Bəşəriyyət yaranandan bu günə kimi müxtəlif azadlıqlar, haqlar və hüquqlar uğrunda mübarizə meydanına çevrilib. Bu meydanda bəzi cəmiyyətlər və millətlər qibtə ediləcək əzmkarlıq, davamlı mübarizkarlıq nümayiş etdirmiş, bəziləri isə azadlıq və haqlarına etinasız yanaşmışlar. Azadlıq və haqlar uğrunda mübarizəni doğuran bu əzmkarlığın mənbəyi nədədir? Nə üçün bir insan azadlıq uğrunda canını qurban verməyə, digəri isə başqasının xeyrinə bütün hüquq və azadlığından imtina etməyə hazırdır? Alman sosioloq, psixoanalitik Erik Fromm sosial psixologiya və sosiologiya nəzəriyyələrinə əsaslanaraq “Azadlıqdan qaçış” (və yaxud “Azadlıq qorxusu”) adlı əsərində bu və bu kimi digər mühüm məsələlərə cavab verməyə çalışır. Almaniyada doğulan və təhsil alan Fromm yəhudi mənşəli olduğu üçün Hitler hakimiyyətə gəldikdən sonra vətənini tərk etməyə məcbur olmuş, ABŞ-a köçmüş və Kolumbiya Universitetində elmi fəaliyyətə başlamışdı. “Azadlıqdan qaçış” əsərində Fromm milyonlarla insanın asanlıqla azadlıq və hüquqlarından imtina edərək özlərini bir insanın iradəsinə, avtoritar hakimiyyətə tabe etməsini mümkün edən səbəbləri araşdırır. Oxuculara təqdim olunan bu tərcümə 1941-ci il Nyu-York nəşrindən edilib.
Professor Şəlalə Məmmədova
Fəsil III. Reformasiya dövründə azadlıq
(Əvvəlki fəsillərə keçid bu mətnin sonundadır)
- Orta əsrlərin mənşəyi və İntibah dövrü
Orta əsrlər dövrü iki cür təhrif olunub.[i] Müasir rasionallıq Orta əsrləri qaranlıq dövr kimi təsvir edir. Bu təsvirdə şəxsi azadlığın olmadığı, azlığın əhali kütlələrini istismar etdiyi, dar baxışlı bir cəmiyyət görürük. Bu cəmiyyətdə ətraf kəndlərdən olan kəndlilər şəhər əhalisi üçün təhlükəli və şübhəli yad adamdır, başqa dövlətdən gələn isə daha da təhlükəlidir. Bu cəmiyyətdə, həmçinin, xurafat və cəhalət hökm sürür. Digər tərəfdən də, orta əsrlər mürtəce filosoflar və hərdən bir də müasir kapitalizmin proqressiv tənqidçiləri tərəfindən ideallaşdırılır. Onlar həmrəylik hissinə, iqtisadi tələbatların insan tələbatlarına tabe edilməsinə, insan münasibətlərinin yaxınlığı və konkretliyinə, katolik kilsəsinin milli hisslərdən uzaq olmasına, orta əsrlər dövrünə xas olan təhlükəsizlik hissinə işarə edirdilər. Hər iki təsvir doğrudur, lakin səhv ondadır ki, bu təsvirin birindən danışanda o birini inkar edirlər.
Orta əsrlər cəmiyyətini müasir cəmiyyətdən fərqləndirən fərdi azadlığın olmamasıdır. Erkən dövrdə hər kəsin sosial qaydaya uyğun olaraq öz rolu var idi. İnsanın bir sinifdən digərinə keçmək imkanı az idi, hətta coğrafi cəhətdən onun bir şəhərdən digərinə köçməsi çətin idi. Nadir istisnaları çıxmaq şərtilə, insan doğulduğu yerdə də ölürdü. Əksər halda ona nə istədiyini geyinmək, nə də istədiyini yemək imkanı verilirdi. Sənətkar öz məhsulunu şəhər bazarında müəyyən edilmiş qiymətə, kəndli isə müəyyən edilmiş yerdə satmalı idi. Gildiya üzvlərinə istehsalın hər hansı texniki sirrini gildiya üzvü olmayan başqasına vermək qadağan edilmişdi; o, öz məsləkdaşına xammalın sərfəli satışında iştirakına icazə verməyə məcbur idi. Şəxsi, iqtisadi və ictimai həyat bütün sahələrdə fəaliyyəti tənzimləyən qayda və öhdəliklərə tabe idi.
İnsan müasir mənada azad olmasa da, o, yalnız və tənha deyildi. Anadan olandan sosial dünyada müəyyən, dəyişməz və qəti yeri olan insan strukturlaşmış cəmiyyətin bir hissəsi idi və bu səbəbdən də həyatının mənası var idi. Bu həyatda şübhə üçün yer və zərurət yox idi. İnsanın kimliyi onun cəmiyyətdəki yeri idi. O, bu və ya digər təsadüfi ixtisasa malik müstəqil şəxsiyyət deyil, kəndli, sənətkar, cəngavər idi. Sosial qayda təbii qayda kimi qəbul edilirdi; bu qaydaya tabe olmaq təhlükəsizlik və nəyəsə aid olmaq hissini verirdi. Rəqabət o qədər də güclü deyildi. İnsan ənənələrlə müəyyənləşmiş yaşayış vasitələrini təmin edən konkret iqtisadi şəraitin içində dünyaya göz açırdı. Sosial iyerarxiyada daha yüksəkdə duranların üzərində iqtisadi öhdəliklər var idi. Lakin özünün sosial dairəsində insan həm iş, həm də mənəvi həyatında geniş fikir azadlığına malik idi. Müasir anlamda müxtəlif həyat tərzinin seçim imkanları olmasa da (bu seçim əksər hallarda abstrakt xarakter daşıyırdı), real həyatda müxtəlif fərdilik imkanları mövcud idi.
Çoxlu əzab və iztirablar var idi, amma bu əzab və iztirabları dözümlü edən kilsə də var idi. Kilsə izah edirdi ki, bu əzab və iztirablar Adəmin və hər bir insanın şəxsi günahlarının nəticəsidir. Kilsə günah hissini təşviq etsə də, eyni zamanda, bütün övladlarına şərtsiz sevgi bəslədiyini bildirir və insanın Allah tərəfindən bağışlandığına və sevildiyinə əmin olması üçün yollar təklif edirdi. Allaha olan münasibət şübhə və qorxudan çox, inam və məhəbbəti təcəssüm etdirirdi. Kəndlilər və şəhərlilər onlara məxsus olan məhdud coğrafiyadan kənara nadir hallarda çıxdıqları üçün dünya da onlara kiçik və anlaşılan görünürdü. Torpaq və insan dünyanın mərkəzi idi, cənnət və cəhənnəm isə onun gələcək yeri idi; bütün həyat doğuşdan ölümə qədər səbəb-əlaqə zənciri baxımından aydın idi.
Yaxşı strukturlaşmış cəmiyyət insana təhlükəsizlik hissi versə də, onu köləlikdə saxlayırdı. Bu köləlik sonrakı dövrlərdə yaranacaq avtoritarizm və zülmlə gələn köləlikdən fərqli idi. Orta əsrlər cəmiyyəti insanı fərdi azadlıqdan məhrum etmirdi, çünki hələlik “fərd” mövcud deyildi; insan hələ də dünya ilə ilkin bağları ilə bağlı idi. İnsan özünü şəxsiyyət kimi deyil, sosial (o zaman da bu, onun təbii rolu idi) rolu prizmasından dərk edirdi. O, başqa insanı fərd kimi qəbul etmirdi. Başqa şəhərdən gəlmiş kəndli yad idi; hətta şəhərdə müxtəlif sosial qrupların nümayəndələri bir-birinə yad idi. İnsan hələ özünün kimliyini dərk etmir, başqalarının və dünyanın fərqli varlıqlar olduğunu bilmirdi.
Orta əsrlər cəmiyyətində fərddə özünüdərkin olmaması Jacob Burckhardtın orta əsr mədəniyyətinin təsvirində klassik ifadəsini tapıb:
Orta əsrlərdə insan təfəkkürünün həm daxili, həm də xarici tərəfi yarıyuxulu və yarıoyaq halda ümumi pərdə altında mürgüləyirdi. Bu pərdə inanclardan, illüziyalardan, uşaqlıq təəssübkeşliyindən toxunmuşdu. Hər bir şəxs özünü yalnız ümumi kateqoriya çərçivəsində bir irqin, bir xalqın, bir partiyanın, ailənin və ya korporasiyanın üzvü kimi görürdü.[ii]
Orta əsrlərin son dövründə cəmiyyətin strukturunda və insanın şəxsiyyətində dəyişikliklər başlandı. Orta əsr cəmiyyətinin birliyi və mərkəzləşdirilmiş strukturu zəiflədi. Kapital, fərdi iqtisadi təşəbbüskarlıq və rəqabət böyük əhəmiyyət kəsb etməyə başladı, pulu olan yeni sinif formalaşdı. İndividualizmin inkişafı bütün sosial siniflərin içərisində hiss edilirdi və insan fəaliyyətinin bütün sahələrində — zövqdə, modada, incəsənətdə, fəlsəfə və teologiyada əks olunurdu. Mən burada qeyd etmək istəyirəm ki, bu proses kiçik bir qrup varlılara və çiçəklənən kapitalistlərə, eyni zamanda da kəndli kütlələrinə, xüsusilə də şəhərlərin orta sinfinə eyni cür təsir etmirdi. Sonuncular üçün bu inkişaf prosesi hansısa mənada sərvət və fərdi təşəbbüskarlıq üçün imkan kimi görünsə də, ümumən onların ənənəvi həyat tərzinə təhdid idi. Bu fərqi ən başlanğıcdan nəzərə almaq lazımdır, çünki bu qrupların psixoloji və ideoloji reaksiyaları bu dəyişikliklərlə şərtlənirdi.
İtaliyada fəlsəfə, incəsənət və həyat tərzində yeni iqtisadi və mədəni inkişaf Qərbi və Mərkəzi Avropaya nisbətən daha intensiv və aydın nəticələrlə baş verirdi. İnsan ilk dəfə İtaliyada ona təhlükəsizlik verən, lakin həm də imkanlarını məhdudlaşdıran feodal cəmiyyəti ilə əlaqələrini qırıb fərdiləşdi. Burckhardtın sözlərinə görə, İntibah dövrünün italyanı “müasir Avropanın oğulları içərisində ilk doğulan”, ilk fərd oldu.
İtaliyada Qərbi və Mərkəzi Avropadan fərqli olaraq, orta əsr cəmiyyətinin daha tez dağılmasını şərtləndirən bir sıra iqtisadi və siyasi faktorlar mövcud idi. Bura İtaliyanın coğrafi mövqeyi və onun Aralıq dənizinin Avropanın əsas ticarət yolu olduğu dövrdə gətirdiyi ticari üstünlüklər; Papa ilə imperator arasında mübarizə nəticəsində çoxlu sayda müstəqil siyasi vahidlərin yaranması; Şərqə yaxınlıq və bununla əlaqədar sənayenin inkişafı üçün əhəmiyyətli olan bir çox vərdişlərin, məsələn, ipəkçiliyin digər dövlətlərlə müqayisədə İtaliyaya daha tez çatması daxildir.
Bu və digər şərtlər nəticəsində İtaliyada təşəbbüskarlıq, hakimiyyət və ambisiya hissləri ilə dolu qüdrətli pullu sinif yarandı. Feodal sinfi parçalanma əhəmiyyətini itirdi. 12-ci əsrdən başlayaraq zadəganlar və şəhərlilər eyni məkanda, şəhərlərdə birgə yaşamağa başladılar. Sosial münasibətlərdə sinfi fərqliliyə etinasız yanaşılmağa başlanıldı. Mənşə və ailə deyil, sərvət əhəmiyyət kəsb etməyə başladı. Digər tərəfdən, kütlələrin içərisində ənənəvi sosial stratifikasiya da zəifləməyə başladı. Bununla yanaşı, biz şəhər kütləsi içərisində istismar olunan və siyasi cəhətdən əzilən fəhlə sinfini görürük. Burckhardtın qeyd etdiyi kimi, 1231-ci ildən biz II Fridrixin “feodal dövlətini tamamilə məhv edən, xalqı isə iradə və müqavimət vasitələrindən məhrum edən, lakin xəzinəyə maksimum fayda gətirən kütləyə çevirən” siyasi tədbirlərini görürük.[iii]
Orta əsrlərin sosial strukturunun tədricən dağılması müasir anlamda fərdin yaranması ilə nəticələndi. Bir daha Burckhardta istinad edək: “İlk dəfə İtaliyada bu örtük (inanc, illüziya və uşaqcasına qərəzlilik) yox oldu, dövlətin və ətrafda əhəmiyyətli olan hər bir şeyin obyektiv təhlili mümkün oldu. Subyektiv tərəf də özünəməxsus tərzdə özünü ifadə etdi: insan mənəvi şəxsiyyətə çevrildi və özünü dərk etdi. Vaxtilə yunan da özünü barbardan fərqləndirir, başqa asiyalılar özlərini irqə mənsub hesab etdikləri bir dövrdə ərəb özünü fərd hesab edirdi.”[iv]
Yeni şəxsiyyətin ruhunun Burckhardt tərəfindən təsviri bizim əvvəlki fəsildə insanın ilk əlaqələrdən necə doğduğu ilə bağlı təsvirimizə uyğundur. İnsan özünü və başqalarını müstəqil varlıq kimi dərk edir; o, özündən ayrı olan təbiətin iki aspektini müəyyən edir: təbiəti nəzarətə və əsarətə alınmalı olan obyekt və gözəlliyindən zövq alınmalı olan obyekt kimi müəyyənləşdirir. O, bu dünyanı kəşf etdikdə yeni qitələri kəşf etmiş olur və mənəvi cəhətdən kosmopolit ruhunu inkişaf etdirir. Bu ruhda olan Dante deyərdi ki, “bütün dünya mənim ölkəmdir”.[v]
İntibah dövrü yeni iqtisadi qüvvələrin tufanının qaldırdığı dalğanın zirvəsinə qalxmış varlı və güclü ali sinfin mədəniyyəti idi. Hakim sinfin sərvəti və hakimiyyətindən məhrum olan kütlələr əvvəlki təhlükəsiz statuslarını itirmiş və formasız bir kütləyə çevrilmişdilər. Bu kütləyə yaltaqlanmaq və ya onu hədələmək olardı, onu hər zaman manipulyasiya etmək və hakimiyyətdə olanlar tərəfindən istismara məruz qoymaq olardı. Despotizmin yeni növü yeni fərdiliklə yanaşı yaranırdı. Azadlıq və istibdad, fərdilik və nizamsızlıq bir-biri ilə sıx bağlı idi. İntibah dövrü xırda dükançıların və xırda burjuaziyanın deyil, varlı zadəganların və şəhər əhalisinin mədəniyyəti idi. Onların iqtisadi fəallığı və sərvəti onlara azadlıq və fərdilik hissi verirdi. Ancaq eyni zamanda, onlar bir şeyi itirmişdilər. Bu itirilən orta əsrlər sosial cəmiyyətinin verdiyi təhlükəsizlik və mənsubiyyət hissi idi. Onlar azad, lakin tənha idilər. Onlar hakimiyyəti və sərvəti həyatın ləzzətinin son damlasının əldə edilməsi üçün istifadə edirdilər. Bunun üçün onlar kütlələri idarə etmək və öz sinifləri daxilində olan rəqiblərini dayandırmaq üçün amansızcasına fiziki işgəncələrdən tutmuş psixoloji manipulyasiyaya qədər bütün vasitələrdən istifadə edirdilər. Bütün insani münasibətlər bu hakimiyyət və sərvəti saxlamaq üçün aparılan ölüm-dirim mübarizəsi nəticəsində məhv edilmişdi. Yaxınlarla, ən azından öz sinfinin nümayəndələri ilə həmrəylik etinasız münasibətlə əvəz olundu; başqa insanlara istifadə edilməli, manipulyasiya edilməli və ya öz məqsədlərinə uyğun gələrsə, amansızcasına məhv edilməli olan “obyektlər” kimi baxılırdı. İnsanı hakimiyyət və sərvət hərisliyi ilə xarakterizə olunan ehtiraslı eqosentrizm bürümüşdü. Nəticədə, uğurlu fərdin özünə münasibəti, təhlükəsizliyi və özünə inamı da itmişdi. Onun şəxsi mənliyi də başqalarınınkı kimi manipulyasiya obyektinə çevrilirdi. Bizdə İntibah dövrünün qüdrətli kapitalistlərinin təsvir edildiyi kimi xoşbəxt və özünə inamlı olmaları fikri şübhə doğurur. Güman edə bilərik ki, yeni azadlıq onlara iki şey gətirmişdi: güc hissi və eyni zamanda, təcrid olunma, şübhə, skeptisizm (bax: Huizinga, s. 159) və bunların nəticəsi olan narahatlıq. Biz humanistlərin fəlsəfi əsərlərində də eyni ziddiyyətləri görürük. Onlar insan ləyaqətinə, fərdiliyinə və gücünə işarə etməklə yanaşı, öz fəlsəfələrində inamsızlıq və ümidsizlik nümayiş etdirirlər.[vi]
Düşmən dünya ilə əhatə olunmuş, təcrid olunmuş fərdin vəziyyətindən irəli gələn bu dərin inamsızlıq xasiyyətin xüsusiyyətlərini izah etməyə yardım edir. Burckhardt qeyd edirdi ki (istinad edilən kitab, s. 139), bu xüsusiyyət İntibah dövrü insanına xas idi, orta əsr cəmiyyətində yaşayan insanda şöhrətə olan ehtiras bu dərəcədə yüksək deyildi. Əgər həyatın mənası şübhə doğurursa, əgər başqa insanlarla və insanın özü ilə münasibəti təhlükəsizlik hissi yaratmırsa, şöhrət şübhəni yox edən vasitələrdən biridir. Onun əhəmiyyətini Misir piramidaları və ya xristianlığın ölümsüzlük ideyası ilə müqayisə etmək olar. Şöhrət insanın fərdi həyatını məhdudiyyət və qeyri-sabitlikdən toxunulmazlığa qaldırır. Əgər onun adı müasirlərinə məlumdursa və o, həyatının əsrlərlə davam edəcəyinə ümid edə bilirsə, o, həyatının mənasını və əhəmiyyətini başqalarının düşüncələrində qalmaqla qazanır. Lakin məlumdur ki, şəxsi təhlükəsizliyini bu yolla yalnız şöhrət qazanmaq üçün real vasitələrə malik olan sosial qrupun nümayəndəsi təmin edə bilər. Nə hüquqsuz kütlələr, nə də Renessans dövrünün aparıcı qüvvəsi olan şəhərlərin orta təbəqəsi təhlükəsizliyini bu üsulla təmin edə bilməzdi.
Bu fəslin əvvəlində bizim İntibah dövrünə müraciət etməyimizin səbəbi individualizmin başlanğıcının məhz həmin dövrə təsadüf etməsi ilə bağlıdır. Eyni zamanda, İntibah dövrünü tədqiq edən tarixçilərin əsərlərində bu kitabda təhlil edilən əsas problem üçün əhəmiyyətli olan faktorlar, məsələn, insanın fərdiləşməyə qədərki vəziyyətindən çıxaraq kimliyini tam dərk etdiyi müstəqil şəxsiyyətə çevrilməsi ilə bağlı məsələlər əks olunub. İntibah dövrü Avropa təfəkkürünün, müasir kapitalizmin köklərinin gələcək inkişafına təsir göstərsə də, onun iqtisadi strukturu və ruhunun inkişafını Orta əsrlərin son dövr italyan mədəniyyətində deyil, Mərkəzi və Qərbi Avropanın sosial vəziyyətində, həmçinin Lüter və Kalvinin təlimlərində axtarmaq lazımdır.
Bu iki mədəniyyət arasında mühüm fərq var. İntibah dövrü ticarət və sənayenin yüksək inkişaf dövrü idi. Bu cəmiyyət sərvəti və nüfuzu olan kiçik bir qrup tərəfindən idarə olunurdu. Bu qrup İntibah dövrü mədəniyyətinin ruhunu ifadə edən filosof və rəssamların sosial əsasını təşkil edirdi. Reformasiya hərəkatı isə şəhərlərin orta və yoxsul təbəqələrinin, həmçinin kəndlilərin dini idi. Almaniyada da Fuqqerlər kimi varlı işgüzar insanlar var idi, lakin yeni dini doktrinalar onlara ünvanlanmamışdı və bu ideyalar müasir kapitalizmin inkişaf etdiyi özəyin əsası deyildi. Maks Veberin göstərdiyi kimi, Qərb dünyasında müasir kapitalist inkişafının aparıcı qüvvəsi şəhərlərin orta təbəqəsi idi.[vii] Bu hərəkatlar tamamilə fərqli sosial özəyə malik olduğu üçün, İntibah dövrü ilə Reformasiya hərəkatının ruhunun tamamilə fərqli olduğunu ehtimal edə bilərik.[viii] Lüterlə Kalvinin dini baxışlarını müzakirə edərkən bu fərqi daha aydın görmək olur. Biz diqqətimizi fərdi bağlardan azad olmanın şəhərlərin orta təbəqəsinin xarakterinə necə təsir göstərdiyinə yönəldəcəyik. Biz, həmçinin, protestantlıq və kalvinizmin yeni azadlıq hissinin ifadəsi kimi azadlıq yükündən azad olmanı necə təsvir etdiyini göstərəcəyik.
Əvvəlcə biz XVI əsrin əvvəllərində Avropada, xüsusilə də Mərkəzi Avropada iqtisadi və sosial vəziyyəti təhlil edəcəyik. Bundan sonra bu vəziyyətin həmin dövrdə yaşayan insanların şəxsiyyətinə necə təsir etdiyini, Lüter və Kalvinin təlimlərinin bu psixoloji faktora necə təsir etdiyini, bu yeni dini təlimlərin kapitalizmin ruhuna münasibətini təhlil edəcəyik.[ix]
Orta əsr cəmiyyətində şəhərlərin iqtisadi təşkilatı qismən sabit idi. Orta əsrlərin sonlarında sənətkarlar gildiyalarda birləşmişdilər. Hər sənətkarın bir və ya iki şagirdi var idi, sənətkarların sayı icmanın tələbatını ödəyəcək qədər idi. Yaşamaq üçün bütün gücünü sərf edənlər olsa da, ümumən gildiya üzvləri əməkləri sayəsində həyatlarını təmin etmək iqtidarında olduqlarından əmin idilər. Əgər sənətkar yaxşı stul, ayaqqabı, çörək, yəhər və s. istehsal edirdisə, özünü sosial statusuna uyğun olan layiqli həyat şəraiti ilə təmin edə bilirdi. O, dini mənada deyil, iqtisadi mənada “xeyirxah işlər”indən əmin ola bilərdi. Gildiyalarda üzvlər arasında qəddar rəqabətə yer yox idi. Xammal satışında, istehsal texnologiyaları və məhsulun satış qiymətində əməkdaşlıq mövcud idi. Bütövlükdə orta əsr həyatını və gildiya sistemini ideallaşdırmağa qarşı olan bəzi tarixçilər qeyd edirlər ki, gildiya sistemi hər zaman kiçik bir qrupu müdafiə edən və yeni gələnləri təcrid edən monopolist ruhu ilə dolu olub. Lakin əksər tarixçilər düşünürlər ki, hətta gildiya sistemini ideallaşdırmadan da söyləmək olar ki, mövcud olan qarşılıqlı əməkdaşlıq onun üzvlərinə müəyyən təhlükəsizlik təminatı verirdi.[x]
Sombartın qeyd etdiyi kimi, orta əsr ticarəti kiçik sahibkarlar tərəfindən həyata keçirilirdi. Topdan və pərakəndə satış hələ bir-birindən ayrılmamışdı, hətta xarici ölkələrə gedən tacirlər, məsələn, Şimali Almaniya Hanza İttifaqının üzvləri də pərakəndə ticarətlə məşğul olurdular. 15-ci əsrin sonuna qədər kapital yığımı da zəif idi. Beləliklə, iri kapitalın və monopolist ticarətin mühüm əhəmiyyət kəsb etdiyi orta əsrlərin son dövrü ilə müqayisədə, xırda sahibkarlar müəyyən maliyyə sabitliyinə malik idi. Orta əsr şəhərləri haqqında yazan professor Touni qeyd edirdi ki, “indi mexaniki idarə olunan çox şeylər o zaman insanlar tərəfindən şəxsən yerinə yetirilirdi. Bu səbəbdən də nə ayrı-ayrı insanlara tətbiq edilən böyük miqyasda təşkilatçılığa, nə də vicdan əzabını susduran, iqtisadi məqsədəuyğunluqla bağlı səsləndirilən arqumentlərdən ibarət nəzəriyyəyə ehtiyac var idi” (Tawney, istinad edilən əsər, s. 28).
Bütün bunlar bizə orta əsr cəmiyyətində təkcə katolik kilsəsinin nəzəriyyəsində deyil, eyni zamanda mülki qanunlarda ifadə olunan fərdin vəziyyətini, iqtisadi fəaliyyətin etik tərəflərini anlamaq imkanı verir. Biz burada Tauniyə istinad edəcəyik, çünki onun təsviri orta əsr cəmiyyətini nə ideallaşdırır, nə də romantikləşdirir. Onun iqtisadi həyatla bağlı iki ehtimalı var idi: “İqtisadi maraqlar həyatın real məqsədlərinə, qurtuluşa tabe olunub, iqtisadi davranış isə şəxsi davranışın aspektlərindən biridir. Bütün bunlar isə məcburi olan əxlaqi qaydalara tabe olur.”
Sonra Tauni iqtisadi fəaliyyətlə bağlı orta əsrlərin düşüncəsini təhlil edir:
Maddi sərvət mühümdür, çünki onsuz insan nə özünü təmin edə bilər, nə də başqasına yardım edə bilər. Lakin onun əhəmiyyəti ikinci dərəcəlidir. Davranışın iqtisadi motivləri şübhəlidir. İnsanlar bu ehtirasların gücündən ehtiyat edirlər, onlara bəraət qazandıracaq qədər alçaq deyillər… Orta əsr nəzəriyyəsində mənəvi məqsədə bağlı olmayan iqtisadi fəaliyyətə yer yoxdur. Əgər orta əsr mütəfəkkiri daim maddi xeyir güdülən, bunun mühüm qüvvə hesab edildiyi və bu qüvvənin digər təbii qüvvələrlə birlikdə aydın və qaçılmaz kimi tanındığı bir cəmiyyət haqqında nəzəriyyə ilə rastlaşsaydı, bu nəzəriyyəni davakarlıq və ya cinsi instinkt kimi həmişə mövcud olan insan keyfiyyətlərinin qeyri-məhdud hərəkəti fərziyyəsinə əsaslanan sosial fəlsəfədən daha absurd və əxlaqsız nəzəriyyə hesab edərdi. Müqəddəs Antoninin dediyi kimi, sərvət insan üçündür, insan sərvət üçün deyil. Bu səbəbdən də iqtisadi maraqların ciddi işlərə müdaxilə etməməsi üçün hər addımda məhdudiyyətlər və ehtiyat tətbiqləri mövcuddur. İnsan öz vəziyyətinə uyğun olan yaşayışını təmin etmək üçün zəruri olan qədər sərvətə can atmalıdır. Daha çox sərvətə can atmaq işgüzarlıq deyil, xəsislikdir, xəsislik isə böyük günahdır. Ticarət qanunidir, müxtəlif ölkələrin müxtəlif dərəcədə təbii sərvətlərə malik olmasının ilahi mahiyyəti var. Lakin bu, təhlükəli bir işdir; insan əmin olmalıdır ki, ticarətlə ümumi işin xeyrinə məşğul olur və onun gəliri qazancına bərabərdir. Xüsusi mülkiyyət, ən azından, alçaq dünyada zəruri bir institutdur. Mülkiyyət ümumi deyil, xüsusi olduqda insanlar daha çox işləyir və daha az mübahisə edirlər. Lakin bunu arzu edilən bir şey kimi tərifləmək deyil, insanın zəifliyi kimi qəbul etmək lazımdır. İnsanın qalxa biləcəyi ideal səviyyə kommunizmdir. Qrasianın qanununda deyildiyi kimi, “Communis enim usus omnium quae sunt in hoc mundo, omnibus hominibus esse debui” (Həqiqətən də bu dünyada olan hər bir şey hər bir insan üçün əlçatan olmalıydı). Ən yaxşı halda, mülkiyyət çətinliklər yaradır. Mülkiyyət qanuni yolla əldə edilməlidir. Və o, mümkün qədər çox əllərdə olmalıdır. O, yoxsulları dəstəkləmək üçün istifadə olunmalıdır. Ondan istifadə mümkün qədər ümumi olmalıdır. Mülkiyyətin sahibləri onu, hətta yoxsul vəziyyətdə olmasalar da, ehtiyacı olanlarla bölüşməyə hazır olmalıdırlar. (İstinad olunan ədəbiyyat, s. 31 ff.)
Bu fikirlər iqtisadi həyatın reallığını deyil, normalarını əks etdirsə də, orta əsr cəmiyyətinin müəyyən mənada əsl ruhunu təqdim edirdi.
Sənətkar və tacirlərin orta əsr şəhərləri üçün xarakterik olan stabil vəziyyəti son dövrlərdə tənəzzülə uğramağa başladı, XVI əsrdə isə tamamilə yox oldu. Artıq XIV əsrdə, bəlkə də bundan da əvvəl, gildiya daxilində diferensiasiya güclənməyə başladı. Bu prosesi dayandırmaq cəhdlərinə baxmayaraq, o, daha da sürətləndi. Bəzi gildiya üzvləri digərləri ilə müqayisədə daha çox kapitala malik idi və bir-iki usta şagirdi əvəzinə 5–6 usta şagirdi saxlayırdı. Bundan sonra gildiyalar yalnız müəyyən məbləğdə kapitalı olanı üzvlüyə qəbul etməyə başladılar. Digərləri isə qüdrətli monopoliyalara çevrildilər və öz vəziyyətlərindən istifadə edərək maksimum gəlir əldə etməyə, müştərini daha çox istismar etməyə başladılar. Digər tərəfdən də, gildiyanın əksər üzvləri müflisləşməyə və öz ixtisaslarından kənarda pul qazanmağa məcbur oldular. Çox zaman onlar kiçik tacirlərə çevrilirdilər. Onların əksəriyyəti ümidsizcəsinə ənənəvi iqtisadi müstəqillik idealından yapışsalar da, müstəqilliklərini və təhlükəsizliklərini itirdilər.[xi]
Gildiya sistemi inkişaf etdikcə usta köməkçilərinin vəziyyəti pisləşirdi. İtaliya və Flandriya sənayesində XIII əsrdə, bəlkə də ondan da qabaq narazı fəhlələr mövcud idi, lakin sənətkar gildiyalarında usta köməkçilərinin vəziyyəti qismən stabil idi. Hər bir usta köməkçisi usta ola bilməsə də, əksəriyyəti usta ola bilirdi. Lakin bir ustanın əli altında daha çox köməkçi çalışanda usta olmaq üçün daha çox kapital tələb olunurdu. Gildiyalar daha çox monopolist xarakter alanda usta köməkçilərinin imkanları da bir o qədər məhdudlaşırdı. Artmaqda olan narazılıq, özlərinin təşkilatlarının yaradılması, tətillər və hətta zorakı üsyanlar onların iqtisadi və sosial vəziyyətinin pisləşməsinin göstəricisi idi.
Sənətkar gildiyalarında kapitalizmin artmaqda olan inkişafı özünü ticarətdə daha bariz büruzə verirdi. Orta əsr ticarəti şəhərlərarası xırda ticarətdən ibarət idi, 14–15-ci əsrlərdə isə milli və beynəlxalq ticarət sürətlə inkişaf edirdi. Böyük ticarət kompaniyalarının nə zaman inkişaf etməsi haqqında tarixçilər arasında yekdil fikir yoxdur, lakin onlar qəbul edirlər ki, 15-ci əsrdə bu kompaniyalar daha da qüdrətlənir və monopoliyalara çevrilirdilər. Əllərində olan kapitalın sayəsində onlar həm xırda istehsalçıları, həm də alıcıları təhdid edirdilər. İmperator Sigizmund 15-ci əsrdə islahatları ilə monopoliyaların hakimiyyətini məhdudlaşdırmağa çalışırdı. Lakin xırda tacirin vəziyyəti getdikcə daha da ağırlaşırdı; o, “şikayətinin eşidilməsi üçün kifayət qədər təsirə malik idi, lakin effektiv tədbirlərə təhrik etmək üçün gücə malik deyildi”.[xii]
Xırda tacirlərin inhisarçılara qarşı narazılığı və qəzəbi Lüterin 1524-cü ildə çap olunmuş “Ticarət və sələmçilik haqqında” pamfletində gözəl ifadə olunmuşdu: “Onlar bütün mallara nəzarət edir və yuxarıda qeyd olunan bütün hiylələri açıq şəkildə tətbiq edirlər; öz mülahizələrinə görə qiymətləri qaldırıb aşağı salır, bütün xırda tacirləri suda xırda balıq tutan durnabalığı kimi istismar və müflis edirlər. Onlar sanki Allahın yaratdıqları üzərində hakimiyyətə malikdirlər, bütün iman və məhəbbət qanunlarından azaddırlar.” [xiii] Lüterin bu sözləri indi də aktualdır. 15–16-cı əsrlərdə orta təbəqənin zəngin inhisarçılara qarşı hiss etdiyi qorxu və qəzəb bizim dövrümüzdə orta sinfin inhisarçılara və güclü kapitalistlərə münasibətini səciyyələndirən hisslərlə bir çox cəhətdən oxşardır.
Kapitalın rolu sənayedə də artırdı. Bunun ən parlaq nümunəsi mədən sənayesi idi. İlkin mərhələdə mədən sənayesi gildiyasının hər bir üzvü gördüyü işin həcmi müqabilində paya sahib idi. Lakin 15-ci əsrə doğru bir çox hallarda paya mədən sənayesində çalışmayan kapitalistlər sahib idi, əsas işi yerinə yetirən fəhlələr isə yalnız əməkhaqqı alırdılar və heç bir paya sahib deyildilər. Analoji kapitalist inkişafı digər sahələrdə də mövcud idi və bu, sənətkarlıq və ticarət gildiyalarında kapitalın rolunun artmasının nəticəsi idi. Bu tendensiya yoxsullarla varlılar arasında fərqi artırır, kasıb əhali arasında narazılığı gücləndirirdi.
Kəndlilərin vəziyyəti ilə bağlı tarixçilər arasında fikir ayrılığı mövcuddur. Amma qeyd edə bilərik ki, Şapironun aşağıdakı təsviri əksər tarixçilərin nəticələri ilə üst-üstə düşür: “Bu çiçəklənmə ilə bağlı sübutlara baxmayaraq, kəndlilərin vəziyyəti pisləşirdi. 16-cı əsrin əvvəllərində çox az sayda kəndli becərdiyi torpağın müstəqil sahibi idi, yerli seymdə isə nümayəndəliyə malik idi. Bunlar orta əsrlərdə sinfi müstəqillik və bərabərliyin göstəricisi idi. Əksər kəndlilər Hoerige sinfinə aid idi. Onlar şəxsən azad idilər, lakin torpaqları üzərinə vergi qoyulmuşdu. Kəndlilər müqavilədə nəzərdə tutulmuş işləri yerinə yetirməyə məcbur idilər. Bütün kəndli üsyanlarının əsasını da məhz Hoerige-lər təşkil edirdilər. Ortabab kəndli olan Hoerige mülkədarın mülkünə yaxın, yarımmüstəqil kəndli icmasında yaşayırdı və anlayırdı ki, vergi və işlərin artırılması onu faktiki olaraq təhkimli vəziyyətinə salırdı, kəndliyə məxsus olan icma torpağını isə mülkədarın mülkünün bir hissəsinə çevirirdi.”[xiv]
Psixoloji sahədə baş verən mühüm dəyişikliklər kapitalizmin iqtisadi inkişafı ilə müşayiət olunurdu. Orta əsrlərin sonunda insanların həyatında narahatlıq yaranmağa başladı. Müasir mənada zaman məfhumu formalaşmağa başladı. Dəqiqələr dəyərli oldu; 16-cı əsrdən başlayaraq, Nürnberqdə saatın hər 15 dəqiqədən bir vurması zamanın bu yeni hissinin simptomlarını təsdiq edən faktdır.[xv] Həddən artıq çox olan bayramlar bədbəxtlik kimi qəbul edilirdi. Zaman o qədər qiymətli oldu ki, onun boş yerə sərf edilməməsi lazım idi. İş getdikcə daha qiymətli dəyərə çevrildi. Əməyə yeni münasibət formalaşdı, o, elə bir gücə sahib oldu ki, kilsə institutlarının qeyri-effektivliyi orta sinfi qəzəbləndirirdi. Sədəqə yığılması qeyri-məhsuldar və qeyri-əxlaqi hesab edilirdi.
Səmərəlilik ideyası ən yüksək əxlaqi dürüstlüyə çevrildi. Eyni zamanda, var-dövlət və maddi uğura can atmaq hamını bürüyən ehtirasa çevrildi. Protestant reformatoru Martin Butser deyirdi ki, “bütün dünya daha çox gəlir gətirən sənət və ixtisas dalınca qaçır. İncəsənət və elmin öyrənilməsindənsə, ən aşağı əl əməyinə üstünlük verilir. Allah tərəfindən daha xeyirxah işlər üçün qabiliyyət nəsib edilmiş ağıllıların hamısı ticarətə qurşanıb. Bizim dövrümüzdə bu ticarət o qədər vicdansızlaşıb ki, vicdanlı insanın məşğul olacağı ən son işdir”.[xvi]
Təsvir etdiyimiz mühüm iqtisadi dəyişikliklərin nəticələrindən biri hamıya ciddi təsir etmişdi. Orta əsrin sosial sistemi dağılmış, onunla birlikdə fərdin hiss etdiyi sabitlik və nisbi təhlükəsizlik də yox olmuşdu. Kapitalizmin inkişafı ilə bütün siniflərdə hərəkət başlamışdı. İqtisadi quruluşda hər kəsin təbii, şübhə doğurmayan, konkret yeri artıq yox idi. Fərd tək qalmışdı; indi hər şey onun ənənəvi statusunun təhlükəsizliyindən deyil, onun özünün səylərindən asılı idi.
Lakin vəziyyətin bu cür dəyişməsi hər bir sosial sinfə müxtəlif cür təsir etmişdi. Şəhər yoxsulları, fəhlə və usta köməkçiləri üçün bu, artan istismar və daha çox müflisləşmə idi; kəndlilər üçün də bu, iqtisadi və şəxsi təzyiqlərin artması demək idi; fərqli yolla olsa da, xırda zadəganlar da müflisləşirdilər. Yeni inkişaf bu siniflər üçün vəziyyətin pisləşməsi ilə xarakterizə olunurdu, lakin ən mürəkkəb vəziyyətdə olanlar şəhərlərin orta sinfi idi. Biz onların içərisində artmaqda olan diferensiasiyadan bəhs etmişdik. Onların əksəriyyəti əlverişli vəziyyətdə deyildi. Sənətkarlar və xırda tacirlər onlardan qat-qat üstün olan və böyük kapitala sahib monopolistlər və digər rəqiblərlə qarşı-qarşıya gəlməli oldular. Onlar üçün müstəqilliklərini qorumaq getdikcə daha da çətinləşirdi. Onlar özlərindən qat-qat güclü qüvvələrə qarşı mübarizə aparmalı olurdular və çoxları üçün bu mübarizə ümidsiz bir mübarizə idi. Orta sinfin digər hissəsi çiçəklənirdi və inkişaf etməkdə olan kapitalizmin ümumi yüksəlişində iştirak edirdi. Lakin hətta qismən uğurlu olan bu insanlar üçün də kapitalın, bazarın və rəqabətin artan rolu vəziyyətin dəyişməsi, inamsızlıq, təcrid olunma və narahatlıq demək idi.
Kapitalın həlledici əhəmiyyət kəsb etməsi şəxsiyyətdən yüksəkdə duran hansısa qüvvənin insanların iqtisadi və şəxsi taleyini müəyyən etməsi anlamına gəlirdi. Kapital “qul olmaqdan çıxaraq ağaya çevrilmişdi. Ayrıca və müstəqil mövcud olan kapital böyük tərəfdaş hüququnu ələ keçirərək iqtisadi həyatın öz tələblərinə uyğun olan qanunları diktə edirdi” (Tawney, istinad edilən ədəbiyyat, s. 86).
Bazarın yeni funksiyası da eyni effektə malik idi. Orta əsr bazarı kifayət qədər kiçik idi və onun necə işlədiyini anlamaq çətin deyildi. Bu bazar təkliflə tələbat arasında birbaşa əlaqəyə malik idi. İstehsalçı təqribən nə qədər məhsul istehsal etməli olduğunu bilirdi və həmin məhsulu uyğun qiymətə sata biləcəyindən əmin idi. İndi isə daha böyük bazar üçün istehsal etmək lazım idi və istehlakın miqyasını əvvəlcədən müəyyən etmək mümkün deyildi. Bu səbəbdən də təkcə faydalı mal istehsal etmək kifayət deyildi. Malın faydalı olması onun satışını mümkün edən şərtlərdən yalnız biri idi; bazarın qeyri-müəyyən qanunları, ümumiyyətlə, bu malların satışının mümkün olub-olmadığını və əldə ediləcək gəlirin məbləğini də müəyyən edirdi. Güman etmək olardı ki, yeni bazarın mexanizmi Kalvinin taleyin hökmü nəzəriyyəsinə əsaslanıb. Bu nəzəriyyəyə görə, insan mümkün kamilliyə çatmaq üçün bütün gücünü səfərbər etməlidir, lakin o, bu dünyaya gəlməmişdən əvvəl xilas olub-ola bilməyəcəyi artıq müəyyənləşib. Bazar insan əməyinin məhsulu üçün qiyamət gününə çevrilmişdi.
Bu kontekstdə digər mühüm faktor artan rəqabət idi. Əlbəttə ki, orta əsr cəmiyyətində də rəqabət mövcud idi, lakin feodal iqtisadi sistemi əməkdaşlığa əsaslanırdı və rəqabətin qarşısını alan qaydalarla tənzimlənirdi. Kapitalizmin artan inkişafı ilə orta əsrlərin bu prinsipi fərdi sahibkarlıq prinsipi ilə əvəz olunmağa başladı. Hər bir insan qabağa getməli və bəxtini sınamalı idi. O, ya üzməli, ya da batmalı idi. Ümumi müəssisədə başqaları onun müttəfiqi deyil, rəqibi idi; o, tez-tez məhv etmək və yaxud məhv olunmaq arasındakı seçim qarşısında qalırdı.[xvii]
Əminliklə deyə bilərik ki, 16-cı əsrdə kapital, bazar və fərdi rəqabət sonrakı dövrlərdə olduğu qədər mühüm deyildi. Lakin o dövrdə müasir kapitalizmin bütün əlamətləri və onların fərdin psixoloji vəziyyətinə təsiri artıq mövcud idi.
Biz vəziyyətin yalnız bir tərəfini təsvir etdik, lakin onun başqa tərəfi də mövcuddur: kapitalizm fərdi azad etmişdi. O, insanı korporativ sistemin qaydalarından azad etmişdi, o, insana öz ayaqları üzərində durmaq və bəxtini sınamaq imkanı vermişdi. İnsan öz taleyinin sahibinə çevrilmişdi, risk də, xeyir də ona məxsus idi. Etdiyi səylər ona uğur qazandıra və iqtisadi müstəqillik verə bilərdi. Pul insanlar arasında bərabərliyin ən böyük göstəricisinə çevrildi. Pul həm mənşədən, həm də sosial statusdan daha qüdrətli idi.
Kapitalizmin bu xüsusiyyəti bizim müzakirə etdiyimiz dövrün erkən mərhələsində inkişaf etməyə başlamışdı. O, şəhərlərin orta sinfindən daha çox varlı kapitalistlərin kiçik qrupu üçün əhəmiyyətli olmuşdu. Buna baxmayaraq, hətta həmin dövrdə kapitalizmin bu xüsusiyyəti insan şəxsiyyətinin formalaşmasına mühüm təsir göstərmişdi.
Əgər biz 15–16-cı əsrlərdə sosial və iqtisadi dəyişikliklərin insan şəxsiyyətinə təsiri ilə bağlı müzakirəmizə yekun vurmaq istəsək, qarşımıza belə bir təsvir çıxacaq. Biz müzakirə etdiyimiz azadlığın qeyri-müəyyənliyi ilə qarşılaşacağıq. Fərd iqtisadi və siyasi bağlara malik köləlikdən azad olur. O, yeni sistemdə oynadığı aktiv və müstəqil rolu sayəsində pozitiv azadlıq əldə edir. Lakin o, eyni zamanda, əvvəllər ona təhlükəsizlik və nəyəsə aid olmaq hissi verən əlaqələrdən də azad olur. Həyat insanın mərkəzi nöqtəsi olduğu qapalı dünyanın hüdudlarından çıxır. Dünya həm hüdudsuz, həm də təhlükəli yerə çevrilir. Qapalı dünyada müəyyən edilmiş yerini itirən insan həyatının məqsədi ilə bağlı suala cavabı da itirmiş olur. Nəticədə, o, həm özündən, həm də həyatının mənasından şübhələnməyə başlayır. İnsanın özündən yüksəkdə duran qüvvələr, kapital və bazar onu təhdid edir. Hamının bir-birinə rəqib olduğu bu dünyada insan ətraf mühitə düşmən və yad münasibət bəsləyir. Onun azad olması tənha, təcrid olunmuş və hər tərəfdən təhlükə gözləməsi deməkdir. İntibah dövrü kapitalistlərinin malik olduğu sərvət və hakimiyyətə malik olmayan, başqa insanlar və dünya ilə birlik hissini itirmiş insanı əhəmiyyətsizlik və çarəsizlik hissi bürüyür. Cənnət həmişəlik itirilib, insan yad, hüdudsuz və təhdidedici dünya ilə qarşı-qarşıya qalıb. Yeni azadlıq dərin inamsızlıq, köməksizlik, şübhə, tənhalıq və narahatlıq hissi doğurur. İnsan uğurla fəaliyyət göstərmək istəyirsə, bu hissləri zəiflətməlidir.
Müəllifin qeyd və istinadları:
[i] Biz kapitalist cəmiyyətindən fərqli olan “orta əsr cəmiyyəti” və “orta əsr ruhu” dedikdə ideal tiplərdən bəhs edirik. Əlbəttə ki, tarixdə hər hansı bir ildə orta əsrlərin bitməsi və onun ardınca gələn ildə də Yeni dövrün başlanması kimi bir proses olmayıb. Müasir cəmiyyət üçün xarakterik olan bütün iqtisadi və sosial qüvvələr orta əsrlər dövründə, 12, 13, 14-cü əsrlərdə artıq mövcud idi. Orta əsrlərin son dövründə kapitalın gücü daima artmış, şəhərlərdə sosial qruplar arasında antaqonizm güclənmişdir. Tarixdə hər zaman olduğu kimi, yeni ictimai sistemin bütün elementləri köhnə cəmiyyətin içərisində yaranmışdı. Əlbəttə ki, müasir cəmiyyətdə mövcud olan elementlərin orta əsrlərin son dövründə nə dərəcədə mövcud olmasını və müasir dövrdə orta əsrlər cəmiyyəti üçün xarakterik olan hansı elementlərin saxlanılmasını bilmək vacibdir. Lakin biz orta əsrlər dövrü ilə müasir cəmiyyət arasında fundamental fərqi azaltdıqca, tarixin davamlı proses olduğu fikrini irəli sürdükcə, orta əsr cəmiyyəti və kapitalist cəmiyyəti kimi məfhumlardan qeyri-elmi termin kimi imtina etdikcə, özümüzü tarixi prosesi nəzəri cəhətdən dərk etmək imkanından məhrum edirik. Bu cür yanaşma nə qədər elmi cəhətdən obyektiv və etibarlı görünsə də, sosial tədqiqatı saysız-hesabsız təfərrüatlar yığınına çevirir və nə cəmiyyətin strukturunu, nə də onun inkişaf dinamikasını anlamağa imkan verir.
[ii] Jacob Burckhardt, The Civilization of the Renaissance in Italy, The Macmillan Co., New York, 1921, p. 129.
[iii] İstinad edilən əsəri, s.5.
[iv] İstinad edilən əsəri, s.129.
[v] Burckhardtın əsas ideyasını bəzi müəlliflər təsdiqləmiş və genişləndirmiş, digərləri isə onu rədd etmişdilər. Burckhardtla eyni istiqamətdə gedən V. Diltheyin (“Weltanschauung und Analysis des Menschen seit Renaissance und Reformation”, Gesammelte Schriften, Teubner, Leipzig, 1914) əsərlərini və E. Kassirerin (Individuum and Cosmos in der Philosophie der Renaissance) tədqiqatını nəzərdən keçirmək olar. Digər tərəfdən, Burckhardt başqaları tərəfindən kəskin tənqid edilmişdi. J. Huizinga (Das Problem der Renaissance in Wege der Kulturgeschichte, Drei Masken Verlag, München, 1930, p. 89 ff.; həmçinin onun Herbst des Mittelalters, Drei Masken Verlag, München, 1924 kitabına bax) qeyd edirdi ki, Burckhardt son orta əsrlərdə İtaliyada və digər Avropa ölkələrində kütlələrin həyatı arasında oxşarlıq dərəcəsini lazımi səviyyədə qiymətləndirməyib; o, İntibah dövrünün 1400-cü ildən başlandığını ehtimal etsə də, ideyasını təsvir etmək üçün istifadə etdiyi materialların əksəriyyəti 15-ci və ya 16-cı əsrin əvvəllərinə aiddir; o, İntibah dövrünün xristian xarakterini kiçiltmiş və bütpərəst elementlərin əhəmiyyətini həddən artıq şişirtmişdi; o, fərdiliyi İntibah mədəniyyətinin dominant xüsusiyyəti hesab etmişdi, halbuki fərdilik İntibah dövrünün çoxsaylı xüsusiyyətlərindən yalnız biri idi; orta əsrlər Burckhardtın güman etdiyi dərəcədə fərdilikdən məhrum olmayıb və onun orta əsrləri İntibah dövrünə qarşı qoyması yanlış idi; İntibah dövründə də Orta əsrlərdə olduğu kimi hakimiyyətə sədaqət var idi; Orta əsrlər dünyası dünyəvi ləzzətlərə düşmən deyildi və İntibah dövrü Burckhardtın güman etdiyi kimi optimist deyildi; müasir insanın can atdığı şəxsi nailiyyətlər və individualizmin inkişafı İntibah dövründə yenicə cücərməyə başlamışdı; hələ 13-cü əsrdə trubadurlar qəlbin zadəganlığı ideyasını inkişaf etdirmişdilər, İntibah isə Orta əsrlərin şəxsi sədaqət və sosial iyerarxiyada daha yüksək birinə xidmət anlayışını pozmamışdı. Bununla belə, mənə elə gəlir ki, bu arqumentlər təfərrüatı ilə düzgün olsa da, Burckhardtın əsas tezisini təkzib etmir. Huizinga deyir ki, Burckhardt səhv edir, çünki onun İntibah dövrünə aid etdiyi bəzi hadisələr artıq Orta əsrlərin sonlarında Qərbi və Mərkəzi Avropada mövcud olub, digərləri isə yalnız İntibahdan sonra yaranıb. Bu, orta əsr feodal cəmiyyətini müasir kapitalist cəmiyyətinə qarşı qoyan bütün konsepsiyalara qarşı istifadə edilən eyni arqumentdir; yuxarıda bu arqument haqqında deyilənlər Burckhardtın tənqidinə də aiddir. Burckhardt əhəmiyyətli kəmiyyət dəyişikliyini keyfiyyət dəyişikliyi kimi qəbul edir, amma mənə elə gəlir ki, o, Avropa tarixinin gedişində kəmiyyətdən keyfiyyətə keçidə səbəb olan inkişafın xüsusiyyətlərini aydın şəkildə ayırd etmək qabiliyyətinə malik idi. Bütün bu məsələ ilə bağlı Charles E. Trinkhausun mükəmməl araşdırmasına bax: Adversity’s Noblemen, Columbia University Press, New York, 1940. Bu əsərdə italyan humanistlərinin həyatda xoşbəxtlik probleminə baxışlarının təhlili yolu ilə Burckhardt yaradıcılığının konstruktiv tənqidi təqdim olunur. Bu kitabda müzakirə olunan, özünü təkmilləşdirmək uğrunda artan rəqabətdən irəli gələn etibarsızlıq, təvazökarlıq və ümidsizliklə bağlı onun qeyd etdiyi məsələlər xüsusi aktuallıq təşkil edir (s. 18).
[vi] Müqayisə et: Dilthey’s analysis of Petrarch (istinad edilən əsər, p. 19 ff.) and Trinkhaus, Adversity’s Noblemen.
[vii] Bax: Max Weber, The Protestant Ethic and the Spirit of Capitalism, Charles Scribner’s Sons, New York, 1930, p. 65.
[viii] Bax: Ernst Troeltsch, Renaissance and Reformation, Vol. IV, Gesammelte Schriften, Tübingen, 1923.
[ix] Orta əsrlərin son dövrü və Reformasiya dövrünün iqtisadi tarixinə aid məlumatlar aşağıda qeyd olunan kitablara əsaslanır: Lamprecht, Zum Verständnis der wirtschaftlichen und sozialen Wandlungen in Deutschland vom 14. zum 16. Jahrhundert, Wirtschaftsgeschichte, Freiburg i. B. und Leipzig, 1893; Ehrenberg, Das Zeitalter der Fugger, G. Fischer, Jena, 1896; Sombart, Der Moderne Kapitalismus, 1921, 1928; v. Below, Probleme der Wirtschaftsgeschichte, Mohr, Tübingen, 1920; Kulischer, Allgemeine Wirtschaftsgeschichte des Mittelalters und der Neuzeit, Druck und Verlag von R. Oldenbourg, München und Berlin, 1928; Andreas, Deutschland vor der Reformation, Deutsche Verlags-Anstalt, Stuttgart und Berlin, 1932; Weber, The Protestant Ethic and the Spirit of Capitalism, Charles Scribner’s Sons, New York, 1930; Schapiro, Social Reform and the Reformation, Thesis, Columbia University, 1909; Pascal, The Social Basis of the German Reformation, Martin Luther and His Times, London, 1933; Tawney, Religion and the Rise of Capitalism, Harcourt, Brace & Co., New York, 1926; Brentano, Der wirtschaftende Mensch in der Geschichte, Meiner, Leipzig, 1923; Kraus, Scholastic, Puritanismus und Kapitalismus, Dunker & Humblot, München, 1930.
[x] Bax: literature on this problem quoted by J. Kulischer, op. cit., p. 192 ff.
[xi] Bax: Lamprecht, s. 207; Andreas, s. 303.
[xii] Schapiro, istinad edilən əsər, s. 59.
[xiii] Works of Martin Luther, A. J. Holman Company, Philadelphia, Vol. IV, s. 34.
[xiv] Schapiro, istinad edilən əsər, s. 54, 55.
[xv] Lamprecht, istinad edilən əsər, s. 200.
[xvi] İstinad Schapironun əsərindəndir, s. 21, 22.
[xvii] Rəqabət problemi ilə əlaqədar bax: M. Mead, Cooperation and Conference Among Primitive Peoples, McGraw-Hill Book Company, New York, 1937; L. K. Frank, “The Price of Competition”, Plan Age, cild. VI, noyabr-dekabr 1940-cı il.
İkinci fəsilə keçid:
Birinci fəsilə keçid:

