fbpx

Cəmiyyət

Cəmiyyət

Qavrayışın problemləri və skeptisizm

Read this article on other language
Download article
image_pdf
image_pdf

İdrakımız bizə dünyaya birbaşa çıxış imkanı verirmi? Obyektləri və onların xüsusiyyətlərini əslən olduqları kimi qavraya bilirikmi? Yoxsa obyektləri qavramaq üçün onlarla aramızdakı təzahürlərə möhtacıq? Bu suallar fəlsəfənin mərkəzində dayanan əsas suallardandır və onlara cavab olaraq fəlsəfədə müxtəlif istiqamətləri fərqləndirmək olar. Skeptiklər, həmçinin skeptisizmə meyilli fikirlər söyləmiş filosoflar (məsələn, Sekst Empirik, Mişel de Monten, Avqustin, Dekart, Yum və başqaları) bizdən kənar, xarici məkanda yerləşən stol, ağac, ulduzlar və s. kimi obyektlərin bizə verilən xüsusiyyətlərə həqiqətən malik olmalarını bilməyimizə şübhə ilə yanaşıblar. Bu yazıda biz skeptiklərin bu şübhəyə əsas verən iddiasını arqument şəklində təqdim edərək addım-addım açmağa çalışacağıq. Həmçinin bu zaman skeptik arqumentin əsasən illuziya və hallusinasiya kimi qavrayış problemlərinə söykəndiyini görmüş olacağıq. Çünki məhz illuziya və hallusinasiya kimi hallara əsasən iddia olunur ki, bizim xarici obyektlərə heç bir halda birbaşa çıxış imkanımız yoxdur. Ona görə yazıda ilk olaraq obyektlərin bizə birbaşa təqdim edilməməsi ilə bağlı arqumentin izahını verəcəyik, daha sonra qavrayış təzahürləri əsasında formalaşdırdığımız inamların tutarlı olmaması ilə bağlı əsas skeptik arqumentə nəzər salacağıq.

Qavrayışın problemləri

Təzahürlərin yanıldıcı olması qənaətinə filosoflar əsasən illuziya və hallusinasiya hallarının baş verməsi nəticəsində gəlirlər.[1] Həm illuziya, həm də hallusinasiya hallarının vaxtaşırı baş verməsinə əsasən, idrakımızın dünyaya birbaşa çıxış imkanını şübhə altına salan filosoflar təqribən aşağıda təqdim olunan arqumentə (bunu şərti olaraq Arqument 1 adlandıraq) əsaslanırlar:

Arqument 1

  1. İlluziya/hallusinasiyada obyekt subyektə birbaşa təqdim olunmur.
  2. Q haqqındakı illuziya/hallusinasiya və müvafiq doğrulanan[2] qavrayış halı fundamental olaraq eynidir; onları ümumi yaşantı növü təşkil edir.
  3. Ümumi yaşantı növündən ibarət olduqlarına görə həm illuziya/hallusinasiya, həm də doğrulanan hallara eyni izah verilməlidir.

Deməli,

4. Obyekt heç bir halda subyektə birbaşa təqdim edilmir; subyekt doğrulanan halda da birbaşa obyekti deyil, təzahürləri qavrayır.[3]

Gəlin, indi Arqument 1-in premislərini (müqəddimələrini) addım-addım daha yaxından anlamağa çalışaq.

Göründüyü kimi, Arqument 1-in birinci premisi həm psixi problemlər zamanı, həm də gündəlik həyatda vaxtaşırı rast gəlinən illuziya və hallusinasiya hallarına istinad edir. Məlumdur ki, illuziya zamanı obyekt bizə hər hansı bir xüsusiyyətə malik kimi görünsə də, əslində o, həmin xüsusiyyətə malik olmur – obyekt illuziya halında təhrif olunmuş şəkildə qavranılır. Məsələn, dəmir yol xəttinin sağ və sol tərəfləri uzaq məsafədə birləşirmiş kimi görünsə də, əslində, onlar birləşmir; dəmir yol xətləri boyunca nə qədər hərəkət etsəniz də, birləşmə nöqtəsinə çatmayacaqsınız, çünki elə bir nöqtə yoxdur.  Daha klassik başqa bir misal: düz olan çubuğun yarısını suya salsanız, o, sınmış görünəcək.

Hallusinasiya halları isə daha da yanıldıcıdır, çünki hallusinasiya halında gözə obyekt görünsə də, gerçəklikdə həmin obyekt mövcud olmur.[4] Başqa sözlə, hallusinasiya yaşantısının səbəbi subyektdən kənar yerləşən obyekt deyil, əsasən subyektin öz psixikasında gedən proseslərdir.

Birinci premis bizə deyir ki, nə illuziya, nə hallusinasiya halında obyekt bizə birbaşa təqdim olunmur – illuziya halı üçün bu, ona görə belədir ki, bu halda obyektin xüsusiyyətləri təhrif olunur. Məsələn, suya salınmış düz çubuq sınmış göründüyü halda, o, sınıqlıq xüsusiyyətinə malik olmur. Buradan isə belə çıxır ki, görünən sınıqlıq gerçəkliyə aid deyil, sadəcə subyektiv təzahürdür. Hallusinasiya halında isə vəziyyət bu baxımdan daha sadədir. Sonuncu hala müvafiq xarici obyekt səbəb olmadığından, orada obyektin birbaşa təqdim olunmasından ümumiyyətlə söhbət gedə bilməz; hallusinasiya halında olan subyektin yaşadığı boş bir təzahürdür.

İlluziya və hallusinasiya halları yanıldıcı olduğuna görə, gəlin, indidən sonra onların hər ikisini ifadənin sadəliyi xatirinə pis hal adlandıraq. İlluziya və hallusinasiya olmayan, obyektləri həqiqətən gördüyümüz, normal hesab olunan qavrayış halları üçün isə yaxşı hal ifadəsini işlədək.[5]

İkinci premis belə bir mühüm məsələdən bəhs edir: illuziya və hallusinasiyada, yəni pis halda obyektlər bizə birbaşa təqdim olunmasa da, belə halların doğrulanan qavrayış halları  – yaxşı hal – ilə mühüm bir ortaqlığı var. Həm pis, həm də müvafiq yaxşı halda subyekt eyni yaşantını yaşaya bilər. Psixologiyadan məlumdur ki, məsələn, görmə hallusinasiyası yaşayan subyekt gözünə görünən nəsnəni özündən kənar məkanda yerləşən gerçək obyekt hesab edir. Əgər belə bir subyektin hallusinasiyası qırmızı top haqqındadırsa, yəni onun gözünə qırmızı top görünürsə, onda o, belə hesab edəcək ki, həqiqətən də qırmızı top görür. Başqa sözlə, belədə subyekt hallusinasiya halını müvafiq doğrulanan haldan (həqiqi görmə halından) fərqləndirmir. Bəs bu, nəyə görə baş verir? Məsələnin izahı budur ki, həm qırmızı top haqqındakı hallusinasiyada, həm müvafiq doğrulanan halda subyektə təzahür olan fundamental olaraq eynidir. Hallusinasiya və doğrulanan halın səbəbləri müxtəlif olsa da, onun hallusinasiya halında yaşadığı fenomenoloji keyfiyyətlə doğrulanan halda yaşadığı keyfiyyət eyni növdəndir.

Eyni şeyi illuziya və müvafiq doğrulanan hal üçün də demək mümkündür. Suya salınmış düz çubuq ona görə bizə sınmış gəlir ki, həmin illuziya halında yaşadığımız həqiqətən sınmış çubuq gördükdə yaşadığımızla oxşar və ya eyni növ yaşantıdır. Beləliklə, məhz bu fenomenoloji faktlar əsasında belə nəticəyə gəlinir ki, həm pis hallar, həm də müvafiq yaxşı hallar ümumi (ortaq) yaşantı növündən ibarətdir.

Arqument 1-in üçüncü premisi ikinci premis əsasında hasil olur. Madam ki, pis hal ilə müvafiq yaxşı hal ümumi yaşantı növündən ibarətdir və subyekt onları eyni hal kimi yaşayır, onda hər iki halın izahı eyni olmalıdır. Başqa sözlə, birinə verilən izah digəri üçün də eynilə keçərlidir. İzahın özünə gəldikdə isə, onu yığcam olaraq belə ifadə etmək olar: pis halda subyektə birbaşa obyekt təqdim edilməsə də, həm pis, həm yaxşı halda biz nəyinsə fərqində oluruq[6] – yəni hansısa təcrübəni və ya yaşantını yaşayırıq. Pis halda fərqində olduğumuz bizdən kənar maddi obyekt və ya onun xüsusiyyətləri ola bilməz, yalnız subyektiv səciyyəli təzahürlər və ya hissi verilənlər ola bilər. Lakin ikinci premisə əsasən, müvafiq yaxşı hal da pis halla fundamental eyni olduğundan eyni şeyi onun haqqında da deməli oluruq. Başqa sözlə, yaxşı hal üçün də deməli oluruq ki, bu halda da qavradığımız obyektlərin özü deyil, subyektiv təzahürlərdir.

Bu yolla isə biz Arqument 1-in nəticəsinə gəlib çıxmış oluruq. Yəni belə çıxır ki, biz heç bir halda obyektləri birbaşa qavraya bilmirik. Pis halda bu, ona görə mümkün olmur ki, bu halda ya qavranacaq obyekt ümumiyyətlə yoxdur (hallusinasiya), ya da onun xüsusiyyətləri bizə təhrif olunmuş çatır (illuziya). Yaxşı halda, yəni əgər həqiqətən də qavrayış yaşantılarımıza səbəb olan bizdən kənar xarici obyekt varsa da belə, ona birbaşa çıxış imkanımız yoxdur; sonuncu halda obyektlə bizim aramızda subyektiv təzahürlər örtük rolunu oynayır və beləliklə, bizim obyektlərə birbaşa çıxışımız əngəllənmiş olur.

İnamlara şübhə

Diqqət edin ki, Arqument 1 xarici obyektlərin heç bir halda subyektə birbaşa təqdim edilməməsini təzahürlərin qavrayış obyekti olduğunu söyləməklə skeptisizmə ayaq yeri qoymuş olur. Çünki doğrulanan hesab olunan yaxşı hallarda da müvafiq illuziya və hallusinasiya hallarındakı kimi eyni növ təzahürləri qavraya bildiyimizdən əvvəlkilərin də doğruluğu sual yaratmış olur; hər iki halın eyni növ təzahürlərdən ibarət ola bilməsi səbəbindən doğrulanan hesab olunan yaxşı hallarda da bizə təzahür olunanların hallusinasiya və ya illuziya olub-olmadığını yoxlamaq imkanımız yoxdur. Digər tərəfdən, obyektlər və onların xüsusiyyətləri haqqındakı inamlarımız təzahürlər əsasında formalaşdığından sonuncuların da tutarlılığı şübhə doğurur. Beləliklə, təzahürlər əsasında formalaşan inamların tutarlı olmaması ilə bağlı əsas skeptik arqumentə (onu Arqument 2 adlandıraq) gəlib çıxmış oluruq.

Arqument 2

  1. Təzahürlərin doğrulanan olmasını düşünmək üçün yaxşı əsas olmadan, onların bizdə formalaşdırdığı inamlar əsaslandırılmış olmur.
  2. İlluziya və hallusinasiya kimi hallara əsasən, təzahürlərin doğrulanan olmasını düşünmək üçün yaxşı əsas yoxdur.

Deməli,

  1. Onların bizdə formalaşdırdığı inamlar əsaslandırılmış deyil.[7]

Gəlin, indi Arqument 2-ni yığcam şəkildə izah etməyə çalışaq.

Birinci premis bizə xatırlatma edir ki, inamların doğrulanması təzahürlərin doğrulanmasından asılıdır. Belə ki, bu premisdə epistemik baxımdan əhəmiyyətli olan belə bir öngüman var ki, inamlarımızı təzahürlər formalaşdırır və onların gerçəkliyə uyğun olması üçün təzahürlərin gerçəkliyə uyğun olması lazımdır. Məsələn, qırmızı top gördükdə, bu top qırmızıdır, qırmızı top var və ya qarşımdakı qırmızı topdur və s. kimi oxşar məzmunlu inamları qırmızı top haqqındakı müvafiq təzahür və ya qavrayış yaşantısından hasil edirik. Həmin təzahürü yaşamasaq (məsələn, gözdən əlil insanlar kimi), qarşımızda qırmızı topun olduğuna inanmarıq. (Düzdür, iddia oluna bilər ki, qarşımızda qırmızı topun olduğunu biz görməsək də, görən birisi bizə bu barədə məlumat verə bilər və beləliklə, qarşımızda qırmızı topun olduğuna yenə də inanmış olarıq. Hərçənd skeptik bu arqumenti asanlıqla rədd edə bilər. O, belə cavab verə bilər ki, topu görən birisi də müvafiq məlumatı öz görmə təzahürü əsasında bizə ötürmüş olacaq; təzahürlər isə yanıldıcıdır. Beləliklə, belə bir cavab problemi həll etməz, bizi əvvəlki nöqtəyə, təzahürlərin üzərinə qaytarar.)

Arqument 2-nin ikinci premisinə gəldikdə, əslində, orada bura qədər söylədiklərimizdən əlavə yeni bir şey iddia edilmir. Belə ki, yuxarıda illuziya və hallusinasiya hallarına əsasən təzahürlərin tutarlı və ya doğrulanan olmadığının şahidi olduq. Başqa sözlə, pis hallar təzahürlər və ya hissi verilənlərin gerçəkliyin özünə uyğun gəlməsinə şübhə yaratmış oldu. İkinci premis həmin məsələyə bir daha xatırlatma edir və əlavə edir ki, pis hallara görə təzahürlər epistemik baxımdan – yəni bizə gerçəkliklə bağlı doğru bilik verməsi baxımından – əsaslandırılmış deyil. Nəhayət, bunun əsasında nəticə çıxarılır ki, təzahürlər əsasında formalaşan inamlar da yaxşı əsaslandırılmış deyil.

Nəticə

Beləliklə, yuxarıdakı arqumentlərə əsasən, belə nəticə çıxır ki, dünya ilə bağlı stolun üstü düzbucaqlı formadadır, ağac yaşıldır və s. kimi fundamental inamlarımızın tutarlı əsası yoxdur. Çünki bizdən kənar dünya və ya şeylər mövcud olsa belə, ona epistemik çıxışımız təzahürlər əsasında mümkün olur. İlluziya və hallusinasiya kimi hallar isə göstərir ki, təzahürlər yanıldıcıdır. Təzahürlər isə yanıldıcı olduğundan onların üzərinə inşa olunan inamlar da yanıldıcıdır. İnamların yanıldıcı olması isə o mənaya gəlir ki, ətraf aləm və ya şeylər haqqında biliklərə malik olmağımıza şübhə var.

Növbəti yazılarımızda bu baxışa əks olan mövqeləri də nəzərdən keçirəcəyik.

 

Qeydlər və istinadlar:

[1] Bəzən gerçəklik kimi qəbul olunan yuxuları da bu sıraya aid edirlər (bax Dekart, Rene, “Birinci düşünmə. Şübhə altına alına bilən şeylər haqqında”, Meditationes de prima philosophia (Birinci fəlsəfə haqqında düşünmələr), https://bakuresearchinstitute.org/birinci-dusunme-subhe-altina-alina-bilen-seyler-haqqinda-2/.

[2] Doğrulanan ingiliscədən veridical termininin qarşılığı olaraq təqdim edilir.

[3] Müqayisə et: Crane, Tim and Craig French, “The Problem of Perception”, The Stanford Encyclopedia of Philosophy (Fall 2021 Edition), Edward N. Zalta (ed.), https://plato.stanford.edu/archives/fall2021/entries/perception-problem/.

[4] Bu yazıda biz nümunələrimizi əsasən qavrayışın görmə modusu əsasında quracığıq. Ancaq nəzərə alın ki, deyilənlər tək görməyə deyil, eşitmə, dadbilmə, iybilmə, lamisə kimi qavrayış moduslarına da aiddir.

[5] İngilis dilli ədəbiyyatda illuziya və hallusinasiya hallarını birlikdə işarələmək üçün tez-tez bad cases, doğrulanan qavrayış halları üçün isə good cases ifadəsi işlənilir.

[6] Fərqində olmaq ingiliscədən to be aware of un qarşılığı kimi verilir.

[7] Müqayisə et: Lyons, Jack, “Epistemological Problems of Perception”, The Stanford Encyclopedia of Philosophy (Spring 2017 Edition), Edward N. Zalta (ed.), https://plato.stanford.edu/entries/perception-episprob/#ProbExteWorl.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.