fbpx

Cəmiyyət

Cəmiyyət

Qədim İmperiyaların Yəhudi İcması: Antisemitizmin mənşəyində nə durur?

Read this article on other language
Download article
image_pdf
image_pdf

2023-cü il dekabrın 5-də ABŞ universitetlərində antisemitizm dalğasının güclənməsi fonunda ölkənin aparıcı universitetlərindən üçünün, Pensilvaniya Universiteti (UPenn), Harvard Universiteti (UH) və Massaçusets Texnologiya İnstitutunun (MİT) prezidentləri dinləmə üçün ABŞ Konqresinə dəvət olundular. Dinləmələr zamanı hər üç prezident sadə bir suala, “Yəhudilərin soyqırımına çağırış sizin rəhbərlik etdiyiniz universitetin Əxlaq Kodeksinə ziddirmi?” sualına konkret cavab verə bilmədi. Bu vəziyyət təkcə ABŞ-da deyil, bütün dünyada geniş rezonans doğuraraq antisemitizmin nə qədər aktual olduğunu bir daha xatırlatdı. Bəs antisemitizmin kökləri haradan gəlir və nə üçün bu ideologiya ilə aparılan mübarizə uğurlu nəticə vermir?

Yəhudilərə qarşı diskriminativ və düşmən münasibət üzərində qurulmuş antisemitizmin kökləri eramızdan çox-çox əvvələ gedir və yəhudlərin öz vətənlərindən sürgünləri ilə bağlıdır. Sürgün olunduqları ərazilərdə məskunlaşmış yəhudi icmalarına münasibət hər zaman birmənalı olmayıb, bu münasibət siyasi hakimiyyətlə yəhudi icma başçıları və ya icmanın nüfuzlu üzvləri arasında  münasibətə uyğun dəyişib. Yəhudi icmasının vəziyyətinə təsir edən digər önəmli faktor imperiya rəhbərlərinin dini siyasəti olub. Etnik kimliyin aktual olmadığı qədim dövrlərdə dini mənsubiyyət siyasi loyallığa təsir edən əsas amillərindən idi. Bu yazıda məqsəd qədim imperiyalar ərazisində məskunlaşmış yəhudi icmalarının yerli hakimiyyətlə münasibətlərini təhlil etmək və bu təhlil əsasında  antisemitizmi doğuran səbəblərə və onun təzahür formalarına aydınlıq gətirməkdir.

Yəhudilərin tarixə məlum olan ilk sürgünü Yeni Assuriya imperiyasının işğalları ilə – yəni b.e.ə VII – əsrlə bağlıdır. Lakin dünyanın müxtəlif qitə və şəhərlərində yəhudi icmalarının yaranması Yeni Babil İmperiyasının işğallarının nəticəsi idi. Bu işğallar yəhudiləri fərqli dini baxışlara, mədəni və etik dəyərlərə məxsus hakimiyyət altında yaşamağı öyrənməyə məcbur etdi. Londondakı Britaniya Muzeyində saxlanılan Babil salnamələrinin biri şah II Navuxodonosorun başda İudeya padşahı Yekoniya olmaqla 10 min yəhudini əsir götürdüyü haqda məlumat verir. Əsir götürülənlər padşahın ailəsi, 7 min döyüşçü və 1000 sənətkardan ibarət idi. Bu əsirlərin bir qismi Babil sarayında qabiliyyətlərinə uyğun işlə təmin edilmişdilər. Yerdə qalanlar isə yeni şəhərlərin salınması məqsədi ilə boş qalmış ərazilərə köçürülmüş və ya hərbi xidmətə cəlb edilmişdilər.

Qədim Babilistanda Yəhudi icmasının gündəlik həyatı arxeoloji qazıntılar və mixi yazıların verdiyi məlumatlar əsasında bərpa edilir.[i] Bu mənbələr yəhudilərin Babil hökmdarları və qonşuları ilə münasibətinə də aydınlıq gətirir. Azsaylı tarixi mənbələr, xüsusilə gil kitabələr üzərindəki paleo-ivrit mətnləri Bablistanın yəhudi icmasının öz dillərini qoruduğuna dəlalət edir.[ii] Çox güman ki,  yəhudi icması öz dili ilə yanaşı, imperiyanın aramey dilində də danışırdı. Babil hökmdarları yəhudilərin dini ayinlərini icra etməsinə məhdudiyyətlər qoymasalar da, mixi mənbələr qeyd edilən dövrdə heç də bütün yəhudilərin Şabbat qaydalarına əməl etmədiyini təsdiq edir. (Cümə axşamdan şənbə axşama qədər davam edən Şabatda yəhudilərə qadağan olunan umumi işlər arasında yazmaq, bişirmək, patlar yumaq, tonqal qalamaq, bazarlıq etmək, bağçada işləmək və s. daxildir.)

Tədqiqatçılar onomastik təhlil (şəxsi adların) əsasında yəhudilərin Babilistan idarə aparatında təmsil olunduqlarını müəyyənləşdirə biliblər. Mixi yazılar eyni zamanda yəhudilərin dini qadağalara rəğmən Babilistanın iqtisadi və ticarət həyatına yaxından cəlb olunduqlarına dəlalət edir.[iii] Mənbələr yəhudi saray tacirlərinin Babil həmkarları ilə qızıl, aqrar məhsulların ticarəti, evlərin icarəyə verilməsi kimi sahələrdə yaxın əməkdaşlığından xəbər verir. Babilistan hakim dairələrinə inteqrasiya olunmuş yəhudilərin bir qismi saray xadimləri idi. Tarixi mənbələr yəhudillərin Babilistanın hakim təbəqələri ilə nikah vasitəsilə qohumluq əlaqələri yaratdıqları haqqında da nümunələr əks etdirir.[iv] Bu məlumatlar Babilistanda yaşayan yəhudilərin yerli icmaya hərtəfərli inteqrasiyasından xəbər verir. Bu, eyni zamanda çoxallahlı Babilistanda təkallahlı yəhudilərin ciddi məhdudiyyətlər və diskiriminasiya ilə üzləşmədiyini də təsdiqləyir. Yəhudilərin Babilistanda imperiya qaydalarına və hakim təbəqəyə asan inteqrasiyasını şərtləndirən bir çox amil var idi. Lakin onların ən önəmlisi Babil sürgünü dövründə yəhudilərin dini baxışlarının tam formalaşmaması idi. Yəhudilərin itaət edəcəyi vahid müqəddəs kitabın olmaması, dini qadağaların sistemli hala salınmaması onlara dini qaydalara etinasız yanaşmaq və yerli adətlərə adaptasiya imkanı verirdi.

Babil hakimlərinin dini tolerantlıq ənənəsi Əhəməni Fars imperiyası dövründə də  davam etmişdir. Yəhudi icmasının müasir İran ərazisində məskunlaşmasının 3000 illik tarixi var. Kirin (Kuruş – Cyrus) xələfi II Kambizin (Cambyses – Kambuciya) dövründə Əhəməni imperiyası daha da genişlənərək şərqdən Hind çayı, qərbdən Misir və Efiopiyaya qədər uzanan geniş əraziləri əhatə edirdi. Yəhudilər bu imperiyanın müxtəlif bölgələrində  çox zaman bir-birlərindən təcrid olunmuş halda yaşayırdılar. Zamanla bu cür həyat onların dilinə və həyat tərzinə ciddi təsir göstərir, tarixi əlaqələrini zəiflədirdi. İmperiyanın müxtəlif bölgələrində məskunlaşmaları müasir dövrümüzdə yəhudilərin coğrafi məkana uyğun təsnifatının əsasını qoymuşdur. Qədim imperiyalar olduqca geniş əraziləri əhatə edirdi, kommunikasiya vasitələrinin inkişaf səviyyəsi imperiyanın bir-birindən olduqca uzaqda yerləşən bölgələri və əyalətləri arasında mütəmadi və sürətli əlaqəni mümkünsüz edirdi. Bu isə yəhudi icmalarının bir-birindən təcird olunmuş halda yaşaması və yaşadıqları ərazidə özlərinə məxsus qaydalar yaradaraq onlara uyğunlaşmasına şərait yaratmışdı. Nəticədə Suriyanın bölgələrində yaşayan yəhudilərlə Qafqaz ərazisində yaşayan yəhudilər arasında müəyyən fərqliliklər yaranırdı. İran yəhudiləri, Azərbaycan yəhudiləri, Gürcü yəhudiləri, Buxara yəhudiləri kimi terminlər Babil və Əhəmənilərin işğal siyasətinin nəticəsində yaranmış fərqlilikləri əks etdirirdi.

Əhəməni İmperiyasında məskunlaşmış yəhudilərin əksəriyyəti imperiya ordusunda xidmət edirdi. Yəhudi əyanlar isə imperiyanın paytaxtı Suzda yüksək vəzifələrə təyin olunurdular. Onların ən məşhuru Ezra, Mordekay və Nehemiah idi. Ezra yəhudi tarixinin nüfuzlu şəxsiyyətlərindən biridir. Ezra Babil sürgünündən sonra yəhudilərin Tövrat qanunlarına əsasən dini-etnik kimliyinin əsasını qoymuş şəxs, İudaizmin atası hesab edilir. İosif Flavi Ezranı Əhəməni şahənşahı I Artakserksin (Artaxerxes – Artaxşaça)  (b.e.ə. 465-425) yaxın dostu kimi təsvir edir.[v]  Artakserks yəhudilər arasında böyük nüfuza malik, yəhudi dini qanunlarına dərindən bələd olan Ezranı İudeyanın satrapı təyin edir. Artakserksin yəhudilərə isti münasibəti Ester (Hadassah) adlı yəhudi qadınla evli olması ilə əlaqələndirilir. Bu evliliyin səbəbkarı isə Mordekay idi. Qədim mənbələr Fars şahənşahı I Artakserksin Suzdakı sarayında baş vəzir postunu tutmuş Mordekayın İudeyadan sürgün edilmiş yəhudi əsirlərdən birinin, Kişin nəvəsi olduğuna işarə edir. İudeya padşahlığı hər dəfə müstəqillik uğrunda mübarizəyə qalxanda Əhəmənilər taxta otuzdurduqları adamı ailəsi, əyanları və sənətkarlarla ilə birgə əsir götürür, onları yeni şəhərlərin, yaşayış məskənlərinin salınması üçün imperiyanın müxtəlif bölgələrinə yerləşdirir, işğal zamanı döyüşçü və sərkərdə kimi orduya cəlb edirdilər. Dövlət işlərində qabiliyyət və bilikləri olanlar, xüsusilə də təbabət elminə bələd olanlar isə sarayda kifayət qədər yüksək vəzifəyə təyin edilirdilər.

Rəvayətə görə, Kserksin baş vəziri Haman yəhudilərin saraydakı mövqeyindən, xüsusilə şahənşahın xanımının yaxın qohumu Mordekayın onun qarşısında baş əyməməsindən hiddətlənərək şahənşahı ölkədəki bütün yəhudiləri öldürməyə təhrik edir. Hamanın planınından xəbər tutan Ester xalqını qorumağı bacarır, yəhudilər onları qırğına verməyə hazırlaşan düşmənləri, Hamanın tərəfdarları və oğulları üzərinə hücum edirlər. Bu hadisə yəhudi tarixində Purim adlı bayramla əlaqələndirilir. Vaxtilə şahənşaha qarşı təşkil olunmuş sui-qəsdin üstünü açmış Mordekay həm yəhudilər, həm də farslar arasında böyük nüfuz sahibi kimi xatırlanır. Saraydakı nüfuzundan istifadə edən Mordekay öz xalqının maraqlarını qorumuş, onların inkişafı üçün imkanlar yaratmışdı.

Əhəməni sarayının yəhudi mənşəli ikinci məşhur şəxsi Nehemiahdır. Qədim dövrdə hökmdarlar zəhərlənməkdən qorxduqları üçün içkiləri yalnız çox inandıqları və etibar etdikləri insanların əlindən içərdilər. Əhəməni imperiyasında şahənşahların əksəriyyəti sui-qəsd nəticəsində öldürüldüyündən etibarlı insanlar mühüm əhəmiyyət kəsb edirdi. Artakserks üçün bu adam yəhudi mənşəli Nehemiah idi. Şahənşaha yaxınlığı onu İudeyanın canişini vəzifəsinə qədər yüksəltmişdi. Əhəmənilər ərazisində məskunlaşmış yəhudilər ciddi diskriminasiya ilə üzləşməmiş, imperiyanın  iqtisadi-siyasi həyatında fəal iştirak etmiş, maliyyə imkanlarını və siyasi nüfuzlarını möhkəmləndirə bilmişdilər. İmperiyanın əsas dili aramey dili olduğu üçün yəhudi icmasının dövlətin idarə aparatında təmsiliçiliyinə ciddi  maneələr olmamışdır.[vi]

Əhəməni dövründə yəhudilərin gələcək həyatına ciddi təsir etmiş mühüm bir hadisə baş verdi. Ezranın yəhudilərin sosial həyatını nizamlayan qaydaları möhkəmləndirməsi yəhudilərlə digər xalqlar arasında görünən bir sədd yaratdı. Qarışıq nigahların qadağan edilməsi yəhudilərin yaxın qonşularına inteqrasiyasının qarşısını almaq məqsədini güdürdü. Bu qadağa yəhudi icmasının dini-etnik kimliyini formalaşdırmaqla yanaşı, sosial təcridolunmasının da əsasını qoydu.

Əhəmənilər imperiyasına son qoymuş Makedoniyalı İsgəndərin yaratdığı imperiyada yəhudi icmasına münasibət müsbət olub. Yəhudilərin ən böyük icması Misirin İsgəndəriyyə şəhərində idi. İsgəndərin dövründə yəhudilərin dini və etnik diskriminasiyası ilə bağlı məlumatlar qeydə alınmayıb. Vəziyyət İsgəndərin ölümündən sonra dəyişir. Makedoniyalı İsgəndərin imperiyası dörd sərkərdəsi arasında bölüşdürüldükdən sonra yəhudilərin sayca çoxluq təşkil etdiyi müasir Suriya ərazisi Selevkilər sülaləsinin nəzarətinə keçir. İlk vaxtlar Selevkilər yəhudilərə geniş muxtariyyət vermiş və onların öz qanunlarına uyğun idarə olunmasına imkan yaratmışdılar. Lakin yəhudilərin məskunlaşdığı ərazilərin yaxınlığında Selevkilər imperiyasının paytaxtı olacaq yunan şəhəri (polis) Antioxiyanın salınması ilə vəziyyət dəyişir.

Selevkilər yəhudilərin öz qanunları və idarəçiliyi altında yaşamasına qadağalar qoymağa, onları yunan qaydalarına tabe etməyə, yəni mədəni assimilyasiyaya başlayırlar. Yerusəlimdəki Məbəd Antioxiya şəhərinin tabeliyinə verilir, yəhudilərin idarəçiliyi də paytaxt şəhərə tapşırılır, yəhudilər isə şəhərin təhkimlisinə çevrilir. Bundan başqa, Antioxiyada tez-tez bütpərəstliyi və hökmdar Antioxa pərəstişi təbliğ  və təcəssüm etdirən bayramlar keçirilir. Yerusəlimdə Zevs Allahının şərəfinə Məbəd ucaldılır. Yəhudilərin Şabat, Roş Kodesh bayramlarını qeyd etməsi, sünnət və digər adətlərinin icrası qadağan olunur. Antiox yəhudilərə bütlərin şərəfinə ehramlar tikməyi əmr edir. Tək Allaha sitayiş edən və dini qaydalara uyğun yaşamağa çalışan yəhudilər bu siyasəti özlərinə qarşı təhqir kimi qiymətləndirirlər. Tezliklə yunanların assimilyasiya siyasətinə qiyamla cavab verilir.[vii]

Tarixə Makkaveylər üsyanı kimi daxil olan bu etiraz yəhudilərin Selevki hökmdarı, “Allahın sevimlisi” (Epifan) ləqəbini daşıyan IV Antiox üzərində qələbəsi ilə başa çatır. Bu qələbə yəhudi tarixində dekabr ayına təsadüf edən Hanukkah bayramı ilə qeyd olunur. Selevkilər imperiyasına qarşı üsyan yəhudilərin dini və eyni zamanda etnik kimliyi qorumaq üçün tarixə məlum olan ən böyük mübarizəsi olub. Makkaveylər üsyanı Selevkilər imperiyasına ağır zərbə vurdu. Bu üsyandan özünə gələ bilməyən imperiyanın şərq torpaqları Şərqin qüdrətli imperiyasına çevriləcək Parfiya tərəfindən işğal olundu (b.e.ə. 141-ci il).

Dünya tarixinə Arşakilər kimi məlum olan Parfiya imperiyası dörd əsr yarım qərbdə Aralıq dənizindən Hindistana, şərqdə isə Çinə qədər uzanan geniş əraziləri nəzarətdə saxlamışdır. Bu geniş əraziyə müxtəlif dinlərə sitayiş edən, fərqli etik dəyərlərə malik sivilizasiyalar daxil idi. Yəhudilər bu imperiyanın heç bir şəhərində sayca üstünlük təşkil etməsələr də, məskunlaşdıqları coğrafi məkan olduqca rəngarəng idi. Böyük əraziləri işğal etmiş parfiyalıları iki məsələ narahat edirdi: 1) işğal olunmuş ərazilərdi effektiv idarə etmək;  2) imperiyanın sərhədlərini xarici hücumlardan qorumaq. Məhz bu səbəbdən parfiyalılar işğal etdikləri ərazilərdə mövcud olan qaydaların saxlanılmasında maraqlı idilər. Parfiyalılar hər hansı dini-mədəni ideologiyanı zorla yaymağa təşəbbüs göstərməmiş, imperiya ərazisində yaşayan xalqlar arasında sülhü təmin etməklə siyasi sabitliyə nail olmağa çalışmışdılar.

Tarixə Parfiya hökmdarları ilə yəhudi icması arasında bağlanmış hər hansı razılıq sənədi məlum deyil. Lakin imperiya ərazisində qəbul edilmiş ümumi qaydalar yəhudilərin də digər xalqlar kimi öz qayda-qanunları ilə yaşamaq imkanı əldə etməsindən xəbər verir. Yəhudilərin dini ayinlərinin icrası və bayramlarının qeyd edilməsinə heç bir məhdudiyyət qoyulmamışdı, əvəzində isə onlardan taxta sədaqət tələb edilirdi. Geniş coğrafiyada məskunlaşmış yəhudilərdən malik olduqları iqtisadi-ticari əlaqələrindən Parfiya imperiyasının xeyrinə istifadə edilməsi gözlənilirdi.[viii] Roma imperiyası ilə Çinin Han sülaləsi arasındakı ticarət yollarını birləşdirən İpək yolunun üzərində qurulmuş Parfiya imperiyası üçün bu əlaqələr mühüm əhəmiyyət kəsb edirdi.

Etnik cəhətdən rəngarəng olan Parfiya imperiyasında politeizm geniş yayılmışdı, farslar və yunanlar çox zaman bir-birlərinin ilahilərini mənimsəyirdilər, hər etnik qrupun, bəzən isə hətta hər bir şəhərin öz ilahisi olurdu. Selevki hökmdarları kimi Parfiya hökmdarları da özlərini ilahi hesab edirdilər.[ix] Bəzi Parfiya hökmdarları Zərdüştlüyə rəğbət bəsləsələr də, bu praktika o qədər də  geniş yayılmamışdı.[x]

Zərdüştlük Parfiya imperiyasının rəsmi dini olmadığından imperiya ərazisində onun zorakı yollarla qəbul etdirilməsi kimi cəhdlər də olmamışdı. Əksinə bəzi tarixi mənbələr dini tolerantlıq dövründə imperiya ərazisində İudaizmin yayılmasına dəlalət edir. Mesopotamiyanın şimalında Parfiyanın vassalı olan Adiabenin (qədim Assuriya imperiyasının  şimal-qərb hissəsi) hökmdarları b.e. I əsrində İudaizmi qəbul etmişdilər.[xi]

Aramsız işğallar b.e.ə. I əsrin ortalarına doğru Parfiya imperiyasını Roma ilə üz-üzə qoydu. Daxili çəkişmələrdən və aramsız müharibələrdən zəifləmiş Parfiya bu qarşıdurmadan məğlub çıxdı. B.e.II əsrində Roma imperatorlarının dağıdıcı işğalları və yerli hökmdarların qiyamları altında əzilən Parfiya III əsrin əvvəllərində tamamilə süquta uğradı.

Bizim eranın ilk illərində Babilistanda yaşayan yəhudiləri çıxmaq şərtilə yerdə qalan bütün yəhudilər Roma imperiyasının hakimiyyəti altına düşdü. Yəhudilər daha çox imperiyanın şərq vilayətlərində məskunlaşmışdılar. Yəhudi icmasının yerli icmaya assimilyasiya olmaq istəməməsi, yalnız yerli dili özlərinə lazım olduğu dərəcədə mənimsəməsi, dini qanunlar və mədəni dəyərlərini yerli təsirlərdən qorumaq üçün müqavimət göstərmək bacarığı onları yerli cəmiyyətdən təcrid edirdi. Bu eksküzivlik, özlərini başqalarına qarşı qoymaq, öz dinlərini digər dinlərə, xüsusilə də imperiyanın bütpərəstlik dininə qarşı qoymaq yəhudilərə mənfi münasibətin və tədricən anti-yəhudi əhval-ruhiyyənin yaranmasına səbəb oldu.

Yəhudi icmalarının mövcud olduğu ərazilərdə idarəçiliyi ələ keçirən romalılar sonralar antisemitizm adlandırılacaq problemlə üzləşməli oldular. Bu problem romalıları yəhudiləri idarə etmək üçün xüsusi siyasət yürütməyə vadar etdi. Romalılar siyasi hakimiyyətlə kompromisə getmək istəməyən, assimilyasiyadan imtina edən, qeyri-yəhudi ətrafı ilə münaqişə vəziyyətində olan kiçik yəhudi icmalarını gah təqib edir, gah da qonşularının hücumlarından müdafiə etməli olurdular.[xii] Roma respublikasının tarixi gedişatını dəyişmiş Yuli Sezar və Roma imperiyasının qüdrətli hökmdarlarından olan Avqust yəhudilərə qarşı dini toletrantlıq nümayiş etdirmişdilər. Sezar və Avqustun qanunvericiliyi İudaizmi religio licita (qəbul edilən din) elan etmişdi. Bu termin Roma ərazisində yəhudilərin xüsusi statusu ilə bağlı yaradılmışdı. Bu status yəhudilərə dinlərinə uyğun olmayan Roma qaydalarına əməl etməmək kimi müstəsna hüquq verirdi. Bu müstəsna hüquq ilk dəfə Məbəd vergisi ilə bağlı tətbiq edilmişdi. B.e.ə. 88-ci ildə Kiçik Asiyadan yığılmış böyük məbləğdə vergi Yerusəlimə göndərilən zaman Parfiya hökmdarı Mitridat tərəfindən ələ keçirilir. Bundan sonra romalılar qiymətli metalların imperiya ərazisindən ixracına qadağa qoyurlar. Lakin bu qadağa hər il Yerusəlimdəki Məbədə vergi göndərən yəhudi icmasına aid deyildi.[xiii] Roma qanunları gizli cəmiyyətlərin fəaliyyətinə icazə vermədiyi üçün erkən Roma dövründə sinaqoqların tədris mərkəzləri, inzibati və hüquqi mərkəzlər kimi fəaliyyətinə icazə verilmişdi.

Siyasi hakimiyyətin yəhudilərə xüsusi status verməsi yəhudilərə qarşı mənfi münasibətə son qoymadı, əksinə anti-yəhudi əhval-ruhiyyəni daha da qızışdırdı. B.e.-nın 19-cu ilində imperator Tiberi dörd min yəhudi və İudaizmi qəbul etmiş insanın Sardiniyada üsyançılara qarşı vuruşmaq üçün hərbi səfərbərliyə alınması və yəhudi icmasının yerdə qalan hissəsinin “vəhşi adətlərindən əl çəkmədikləri təqdirdə” sürgün edilməsi haqqında qanun imzalayır (Tacitus, Annals u.lxxxv, 50). Qeyd etmək lazımdır ki, Roma imperiyasında tədricən artmaqda olan anti-yəhudi və yaxud anti-İudaizm əhval-ruhiyyəsinin əsasında etnik dözümsüzlük deyil, Selevkilər dövründə olduğu kimi dini məsələ dururdu. İudaizm yəhudilərlə siyasi hakimiyyət və yerli icmalar arasında dərin bir sədd çəkirdi. Dini qadağalar yəhudilərin yerli qaydalara adaptasiyasına imkan vermir, siyasi hakimiyyət isə bunu separatizm kimi qiymətləndirirdi. Zaman-zaman Roma imperatorları yəhudi icmasını yaşadıqları ərazilərdən sürgün edir, sinaqoqların, ibadət evlərinin bağlanması haqqında qanunlar verir, onları toplaşmaq, hətta sünnət etmək hüququndan məhrum edirdilər. B.e.ə. I və b.e.-nın II əsrlərində Roma hökmranlığına qarşı yəhudi üsyanları anit-yəhudi siyasətini daha da gücləndirdi, yəhudilərin Roma şəhərində yaşaması qadağan edildi. Xristianlığın yayılmağa başladığı dövrdən isə yəhudilər həm də xristian missionerlərlə qarşı-qarşıya gəlməli oldular.

Xristian-İudaizm qarşıdurmasının əsasında, sözsüz ki, Nazaretli İsanın Yerusəlimdə həbs edilməsi və öldürülməsi dururdu. Tədricən Xristianlığın mərkəzinə çevrilmiş Romada İudaizm yeni dinin təsiri altında əzilməyə başlayır. B.e.-nın IV əsrində imperator Konstantinin xristianlığı qəbul etməsi ilə İudaizm-Xristianlıq qarşıdurması yeni mərhələyə keçdi. Konstantin yəhudi icmasını əzmək və yəhudiləri xristianlığı qəbul etməyə məcbur etmək məqsədilə Tiberiyalı İosifi  Tiberiya, Nazaret və Kapernaumda (Kafr Naum) kilsələr tikdirməyə göndərir. Bəzi şəhərlərdə yeni kilsələr tikilən zaman sinaqoqlardakı əşyalar müsadirə edilir. Konstantin yəhudilərin Yerusəlimdən qovulması  haqqında əmr verir. Konstantinin oğlu atasının dini siyasətini davam etdirərək imperiya ərazisində yəhudilərlə xristianların arasında nigaha qadağa qoyur. Nə qədər ki böyük imperiyaların rəsmi dinləri yox idi, xalqların müxtəlif allahlara sitayişinə məhəl qoyan yox idi. Hakimiyyətlər rəsmi din elan etdikdən sonra dini tolerantlıq tədricən yox olmağa və dini zorakılıqla əvəz olunmağa başlayır. Bu siyasət xristianlığı rəsmi din elan etmiş Roma imperiyasında İudaizmə olan münasibətdə daha parlaq təcəssüm olunur.

Lakin qədim imperiyalarda yəhudi icmalarına və İudaizmə münasibət təkcə hakimiyyətin dini siyasəti ilə tənzimlənmirdi. Yerli icmaların dini prioritetləri də dini qarşıdurmalarda mühüm əhəmiyyət kəsb edirdi. Böyük xristian icmalarının yəhudi icmalarından çıxdığı şəhərlərdə anti-İudaizm və anit-yəhudi əhval-ruhiyyəsi bir qayda olaraq daha güclü idi. Bütpərəstlikdən dönmüş xristian icmaları arasında anti-yəhudi münasibətləri o qədər də geniş yayılmamışdı.[xiv]

 

İstinadlar

[i] Laurie Pearce, “Cuneiform Sources for Judeans in Babylonia in the Neo-Babylonian and Achaemenid Periods: An Overview,” Religion Compass (2016) 10/9:1-14.

[ii]William Schniedewind. A Social History of Hebrew: Its Origins through the Rabbinic Period (New Haven: Yale University Press, 2013, 160.

[iii] Kathleen Abraham, “Negotiating Marriage in Multicultural Babylonia: An Example from the Judean Community in Āl-Yāhūdu,” in Exile and Return. The Babylonian Context. Eds., Jonathan Stökl and Caroline Waerzeggers; BZAW 478; Berlin: De Gruyter, 2015), 33-57 (34).

[iv] Tero Alstola. “Judean Merchants in Babylonia and Their Participation in Long-Distance Trade,” WdO 47 (2017), 36.

[v] Josephus. Antiquities of the Jews. Book XI, chapter 5:11. Tarixçilərin əksəriyyəti Ezranın himayədarının I Artakserks olduğunu düşünür, lakin bəzi tədqiqatçılar onun II Artakserks olduğuna əmindirlər.

[vi] Frye, Richard N.; Driver, G. R. (1955). “Review of G.R. Driver’s ‘Aramaic Documents of the Fifth Century B.C.'” Harvard Journal of Asiatic Studies. 18 (3/4): 456–61.

[vii]John Ma Re-examining Hanukkah. https://themarginaliareview.com/re-examining-hanukkah/.

[viii] Jacob Neusner, “Judeo-Persian communities iii. Parthian and Sasanian period,” Encyclopædia Iranica, XV/1, pp. 96-103.

[ix] Colpe C. “Development of Religious Thought”. In Yarshater, Ehsan (ed.). The Cambridge History of Iran, Volume 3(2): The Seleucid, Parthian, and Sasanian Periods. Cambridge: Cambridge University Press, 1983, pp. 819–865.

[x]Bivar, A.D.H. “The Political History of Iran Under the Arsacids”. In Yarshater, Ehsan (ed.). The Cambridge History of Iran, 1983, Volume 3(1): The Seleucid, Parthian and Sasanian Periods.

[xi] Rabinowitz, L. “Proselytes,” in Encyclopaedia Judaica XIII, Jerusa­lem, 1971, pp. 1182-94.

[xii] Smallwood E.M. The Diaspora in the Roman Period before ce 70. The Cambridge History of Judaism. Cambridge University Press, 2008, Volume 3, Chapter 6, p.169.

[xiii] Josephus F. Antiquity of Jews. Book XIV, 112-113.

[xiv] Richardson P. The Begginig Christian Anti-Judaism, 70-c. 235. The Cambridge History of Judaism. Cambridge University Press, 2008, Volume 4, p.244- 256.

Əvvəlki hissəyə keçid:

Yəhudi xalqının qədim dövr tarixinə qısa bir nəzər

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.