fbpx

Cəmiyyət

Cəmiyyət

İntelligentsiya, millətçilik və Milli Azadlıq Hərəkatı (1988-1991)

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bu məqalədə mən Milli Azadlıq Hərəkatını (1988-1991) formalaşdıran intelligentsiyanın təşəkkülü, fəaliyyəti və ideologiyasının yaranması prosesini tədqiq edəcəyəm. Məqsədim Milli Azadlıq Hərəkatının intellektual tarixini tədqiq etmək və bu sahədəki araşdırmaları genişləndirməkdir. Bu yazının əhəmiyyəti Azadlıq Hərəkatını xaotik proseslər kimi yox, onu formalaşdıran yeni intelligentsiyanın əsas rolunu göstərməkdən ibarət olacaqdır. Mövzu haqqında yazılan konseptual əsərlər az olduğuna görə  mövcud akademik debatları təsvir etmək çətindir. Bu cür azsaylı əsərlərə Cəmil Həsənlinin, Zaur Qasımovun, Ədalət Tahirzadənin yazılarını misal göstərmək olar. Zaur Qasımov sovet dönəmi zamanı Azərbaycan intelligentsiyasını homogen hesab etmir və millətçiliyə doğru yaxınlaşma prosesini təsvir edir. O, intelligentsiyanı üç cərəyana bölür: (1) radikal, (2) qeyri-radikal və (3) rejim, ideologiya və siyasi hərəkatları inkar edən intelligentsiya (Гасымов, 2009, 187). Ədalət Tahirzadə isə intelligentsiyanın böyük hissəsini homogen, yəni “sədaqətli kommunist” hesab edir (Tahirzadə 2021, 14). Məqsədim Milli Azadlıq Hərəkatının intellektual və ideoloji əsaslarını yaradan, humanitar elmlər sahəsində fəaliyyət göstərən intelligentsiyanın formalaşmasında dissidentlərin və meynstrim sovet intelligentsiyasının əsas rolunu göstərməkdir. Hərəkatı formalaşdıran tarixçilər, şərqşünaslar və yazıçılar olduğuna görə əsas mənbələr də onlara aiddir. Qasımovun mövqeyini gücləndirmək üçün mən Azadlıq Hərəkatı dövrünün çıxışlarını və tarixi mənbələrini təhlil edərək (dissident cəmiyyətləri, tarixi və bədii əsərlər), faktoloji konkretlilik təqdim edirəm. Nəticədə, Azadlıq Hərəkatını formalaşdıran intelligentsiyanın təşəkkülündə dissident (sovet ideologiyasına müxalif olanlar) və meynstrim intelligentsiyanın (sovet ideologiyası çərçivələrində qalan, lakin tədricən bir sıra siyasi dəyişiliklər və xüsusilə Qarabağ hadisələri nəticəsində millətçilik elementlərini istifadə edən) vacib rol oynadıqları qənaətinə gəlirəm.  

Müstəqil intelligentsiyanın təşəkkülü

Azərbaycanın müstəqil intelligentsiyasının yaranması əsasən Qorbaçov yenidənqurması və  dövlət müstəqilliyinin bərpa olunması ilə əlaqələndirilir. Lakin Milli Azadlıq Hərəkatını formalaşdıran intelligentsiyanın tarixində iki dönüş nöqtəsi vardır və  bu dönəmlər Sov. İKP MK Baş katibləri N. S. Xruşov və M. S. Qorbaçovun hakimiyyət illəri ilə əhatələnir. 1960-cı illər isə xüsusi bir mərhələni təşkil edir. Çünki bu dövrlərdə sovet hökumətinin keçirdiyi islahatlar gözləntilərə uyğun olmadı, bununla belə, siyasi dəyişikliklərin nəticəsində millətçi intelligentsiyanın formalaşması üçün münbit şərait yarandı.

Xruşov dövrü intelligentsiyaya təsiri baxımından millətçilik dalğası kimi, 1960-cı illər isə periodik ideoloji yumşalmalar kimi xarakterizə olunur. Xruşov dövrü Azərbaycan Sovet Respublikasında İmam Mustafayev (MK-nın birinci katibi), Mirzə İbrahimov (Ali Sovetin Rəyasət Heyətinin sədri) və Sadıq Rəhimovun ( Azərbaycan SSR Nazirlər Sovetinin sədri) hakimiyyət illərinə  təsadüf edir (1954-1959). Bu dövr Azərbaycanda və bir sıra digər milli respublikalarda milli düşüncənin sinfi mübarizə nəzəriyyəsi üzərində qurulan rəsmi sovet ideologiyasını tədrici üstələməsi ilə xarakterizə olunur. Cəmil Həsənli qeyd edir ki, 1950-ci illərdə “milli ideyanın aparıcı istiqamətə çevrilməsində Azərbaycan elmi, ədəbiyyatı və incəsənəti mühüm rol oynadı. [19]50-ci illərdə Cənubi Azərbaycanın taleyi üzərində köklənmiş Cənub mövzusu ədəbiyyatda vətənpərvərliyin ifadə vasitəsinə çevrilmişdir” (2008, 8). Sonrakı 1960-cı illər Azərbaycan sovet siyasi rəhbərliyinin dəyişməsi nəticəsində sovet ideologiyasının yenidən güclənməsi ilə nəticələnsə də, yenə də ictimai həyat və mədəniyyət periodik ideoloji yumşalmalar ilə səciyyələnir. 1954-1959-cu illərdə formalaşan intelligentsiya millətçilik çərçivələrində fəaliyyət göstərmək üçün, bəlkə də, yerli sovet nomenklaturasından ilk siyasi dəstəyi almışdı. Həsənlinin sözlərinə görə, “1956-cı ilin avqustunda respublika konstitusiyasına dövlət dili haqqında xüsusi maddə əlavə edildi, Azərbaycan dili dövlət dili statusu aldı. Dövlət idarələrində, kargüzarlıq işlərində, təhsil və mədəniyyət müəssisələrində milli dilin geniş tətbiqi milli şüurun inkişafına böyük təkan verdi. Respublikanı millətçilik dalğası bürüdü” (2008, 6). Kitabi-Dədə Qorqud dastanı və digər qadağan olunmuş əsərlər təkrarən nəşr edildi (Qaffarov 2008, 116).

Xruşovun Sov. İKP-nin XX qurultayında Stalin pərəstişinin ifşa olunması və repressiyaların Stalinin adı ilə bağlanması repressiya qurbanı olmuş intelligentsiyanın əfv olunması ilə nəticələndi. Həsənli yazır ki, “yeni rəhbərliyin hakimiyyətə gəlməsi respublika ziyalılarında ümid yaratdı ki, vaxtilə nahaqdan repressiya olunmuş Azərbaycanın tanınmış alim və siyasi xadimlərinin işinə yenidən baxılacaqdır” (2008, 32-33). İmam Mustafayev və Vəli Axundov dövrlərində repressiya qurbanları olmuş müsavatçı intelligentsiyanın (məsələn, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəmənli) bəraət alması faktları da qeyd oluna bilər (Həsənli 2018, 207-209). 1950-ci illərin sonunda Azərbaycan sovet rəhbərliyinin dəyişməsi nəticəsində sovet ideologiyası yenidən təsirini gücləndirməyə başladı və Azərbaycan dilinin ictimai mövqeyini zəiflətmək üçün addımlar atıldı. Lakin sovet ideologiyasının siyasi gücünün bərpa edilməsinə baxmayaraq, dediyimiz kimi periodik ideoloji yumşalmalar da baş verirdi. Məhz bunun nəticəsidir ki, bu dövrdə Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım sovetlər üçün irticaçı kapitalist sayılan atası haqqında fikirləri dəyişdirmək üçün yerli və mərkəzi sovet orqanlarına yazılı müraciətlər edə bilir, həmçinin atası haqqında araşdırmalar aparıb, xatirələr toplayırdı. Nəticədə, Sara xanımın fəaliyyəti mətbuatda Tağıyevin maarifpərvər fəaliyyəti haqqında yazıların dərc olunmasına səbəb olmuşdu (Həsənli 2018, 84).

Xruşov dövründə intelligentsiyanın əksəriyyəti meynstrim olduğuna görə siyasi hadisələrdə iştirak etməkdən çəkinirdilər. Rejimə loyal intelligentsiyanın millətçiliyə doğru yaxınlaşması nadir hallarda özünü büruzə verirdi. Milli məsələlərin (Qarabağ, Cənubi Azərbaycan, dövlət dili, milli kadrlar) gündəmə gəlməsi bir neçə intellektualın (Abbas Zamanov, Rəsul Rza) ideoloji fəaliyyəti ilə bağlı idi. 1950-60-cı illərdə intelligentsiyanın ehtiyatlı siyasi davranışının səbəbləri sovet orqanlarının daimi nəzarəti idi (Qlavlit, MK, KGB). 1960-cı illərdə ermənilərin Qarabağ və Naxçıvana iddialarının sovet hakimiyyəti tərəfindən məxfi saxlanılmasına baxmayaraq, hərdən intelligentsiyanın açıq cavabı olurdu. Səməd Vurğuna həsr olunmuş tədbirdə çıxış edən ədəbiyyatşünas Abbas Zamanov Naxçıvanının Azərbaycanın tərkib hissəsi olduğunu və Naxçıvanın heç kimə verilməyəcəyini deyirdi (Həsənli 2018, 90). Bu cür hallarda intelligentsiyanın bir-birinə dəstək olması halları da baş verirdi, məsələn, Rəsul Rza Abbas Zamanova demişdi ki, bu hərəkətinə görə səni Azərbaycanın xalq qəhrəmanı edəcəklər (Həsənli 2018, 93). 1960-ci illərdə Rəsul Rza və digər yazıçıların Andronik haqqında tənqidi əsərlər yazmasını ermənilərin iddialarına cavab olaraq qiymətləndirmək olar (Həsənli 2018, 467).

1950-1960-cı illərdə ideoloji yumşalmalar davam edirdi. Sovet hakimiyyəti tərəfindən tənqid olunan (məsələn, Mirzə İbrahimov) və ya Kommunist Partiyasından xaric olunan intelligentsiya (məsələn Abbas Zamanov) və yerli sovet rəhbərliyi sonradan sərt təqiblərə məruz qalmadılar (Həsənli 2018, 99,195). Tarixçi və ictimai xadim Əli Əliyev xatirələrində dövlət, mədəniyyət və sadə peşə adamlarının ikili həyat sürməyindən və onların arasında istiqlal tərəfdarlarının olmasından yazırdı (Əliyev 2004, 254). Bu bir növ mübaliğəli görsənsə belə, meynstrim intelligentsiyanın periodik olaraq milli məsələlərə xitab etməsi bu iddianı müəyyən mənada təsdiq edir.

Qorbaçovun hakimiyyətdə olduğu illərdə yenidənqurma siyasəti tabu sayılan məsələlərin müzakirəsi üçün zəmin yaratdı (Гасымов 2007, 174). Qorbaçovun elan etdiyi aşkarlıqyenidənqurma siyasəti Sovet Azərbaycanının mətbuatında siyasi hadisələrə tənqidi yanaşmalara səbəb oldu. Bu tənqidləri həmin dövrdə dəyişən və yeni tipli intelligentsiyaya çevrilənlərin nümayəndələri edirdi. Bu dövrdə formalaşan yeni tipli intelligentsiyanın əsas cəhəti susqun 50-60-cı illər intelligentsiyasından fərqli olaraq, açıq şəkildə sovet sistemini tənqid etməsi idi. Bu siyasi aktivlik Qarabağ hadisələri dövründə özünün ən yüksək səviyyəsinə çatsa da, ilk əvvəl mətbuatda yenidənqurma adlanan prosesin müzakirələri ilə başlamışdı. Yeni intelligentsiyanın Qarabağ hadisələri zamanı sovet mətbuatının mövqeyini tənqid etməsi isə artıq meynstrim sovet intelligentsiyasına qarşı da ilk açıq etiraz hesab oluna bilər. Etiraz təkcə sovet intelligentsiyasına qarşı yox, habelə sovet mərkəzi orqanlarına və erməni millətçilərinə qarşı da yönəlmişdi. Azərbaycan tarixçilərinin erməni millətçilərinə tənqidi əsərləri sırf elmi müzakirələrdən kənara çıxır və mətbuat sahəsinə daşınırdı. İntelligentsiya tarix və ədəbiyyat mövzuları (Koroğlu, Kitabi-Dədə Qorqud, Şəhriyarın əsərləri) ətrafında leqal və yarı-leqal təşkilatlarda müzakirələr keçirirdi. Sovet ideologiyasına zidd olan, yəni alternativ tarix və ədəbiyyat elementləri artıq nadir hallarda rast gəlinən fərdlərə aid olaraq yox, siyasi qruplar (dərnəklər, təşkilatlar) vasitəsilə daha geniş kütləyə çıxmağa nail olurdu. Hikmət Hacızadə bu dövrdə müstəqil mətbuat və jurnalist təhqiqatının yarandığını iddia edir (2021, 183). Buna misal olaraq, yeni nəsl jurnalistlərdən Molodyej Azerbaycana və Gənclik qəzetlərində işləyən Nəcəf Nəcəfovu və Çingiz Sultansoyu qeyd etmək olar. Senzuranın yumşalması nəticəsində həmçinin birbaşa sovet siteminin ayrı-ayrı qurumlarının orqanı olmayan qəzetlərin də çapına icazə verilirdi (məsələn, Azərbaycan, Azadlıq). Yenidənqurmanın şüara çevirdiyi siyasi plüralizm prinsipi isə  Azərbaycanda yeni yaranan təşkilat və partiyaların mərkəz tərəfindən rəsmi olaraq qeydiyyata alınmasına səbəb oldu. Buna misal olaraq Çənlibel təşkilatını qeyd etmək olar. 1987-ci ildə Çənlibel təşkilatı rəsmi qeydiyyatı olan təşkilata çevrilmişdi. 1989-ci ildə isə Azərbaycan Xalq Cəbəsi təşkilat kimi qeydiyyata alındı (Yaqublu 2018, ss. 377, 637).  Bir sıra digər təşkilat və partiyalar da yarandı (məsələn, Azərbaycan Dirçəliş Partiyası, Cümhuriyyət Partiyası).

Azərbaycan intelligentsiyası 20 Yanvar 1990-cı il hadisələrinə qədər Qarabağ probleminin həllini sovet sistemi çərçivəsində görürdü. Ermənilər millətçi kimi təqdim olunur və onların öz millətçi məqsədlərinə nail olmaq üçün kommunizmdən istifadə etdiyi iddia edilirdi. Buna misal olaraq, Arif Mansurovun Белые пятна истории и перестройка kitabını nümunə kimi qeyd etmək olar (Мансуров 1990). Həmçinin Stalin repressiyaları qurbanlarının bəraət alması Xruşov dövründə başlasa da, məhz 1980-90-ci illərdə tarixçilər mətbuatda onlar haqqında geniş məqalələr yazırdılar. Bu dövrdə Ziya Bünyadövun  Arxivlər açılır adlı silsilə məqalələri dərc olunmuşdu (Baxşəliyeva 2004, 55-57). Tarixçilərin Stalin repressiyasının qurbanları haqqında yazdığı məqalələri, bəlkə də, mətbuatda sovet ideologiyasının məsum simasının ifşa olunmasının ilk uğurlu cəhdi hesab etmək olar. Repressiyalardan başqa, Sovet Azərbaycanında aparılan dil siyasəti, Qarabağ məsələləsi və 1947-1948-ci illərdə azərbaycanlıların Ermənistandan deportasiyası məsələri də tənqid edilirdi. Mitinqlərdə isə intelligentsiya və etirazçıların dəfələrlə Bakı və Gəncə şəhərlərində küçələrin erməni və rus əsilli sovet xadimlərinin adlarından təmizlənməsini tələb etməsi artıq sovet ideologiyasına qarşı ilk açıq çağırışlar idi (Tahirzadə 2021, 92).

Yeni tipli intelligentsiyanın təşəkkülündə iki qrup intellektualları qeyd etmək olar: dissidentlər və meynstrim intelligentsiya. Dissidentlər sovet dövlətinin quruluşundan bəri müxalif siyasi və ideoloji mübarizə təcrübəsinə malik və sayca az olan qrup olub. Çoxluq təşkil edən meynstrim intelligentsiya isə Tahirzadənin dediyinə görə, 20 Yanvar hadisələrinə qədər “sədaqətli kommunist” olsalar belə, onlar da milli məsələlərə millətçilik çərçivələrində yanaşmağa meyllənirdilər (Tahirzadə 2021, 14). Meynstrim intelligentsiyanın əsərlərində alternativ tarix və ədəbiyyat elementləri olsa da, onlar sovet ideologiyasının düşmən kimi baxdığı pantürkizmdə ittiham olunmaqdan da çəkinərək, mövcud sistemə zidd olan ideyaları yalnız sətiraltı şəkildə bildirirdilər. Buna misal olaraq, Xudu Məmmədov və Bəxtiyar Vahabzadənin adlarını çəlmək olar. Vahabzadə müəllifi olduğu Gülüstan poemasına görə təqiblərə məruz qalmışdı və buna görə də hakim ideologiyaya sadiqliyini nümayiş etdirməklə təqiblərdən qurtulmaq üçün Leninlə söhbət poemasını yazmışdı (Yaqublu 2018, 211). Leninlə söhbət bəzi ədəbiyyatşünaslar (Rafael Hüseynov) tərəfindən sovet quruluşunun sətiraltı tənqidi kimi təhlil olunur (Hüseynov 2017, 4). Meynstrim intelligentsiyanın fəaliyyəti, xüsusilə universitetlərdə tədrisi, tələbələrin də onların təsiri altına düşməsinə səbəb olurdu. Təsadüfi deyil ki, məhz universitetlərin nəzdində yaradılan tələbə cəmiyyətləri 1980-90-cı illərin mitinqlərinin ən fəal iştirakçıları idilər. Yuxarıda qeyd etdiyimiz kimi, əvvəl meynstrim intelligentsiya nümayəndələri dissidentlərdən fərqli olaraq, sovet totalitarizminin açıq tənqidindən çəkinsələr də, Qarabağ hadisələrinin təsiri nəticəsində tədricən millətçilik ideyalarının yayılması prosesinə qoşulurdular. Dissidentlər meynstrim intelligentsiyadan əvvəl sovet ideologiyasına qarşı çıxmışdılar və bunu davamlı şəkildə etmişdilər. Lakin dissidentlərin fəaliyyəti onların meynstrim intelligentsiya ilə əlaqələrindən əvvəl geniş dəstək almamışdı. Çünki dissidentlər sovet dövlətini daha kəskin tənqid edib totalitarizmin aspektlərinə fokuslanmışdılar. Qarabağ hadisələri və tez-tez keçirilən mitinq, yığıncağların nəticəsində isə dissidentlərlə meynstrim intelligentsiya arasında siyasi əlaqələr daha ardıcıl və davamlı oldu.

Yeni intelligentsiyanın formalaşmasında Xruşov (Stalin kultunun ifşa olunmasına görə) və Qorbaçovun (yenidənqurma siyasətinə görə) dövrləri vacib rol oynadı və bu illərdə intelligentsiya hələ aparıcı siyasi baxışları ilə sovet ideologiyası çərçivələrində qalsa da, milli məsələləri gündəmə gətirməklə millətçiliyin dirçəlməsinə təkan verdi. 

Milli Azadlıq Hərəkatının intellektual mənbələri

Milli Azadlıq Hərəkatının iki əsas intellektual mənbəyini qeyd edilməlidir ki, bunlar da tarix və ədəbiyyat idi.  Milli Azadlıq Hərəkatının liderləri adətən tarixçi, şərqşünas, yaxud yazıçı olublar deyə milli tarix və ədəbiyyat elementləri mitinqləri aparan təşkilatların ad, məramnamə və fəaliyyətində də öz əksini tapırdı. Məsələn, Çənlibel və Məhəmməd Əmin Rəsulzadə cəmiyyətlərini, Şah İsmayıl adına Elmi-Ədəbi birliyi çəkmək olar. Çənlibel birliyinin məramnaməsinin 12-ci bəndində tarixi abidələri qorumaq və coğrafi adların dəyişdirilməsi məqsədləri qoyulurdu (Yaqublu 2018, 406).  Mədəni irsin qorunması ilə bağlı oxşar məqsədlər digər təşkilatların da əsas məqsədləri sırasında idi. Təşkilatlar tarix və ədəbiyyat mövzularından istifadə edib, əslində siyasi müzakirələrə keçirdilər. Samizdatlar da təşkilatlarının siyasi mətnlərinin çap edilməsindən əlavə, ideoloji maariflənmə məqsədilə tarixi və ədəbi əsərləri yayırdılar.[1] Tarix, ədəbiyyat samizdat və mitinqlərin vasitəsilə xalq, millət, azadlıq kimi anlayışlar siyasi diskursa gətirildi. Bununla belə, qeyd etmək lazımdır ki, alternativ tarixi konsepsiyaların yaranması hələ 1960-ci illərə təsadüf edir. Tarixçi Süleyman Əliyarov Quzey Azərbaycanın Rusiya ilə birləşməsi və iqtisadi vəziyyət adlı dissertasiyasında Azərbaycanın Rusiya ilə birləşməsinin istila olduğunu qeyd etmişdir. Əliyarov, Mahmud İsmayılov və Ziya Bünyadov bu qəbildən yazılarına görə tənqidlərə məruz qalmışdılar (Yaqublu 2018, 286). Bu tarixçilər alternativ tarixi konsepsiyaların ilk nümayəndələri hesab oluna bilərlər.

Milli azadlıq hərəkatı dövründə tarix və ədəbiyyata aid intellektual xitab Azərbaycan tarixi ilə, xüsusilə də dominant Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə yanaşı, sovet dövrünün müxalif intellektual və dissidentlərinin mənəvi irsinə müraciətdə də öz əksini tapırdı. Azərbaycan Xalq Cümhuriyyəti dövrü isə Milli Azadlıq Hərəkatına başçılıq edən intelligentsiyanın intellektual və ideoloji ilham mənbəyinə çevrilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin qayıdışı samizdat əsərlərindən başlamışdı. Ardınca 1989-1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ilkin mənbələr də nəşr edilirdi (o cümlədən M. Ə. Rəsulzadənin Çağdaş Azərbaycanın tarixi, Mirzə Bala Məmmədzadənin kitabları və sair) (Yaqublu 2018, 605-606). 1991-ci ildə Nəsiman Yaqublu Rəsulzadə haqqında ilk kitabını nəşr etmişdi (Yaqublu 2013, 409).

Tarixçilər Azərbaycan Xalq Cümhuriyyəti haqqında kitablar yazmağa başlayır və bu dövrün sovet tarixşünaslığındakı neqativ təsvirindən imtina edilirdi. Bu dövru tədqiq edən ilk araşdırmaçılardan olan Mövsum Əliyev cümhuriyyət tarixinin araşdırılmasında xüsusi mərhələ rolunu oynamışdı. Manaf Suleymanovun xeyli populyar Eşitdiklərim, oxuduqlarım, gördüklərim kitabı da Zaur Qasımovun qeyd etdiyinə görə, Azərbaycan tarixinin ağ ləkələrini işıqlandıran yeni tipli əsərlərdən hesab oluna bilər. Çünki Bakı şəhəri, messenatlar və Rəsulzadə haqqında bəhs edilən fəsillər sovet ritorikasından azad idilər (Гасымов 2007, 174). Ümumiyyətlə, bu dövr əsərlərində Azərbaycan Xalq Cümhuriyyəti liderləri müstəqil dövlətin baniləri kimi təqdim edilir, onların ölkədə həyata keçirdiyi siyasətə, o cümlədən demokratik islahatlara diqqət yetirilirdi. 1920-ci ilin 28 Aprel hadisələri indi birbaşa işğal adlandırılırdı. Buna nümunə olaraq, Aydın Balayevin Azərbaycan milli demokratik hərəkatı (1917-1920) [Азербайджанское национально-демократическое движение (1917-1920 гг.)] əsərini misal çəkmək olar (Балаев 1990).

Ədəbiyyat sahəsində isə böyük təsirə malik alternativ fikir daşıyıcılarının  nümayəndələrindən biri kimi Aydın Məmmədovu qeyd etmək olar. Ana Dili Birliyinin qurucusu olan Məmmədov türkçülüyü araşdırırdı (Yaqublu 2018, 358-359). Alternativ nəşrlərdən isə Odlar YurduQobustan jurnallarının adını çəkmək mümkündür. Bu dərgilərdə sovet ideologiyası tərəfindən geniş işıqlandırılmayan və ya fərqli yazılan sujetlərdən bəhs edilirdi.  

Milli Azadlıq Hərəkatının ideologiyası

Milli Azadlıq Hərəkatının ideologiyası geniş mövzu olduğuna və bir çox mənbələrin istifadəsinə ehtiyac duyulduğuna görə burada ideologiyanın ilkin formalaşması prosesi izah ediləcəkdir. Milli Azadlıq Hərəkatı ideologiyasının formalaşmasında ideoloqların fəaliyyəti, xüsusilə mətnləri və mitinq çıxışları başlıca rol oynayır. Sovet ideologiyasının tənəzzülü yenidənqurma dövrünün dəyişilikləri ilə əlaqələndirilir. Sovet sistemində islahat aparmaq cəhdlərinin (Xruşov ottepeli, Andropovun islahatları) ardınca yenidənqurma sovet ideologiyasının zəifləməsinə təkan verdi. Əgər əvvəlcə yenidənqurma leninist normalara qayıdış şüarı altında gedirdisə, sonradan Leninin tarixdəki rolu özü mübahisə obyektinə çevrildi, sovet tarixşünaslığında və jurnalistikasında Leninə münasibət dəyişməyə başladı. Bu Leninin anadan olmasının 120 illik yubileyinin qeyd olunması zamanı daha aydın göründü. Partiyanın ölkə üzərində ideoloji nəzarətinin delegitimləşdirilməsi son yenidənqurma dövründə sovet sisteminin sabitliyinin pozulmasının əsas səbəblərindən biri oldu. Nəticədə, 1990-cı il fevralın 7-də SSRİ Konstitusiyasının Sov.İKP-nin aparıcı və rəhbər rolu haqqında 6-cı maddəsi ləğv edildi (Hоврузов 2019, 136-138).

80-ci illərdə başlayan mitinqlər xalq və intelligentsiya arasında yeganə birbaşa ünsiyyət funksiyasını oynayırdı. Çünki siyasi təzyiq səbəbindən intellektualların mətbu orqanlara və televiziyaya geniş çıxışı yox idi. 80-ci illər mitinqlərinin kulminasiyası olan və böyük kütlələri ətrafında toplayan Meydan hərəkatının (17 noyabr-5 dekabr 1988) potensial siyasi gücünün intellektualların əlində olduğunu söyləmək olar. Mitinqlərin şüar və çıxışlarına nəzər yetirdikcə onların ideoloji maariflənmədə başlıca rol oynadığı görünür. Mitinqlərdə çıxış edən intelligentsiya mövcud siyasi durumu müzakirə edərkən tarixə ekskurslar edir, hazırkı durumun səbəblərini keçmişdə axtarır və səhvləri sovet rəhbərləri ilə (məsələn, Stalin, Şaumyan, Mikoyan, Qorbaçov) əlaqələndirilirdi. Mitinqlərin liderləri olan humanitar intelligentsiyanın nümayəndələri giley edirdilər ki, onların milli məsələlərə aid alternativ, yəni sovet ideologiyası ilə tam üst-üstə düşməyən əsərləri nəşr olunmur, senzuraya məruz qalır və ya məhdud şəkildə işıq üzü görürdü. Mitinqlər faktiki olaraq xalq üçün alternativ tarix və ədəbiyyat dərslərinı çevrilirdi. Azərbaycan dilinin statusu, Cənubi Azərbaycan problemi, azərbaycanlılarının deportasiyaları, ermənilərinin köçürülməsi, Azərbaycan Xalq Cümhuriyyəti banilərinin qəhrəmanlaşdırılması və digər milli mövzular mitinqlər vasitəsi ilə xalqa çatdırılaraq tədricən siravi vətəndaşların təsəvvüründə sovet ideologiyasının dağılmasına aparırdı.

Qarabağ məsələsindən sonra Cənubi Azərbaycan mövzusu da Milli Azadlıq Hərəkatının ideologiyasında millətçiliyin formalaşmasında başlıca rol oynamasına görə nəzərdən keçirilməlidir. Cənubi Azərbaycan məsələsi Milli Azadlıq Hərəkatının ilkin siyasi və ideoloji aktivliyinin mənbəyi kimi qiymətləndirilməlidir. İlk mitinqlərdə müstəqilliyi tələb edən şüarların səslənmədiyi zaman Cənubi Azərbaycan ilə birləşmə haqqında şüarların olması bu mövzunun Milli Azadlıq Hərəkatının ideoloji mənbəyi olduğunu göstərir. Misal olaraq, “Təbriz” və “Siyamək” (əsl adı Nasir Rəhbəri olan cənubi azərbaycanlı siyasi məhbus) şüarlarını çəkmək olar. İlk mitinqlərdə aktiv olan təşkilatlarda (Çənlibel, Yurd Birliyi, Birlik cəmiyyəti, Varlıq mərkəzi) əslən cənubi azərbaycanlı olan bir sıra şəxslər də təmsil olunurdu. Cənubi azərbaycanlılar siyasi təcrübəyə malik olduğuna görə onlara (məsələn, İsmayil Təriqpeymana) təşkilatlanma işləri həvalə edilirdi (Yaqublu 2018, ss. 369, 386, 415). Mitinqlərdə Şəhriyarın Heydər Babaya Salam poeması səslənirdi. Həmçinin Səttarxan adlı marş ifa olunurdu (Yaqublu 2018, 548). Həmçinin Xiyabani, Səttarxan və Pişəvari hərəkatlarına aid tarixi kitablar nəşr edilirdi (bax, Çeşmazər 1986; Tağıyeva 1990). Bir çox təşkilatların məramnamələrinə Cənubi Azərbaycan məsələsi əlavə edilmişdi (Yaqublu 2018, ss. 369, 395). Cənubi azərbaycanlı Məhəmməd Hatəmi Tantəkin ilk müxalif təşkilatı (Çənlibel) yaradan dissidentlərdən biri hesab olunur. Dövrün tanınmış simalarından birinə çevrilmiş İsfəndiyar Çoşqun da əslən cənubi azərbaycanlı idi. Nəticədə 31 dekabr 1989-cı il Sərhəd hərakatı hadisələrini də bu proseslərin gətirib çıxartdığı siyasi apogey nöqtəsi hesab etmək olar.

Milli Azadlıq Hərəkatının liderləri

Milli Azadlıq Hərəkatının əsas ideoloqları kimi hərəkatın liderləri olan Xudu Məmmədovu, Hikmət Hacızadəni, Məhəmməd Hatəmi Tantəkini, Əbülfəz Elçibəyi, Bəxtiyar Vahabzadəni və digərlərini qeyd etmək olar. Xudu Məmmədov yeni intelligentsiyanın ilk simalarından biri sayıla bilər. İxtisasca humanitar elmlərə aid olmayan Məmmədov xalq, elvətən anlayışlarını tez-tez dilə gətirirdi. O, sıravi vətəndaşların cəmiyyətdə oynadığı ictimai rolun vacibliyini qeyd edir və yarı-leqal təşkilatlarda iştirak edərkən bu rolu formalaşdırmağa çalışırdı. Onun fəlsəfi əsərlərində (Qoşa qanadNaxışların yaddaşı) sətiraltı mistik və ya romantik millətçiliyin izlərinə rast gəlinir (qədim naxışlarda türkçülüyün izlərini axtarmaq cəhdi). Məmmədovun cəmiyyət problemlərinə xalq və vətən bağlılığından çıxış etməsi onun sovet ideologiyasının proletariat, sinif anlayışlarından uzaqlaşmaq cəhdinin sübutudur. Elm və sənət arasındakı bağlılığa önəm verilməsi və bu sahələrini vətən sevgisi ilə əlaqələndirilməsi cəmiyyətin iqtisadi rifahını və texnologiyanın inkişafını üstün tutan sovet ideologiyasının pozitivist yanaşmasına zidd idi.

1960-ci illərdə dissidentlik fəaliyyətinə başlayan Hatəmi Bütöv Azərbaycan konsepsiyasının ilk ideoloqlarından biri hesab oluna bilər. Çünki əsasını qoyduğu təşkilat və partiyaların (QızılbaşlarQurtuluş) məramnamələrində Şimali və Cənubi Azərbaycanın vahid və müstəqil dövlət kimi qurulması aydın şəkildə ortaya qoyulurdu (Yaqublu 2018, 503-507). Qədim zamanlardan mövcud olan vahid millət və dövlət haqqında yazan Elçibəyi isə primordialist millətçi hesab etmək olar. O da Bütov Azərbaycan ideyasını siyasi müstəviyə gətirərək, bu ideyanın populyarlıq qazanmasında əlahiddə rol oynamışdı.

Milli Azadlıq Hərəkatında mərkəzi rol oynayan AXC-nin siyasi nəzəriyyələrinin formlaşmasında Hikmət Hacızadənin də xüsusi rolu olub. Onun iştirakı ilə hazırlanmış AXC proqramının yekun məqsəd kimi təyin etdiyi vətəndaş cəmiyyətihüquqi dövlət anlayışları beynəlxalq siyasətdə istifadə olunan klassik siyasi dil idi (Hacızadə 2021, 43) ki, bu ümumbəşəri prinsiplər siyasi yenidənqurma dövrü ilə gündəmə gəlmişdi (Новрузов 2019, 137). 

Nəticə

Məqalədə mən Milli Azadlıq Hərəkatının liderlərinə çevrilən intelligentsiyanın homogen olmadığını, yəni dissident və meynstrim intelligentsiyadan ibarət olduğunu iddia etdim. Dissident və meynstrim intelligentsiyadan ibarət olan müstəqil intelligentsiyanın formalaşmasında Xruşov və Qorbaçovun hakimiyyəti dövründə həyata keçirilmiş siyasi dəyişiliklərin əhəmiyyəti qeyd olundu. Xruşovun hakimiyyət illərində intelligenstsiya millətçilik fonunda fəaliyyət göstərirdi, 60-cı illər ideoloji yumşalmalar ilə fərqlənirdi. Xruşovun hakimiyyət illərində fəaliyyət göstərən meynstrim intelligenstsiya siyasi aktivlik göstərmirdi, lakin Qarabağ, Cənubi Azərbaycan, dövlət dili və digər milli mövzularının periodik olaraq siyasi proqrama salınmasında müəyyən rol oynayırdı. Qorbaçovun hakimiyyət illərində ərsəyə gələn intelligenstiya siyasi aktivlik göstərməyə başladı. Bu aktivlik özünü sovet quruluşunun tənqidi və Qarabağ probleminin müzakirəsində göstərdi. Bir çox təşkilatları yaradan intelligenstsiya tərəfindən tarix və ədəbiyyatla bağlı mövzuları müzakirə edilir və getdikcə sovet ideologiyasına zidd olan alternativ tarix və ədəbiyyat daha da populyarlaşırdı.

Milli Azadlıq Hərəkatında əsas rolu dissidentlər və meynnstrim intelligentsiyadan ibarət humanitar intelligentsiya oynayırdı. Dissidentlər sovet totalitarizmini əvvəldən tənqid ediblər. Meynstrim intelligentsiya isə sovet ideologiyası çərçivəsində siyasi aktivlik göstərib, lakin Qarabağ hadisələri və digər milli məsələrin gündəmə gəlməsində millətçiliyə doğru meyllənməyə başlayıblar. Milli Azadlıq Hərəkatına liderlik edən intelligentsiya əsasən humanitar elmlərdən gəldiyinə görə intellektual mənbələrdə tarix və ədəbiyyat sahələri üstünlük təşkil edirdi. Milli tarix və ədəbiyyat mitinqlərə liderlik edən təşkilatların ideoloji mənbəyinə çevrildi. Milli Azadlıq ideologiyasında mitinq çıxışları və samizdat mətnləri mühüm rol oynadı. Qarabağ və Cənubi Azərbaycan mövzularının Milli Azadlıq ideologiyasında müstəsna yeri var idi.

Ədəbiyyat siyahısı:

Балаев, Айдын. Азербайджанское национально-демократическое движение(1917-1920 гг.). Баку: Элм, 1990.

Baxşəliyeva, Gövhər. Bünyadov Ziya Musa oğlu: Biblioqrafiya. Bakı: Nurlan, 2004.

Çeşmazər, Mirqasim. Azərbaycan Demokrat partiyasının yaranması və fəaliyyəti. Bakı: Elm, 1986.

Əliyev, Əli. Əlincə yaddaşı. Bakı: Elm və Həyat, 2004.

Hacızadə, Hikmət. Demokratiyaya gedən uzun yolda… Məqalələr, müsahibələr (1988-1993). Bakı: Qanun , 2021.

Həsənli, Cəmil. Azərbaycanda sovet liberalizmi: Hakimiyyət. Ziyalılar. Xalq.(1959-1969). Bakı: Qanun, 2018.

Həsənli, Cəmil. Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar (1954-1959). Bakı: Adiloğlu, 2008.

Hüseynov, Rafael. “Bəxtiyar Vahabzadənin arzuladığı bəxtiyar gələcək- IV hissə”. 525-ci qəzet (03.08.2017): http://www.anl.az/down/meqale/525/2017/avqust/552973.htm

Гасымов, Заур. “Утерянная государственность Азербайджана в зеркале историографии: дискуссия об оккупации Республики”. Кавказ и глобализация, том 1(5) (2007): 170-77.

Гасымов, Заур. ‘‘Диссиденство и оппозиция на Кавказе: критики советского режима в Грузии и Азербайджане в 1970-х- начале 1980-х годов’’. Какваз и глобализация, том 3(1) 2009: 181-188.

Qaffarov, Tahir (redaktor). Azərbaycan tarixi yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı: Elm, 2008.

Мансуров, Ариф. Белые пятна истории и перестройка. Баку: Язычы, 1990.

Hоврузов, Загид. “Идеологическая делегитимация советского режима в конце 80-х гг. как фактор дестабилизации системы.” Современная научная мысль, н. 6 (2019): 135-39.

Tağıyeva Şövkət. 1920-ci il Təbriz üsyanı. Bakı: Elm, 1990.

Tahirzadə, Ədalət. Meydan: 4 il 4 ay. Azərbaycan Xalq Hərəkatı haqqında gündəlik-qeydlər. Təkmilləşdirilmiş 2-ci nəşri (1988-1992). Bakı: Qanun, 2021.

Yaqublu, Nəsiman. Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası: Sovet rejiminə qarşı mübarizə: 1920-1991. Bakı: Qanun, 2018.

Yaqublu, Nəsiman. Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası. Bakı: Kitab Klubu, 2013.

[1] Samizdatlar: “Soy” məcmuəsi, “Gülüstan’’ toplusu, Əliyev M. AXC haqda yazıları.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.