fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Konspiroloji nəzəriyyələr və fəlsəfənin dəyəri

Read this article on other language
Download article
image_pdf
image_pdf

Meynstrim düşüncənin əleyhinə Sendi Huk məktəbinə silahlı hücum yalandır, COVİD-19 əleyhinə vaksin olunmuş insanla yaxın münasibət sizi sonsuz edə bilər və ya Holokost heç zaman baş verməyib kimi iddia eşitdikdə, onu qiymətləndirmək üçün necə düşünməlisiniz? Daha ümumi ifadə etsək, qeyri-adi bir iddia ilə qarşılaşdıqda, ona inanmalı olub-olmadığımızı düşünərkən nələri nəzərə almalıyıq? ‘Nəyəsə nə zaman inanmalıyıq,’ ‘nəyəsə inanmaqda nə zaman əsasımız var?’ suallarını qoyduqda, seçdiyim ixtisasın – fəlsəfənin – əhəmiyyəti dərhal aşkar olur.

Nəyə inanmalı olduğumuz barədə fəlsəfə bizə nə öyrədə bilər? Filosoflar əsaslandırma ilə bağlı suallar üzərində düşünməkdə təcrübəlidirlər. Fəlsəfə tələbəsi nəticəni əsaslandırmaq üçün müxtəlif metodlar öyrənir və yuxarıda qeyd etdiklərimə bənzər iddialar üçün başqalarının irəli sürdüyü əsaslandırmaları qiymətləndirəcək bacarıqlar inkişaf etdiririr. Hərçənd, inamı əsaslandırmaqda bu və ya digər formada sübutun zəruri olduğunu bilmək üçün filosof olmağa ehtiyac yoxdur. Sübut əsasında inanmaq rasionaldır; sübutsüz və ya sübut əleyhinə inanmaq isə (adətən) rasional deyil. Bəs, hansı növ sübut? Nə qədər sübut? Axı konspiroloq da öz nəticələrini əsaslandırmaq üçün sübut təklif edə bilər. Bu, o mənaya gəlir ki, biz onun iddialarına inanmalıyıq?

Gerçəkliyə uyğun olmayan inamları əsaslandırmaq üçün digər cəhdlər barədə müzakirələrə görə fəlsəfə tarixinə və bu müzakirələrin bəhs etdiyi əsaslandırma haqqındakı daha geniş dərslərə – onlar bu gün də konspiroloji düşüncəyə tətbiq oluna bilər – nəzər sala bilərik. Bugünlərin konspiroloji nəzəriyyələri kimi gerçəkliyə yüksək dərəcədə qeyri-uyğun olan iddialar XVIII əsrin böyük şotland filosofu Devid Yumun maraq dairəsində idi. Bir qədər qapalı ateist olan Yum İncil möcüzələri haqqındakı iddiaları nəzərdən keçirirdi. Möcüzələrə inanmağın konspiroloji düşüncə ilə bərabər müstəvidə olub-olmadığını kənara qoysaq, gerçəkliyə uyğun gəlməyən şeyə inanmağın xeyrinə olan sübutu dəyərləndirməkdə ilhamlanmaq üçün biz yenə də Yuma nəzər sala bilərik. Bu, fəlsəfəni – hətta “köhnə” fəlsəfəni – nəyə görə öyrənməyin bu gün də vacib olması haqqında yalnız bir misaldır.

Yum düşünürdü ki, müəyyən qədərdə olan sübut, əslində, bir inam üçün, onun nə haqqında olmasından asılı olaraq, müxtəlif qədərlərdə olan əsaslandırma təqdim edir. Bu ideyanı sadə şəkildə başa düşmək üçün, təsəvvür edin ki, altı yaşlı qızınızın birinci sinfində baş verənlər haqqında öyrənmək məqsədilə siz ona etibar edirsiniz. O, hər gün məktəbdən evə qayıdır və günün hadisələrini sizə təsvir edir. Onun şahid ifadəsi məktəbdə baş verənlərə sübutdur. Siz hərdən başqa valideynlərdən onların uşaqlarının nə söylədiklərini eşidə bilərsiniz. Əksər hallarda sizin uşağınızın söylədikləri digər uşaqların söylədikləri ilə üst-üstə düşür. Bəzən siz müəllimin söylədiklərini eşidirsiniz; onun da dedikləri qızınızın söylədiklərini aşağı-yuxarı təsdiq edir. Beləliklə, qızınızın söylədiklərinə yaxşıca inana bilərsiniz. Onun dediklərinə nə qədər sübut yükü qoymaq lazım olduğu barədə siz ağlabatan dəyərləndirməyə maliksiniz. Əgər o, sizə söyləyirsə ki, bu gün onun rəfiqəsi Sofiya oyun meydançasında yıxılaraq dizini sıyırıb, siz ona inanacaqsınız. Əgər o deyirsə ki, bu gün onun dostu Timin ad günü idi, siz yenə də ona inanacaqsınız.

İndi isə təsəvvür edin ki, günlərin bir günü uşağınız məktəbdən evə qaçaraq gəlir və həyəcanla söyləyir ki, oyun meydançasına uçan boşqab endi və boşqabdan çıxan balaca yaşıl yadplanetlilər yelləncəyi oğurladı. Əlbəttə, uşağınız yanılır. Yadplanetlilərin gəlişi, əgər bu, mümkünsüz deyilsə, çox çətin ki baş verə. Hərçənd, Yumun bu məqamda dediyinin məğzi budur ki, qızınıza şübhələnməyin səbəbi o deyil ki, o, birdən-birə etibarsız şahidə çevrilib – güman edə bilərik ki, o, əvvəlki kimi etibarlıdır; şübhəyə səbəb odur ki, günün hadisələrinin tam aşağı ehtimallı olması rasional inam üçün lazım olan sübutun qədərini kifayət qədər etibarlı qızınızın təqdim edə biləcəyi qədərdən olduqca daha çox edir. Sadə ifadə etsək, Yum hadisənin ehtimalı və hadisəyə inanmağı əsaslandırmaq üçün zəruri olan sübutun qədəri arasında tərs əlaqə görürdü: hadisənin baş verməsi nə qədər çox yuxarı ehtimallı və ya adidirsə, rasional inam üçün o qədər az sübuta zərurət var; hadisənin ehtimalı nə qədər azdırsa, o qədər çox sübuta ehtiyac var.  Yum deyir: “Şahidlikdən hasil olan sübut faktın az və ya çox dərəcədəki qeyri-adiliyinə mütənasib olaraq, bu və ya digər dərəcədə azalma ehtiva edir”.

‘Möcüzələrə inanmalıyıqmı’ sualı haqqındakı fəlsəfi analizdən hasil olan bu dərsin konspiroloji nəzəriyyələrin əcaib nəticələrinə inanmağa üstlünlük verənlərə aşkar aidiyyatı var. Yalnızca bir inamı, COVİD-19 əleyhinə vaksin olunmuş insanlar virusu yaymaqla onlarla yaxın münasibətdə olanları sonsuz edirlər, iddiasını yenidən nəzərdən keçirək. Vaksinin, virusun fəaliyyəti barədə ekspertlərin dediklərini və vaksinlənmiş insanla yaxın münasibətin nəticəsi olaraq sonsuzluq hallarının təsdiqlənməməsini nəzərə aldıqda bu iddia olduqca inanılmazdır. Ola bilər, konspiroloji nəzəriyyəyə inanan təkid etsin ki, ekspertlər yalan deyirlər. Ancaq bu da olduqca inanılmazdır. Belə bir yalan minlərlə müxtəlif, (güman ki) müstəqil laboratoriyalarda, xəstəxanalarda, əczaçılıq şirkətlərində və s. yerlərdə çalışan ekspertlərin birgə əməkdaşlığını gərəkli edərdi. Bu geniş konspirasiyanın bir üzvünün vaksinin zərərli təsirləri barədə məlumatı gizli saxlamamasının ehtimalı nə qədərdir? Belə bir qeyri-adi hadisəyə olan inamı əsaslandırmaq üçün gərəkli olan sübutun keyfiyyəti və kəmiyyəti – bu hadisənin baş verməsi tamamilə qeyri-ehtimali deyil, ancaq yəqin ki o, hər hansı möcüzə və ya yadplanetli hücumundan daha çox baş vermə ehtimalına malik deyil – konspiroloqun hələ səfərbər etməli olduğu hər şeyi çox üstələyir.

Mən düzgün düşüncə üçün yalnız bir qaydanı vurğuladım. Bu qayda, düzgün qiymlətləndirildikdə, konspiroloq nəzəriyyəçilərə ciddiyyətlə dur deməlidir. Bununla belə, daha vacibi, ümid edirəm ki, fəlsəfənin gündəlik həyatımızda dəyərinə dair yaxşı bir nümunə göstərmiş oldum. Əgər həyatı qərarlar seriyasından ibarət olaraq düşünsək, yaxşı həyat o olar ki, yaxşı qərarlarla zəngindir. Əgər fəlsəfə bizə yaxşı qərarları – nəyə inanmağımızın lazım olduğu haqqında qərarları – necə vermək lazım olduğunu öyrədirsə, onda fəlsəfəni öyrənmək üçün əlavə bir səbəb vardır.

Qeyd: Bu yazı filosof Lavrens Şapironun Conspiracy theories and the value of philosophy adlı məqaləsinin tərcüməsidir. Tərcüməçi Anar Cəfərovdur. Yazının ingilis dilindəki əsli Princeton University Press tərəfindən dərc olunmuşdur. İnternet ünvanı budur: https://press.princeton.edu/ideas/conspiracy-theories-and-the-value-of-philosophy

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.