fbpx

Cəmiyyət

Cəmiyyət

Seçki sistemi barədə

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycan da daxil olmaqla bir çox ölkədə qanunverici orqana seçkilər winners take all[1] prinsipi (majoritar seçki sistemi) ilə keçirilir – birmandatlı seçki sistemi tətbiq edilir, bütün ölkə seçki dairələrinə bölünür və hər dairədə ən çox səsi alan namizəd qalib elan edilir. Məsələn, azad və demokratik hesab edilməyən sonuncu parlament seçkilərində öz dairələrində Erkin Qədirli 35.6%, Mixail Zabelin 35.2%, Aydın Mirzəzadə 28.4%, Sabir Rüstəmxanlı və Razi Nurullayev isə hərəsi 21.4% faiz səs topladı.[2] Lakin onlar deputat seçildilər, çünki parlamentə seçilmək üçün səslərin yarıdan çoxunu qazanmaq şərt deyil.

Yuxarıda təsvir edilmiş seçki sistemi ədalətsizdir, çünki vətəndaşlar arasındakı bərabərlik prinsipini pozur (ətraflı aşağıda bu məsələni müzakirə edəcəyəm). Bu seçki sisteminə alternativlər var: proporsional və ya qarışıq. Lakin onlar barədə çox yazılıb, ona görə də onlara toxunmaq istəmirəm. Az müzakirə edilən və ilk dəfə amerikalı filosof Robert Nozik tərəfindən 2001-ci ildə təklif edilən bir sistemi müzakirə etmək istəyirəm.[3] Nozik buna Winner Take Proportional All[4] deyir, mən isə qısaca Nozik sistemi deyəcəyəm və ancaq Azərbaycana fokuslanacağam. Nozik sistemi Azərbaycanda tətbiq edilsə, onun nəticələri necə olar?

Bu suala cavab verməzdən əvvəl qeyd edim ki, Nozik sistemi konsosiasional demokratiya ideyasına bənzəsə də, məqsədi etibarilə ondan bir qədər fərqlənir. Konsosiasional demokratiya barədə siyasi elmlərdə 1960-cı illərin sonlarından etibarən zəngin bir ədəbiyyat mövcuddur və təbii ki, Nozik də bu ədəbiyyatdan xəbərdar idi. Lakin buna baxmayaraq öz təklifinin heç bir politoloq tərəfindən müdafiə edilmədiyini yazır və məncə, bunda haqlıdır: Nozik və konsosiasional demokratiya nəzəriyyəçiləri öz ideyalarının ilk baxışdan görünən bənzərliyinə baxmayaraq bir-birinə istinad vermir. Çünki konsosiasional demokratiya nəzəriyyəçiləri əsasən cəmiyyətdəki müxtəlif təbəqələrə (seqmentlərə), onların idarə edilməsinə fokuslanırlar.[5] Məsələn, ən çox istifadə edilən tərifə görə, “konsosiasional demokratiya elit qrupun parçalanmış siyasi mədəniyyətə malik demokratiyanı stabil demokratiyaya çevirmək məqsədini daşıyan idarəçilik formasıdır.”[6] Hələ də bu özək tərifə istinad edilir və nəzəriyyəçilər əsas məqsəd kimi demokratiyanın stabilliyini güdürlər, bu səbəblə də onlar “sosial təbəqələşmənin stabilliyi laxladan təsirindən başlayırlar; çünki ya üst-üstə düşən bölünmələr var, ya sosial təbəqələr arasında hərəkətlilik çox az olduğundan səslərin maksimallaşdırılmasına yönəlmiş adi demokratik ‘oyun’ oynanıla bilmir, ya da psixoloqların ‘qrup daxili-qrup xarici’ fərqləndirmə adlandırdığı hal baş verir.”[7] Nozikin isə əsas məqsədi çoxluğun tiranlığının qarşısını almaq və həm siyasətin, həm də siyasətçilərin gücünü azaltmaqdır. Onu cəmiyyətdəki təbəqələr yox, fərdlər maraqlandırır. Nozik etikanın əsas funksiyasını insanlar arasında könüllü əməkdaşlığın təmin edilməsi kimi görür: “[e]tikanın funksiyası insanlar arasında könüllü əməkdaşlığı və əlaqələndirməni həm qorumaq, həm də inkişaf etdirmək; bu əməkdaşlığa yol göstərmək (mənfəətlərin bölünməsi normaları vasitəsilə): (insanların iştirakçı olacağı) bu cür əməkdaşlığın sərhədlərini müəyyən etmək; həmçinin yuxarıdakı qaydalar, normalar və s. riayət olunmayanda nə edilməli olduğunu aydınlaşdırmaqdır.”[8] Cəmiyyətdə qütbləşməni artıran siyasətçilərin isə bu əməkdaşlığa əngəl yaratdığını hesab etdiyindən Nozik siyasətçilərin gücünü azaltmağı və onların kiçik maraq qruplarına xidmət etmələrinin qarşısını almağı planlaşdırır. Müvafiq elmi ədəbiyyatdan istinadlar verərək mətni mürəkkəbləşdirməmək üçün Nozik sistemi ilə konsosiasional demokratiya arasındakı fərqliliklərə və oxşarlıqlara fokuslanmadan aşağıda Nozik Sistemini təsvir edəcəyəm.

Nozik Sisteminə görə, hər bir dairə üzrə ən çox səsi qazanan namizəd qalib elan edilir, lakin parlamentdə həmin namizədin səsi 1 yox, topladığı faiz nisbəti qədər olur. Məsələn, hazırda parlamentdə Qədirli, Zabelin və Rüstəmxanlının da hərəsinin bir səsi var, seçkidə 94.6% səs toplayan Vasif Talıbovun da. Arqument xatirinə güman etsək ki, seçki ədalətli və şəffaf keçirilib, təxmini 21 faiz səs yığan deputat ilə 95 faiz səs yığanın ikisinin də parlamentdə 1 səsinin olması ədalətsizlikdir. Nozik Sistemi tətbiq edilsə, Rüstəmxanlının səsi 0.214%, Talıbovun səsi isə 0.946% olacaq. Yəni parlamentdə bir qanun layihəsinə səs verəndə 4 Rüstəmxanlını üst-üstə qoysaq, bir Talıbov etməyəcək. Beləliklə, öz dairəsində səslərin daha çox hissəsini toplayan deputatın səsi daha çox olacaq. Bəs Nozik Sisteminin faydaları nələrdir?

Birincisi, hazırda siz deputat namizədi olsanız, istəyərsiniz ki, ən çox səsi toplayıb qalib gələsiniz. Əgər yetərincə səs toplaya biləcəksinizsə, səsinizi artırmağın sizin üçün bir faydası yoxdur. Lakin Nozik Sistemində bir namizəd kimi siz öz dairənizdə mümkün qədər geniş koalisiya quraraq daha çox səs əldə etməyə çalışacaqsınız ki, parlamentdə də səsinizin gücü çox olsun. Hazırda isə deputatlığa namizəd ayrı-seçkilik edərək, siyasi qütbləşməni dərinləşdirərək seçilə bilər və onun parlamentdəki səsi yenə də 1 olacaq, özündən zəhləsi gedən adamların da adından səs verəcək. Təsəvvür edin ki, hansısa bir dairədə əhalinin təxmini 3/1-ni etnik və ya dini azlıqlar təşkil edir. Hansısa bir namizəd öz kampaniyasını həmin azlıqları təhqir edərək, onları icmadakı bütün problemlərin səbəbi olmaqda ittiham edərək, çoxluğun səsini qazanıb deputat seçilə bilər. Belə olan halda, o, ayrı-seçkiliyə məruz qoyduğu 3/1-in də adından parlamentdə səs verəcək və həmin azlığın səsi məhz həmin azlığın seçdiyi şəxs və ya şəxslər tərəfindən təmsil edilməyəcək. Lakin Nozik Sistemində siyasətçi bu növ kampaniya apararaq seçilsə, onun səsi (gücü) az olacağından, daha inklüziv kampaniya aparmaqda maraqlı olacaq. Hər bir vətəndaş da istəyər ki, onu təmsil edən deputat güclü olsun, ona görə də vətəndaşlar da ayrı-seçkilik edən və inklüziv kampaniya aparmayan namizədlərə rəğbət bəsləməyə bilər, çünki belə namizəd deputat seçilsə də gücü az olacaq və həmin vətəndaşın səsini zəif bir deputat təmsil etmiş olacaq. Qısası, Nozik Sistemi siyasətçini (namizədi) daha çox səs toplamağa, geniş koalisiya qurmağa təşviq edir.

İkincisi, hazırda siz bir vətəndaş kimi öz dairənizdə məğlub gələn namizədə səs versəniz, sizin səsiniz batır. Məsələn, Rüstəmxanlıya səs verməyən 78.6% neftçalalının səsi batıb, onların səslərinin bu gün parlamentdə zərrə qədər də olsun təsir gücü yoxdur. Eyni zamanda Talıbova səs verməyən 5.4% şərurlu / sədərəklinin də səsi batıb, çünki onların da səsi parlamentdə təmsil edilmir. Bu özlüyündə ədalətsizdir – digər vətəndaşlar kimi siz də gedib səsinizi verirsiniz, amma sizin namizəd məğlub olduğuna görə sizin səsiniz boşa getmiş olur. Lakin Nozik Sistemində sizin səsiniz batmır, çünki hətta sizin səs verdiyiniz namizəd məğlub olsa da, seçilən namizəd sizin adınızdan parlamentdə səs verə bilmir. Seçilən namizəd ancaq ona səs verən adamları təmsil edə bilir. Məsələn, hazırda Rüstəmxanlının səsi 1 sayılır, yəni o, ona səs verməyən 78.6% neftçalalının adından da səs verir. Amma Nozik Sistemində onun səsi 0.214 sayılır. Rüstəmxanlıya səs verməyən neftçalalıların namizədləri parlamentdə səs verməsə də, ən azından heç kim həmin 78.6%-in adından səs vermiş olmur. Buna görə də vətəndaş ‘onsuz da filankəs mənim dairəmdə məşhurdur, o qalib gələcək, seçkiyə getməyin mənası yoxdur’ deməyib, səs vermək üçün bir səbəb tapacaq.

Üçüncüsü, Nozik Sistemində deputatlar və beləliklə parlament özü bütün seçicilərin məhz bir hissəsini (məsələn, 60%-ni) təmsil edəcək. Başqa sözlə, parlament bütün seçiciləri təmsil etdiyini iddia edə bilməyəcək. Buna görə də, bir qurum olaraq parlament də özünün əhalinin mümkün qədər böyük hissəsini təmsil etməsində maraqlı olacaq, çünki daha çox əhalini təmsil etmək daha çox nüfuzlu olmaq deməkdir. Və dövlət qurumunun (parlamentin) bu marağı da özlüyündə namizədləri geniş koalisiyalar qurmağa təşviq edəcək, çünki az əhalinin təmsil edilməsi dövətin özü üçün də zərərli ola bilər.

İndi isə Nozikin toxunmadığı bir neçə məsələni müzakirə etmək istəyirəm.

Birincisi, biz heç bir vətəndaşın səsinin batmasını istəmir və deputatların da topladığı faiz nisbətinə uyğun səsinin (gücünün) olmasını istəyiriksə, onda seçki dairələrində seçici sayı bərabər olmalıdır. Birmandatlı seçki sisteminin tətbiq edildiyi ölkələrdə seçki dairələrinin sərhədləri seçici sayından asılı olaraq dəyişsə də, Nozik Sistemi tətbiq edilərsə, bu məsələ daha ciddiyə alınmalı olacaq və hər seçkidə dairələrdə ciddi dəyişiklik etmək lazım gələcək. Hazırda Azərbaycanda seçicilər dairələr üzrə bərabər bölünməyib və bu məsələ hər dəfə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatlarında tənqid edilir.[9] Məsələn, 2020-ci il göstəricilərinə əsasən, 5 saylı Şahbuz-Babək seçki dairəsində təxmini 27 min, 28 saylı Sabunçu üçüncü seçki dairəsində 53 mindən çox seçici siyahıya alınıb. 122 saylı Xankəndi seçki dairəsində isə cəmi 5 mindən bir qədər çox seçici olub.[10] Bu o deməkdir ki, xankəndili azərbaycanlının bir səsi təxmini 10.6 Sabunçu sakininin səsinə bərabərdir, çünki həm 5 min Xankəndi seçicisini, həm də 53 min Sabunçu seçicisini parlamentdə bir deputat təmsil edir. Bu, ədalətsizlikdir, çünki burada vətəndaşların bərabərliyi prinsipi pozulub.

İkincisi, təsəvvür edin ki, Nozik Sistemi ilə keçirilən seçkidə parlament seçicilərin 60%-ni təmsil edir. Qanunlar necə qəbul edilməlidir? Belə olan halda vəziyyət aşağıdakı kimi ola bilər:

a. Parlamentdəki 125 deputat seçicilərin 60%-ni təmsil edir. Öz dairələrində nisbətən daha çox səs toplayan deputatların 50-nin səsi bütün deputatların səsinin yarıdan çoxunu (məsələn, 50.1%) təşkil edir. Deməli, 125 deputatdan həmin 50-sinin lehinə səs verdiyi qanun qəbul edilir. Beləliklə, ümumiyyətlə seçicilərin təxmini 30%-dən bir az çoxunun səsini alaraq seçilmiş deputatların hesabına qanun qəbul edildi. 69% əhalinin səsi isə batmış oldu, çünki onları təmsil etməyən adamlar qanun qəbul etdilər. Yəni azlığın təmsilçiləri qanun qəbul etmək gücünə sahib olur.

b. Parlamentdəki 125 deputat seçicilərin 60%-ni təmsil edir. Öz dairələrində nisbətən daha çox səs toplayan deputatların 50-nin səsi bütün deputatların səsinin yarıdan çoxunu (məsələn, 50.1%) təşkil edir. Lakin istənilən qanunun qəbul edilməsi üçün ümumi seçicilərin səsinin yarıdan çoxunun təmsilçiləri həmin qanunu dəstəkləməlidir. Yəni 125 deputat seçicilərin 60%-ni təmsil edirsə, onda seçicilərin 50.1%-ni təmsil edən deputatlar (məsələn, 105 deputat) həmin qanun layihəsini dəstəkləməlidir ki, o, qəbul edilsin.

Məncə, b variantı daha ədalətlidir. Məhz b variantında həqiqətən də heç bir seçicinin səsi batmamış olur. Parlament bütün seçicilərin yarıdan çoxunun səsini almış deputatların dəstəyi olmadan heç bir qanun qəbul edə bilmir. Bu isə parlamentin işini çətinləşdirir və onu (eyni zamanda da deputatları) daha çox səs yığmağa, daha geniş koalisiyalar qurmağa vadar edir.

Üçüncüsü, belə bir qayda qəbul etmək olar ki, hər bir dairə üzrə birdən çox namizəd deputat seçilə bilər. Bu qaydanı bir qədər mürəkkəb etmək olar – məqsəd budur ki, dairədəki seçicilərin mütləq əksəriyyətinin (məsələn, 70-80%-nin) səs verdiyi namizədlər deputat olsun.

a. Hər bir dairə üzrə ən çox səs toplayan ilk iki namizəd deputat seçilir, o şərtlə ki, onların hər biri ən azı 30% səs toplasın, səslərinin cəmi isə 70%-dən çox olsun. Məsələn, belə olan halda namizəd A 40%, B 35% səs toplayır və onların ikisi də deputat seçilir. Beləliklə, seçicilərin 75%-i parlamentdə təmsil olunur.

b. Hər bir dairə üzrə ən çox səs toplayan ilk üç namizəd deputat seçilir, o şərtlə ki, onların hər biri ən azı 20% səs toplasın, səslərinin cəmi isə 70%-dən çox olsun. Məsələn, belə olan halda namizəd A 40%, B 25%, C isə 20% toplayır və onların üçü də deputat seçilir. Beləliklə, seçicilərin 85%-i parlamentdə təmsil olunur.

c. Hər bir dairə üzrə ən çox səs toplayan ilk beş namizəd deputat seçilir, o şərtlə ki, onların hər biri ən azı 10% səs toplasın, səslərinin cəmi isə 70%-dən çox olsun. Məsələn, belə olan halda namizəd A 25%, B 20%, C 15%, D 13%, E isə 12% toplayır və onların beşi də deputat seçilir. Beləliklə, seçicilərin 85%-i parlamentdə təmsil olunur.

Bu siyahını uzatmaq və seçki prinsipini mürəkkəbləşdirmək olar. Elə etmək olar ki, hər dairədən seçicilərin azı 70% və ya 80%-nin səs verdiyi namizədlər deputat seçilsin. Məqsəd insanların səsini qazanmaq və həmin səsə proporsional olaraq parlamentdə güc sahibi olmaqdırsa, onda bir dairədən iki və daha artıq deputatın seçilməsi daha ədalətlidir. Belə sistemlə seçilmiş parlament də əhalinin daha geniş hissəsini təmsil etmiş olar.

[1] Bu ifadəni qazanan hər şeyi götürür kimi tərcümə etmək olar.

[2] MSK. “Dairələr Üzrə Seçilmiş Namizədlər,” 2020. https://www.infocenter.gov.az/archive/millimeclis2020.aspx?i=1.

[3] Nozick, Robert. Invariances: The Structure of the Objective World. Cambridge, Massachusetts: The Belknap Press of Harvard University Press, 2001, 266.

[4] Bu ifadəni qazanan proporsional olaraq hər şeyi götürür kimi tərcümə etmək olar.

[5] Bax; Lijphart, Arend. “Consociational Theory: Problems and Prospects. A Reply.” Comparative Politics 13, no. 3 (1981): 355–60.

[6] Lijphart, Arend. “Consociational Democracy.” World Politics 21, no. 2 (1969): 207–225, 216.

[7] Andeweg, Rudy B. “Consociational Democracy.” Annual Review of Political Science 3, no. 1 (2000): 509–36, 511.

[8] Nozick. Invariances, 266.

[9] OSCE ODIHR. “Azerbaijan, Early Parliamentary Elections, 9 February 2020: Final Report,” 2020. https://www.osce.org/odihr/elections/azerbaijan/457585. Hesabatı hər iki dildə buradan oxuya bilərsiniz.

[10] MSK. “Seçki Dairələri,” 2020. https://www.infocenter.gov.az/page/voters/.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.