fbpx

Cəmiyyət

Cəmiyyət

Müasir Azərbaycanda milli tarixin yazılması: Milli faciə haqqında narrativlər

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycanla Ermənistan arasında 30 ildən də çox davam edən münaqişə məntiqi sonluğuna yaxınlaşır. Azərbaycan ordusunun sentyabrın sonunda həyata keçirdiyi lokal xarakterli anti-terror əməliyyatının başa çatmasından sonra prezident İlham Əliyev Qarabağın erməni icmasının Azərbaycan dövləti və cəmiyyətinə inteqrasiya məsələsini bir daha dilə gətirdi. Lakin hər iki icma son dövrdə verilən qurbanları nəzərdə tutaraq inteqrasiyanın qeyri-mümkün olduğunu düşünür. Lakin müharibə qurbanları erməni və azərbaycanlı icmasının inteqrasiyasını qeyri-mümkün edən yeganə maneə deyil. Bu inteqrasiyanı qeyri-mümkün edən daha ciddi maneə hər iki hökumətin illərlə yürütdüyü yaddaş siyasətidir. Bu məqalə milli faciələrin əks olunduğu hekayələrin yaradılması və yayılması mexanizminin təhlili üzərində qurulub. Ağrı və ya kədər narrativləri adlandırılan bu hekayələr insan faciəsinə, ağır travmalara səbəb olan  tarixi hadisələrin yaddaşlarda əksidir. Bu məqalədə Azərbaycan xalqının kədər hekayələrinin əks olunduğu 1918-ci ilin mart hadisələri və Xocalı faciəsi təhlil ediləcək. Məqalənin nəzəri əsasını tarixin yazılmasında istifadə edilən dekonstruktiya yanaşması təşkil edir.

Tarixin araşdırlması ilə məşğul olan əksər mütəxəssislər keçmiş və tarixin eyni şey olmadığını qəbul edirlər. Keçmişin konstruksiyası, rekonstruksiyasıdekonstruksiyası ilə bağlı debatlar hələ də aktualdır. Bununla bağlı Tarix Oxuyanların Mənşəyi adlı kitabda qeyd edilən bir ifadəni xatırlamaq yerinə düşər: “Keçmiş arxada qalıb, tarix isə həmişə qabaqdadır”.[1] Tarixin necə yazılması və nə cür şərh edilməsi tarxiçinin ilkin mənbələrə və onlardan əldə edilən məlumatlara yanaşmasından asılıdır. Yazılan tarix çox zaman natamamdır və müasirliyə münasibətdə qeyri-obyektivdir. Tarixin müxtəlif versiyaları tarixçinin keçmişə hansı bucaqdan baxmasının nəticəsidir. Mən qəbul edirəm ki, keçmişin dekonstruksiyası üzərində qurulmuş tarixşünaslıq görüntü ilə reallıq arasındakı fərqi aradan qaldırmır. Çünki istənilən halda keşmişin bərpası tarixi sənədlər əsasında baş tutur.

Tarixin mənşəyi olduqca mürəkkəbdir, tarixin keçmişlə əlaqəsi çoxlu sayda suallar doğurur. Bu suallar ümumən tarixin müasir cəmiyyətin istək və tələblərini necə müəyyən etməsi və keçmişin hansı üsullarla şərh edilərək yaddaşlara həkk olunması ilə bağlıdır. Keçmişlə müasirlik arasında əlaqənin öyrənilməsi  adətən tarixin siyasi və ideoloji məqsədlərlə necə istifadə olunması üzərində qurulur. Bu proses yuxarıdan aşağıya doğru gedən bir prosesdir. Bu məqalədə məqsədim aşağıdan yuxarıya gedən prosesi təhlil etməkdir. Məqsədim fərdi hekayələrin instrumentallaşdırılmış tarixşünaslığın yaratdığı tarixə nə dərəcədə uyğun gəldiyini müəyyənləşdirməkdir. Bu təhlili həyata keçirərkən fərdi hekayələrin yalnız siyasət və milli tarixşünaslığın tələblərinə uyğun gəldikdə konseptuallaşdırıla biləcəyini də qəbul edirəm.

2022-ci ilin iyul ayında Azərbaycanın Tərtər bölgəsinə səfərim zamanı yerli icmanın Ermənistan və erməni xalqına münasibəti haqqında məlumat əldə etmək imkanım oldu. Rəsmi məlumatlara görə Tərtər 44 günlük müharibə dövründə ən çox zərər çəkmiş bölgə olub. Müharibə dövründə yaxınlarını itirmiş, külli miqdarda maddi ziyana düşmüş tərtərlilərin erməni xalqı haqqında xoş söz deyəcəklərini düşünmürdüm. Lakin fikrimdə yanılmış oldum. Tərtərin yaşlı nəslin nümayəndələri ilə söhbət zamanı erməni xalqı haqqında yalnız müsbət fikirlər eşitdim.

2022-ci il sentyabr ayının 12-13-də Azərbaycan-Ermənistan sərhəddində növbəti hərbi toqquşma baş verdi. Bu dəfə toqquşma münaqişə bölgəsindən xeyli uzaqda idi. Bu hadisədən təxminən bir ay sonra mən Azərbaycan universitetlərinin birində təhsil alan tələbələrin Ermənistan və erməni xalqı ilə bağlı fikirlərini öyrənmək imkanı əldə etdim. Yaşlı nəsildən fərqli olaraq Azərbaycanın gənc nəsli erməni icması ilə heç bir zaman yanaşı yaşamayıb və qonşu millətlə dinc yaşamaq təcrübəsinə malik deyil. Yəqin ki, məhz bu səbəbdən tələbələr Ermənistan və erməni xalqı haqqında yalnız mənfi fikirlər söylədilər. Bu məqalədə məqsədim Azərbaycanın yaşlı və gənc nəslinin Ermənistan və erməni xalqına münasibətini müqayisəli təhlil etmək deyil. Məqsədim cəmiyyətdə anti-erməni əhval-ruhiyyəsinin güclənməsinə dəstək olan şifahi və yazılı mənbələrin fərdi hekayələrin yaradılmasında oynadığı rolu müəyyənləşdirməkdir.

Bu məqsədlə tariximizin ağrılı səhifələrindən sayılan 1918-ci il mart hadisələri və 1992-ci il Xocalı faciəsinin şərhini təhlil etmişəm. Məqalədə qarşıma qoyduğum əsas sual şahidlərin gördükləri əsasında formalaşmış şifahi hekayələrin yazılı tarixə necə köçürülməsi və ya tarixçilərin bu hekayələrin məzmun və mahiyyətindən istifadə edərək necə bir tarix yaratması ilə bağlıdır. Tədqiqata cəlb edilən mənbə və informasiya təsviri-müqayisəli və kəmiyyət metodları vasitəsilə təhlil edilmişdir. Tədqiqata iki növ yazılı mənbə, milli tarixşünaslığın nümunələri və mətbuat materilları cəlb edilib. Milli tarixşünaslıq nümunəsi kimi tədqiqata 1994-2014-cü illər arası dərc edilən orta məktəb Azərbaycan tarixi dərslikləri və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu əməkdaşlarının hazırladığı yeddi cildlik Azərbaycan tarixinin son 2 cildi daxil edilib. Mətbuat orqanları kimi Azadlıq Azərbaycan qəzetlərinin 1994-2003-cü il yanvar-mart aylarında dərc olunmuş nömrələri araşdırılıb.

Şifahi mənbələrə əsaslanaraq faciəli hadisələri şərh edən milli tarixşünaslığın  Azərbaycanın gənc nəslinin Ermənistan-Azərbaycan münaqişəsinə münasibətinə necə təsir etdiyini müəyyənləşdirmək üçün  tələbələr arasında sorğu keçirilmiş, müsahibələr aparılmışdı. Sorğuda Azərbaycan universitetlərinin birində 4-cü kursda təhsil alan tələbələr iştirak edib. Tələbələr tarix üzrə ixtisaslaşırlar, onların orta yaş həddi 20-dir. Tələbələrin 33-ü kişi, 21-i qadındır. Tələbələr Azərbaycanın müxtəlif bölgələrini təmsil edirlər. 54 tələbədən 10 nəfəri türk-azərbaycanlı olmadığını bildirib. Sorğu 3 mərhələdən ibarət olub. Birinci mərhələdə tələbələrin nə dərəcədə müstəqil düşünmək qabiliyyətinə malik olduğunu müəyyənləşdirmək üçün Adornonun avtoritar şəxsiyyət ölçüsündən istifadə olunub. İkinci mərhələdə tələbələrin nə dərəcədə millətçi olduğunu müəyyənləşdirmək üçün onlara 8 sual təqdim edilib. Sonuncu mərhələdə Ermənistan və erməni xalqına münasibəti müəyyənləşdirmək üçün  tələbələrə açıq suallar verilib, qonşu xalqla bağlı fikirləri soruşulub.

Kədər və məyusluq

1905-ci il  Rusiya burjua inqilabı dövründə imperiyanın Bakı və Yelizavetpol quberniyalarında ermənilərlə müsəlman/tatar adlandırılan azərbaycanlılar arasında ilk silahlı toqquşma baş verib. Bu toqquşmalar Ermənistan və Azərbaycan tarixşünaslığında fərqli şərh edilir. 13 il sonra 1918-ci ilin martında iki qonşu xalq arasında növbəti hərbi toqquşma baş verdi. Bu dəfəki toqquşmaya səbəb bolşeviklərin Bakı şəhərində siyasi nəzarəti ələ almaq istəyi oldu. Tezliklə bu siyasi münaqişə etnik zəmində toqquşmaya çevrildi. Lakin Bakı Soveti şəhərdə hakimiyyəti qısa müddətə əldə saxlamağa müvəffəq oldu və bir neçə aydan sonra Sentrokaspi diktaturası tərəfindən devrildi. 1918-ci ilin sentyabrında Osmanlı hərbi qüvvələri Bakıya daxil olanda ermənilərlə azərbaycanlılar arasında daha bir toqquşma baş verdi.

Rusiya imperiyasının paytaxtı bolşeviklər tərəfindən ələ keçirildikdən sonra Cənubi Qafqazın 3 xalqı müstəqil dövlət yaratdıqlarını elan etdilər. Rusiya vətəndaş müharibəsində olarkən bu xalqlar da arzuladıqları sərhədləri əldə etmək uğrunda müharibəyə başladılar. Həmin dövrdə bölgədə təqribən 12 mübahisəli ərazi mövcud idi və onların 8-inə Ermənistan və Azərbaycan hökumətləri iddialı idi. Bunlara erməni-azərbaycan və ya erməni-azərbaycan-kürd-gürcü qarışıq əhaliyə malik Zəngəzur, Qazax, Qarabağ, Kars, Batum, Naxçıvan, Şərur və Dərələyəz daxil idi.

Vətəndaş müharibəsini bitirən bolşevik Rusiyasının orduları Cənubi Qafqaz dövlətlərinin xəyali sərhədlərinə yaxınlaşanda onlar hələ də müharibə şəraitində idilər. Həm ermənilər, həm də azərbaycanlılar bolşeviklərin ərazi iddialarına son qoyaraq bölgəyə sülh gətirdiklərini təsdiqləyirlər. Lakin ermənilər düşünürdülər ki, azərbaycanlılar bu sülhdən daha çox məmnun olmalıdırlar. 1950-ci illərdə Azərbaycanda ilk coğrafi atlaslar nəşr ediləndə Ermənistan alimləri erkən orta əsr erməni mənbələrinə istinad edərək azərbaycanlı kolleqalarını tarixi saxtalaşdırmaqda ittiham etdilər.[2] Bu, ilk dəfə Ermənistan-Azərbaycan qarşıdurmasının döyüş meydanından elmi müstəviyə köçürülməsi idi.

Ermənistan və erməni xalqını ən çox narazı salan səbəb Dağlıq Qarabağ Muxtar Vilayəti idi. Ermənistan siyasi rəhbərliyi bu narazılığı aradan qaldırmaq üçün dəfələrlə mərkəz Moskvaya müraciət edərək vilayətin ərazi statusuna dəyişiklik edilməsini istəmişdilər. Lakin Kremlin mövqeyi dəyişməz qalmışdı və cavab da belə olmuşdu: “Sovet dövlətində torpaq hər hansı millətə deyil, sovet dövlətinə məxsusdur”. 1980-ci illərin sonlarına doğru Sovet İttifaqı zəifləməyə başlayanda torpaq iddiaları yenidən səsləndirilməyə başlandı və Dağlıq Qarabağda başlanan münaqişə iki qonşu arasında qanlı müharibəyə çevrildi.

Millətlər arasındakı münaqişəyə tarixçi alimlərin qoşulması ilə qarşıdurma daha da alovlandı. Alimlərin münaqişəsi tezliklə siyasi hakimiyyət tərəfindən ciddi dəstək gördü. 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzaladı.[3] Elə həmin il Azərbaycan hökuməti Xocalı faciəsinin beynəlxalq miqyasda tanınması və anımı üçün geniş tədbirlər kompaniyasına başladı. 2007-ci ildə Azərbaycan parlamenti Xocalı faicəsini azərbaycan xalqının soyqırımı kimi tanıdı.

Milli dövlətdə milli tarixin yazılması

Rəsmi tarixşünaslığın siyasi və ideoloji kontekstini müəyyənləşdirmək üçün keçmişlə akademik tarix arasında əlaqə təhlil edilməlidir. Buna nail olmaq üçün iki mühüm məsələ diqqətdə saxlanılmalıdır. Birincisi, tarixçilərin tarixi mənbələrin məzmununa necə yanaşdıqları müəyyənləşdirilməlidir, çünki tarixi mənbələrin əsasını təşkil edən şifahi irs yerli icmaların içərisindən çıxaraq sonradan tarixi şərhin mövzusuna çevrilir.[4] İkincisi, tarixçinin keçmişi zaman kontekstində təhlil etmək qabiliyyəti müəyyənləşdirilməlidir.

Müstəqil Azərbaycanın ilk məktəb dərslikləri 1990-cı illərin ortalarında işıq üzü görüb. 1995-ci ildə XX əsrin tarixini əhatə edən 11-ci siniflər üçün nəzərdə tutulmuş Azərbaycan tarixi çap olundu.[5] Kitab indiki Bakı Dövlət Universitetinin aparıcı tarixçiləri tərəfindən hazırlanmışdı. Giriş hissəsində qeyd olunurdu ki, kitabı yazmaqda əsas məqsəd müstəqil Azərbaycan dövlətini, onun mənəvi inkişafını gücləndirmək, əhalidə milli şüur ​​və vətənpərvərlik hisslərini gücləndirməkdir.[6] Üç il sonra AMEA-nın Tarix İnstitutunun əməkdaşları 7 cildlik Azərbaycan tarixinin nəşrinə başladılar. XX əsrin tarixinə aid son 3 cild müvafiq olaraq 2001 və 2003-cü illərdə dərc edildi.[7] Alimlər qeyd edirdilər ki, nəşrdə əsas məqsəd XX əsrin mübahisəli problemlərinin hərtərəfli tədqiqidir.[8]

İmperiya və imperiyadan sonrakı dövrdə azərbaycanlılarla ermənilər arasında bir neçə dəfə baş vermiş toqquşmanı sovet tarixşünaslığı sinfi qarşıdurma kimi şərh edirdi. Müstəqil Azərbaycanın tarixçiləri bu şərhin yanlış olduğunu sübut etməli idilər. 1995-ci ildə nəşr edilmiş məktəb dərsliyində 1918-ci ilin martında bolşeviklərlə Müsavat partiyası üzvləri arasında baş vermiş həlledici toqquşma “azərbaycanlıların soyqırımı” kimi təqdim edildi.[9] Bu hissənin müəllifi tanınmış Azərbaycan tarixçisi, hazırda prezident Əliyevin fəal siyasi opponenti olan Cəmil Həsənli idi. Həsənli iddiasını iki arqument üzərində qurmuşdu: 1) bolşeviklər və ermənilər müsəlman siyasətçiləri sosial dayaqdan məhrum etmək istəyirdilər; 2) ermənilər Bakını qeyri-müsəlman şəhərinə çevirmək və sonradan bütün Azərbaycanı işğal etməyi planlaşdırırdılar. Bununla belə Həsənli münaqişənin tamamilə etnik zəmində baş verdiyini iddia etmirdi və göstərirdi ki, siyasi rəqabət kimi başlanan qarşıdurmanı etnik toqquşmaya çevirən Daşnaktsutyun partiyasının müsəlman Müsavatı deyil, bolşevik Şaumyanı dəstəkləməsi oldu. Həsənli həmçinin qeyd edirdi ki, Bakıda üç gün davam edən toqquşma zamanı  təqribən 12 min azərbaycanlı öldürülmüşdü.

2000-ci ildə 11-ci siniflər üçün yeni dərslik nəşr edildi.[10] Kitaba həm 1918-ci ilin mart hadisələri, həm də 1992-ci ilin Xocalı faciəsi haqqında yeni məlumatlar daxil edilmişdi.[11] Kitab yazırdı ki, mart hadisələri zamanı azərbaycanlıların ümumi itkisi 50 min olmuşdu, təkcə Bakıda 12 min nəfər həyatını itirmişdi. Həmçinin qeyd edilirdi ki, mart hadisələri zamanı bir çox tarixi binalar yandırılmış və ya məhv edilmişdi. Kitaba daxil edilən məlumatlar əsasən arxiv mənbələrindən, Azərbaycan Cümhuriyyəti dövrrüdə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının materiallarından əldə edilmişdi.[12] Xocalı faciəsi ilə bağlı kitabda respublika prokurorluğunun səsləndirdiyi rəsmi rıəqəmlər yer almış və qeyd edilmişdir ki, erməni-rus birləşmiş hərbi qüvvələri 613 dinc sakini öldürmüş, 489 nəfər yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.

2013-cü ildən 11-ci sinif üçün yeni dərslik yazılır. Bu dərslikdə əvvəllər “Daşnaktsutyun partiyasının azərbaycanlılara qarşı soyqırımı” kimi təqdim olunan 1918-ci il mart hadisələri “Bakı Sovetinin azərbaycanlılara qarşı soyqırımı” kimi təqdim edilir.  Xocalı faciəsi daha təsirli hekayələrlə təsvir edilir.[13] 1918-ci ilin mart hadisəsi ilə bağlı fikirlər AMEA Tarix İnstitutu əməkdaşlarının hazırladığı kitabdakı şərhə tamamilə uyğun idi. İnstitutun tarixçiləri qeyd edirdilər ki, ermənilərin Müsavat partiyasının sosial dayağını məhv etmək istəyi “Böyük Ermənistan” xülyalarını reallaşdırmaqla  bağlı idi.[14] Arxiv mənbələrinə istinad edərək “erməni vəhşilikləri”ni təsvir edən tarixçilər yazırdılar ki, 1918-ci ilin martında 3 günlük qarşıdurma zamanı “12 min azərbaycanlı əks-inqilabi element kimi məhv edilmişdi.”[15]

1918-ci ilin mart hadisələri və Xocalı faciəsi şərh edilərkən orta məktəb dərslikləri ilə akademik tarix arasında heç bir fərqin olmadığını görürük. Xocalı faciəsi təhlil edilərkən cinayətkarların adları çəkilir, yerli əhalinin və özünümüdafiə dəstələrinin hərbi yardım haqqında xahişlərinə etinasız yanaşmış siyasi rəhbərlik tənqid edilirdi.[16] Ümumən həm dərsliklər, həm də akademik tarix iki hadisə ilə bağlı eyni şərhləri verir, eyni mənbələrə istinad edirdilər. Milli tarixşünaslıq iddia edirdi ki, hadisələri ilkin mənbələrdən əldə etdiyi etibarlı məlumatlar əsasında bərpa edib. Lakin qeyd edilən ilkin mənbələrin mənşəyi aydın deyildi.

Tarix yazan mətbuat

Kollektiv Yaddaş və Tarixi Keçmiş əsərinin müəllifi Endrü Baraşın fikrincə mətbuat baş vermiş hadisələri ictimaiyyətə çatdırmaq və onları insanların yaddaşına həkk etdirmək kimi bir gücə malikdir.[17] Bu isə çox zaman tarixi faktlarla onların yadda necə saxlanılması arasında boşluğun yaranmasına gətirib çıxarır. Rəsmi tarixşünaslıq  siyasi və ya ideoloji səbəbdən cəmiyyət tərəfindən qəbul edilmədikdə mətbuat kollektiv yaddaşın məzmununu formalaşdıran güclü vasitəyə çevrilir. Bu proses uzun illər avtoriat rejimin hökm sürdüyü,  demokratik ənənələrin olmadığı və ya zəif olduğu Azərbaycan kimi cəmiyyətlərdə daha çox nəzərə çarpır. Keçmişin mətbuatda təqdim olunan şərhi ilə cəmiyyətin yaddaşı arasında davamlı əlaqələr tarixi miflərin formalaşmasına imkan yaradır.

1918-ci ilin mart hadisələrinin mətbuatda geniş işıqlandırılmasına Ermənistan və Dağlıq Qarabağdan gələn qaçqınların sayının artdığı 1990-cı illərin əvvəllərində başlanılıb.  Xocalı faciəsi haqqında ilk müstəqil hekayə mətbuatda  1996-cı ildə dərc edilib. Rəsmi Azərbaycan və müxalif Azadlıq qəzetlərində dərc edilən materiallar cəmiyyətin müxtəlif təbəqələrinin tarixin bərpasına etdikləri töhfələri araşdırmaq imkanı verir. Hər il 29-31 mart arası hər iki mətbuat orqanı 1918-ci il mart hadisələrini geniş şəkildə işıqlandırıb. İlk dəfə 1998-ci ildə Azərbaycan qəzetində 1918-ci il mart hadisələrinin işıqlandırılması fevral ayından başlanıb.[18] Həmin il prezident Heydər Əliyev Azərbaycanlıların soyqırımı haqqında fərman imzalayıb. Bu məqalələrin müəllifi ixtisasca tarixçi olan və  Azərbaycan Respublikası Milli Arxivlər İdarəsinin rəisi vəzifəsində çalışan Ataxan Paşayev idi.  Azadlıq üçün yazılan məqalələrin müəllifi isə Cəmil Həsənli idi.[19]Hər iki qəzetin şərhləri eyni idi və arxiv materialları və təsviri sənədlərlə dəstəklənirdi.

Xocalı faciəsi də hər iki qəzet tərəfindən işıqlandırılırdı, lakin şərhlər fərqli idi. 1994-1998-ci illər arası Azadlıq qəzetində Xocalı ilə bağlı yazıların müəllifi Surxay Hüseynli idi. Bu məqalələr tarixi deyil, siyasi konteksdən yazılmışdı. Hüseynliyə görə, Xocalıda baş verən faciənin günahkarı Azərbaycanın siyasi və ordu rəhbərliyi idi.[20] XXI əsrin əvvəlində isə Azadlıq qəzetində Xocalı faciəsi fərqli şəkildə təqdim olunmağa başlayır. Qəzet Xocalı faciəsinin anımı ilə bağlı tədbirləri işıqlandırır, müxalifəti bu tədbirlərdə aktiv iştirak etməyə, parlamenti isə Xocalı faciəsini soyqırım kimi tanımağa çağırır.[21]  Maraqlıdır ki, qəzetin özü Xocalıdan danışarkən “soyqırım” deyil, “faciə” kəlməsini işlədirdi. 1990-cı illərdə qəzet baş verənlərdə sərt şəkildə siyasi rəhbərliyi, xüsusilə də prezident Ayaz Mütəllibovu günahlandırırdı. Lakin Heydər Əliyevin 7 illik prezidentliyi dövründə qəzetin ritorikası ciddi dəyişikliklərə məruz qalır. İndi qəzet iddia edirdi ki, Mütəllibov bir prezident kimi insanların təhlükəsizliyi üçün birbaşa məsuliyyət daşısa da, Xocalıda baş verənlərin yeganə günahkarı o deyil. Qəzet əsl günahkarların tapılması üçün ciddi araşdırmaların aparılmasını zəruri hesab edirdi.[22]  Qəzet eyni zamanda hökumətin Xocalı faciəsinin tanıdılması istiqamətində atdığı addımların da kifayət qədər olmamasından narazı idi. Qəzet yazırdı ki, “Bakı küçələrində gəzənlər 1992-ci ildə Xocalıda nə baş verdiyini bilmirlər,” “Nizami kinoteatrında Xocalı ilə bağlı sənədli film nümayiş etdirilərkən zal boş idi.”[23]

Xocalı faciəsindən sonrakı keçən ilk iki ildə rəsmi Azərbaycan qəzeti onun siyasi şərhindən yayınmış, əsas diqqət rəsmi məlumatlara yönəldilmişdir. 1995-ci ildən başlayaraq Heydər Əliyev qəzet səhifələrində Xocalıda baş verənlərin əsas şərhçisinə çevrilir. Qəzet səhifələrində Xocalı qurbanlarının xatirəsi ilə əlaqədar prezidentin Təzə Pir Məscidindən çıxışı, Xocalı sakinləri ilə görüşdən materiallar dərc olunur. Faciədən beş il sonra qəzet Xocalının müdafiəçilərinin prezident tərəfindən təltif edilməsi haqqında məlumat yayır. Təltif olunanlar arasında Xocalı İcraiyyə Komitəsinin sədri vəzifəsini tutmuş, Azadlıq qəzeti tərəfindən vəzifəsindən sui-istifadəyə görə ciddi tənqidlərə məruz qalan Elman Məmmədov da var idi.

1999-cu ildən başlayaraq Azərbaycan qəzeti Xocalı faciəsi haqqında daha çox material dərc etməyə başlayır.  Bu materiallar əsasən  anım günündə Heydər Əliyevin xalqa müraciətindən, Azərbaycan parlamentinin dünya dövlətlərinin parlamentlərinə və xarici təşkilatlara müraciətindən, baş vermiş faciənin xronikası və aparılan təhqiqatın məlumatlarından ibarət idi.[24]  Xocalı haqqında danışanlar adətən yüksək rütbəli məmurlar, ziyalılar idi. Onlar əslən Xocalıdan idilər, lakin faciənin bilavasitə şahidi deyildilər. Onlar iddia edirdilər ki, danışdıqlarını onlara Xocalıdan qaçmış və onlara sığınmış qohumları danışıb, yəni onlar qohumlarının dediklərini ictimaiyyətə çatdırırlar. Şahidlərin özü isə hələlik sükutu qoruyurdular.[25] Xocalı ilə bağlı ilk vizual materiallar 2000-ci ildən dərc olunmağa başlayır. Həmin il Xocalı ilə bağlı materialların sayı artmağa başlayır.

Azadlıq və Azərbaycan qəzetlərində 1994-2003-cü illər arası dərc edilmiş materialların sayı. Qrafik 1.

Rəsmi mətbuatda Xocalı faciəsi ilə bağlı ilk hekayələr 1996-cı ildən dərc olunur. Bu hekayələrin ilk müəllifləri arasında Azərbaycanın Milli qəhrəmanı Allahverdi Bağırov[26], Xocalı Milis şöbəsinin rəisi Sadıq Mədətov, milis işçisi Şahid Muradov, İcraiyyə Komitəsi sədrinin müavini Göyüş Həsənov, Azərbaycan Gənclər İttifaqı Xocalı şəhər təşkilatının birinci katibi Elçin Abışov və yerli idarəetmə aparatının digər nümayəndələri var idi.[27] Adi insanların faciə haqqında şahidliyi Azərbaycan qəzetində ilk dəfə 1998-ci ildən dərc olunmağa başlayır.[28] Məzmununa görə bu hekayələr bir neçə il əvvəl rəsmilərin, ziyalıların səsləndirdiyi hekayələrdən o qədər də fərqlənmirdi. Sonradan mətbuatda dərc edilmiş bu hekayələr AMEA Tarix İnstitutunun əməkdaşları tərəfindən Xocalı faciəsini şərh etmək üçün ilkin mənbə kimi akademik nəşrə daxil edilir.

Keçmişlə müasirlik arasında: Faciə hekayələrinin yaradılması

Cəmiyyətlərin həyatında ciddi dəyişikliyə səbəb olan tarixi hadisələr demək olar ki, heç zaman unudulmur. Ermənilər ilə azərbaycanlılar arasında XX əsrdə baş vermiş toqquşmalar hər iki xalqın yaddaşında dərin iz buraxmış belə hadisələrdən biridir. Keçmiş haqqında xatirələrlə bölüşmək təkcə keçmişdə yaşanmış faciəli hisslərin dilə gətirilməsi deyil. Bu eyni zamanda milli kimliyi və Azərbaycanın milli ideologiyasının məzmununu müəyyənləşdirən keçmişlə müasirlik arasında bir əlaqədir. Bu baxımdan faciəli hadisələrlə bağlı xatirələr milləti birləşdirən böyük bir gücdür. Bu faciəli xatirələr tarix dərsliklərinə daxil edilir və fərdi yaddaş və təsəvvürlərin nəzarətdə saxlanılmasının mühüm komponentinə çevrilir.

2022-ci ilin oktyabr-noyabr aylarında tarix üzrə ixtisaslaşan bir qrup dördüncü kurs tələbəsi 3 mərhələdən ibarət bir sorğuda iştirak etmişdilər. Birinci mərhələdə tələbələrə 4 sual verilmişdi: 1.Həyatınız haqqında müstəqil qərarlar qəbul edə bilirsinizmi? 2.Gələcək karyeranızın seçimində valideynəlirini iştirak edibmi? 3.Ölkədə əlverişli şərait olsa idi, təhsil almaq əvəzinə biznes qurardınızmı? 4.Maliyyə müstəqilliyiniz olsa idi, valideynlərinizdən ayrı yaşayardınızmı?

Bu suallarda məqsəd tələbələrin nə qədər müstəqil olduqlarını düşündüklərini müəyyənləşdirmək idi. Suallara bəli/xeyir cavabları verilməli idi. Sorğuda iştirak edən 54 tələbədən 31-i (61.1%)  həyatı haqqında müstəqil qərarlar verə bildiyini düşünür. Bununla belə, 44 tələbə (81.4%) gələcək karyeralarının valideynlərinin seçimi olduğunu etiraf edib. Yalnız 32 tələbə əlverişli şərait olarsa şəxsi biznes sahibi olmağı düşünüb. Və yalnız 23 tələbə maliyyə imkanı olduğu təqdirdə valideynlərindən ayrı yaşamaq istədiyini bildirib. Maraqlıdır ki, müstəqil yaşamağa hazır olan 23 tələbədən 15-i qızlardır.

İkinci mərhələdə tələbələrdə millətçiliyin səviyyəsini ölçmək məqsədi ilə 8 sual tərtib edilib: 1. Azərbaycanlı olmağınızla fəxr edirsinizmi? 2.Azərbaycanın dünyanın ən yaxşı dövləti olması fikri ilə razısınızmı? 3.Millətinizi qorumaq üçün etnik təmizləməni dəstəkləyərsinizmi? 4.Millətiniz ailənizdən önəmlidirmi? 5.Millətinizin mükəmməl olduğunu düşünürsünüzmü? 6. Antisemitizmi dəstəkləyirsinizmi? 7.Azərbaycanda milli azlıqların problemlərlə qarşılaşdığını düşünürsünüzmü? 8.Digər dinlərə hörmətlə yanaşırsınızmı? 9.İnsanlara etnik və dini mənsubiyyətinə görə qiymət verilməli olduğunu düşünürsünüzmü?

Tələbələrin 80%-i azərbaycanlı olduqları ilə fəxr etdiklərini deyiblər, lakin onların heç biri Azərbaycanın dünyanın ən yaxşı ölkəsi olması fikri ilə razı deyillər.  48 tələbə milləti qorumaq üçün etnik təmizləməni rədd edir, 6 tələbə isə bunu məqbul hesab edir. Bütün tələbələr üçün birinci gələn millət deyil, ailədir. 48 tələbə antisemitizmə mənfi münasibət ifadə edib və azərbaycanlıların mükəmməl millət olmadığını düşünür. 54 tələbədən yalnız 6-ı Azərbaycanda milli azlıqların problemlərlə üzləşdiyini düşünür. 4 tələbə digər dindən olanlara hörmət etmədiyini bildirib. 48 tələbə insanlara dini mənsubiyyəti və milli kimliyinə görə qiymət verilməməli olduğunu təsdiqləyir.

Üçüncü mərhələdə tələbələrdən Ermənistan və erməni xalqı haqqında fikirləri soruşulub. Tələbələrə 4 açıq sual verilib: 1.Ermənistan və erməni xalqı haqqında məlumatları əsasən haradan əldə edirsiniz? 2. Sizcə erməni xalqı hansı müsbət xüsusiyyətlərə malikdir? 3. Sizcə erməni xalqı hansı mənfi xüsusiyyətlərə malikdir? 4. Erməni xalqı haqqında hansı hekayələr yaddaşınızda qalıb? Qeyd etməliyəm ki, Azərbaycanın gənc nəsli erməni xalqı ilə birbaşa təmasda olmayıb və onlarla dinc yaşama təcrübəsinə malik deyil.

54 tələbədən 24-ü Ermənistan və erməni xalqı haqqında məlumatları mediadan əldə etdiyini bildirib. 15 tələbə əsas məlumat mənbəyinin məktəb dərslikləri, 15 tələbə isə ailə üzvləri olduğunu qeyd edib. Erməni xalqının müsbət xüsusiyyətlərindən danışarkən tələbələr onların “əsl vətənpərvər”, “sülhsevər, yardımsevər”, “gözəl sənətkar”, “mahir siyasətçi” olduqlarını vurğulayıblar. Mənfi xüsusiyyətlər sırasında “mədəniyyətsiz və vəhşi” olduqları qeyd edilib. Erməni xalqının ziddiyyətli imici gənc nəslin yaddaşındakı keçmişlə müasirliyin təzadını əks etdirir.

Tələbələr eyni zamanda Ermənistan və erməni xalqı ilə bağlı yaddaşlarında qalan hadisələri bölüşüblər. Əslən Ermənistandan və Qarabağdan  olan tələbələr erməni xalqı haqqında daha çox müsbət fikrə malikdirlər. Ermənilərlə heç bir təmasda olmamış tələblərin fikirləri yalnız mənfidir.

Azərbaycanın müxtəlif rayonlarından olan üç tələbə münaqişə ilə bağlı şəxsi təcrübələrini və xatirələrini bölüşüblər.Ağsudan olan bir tələbə ulu nənəsinin vaxtilə 1918-ci il mart hadisəsilə bağlı bölüşdüyü hekayələri xatırladığını bildirib. Qohumları 1990-ci illər və 2020-ci il müharibələrində iştirak etmiş Laçından olan tələbə hərbiçilərin törətdikləri müharibə cinayətləri haqqında fikirlərini bölüşüb. Hacıqabuldan olan və indiyə qədər heç bir erməni ilə təmasda olmamış tələbə isə ermənilər haqqında fikirlərinin hər il oxuduğu məktəbdə keçirilən Xocalı faciəsi ilə bağlı tədbirlər əsasında formalaşdığını qeyd edib. Tələbə müharibə dövründə ermənilərə qarşı törədilən amansızlıqlardan sarsıntı keçirdiyini, azərbaycanlıların ermənilərə qarşı pis rəftarı haqqında ilk dəfə eşitdiyini vurğuladı.

Keçmişi tarixi narrativlərə və mediaya köçürərək tarix yaradanlar bu keçmişin özlüyündə tarixi olmadığını anlayırlar. Keçmişin tarixə çevrilməsi üçün tarixçinin əsərinə ehtiyac olduğunu da bilirlər.

Nəticə

Bu məqalədə şifahi narrativlərin yazılı tarixin kontekstləşdirilməsi və koseptuallaşdırılmasındakı rolu araşdırılıb. Bu məqsədlə rəsmi tarixşünaslıq və yazılı tarixin əsas mənbələrindən hesab edilən mətbuat tədqiq edilib. 1918-ci ilin mart hadisələri və Xocalı faciəsi bu məqalənin əsas tədqiqat obyektidir. Hər iki hadisə siyasi hakimiyyət tərəfindən XX əsrdə Azərbaycan xalqına qarşı təşkil edilmiş soyqırımı kimi qiymətləndirilib. Zaman fərqi rəsmi tarixşünaslığa 1918-ci il mart hadisələrinin şərhi üzərində monopoliya yaratmaq imkanı verib. Eyni fikri Xocalı faciəsi ilə bağlı söyləmək mümkün deyil. Xocalı ilə bağlı media orqanlarında yayılan məlumatlar tarixçilərin işlədikləri və ilkin mənbə hesab edilən materiallarla eyni deyil. Bu hekayələr haqqında ilk danışanlar şahidlər deyil, rəsmilər olub. Rəsmilərin dedikləri media texnologiyaları vasitəsilə nümunə kimi yayılıb və sonunda rəsmi tarixşünaslığın bir hissəsinə çevrilib.

Xocalı ilə bağlı ilk narrativlər faciədən təqribən səkkiz il sonra yaranıb. Bu hekayələr insanların şəxsi acılarını əks etdirirdi, onları nəql edənlər Ermənistanı düşmən dövlət, erməniləri düşmən xalq adlandırmırdılar. Onlar yaşadıqları faciəni, ağrı-acılarını dilə gətirirdilər. İnsan faciəsinin əks etdirən bu hekayələr sonradan tarixi narrativlərlə birləşərək milli birliyi gücləndirən qüvvəyə çevrilirdilər. Tələbələr arasındakı sorğular dərslik və akademik tədqiqatlarda yaradılan və yayılan bu faciə narrativlərinin nifrəti, zorakılıq və militarist ideyaları gücləndirdiyini, iki millət arasında dinc yaşayış üçün ümidləri dəstəkləmədiyini təsdiqləyir.

 

Qeydlər və istinadlar:

[1] The Nature of History Reader. 2004. Edited by Keith Jenkins and Alun Munslow. London and New York: Routledge, Introduction, 3.

[2]Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi İctimai-Siyasi Sənədlər Arxivi, f.1, siy.53, iş 36, v.123-128

[3] Azərbaycanlıların soyqırımı haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı, https://e-qanun.az/framework/4684. Əldə edilib 27 sentyabr  2023.

[4]Barash J.A. 2006. Collective memory and historical past, The University of Chicago Press, 26.

[5] Azərbaycan tarixi. 1995. 11-ci sinif üçün dərslik. Bakı: Öyrətmən.

[6] Yenə orada, 3.

[7]Azərbaycan tarixi, 2001. 5-ci və 6-cild; 2003. 7-ci cild. Bakı: Elm.

[8] Azərbaycan tarixi. 2001. 6-ci cild, Giriş, 5.

[9] Azərbaycan tarixi.1995. Bakı: Öyrətmən,  9-12.

[10] Azərbaycan tarixi, 2000. 11-ci sinif üçün dərslik. Bakı: Çaşıoğlu.

[11] Yenə orada, 11-14, 292.

[12] Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1, iş 95.

[13] Azərbaycan tarixi, 2014, Bakı: Çaşıoğlu, p.10-11, 164-166.

[14] Azərbaycan tarixi.2001.  5-ci cild. Bakı: Elm, 246-247.

[15] Yenə orada, 247.

[16] Azərbaycan tarixi, 2003. Bakı: Elm, 7-ci cild, 243-244.

[17] Barash, 115.

[18]Bakıda 1918-ci il mart faciəsi, Azərbaycan, 27.02.1998; Şamaxı faciəsi, Azərbaycan, 15.03.1998.

[19] 1918-ci ilin martı Azərbaycanda türk-müsəlman soyqırımı, Azadlıq, 31.03.1998; 31 Mart soyqırımından 85 il keçir, Azadlıq, 29-31 mart, 2003.

[20]Xocalı: faciənin görünən və görünməyən günahkarları, Azadlıq, 17-26. 02. 1994;  Xocalı: Qan verən yara  və günaha batdığımız 3 il, Azadlıq, 25.02.1995; Xocalı: Qana bulanmış siyasi oyunlar və günahsızlıq yarışı, Azadlıq, 26.02.1997.

[21]Xocalı faciəsi, Azadlıq, 27.02.2002; Xocalıdan kecən on il, Azadlıq, 27.02.2002; Xocalıdan 11 il keçir, Azadlıq, 26.02.2003.

[22]Xocalı faciəsi: Kimdir günahkar? Azadlıq, 28.02.2002.

[23] Xocalı faciəsini necə xatırlayırıq? Azadlıq,  27.02.2002.

[24]Xocalı soyqırımı bəşəriyyət tarixində ağır bir cinayət kimi qalacaqdır. Azərbaycan, 27.02.1995; Xocalı soyqırımının qurbanlarının xatirəsi qəlbimizdə əbədi yaşayacqdır. Azərbaycan,28.02.1995.

[25]Xocalının qəhrəmanlıq salnaməsi, Azərbaycan, 25.02.1999; Xocalı: Azərbaycanlılara qarşı genosid siyasətinin tərkib hissəsi, Azərbaycan, 22.02.2002.

[26] Rəsmi məlumatlara görə Bağırov Xocalıda girov götürülmüşlərin qaytarılmasında mühüm rol oynayıb.

[27] Qanlı dərs: Xocalı faciəsindən 4 il keçir, Azərbaycan, 24.02.1996; Şahidlərin gözü ilə, Azərbaycan, 26.02.1997.

[28] Göy üzünə yazılmış ağrı, Azərbaycan, 26.02.1998.

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.