fbpx

Cəmiyyət

Cəmiyyət

Türkiyə-Ermənistan münasibətlərinin normallaşma perspektivi

Read this article on other language
Download article
image_pdf
image_pdf

1993-cü il aprelin 3-də Ermənistanın Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsinə etiraz olaraq Türkiyə Ermənistanla sərhədlərini bağlayıb. Ancaq sonrakı illərdə qonşuluq və hər iki ölkənin iqtisadi və siyasi ehtiyacı sərhədlərin açılmasını aktuallaşdırıb və mövzu davamlı olaraq gündəmə çevrilib. Müstəqillikdən bu yana Ermənistanın 4 hakimiyyəti dövründə Türkiyə ilə sərhədlərin açılması və diplomatik əlaqələrin bərpası zaman-zaman müzakirə olunsa da, ölkələr arasında fikir ayrılıqları, xüsusilə davam edən Qarabağ konflikti iki ölkənin yaxınlaşmasına əngəl törədib. Sərhədlərin açılması üçün Türkiyənin Qarabağ məsələsinin həlli (yəni Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxması) şərtini irəli sürməsinə, Ermənistanın isə sərhədlərin açılmasını Qarabağ məsələsindən ayrı tutmasına görə anlaşma mümkün olmayıb.

2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərin böyük hissəsini geri qaytarması ilə Türkiyə-Ermənistan münasibətlərinin bərpası yolunda əsas maneələrdən biri aradan qalxıb və ölkələr arasında münasibətlərin düzəlməsi üçün yeni fürsət yaranıb. Müharibədən sonra hər iki ölkə sərhədlərin açılması və münasibətlərin bərpası ilə bağlı rəsmi səviyyədə istəklərini ifadə etsələr də, qeyri-müəyyənlik hələ də davam edir. Bu yazıda 2020-ci il Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıq fonunda Türkiyə-Ermənistan sərhədlərinin açılması və münasibətlərin bərpası perspektivi təhlil ediləcək. Əvvəlcə iki ölkə arasındakı keçmiş dialoq cəhdlərinin tarixi qısa olaraq nəzərdən keçiriləcək, daha sonra müharibə sonrası münasibətlərin analizi veriləcək.

Ermənistan SSRİ-dən ayrıldıqdan sonra onu ilk tanıyan ölkələrdən biri Türkiyə olub. Bundan sonra rəsmən açılışı elan edilməsə də, humanitar və siyasi məqsədlər üçün müəyyən vaxtlarda ölkə sərhədləri işlək olub. Ancaq Qarabağ müharibəsinin gedişində Ermənistanın Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsindən sonra Türkiyə 1993-cü il aprelin 3-də Ermənistanla quru sərhədlərini bağladığını elan edib.

Ermənistanın iki qonşusu – Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlanması ölkə iqtisadiyyatı üçün böyük zərbə idi. Həmin dövrdə prezident Levon Ter-Petrosyan ölkənin Türkiyə ilə münasibətlərdə realizm prinsiplərindən çıxış etməli olduğu fikrindəydi.[1] O, qonşularla, ilk növbədə Türkiyə ilə əlaqələrin bərpa olunması tərəfdarı kimi çıxış edir və Türkiyəni Ermənistanın Qərbə açılan yolu hesab edirdi. Buna görə də o, Türkiyə ilə sərhədlərin açılması, ticarətin başlanması və Azərbaycan neft kəmərlərinin Ermənistandan keçməsində maraqlıydı. Türkiyə də öz növbəsində Ermənistanla əlaqələrin yaradılmasına çalışırdı. Hələ 1992-ci ildə Ter-Petrosyan İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının görüşünə qatılmışdı. 1995-96-cı illərdə Ter-Petrosyanın Türkiyə Prezidenti Süleyman Dəmirəllə Kopenhagen, Nyu-York və Moskvada görüşləri baş tutdu. Bu görüşlərdə Türkiyənin rəsmi mövqeyi ondan ibarət idi ki, Qarabağ məsələsi həll edildikdən sonra Türkiyə-Ermənistan sərhədi açıla bilər. O dövrdə məsələnin həlli ətrafında müzakirə Ermənistan qoşunlarının işğal edilmiş ətraf ərazilərdən çıxarılmasını, Azərbaycanın isə Dağlıq Qarabağa muxtariyyət statusu verməsini ehtiva edirdi. Bu kontekstdə Türkiyənin Ermənistan qarşısında irəli sürdüyü Qarabağ məsələsinin həlli şərti Azərbaycanın da istədiyi kimi Ermənistan qoşunlarının işğal edilmiş ətraf rayonlardan çıxarılmasını nəzərdə tuturdu. Ancaq Qarabağ münaqişəsinə dair ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış, ilk növbədə işğal edilmiş ətraf ərazilərin qaytarılmasını, daha sonra isə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini nəzərdə tutan mərhələli həll planına tərəfdar olan Ter-Petrosyan Ermənistan siyasətində təkləndi və istefa verməli oldu. Bununla da iki ölkənin yaxınlaşması üçün yaranan fürsət gerçəkləşmədi.

Ölkələr arasında əlaqələrin bərpa edilməsi yönündə cəhdlər yeni prezident Robert Koçaryan dövründə də davam etdirildi. Güzəşt tərəfdarı olan Ter-Petrosyandan fərqli olaraq, Koçaryan erməni soyqırımının tanınması və Qarabağ məsələsində daha sərt mövqeyə malik idi. Bununla belə, onun dövründə də həm siyasi-diplomatik, həm də vətəndaş cəmiyyəti səviyyəsində uğursuz da olsa, münasibətlərin bərpası və dialoq yönündə cəhdlər edildi. 1998-1999-cu ildə Yalta və İstanbulda Dəmirəllə görüşlərində Koçaryan Türkiyə ilə münasibətlərin normallaşması qarşılığında Qarabağ məsələsində Ermənistanın güzəştə getməyəcəyini bildirdi. 2001-ci ildə yaranan və iki ölkənin siyasi dairələri və vətəndaş cəmiyyəti arasında dialoq yaratmağı hədəfləyən Türkiyə-Ermənistan Barışıq Komitəsi 2004-cü ildə tərəflərin qarşılıqlı razılaşması ilə fəaliyyətini dayandırdı. Daha sonra 2005-ci ildə Baş nazir Rəcəb Tayyib Ərdoğan Koçaryana soyqırımı iddialarını araşdırmaq üçün tarixçi və ekspertlərdən ibarət komissiyanın yaradılmasını təklif edən məktub ünvanladı. Koçaryan isə cavab məktubunda komissiya yaradılması təklifini rədd etdi və beləcə, onun hakimiyyəti dövründə dialoq baxımından hər hansı irəliləyiş baş vermədi.

Münasibətlərin normallaşması növbəti dəfə Ermənistanın sonrakı prezidenti Serj Sarkisyan dövründə reallığa yaxın oldu. Əvvəlcə 2008-ci ildə Futbol diplomatiyası adlandırılan siyasi proses başlandı. Türkiyə Prezidenti Abdulla Gül Sarkisyanın dəvəti ilə Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə və Ermənistan futbol komandaları arasında keçirilən qarşılaşmanı izləmək üçün 2008-ci il sentyabrın 6-da Yerevana səfərə gəldi. Səfər çərçivəsində prezidentlərin görüşü gerçəkləşdi və görüş zamanı ölkələr arası münasibətlər müzakirə edildi. Daha sonra 2009-cu ilin oktyabrında cavab oyununu Güllə birgə izləmək üçün Sarkisyan Türkiyəyə səfər etdi. Həmin il oktyabrın 10-da isə ölkələr ABŞ-ın vasitəçiliyi ilə əlaqələrin bərpa olunmasını, sərhədlərin açılmasını və 1915-ci il hadisələrinin araşdırılması üçün komissiya yaradılmasını nəzərdə tutan Sürix protokollarını imzaladılar.

Azərbaycanda əvvəldən şübhə ilə yanaşılan Türkiyə-Ermənistan yaxınlaşması protokolların imzalanmasından sonra kəskin etiraza çevrildi və Türkiyə ilə münasibətlərdə problem yarandı. Azərbaycan tərəfi Qarabağ məsələsinin həlli şərtini qoymadan Türkiyənin Ermənistanla sərhədlərini açmasının Ermənistanın Qarabağ məsələsində mövqeyini gücləndirəcəyini, Azərbaycan tərəfinin isə Ermənistanı təcriddə saxlamaqla sülhə məcburetmə siyasətini iflasa uğradacağı qənaətindəydi. 2009-cu il 12 oktyabr tarixində Azərbaycan XİN açıqlamasında Sürix protokollarının imzalanmasını “Azərbaycanın milli maraqlarına zidd və Türkiyə-Azərbaycan qardaşlığına kölgə salan” hadisə kimi qiymətləndirdi. Ardınca prezident İlham Əliyev Azərbaycanın Avropaya qaz nəqli üçün Türkiyə marşrutuna alternativ seçimlər barədə düşündüyünü  bildirdi. Nəhayətdə Azərbaycanın artan təzyiqləri nəticəsində Türkiyə geri çəkildi və Ermənistanla münasibətlərin normallaşmasını bir daha Qarabağ məsələsinin həlli – Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərini qaytarması şərti ilə əlaqələndirdi. Digər tərəfdən isə Ermənistanın soyqırımı iddialarından geri çəkilməməsi və Qarabağ məsələsini normallaşma prosesindən ayrı tutması nəticəsində razılaşmalar pozuldu və protokolların ölkələrin parlamenti tərəfindən təsdiqlənməsi baş tutmadı. Daha sonra Ermənistan Sürix protokollarından geri çəkildi və son illərə qədər ölkələr arasında ikinci dəfə real yaxınlaşma cəhdi baş tutmadı.

Növbəti dəfə Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən sonra açıldı. Müharibə nəticəsində Azərbaycanın işğal edilmiş ətraf əraziləri azad etməsi Türkiyə və Ermənistan arasında yeni normallaşma fürsətinin yaranmasına səbəb olub. Bundan sonra Azərbaycan tərəfi Qarabağ münaqişəsinin bitdiyini və Ermənistanla kommunikasiyaları açmağa hazır olduğunu bildirdi. Beləliklə, müharibə sonrası Qarabağ məsələsinin Azərbaycan tərəfini qane edən nəticəsi və Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması Türkiyə-Ermənistan münasibətlərində bir əngəlin aradan qalxmasına və iki ölkənin öz münasibətlərini Qarabağ məsələsi olmadan düzəltməsinə imkan verir. Hərbi əməliyyatlar sonrası imzalanmış üçtərəfli 10 noyabr bəyanatında regionda bütün nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasının nəzərdə tutulması, həmçinin, ilk dəfə Prezident Ərdoğanın 2020-ci ilin dekabrında Bakıda Əliyevlə birgə mətbuat konfransında səsləndirdiyi, daha sonra isə rəsmi şəkildə Rusiya tərəfindən irəli sürüldüyü bildirilən, region ölkələrinin iştirakını nəzərdə tutan 3+3 (Rusiya-İran-Türkiyə, Azərbaycan-Ermənistan-Gürcüstan) iqtisadi əməkdaşlıq platforması təklifi Türkiyə-Ermənistan münasibətlərinin normallaşması zərurətini daha da artırır.[2] Son dövrlər hər iki ölkədə sərhədlərin açılması və münasibətlərin normallaşması istiqamətində fikirlər səslənməyə başlayıb. Avqustun 25-də Türkiyədəki xarici ölkə səfirləri ilə görüşündə Ərdoğan Qarabağ müharibəsindən sonra regionda sülh adına yeni fürsətlərin yarandığını bildirib və “Ermənistan onları dəyərləndirərsə, biz də lazımı addımları atacağıq” deyə açıqlama verib. Ardınca Baş nazir Paşinyan avqustun 27-də “Türkiyədən müsbət mesajlar alırıq, bunlara müsbət siqnallarla cavab verəcəyik” açıqlaması ilə çıxış edib. Xüsusi qeydə dəyər fakt isə odur ki, müharibədən sonra Paşinyan hökumətinin 2021-2026-cı illəri əhatə edən fəaliyyət planında Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışacağı qeyd olunub.

Ancaq müharibə sonrası yaranmış fürsətə,  yeni iqtisadi əməkdaşlıq potensialına və hər iki ölkə tərəfindən verilən müsbət mesajlara baxmayaraq, Türkiyə-Ermənistan münasibətlərində bütün problemlərin həll edildiyini demək olmaz. Ölkələr sərhədlərin açılması və münasibətlərin qurulmasına nail olmaq üçün ilk növbədə aralarında hələ də davam edən fikir ayrılıqlarını həll etməlidirlər. Ümumiyyətlə, indiyə qədər sərhədlərin açılması üçün Türkiyənin Ermənistan qarşısında 3 şərti olub: Ermənistanın Türkiyəyə qarşı erməni soyqırımı iddiasından çəkinməsi; sərhədlərin tanınması[3] və Qarabağ məsələsinin həll edilməsi. Müharibə sonrası Qarabağla əlaqəli şərt aradan qalxsa da, Türkiyənin hələ də normallaşma ilə bağlı Ermənistan qarşısında şərtlər irəli sürdüyü məlum oldu. Son açıqlamalarında Ərdoğan iki ölkə arasında yaxınlaşma ilə bağlı fikirlərində bu şərtlərə açıq eyham vurub.

Bu şərtlər hansılardır və iki ölkə onları necə həll edəcək? Avqust ayında Ərdoğan Türkiyə-Ermənistan münasibətləri ilə bağlı suala verdiyi cavabında Türkiyənin Ermənistan qarşısında ilk şərtini xatırladıb. O qeyd edib ki, “fikir ayrılıqları olsa da, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət də daxil olmaqla, etimad əsasında yaxşı qonşuluq münasibətlərinin inkişafı üçün səy göstərmək məsuliyyətli bir hərəkət olacaq.” Ermənistanın müstəqil olmasından 30 il keçsə də, ölkələr arasında diplomatik münasibətlərin qurulmaması səbəbindən Türkiyə ilə Ermənistan arasında qarşılıqlı olaraq ölkələrin ərazi bütövlüyü və sərhədlərin tanınması baş tutmayıb. Son açıqlaması ilə Ərdoğan buna işarə edərək sərhədlərin açılması üçün Ermənistanın Türkiyənin (həmçinin, Azərbaycanın) hazırkı sərhədlərini və ərazi bütövlüyünü tanımalı olduğunu ifadə edib. Hazırda Ermənistan üçün normallaşma qarşılığında qoyulan şərtlərdən ən məqbulu və az ağrılı olanı Türkiyə ilə sərhədlərin tanınmasıdır və bu məsələnin ölkələr arasında daha asan razılaşdırılacağını güman etmək olar.

Daha sonra həmin açıqlamanın davamında Ərdoğan Türkiyənin Ermənistan qarşısında ikinci şərtini ifadə edib: “Birtərəfli ittihamlar yerinə gələcəyə baxan, realist yanaşmalar üstünlük təşkil etməlidir. Bu istiqamətdə hərəkət etməyə hazır olduğunu bəyan edən Ermənistan höküməti ilə münasibətlərimizi tədricən normallaşdırmaq üçün çalışa bilərik.” Bu fikirləri ilə Ərdoğan, çox güman ki, normallaşma qarşılığında Ermənistanın Türkiyəyə qarşı soyqırımı iddialarından çəkinməsi zərurətinə eyham vurub. Erməni soyqırımı məsələsi hər zaman iki ölkə arasında ən ağrılı və bütün yaxınlaşma cəhdlərini tormozlayan faktor olub. Bu gün də həm Ermənistan cəmiyyəti və müxalif siyasi qüvvələri, həm də diaspora tərəfindən bu məsələdə hökumətə böyük təzyiq var və onlar soyqırımını Türkiyəyə tanıtdırmaq istiqamətində fəaliyyətdən çəkinmək fikrində deyillər. Bundan əlavə, Paşinyan da 24 avqustda parlamentdə çıxışında qeyd edib ki, “Erməni soyqırımının beynəlxalq səviyyədə tanınması gündəliyi Ermənistanın təhlükəsizlik təminatlarının gücləndirilməsinə xidmət etməlidir və bu, hökümətin prioritetləri sırasında olacaqdır.” Bu açıqlama ilə o, erməni soyqırımı iddiasından geri çəkilmədiklərini bir daha ifadə etdi. Göründüyü kimi, ölkələrin budəfəki normallaşma cəhdində yenə də tərəflər  soyqırımı məsələsində əvvəlki mövqelərində qalmaqda davam edirlər.

Sentyabrın 19-də başqa bir açıqlamasında isə Ərdoğan Ermənistandan daha bir gözləntisinə – Naxçıvan Muxtar Respublikası (NMR) ilə Azərbaycan Respublikasının digər hissəsi arasında əlaqə yaratmaq məqsədilə bir koridorun açılmasına işarə edib. Ümumiyyətlə, koridor məsələsi ilə bağlı yaranan mübahisə təkcə Azərbaycan-Ermənistan münasibətlərində deyil, bütün regionda konflikti yenidən alovlandırıb. Məsələ ilə bağlı fikir ayrılığı tərəflərin müharibə sonrası imzalanmış 10 noyabr bəyanatının 9-cu bəndini fərqli şərh etmələrindən qaynaqlanır. Bəyanatın 9-cu bəndində göstərilir ki, “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və NMR arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”. Bəyanatın imzalanmasından sonra Azərbaycan tərəfi sənəddə Ermənistan ərazisindən açılması nəzərdə tutulan bu nəqliyyat əlaqəsini Zəngəzur koridoru adlandırmağa başladı və oradakı “maneəsiz hərəkət” ifadəsinə istinad edərək, Ermənistanın cənub hissəsindən keçəcək və Azərbaycanın əsas hissəsi ilə NMR-nı birləşdirəcək, Laçın koridoruna bərabər, gömrük, sərhəd və pasport yoxlanışının olmadığı, sərbəst hərəkətin təmin ediləcəyi koridorun açılmasını tələb etdi. Həmçinin, Əliyevin 7 iyul 2021-ci il fərmanına əsasən, azad edilmiş 5 rayon ərazisi əsasında Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldı. Ermənistan tərəfi isə Sünik bölgəsindən keçəcək dəmir yolu və avtomobil yoluna razılıq verir və bunu Azərbaycanın əsas ərazisi ilə NMR-nı birləşdirəcək tranzit yolu kimi görür, ancaq onun koridor kimi tanınmayacağını bildirir. Nəzərdə tutulan yolun NMR vasitəsilə Türkiyə və Azərbaycanı birləşdirməsi, həmçinin, onun Türkiyəni Orta Asiyaya çıxaracaq tranzit məntəqə hesab edildiyi üçün mövzu davamlı olaraq Türkiyə gündəmində də yer alır. Buna görə də Türkiyə koridorun gerçəkləşməsində marağını təmin etmək və Azərbaycanın da mövqeyini dəstəkləmək məqsədilə Ermənistanla normallaşma qarşılığında koridor şərtini irəli sürür.

Bu kontekstdə Paşinyanın koridorun açılmasına imkan verməyəcəyi ilə bağlı fikrinə münasibəti soruşulan zaman Ərdoğan aşağıdakı cavabı verib: “Bir tərəfdən bunu deyərkən, digər tərəfdən mənimlə görüşməyi arzu etməsi, hər halda, düşündürücüdür. Əgər Ərdoğanla bir görüş arzusu varsa, deməli, burada artıq bəlli addımların atılması lazımdır … Biz bu danışıqları apararkən onlar müsbət yanaşma nümayiş etdirərək bu addımları atmalıdırlar.” Bu açıqlama ilə Ərdoğan koridorun açılmasını Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, ümumi yaxınlaşma və iki ölkə sərhədlərinin açılması prosesinin tərkib hissəsi kimi gördüyünü ifadə edib. Beləliklə, koridorun açılmasını Azərbaycan kimi Türkiyə də  strateji əhəmiyyətli hesab edir və buna görə onun açılması Türkiyə üçün də şərtdir. Ancaq Ermənistan tərəfi koridoru ölkənin suverenliyinə təhdid hesab etdiyi və gələcəkdə həmin ərazinin tamamilə nəzarətindən çıxacağından ehtiyatlandığı üçün öz ərazisindən bu cür koridorun açılmasına etiraz edir. Nəticə olaraq, hazırda Türkiyə-Ermənistan yaxınlaşması qarşısında duran əsas əngəllərdən birinin koridor şərti olduğunu demək olar.

Koridor məsələsi təkcə Ermənistan-Türkiyə münasibətləri üçün yox, ümumilikdə müharibədən sonra regionda kommunikasiyaların açılması və münasibətlərin bərpa edilməsi qarşısında böyük əngələ çevrilib. Ermənistan və Azərbaycanın koridor məsələsində razılığa gələ bilməməsi müharibə sonrası siyasi prosesi əməkdaşlıq yox, konfrontasiya istiqamətinə doğru çevirir. Ermənistan koridora razılıq verməsə, Azərbaycan da Ermənistana öz ərazisindən Rusiyaya yol vermək istəmir. Bu halda kommunikasiyaların açılması və onun üçün vacib olan Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası prosesinin baş tutması da əngəllənmiş olur. Bu isə regionun yenidən münaqişə vəziyyətində qalması deməkdir və belə olan halda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması perspektivinə də kölgə düşmüş olur. Türkiyə müharibə sonrası koridor şərtini irəli sürməklə, faktiki olaraq, Ermənistanla münasibətlərinin bərpasını yenə də onun Azərbaycanla arasındakı problemləri aradan qaldırması və sülhün əldə olunmasına bağlayır. Bu anlamda hazırda koridor şərti, demək olar ki, Türkiyənin indiyə qədər irəli sürdüyü işğal edilmiş ərazilərin azad edilməsi şərtini əvəzləyib. Hələ ki bu şərt Ermənistan üçün qəbuledilməz olaraq qalır və bu da iki ölkə arasında yaxınlaşma ehtimallarını yenidən sual altında qoyur.

Əksinə, əgər Ermənistan koridorun açılmasına razılıq versə və Azərbaycanla dövlət sərhədləri müəyyənləşsə, bu halda Azərbaycan və Ermənistan arasında və ümumilikdə regionda digər kommunikasiyaların açılması prosesi başlana bilər. Çünki Azərbaycan tərəfi ölkələr arasında nəqliyyat əlaqələrinin açılmasının yalnız Ermənistanın Azərbaycana koridor verməsi, iki ölkə arasında sərhədlərin müəyyənləşməsi və ərazi bütövlüyünün qarşılıqlı tanınmasından sonra mümkün olacağını bildirir. Koridorun və digər regional kommunikasiyaların işə düşməsi halında isə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması zərurəti son dərəcə böyüyür. Düzdür, Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesi qarşısında duran tək maneə koridor məsələsi deyil, bunun üçün tərəflər arasında digər fikir ayrılığı – soyqırımı məsələsində də razılıq əldə olunması gərəkdir. Ancaq koridor və digər kommunikasiyaların açılması regionun əməkdaşlıq potensialını daha da artırmaqla Türkiyə və Ermənistan arasında da əməkdaşlıq ehtiyacını artıracaq. Bu da, güman etmək olar ki, tərəfləri erməni soyqırımı məsələsində müəyyən razılaşmaya sövq edə bilər. Deyə bilərik ki, hazırda iki ölkə münasibətlərinin bərpa edilməsi önündə duran əsas problem koridor məsələsi və Azərbaycanla Ermənistan arasında davam edən gərgin vəziyyətdir.

Beləliklə, 1993-cü ildə Türkiyənin Ermənistanla quru sərhədlərini bağlamasından bu yana davamlı olaraq iki ölkə arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması istiqamətində ardıcıl səylər göstərilib. Ancaq bu yaxınlaşma cəhdləri tərəflərin bir-biri qarşısında qoyduğu şərtlərin qarşılıqlı rədd edilməsinə görə baş tutmayıb. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərin böyük hissəsini geri qaytarması ilə Türkiyə-Ermənistan əlaqələrinin bərpası yönündə Türkiyənin əsas şərtlərindən biri yerinə yetdi. Bununla belə, Türkiyə Ermənistanla münasibətlərin normallaşması qarşılığında yenə iki köhnə və bir yeni şərtinin olduğunu bildirdi. Bunlar iki ölkə arasında sərhədlərin tanınması, Ermənistanın Türkiyəyə qarşı soyqırımı ittihamından çəkinməsi və koridorun açılmasıdır. Bu şərtlərdən birincisi – Türkiyə və Ermənistan sərhədlərinin qarşılıqlı tanınması məsələsində Ermənistan hakimiyyəti tərəfindən bu mərhələdə hər hansı etiraz səslənməyib və bu məsələdə ölkələrin asanlıqla razılıq əldə edəcəyini güman etmək olar. Türkiyənin digər şərti – erməni soyqırımı məsələsində isə tərəflər yenə də öz köhnə mövqelərində qalırlar. Hazırda iki ölkənin münasibətlərinin bərpası və sərhədlərin açılması qarşısında ən böyük maneə koridorun açılması məsələsidir. Beləliklə, 2020-ci il müharibəsindən sonrakı reallıq onu göstərir ki, Türkiyə-Ermənistan münasibətlərinin inkişafı yenidən Azərbaycanla Ermənistan arasında gərginliyin bitməsindən və ümumilikdə regionda vəziyyətin sabitləşməsindən asılı qalır.

 

Qeyd və istinadlar

[1] Ter-Petrossian, Levon. Armenia’s Future, Relations with Turkey, and the Karabagh Conflict. Edited by Arman Grigoryan. 1st ed. 2018 edition. New York, NY: Palgrave Macmillan, 2017, 24.

[2] Gürcüstan Rusiyanın Abxaziya və Cənubi Osetiyanın işğalına görə bu formatda iştirak etməyəcəyini elan edib.

[3] 1995-ci il 5 iyulda yeni konstitusiya qəbul edilənə qədər aralıq sənəd olan Ermənistanın müstəqillik haqqında aktında Türkiyənin şərqindəki ərazilərə Qərbi Ermənistan kimi istinad edilir. 1995-ci ildə qəbul edilən yeni konstitusiyada belə bir ifadə yoxdur, ancaq onun preambulasında müstəqillik haqqında akta istinadlar var. Həmçinin Ermənistanın gerbində Ağrı dağı təsviri yer alır. Bu faktları, Ermənistan müəyyən siyasi dairələrində və qismən diasporada Türkiyəyə qarşı olan ərazi iddialarına qarşı Türkiyə Ermənistanla sərhədləri müəyyənləşdirən 1921-ci il Kars müqaviləsinin Ermənistan tərəfindən rəsmi şəkildə tanınmasını istəyir. Ermənistan rəsmiləri dəfələrlə bu müqaviləni qəbul etdiklərini, Türkiyəyə qarşı ərazi iddialarının olmadığını ifadə ediblər. Buna baxmayaraq, ölkələr arasında diplomatik münasibətlər olmadığı üçün iki ölkə arasında sərhədlərin rəsmi tanınması baş tutmayıb.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.