fbpx

Cəmiyyət

Cəmiyyət

Ermənistan-Azərbaycan münasibətlərində zorakılıq və siyasət

Read this article on other language
Download article
image_pdf
image_pdf

2020-ci ildə Ermənistan və Azərbaycan arasında baş vermiş İkinci Qarabağ müharibəsinin sonunda paradoksal vəziyyət yaranıb. Bir tərəfdən Ermənistan bu müharibəni uduzduğu halda, qəribədir ki, itkilərinin qisasını almağa can atmır. Onun əvəzinə Ermənistan müharibədə məğlub olmuş lider Nikol Paşinyanı sonuncu seçkilərdə yenidən ölkənin baş naziri seçmiş, demokratikləşmə və korrupsiyaya qarşı mübarizənin aparılması istiqamətində daxili islahatlarını davam etdirərək müharibə səhifəsini bağlamağı hədəf seçmişdir. Digər tərəfdən isə Azərbaycan müharibədə qalib gələrək qazandıqları ilə kifayətlənmiş kimi görünsə də, nəinki aqressiv, həm də qəzəbli və qisasçı olmaqda davam edir. Eyni zamanda, Azərbaycanda daxili vəziyyət Ermənistandakının tam əksinə çevrilib: daha çox mərkəzləşmə və avtoritarizm. Bu məqalədə hər iki ölkədə xarici zorakılıq və daxili siyasət arasında yaxın zamanlarda formalaşmış əlaqəyə və öz müqəddəratını təyinetmə ilə dövlətlərin ərazi bütövlüyü prinsiplərinə hər iki ölkənin necə müraciət etdiyinə diqqət yetirəcəyik.

Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı nailiyyətləri Ermənistanla uzun sürən danışıqlarda tələb etdiklərindən qat-qat artıq idi. Qələbədən dərhal sonra İlham Əliyev Qarabağ münaqişəsinin artıq həll olunduğunu bəyan etdi. Lakin Ermənistan-Azərbaycan münasibətləri fikir ayrılıqlarının zorakılıqdan danışıqlar və qarşılıqlı kompromislər yolu ilə həll olunduğu diplomatiyaya keçid edə bilmədi. Bu məqalə iddia edir ki, zorakılıqdan diplomatiyaya keçidin baş verməməsi Ermənistan – Azərbaycan sərhəddində qarşıya çıxan hər hansı praktik problemlə deyil, daxili siyasi paradoksal məqamlarla bağlı olub.

12 sentyabr 2022-ci il, bazar ertəsi axşam saatlarında Azərbaycan ordusu Sevan/Göyçə gölünün şərqindən Qafana qədər uzanan geniş sahə boyunca Ermənistan ərazisinə hücum edərək, intensiv artilleriya və pilotsuz uçuş aparatlarının atəş zərbələrinin ardınca müxtəlif çaplı atıcı silahlarla yerüstü əməliyyatlara başladı. Azərbaycan ordusu Cermukdan 4 km şərqdə yüzlərlə gənc əsgərin həlak olması bahasına yeni ərazilər işğal etdi; rəsmi rəqəmlərə görə, Ermənistandan azı 207, Azərbaycandan isə 77 nəfər həlak olub. Hər iki tərəfdən həlak olanların böyük əksəriyyəti əsgər idi. Rusiyanın vasitəçiliyi ilə ilkin atəşkəs əldə olunmadı. Görünən odur ki, amerikalılar tərəfindən razılaşdırılmış ikinci atəşkəs hazırda davam edir. Bu, 9 noyabr 2020-ci il tarixli atəşkəsdən sonra iki Qafqaz respublikası arasında ən qanlı epizod idi.

Siyasi konteksti nəzərə alsaq, son zorakılıq aktları daha da təəccüb doğurur: cəmi iki həftə əvvəl – avqustun 26-da – Ermənistan tərəfi strateji əhəmiyyətə malik Laçın şəhərini və bir neçə kəndi boşaldaraq, Azərbaycan ordusunun döyüşsüz həmin ərazilərə daxil olmasına şərait yaratmışdı. İki il əvvəl Azərbaycanın Dağlıq Qarabağda başlatdığı İkinci Qarabağ müharibəsində Azərbaycan 26 illik danışıqlar boyunca səsləndirdiyi əvvəlki məqsədlərindən daha çoxuna nail oldu. Azərbaycan əvvəllər Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun qaytarılmasını tələb edir və Dağlıq Qarabağa muxtariyyət vəd edirdi. Lakin 2020-ci il müharibəsi nəticəsində sovet dövrü sərhədlərindəki Dağlıq Qarabağ ətrafındakı birinci Qarabağ müharibəsi zamanı erməni qüvvələri tərəfindən işğal edilmiş bütün ərazilər, üstəlik Dağlıq Qarabağa məxsus iki rayon: Şuşi/Şuşa və Hadrut Azərbaycanın nəzarətinə keçdi.

Son irimiqyaslı hücum Sovet İttifaqının son illərindən münaqişə vəziyyətində olan iki qonşu ölkə – Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə gələcəkdə də zorakılıq hallarının baş verməsi ehtimalını artırır. Ancaq bu, İkinci Qarabağ müharibəsindən sonra Ermənistana qarşı ilk hücum deyildi: 9 noyabr 2020-ci ildə əldə olunmuş atəşkəs razılaşmasından altı ay sonra Azərbaycan növbəti dəfə güc yolunu seçdi və 12 may 2021-ci il tarixində Ermənistan ərazisinə daxil olaraq bəzi torpaqları işğal etdi. 2020-ci ilin sentyabrına qədər Azərbaycanın ölkə başçısı Əliyevin əvvəllər Ermənistandan tələb etdiyindən daha çox qazanılmış uğurlar 30 illik münaqişəyə son qoymaq üçün kifayət etmədi. Niyə?

2022-ci il sentyabrın 12-də baş verən hücum həm də Azərbaycanın ərazi bütövlüyübeynəlxalq hüquqla bağlı əvvəllər sərgilədiyi rəsmi mövqeyini sarsıtdı. Əliyevin son onillikdəki çıxışlarını dinləyərək hüquqi çərçivədəki ritorikadan iki etnik qrup arasında primordial mübarizənin altını cızan ritorikaya yuvarlanmasını müşahidə edə bilərik. Ən azı son on ildə Əliyev deyirdi ki, “biz qədim torpaqlarımıza – İrəvana, Göyçəyə, Zəngəzura qayıdacağıq.”[1] Yaxşı, əgər bu münaqişə beynəlxalq hüquqərazi bütövlüyü ilə bağlı deyildisə, onda nə ilə bağlı idi?

Ermənistan və Azərbaycan: paradoksal məqamlar

Ermənistan-Azərbaycan münaqişəsində gücün rolu ilə bağlı müzakirələrə davam etməzdən əvvəl, ilk növbədə, Ermənistanda və Azərbaycanda İkinci Qarabağ müharibəsindən dərhal sonra rast gəlinən paradoksal məqamları müzakirə etmək istərdim. Ermənistanda İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra hamı Baş nazir Nikol Paşinyanın hakimiyyətdən gedəcəyini, onun yerinə Ermənistanın keçmiş Prezidenti Robert Köçəryan kimi qatı mövqedə olan siyasətçinin hakimiyyətə gələcəyini gözləyirdi. Ancaq bu gözləntilərə baxmayaraq erməni siyasi paradoksunu müşahidə edirik: son otuz ildə erməni milli kimliyində əhəmiyyətli rol oynayan münaqişənin son epizodunu itirən Paşinyan 2021-ci ilin iyun seçkilərində mandat qazandı. Bu seçkilər demokratik səsvermə yolu ilə baş tutdu və seçim, əsasən, adı 2020-ci il İkinci Qarabağ müharibəsindəki məğlubiyyətlə yadda qalan, ancaq islahatlar və korrupsiyaya qarşı xaotik daxili mübarizəni davam etdirən liderə səs vermək, yaxud adı Birinci Qarabağ müharibəsindəki qələbə ilə yadda qalan və islahatları ertələyərək güclü dövlət qurmağa söz verən güclü bir lideri təkrar hakimiyyətə gətirmək arasında idi. Qarabağın son üç onillikdə erməni milli kimliyinin formalaşmasında oynadığı önəmli rolu nəzərə alsaq, əksər müşahidəçilər İkinci Qarabağ müharibəsində Paşinyanın məğlubiyyətindən sonra Köçəryana səs veriləcəyini gözləyirdilər. Lakin biz paradoksal mənzərə ilə rastlaşırıq, çünki daxili siyasət və demokratikləşmə o narahatlıqları hardasa üstələmişdi.

Yenidən baş nazir seçildikdən sonra Paşinyan, hətta Azərbaycan əsgərləri Ermənistan ərazisinin dərinliklərinə doğru irəliləyərkən belə, “sülh dövrü” vəd etdi.[2] Bu yeni sülh planı qəribə idi – bu planda Ermənistanın buna necə nail olacağı izah edilmir və Paşinyan özü də müharibədən əvvəlki döyüşkən mövqeyini barışdırıcı mövqeyə necə və niyə dəyişdirdiyini izah edə bilmirdi. Buna baxmayaraq, seçkilərin nəticələri islahatlara daha dərin sosial tələbatın olmasını ifadə edirdi. Ermənistanda müharibədən sonrakı proseslər göstərir ki, ermənilərin əksəriyyəti İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətinə və milli müstəqillik hərəkatının rəmzi olan Qarabağın itirilməsinə rəhbərlik etmiş şəxsin hakimiyyəti altında belə demokratik islahatların davam etdirilməsinə və korrupsiyaya qarşı mübarizəyə üstünlük verirlər. Paşinyan yaxşı bir populist kimi köhnə primordial milli kimliyin daha yüksək vətəndaşlıq hissi daşıyan və kosmopolit kimliklə əvəz olunduğu atmosferin nəbzini tutmuşdu.

2020-ci ildən sonra yaranan şəraitdə siyasi inkişafını qiymətləndirmək üçün Ermənistanı Azərbaycanla sonuncunun 1994-cü ildə Birinci Qarabağ müharibəsində məğlubiyyəti kontekstində müqayisə etmək lazımdır. Hələ ölkəyə böyük neft pullarının daxil olmasından əvvəl Azərbaycan daxili qeyri-sabitlikdən postsovet məkanında ilk  dəfə olaraq hakimiyyətin formal seçkilər yolu ilə atadan oğula keçdiyi sülalə siyasi hakimiyyətini təmin edən mərkəzləşdirilmiş avtokratiyaya keçmişdi.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda vəziyyət daha da paradoksaldır. 2021-ci ilin may ayına kimi məlum oldu ki, Azərbaycan 2020-ci il müharibəsində daha əvvəlcədən qələbə qazandığını elan etməsinə baxmayaraq, münaqişədə öz məqsədlərinə çatmaq üçün, qəribə də olsa, gücdən istifadə etməyə davam edəcəkmiş. 2021-ci ilin mayında baş verən hücumlardan sonra iyul və avqust aylarında toqquşmalar baş verdi və Azərbaycan 2021-ci ilin noyabrında növbəti hücuma başladı və nəticədə Azərbaycan tərəfi yeddi, Ermənistan tərəfi isə altı şəxsin həlak olduğunu açıqladı.[3] 2021-ci ildə azərbaycanlıların hücumları daha çox Ermənistana yönəldiyi halda, həmin ilin son aylarında Qarabağa da çoxsaylı hücumlar olub. Bu ilin martında Azərbaycan əsgərləri Parux/Fərrux kəndinə daxil olub və avqustun əvvəllərində Qarabağa növbəti hücumlar həyata keçirilib.[4]

İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan ictimaiyyətinin gözündə yeni legitimlik qazanan Əliyev 2020-ci ildən sonra başqa siyasət xətti seçə bilərdi, amma Ermənistanı sülhə yox, təslim olmağa məcbur etmək üçün azərbaycansayağı siyasi paradoksal biçimdə daha çox zorakılığa üstünlük verdi. Azərbaycan hakimiyyətinin tələb etdiyi şey Ermənistanın kapitulyasiyası, yəni Azərbaycanın Qarabağ üzərində qeyd-şərtsiz nəzarəti, üstəlik Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən Ermənistanın cənubundan keçən dəhlizdir. Təhlükəsizlik təminatlarını müzakirə etmədən Azərbaycanın Qarabağ üzərində nəzarəti sonuncunun siyasi institutlarının məhv edilməsi, eləcə də Qarabağ ermənilərinin total etnik təmizlənməsindən başqa bir şey deyildir. Əliyev Dağlıq Qarabağın indiki əhalisinin “25.000-dən çox olmadığını”[5] dedikdə bu, Qarabağın erməni əhalisini öz torpaqlarından sıxışdırıb çıxarmaq istəyinin açıq ifadəsidir.

Bununla belə, Azərbaycanın müharibə zəfərindən doğan daha bir paradoksal məqam var: 2020-ci ildə İkinci Qarabağ müharibəsindəki qələbəsinə baxmayaraq, Əliyev hələ də qisas almaq fikrində qalır. Hətta onun hərbi əməliyyatlarından birinin – bu ilin avqustunda Qarabağa hücumunun kod adı “Qisas” idi.[6] Əliyev deyir ki, o, Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsini istəmir, lakin onun etdiklərinə nəzər salanda, elə görünür ki, o, məhz bunun üçün çox çalışır. Onun mühakiməsi yeni səhifə açmağa hazır olan qalib dövlət xadimlərindən birinin deyil, qisasçı liderinkidir – sadəcə Bakıdakı hərbi qənimətlər parkına və ya hər fürsətdə Azərbaycan ordusunun qüdrətinin ifadəsi olaraq, xüsusən də Qarabağda ucaldılmış dəmir yumruq heykəllərinə baxın.[7] Azərbaycan şüurlu və ya şüursuz şəkildə Ermənistanda gedən demokratikləşmə və islahatlara qarşı mübarizə aparır, əvəzində isə etnik qorxu və etnik nifrət geri qayıdır.

Bu qismən izaholunmaz hərbi vəziyyət Azərbaycan cəmiyyəti daxilində siyasi paradoksun mövcud olmasına işarədir. Azərbaycanda ictimai rəy hətta 2020-ci il İkinci Qarabağ müharibəsindəki qələbədən sonra da açıq şəkildə hiss olunan qəzəblə səciyyələnməkdə davam edir. Bunu ən yaxşı formada Sevinc Hüseynovanın “Müharibənin qalibləri niyə qəzəbli olur? İkinci Dağlıq Qarabağ müharibəsindən sonra kimlik böhranı” adlı magistr dissertasiyasında müşahidə etmək mümkündür. Həmin dissertasiya bu qəzəbi Azərbaycan rəhbərliyinin rəsmi davakar ritorikası ilə əhalinin sülhün bərqərar olmasına bəslədikləri ümidlər arasındakı boşluq kimi müəyyən edildiyi sülh narahatlığı ilə əlaqələndirir.[8]

İddia edirəm ki, qələbəyə rəğmən Azərbaycan ictimaiyyəti – Azərbaycan rəhbərliyinin davamlı rəsmi diskursundan və hərəkətlərindən, ya da Ermənistan tərəfinin nə etdiklərindən və ya dediklərindən asılı olmayaraq – 2020-ci il müharibəsinin nəticələrindən məyusdur. Bu, daha çox Azərbaycan ictimai rəyinin daxili ziddiyyətləri, müharibədən cəmiyyətin gözləntiləri ilə bağlıdır. Azərbaycan ictimaiyyəti işğal olunmuş torpaqların azad edilməsi və məcburi köçkünlərin öz yurdlarına qayıtması naminə 2020-ci il müharibəsini güclü dəstəkləsə də, qələbədən sonra azad olmağa (qurtulmağa) daha dərin emosional ümidlər bəsləyirdi. Bu qurtuluş simvolik səviyyədə başa düşülürdü. Qurtuluş Azərbaycanın təkcə ərazi uğurlarını deyil, eləcə də gündəlik həyatda iqtisadi və siyasi çətinliklərin aradan qaldırılmasına, xüsusən də daxili siyasi vəziyyətin yumşaldılmasına ümidi özündə ehtiva edirdi. Müharibə Azərbaycana qələbə gətirsə də, ölkənin gərgin daxili siyasətində yumşalma hiss olunmadı: 2020-ci ilə qədər Azərbaycan artıq dünyada mətbuat azadlığı üzrə ən pis reytinqlərdən birinə malik olsa da, 2021-ci ilin dekabrında media azadlığı ilə bağlı vəziyyəti daha da pisləşdirən qanun[9] qəbul edildi; siyasi dissidentlərin təqibi davam etdi və hətta artdı.[10] Digər yandan, erməni tərəfindən geri alınmış ərazilərdə torpaq və mədənçilik hüquqları Bakıda hakimiyyət dairələrinə yaxın şəxslər arasında bölüşdürüldüyündən ədalətsizlik hissi davam etməkdədir.[11] Azərbaycan cəmiyyəti sosial gərginliklərin şahidi olur ki, bunun ən bariz nümunələrindən biri də çox vaxt sosial-iqtisadi çətinliklər üzündən müharibə veteranları arasında intihar dalğasıdır.[12] Cəmiyyət üzərində dövlət nəzarəti artıb, pandemiya bəhanəsi ilə qonşu ölkələrlə quru sərhədlər vətəndaşlar üçün bağlı qalır. Azərbaycanın 2020-ci ildə qazandığı qələbə azərbaycanlılara daha çox azadlıq gətirmədi, əksinə Əliyevlər sülaləsinin istibdadını gücləndirdi.[13] İndiki qəzəb və məyusluğun mənbəyi mənfur erməni düşmənin etdiklərindən daha çox, məhz Azərbaycanın daxilindəki bu paradoksdur.

Deməli, Azərbaycandakı paradoksal məqamlar Azərbaycan elitasının və ictimaiyyətinin ondan istəklərini təmin edə bilməyən hərbi qələbənin nəticəsidir. İctimaiyyət üçün bu qələbə iqtisadi və siyasi şəraiti yüngülləşdirə və münaqişədə yeni səhifə açıb irəliyə gedə bilmədi. Qələbə əldə olunsa da, ictimaiyyət daha çox narahat və çaşqın vəziyyətə düşüb, hakim elita isə daha qəzəbli, qisasçı və avtoritardır.

Ərazi bütövlüyünə qarşı öz müqəddəratını təyinetmə

Demokratiyanın struktural şərtləri var və neftlə qaza əsaslanan Azərbaycan iqtisadiyyatı bu şərtləri dəstəkləmir. Bu, müəyyən dərəcədə Ermənistanın dövlət büdcəsinin və yuxarı təbəqəsinin mədən məhsullarının ixracından asılı olduğu son iki onillikdə də belə olub. Eyni zamanda, Ermənistan iqtisadiyyatının diversifikasiyası və rəqəmsal sektorun sürətli inkişafı əvvəlki primordial millətçilikdən fərqli olaraq daha açıq, plüralist və kosmopolit dünyagörüşü üçün sosial şərait yaradıb. Paşinyanın siyasəti xaotik və bəzən ziddiyyətli olsa da, Ermənistanda bu təkamülü əks etdirir.

Amma Ermənistanda demokratikləşməyə, Azərbaycanda isə avtoritar idarəçiliyə şərait yaradan başqa meyar da var. Bu, iki keçmiş sovet respublikasında ətrafında çağdaş milli hərəkatların təşəkkül tapdığı dəyərlər sistemidir. İstər Ermənistanda, istərsə də Azərbaycanda milli müstəqilliyə aparan xalq hərəkatları Qarabağ məsələsini öz təməl daşı kimi bölüşürlər – ancaq onlar bunu keyfiyyətcə fərqli şəkildə bölüşürlər: erməni millətçiləri fərdi və qrup azadlıqlarına, Azərbaycan millətçiləri isə dövlətin mərkəzləşdirilməsinə və məcburetməyə üstünlük verirlər. “Öz müqəddəratını təyinetmə demokratiya ilə qırılmaz şəkildə bağlıdır”, çünki bu, “müəyyən ərazidə özünü daha müstəqil idarə etmək istəyən hər hansı bir fərdlər qrupuna” aiddir.[14] Öz müqəddəratını təyinetmə fərdlərə və kollektivlərə siyasi cəhətdən fəal olmaq və öz siyasi sisteminə təsir etmək imkanı verir. Məhz bu prinsip vasitəsilə Ermənistan, Azərbaycan və bütün keçmiş sovet respublikaları suveren, müstəqil dövlətlər oldular. Ərazi bütövlüyü dövlətə imtiyaz verir, yerli özünüidarənin müxtəlif formaları, muxtariyyət və subdövlət subyektlərinin, o cümlədən fərdin hüquqları hesabına mərkəzləşməni gücləndirir.[15]

Azərbaycan sosial tərkibinə görə müxtəlif etnik qrupları, dil və dinləri olan çoxmillətli ölkədir. Həmin müxtəlif qrupların əksəriyyəti Əliyevin mərkəzləşdirici idarəçiliyini zahirən qəbul etsə də, Azərbaycan daxilindəki etnik ermənilər istəsələr də bunu edə bilmirdilər: 1988-ci ildə Qarabağ münaqişəsi yaranandan bəri ermənilər Azərbaycan kimliyinin əsas qeyriləri (yadları – tərc.) olublar.[16] Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlamaq üçün davamlı cəhdləri 34 ildir davam edən zorakılığa səbəb olub. Etnik ermənilər əsas qeyrilərə çevrildikləri üçün Azərbaycanın ərazi bütövlüyü yalnız kütləvi zorakılıq yolu ilə qorunub saxlanıla bilər.

Azərbaycan fərdi haqları marjinallaşdırmaqla ərazi prinsipinə üstünlük verməkdə tək deyildi: Ermənistan birinci prezidentinin hakimiyyəti dövründə Dağlıq Qarabağ münaqişəsini xalqın öz müqəddəratını təyin etmək uğrunda mübarizəsi kimi qiymətləndirsə də, münaqişədən əziyyət çəkən azərbaycanlıların, xüsusən də Dağlıq Qarabağ ətrafında yerləşən yeddi rayonun erməni qüvvələri tərəfindən tutulmasının ardınca evlərini və kəndlərini tərk etmək məcburiyyətində qalanların hüquqlarını tanımaq üçün lazımi iş görmədi. Sonralar, Ermənistanın üçüncü rəhbəri Serj Sarkisyanın hakimiyyəti dövründə ermənilərin ideoloji konsepsiyası daha da ziddiyyətli oldu: onun Ermənistana rəhbərliyi dövründə nəinki Dağlıq Qarabağ, həmçinin erməni nəzarəti altında olan yeddi Azərbaycan rayonu tarixi erməni torpaqlarına çevrildi. Bu ideoloji konsepsiya müəyyən bir əhalinin hüquqlarından etnik antaqonizmin primordiyalist diskursuna çevrildi. Bu radikallaşma Azərbaycanın hərbi xərclərini artırmaqla hərbiləşdirilməsi və müharibə təhlükəsi ilə şərtlənsə də, münaqişənin siyasi həllini daha da çətinləşdirdi və İkinci Qarabağ müharibəsinə əsas verdi.

Zorakılıq iki şəkildə izah edilə bilər: onu pisləmək üçün qloballıq rakursundan (diplomatiyaya üstünlük verən mövqe) və ya daha çox zorakılığa haqq qazandırmaq üçün seçici bir şəkildə baxmaqla. Otuz il davam edən Ermənistan-Azərbaycan münaqişəsində qurbanlıq ideoloji konsepsiyasını qurmaq və biz onlara qarşı situasiyasını yaratmaq üçün zorakılıq yalnız seçici bir şəkildə anladılıb. Biri Sumqayıt-Kirovabad-Bakı qırğınlarından danışıb Xocalı qətliamını və Ağdamın dağıdılmasını gözardı və ya inkar edəndə həmin şəxs münaqişənin həllini dəstəkləməmiş olur. Eynilə, biri dinc əhalinin Kəlbəcərdən deportasiya edildiyini vurğulayıb Getaşen kəndindən və Şaumyan rayonundan deportasiyalara və ya Marağa (əvvəlki adı ilə Marquşevan) qətliamına məhəl qoymayanda o şəxs yenə də gələcəkdə baş verə biləcək zorakılığa zəmin yaratmış olur. Zorakılıqdan diplomatiyaya keçmək üçün, prinsip etibarilə, zorakılıqdan imtina etmək lazımdır, çünki münaqişənin həlli yalnız qarşılıqlı əzabları anlayaraq və iki qonşu xalq arasında fikir ayrılıqlarının necə həll oluna biləcəyini siyasi baxımdan müzakirə etməklə əldə edilə bilər.

Əvvəlki müharibədə döyüşən generallar kimi

Ermənistana amansız hərbi hücumları, qərb sərhədlərinə yaxın ərazilərdə yeni hərbi bazalar və yollar, tunellər və hava limanları kimi bahalı infrastrukturlar tikməsi Azərbaycanın müharibəyə aludə olması və gələcəyini müharibə şəraitindən kənarda təsəvvür edə bilməməsi təəssüratını yaradır. Bu arada nəinki Azərbaycanın demoqrafik tərkibi dəyişir, eləcə də onun sosial problemlərini millətçi ritorika ilə aradan qaldırmaq mümkün olmayacaq. Planeti təhlükəyə atan zəhərli məhsulun hesabına maliyyələşən Azərbaycan fərqli gələcəyi görə bilən dövlət xadimləri olmadan keçmişdə ilişib qalmış kimi görünür. Azərbaycanın İkinci Qarabağ müharibəsində qalib gəlməsi ilə etnik simvolizm kütləvi səfərbərlik üçün əvvəlki cazibəsini itirib. Etnik antaqonizmin rəsmi ritorikası ilə daxili islahatlara dair xalqın gözləntiləri arasındakı uçurum getdikcə daha da artacaq.

Ermənistanla Azərbaycan arasında bitməyən münaqişə Rusiyadan Türkiyəyə, İsraildən İrana kimi xarici güclərin müdaxiləsi üçün qapılar açıb və bu münaqişənin davam etməsi, 18 sentyabr 2022-ci il tarixində ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin başçılıq etdiyi nümayəndə heyətinin Ermənistana səfərindən də aydın göründüyü kimi, ABŞ-ın müdaxiləsinə zəmin yarada bilər. Bu müdaxilələr yalnız yerli aktorların müstəqilliyi və suverenliyi bahasına başa gələcək. Üstəlik, Cənubi Qafqazın qonşuluğunda yerləşən üç regional güc təlatümlər yaşayır: Putinin avtoritar doktrinası dağılır, İranda yeni üsyan tüğyan edir və Türkiyədə Ərdoğanın iqtidarı aşınma və tənəzzül içindədir.

Sentyabrın 12-13-də baş vermiş kütləvi hücum Ermənistanda əhval-ruhiyyəni dəyişdi. Yerevanda və Stepanakertdə/Xankəndində Paşinyanın bəlkə “sənəd”i imzalayacağı ilə bağlı ziddiyyətli çıxışına qarşı spontan nümayişlər keçirilib.[17] Ermənistana davamlı hərbi təzyiqlər yeni momentum formalaşdırır və bu, erməni tərəfinin reaksiyasına səbəb olacaq. Ermənistanın hərbi xərclərini birdən-birə 1,2 milyard dollara çatdırması bu dəyişikliyin bariz nümunəsidir.[18] Ermənistanın təslim olmağa məcbur edilməsi Cənubi Qafqaza sülh gətirməyəcək, ancaq regionu zorakılıq və etnik ədavətin girovunda saxlanılmasına və avtoritarizmin daha da möhkəmləndirilməsinə gətirib çıxaracaq. Qarabağda ermənilərə qarşı etnik təmizləmə layihəsi yalnız kütləvi zorakılıq ilə baş verməlidir.

 

Qeydlər və istinadlar:

[1] Tatevik Hayrapetyan, “Listen to the Words of Dictators, Don’t Say We Didn’t Tell You”, EVN Report, September 16, 2022: https://evnreport.com/politics/listen-to-the-words-of-dictators-dont-say-we-didnt-tell-you/

[2] The Official site of The Prime Minister of the Republic of Armenia, “Our most important task is to usher in an era of peaceful development for our people”, May 20, 2021: https://www.primeminister.am/en/statements-and-messages/item/2021/05/20/Nikol-Pashinyan-Speech-National-Assembly/

[3] Radio Free Europe/Radio Liberty, “Armenia Says Six Of Its Soldiers Killed In Latest Clashes With Azerbaijan”, November 9, 2021: https://www.rferl.org/a/armenia-azerbaijan-border-clashes-deaths/31569486.html

[4] International Crisis Group, “Warding Off Renewed War in Nagorno-Karabakh”, August 9, 2022: https://www.crisisgroup.org/europe-central-asia/caucasus/nagorno-karabakh-conflict/warding-renewed-war-nagorno-karabakh

[5] Turan, “‘There is neither status, nor Nagorno-Karabakh’ – Ilham Aliyev”, July 22, 2021: https://www.turan.az/ext/news/2021/7/free/politics_news/en/6054.htm

[6] Ministry of Defense of the Republic of Azerbaijan, “Azerbaijan Army conducted ‘Revenge’ operation – Video”, August 3, 2022: https://mod.gov.az/en/news/azerbaijan-army-conducted-revenge-operation-video-41226.html

[7] Neil Hauer, “Azerbaijan’s ‘Ethnic Hatred’ Theme Park Draws Ire, Imperils Reconciliation”, Radio Free Europe/Radio Liberty, April 22, 2021: https://www.rferl.org/a/azerbaijan-karabakh-theme-park-armenia-ethnic-hatred-aliyev/31217971.html

[8] “Why do The Winners of a War Become Angry? Identity Crisis in The Aftermath of The Second Nagorno-Karabakh War.” Masters of Arts thesis, Central European University, Vienna, 2021, 42 pages.

[9] Tony Wesolowsky, “A New Draconian Media Law In Azerbaijan”, Radio Free Europe/Radio Liberty, February 20, 2022: https://www.rferl.org/a/azerbaijan-media-law-journalism-objective/31711614.html

[10] Radio Free Europe/Radio Liberty, “Azerbaijani Activist Sentenced To 13 Years In Prison On ‘Absurd’ Terrorism Charges”, October 8, 2021: https://www.rferl.org/a/azerbaijan-opposition-jailed/31499581.html

[11] Heydar Isayev, “A new investigation has found that agricultural firms connected to powerful people, including the first family, were given non-transparent contracts to develop land in Karabakh”, Eurasianet, June 28, 2022: https://eurasianet.org/farmland-in-karabakh-being-given-to-powerful-azerbaijanis-report

[12] Arzu Geybullayev, “In Azerbaijan, a war veteran’s suicide sparks public outcry”, Global Voices, July 20, 2022:  https://globalvoices.org/2022/07/20/in-azerbaijan-a-war-veterans-suicide-sparks-public-outcry/

[13] Ilkin Huseynli, “A Complaint About Potential Ziyali”, Baku Research Institute, June 10, 2021:  https://bakuresearchinstitute.org/en/a-complaint-about-potential-ziyali/

[14] Daniel Philpott, “In defense of self-determination”, Ethics, 105 (2), 1995, 353.

[15] For an academic discussion on the relation between self-determination, the “people”, rights, secession and justice, see the volume edited by Margaret Moore, National Self-Determination and Secession, New York: Oxford University Press, 1998.

[16] Ceylan Tokluoglu, “The Political Discourse of the Azerbaijani Elite on the Nagorno-Karabakh Conflict (1991-2009), Europe-Asia Studies, 63:7, 2011, pp. 1223-1252.

[17] CivilNet, “Thousands protested in Yerevan after Pashinyan’s contradictory remarks on signing deal with Azerbaijan”, September 15, 2022:  https://www.civilnet.am/en/news/674866/thousands-protest-in-yerevan-after-pashinyans-contradictory-remarks-on-signing-deal-with-azerbaijan/

[18] Ani Mejlumyan, “Armenia promises big boost in military spending”, Eurasianet, September 29, 2022: https://eurasianet.org/armenia-promises-big-boost-in-military-spending

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.