fbpx

Cəmiyyət

Cəmiyyət

Əsrin seçimi: Türkiyə yolayrıcında

Read this article on other language
Download article
image_pdf
image_pdf

Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri, şübhəsiz ki, 2023-cü ildə dünyanın ən mühüm siyasi hadisələrindən biridir. Bu seçkilər quruluşunun 100-cü ildönümünü qeyd etməyə hazırlaşan Türkiyə Cümhuriyyətinin ikinci yüzilliyindəki inkişaf yolunun müəyyənləşdirilməsi baxımından tarixi əhəmiyyətlidir və bir yolayrıcıdır: Türkiyə öz Konstitusiyasının 1-ci və 2-ci maddələrində qeyd olunduğu kimi, laik (dünyəvi), demokratik, sosial hüquq dövlətinin bərqərar edilməsi istiqamətində irəliləyəcək, yoxsa əksinə, bu dəyərlərdən və prinsiplərdən daha da uzaqlaşaraq hazırkı rəqabətli (seçkili) avtoritarizm modelindən qapalı və sərt islamçı avtokratiyaya keçəcək? Yazıda bu dilemmatik suala cavab verəcək seçkilər ərəfəsində Türkiyənin sosial-siyasi mənzərəsi araşdırılır.   

Altılı masadan Millət İttifaqına

Ədalət və İnkişaf Partiyası (AK Parti) və onun lideri Rəcəb Tayyib Ərdoğan 20 ilini geridə buraxdıqları idarəçilikləri dövründə ilk dəfədir, seçki kampaniyasına narahat daxil olurlar: rəy sorğuları ölkədə siyasi dəyişiklik ehtimalının olduğunu ortaya qoyur. İlk dəfədir ki, 6 müxalif partiya bir blokda birləşib: Millət İttifaqı adlanan bu siyasi blok prezident Ərdoğanın qarşısına vahid namizəd çıxarıb və bu namizəd təkcə öz ittifaqından deyil, digər siyasi qüvvələrdən də dəstək alır.

Millət İttifaqı 2018-ci il parlament seçkilərində güclərini birləşdirən, amma prezident seçkilərinə ayrılıqda qatılan Cümhuriyyət Xalq Partiyası (CHP) və İYİ Parti (Yaxşı Partiya) ətrafında qurulmuş siyasi blokdur. Bu ittifaqı ideoloji baxımdan Türkiyənin mozaikası saymaq olar: burada sosial-demokrat CHP, millətçi İYİ Parti, liberal-mühafizəkar DEVA (Demokrasi ve Atılım), mühafizəkar Səadət, mühafizəkar Gələcək və millətçi-mühafizəkar Demokrat partiyaları təmsil olunur. Bu partiyaların nümayəndələri 2021-ci ilin sentyabrından etibarən məsləhətləşmələrə başlayıblar, amma məqsəd ittifaq yaradıb vahid namizəd irəli sürmək deyil, parlament üsul-idarəsinə keçid və demokratikləşmə məsələlərində ortaq mövqe ortaya qoymaq idi. Liderlər səviyyəsində ilk zirvə toplantısı 2022-ci il fevralın 12-də keçirilib. Bu tarixdən etibarən liderlər formatı mediada Altılı masa kimi təqdim olunmağa başlayıb. Fevralın 28-də onlar Gücləndirilmiş parlamentar sistem adlandırdıqları sistemə keçidlə bağlı razılaşma mətnini elan ediblər. Ortaq açıqlamada bildirilib ki, mövcud sistem prezidentə icra, qanunverici və məhkəmə hakimiyyətlərini özünə tabe edən çox geniş və nəzarətsiz səlahiyyətlər verərək avtoritar idarəetmə yaranmasına səbəb olub, gücləndirilmiş parlamentar sistemdə isə hakimiyyət bölgüsünə əsaslanan, hüquq və azadlıqları təmin edən demokratik, plüralist idarəçilik olacaq.

Tədricən Altılı masa çərçivəsində müxtəlif sahələr üzrə komissiyalar – Konstitusiya və qanunvericilik islahatları komissiyası; İnstitusional islahatlar komissiyası; seçkilərdə qanunsuzluqların qarşısını almaq məqsədilə Seçki təhlükəsizliyi komissiyası; Kommunikasiya üzrə komissiya və Təməl siyasət üzrə işçi qrup formalaşdırılıb. Liderlərin mayın 29-da keçirilən görüşündə 10 maddəlik Təməl prinsiplər və hədəflər barədə razılaşma, iyunun 6-da Seçki güvənliyi raportu, iyunun 13-də isə İnstitusional islahatlara dair raport ictimaiyyətə elan olunub. 3 iyul 2022-ci ildə keçirilən görüşün yekun açıqlamasında “Türkiyənin 13-cü prezidenti gücləndirilmiş parlamentar sistemə tərəfdar çıxan, demokratiya aşiqlərinin namizədi olacaq”,- cümləsi ilə ilk dəfə olaraq bu partiyaların prezidentliyə vahid namizəd irəli sürəcəyinə işarə edilib. Növbəti, 21 avqust tarixli toplantının yekun bəyanatında isə bu barədə daha konkret ifadələr yer alıb: “Bugündən etibarən seçki öncəsi, seçki dövrü, seçki günü və seçki sonrası daxil olmaqla, önümüzdəki bütün mərhələlərdə məsləhətləşmələrə önəm verən anlayışımızla birlikdə yol yeriməyə davam etmək qərarlılığında olduğumuzu təkrar vurğulamaq istəyirik. Millətimiz əmin olsun: prezidentliyə ortaq namizədimiz həm Türkiyə Cümhuriyyətinin 13-cü prezidenti, həm də təkcə bu masa ətrafında bir araya gələn partiyalara səs verənlərin deyil, hər kəsin prezidenti olacaq”.

Göründüyü kimi, Altılı masanın zaman keçdikcə sırf sistem dəyişikliyi naminə gücünü birləşdirməyə qərar vermiş qısamüddətli siyasi ittifaq olaraq qalmayıb, hakimiyyətə gələrək ölkəni bərabər idarə etməyə, bütün sahələrdə köklü islahatlar həyata keçirməyə iddialı, bu barədə konkret sənədlər hazırlayan bir koalisiyaya transformasiyasının şahidi oluruq. Adətən demokratik parlamentar sistemin mövcud olduğu ölkələrdə seçkilərin nəticələrinə əsasən heç bir partiya təkbaşına çoxluq yarada bilmədikdə koalisiya kabinetinin formalaşdırılması zərurətə (yaxud məcburiyyətə) çevrilir: seçkilərdən sonra partiyalar bu mövzuda danışıqlara başlayır, razılıq əldə olunanda həmin partiyaların ortaq vizyonunu əks etdirən hökumət proqramı hazırlanır. Türkiyə müxalifəti isə seçkilərdən aylar öncə koalisiya formalaşdıraraq seçkilərdən sonra quracağı hökumətin proqramını qabaqcadan hazırlamağı və bunu seçki kampaniyasında ortaq təəhhüd kimi xalqa açıqlamağı qərara alıb. Noyabrın 28-də İndi demokratiya zamanıdır sloqanı ilə Konstitusiya dəyişikliklərinə dair layihə açıqlanıb. Parlament üsul-idarəsinə keçidi tənzimləyən 84 maddəlik layihədə hakimiyyət bölgüsünü, məhkəmə-hüquq sisteminin müstəqilliyini, vətəndaş hüquq və azadlıqlarının genişləndirilməsini təmin edəcək müddəalar var. Liderlərin 5 yanvar 2023-cü il tarixli görüşündə Böyük Millət Məclisində konstitusion çoxluq əldə etmək üçün parlament seçkilərində də əməkdaşlıq variantlarının işlənib hazırlanmasına qərar verilib. 26 yanvar 2023-cü il tarixli toplantıda Altılı masa rəsmən özünü Millət İttifaqı adlandırıb və Ortaq siyasət üzrə Anlaşma Memorandumu razılaşdırılıb. Yanvarın 30-da elan olunan Ortaq Siyasət üzrə Anlaşma Memorandumu 9 başlıq, 75 alt başlıqdan ibarət, 2300 vədin yazıldığı fundamental sənəddir və mahiyyət etibarilə hökumət proqramıdır.

Dağılıb-birləşən müxalifət və Qandi Kamal

Altılı masa – Millət İttifaqı rəqibi Cumhur İttifaqından fərqli olaraq, bir şəxsin ətrafında deyil, dəyərlər və prinsiplər əsasında formalaşan siyasi blok kimi özünü xalqa təqdim edib. Fərqli ideologiyalara, proqramlara sahib 6 siyasi partiyanın avtoritar rejimdən demokratik parlamentar sistemə keçidi təmin etmək məqsədilə bir araya gəlməsi və qarşılıqlı kompromislərlə öz mövqelərini uzlaşdırması siyasi mədəniyyət göstəricisi olmaqla, Türkiyə siyasi tarixində görünməmiş hadisədir. Türkiyənin demokratiya tarixində müvəqqəti ittifaqların, koalisiya hökumətlərinin qurulmasına dair nümunələr az deyil, lakin ilk dəfədir ki, seçkilərdən əvvəl seçki ittifaqının çərçivəsindən kənara çıxan, bütövlükdə sistemin köklü rekonstruksiyasını və demokratikləşməsini ehtiva edən böyük siyasi konsensus əldə olunur. Qarşıya qoyulan vəzifələrə nail olunarsa, bu təcrübənin təkcə Türkiyədə deyil, Qərb universitetlərində və araşdırma mərkəzlərində müsbət nümunə kimi öyrəniləcəyinə şübhə yoxdur.

Lakin Türkiyə müxalifətinin bu birliyi qoruyub davam etdirməsi asan və problemsiz başa gəlmədi. Prezidentliyə vahid namizədin müəyyənləşdiriləcəyi ana qədər olan dövrü qarşılıqlı etimad və anlaşma şəraitində keçirən Millət İttifaqında namizədlə bağlı məsələnin müzakirəyə çıxarıldığı 2 mart tarixli toplantıda İYİ Parti lideri Meral Akşenerin CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyinə razılıq verməməsi nəticəsində böhran yarandı. Türk köşə yazarlarından birinin ifadə etdiyi kimi, müxalifət Konstitusiya dəyişikliyi, hökumət proqramı kimi vacib mətnlər hazırlayarkən avropalı, namizədin adı məsələsində isə ortaşərqli kimi davrandı. Lakin böhran uzun sürmədi və Akşenerin iştirakı ilə keçirilən 6 mart tarixli görüşdə Kamal Kılıçdaroğlunun Millət İttifaqının vahid namizədi olması razılaşdırıldı, parlamentar sistemə keçidin yol xəritəsi də təsdiqləndi. Yol xəritəsinə əsasən, seçkilərdə qələbə qazanılarsa, keçid dövründə 5 partiya lideri – Meral Akşener, Əli Babacan, Əhməd Davudoğlu, Təməl Karamollaoğlu, Gültəkin Uysal, eləcə də Ankara və İstanbul bələdiyyə başqanları Mansur Yavaş və Əkrəm İmamoğlu vitse-prezident təyin olunacaq.

Bu il 75 yaşı tamam olacaq keçmiş maliyyəçi-bürokrat Kamal Kılıçdaroğlunun siyasi karyerasını marafon yarışının ilk kilometrlərinə yavaş başlayıb, son kilometrlərdə sürətlənərək finiş xəttinə öndə çatan atletlərin qaçışına bənzətmək olar. 2010-cu ildə CHP lideri seçilən Kılıçdaroğlu 2019-cu il bələdiyyə seçkilərinə qədər Türkiyə siyasətində xüsusi fərq yarada bilməmişdi: CHP ondan əvvəl də seçkilərdə AK Partidən sonra ikinci olurdu, onun dövründə də eyni vəziyyət davam etdi. Bu səbəbdən, Kılıçdaroğlunun liderlik keyfiyyətləri həm partiya daxilində, həm də mediada və ictimaiyyət içərisində mübahisələndirilirdi. 2017-ci ilin iyununda baş tutan və Mahatma Qandinin 1930-cu ildəki məşhur Duz Yürüşünə bənzədilən Ədalət Yürüşündən etibarən Kılıçdaroğlunun yüksələn bir trendə nail olduğu müşahidə edilir. 2016-cı ilin iyunundakı hərbi çevriliş cəhdindən sonra genişmiqyaslı repressiya dalğasının başlaması, hökumətin fövqəladə vəziyyət elan edərək ölkəni qanun hökmündə qərarnamələrlə (qanunu əvəz edən qərarlar) idarə etməsi, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, son olaraq CHP millət vəkili, jurnalist Enis Bərbəroğlunun 25 il həbsə məhkum olunmasına etiraz məqsədilə keçirilən Ədalət Yürüşündə Kılıçdaroğlu 25 gün ərzində Ankaradan 420 km məsafəni piyada qət edərək İstanbulda böyük bir mitinqlə bu aksiyanı tamamladı.

2019-cu ildə keçirilən bələdiyyə seçkilərində Kılıçdaroğlunun qurduğu strategiya partiyaya ciddi uğur qazandırdı. CHP bir çox böyük şəhərdə İYİ Parti ilə bərabər vahid namizəd irəli sürdü, eyni zamanda kənardan HDP-nin (etnik kürdlərin Halkların Demokratik Partisi) qeyri-rəsmi dəstəyini aldı. Nəticədə 25 il sonra CHP paytaxt Ankara və ölkənin 1 saylı meqapolisi İstanbul daxil olmaqla, 11 böyük şəhərdə qalib gəldi. Türkiyə əhalisinin 45%-i bu şəhərlərdə məskunlaşıb və ölkə üzrə ÜDM-in 59%-i həmin şəhərlərdə istehsal olunur. 2019-cu il bələdiyyə seçkilərinin nəticələri əsasında CHP və Millət İttifaqı faktiki olaraq, yerli özünüidarəetmədə söz sahibinə çevrildi.

Kılıçdaroğlu bələdiyyə seçkilərində olduğu kimi, 14 may prezident seçkilərində də HDP ilə rəsmi ittifaq yaratmadan, onun qarşısında konkret öhdəliklər götürmədən bu partiyanın dəstəyini alıb. Türkiyədə təxminən 10% səsi olan HDP və onun formalaşdırdığı Əmək və Azadlıq İttifaqı prezident seçkilərində öz namizədi ilə iştirak etməyərək Kılıçdaroğlunu dəstəkləyəcək. Avtoritarizmə qarşı müxalifət ittifaqının yaradılmasında mühüm rol oynayan Kılıçdaroğlu öz siyasi gedişləri ilə strateji zəkaya sahib olduğunu isbatlayaraq, liderlik qabiliyyəti mübahisələndirilən siyasətçidən birləşdirici fiqura çevrilib.

Kılıçdaroğlunun digər uğuru kimi onun Cümhuriyyət Xalq Partiyasının transformasiyasına nail olmasını da qeyd etmək mümkündür. CHP Kılıçdaroğlundan əvvəl Türkiyədə sekulyar elitist azlığın partiyası və kamalist sistemin siyasətdəki təmsilçisi kimi qəbul olunurdu. Sistemin bütün neqativləri, CHP hakimiyyətdə olmasa belə, ona yüklənirdi və partiya bunun siyasi məsuliyyətini daşımalı olurdu. Kılıçdaroğlu partiyanı qatı dövlətçi (etatist) siyasət anlayışından uzaqlaşdırıb, 1972-79-cu illərdə Bülənt Ecevitin liderliyi dövründəkinə bənzər – xalqçılıq xəttinə yaxınlaşdırdı. Kılıçdaroğlu dövründə CHP-nin Türkiyə toplumunun Atatürkün prinsiplərinə və inqilabi islahatlarına (Atatürk ilke ve inkılapları) uyğun radikal transformasiyasını nəzərdə tutan siyasətindən geri çəkilərək özünü cəmiyyətin reallıqlarına adaptasiya etməyə çalışan siyasi qüvvəyə çevrildiyini söyləmək yanlış olmaz. CHP-yə yaxın laik-sekulyar çevrələrdə bu siyasəti tənqid edənlər, hətta bu səbəbdən CHP-dən uzaqlaşanlar da var. Lakin bu siyasət olmadan geniş əhali təbəqələrinə açılmaq, 5 sağçı partiya ilə birlikdə rejimə qarşı güclü bir alternativ yaratmaq  çətin olardı.

Kılıçdaroğlunun keçməli olduğu başqa bir əngəl də var idi: məzhəb amili. CHP lideri Türkiyədəki dominant islami məzhəb olan sünni-hənəfiliyə aid deyil, ələvidir. Osmanlı dövründən – XVI əsrin əvvəllərindən Cümhuriyyətə qədər Anadolu ələviləri təqiblərə və zorakı assimilyasiya cəhdlərinə məruz qalıb. Bərabərhüquqlu vətəndaşlıq prinsipini gətirən dünyəvi Cümhuriyyətin qurulmasından sonra təqiblər dayansa da, ələviliyə dair stereotiplər yox olmayıb, gizli diskriminasiya davam edib və bu gün də davam edir. Müxalifət daxilində Kılıçdaroğlunun namizədliyinə etiraz edənlərin bir çoxu bunu fərqli səbəblərlə əsaslandırmağa çalışsa da, məzhəb faktorunun rol oynadığını etiraf edənlər də var idi. Lakin Kılıçdaroğlu bu stereotipləri də aşmağı bacararaq geniş müxalifət ittifaqının Türkiyə Cümhuriyyəti prezidentliyinə vahid namizədi ola bildi.

Güclü və zəif Ərdoğan

Türkiyədə 2002-ci ildən bəri hakimiyyəti əlində saxlayan AK Parti və Rəcəb Tayyib Ərdoğan üçün 14 may seçkiləri çətin imtahandır. Ən təhlükəli rəqib birləşmiş müxalifətdən daha çox, ölkənin ağırlaşmış problemləridir. 2018-ci il 24 iyun prezident seçkilərində Ərdoğan Cumhur İttifaqının 2-ci böyük partiyası MHP-nin dəstəyi ilə 52,6% səs toplayaraq ilk turda qalib gəlmişdi. AK Parti isə parlament seçkilərində 42,6% səs toplayaraq 11,1% səs alan MHP-nin dəstəyi ilə Böyük Millət Məclisində çoxluq yaratmışdı. O vaxtdan bu yana Türkiyədə sosial-iqtisadi vəziyyət, əhalinin rifah səviyyəsi neqativ istiqamətdə dəyişib. Yüksək inflyasiya, zəruri istehlak mallarının kəskin bahalaşması, milli valyutanın alıcılıq qabiliyyətinin xeyli aşağı düşməsi əhalini narahat edən əsas problemlərdir.

Müqayisə üçün deyək ki, 2018-ci il seçkiləri dövründə – həmin ilin iyun ayında Türkiyə Statistika Qurumunun (TÜİK) rəsmi məlumatına əsasən, illik inflyasiya 15,39% təşkil etmişdi. Seçki həftəsinin son iş günündə (22 iyun, 2018) 1 ABŞ dolları – 4,7370 TL, 1 avro – 5,5100 TL-dən satılırdı. 2023-cü ilin fevral ayına olan rəsmi məlumata görə, illik inflyasiya 55,18%, müstəqil ekspertlərdən ibarət ENAG-ın (Enflasyon Araştırma Grubu) hesablamalarına əsasən isə 126,91% təşkil edib. Hazırda 1 ABŞ dolları 19 TL-dən, 1 avro 20 TL-dən baha satılır. Fevral ayında büdcə kəsiri 170,6 milyar TL olub, qısamüddətli – qarşıdakı 1 il və daha az müddətdə ödəniləcək dövlət borcu 196 milyard ABŞ dolları təşkil edir. Bunlar çox yüksək rəqəmlərdir. Fevralın 6-da baş verən və 11 vilayətdə dağıntılar törədən zəlzələ də əlavə problemlər yaradıb. Prezident ofisinin Strateji və Büdcə İdarəsinin hazırladığı raportda zəlzələnin vurduğu zərər 103,6 milyard dollar həcmində hesablanıb.

Sosial-iqtisadi amillərin seçici davranışlarına təsir göstərəcəyi şübhəsizdir. Lakin bu, o demək deyil ki, prezident Ərdoğanın və onu dəstəkləyən ittifaqın şansı qalmayıb. 69 yaşlı Ərdoğan əvvəlki populyarlığından bir az uzaq olsa belə, dövlət gücünü əlində cəmləşdirmiş və hələ də ciddi tərəfdar kütləsinə sahib olan çox təcrübəli siyasət mühəndisidir. Bu tip xarizmatik liderlərlə onların aktiv tərəfdarları arasında zamanla emosional bir bağlılıq yaranır və gündəlik, konyuktur faktorlar o kütlələrin öz liderindən qopmasına səbəb olmur. Məhz bu səbəbdən, ölkədəki problemlər prezident Ərdoğanın və onun partiyasının reytinqində azalmaya səbəb olsa belə, dramatik bir tənəzzülə gətirib çıxarmayıb. Ötən seçki kampaniyasında olduğu kimi, AK Parti 2 millətçi-mühafizəkar partiya – Milliyyətçi Hərəkat və Böyük Birlik partiyaları ilə ittifaqda seçkilərə gedir. Türk islamçılarının məşhur lideri, Milli Görüş (milli dünyagörüş, vizyon) ideoloji konsepsiyasının banisi, keçmiş baş nazir, mərhum Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakanın Yenidən Rifah Partiyası da son anda Cumhur İttifaqına qoşulub. Cənub-şərq vilayətlərində fəaliyyət göstərən, şəriət tərəfdarı olan kürdləri öz ətrafında birləşdirən Hüda Par (Xuda Partiyası), eləcə də bir çox dini təriqət də Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb. Hüda Parın namizədlərinə parlament seçkilərində AK Partinin siyahılarında yer verilib.

Beləliklə, 5 sağçı və 1 solçu (sosial-demokrat) partiyadan ibarət Millət İttifaqının qarşısında qatı mühafizəkar, radikal sağçı Cumhur İttifaqı var.        

Digər namizədlər

Prezident kürsüsü uğrunda mübarizə Ərdoğan və Kılıçdaroğlu arasında keçəcək, lakin başqa namizədlər də var: Muharrem İncə və Sinan Oğan.

59 yaşlı İncə 2018-ci il seçkilərinə CHP-nin namizədi kimi qatılmış və 30,6% səs almışdı. Seçkilərdən sonra CHP liderliyi uğrunda mübarizəyə başlayan İncə bu məqsədinə nail ola bilməyib. CHP-dən istefa verərək müstəqil siyasi layihəyə başlayan siyasətçi Məmləkət Partiyasını qurub. O, CHP-ni Atatürkün yolundan uzaqlaşmaqda, cümhuriyyət dəyərlərinə sahib çıxmamaqda ittiham edir. Ehtimal edilir ki, İncə və Məmləkət Partiyası analoji qənaətdə olan CHP üzvləri və tərəfdarlarından səs ala, bu isə həm Kılıçdaroğlunun, həm də CHP-nin səs faizini azalda bilər. İncə təkcə CHP-dən deyil, AK Partidən də səs alacağına və start mərhələsində 28% səslə kampaniyaya başladığına inanır. O, xüsusən sosial şəbəkələrdə aktiv olan Z nəsli (18-25 yaş arası gənclər) arasında populyardır. Seçkilərdə 6 milyon gənc ilk dəfə səs verəcək və onların seçimi nəticələrə təsir göstərən amillərdən biri olacaq.

56 yaşlı Oğan keçmiş MHP millət vəkilidir və o da partiya daxilində liderlik uğrunda mübarizə aparsa da, uğursuzluğa düçar olaraq MHP-dən xaric edilib. Zəfər Partiyası başda olmaqla, bir qrup marginal millətçi partiyanın formalaşdırdığı Ata İttifaqı tərəfindən prezidentliyə namizəd göstərilən Oğan Cumhur və Millət ittifaqlarına səs vermək istəməyən millətçi seçicilərin dəstəyi ilə 2-ci tura keçəcəyinə ümid edir.

Lakin hazırda Türkiyə cəmiyyəti əsasən 2 ittifaq ətrafında qütbləşib. Seçki kampaniyasının sonuna doğru səsləri hədər getməsin deyə seçicilərin bu qütblərin ətrafında təmərküzləşməsi ehtimalı daha yüksəkdir.

Nəticə

Yazının giriş hissəsində Cümhuriyyətin qurulmasından 100 il sonra Türkiyənin təkrar yolayrıcına gəldiyini qeyd etdik. 14 may 2023-cü il tarixli prezident və parlament seçkiləri rutin bir elektoral proses olmaqdan çıxaraq referendum mahiyyətindəki strateji seçimə çevrilib: 

  1. Demokratik parlamentar sistem, yoxsa avtokratik prezidentlik institutu?
  2. Laik-sekulyar Cümhuriyyət, yoxsa yarımteokratik hibrid rejim?
  3. Avroatlantizm, yoxsa Avrasiya?

Türkiyə vətəndaşlarının seçki qutularına atacaqları bülletenlər bu vacib suallara cavabları da ortaya qoyacaq. Bu cavabların təkcə Türkiyənin taleyinə deyil, regional və qlobal geosiyasətə də mühüm təsirləri olacaq.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.