iqtisadiyyat

iqtisadiyyat

Əyalətlərin iqtisadiyyata töhfəsi: Azərbaycan və region ölkələrinin müqayisəsi

Read this article on other language
Download article
image_pdf
image_pdf

Milli gəlirin ixtiyari ölkənin regionları üzrə bölgüsündə mövcud olan fərqlər sosial-iqtisadi bərabərsizliyin coğrafiyasını da qiymətləndirmək baxımından əhəmiyyətli statistikadır. Doğrudur, hökumət milli gəlirin yenidən bölgüsü mexanizmləri (xüsusilə ev təsərrüfatlarına çeşidli sosial və əsaslı transfertlər), müxtəlif vergi güzəştləri və subsidiyalar vasitəsilə milli gəlirdəki kəskin coğrafi fərqlərin sosial-iqtisadi bərabərsizliyin daha da artmasına təsirini müəyyən dərəcədə azalda bilir. Lakin bu fakt nəticə etibarı ilə müxtəlif regionların ölkə iqtisadiyyatının formalaşmasında payı ilə bağlı real mənzərəni dəyişmir. Məsələn, əgər ölkənin ən zəngin və ən yoxsul bölgələri üzrə adambaşına düşən ümumi daxili məhsul (ÜDM) göstəricisi arasında fərq 8 dəfə təşkil edirsə, hökumət büdcə-vergi alətləri sayəsində milli gəlirin bölgüsü və yenidən-bölgüsü hesabına həmin regionlar arasında sosial-iqtisadi fərqləri ən yaxşı halda 6-7 dəfəyə endirə bilər.

Bakı Araşdırmalar İnstitutunun Analiz Qrupunun ən son yazılarından biri Azərbaycan və qonşu ölkələrdə regional ÜDM-nin milli statistik hesabatlarda əks etdirilməsi vəziyyətinin araşdırılmasına həsr olunmuşdur. İndi təqdim olunan analiz isə məhz yuxarıda qeyd olunan problem – milli gəlirin formalaşmasında müxtəlif bölgələrin xüsusi çəkisi, eləcə də bölgələr üzrə adambaşına düşən gəlirin orta göstəricidən və paytaxt göstəricisindən kənarlaşma səviyyəsi əsasında iqtisadi imkanlarda qeyri-bərabərliyin qiymətləndirilməsi haqqındadır.

Bölgələrin iqtisadiyyata töhfəsini ölçən əsas ümumiləşdirici göstərici regionlarda formalaşan ÜDM-nin həcmidir. Bu göstərici milli gəlirin yaranmasında ölkənin ən müxtəlif ərazilərinin oynadığı rolu əks etdirir. Əvvəlki yazımızda göstərdiyimiz kimi, hazırda Bakı və Naxçıvan iqtisadi regionu istisna olmaqla, ölkənin yerdə qalan bölgələri üzrə ÜDM göstəricisi açıqlanmır. Bakı Şəhər Statistika İdarəsinin açıqlamasına görə, 2023-cü ildə paytaxtda 94,5 milyard manatlıq ÜDM istehsal olunub ki, bu həmin il üzrə məcmu ölkə göstəricisinin 77 faizinə bərabərdir. Həmin dövrdə Naxçıvan iqtisadi regionunda isə ÜDM həcmi 1,4 milyard olub və bu ölkə üzrə göstəricinin təxminən 1,1 faizinə bərabərdir.

Dövlət Statistika Komitəsi digər bölgələr üzrə ÜDM göstəricisini açıqlamasa da, məhsul və xidmət buraxılışının həcminə dair rəqəmlər barədə məlumat verir. Biz həmin məlumatlardan istifadə edərək bütün iqtisadi regionlar üzrə ÜDM-nin həcmini və adambaşına düşən məbləği hesabladıq. Burada hesablama üsulu çox sadədir: rəsmi statistik hesabata görə, 2023-cü ildə ölkə iqtisadiyyatı üzrə ümumi məhsul və xidmət buraxılışının (171,6 milyard manat) 72 faizinə yaxın (123 milyard manat) ÜDM yaranıb. Bu nisbəti rəsmi statistikanın bölgələr üzrə açıqladığı məhsul və xidmət buraxılışının da həcminə tətbiq etdikdə, kiçik riyazi kənarlaşma ilə hər bir iqtisadi region, eləcə də inzibati rayonlar (şəhərlər) üzrə ÜDM-nin həcmini tapmaq mümkün olur. Bu hesablama əsasında ortaya çıxan nəticəyə görə, Azərbaycanın 14 iqtisadi regionunun ölkə üzrə ÜDM-nin formalaşmasına töhfəsi aşağıdakı kimidir: 

Diaqram 1: Azərbaycanın iqtisadi regionlarının iqtisadiyyat üzrə ÜDM-nin formalaşmasında payı, yekuna görə %-lə

Yuxarıdakı diaqramdan da göründüyü kimi, Azərbaycan iqtisadiyyatının 76 faizindən çoxu paytaxt Bakı şəhərində, 24 faizdən bir qədər az hissəsi ölkənin yerdə qalan regionlarında formalaşır. Bakıdan sonra ən yüksək göstərici Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb – 5 faiz. Digər iqtisadi regionların ölkə ÜDM-nin formalaşmasına töhfəsi təxminən 1-2 faiz ətrafındadır. İqtisadiyyatda ən yüksək paya malik paytaxt Bakı şəhərinin ÜDM-nin formalaşmasına verdiyi töhfə ondan sonra 2-ci yerdə dayanan Abşeron-Xızı iqtisadi rayonu ilə müqayisədə 15 dəfə çoxdur.       

Azərbaycanın analoji göstəricisini regionun müxtəlif ölkələri, məsələn, Ermənistan, Gürcüstan, Qazaxıstan və Türkiyə ilə müqayisə etdikdə Azərbaycanda ÜDM-nin həddən artıq yüksək coğrafi konsentrasiyasının olduğu ortaya çıxır və aşağıda təqdim olunan diaqramdan bu çox aydın görünür (bax: Diaqram 2).

Diaqram 2: Azərbaycanda və 4 region ölkəsində ÜDM-nin coğrafi konsentrasiyası, bölgələrin ölkə ÜDM-də payı[h1]  %-lə

Diaqram 2-dən də göründüyü kimi, Azərbaycanın bir iqtisadi regionun (paytaxt Bakı şəhəri) ölkənin ÜDM-nin formalaşmasında payı 76 faizi ötdüyü halda, Ermənistan üzrə həmin göstərici 62,1 faiz (paytaxt Yerevan şəhəri), Gürcüstanda 52,7 faiz (paytaxt Tbilisi şəhəri), Türkiyədə 30,4 faiz (İstanbul şəhəri), Qazaxıstanda isə 21,8 faiz (Almata şəhəri) təşkil edib. Bu müqayisədə yalnız Ermənistan üzrə göstəricilər 2022-ci ilə (rəsmi statistikanın açıqladığı ən son rəqəmlər həmin dövrü əhatə etdiyi üçün), yerdə qalan bütün ölkələr üzrə məlumatlar 2023-cü ilə aiddir.

Rəqəmlərin müqayisəsi göstərir ki, iqtisadi imkanların ən bərabər coğrafi paylanması Qazaxıstandadır. Rəsmi məlumatlara görə, ÜDM-ə ən yüksək töhfəsi olan bölgənin göstəricisi 21,8 faizdir. Ondan sonra gələn (2-ci yer) iqtisadi regionun analoji göstəricisi bundan təxminən 2 dəfə azdır və 11,5 faiz təşkil edir. Analoji göstərici Azərbaycanda 15, Ermənistanda 9,4, Gürcüstanda 5,5,  Türkiyədə isə 3,2 dəfə təşkil edir. Eyni zamanda, ÜDM-də ən yüksək və ən aşağı paya malik iqtisadi region üzrə fərq Qazaxıstanda 12, Türkiyədə 300, Gürcüstanda 88, Azərbaycanda 76, Ermənistanda isə 62 dəfə təşkil edir.

Adambaşına düşən regional ÜDM üzrə coğrafi fərqlər sosial-iqtisadi bərabərsizliyin  göstəricilərindən biridir. Məsələn, Avropa İttifaqının (Aİ) statistika orqanı dövri olaraq üzv ölkələr üzrə regional adambaşına düşən ÜDM məbləğində fərqlərə dair rəqəmlər açıqlayır. Aİ statistika qurumu adambaşına düşən regional ÜDM göstəricisinin orta ölkə göstəricisindən kənarlaşma səviyyəsini də ayrıca göstərici kimi hesablayır. Analoji göstəricilər əsasında Azərbaycanın regionun 4 ölkəsi ilə müqayisəsi ortaya maraqlı nəticələr çıxarır. Aşağıdakı diaqramda 5 ölkədə ABŞ dolları ifadəsində ən yüksək və ən aşağı adambaşına düşən ÜDM məbləği verilib:

Diaqram 3: Ölkələr üzrə adambaşına düşən regional ÜDM məbləğinin ən yüksək və ən aşağı məbləği, ABŞ dolları ilə

Azərbaycanda ən yüksək adambaşına düşən ÜDM məbləği 23,6 min (Bakı şəhəri),  ən aşağı göstərici isə 1,5 min dollar (Lənkəran-Astara iqtisadi rayon) olub ki, onlar arasında fərq 15 dəfədən çoxdur. Qazaxıstanda ən yüksək göstərici 27,5 min dollar (Almata şəhəri), ən kiçik məbləğ 4,5 min dollar (Türküstan vilayəti), Ermənistanda ən yüksək göstərici 11,1 min dollar (Yerevan şəhəri), ən aşağı rəqəm 2,6 min dollar, Gürcüstanda ən yüksək göstərici  13,2 min dollar (Tbilisi şəhəri), ən aşağı rəqəm 5,0 min dollar, Türkiyədə ən yüksək göstərici 21,7  min dollar (İstanbul şəhəri), ən aşağı rəqəm 5,0 min dollar təşkil edib. Göründüyü kimi, regionun 4 ölkəsində ən yüksək və ən aşağı adambaşına düşən regional ÜDM arasında fərq Azərbaycanla müqayisədə kifayət qədər aşağıdır və bu fakt həmin ölkələrdə coğrafi sosial-iqtisadi bərabərsizliyin daha zəif olduğunu göstərir. Analoji göstərici Ermənistan və Türkiyədə təxminən 4 dəfə, Gürcüstanda 2,6 dəfə, Qazaxıstanda isə 6 dəfə təşkil edib.[1]


Qeyd və istinadlar

[1] Ölkələr üzrə regional adambaşına düşən ÜDM-nin ABŞ dollarına çevrilməsini biz müvafiq illər üzrə rəsmi məzənnələr əsasında aparmışıq. Türkiyə statistika qurumu göstəricini milli valyuta ilə yanaşı, ABŞ dollarında da təqdim edir. Digər ölkələr üzrə məzənnələrə dair rəsmi məlumatlar aşağıdakı linklərdən götürülüb: Qazaxıstan; Gürcüstan; Ermənistan; Azərbaycan.


 [h1]Aşağıda cədvəldə rənglərin təsnifatı verilən hissədə hər bir “göstərici” sözü – göstəricisi sözü kimi düzəliş edilməlidir

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.