dövlət və Fərd kitabında müəllif fərdi azadlığın əhəmiyyəti barədə düşüncələrini tarixi perspektivdə və sadə dillə izah edir. Günümüzdə ölkəmizdə də dövlətçilik düşüncəsinin ictimai fikirdə geniş yer tutduğunu nəzərə alaraq Ağaoğlunun bu kitabının yeni perspektiv açacağını gözləyirik.

Samir İsayev

3-cü hissə

Diqqətəlayiq bir polemika

Son zamanlarda bolşevik rəhbərləri arasında mövzumuzla əlaqədar və diqqətəlayiq bir po­lemika aparılır. Polemikanı aparanlar bir tərəfdən Trotski[i], digər tərəfdən Stalin[ii], Molotov[iii] və Radekdir.[iv] Trotski əski dostlarını bacarıqsızlıqda və rus bolşevizmini də artıq durğunluğa uğrayaraq kəndlilərlə fəhlələr arasında sallanan bir bürokratiya şəklini almış ol­maqda ittiham edir.

Digərləri isə cavabında Trotskini Rusiyada əhalinin 80 faizini təşkil edən kəndliləri əsla hesaba qatmamaqda və bu əsas faktora etinasız yanaşmaqda ittiham etdilər və bunu isbat üçün onun əski bir yazısı olan “Daimi inqilab”[v] adlı əsərini xatırlatdılar. Buna cavab olaraq Trotski bu əski yazısını tamamlayaraq, yenidən nəşr edərək yayımladı.

Bu kitabdan anlaşıldığına görə, hələ 1905-ci il inqilabı zamanında bugünkü bolşevik rəhbərləri arasın­da bir məsələ şiddətli münaqişələrə səbəb olubmuş. Məsələ bundan ibarət idi: Rusiya kimi hələ demokratiya sistemini görməmiş və sənayesi nisbətən geri qalmış bir məmləkətdə birdən-birə ictimai inqilabın həyata keçirilməsi, yəni nəhəng dövlətçilik fikrinə əsaslanan bir sistemin qurulması imkanı varmı?  Və belə bir təşəbbüsə girişmək münasib olarmı?

O zaman Lenin də başda olmaqla bütün bolşevik liderlər bu suala mənfi cavab veriblər və rus bolşeviklərinin hələlik rus demokratları­na yardım etmələrini daha münasib hesab ediblər. Yalnız Trotski əksini irəli sürüb. Trotskiyə görə, demokratiya üsulu möhkəmlənməmiş və kapitalist siniflər hələ güclənməmiş olan cəmiyətlərdə ictimai inqilab daha asan edilərmiş. Çünki hələ cahil olan bu kimi cəmiyyətlər ictimai inqilaba qarşı davamlı və əsaslı bir müqavimət göstərməzlərmiş.

Əksəriyyəti kəndlilərdən ibarət olan belə bir mühitdə canlı ünsür şəhərlərdəki fəhlə ilə kiçik sənət və ticarət sahibləridir. Bu ünsürləri arxasınca aparan və eyni zamanda da kəndlilərə ən çox şikayət etdikləri ehtiyaclarının təmin ediləcəyini vəd edən inqilabçı liderlər burjuaziyanı devirməkdə çətinlik çəkməzlərmiş.

İnqilab edildikdən sonraya gəlincə: yeni quruluş inqilabı edən ünsürü, yəni fəhlələri xüsusilə müdafiə etməyə çalışmalı, hökumət və dövlət ona əsaslanmalı, onun mənfəətlərinin təmini ilk sırada gəlməlidir.

Kəndlilərə gəlincə: kəndli əsasən hər yerdə və hər zaman mühafizəkardır. İnqilaba dəstək ola bilməz, fəqət eyni zamanda da təşkilat yaradıb müqavimət etmək qabiliyyətindən məhrum olduğundan ondan qorxulmaz. Kəndli sinfini hökumətdə iştirak etdirməməli, lakin ehtiyacları ikinci dərəcədə olmaqla təmin edilməli və bu yolla onu yavaş-yavaş inqilaba alışdırmağa çalışılmalıdır.

Bütün bunları etmək Trotskiyə görə, asan və bəsit imiş. Əsl müşkül ondan sonra başlayır. Zira yeni quruluşun dayağı olan fəhlə sinfi azlıq təşkil etdiyindən bir tərəfdən sənayeləşdirmə fəaliyyətinə geniş bir miqyasda girişərək kəndliləri  mümkün olduğu qədər sürətlə fəhlələşdirməyə və digər tərəfdən də sənayesi nəhəng səviyyədə inkişaf etmiş olan bir məmləkəti, məsələn Almaniyanı eyni ictimai inqilab yoluna sürükləməyə çalışılmalı imiş. Halbuki, bax, Trotskinin yoldaşları bu ikinci işi görə bilməmişlər.

Trotskiyə cavab verənlər arasında, xüsusilə Stalinin “Tək ölkədə ictimai inqilab” adlı yazdığı əsər diqqətəlayiqdir. Bu əsərdə Stalin yüz əlli milyon əhalini ehtiva edən və ərazisinə görə dünyanın altıda birindən ibarət olan Rusiyanın təkbaşına bir dünya olduğunu qeyd edərək bu ölkənin özü-özünə kifayət edərək hər cür xammala – pambıqdan neftə, dəmirdən boyaya, taxtadan misə, qızıldan kömürə qədər zəngin ehtiyatlara malik olduğunu göstərir və belə bir ölkənin edə biləcəyi ixracat ilə təmin edəcəyi vəsaitin hər ehtiyacı qarşılayacağını söyləyir. Belə bir məmləkət hər tərəfdən dəqiq fənn və elm adamlarını və hazır makinaları ölkəyə asanlıqla cəlb edə bilər, beləliklə də məmləkəti yaxın bir zamanda sənayeləşdirmək onun üçün çox asan bir iş olar. Lakin bu sənayeləşdirmə çalışması tamamlana qədər iztirablar və məhrumiyyətlər olacaq. Fəqət gələcəyin təmin edəcəyi bolluq bu fədakarlıqları artıqlaması ilə ödəyəcəkdir.

Əsas cizgilərini çox müxtəsər bir tərzdə xülasə etdiyimiz bu polemika bizim üçün çox qiymətlidir. Ondan alacağımız çox dəyərli dərslər vardır.

Polemikadan açıq bir şəkildə anlaşılır ki, hələ 1905-ci ildə bolşevik liderləri üçün belə geniş miqyasda dövlətçilik məsələsi bir müəmma imiş. Lenin kimi güclü insanlar belə tərəddüd edirmişlər. Halbuki o zaman belə Rusiya sənaye və texnoloji baxımdan bizim bu gün içində olduğumuz şərtlərin qat-qat üstündə idi. Bizə nisbətən sənayesi inkişaf etmiş, yüzlərlə Avropa miqyasında mütəxəssislər yetişdirməkdə və texniki cihazı müqayisə edilməyəcək dərəcədə bizimkindən üstün idi. Buna rəğmən inqilabdan 14 il keçdiyi halda dünya qədər böyük olan və hər cür xammalı öz içində bol olan və bizim dövrümüzdə hər il beş minə qədər mütəxəssis yetişdirən və Avropa və Amerikadan da ildə yüzlərlə mütəxəssislər gətirən bu məmləkətin yüksək texnologiya qurma fəaliyyəti min bir çətinliyə səbəb olmaqda və min bir iztirabları dəvət etməkdədir.

Deməli nəhəng dövlətçilik nəzəriyyəsini qur­muş olan Engels və Karl Marks dövlətçiliyin geniş bir miqyasda tətbiqi yalnız sənayesi yüksək səviyyədə inkişaf etmiş olan cəmiyyətlərdə mümkündür deyərkən dərin bir həqiqəti ifadə etmişdilər.

Fəqət bu böyük mütəfəkkirlərin qurmuş olduqları tarixi materializm nəzəriyyəsindən ilham alan bizim Kadroçular hətta bizim kimi texnologiya və sənaye baxımından ibtidai deyiləcək qədər geridə qalmış olan məmləkətdə də dövlətçiliyin nəhəng dərəcədə tətbiqi imkanının olduğunu iddia etməkdədirlər. Yuxarıdan bəri qeyd etdiyimiz mütaliələr və göstərdiyimiz faktların bu iddianın nəzəri və əməli heç bir həqiqətə istinad etmədiyini kafi dərəcədə isbat etdiyi fikrindəyik. İndi yuxarıda irəli sürdüyümüz mütaliələri toplu bir şəkildə və müxtəsər olaraq söyləmək lazım gələrsə, deyə bilərik ki: inqilab ətrafında toplanmış olan türklərin hamısı həm Kamalist, həm inqilabçı, həm də dövlətçidirlər. Yalnız bizimlə Kadroçular arasında bəzi dərin fərqlər vardır.

Fərqlərdən biri inqilaba münasibətdə fikir və davranışa aiddir.

Biz bütün inqilabçı türklərin inqilabla eyni dərəcədə məşğul olmaq və buna görə inqilabçı Türkiyənin taleyi haqqında düşünmək və fikir söyləmək haqq və səlahiyyətinə sahib olduqlarını tanımağı bir vətəndaşlıq haqqı kimi qəbul edirik. Halbuki Kadroçular, bunun xilafına olaraq, inqilabı mənimsəyərək inhisar altına almaq və guya inqilabın iradə və mənfəətlərini yalnız onlar təmsil edirmiş kimi davranaraq, hər kəsə “zor-xoş” öz iradələrini qəbul etdirmək id­diasındadırlar.

Biz bu əcaib düşüncəni inqilabı ta kökündən inkar etmək və mütləqiyyətə doğru yol açmaq mənasında anlayır və buna görə də ona qarşı gəlməyi və türk inqilabını bu əcaib düşüncəyə qarşı müdafiə etməyi bir vəzifə qəbul edirik.

İkinci dərin fərq dövlətçilik və Kamalist məfhumlarına yanaşma tərzindədir. Həqiqətən biz də dövlətə lazım və ehtiyac olduğu za­man ziddiyyətləri ortadan qaldırmaq və ictimai nizamı qorumaq üçün müdaxilə etmək səlahiyyətini tanıyırıq. Fəqət bu lazım [zərurət] və ehtiyacın qəbulu məsələsində aramızda ayrılıq başlayır. Kadroçular Qərbdə meydana çıxmış olan və Qərb həyatının təbii nəticələri olan cərəyanlardan ilham alaraq indidən dövlətin fərdi ortadan qaldıraraq yüksək texnologiyanı və iqtisadi gücü əlinə almasını lazım bilirlər.

Biz isə bu cərəyanlar üçün bizdə hələ zəmin hazırlanmamış olduğundan fərdin ortadan qaldırılmasının və dövlətin sahibkar kimi iqtisadiyyatla məşğul olmasını məmləkət üçün çox təhlükəli hesab edirik və bu narahatlıqlarımızı Qərbdəki cərəyanların hansı amillərin məhsulu olduğunu və bu amillərin bizdə hələ mövcud olmadığını göstərməklə təsdiq edirik. Kadroçular belə bizi bu sahədə təsdiqləyərək Qərbdə geniş dövlətçilik cərəyanını doğuran kapital ilə əmək və sinif mücadilələrinin və bu mücadilələrdən doğan təzadların bizdə mövcud olmadığını etiraf edirlər, fəqət buna rəğmən sırf nəzəriyyə təqlidçiliyi onları başqa və bizcə, qorxulu və təhlükəli yollara sövq edir.

Bizim qənaətimizə görə, güclü xalqlar yalnız güclü fərdlərdən ibarət olanlardır. Şərq özünün tarixi, idarəçiliyi, qanunları, dini, əxlaqı və fəlsəfəsi ilə fərdi daim əzmişdir.

Kamalist inqilabın birinci hədəfi fərdi bu əzici və öldürücü amillərdən qurtarmaqdır. İstər qurmuş olduğu dövlət sistemi, istərsə də bu sistemin istinad etdiyi konstitusiya bu yüksək əməldən ilham almışdır.

Yeni Türk dövlətinin əsaslandığı konstitusiya diqqətlə mütaliə edilərsə, görüləcək ki, bu qanun başdan-ayağa türk vətəndaşını hər cür bağdan qurtarmaq, onun qafası, qəlbi və əməyi üçün düz və maneəsiz sərbəst sahələr açmaq üçün yazılmışdır. Türk vətəndaşları artıq nə din, nə ənənə, nə də ixtiyari müdaxilələrlə bağlıdır. Onun yeganə əsaslandığı məqam qanundur ki, bu məqamı dəxi təyin edən o özüdür. Bu məqama riayət etmək şərtilə, yəni öz iradəsinə hörmət etmək şərtilə, o, fikrində, düşüncəsində, yazısında, ifadəsində, hərəkətində, vicdanında, xülasə, maddi və mənəvi həyatın hər cəbhəsində azaddır. İnqilabın liderinin ifadəsi ilə artıq sözün həqiqi mənasında əfəndidir.

Bu azadlıqlar necə gəldi və ya hansısa bir konstitusiyanı təqlid üçün təmin olunmamışdır. Bunlar əsrlərdən bəri istifadə edilmək imkanından məhrum və bunun ağrılı və öldürücü nəticələrini üzərində təcrübə etmiş olan türk qafasının, türk qəlbinin, türk əməyinin açılması, yəni türk fərdinin inkişafı üçün qoyulmuşdur. Türk fərdi inkişaf etdikcə, təbiətilə güclü fərdlərdən ibarət olan türk xalqı da eyni nisbətdə güclənəcəkdir, inkişaf edəcəkdir. Bundan dolayı Kamalist dövlətinin birinci hədəfi fərdi himayə və təşviq və fərdin inkişaf və yüksəlməsini təmin etməkdir.

Bununla birlikdə, fərdin yetişə bilmədiyi və bacarmadığı qaçılmaz və lazımlı işləri dövlətin üzərinə götürməsini mən də Kadroçular qədər qəbul edirəm.

Fəqət həm zəmin, həm ünsürlər hazır olma­dan və həm də lüzum və ehtiyac hiss edilmədən sırf gələcək və ehtimali təzadlara meydan verməmək qorxusu ilə hakimiyyət mexanizmini millətin yerinə qoymaq və bütün texniki şəbəkəsi ilə iqtisadi istehsalı bu mexanizmin fəaliyyət və təşəbbüslərindən gözləmək, bizə görə, çox qorxulu və təhlükəli bir yola girmək olar. Və hələ Türkiyə kimi nisbətən sakit və vəsaitləri məhdud olan bir məmləkəti bu baxımdan digər məmləkətlərə nümunə və bələdçi olmaq kimi cazibəli perspektivlər ilə təhrik etmək düşüncəsini əsla anlamırıq.

Biz bu abstraktdamı yaşayırıq?

Türk kəndlisindən aldığımız vergilər ilə “yüksək texnologiya və iqtisadi yığımlar formalaşdıraraq, gələcək təzadları bəşəriyyətə nümunə olaraq aradan qaldıracağıq!”

Nə gözəl!

Servantesin ruhuna rəhmət!


Qeydlər

[i] Lev Trotski (Lev Davidoviç Bronşteyn, 1879 – 1940), kommunist nəzəriyyəçi, 1917-ci il Rusiya Oktyabr inqilabının liderlərindən biri, Sovet İttifaqı xarici işlər və müharibə komissarı  

[ii] İosif Stalin (əsl adı İosif Vissarionoviç Cuqaşvili, 1878 – 1953), Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi (1922–53) 

[iii] Vyaçeslav Mixayloviç Molotov (əsl adı Vyacheslav Mixayloviç Skryabin, 1890 – 1986), SSRİ politbüro üzvü, SSRİ xarici işlər naziri

[iv] Karl Bernardoviç Radek (əsl adı Karl Sobelsohn, 1885 – 1939(?)), Komminternin liderlərindən biri 

[v] Permanent inqilab (Перманентная революция) əsəri

Ikinci hissəyə keçid:

Birinci hissəyə keçid:

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.