Cəmiyyət

Cəmiyyət

Ermənistan və ermənilər Azərbaycanın tarix dərsliklərində (II hissə)

Read this article on other language
Download article
image_pdf
image_pdf

1991-ci ildə SSRİ dağıldıqdan sonra müstəqillik əldə etmiş respublikaların hamısında milli tarixin yeni təqdimatı üzərində iş başladı. Azərbaycanda milli tarixə yeni baxış milli dövlətçilik ənənələrinin qədimləşdirilməsi, etnik mənşəyin türkləşdirilməsi konsepsiyası üzərində qurulurdu. Tarixə milli konsepsiyanın gətirilməsi və milli tarix dərslikləri üzərində iş 1992-ci ildən başlansa da, 1990-cı illərin ortalarında yalnız Azərbaycan tarixi dərsliklərini dəyişmək mümkün olmuşdu, dünya tarixinə həsr olunmuş sovet dərsliklərinin bir hissəsi dövriyyədə qalmışdı. Yeni dərsliklərdə müəyyən məsələlərin şərhi artıq müstəqil Azərbaycanın ən aktual probleminə çevrilmiş Ermənistan-Azərbaycan münaqişəsi prizmasından aparılırdı. Sovet dövründə olduğu kimi, müstəqilliyin ilk illərində də dərsliklərin yazılmasına professional tarixçilər cəlb olunmuşdu, tarixçilər müvafiq olaraq ixtisaslaşdıqları dövrləri şərh edirdilər.

Mən bu yazıda 1990-cı illərdə dövriyyədə olmuş dərsliklərdə Ermənistan və ermənilərin imicinə toxunacaq və dərsliklərdə təqdim olunan narrativlərin elmi araşdırmalara nə dərəcədə yaxın olduqlarını müəyyənləşdirməyə çalışacağam. Bu təhlil oxuculara həm 20-ci əsrin sonu və 21-ci əsrin əvvəllərində yazılmış dərslikləri müqayisə etmək, həm də hər iki dövrdə tarixi narrativlərin elmi tədqiqatların nəticələrinə nə dərəcədə yaxın olduğunu müəyyənləşdirmək imkanı verəcək.

Ermənistan və ermənilər 1990-cı illər Azərbaycan tarixi kurikulumunda

1994-cü ildə dərc edilmiş və 6-cı sinif şagirdləri üçün nəzərdə tutulan Azərbaycan tarixi dərsliyində qədim “Azərbaycan dövləti” kimi təqdim olunan Mannanın Ön Asiyanın iki böyük dövləti olan Assuriya və Urartu arasında mübahisə predmetinə çevrildiyi yazılır. Urartu indiki Türkiyənin şərqində Van gölü ətrafında yaradılmış dövlət kimi təqdim olunur. B.e.ə. 8-ci əsrdə Urartu Assuriyanın zəifləməsindən istifadə edərək Manna ərazisinin bir hissəsini işğal edir, lakin sonradan Assuriya yenidən güclənir və Mannanı Urartunun təsiri altından çıxarmağı bacarır. 21-ci əsr dərsliklərindən fərqli olaraq, 20-ci əsrin sonlarında yazılan dərslik Mannanı müstəqil və qüdrətli dövlət kimi təqdim etmir, əksinə onun Assuriyanın təsiri altına düşdüyünü, eyni zamanda Urartu dövlətinin harada yerləşdiyini də qeyd edir.1

1990-cı illərdə yazılan dərslikdə “qədim Azərbaycan dövləti Albaniya”nın ərazisi və sərhədləri də fərqli təsvir olunur. Albaniya şimaldan Qafqaz dağları, cənubdan Atropatena, cənub-qərbdən Ermənistan ilə həmsərhəd dövlət idi. Qeyd edim ki, qədim və orta əsrlər dövrü şərh edilərkən, dərslik bəzən Ərməniyə, çox zaman isə müasir Ermənistan terminindən istifadə edir. Lakin Ərməniyə ilə müasir Ermənistanın sərhədləri üst-üstə düşmür. Bu səbəbdən mən elmi ədəbiyyata istinad edərkən, Ərməniyə terminini işlədəcəyəm, dərslikdən istinadlar isə olduğu kimi dırnaqda veriləcək. Dərslik qeyd edir ki, Albaniyanın yaxın qonşuları İberiya, Ermənistan və Atropatena idi. Alban dövlətinin ərazisinə “indiki Azərbaycan Respublikasının çox hissəsi, Dağıstanın cənub rayonları, Gürcüstanın Alazan (Qanıx) vadisi” daxil idi. Beləliklə, 1990-cı illərdə yazılan dərslikdə Albaniya dövləti qonşulardan təcrid olunmayıb. Müasir dövlətlərdən isə Albaniyanın ərazisinə Gürcüstan və Dağıstanın bir hissəsi daxil edilir, Albaniya müasir Ermənistan torpaqlarını əhatə etmirdi.

7-ci sinif Azərbaycan tarixi dərsliyi qədim dövrlərdə Albaniya və Atropatenanın siyasi vəziyyətinin şərhi ilə başlayır. Bu dövrdə, bütün Cənubi Qafqaz torpaqları kimi, Albaniya və Atropatena da Parfiya dövlətinin tərkibində idi.2 “İberiya və Ermənistanda” olduğu kimi, Albaniyanı da Arşaki sülaləsi idarə edirdi. Bu isə hələ qədim dövrlərdən Albaniyanın qonşu dövlətlərlə eyni tarixi bölüşdüyünə, eyni təcrübəni yaşadığına, yəni ortaq tarixin mövcudluğuna işarədir. Eyni tendensiya Sasani dövrünə də aiddir. Albaniya, “Ermənistan və İberiya” kimi, Sasani imperiyasının tərkibində eyni qaydalarla idarə olunan ərazi idi.

Dərslik yazır ki, Sasanilərin hakimiyyətə gəlməsindən sonra Cənubi Qafqaz ondan asılı vəziyyətə düşdü. Bu isə hər üç dövlətdə, İberiya, Albaniya və “Ermənistanda” siyasi qüvvələr və yerli hakimlər arasında parçalanmaya səbəb oldu. Bir qrup əyanlar Sasaniləri və zərdüştlüyü, digər qrup isə Romanı və xristianlığı dəstəkləyirdi. Həmin dövrdə Paytakaranın başçısı Sanatruk (Sanasen və ya Sanaturk) Albaniyanın müstəqilliyini qorumağa çalışır, onun Ermənistanın və xristianlığın təsiri altına düşməsinin qarşısını almaq üçün mübarizə aparırdı. Bu mübarizədə, o, Sasanilərdən dəstək alırdı.3 Dərslik Paytakaranın, Marlar ölkəsinin Ararat vadisi ilə birgə Atropatenaya məxsus olduğunu yazır.4

Beləliklə, dərslik b.e.-nın 4-cü əsrində Albaniyanın “Ermənistan” və Sasanilərlə münasibətinə toxunur, müstəqil Paytakaran vilayətinin siyasətini şərh edir. Mütəxəssislər Paytakaran şəhərini müasir Azərbaycanın Beyləqan şəhərinin şimal-qərbindən 15 km aralıqda yerləşən Örənqala və ya, ondan 7-8- km. cənub-şərqdə yerləşən Təzəkənd ilə lokalizə edirlər. Qədim zamanlarda Paytakaran vilayəti Midiya Atropatenasının tərkibində olub, Selevki strategi, sonralar Ərməniyənin padşahı olmuş I Artaşesin dövründə, vilayət Ərməniyənin tərkibinə qatılıb, 387-ci ildə Ərməniyənin Roma ilə Sasani arasında bölüşdürülməsindən sonra isə, Albaniyanın tərkibinə keçib. Tədqiqatçılar uzun zaman Ərməniyənin tərkibində olmasına baxmayaraq, vilayətin əhalisinin erməni olduğunu düşünmürlər.

Dərslik yazır ki, 337-ci ildə Sanatruk albanlardan ibarət 30 minlik ordu toplayaraq Ermənistana qarşı müharibəyə başlayır, paytaxt Valarşapatı tutur və bir il həmin ölkəni əlində saxlaya bilir.5 Erməni hökmdarı Xosrov müqavimət göstərmir və qaçır. Dərslik yazır ki, Sanatruk həmçinin Albaniyanın “türk etnoslarını xristianlığın təsiri altına düşməkdən qoruyurdu.” Dərslikdə qeyd olunur ki, “qaynaqlardan biri Sanatruku saysız-hesabsız hunların hökmdarı adlandırır.” Dərslik qaynağını açıqlamasa da, bu məlumatın Movses Xorenatsidən və ya 5-ci əsrin digər erməni mənbələrindən gəldiyini ehtmial edə bilərik. Bu, o deməkdir ki, Azərbaycanın qədim və erkən orta əsrlər dövrünü yazarkən müəlliflər yerli yazılı mənbələr olmadığı üçün erməni mənbələrinə müraciət ediblər.

Tarixi mənbələrdə adı müxtəlif cür qeyd olunan Sanatruk Maskutun hökmdarı olub. Maskutu isə tədqiqatçılar Massaget və ya Meshet ilə eyniləşdirirlər. Orta əsr müəllifləri Maskutu müasir Azərbaycanın cənub-şərqində və Dağıstanın Xəzər dənizi sahilinin cənubunda yerləşdirirlər. Mənbələr eyni zamanda Sanatrukun ordusunun çoxmillətli olduğunu və xristianlığa qarşı mübarizə apardığını yazırlar. Ordunun əsasını hunlar və alanlar təşkil edirdi. Bu orduda itaət altına alınmış xalqlar da döyüşürdü.

Dərsliyin məlumatına görə, 338-ci ildə yunan (yəni Roma imperiyası, Bizans) və iber qoşunlarının köməyi ilə erməni sərkərdəsi Vaçe Mamikonyan (dərslikdə Mamikonyanların mənşəyi ilə bağlı qeyddən məlum olur ki, Mamikonyanlar Orta Asiyadan gəlmiş türk mənşəli nəsildir) Sanatrukun qüvvələrini Paytakarana qədər sıxışdıra bilir. Həmin il Ermənistan hökmdarı Tiran (338-345) II Şapur ilə müttəfiqlik sazişi imzalayır. Bu saziş Albaniyada məskunlaşmış hunlara qarşı idi. Dərslik yazır ki, “qaynaqların məlumatına görə, şimal xalqları 4 il müddətinə Albaniyada məskən saldılar” və bu dövr ərzində “Ermənistanı” sıxışdırdılar. Beləliklə, dərslik qeyd edir ki, Albaniya uzun müddət şimal xalqlarının (yəni hunların) təsiri altında olub və hunlar Albaniya ərazisindən “Ermənistana” aramsız hücumlar təşkil edib, hətta bir il müddətinə “Ermənistana” nəzarət edə bilib. Bu hücumların qarşısını almaq və hunları “Ermənistandan çıxarmaq üçün” Sasanilər yerli hökmdarların hərbi dəstələrindən istifadə edirdilər. Hunlarla mübarizədə Ərməniyə Sasani hökmdarı ilə ittifaqa girməyə məcbur olur. Halbuki Ərməniyə Sasani hökmranlığından yaxa qurtamaq üçün Roma imperiyasının himayədarlığından bəhrələnirdi. Roma ilə Ərməniyəni yaxınlaşdıran həm də Xristian dini idi. Roma ilə Sasani arasında müharibələr bir növ xristianlıqla zərdüştlüyün mübarizəsi fonunda gedirdi.

Sanatrukla Vaçe Mamikonyanı qarşı-qarşıya qoyan dərslik birincinin etnik kimliyinə toxunmasa da, ikincinin türk mənşəli olduğunu yazır. Mamikonyan nəslinin mənşəyi mübahisəlidir. Orta əsr erməni mənbələrindən Movses Xorenatsi, Favstos Buzandi Mamikonyanların çin (mənbədə Chenk) Mamqon nəslindən olduğunu yazır. Çox güman ki, Azərbaycan tarixçiləri erməni mənbələrindəki məlumatlara əsasən, Mamikonyanlar nəslini Çindən olan uyğur/türklərlə bağlayırlar. Lakin müasir tədqiqatçıların bir qismi erməni mənbələrində Chenk kimi qeyd olunan termini Çin ilə deyil, Qafqazın cənubunda Kartvel mənşəli Tzen və ya Lazla əlaqələndirirlər.6 Digər qrup tədqiqatçılar isə, Mamikonyanları Sır-Dərya ətrafında yaşayan tayfalardan birinin nümayəndəsi sayır.7

4-cü əsrdə Sasanilərlə Roma arasında bir neçə mühüm döyüş baş verdi. Dərslik bu döyüşlərin ikisi üzərində xüsusilə dayanır. Bunlardan birincisi 359-cu ildə baş vermiş Amid döyüşüdür. Bu döyüşdə Albaniya Sasanilərin, ermənilər isə Romanın tərəfində vuruşurdu. Döyüş Sasanilərin qələbəsi ilə başa çatır. Qələbə nəticəsində sasanilər əvvəlki döyüşlərdə itirdikləri torpaqları geri qaytarırlar. Dərslik bu torpaqların içərisində Arsaxın və marların ölkəsini qeyd edir. Dərslik Arsaxın Yuxarı Qarabağ olduğunu, marların ölkəsinin isə müasir Naxçıvan olduğunu yazır.8

İkinci döyüş 371-ci ildə Dzirav çölündə baş verir. Bu döyüşdə də ermənilər Romanın, albanlar isə Sasanilər tərəfində vuruşur. Lakin bu dəfə döyüş Sasanilərin məğlubiyyəti ilə başa çatır. Albaniya məğlub tərəfdə olduğundan bir çox vilayətini, Uti, Sakasena, Koltu (Albaniyanın qərb sərhədində vilayət) və Girdiman vadisini itirir.9 Dərslik yazır ki, bu torpaqları yalnız 387-ci ildə Sasanilərlə Roma arasında bağlanan və “Ermənistanın bölüşdürülməsi” ilə nəticələnən müqavilədən sonra geri qaytarmaq mümkün olmuşdu. Erkən orta əsrlərdə müharibələr nəticəsində ərazilərin tez-tez müxtəlif siyasi hakimiyyətin altına düşməsini dərsliyin müəllifləri “Ermənistanın ərazi iddiaları” ilə bağlayırlar və yazırlar ki, “Ermənistanın qonşularına ərazi iddiaları” əvvəl 5-ci əsr müəllifi Favst Buzand10, sonra isə 7-c əsr Erməni coğrafiyası kitabının müəllifi Anani Şirakatsi tərəfindən səsləndirilib.11 Halbuki dərslik həmin dövrdə Ərməniyənin iki güclü imperiya, Sasanilərlə Roma arasında manevr etməyə məcbur olduğunu, qismi müstəqilliyini qorumaq üçün Roma imperiyası ilə yaxınlaşdığını və döyüşlərin Ərməniyənin istəyi ilə deyil, iki imperiyanın daha çox ərazi işğal etmək niyyəti ilə baş verdiyini qeyd edir.

Albaniyanın Sasanilər tərəfində döyüşməsi və onun siyasi müttəfiqi olmasını dərslik iki faktorla izah edir. Birincisi, Albanların Sasani hökmdarları ilə qohum olması, ikincisi, alban əyanlarının əksəriyyətinin xristianlığı deyil, zərdüştlüyü dəstəkləməsi. Alban əyanlarının bir qisminin zərdüştlüyü dəstəkləməsi isə artan erməni təsirinin qarşısının alınması cəhdi kimi izah olunur. Dərslik yazır ki, 440-463-cü illərdə Albaniya hökmdarı olmuş Vaçe, II Yəzdigərdin bacısı oğlu idi və Sasanilərin tərəfində idi. “Syüni hökmdarı”12 Vasak da Albaniya hökmdarı kimi Sasanilərin zərdüştlük dininin tərəfdarı idi.13 Bu məlumat göstərir ki, erməni əyanlar içərisində də zərdüştlüyə sadiq olanlar var idi və onlar xristianlığı dəstəkləyən əyanlarla düşmən idilər, yəni erməni əyanları arasında dini zəmində baş verən və siyasi rəqabətə çevrilən qarşıdurma var idi.

Zərdüştlüklə xristianlığın qarşıdurması 4-5-ci əsrlərdə bir çox üsyan və qiyamlara, ara müharibələrinə səbəb olmuşdu. Ərməniyə bölüşdürüldükdən sonra, Sasanilərin hakimiyyəti altında olan ərazilərdə xristianların ciddi təqibi başlayır. Dərslikdə dini zəmində diskriminasiyaya qarşı mübarizəyə nümunə kimi Vardan Mamikonyanın başçılığı altında baş vermiş qiyam göstərilir. Dərslik yazır ki, Albaniyanın xristianpərəst əyanları Mamikonyanın ətrafında birləşərək Sasanilərə qarşı vuruşur. 451-ci ildə Avarayr düzündə Sasanilərlə qiyamçılar arasında həlledici döyüş baş verir. Mamikonyan və tərəfdarları məğlub olur, ermənilərlə birgə mübarizə aparan alban əyanları dağlara qaçmağa məcbur olurlar. Beləliklə, dərslik ermənilərlə albanların birgə mübarizəsi, müttəfiqliyi haqqında məlumat verir. Lakin eyni zamanda əlavə edir ki, ermənilər xristianlıqdan albanları öz təsiri altına salmaq üçün istifadə edirdilər. Albanların Sasanilərə meyilli olması, xristianlığa qarşı çıxması isə erməni təsirinə qarşı müqabilvimət kimi təqdim edilir.14

Dərslik Albaniyanın bir əsrdən çox Türk xaqanlığının təsiri altında olması haqqında məlumat verir və yazır ki, 7-ci əsrin əvvəllərində, Göycə gölü15 ətrafındakı vilayətlərdə məskunlaşmış türk etnosları arasında daxili ixtilaflar başlayır. 630-cu ildə Göytürk xaqanlığının hökmdarı Cəbu xaqanın dəstələri ilə Sasanilərin türklərdən təşkil olunmuş hərbi qüvvələri arasında döyüş baş verir. Bu döyüşdə Cəbu xaqan qalib gəlir, “Göycə gölü və ətraf vilayətlər” Cəbu xaqanın hakimiyyəti altına keçir. 16

Ərəb xilafətinin zəifləməsindən sonra Arran (Albaniyanın ərəb mənbələrində adı) və Şirvanda baş verən hadisələrdən bəhs edilərkən Şəddadilərin siyasi fəaliyyətinə toxunulur. Dərslik yazır ki, Şəddadilər əvvəl Dəbil (Dvin) ətrafında yaşayırdılar, Salarilər dövləti zəiflədikdə bundan istifadə edib, 971-ci ildə Gəncəni tutdular, çox keçmədi, “Azərbaycan torpaqlarında” möhkəmləndilər, “Ermənistanın şərq hissəsini” ələ keçirdilər.17 Erməni hökmdarı Şəddadi hökmdarına bac verməyə məcbur oldu. 11-ci əsrdə Səlcuqların Qafqazı işğalı başlayır və bölgədə yeni hərbi ittifaqlar yaranır. Ermənilər Ani və Dvini səlcuqlardan geri almaq üçün Bizansla18 ittifaqa girir, Səlcuqlar isə Şəddadilərlə birləşirlər. 1048-ci ildə baş verən döyüşdə Səlcuqlar qalib gəlir.19 Səlcuqlarla Bizans-erməni-gürcü birləşmiş qüvvələri arasında döyüşlər dərsliyin Kitabi-Dədə Qorqud dastanına həsr olunmuş hissəsində də şərh edilir. Dərslik yazır ki, “ 6-cı əsrdə Göycə gölü ətrafında yaşayan oğuzlar”, “Azərbaycanın cənubunda” yaşayan Ağqoyunlular və Qaraqoyunlular ermənilər, gürcülər və Bizans feodallarının siyasi rəqibləri idi və bu rəqabət türklərin qələbəsi ilə başa çatmışdı.20

8-ci sinif Azərbaycan tarixi dərsliyi Arranda xırda dövlətlərin tarixi ilə başlayır. Bu dövlətlərin ən güclüsü Şirvanşahlar idi. Dərslik Şirvanşahlar tarixində müsəlman-Bizans-erməni-gürcü münasibətlərinin əhəmiyyətinə toxunur və yazır ki, erməni, gürcü hakimləri və Bizans imperiyası Qafqazdan türk-müsəlman elementini təmizləməyə çalışırdı.21 Beləliklə, dərsliyin müəllifləri orta əsrlərdə daha çox torpaq, var-dövlət və nüfuz əldə etmək uğrunda aparılan hərbi müharibələrə etnik və dini don geyindirir.

Eldənizlər dövlətinin sərhədlərini şərh edərkən dərslik “Dəbil (Dvin) şəhəri daxil olmaqla, Ermənistan torpaqları”nın Eldənizlər dövlətinin tərkibinə daxil edildiyini vurğulayır və Dvinin Ermənistan ərazisi olduğunu təsdiqləyir.22 Klassik feodalizm dövrü Azərbaycan şəhərlərindən bəhs edilərkən İrəvan şəhərinin adına rast gəlinmir. Elxanilər dövlətindən bəhs edilərkən dərslik yazır ki, Elxanilər dövlətində mövcud olmuş Azərbaycan vilayətinin sərhədləri “Xəzər dənizi-Gilan vilayəti, Zəncan, Savucbulaq, Uşniyyə şəhərinin və Ruyundız qalasının cənubundan Urmiya, Salmas, Xoy, Maku şəhərlərinin və Naxçıvan vilayətinin qərbindən, Dvin şəhərindən – Göycə gölündən – Debed23 çayından – Şəki vilayətinin qərbindən və şimalından – Dərbənd şəhərinin şimalından keçir”.24 Bu, Azərbaycan dövlətinin sərhədləri deyildi, Elxanilər tərkibində olan Azərbaycan vilayətinin sərhədləri idi və bu sərhədlər Elxanilər dövlətinin inzibati-idarə bölgüsünə əsasən yaradılmışdı.

Dərslik Qaraqoyunlu dövlətinin sərhədlərini təsvir edərkən onun ən qüdrətli dövrünü nəzərə almış və bu sərhədləri bu cür təsvir etmişdi: “Kürdən cənubdakı Azərbaycan torpaqları, Ərməniyyə, Kürdüstan, Gürcüstanın bir hissəsi, Qərbi İran, İraq.”25 Beləliklə, dərslik bir daha Azərbaycan, Ərməniyə və Gürcüstan torpaqlarının eyni dövlətin tərkibində olması, eyni tarixi təcrübəni bölüşməsi haqqında məlumat vermiş olur. Dərslik eyni zamanda müxtəlif türk-müsəlman dövlətləri arasında gedən siyasi rəqabət və aramsız müharibələrdən də bəhs edir. Bu zaman həmin dövlətlərin hakimiyyəti altında yaşayan qeyri-türk və qeyri-müsəlman xalqların taleyinə toxunulmasa da, onların vəziyyətinin ağır olduğunu, tez-tez baş verən hakimiyyət dəyişikliyindən əziyyət çəkdiklərini təxmin etmək olar. Məsələn, dərslik yazır ki, Qaraqoyunlu Cahanşah Uzun Həsənlə düşmən münasibətdə idi və tez-tez onların arasında hərbi toqquşmalar olurdu, bu toqquşmalar nəticəsində Cahanşah 15-ci əsrin 50-ci illərində Kürdüstanın çox hissəsini və Ərməniyəni itirdi.26 Uzun Həsən Ərməniyəni və Gürcüstanın Qaraqoyunlulara tabe olan şərq hissəsini işğal etdikdən sonra, 1468-ci ildə Azərbaycanın cənubunu və Qarabağı da tutdu.27 Dərslik Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin sabit siyasi sərhədlərinin olmadığını danmır və qeyd edir ki, ən qüdrətli çağlarında Ağqoyunlu dövləti Kürdən cənubda olan “Azərbaycan vilayətlərini, Ərməniyə28, Diyarbəkir, Şərqi Gürcüstan, Əcəm İraqı, Gilan, Mazandaran və Xorasandan başqa İran vilayətlərini əhatə edirdi.”29

Dərslik türk-müsəlman dövlətləri arasında aramsız müharibələrin Səfəvilər dövründə də davam etdiyini yazır və əlavə edir ki, Şah Abbasın hakimiyyətə gəlməsindən sonra islahatlara başlaması bu müharibələrin tələbi idi. Dərslik Şah Abbasın ordu islahatları nəticəsində qulam dərəcəsi yaratması, qulamlardan xüsusi qvardiyaların təşkil olunması haqqında məlumat verir və bu qvardiyalardakı döyüşçülərin əsasən erməni, gürcü və çərkəz mənşəli olduğunu vurğulayır. Onların sayı 15 min nəfərə çatırdı.30 8-ci sinif Azərbaycan tarixi dərsliyi 1590-cı il Səfəvi-Osmanlı sülh müqaviləsi ilə başa çatır.

9-cu sinif Azərbaycan tarixi 1639-cu il Qəsri-Şirin müqaviləsi ilə başlayır. 17-ci əsrin əvvəllərində Səfəvilərlə Osmanlılar arasında baş vermiş müharibələr, bu müharibələr nəticəsində Naxçıvan, Ordubad ərazilərinin dağıdılması, Culfa əhalisinin İranın mərkəzinə, İsfahan ətrafına köçürülməsi haqqında məlumatlar dərsliyə daxil edilməyib. Lakin dərsliyin 25-ci səhifəsində “bir zamanlar çiçəklənən şəhər olan Culfa”31 haqqında məlumat verilir və qeyd olunur ki, 17-ci əsr müharibələrində bu şəhər faciə yaşamış, bir zamanlar böyük şəhər olan Culfada 17-ci əsrin 70-ci illərində cəmi 30 ev qalmışdı. Bununla da, dərslik 21-ci əsrdə yaradılmış dərsliklərdə Şah Abbasın “uğurlu hərbi taktikası” kimi təqdim edilən “yandırılmış torpaq” taktikasının faciə olduğu bildirir. Bu taktika əhalinin zorla köçürülməsi ilə başa çatmış, köçürülmə zamanı həm insanlar, həm də onların təsərrüfatları ağır xəsarət almışdı.

17-ci əsrin 2-ci yarısında Azərbaycan şəhərlərindən bəhs edilərkən Təbriz, Şamaxı, Bakı, Ərdəbil, Dərbənd, Marağa, Əhər və Ordubadın adları çəkilir. İrəvan 17-ci əsrin 2-ci yarısı Azərbaycan şəhərləri sırasında yoxdur.32 Nadirin “Azərbaycan torpaqlarını azad etməsi”ndən və hakimiyyətə gəlməsindən bəhs edilən hissədə ona qarşı çıxmış tayfa başçılarının cəzalandırıldığı, nəticədə Qarabağın 5 məlikliyinin (Vərəndə, Çiləbörd, Gülüstan, Dizaq, Xaçın) Gəncə bəylərbəyliyinə tabe edildiyi bildirilir.33

Xanlıqlar dövrü və xanlıqların daxili və xarici siyasəti şərh edilərkən dərslik bildirir ki, Qarabağ xanlığının əhalisini 7 türk tayfası təşkil edirdi, xanlıqda mövcud olan məlikliklər separatçı qüvvələr idi. Onlar İrəvan xanlığının cüzi erməni əhalisi ilə birləşib Cənubi Qafqazda xristian dövləti yaratmaq planlarını gerçəkləşdirməyə çalışırdılar.34 Bununla bağlı onlar dəfələrlə II Yekaterinaya müraciət etmişdilər. Beləliklə, dərslik həm Qarabağ məlikliklərinin, həm də İrəvan əhalisinin bir qisminin erməni olduğunu bildirir. Qarabağ xanlığı ərazisində mövcud olmuş məlikliklər haqqında məlumatlardan öyrənirik ki, məlikliklərin əhalisi bura başqa yerlərdən gəlmişdilər və yerləşdikləri mahalların adları ilə adlanırdılar. Bu hissədəki şərhlər bütövlüklə 21-ci əsr dərsliklərinə köçürülüb. Dərslik əvvəl bu məlikliklərin əhalisinin Qarabağda sığınacaq tapdığını yazır, lakin sonra məlum olur ki, bu yerdəyişmələr Nadir şahın göstərişi ilə reallaşıb. Məlikliklərlə bağlı digər maraqlı məqam dərsliyin onları dövlət yarada bilməməkdə günahlandırmasıdır. Dərslik yazır ki, “müxtəlif yerlərdən köçüb Qarabağ ərazisinə gəlmiş “albanlar” “heç bir dövlət birləşməsi yarada bilməmişdilər”, “18-ci əsrdən o tərəfə onların tarixi yoxdur.”35 Dərslik belə bir nəticəyə gəlir ki, məlikliklər mərkəzləşdirmə işinə mane olduqları üçün onlara qarşı mübarizə Qarabağ xanlığının müstəqilliyi uğrunda mübarizə deməkdir. 9-cu sinif Azərbaycan tarixi dərsliyi “Azərbaycanın Rusiya və İran” arasında bölüşdürülməsini başa çatdıran Türkmənçay müqaviləsinin şərhi ilə bitir. Dərslik yazır ki, Türkmənçay müqaviləsinin 15-ci maddəsi Azərbaycan vilayəti əhalisinin sərbəst hərəkətinə, yəni Rusiya təbəəliyinə keçməsinə icazə verirdi.

10-cu sinif Azərbaycan tarixi dərsliyi “Ermənilərin kütləvi şəkildə Şimali Azərbaycana köçürülməsi” adlı paraqrafla başlayır. Dərslik rusiyalı dövlət məmuru və jurnalist Nikolay Şavrovdan sitat gətirməklə ermənilərin “kütləvi” köçürülməsinin miqyasını belə izah edir: “hazırda [20-ci əsrin əvvəli nəzərdə tutulur] Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyonu yerli deyil və bizim tərəfimizdən bölgəyə köçürülüb.”36 Bununla da, dərslik həm Osmanlı imperiyasında, həm də İranda böyük erməni icmasının yaşadığını etiraf edir, halbuki 19-cu əsrin əvvəllərinə qədər tarixi hadisələr şərh edilərkən ermənilərin bu bölgələrdə yaşaması haqqında məlumat verilmir. Bu məlumatlardan həmçinin məlum olur ki, İrandan köçürülən ermənilər məhz İranın Azərbaycan adlanan vilayətindən gələnlərdir. Xatırladım ki, 9-cu sinif dərsliyində Qarabağ məliklərindən bəhs edilərkən onların əhalisinin xristian alban olduğu, bir qisminin Makudan gəldiyi bildirilmişdi. Halbuki 10-cu sinif dərsliyində köçürülənlər arasında xristian albanların adı qeyd olunmur. Bu da İranın Azərbaycan vilayətində xristian albanların deyil, məhz ermənilərin yaşadığını söyləməyə əsas verir.

Rusiya imperiyasının statistika sənədləri müasir Azərbaycan ərazisinə köçürülən ermənilərin sayını təxmin etməyə imkan verir. 1845-ci il Qafqaz təqviminin məlumatlarına görə, Cənubi Qafqazda Dərbənd hərbi dairəsi də daxil olmaqla, 1.373 min əhali yaşayırdı. Onun 650 minini tatar-türklər (mənbənin dili saxlanılıb), 490 minini gürcülər və imeretiyalılar, 200 minini isə ermənilər təşkil edirdi.37 Əgər Azərbaycan tarixşünaslığının Türkmənçay müqaviləsindən əvvəl Azərbaycanda hər hansı erməni əhalisinin olmaması iddiasına və Nikolay Şavrovun rəqəmlərinə inansaq, deyə bilərik ki, köçürülən ermənilər bölgə əhalisinin 14,5% -i təşkil edib.

20-ci əsrin əvvəllərində Bakı və Yerevan quberniyalarında etnik zəmində baş vermiş qırğınların səbəbini dərslik çarizmin düşünülmüş siyasəti kimi təqdim edir. Dərslik yazır ki, “Azərbaycanda milli qırğın siyasəti” dövlət səviyyəsində təşkil edilmişdir. Bunun səbəbi isə rus canişinin azərbaycanlıları sevməməsi, ermənilərin rusları dəstəkləməsi idi. Osmanlı ilə müharibədə də ermənilər rusların tərəfində idi. Bu səbəblərdən canişin azərbaycanlılara atəş açmağı əmr etmişdi.38 Əlbəttə ki, bu izah Rusiya imperatorlarının 19-cu əsrin ortalarından başlayaraq anti-erməni siyasəti, erməni kilsəsinə, mədəni-xeyriyyə cəmiyyətlərinə qarşı diskriminativ mövqeyi ilə ziddiyyət təşkil edir. Birinci dünya müharibəsi fonunda baş vermiş hadisələr təhlil edilərkən dərslik Osmanlı imperiyasında milli azlıqlara, xüsusilə də ermənilərlə bağlı siyasətinə heç bir aydınlıq gətirmir, lakin qeyd edir ki, “Türkiyədə yaşayan ermənilər” “Böyük Ermənistan” yaratmaq və Cənubi Qafqazın bir hissəsini də ora qatmaq niyyətində idilər.39

11-ci sinif Azərbaycan tarixi dərsliyi 20-ci əsrin siyasi proseslərinin təhlilinə həsr edilib. Dərslik 1918-ci il müsəlman soyqırımını Müsavatla bolşevik-daşnak ittifaqının qarşıdurması adlandırır və bu faciənin səbəbini siyasi mübarizədə görür. Dərslik yazır ki, müsavatçıların muxtariyyət tələb etməsi və onun nüfuzunun müsəlman əhalisi arasında artması bolşevikləri bərk narahat edirdi. Mart soyqırımı da müsavatçıların sosial bazasının məhvinə hədəflənmişdi.40 Dərslik yazır ki, qırğınlar başlayana qədər daşnaklar və erməni milli şurası Müsavat-Bakı Soveti qarşıdurmasında neytrallıqlarını bəyan etmişdilər, lakin sonra bolşeviklərin tərəfinə keçdilər. Bu toqquşma müsəlmanların, xüsusilə də qadınların amansızlıqla öldürülməsi, mülklərinin talan edilməsi, zinət əşyalarını isə qarət edilməsi ilə nəticələndi. Dərslik 3 gün davam edən qırğında 12 mindən çox müsəlmanın məhv edildiyini bildirir.41 Bu qırğınları törətməkdə ermənilərin əsas məqsədinin Bakı quberniyasında qələbə qazandıqdan sonra “bütün Azərbaycanı işğal etmək” olduğu bildirilir, lakin AXC-nin yaradılması bu planları pozur. Dərslik “bütün Azərbaycan” dedikdə hansı əraziləri nəzərdə tutduğunu yazmır, çünki həmin dövrdə Azərbaycan adlı bir dövlət olmayıb və dövlət olmadığından onun məlum sərhədləri də yox idi. Dərslik müəllifləri özləri də yazırlar ki, mart hadisələri AXC elan olunmamışdan əvvəl baş verib, yəni ermənilərin hansı əraziləri işğal etməyi planlaşdırdıqları qeyri-müəyyən qalır. Dərslik eyni zamanda diqqəti Bakı Kommunası ordusunun böyük hissəsinin ermənilərdən ibarət olmasına çəkir: 18 min əsgərin 13 mini, zabitlərin isə hamısı erməni idi.42 Lakin dərslik Bakı Kommunası hərbi hissələrində azərbaycanlı bolşeviklərin də döyüşdüyünü yazmır.

Azərbaycan milli ordusunun ilk hərbi əməliyyatlarından bəhs edən dərslik “Zəngəzura soxulmuş erməni quldur dəstələrinin müqavimətinin” qırılmasını və “Əsgəran döyüşü”nü misal gətirir. AXC hökumətinin süqutunu isə Ermənistan daşnak hökumətinin bolşevik Rusiyası ilə birgə hərəkəti ilə izah edir. Dərslik yazır ki, Sovet Rusiyasının Azərbaycana hücumu ərəfəsində Moskvaya getmiş Ermənistan nümayəndələri Azərbaycan hökumətini devirmək üçün bolşeviklərə öz yardımlarını təklif edirlər. 1920-ci ilin martında Qarabağın dağlıq hissəsində ermənilər Azərbaycan hökumətinə qarşı qiyam qaldırırlar, Qazax və Naxçıvan isə Ermənistan hökuməti qoşunlarının hücumuna məruz qalır. Bu təcavüzdə əsas məqsəd isə nizami ordu hissələrini Bakıdan çıxarmaq, onu müdafiəsiz qoymaq idi. Nəticədə “daşnak quldur dəstələrinin Xankəndi qarnizonuna hücumu ilə başlayan qiyamı yatırtmaq üçün Azərbaycan hökuməti qoşunları Bakıdan və Dağıstanla sərhəddən çəkib Qarabağa” göndərməli oldu və beləliklə də, şimal sərhədləri müdafiəsiz qaldı. Dərslik yazır ki, AXC hökuməti bütün qonşularla dinc dostluq münasibətləri qurmağa çalışsa da, bolşevik Rusiya və daşnak Ermənistanla bu mümkün olmadı. Azərbaycanın sovetləşməsinə qarşı mübarizədə də ermənilər bolşeviklərə dəstək vermiş, Gəncə üsyanı zamanı azərbaycanlılar şəhərin müsəlman hissəsini bolşeviklərdən təmizləməyi bacarsalar da, ermənilər yaşayan hissədə bunu etmək mümkün olmamışdı. Bunun əsas səbəbi isə ermənilərin “11-ci Qızıl Ordu” tərəfindən azərbaycanlılara qarşı vuruşması olmuşdu. Dərslik yazır ki, Azərbaycan sovetləşəndən sonra da ermənilərin Azərbaycan torpaqlarına hücumları davam etmişdi.43

Dərslikdə erməni daşnak hökumətinin (Ermənistan Respublikası) bolşevikləri dəstəkləməsi fikri dəfələrlə təkrarlansa da, bu, mənbələr tərəfindən təsdiqlənmir. Nə daşnak hökuməti, nə də erməni əhali bolşevikləri dəstəkləyirdi. Əksinə, Ermənistan Respublikasının ağ qvardiyaçılarla gizli sazişi mövcud idi və bu sazişə əsasən, Azərbaycan və Gürcüstana hücum zamanı Ermənistan bolşeviklərə deyil, Denikinin könüllü ordusuna yardım etməli idi.44 1920-ci ildə bolşeviklər Zəngəzuru işğal edərkən erməni əhali üsyan qaldırmış və bu üsyana azərbaycanlı əhalini də cəlb etməyə çalışmışdı. Bununla əlaqədar üsyançı ermənilər “müsəlman qardaşlarına” müraciət edərək, onları düşmənləri (bolşevikləri) ümumi vətəndən (Zəngəzurdan) qovmağa çağırırdı.45 Çox güman ki, dərslik müəllifləri ermənilərin bolşevikləri dəstəkləməsi fikrini Cənubi Qafqazda bolşeviklər içərisində ermənilərin sayının çox olması ilə əsaslandırırdılar.

Dərslik “Ermənistanın qonşu dövlətlərə ərazi iddiaları”nın faciə ilə nəticələndiyini vurğulayır və qeyd edir ki, bu iddialar erməni dövlətçiliyini məhv etdi. Türkiyə torpaqlarını işğal etmək istəyən Ermənistanın hərbi qüvvələri Kazım Qarabəkir paşanın rəhbərlik etdiyi ordu hissələri tərəfindən qısa müddətə darmadağın edildi, Ermənistan dövləti nəzarət etdiyi ərazilərin əksəriyyətini itirdi, 1920-ci ilin dekabrında imzalanan Aleksandropol müqaviləsinə görə, Ermənistanın ərazisi 10 min kv. km müəyyənləşdirildi.46

Sovet dövrü problemlərinə həsr olunan hissədə dərslik totalitar sistemin xüsusiyyətləri və kütləvi repressiyaları təhlil edərkən belə bir iddia irəli sürür: “cəza orqanlarının qeyri-millətdən olan nümayəndələrlə, əsasən də ermənilərlə dolu olması, məhkum edilmiş azərbaycanlılara qarşı xüsusi qəddarlıq xalqın faciəsini daha da gücləndirdi.”47 Mənbələr bu iddianı dəstəkləmir. Sovet Azərbaycanının ilk illərində və sonralar güc strukturlarında, xüsusilə də Azərbaycan Xalq Daxili İşlər Komissarlığında, məhkəmələrdə çalışanların əksəriyyətini azərbaycanlılar təşkil edib.48 21-ci əsr dərsliklərindən fərqli olaraq, 1990-cı illərin dərsliklərində İkinci Dünya müharibəsindən sonra Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası haqqında heç bir məlumat yoxdur. Amma dərslik iddia edir ki, “İ. Mustafayevin dövründə milli ruhun dirçəlişindən narahat olan Moskva diqqəti Qarabağ məsələsinə yönəldir, Dağlıq Qarabağın Ermənistana verilməsi tələbi səsləndirilir.”49 Bunun nəticəsi kimi 1955-ci ildə Yerevan Pedaqoji İnstitutunda Azərbaycan bölməsinin bağlanması, Azərbaycan Pedaqoji Texnikumunun Xanlar rayonuna köçürülməsi göstərilir. Dərslik yazır ki, “1965-ci ildə uydurma erməni genosidinin tanınması Ermənistanda dədə-baba yurdunda yaşayan azərbaycanlıların sıxışdırılmasına güclü təkan oldu, azərbaycanlılar rəhbər vəzifələrdən qovuldu.”50 Bununla dərslik yenidən erməni-azərbaycanlı qarşıdurmasının dövlət mənşəli və Moskvadan idarə olunan münaqişə olması fikrini təkrarlayır. Qeyd edim ki, Yerevan Pedaqoji İnstitutunda Azərbaycan bölməsinin bağlanması qəbul planının dolmaması ilə bağlı idi, azərbaycanlılar Azərbaycandakı institutlarda təhsil almağa üstünlük verirdilər. Etnik balansı qorumağa çalışan Sovet sistemində isə etnik mənsubiyyətə görə vəzifədən uzaqlaşdırılmaq asan deyildi. Yüksək vəzifə tutan şəxslər mərkəzdən təyinat aldıqları üçün onların yerli partiya orqanları tərəfindən işdən azad edilməsi isə mümkünsüz idi.

1980-ci illərin sonu-90-cı illərin əvvəllərində baş vermiş etnik zəmində toqquşmaları şərh edərkən dərslik Sumqayıtda baş verən hadisələrə toxunur. Sumqayıtda ermənilərə hücumların səbəbini dərslik “ermənilərin sensasiya yaradacaq dəhşətli bir faciə planlaşdırmaq” istəyi ilə izah edir. Bu məqsədi reallaşdırmaq üçün Sumqayıt şəhərinin seçilməsini isə “son 2 ildə Ermənistandan qovulanlar”ın məhz bu şəhərdə sığınacaq tapması ilə əlaqələndirir. “Sumqayıt hadisələrindən sonra Ermənistanda qanlı anti-azərbaycan hərəkatının yeni mərhələsi”nin başlandığı bildirilir. Qeyd edim ki, 1990-cı illərdə yazılmış dərsliklərdə həm 1988-ci ilin fevralında Sumqayıtda, həm də 1990-cı ilin yanvarında Bakıda erməni əhaliyə qarşı zorakılıqlar haqqında məlumatlar təhrif olunmuş olsa da, mövcuddur.51 Lakin 21-ci əsrin əvvəllərində yazılan dərsliklərdə artıq bu məlumatlara rast gəlinmir.

Ermənistan və ermənilər Dünya tarixi dərsliklərində

1990-cı illərdə 6-cı sinif üçün istifadə edilən Qədim dünya tarixi dərsliyi rus dilindən tərcümə olunmuş sovet dərsliyi idi. Bu dərslikdə qədim Mesopotamiya ərazisindəki dövlətlərdən bəhs edilir, Assuriyanın tarixinə, apardığı işğalçı müharibələrinə toxunulur, lakin Urartu haqqında məlumat verilmir. 7-ci sinif Orta əsrlər tarixi dərsliyi də Sovet dərsliyi idi. Dərsliyin Bizans tarixinə həsr olunmuş hissəsində ermənilər haqqında məlumat yoxdur. Dərslikdə Ermənistan haqqında ilk məlumata Babəkin üsyanı ilə bağlı rast gəlinir. Ərəb xilafətinə qarşı üsyanlar şərh edilərkən “Azərbaycanda Babəkin başçılığı ilə başlanan üsyanın Ermənistan və İrana” keçdiyi qeyd olunur.52 Ermənilər haqqında ikinci dəfə Osmanlı imperiyasının tarixinə aid hissədə məlumat verir. Osmanlının işğalı altında olan xalqların ağır zülm içərisində yaşadığı, “Zaqafqaziyada ermənilər və gürcülər”in “öz müstəqillikləri uğrunda mübarizə” apardıqları qeyd olunur.53

1990-cı illərin sonlarında dünya tarixinə həsr olunmuş ilk milli dərslik yazılır. 8-ci sinif Orta əsrlər tarixi bu dərsliklərdən biri idi. Ermənistan və ermənilər haqqında ilk məlumatlar Qaraqoyunlu dövlətinin yaranması ilə bağlı təqdim edilir. Dərslik yazır ki, Qara Yusifin hakimiyyətinin son illərində Qaraqoyunlu dövləti təkcə Azərbaycanı deyil, qonşu ölkələrin ərazilərini də əhatə edirdi. 1460-ci illərdə isə Qaraqoyunlu dövləti “Azərbaycanın cənub torpaqları”ndan başqa, “İraqın hər iki hissəsini, Farsı, Kirman və Ərməniyəni” əhatə edirdi. Lakin dərslik Qaraqoyunluların ilk məskən saldıqları ərazilər içərisində müasir Ermənistanın adını çəkmir.54 Lakin Ağqoyunlu dövlətinin ərazisi təsvir edilərkən onun içərisində “Ərməniyə”nin adına rast gəlirik.55

“Qafqaz xalqları” adlı 4-cü fəsildə Qafqaz şəhərlərindən bəhs edilir və Ani, Dəbilin adı çəkilir, lakin onlar erməni şəhərləri kimi təqdim olunmur. Əksinə, dərslik yazır ki, “ərəb mənbələrində Dəbilin və onun ətraflarının Azərbaycan torpaqları olduğu qeyd edilir”. Dərslik bu iddianı təsdiqləmək üçün yazır ki, “bu faktı hətta erməni tarixçiləri də təsdiq etmişdilər.” Bundan sonra dərslik erməni tarixçisi A.Muşeqyandan istinad gətirir: “Dəbil 12-ci əsrin 2-ci yarısından 13-cü əsrin əvvəllərinə qədər bilavasitə Eldənizlərin hakimiyyəti altında idi.”56 Göründüyü kimi, erməni tarixçi Dəbilin Azərbaycan şəhəri olması haqqında heç bir məlumat vermir, sadəcə olaraq şəhərin Eldənizlərin hakimiyyəti altında olması faktını təsdiqləyir. Dərsliyin müəllifləri isə bunu tarixçinin Dəbili Azərbaycan torpağı kimi tanıması hesab edirlər. Dəbil ilə bağlı digər mühüm məsələ Azərbaycan tarixi dərsliyində onun “Ərməniyə torpağı” olmasının qəbul edilməsidir.57

11-13-cü əsrlərdə Qafqazdakı dövlətlər gürcü, Şimali Qafqaz və Azərbaycan ərazisində olan dövlətlərdən ibarətdir, ermənilərin bölgədə mövcudluğu tamamilə inkar edilir. Lakin 12-ci əsrdə səlcuqların erməni və gürcülərə qarşı döyüşləri təsvir olunur, səlcuqların “Şirək bölgəsinə” daxil olmasından, Ani şəhəri uğrunda mübarizədən bəhs edilir. Şirək çox güman ki, Şirakdır. Şirak müasir Ermənistanın şimal-qərbində yerləşən vilayətdir. Ərəb xilafətı zəiflədikdən sonra Şirak Baqratuni Erməni padşalığının tərkib hissəsi, Ani şəhəri isə padşahlığın paytaxtı idi. Həmin dövrdə padşahlıq qədim Kəmsərakan nəslindən olan Pəhləvuni ailəsi tərəfindən idarə olunurdu.58 Şirak 11-ci əsrdə iki dəfə işğal olunduqdan sonra (birinci dəfə 1045-ci ildə Bizans ordusu, ikinci dəfə isə 1064-cü ildə Səlcuq ordusu tərəfindən) tənəzzülə uğramışdı. Monqol işğalları ərəfəsində isə Şirak Gürcüstanın təsiri altında idi. Dərslik yazır ki, 1203-cü ildə ermənilər və gürcülərin qüvvələri Dəbili işğal edərkən şəhərdə “vəhşiliklər törətdilər.”59

Monqolların Qafqaza yürüşlərindən bəhs edərkən dərslik Gürcüstanın işğalı haqqında yazır, lakin müasir Ermənistanda baş verən hadisələr haqqında məlumat vermir.60 14-15-ci əsrlər Qafqaz tarixi şərh edilərkən yalnız Gürcüstan və Şimali Qafqaz xalqları xatırlanır, ermənilərdən bəhs edilmir. 16-cı əsrdə Qafqaz uğrunda Osmanlı-Səfəvi müharibələrinə toxunan dərslik gürcülərin mübarizə və qiyamlarından yazır, lakin ermənilər yenə də inkar edilir. Beləliklə, dünya tarixinin orta əsrlər dövrünə həsr edilmiş ilk milli dərslikdə müəlliflər Ərməniyə (Ermənistan) və erməniləri tarix səhnəsindən silməyə çalışmışlar.

17-19-cu əsrin əvvəllərini əhatə edən 9-cu sinif Yeni tarix dərsliyində Qafqaz xalqlarının tarixi 3 fəsildə toplanıb və bu fəsillər Türk dünyasının tarixi ilə əlaqəli təqdim olunur. 17-ci əsrin 2-ci yarısında Osmanlı imperiyasının daxili vəziyyətini şərh edən dərslik yazır ki, türklər əsasən Kiçik Asiyada, qismən də İstanbul və onun ətrafında sıx yaşayırdılar, imperiyanın qalan hissəsində isə başqa etnosdan olan yerli əhali yaşayırdı və türklər onlarla qaynayıb-qarışa bilmirdilər.61 Bunun səbəbini isə dərslik Osmanlının imperiya siyasəti ilə izah edirdi: xalqları hərbi yolla özlərinə tabe edən Osmanlı onlara qarşı zorakı metodlar tətbiq edirdilər. Bu isə imperiya ərazisində yaşayan xalqlar arasında narazılıq, qiyam və üsyanlara səbəb olur, separatçılığı gücləndirirdi.62 Dərslik separatçılığa nümunə kimi slavyan xalqlarının milli-azadlıq hərəkatını təhlil edir, ermənilərin üsyan və qiyamları haqqında isə məlumat verilmir. Osmanlı imperiyasının 18-ci əsrdə daxili vəziyyəti təhlil edilərkən xalqların ağır vəziyyəti, vergilərin ağırlığı, korrupsiya, məmurların özbaşınalığı və s. kimi neqativ problemlərə toxunulur və dolayısı ilə milli azlıqların Osmanlı hakimiyyəti altında əziyyət çəkdikləri diqqətə çatdırılır. Dərslikdə Qafqaz xalqlarına həsr olunmuş hissə yalnız gürcülərin tarixi haqqında məlumat verir, ermənilər isə əvvəlki dərsliklərdə olduğu kimi unudulur.

Lakin dərslikdə “Rus-erməni münasibətləri” adlı paraqraf var. Bu paraqrafda göstərilir ki, 17-19-cu əsrlərdə ermənilərin öz dövlətləri yox idi, onların bir hissəsi İranın, bir hissəsi isə Osmanlının hakimiyyəti altında yaşayırdı, Avropada da erməni icmaları var idi.63 Dərslik yazır ki, erməni kilsəsi olduqca varlı idi və hökmdarların himayəsi altında fəaliyyət göstərirdi, üsyanlar zamanı onlar sadə xalqı deyil, İran şahı və ya Osmanlı sultanını müdafiə edirdilər, lakin dövlət yaratmaq məsələsində erməni əyanlar bütün təbəqələrlə əməkdaşlığa hazır idilər. Bununla dərslik ermənilərin feodalizmin son dövründə dövlətlərini itirdiklərini, erməni əyanlarla erməni əhalinin siyasi maraqlarının üst-üstə düşmədiyini, əyanların xalqdan hakimiyyət uğrunda mübarizə üçün istifadə etdiyini göstərirdi.

Beləliklə, bu dərsliklə ilk dəfə erməni məsələsinə fərqli yanaşmanın təqdimatını görürük. Dərslik erməni xalqı ilə siyasi elita arasında heç də sadə olmayan münasibətlər məsələsinə toxunur, siyasi elitanın məqsədlərinin heç də hər zaman sadə xalqın məqsədləri ilə üst-üstə düşə bilməyəcəyini bəyan edir. Dərslik yazır ki, erməni elitasının məqsədi bütün Ön Asiya və Türkiyənin 6 vilayətinin daxil olduğu böyük Ermənistan yaratmaq olmuşdu. Dərslik 17-ci əsrdə ermənilərin İsfahan yaxınlığında icmalarını yaratması haqqında məlumat versə də, bunun Şah Abbasın məcburi köçürmə siyasətinin nəticəsi olduğunu bildirmir. Dərslik yazır ki, erməni icması Culfa ticarət mərkəzini, Rusiya ilə ipək ticarətini idarə edirdi.64 Varlı erməni tacirləri “özlərini əzabkeş xalqın nümayəndəsi kimi” təqdim edir, “çirkin əməllərini həyata keçirmək üçün Qərb dövlətlərindən yardım” istəyirdilər. Dərslik 1678-ci ildə erməni elitasının dövlət yaratmaq məqsədi ilə Eçmiədzində gizli yığıncaq keçirdiyi və Avropaya nümayəndə heyəti göndərdiyi haqqında məlumat verir. Növbəti dəfə, 1699-cu ildə Zəngəzurun Anqexakot qəsəbəsində katolikos başda olmaqla, erməni məlikləri gizli yığıncaq keçirir, Avropa dövlətləri və Rusiyaya müraciət etmək qərara alınır.65 Bununla dərslik ermənilərin Zəngəzurda Rusiya işğalından əvvəl də mövcud olduğunu etiraf etmiş olur. Bundan sonra dərslikdə erməni tacirlərinin dövlət yaratmaq sahəsində atdığı addımlar şərh edilir. Məsələn, dərslik yazır ki, 1769-cu ildə Həştərxanın erməni sakini Movses Safaryan erməni dövləti yaratmaq planını Rusiya Xarici İşlər Nazirliyinə təqdim etmişdi. “1783-cü ildə Arqutyan erməni dövləti yaratmaq barədə 18 maddədən ibarət layihəsini Rusiya hökumətinə təqdim” etmişdi.66 Lakin İranda Ağa Məhəmməd şah Qacarın hakimiyyətə gəlməsi ruslar və ermənilərin planını pozdu.

10-cu sinif üçün nəzərdə tutulmuş Yeni tarixin 2-ci hissəsi 19-cu əsrin ortaları-20-ci əsrin əvvəllərində baş vermiş hadisələrə həsr olunub. Bu kitabda “Qafqaz xalqları” adlı fəsil olsa da, orada ermənilər haqqında məlumat yoxdur.

Ən yeni tarix adlanan və 11-ci sinif üçün nəzərdə tutulan dərslik 20-ci əsrin hadisələrini əhatə edir. “Türk dünyası və Qafqaz xalqları” adlı hissədə daşnak Ermənistanı ilə Türkiyə münasibətlərinə toxunulur, fevral inqilabından sonra yaradılmış Zaqafqaziya Komissarlığından, Zaqafqaziya Seyminin fəaliyyətindən bəhs edilir. Bu dövrdə Ermənistan və ermənilərlə bağlı məsələlər 21-ci əsrdə yazılmış dərsliklərdəki şərhlərlə eynidir.

Qeyd və istinadlar

  1. Azərbaycan tarixi. 6-cı sinif. (Öyrətmən, 1994), 43.
  2. Azərbaycan tarixi. 7-ci sinif. Öyrətmən, 1994, 10.
  3. Yenə orada, s.13.
  4. Yenə orada, s.15.
  5. Yenə orada, s.14.
  6. Toumanoff C. “The Mamikonids and Liparitids” Armeniaca, Venice, 1969, 125, 125-137.
  7. Bedrosian R. “China and the Chinese according to 5-13th Century Classical Armenian Source’, Armenian Review Vol. 34 No.1-133 (1981), 17, 17-24.
  8. Azərbaycan tarixi. 7-ci sinif, 15.
  9. Yenə orada, 16.
  10. Favst Buzand və ya Buzandatsinin mənşəyi mübahisəlidir, onun yunan mənşəli olduğu və Buzandatsi-nin Bizanslı sözündən əmələ gəldiyi ehtimal edilir.
  11. Yenə orada.
  12. Müasir Ermənistanın Sünik vilayəti nəzərdə tutulur.
  13. Yenə orada, 17.
  14. Yenə orada, 24.
  15. Bəhs edilən dövrdə Göycə termini mövcud deyildi, dərsliyin müəllifləri Sevan əvəzinə Göycə (türk toponimi) terminini işlədirlər.
  16. Yenə orada, 27.
  17. Yenə orada, 78.
  18. B.e.-nın 5-ci əsrində, Roma İmperiyası süquta uğradıqdan sonra Şərqi Roma İmperiyası Bizans imperiyası adlanmağa başlayır.
  19. Yenə orada, 101.
  20. Yenə orada, 106.
  21. Azərbaycan tarixi, 8-ci sinif, (Təhsil, 1999), 5.
  22. Yenə orada, 11.
  23. Debed müasir Ermənistanın şimalında Lori vilayətindən axan Xrami çayının sağ qoludur.
  24. Yenə orada, 63-65.
  25. Yenə orada, 105.
  26. Yenə orada, 109-110.
  27. Yenə orada, 112.
  28. Dərslik bu dəfə Ermənistan deyil, Ərməniyə terminini işlədir.
  29. Yenə orada, 114.
  30. Yenə orada, 174-75.
  31. Erkən orta əsr mənbələrində Cula/Cuqa, klassik feodalizm dövrü mənbələrində Culfa, hazırda Naxçıvanın Culfa rayonunda eyni adlı şəhər.
  32. Azərbaycan tarixi, 9-cu sinif Bakı: Təhsil, 2001, 22.
  33. Yenə orada, 64.
  34. Yenə orada, 118, 124-5.
  35. Yenə orada, 136.
  36. Azərbaycan tarixi, 10-cu sinif. Bakı: Maarif, 1996, 10-11.
  37. Кавказский календарь на 1846 г. Тифлис: Канцелярия Кавказского наместника, 1845 г., 136–7.
  38. Yenə orada, 160.
  39. Yenə orada, 175.
  40. Azərbaycan tarixi, 11-ci sinif. Bakı: Öyrətmən, 1995, 5-7.
  41. Yenə orada, 10.
  42. Yenə orada, 20.
  43. Yenə orada, 125.
  44. Həsənli C. Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyasəti (1918- 1920), (Garısma MMC, 2009), 245.
  45. Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivi, f.27siy.4s, iş 20, v.22 siy.4s, iş 20, v.22
  46. Azərbaycan tarixi, 11-ci sinif, 127.
  47. Yenə orada, 160.
  48. Мамедова Ш. Интерпретация тоталитаризма. Сталинизм в Азербайджане. Адиль-оглу, 2004, 126
  49. Azərbaycan tarixi, 11-ci sinif, 248-9
  50. Yenə orada.
  51. Yenə orada, 329.
  52. Orta əsrlər tarixi, 7-ci sinif. Bakı: Maarif, 1998, 75.
  53. Yenə orada, 179.
  54. Orta əsrlər tarixi, 8-ci sinif. Bаkı: Мааrif, 1998, 56.
  55. Yenə orada, 59.
  56. Yenə orada, 64.
  57. Bax: Istinad 22.
  58. Toumanoff C. Kamsarakan. Ensyclopedia Iranica. Vol. XV, Fasc. 5, pp. 453-455.
  59. Yenə orada, 69.
  60. Yenə orada, 71.
  61. Yeni tarix 9 (1640-1830), 9-cu sinif. Bakı: Nərgiz, 1999, 111
  62. Yenə orada, 112.
  63. Yenə orada, 159.
  64. Yenə orada, 164.
  65. Yenə orada.
  66. Yenə orada, 166.

Birinici hissəyə keçid:

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.