fbpx

Cəmiyyət

Cəmiyyət

Ermənistanda və Azərbaycanda tarix dərslikləri: Dəyişmək vaxtıdır

Read this article on other language
Download article
image_pdf
image_pdf

İkinci Qarabağ müharibəsinin 9 Noyabr 2020-ci ildə atəşkəs razılaşması ilə sona çatmasına və münasibətlərin bərpası ilə bağlı qarşılıqlı bəyənatların səslənməsinə baxmayaraq, iki ölkə arasında heç bir yaxınlaşma hələ də baş verməyib. Bu məqalə milli-tarixin tədrisini erməni və azərbaycanlı cəmiyyətləri arasında barışığa nail olmaq üçün əsas sahə kimi dəyərləndirir. Daha sonra məqalə nəzəri çərçivə olaraq keçid ədalətini götürərək, Ermənistan və Azərbaycanda milli tarix yazılması təcrübəsini və onun hər iki cəmiyyət üzərində nəticəsini işıqlandırır. Beləcə, məqalə Ermənistan və Azərbaycan tarix kitablarında bir-birinə qarşı olan təhrif edilmiş narrativləri və yanlış təsvirləri aşkara çıxarır. Son olaraq, məqalə gənc nəsil arasında yaxın gələcəkdə icmalararası barışığı asanlaşdırmaq üçün həyata keçirilməsi mümkün siyasət dəyişiklikləri tövsiyələri ilə çıxış edir.

İstənilən Post-Sovet ölkəsində orta məktəb strukturundakı dərsliklər təhsilin əsas bazası olaraq qalır. Bu dərsliklər müəllimlərə öz fənlərini təşkil etmək üçün kömək edir. Eyni zamanda, müəllimlər də uşaqların sinifdə öyrəndiyi bilik və informasiyaya nəzarət edirlər. Orta məktəb dərslikləri üzrə araşdırmaçı S. Mkrtçyan dərslik siyasətini dövlət tərəfindən uşaqlara ötürülən informasiyaya nəzarət mexanizmi olaraq dəyərləndirir. V.Voronkova görə isə bu mexanizm parametrləri dövlət aparatı tərəfindən və milli təhsil standartları vasitəsi ilə müəyyənləşdirilən  legitim bilik və konsepsiyaların əks olunduğu ideoloji verilən kimi istifadə olunur (Voronkov 2008 6). Bu baxımdan Mark Ferronun fikrincə, dövlət öz legitim ideoloji sxemlərini dərsliklər vasitəsi ilə indoktrinasiya etməklə gənc nəsil arasında milli dəyərlər və milli şüur haqqında müəyyən qavrayışları formalaşdırmağa çalışır. Eyni şəkildə, Şartz siyasi motivli tarix narrativinin yazılmasının etnik münasibətləri idarə etmək, etnik və milli resursları mobilizasiya etmək məqsədi ilə olduğuna işarə edir. Ümumilikdə görünən odur ki, tarix dərslikləri müasir milli dövlətlərin öz ideoloji sxemlərini  gənc nəsillərin dövlət siyasətinə sədaqətini təmin etmək üçün əsas vasitədir. Xüsusi ilə də bir çox gənc milli dövlətlərdə tarix fənnini pozitivist və dəqiq elm kimi təqdim etmək meylləri görünür. Fransız filosofu və hermeneftika nəzəriyyəçisi Pol Rikör söylədiyi kimi, tarix dəqiq elmlərlə bağlantısı olmayan və əsas məqsədi hekayəni effektiv və ideoloji təsirdə bir süjet xətti yaratmaqla narrasiya etmək olan fənndir (Ricoeur 1981).

Tarix yazılması və istifadə olunduğu paradiqmalar

Əvvəlki paraqrafda yazılanlar o demək deyil ki, tarixin faktual bazası yoxdur. Tarixi hadisələrin arxasında duran faktual sübutlar çox dərin və güclü ola bilər. Lakin dolub daşan tarixi sənədlər və bu sənədlərin sonsuz sayda interpretasiyaları arasından tarixçi öz milləti və dövlətçilik ənənəsi üçün orqanik və təbii sayacağı narrativə uyğun gələcək sübutları seçməklə həm də selektiv şəkildə konstruksiya olunmuş bu narrativi dəf etmək istəyən digər narrativləri də susdurmağa nail olur. Tarix narrativlərinin bu üsulla yazılması məxsusi olaraq orta məktəb tarix kitabları üçün keçərlidir. Bu cür tarix yazılması təcrübəsinə millətşünaslıqda perennializm və primordializm deyilir. Perennialistlər inanırlar ki, müasir millətlər tarixin bütün dövrlərində mövcud olublar. Bu paradiqmada özünü tapan milli tarixçilər narrativi yazarkən ana qaynaqlarda mövcud olan qırılmalara və boşluqlara məhəl qoymadan millətin perennial davamlılığını göstərən selektiv qaynaqlar üzərinə köklənirlər. Milli tarixə primordialist paradiqmadan baxan tarixçilər isə həm öz millətlərinin orqanik təbiətinə köklənir, həm də sonuncunun təsiri ilə qurulan mədəni və bioloji verilənlərin optik lensi ilə qeyri-millətlərin nümayəndələrini çıxdaş etməyə başlayırlar (Smith, 1991).

Həm perennializm, həm də primordializm müasir millətşünaslıqda ortodoksal paradiqma kimi artıq qəbul edilməsə də, orta məktəb dərsliklərinin yazılması zamanı istər birbaşa, istərsə də dolayı şəkildə hələ də istifadə olunmaqdadır. Bunun məqsədi isə həm milli davamlılıq və mövcudluq, həm də milli orqaniklik və təbiilik narrativlərini bərkitməklə milli-dövlətin təməllərini sığortalamaqdır. Eyni ssenaridə həm Ermənistan, həm də Azərbaycan tarix dərsliklərindəki narrativlər qədim dövrdən başlayan və coğrafi olaraq bugünkü ErmənistanAzərbaycan dövlətlərinin ərazisində tarix boyu mövcud olan bu və ya digər dövlət və xanədanlıqlarla əlaqə qurmağa çalışırlar ki, buna da akademik ədəbiyyatda perennialist tarixçilik deyilir. Eyni şəkildə, hər iki ölkənin tarix kitabları müasir erməni və azərbaycanlı xalqlarının köklərini qədim dövrdə bu ərazilərdə yaşamış tayfalar və digər insan kollektivlərinə çıxarmağa çalışırlar ki, buna da ədəbiyyatda tarixin primordialist interpretasiyası deyilir.

Lakin unutduğumuz daha bir paradiqma var ki, onun adı modernizmdir. Modernizm paradiqması müasir dövlətlərin tarixlərini modernizmdən əvvəl eyni coğrafiyada mövcud olan xanədanlıq keçmişlərindən ayıraraq, perennialist tarix yazma perspektivinə alternativ qoyur. Eyni şəkildə, millətlərin deterministik mədəni və təbii orqanizm olması mifinə cavab olaraq müasir millətlərin konstruksiya nəticəsində ortaya çıxması həqiqətini təqdim etməklə milli tarixin primordialist interpretasiyasına alternativ qoyur. Modernizm paradiqması iddia edir ki, millətlər, milli dövlətlər və milli kimliklər erkən müasir dövrdən günümüzə qədər baş vermir. Avropa Aydınlanması və çap kapitalizminin nəticəsində baş verən material dəyişikliklər, həmçinin ideoloji cərəyanların təsiri ilə sosial, iqtisadi, siyasi və mədəni domenlərdə təzahür edən dəyişikliklər nəticəsində ərsəyə gələ bilib. Bu səbəbdən də bu paradiqma iddia edir ki, müasir millətlərin xəyali icma kimi peydə olması təkcə xronoloji deyil, həm də keyfiyyət etibarı ilə yeni bir hadisədir. Bu paradiqma primodialist tarixçilərin iddia etdiyi milli fiksasiya, orqanizm və naturalizm iddialarını və perennialistlərin iddia etdiyi tarixi qırılmaz və davamlılıq iddialarını analitik olaraq dəf edir. Beləliklə, modernizm paradiqmasından istifadə dövlətlər tərəfindən milli ideologiyanı bəsləmək üçün icad olunan və fərqli cəmiyyətləri bir-birinə düşmən kəsən milli tarix ənənəsinə meydan oxuyacaq bir narrativ yazmağa kömək edəcək. Modernizm paradiqması eyni zamanda ədalətli və aydın mühakimədən məhrum edilən gənc nəsilləri onları başqalarına düşmən kəsən bu ədalətsiz tarix narrativlərindən xilas etməyə qadirdir.

Milli tarixin bir fənn kimi funksiyası

Ferronun da qeyd etdiyi kimi, tarixi əsər ikiqat funksiya göstərir: terapevtik və militant (Ferro, xi). Bundan irəli gələrək, milli-tarixin yazılma funksiyası həmin milli-dövlətin öz qonşu dövlətinə olan münasibətinin göstəricisidir. Misal olaraq, Ermənistan və ya Azərbaycan tarix kitablarında Gürcüstanın təsviri göstərir ki, heç birində sonuncuya qarşı militant funksiyanı əks etdirən linear xətt yoxdur. Bunun əksi olaraq isə həm Ermənistan, həm də Azərbaycan tarix kitabları qarşı tərəfin tarixində bəhs edərkən bir-birilərinə qarşı bu funksiyanı əks etdirən narrativlə çıxış edirlər (Mkrtchyan, 2015, 170).

Tarixçi və milli tarixdə düşmənin obrazı

 Post-sovet dövrü Ermənistan və Azərbaycan tarixçilərinin, xüsusi ilə də tarix dərslikləri müəlliflərinin üzləşdiyi iki paralel problemi müşahidə etmək olur:

a) Həm stilistik, həm də tematik olaraq doqmatik Sovet metodikasının post-sovet dövrü tarix yazma sənətinə olan təsiri.
b) Perennializm və primordializm üzərində konstruksiya olunan millətçi diskurs (Zolyan, 2012, 146).

Bundan əlavə, birinci Dağlıq-Qarabağ müharibəsi nəticəsində başlayan Qarabağ münaqişəsi səbəbi ilə kollektiv yaddaşa ilk dəfə tarixi düşmən obrazı daxil olmağa başladı. Diskurs şəkili alan bu düşmən obrazı həm ermənilərin, həm də azərbaycanlıların davamlı, qırılmaz və orqanik milli tarix narrativinində müstəsna rol oynamağa başladı. Hər iki xalqın tarixində mövcud olmuş çoxsaylı münaqişələr və müharibələrin ilk dəfə retrospektiv olaraq çağdaş dövrdə baş verən Qarabağ münaqişəsinin işığında interpretasiya olunması təcrübəsi də müşahidə olundu (Gamaghelyan, Rumyantsev, 2013). Bu səbəbdən, görünən odur ki, keçmişdəki hadisələr milli-dövlətin çağdaş dövrdəki siyasətinə bəraət qazandırmaq üçün selektiv şəkildə seçilir, interpretasiya olunur və kadra daxil edilir. Filip Qamaqelyan and Serqey Rumyantsevin də ərz etdiyi kimi (2013), hətta bəzən bu sırf tarixi yaddaşı möhkəmləndirmək məqsədi ilə aşkar siyasi sifariş olaraq da həyata keçirilir.

Nəzəri çərçivə: Keçid Ədaləti yoxsa Ədalət Keçiddə

Bu kontektsdə, bir-birini rəqib və antaqonistik milli ideologiyada görən erməni və azərbaycanlı cəmiyyətlərinin daşıdığı bu cür travmatik fəsadlara xitab edəcək konseptə ehtiyac yaranır. Müvafiq konsept ilk dəfə 90-cı illərdə – Şərq blokundakı kommunist rejimlərinin sürətli çöküşündən dərhal sonra – Keçid Ədaləti şəklində terminləşdirildi (Parmentier, 2007, 55). Bu səbəbdən biz milli tarix dərsliklərini Keçid Ədalətinin nəzəri çərçivəsindən istifadə edərək analiz etməyi düşünürük. Keçid Ədalətinin mexanizmləri ənənəvi olaraq yuxarıdan aşağı şəkildə həyata keçirilir. Belə ki, Keçid Ədaləti nəzəriyyəsinə görə, dövlətlər əsas istinad nöqtəsi, vətəndaş cəmiyyətləri isə dövlət aparatı və kütlələr arasında vasitəçi aktor rolunu oynayan sayılır. Bu klassik üsul münaqişələrin uzun vədəli travmatik fəsadlarını aradan qaldırmaq və bir-biri ilə münaqişədə olan icmalar arasındakı ədaləti bərqərar edərək, barışığı təmin etmək məqsədi daşıyıb. Lakin bu klassik metodun istifadəsi icmalararası ədalət və barışığa yalnız məhdud təsir edə bilib. Bu məhdud təsirlərə istər Bosniya və Herzeqovina icmalarında, istərsə də İsrail-Fələstin münaqişəsində, Livan, İraq və digər nümunələrdə rast gələ bilərik. Bu səbəbdən klassik Keçid Ədaləti əvəzinə, ona alternativ olan Qredi və Robinsin Ədalət Keçiddə metodunu tətbiq etməyi düşünürük. Keçid Ədalətindən fərqli olaraq Ədalət Keçiddə metodunda təşəbbüs etmək dövlətin deyil vətəndaş cəmiyyətinin muxtariyyətində olur. Dövlətin ədalətsizliklərini dəf etmək üçün vətəndaş cəmiyyətləri ənənə halını almış – nümayəndəli, iyerarxik və QHT-ləşmiş təşkilatlanma üsulu deyil, vətəndaşın təşəbbüsü ilə yaradılan qeyri-nümayəndəli, qeyri-iyerarxik, horizontal şəkildə şəbəkələşən təşkilatlanma üsulundan istifadə edirlər (Gready və Robins, 2017, 966). Bu üsul Keçid Ədalətindən fərqli olaraq aşağıdan yuxarı üsuldur və bizim araşdırmamızı dövlətlərin mütləq səlahiyyətindən alaraq vətəndaş cəmiyyətlərinə verməkdə kömək olur. Buna əlavə olaraq, Qredi və Robins vətəndaş cəmiyyətləri tərəfindən Ədalət Keçiddə nəzəriyyəsinin proses və mexanizmlərini realizə etmək üçün bir neçə fəaliyyət reportuarları da verir. Bunlara daxildir: Yığıncaqlarla və ya sosial mediya vasitəsi ilə çağırış edərək mövzu üzrə vətəndaşlar arasında maarifləndirmə aparmaq, vətəndaş itaətsizliyi göstərərək ictimai məkanları zəbt etmək, dövlətdən siyasət dəyişikliyi tələb etmək, bu və ya digər müstəqil fəaliyyət yolları ilə dövlətin diskurs və siyasətini dəf etməyə çalışmaq (Gready, Robins, 2017). Bu fəaliyyət reportuarları vətəndaş cəmiyyətinin proaktiv təşəbbüsü ilə diskursa gətirilən alternativ modellərin dövlətin gətirdiyi modelləri qabaqlamaq məqsədi daşıyır.

Bu nəzəriyyəni tarix dərslikləri kontekstinə salsaq, analiz edərək aşkara çıxarmaq istədiyimiz cəmiyyətlərin bir-birinə qarşı olan tarixi ədalətsizliyi deyil, tarixşünaslıq ənənəsindəki ədalətsizlik olacaqdır. Tarixşünaslıq ənənəsindəki ədalətsizlik deyərkən nəzərdə tutulan isə tarixi hadisələrə selektiv yanaşma və bu hadisələrin milli ideologiya və milli-dövlət siyasəti maraqlarına uyğun şəkildə apropriasiyası nəzərdə tutulur. Beləliklə tarixşünaslıq ənənəsindəki ədalətsizlik üç hissədən ibarətdir:

a) Dövlətin öz milli tarixinə qarşı etdiyi ədalətsizlik,
b) Dövlətin qonşu sayılan millətin tarixinə qarşı etdiyi ədalətsizlik
c) Dövlətin rəqib və ya düşmən saydığı millətin tarixinə etdiyi ədalətsizlik.

Sözügedən tarixşünaslıq ədalətsizlikləri ilə Ermənistan və Azərbaycan tarix kitablarında geniş şəkildə qarşılaşa bilərik. Misal üçün hər iki ölkənin tarix dərslikləri torpaq iddiası edə bilmək üçün bir-birlərinin müxtəlif dövrlərdəki demoqrafik vəziyyətinə selektiv şəkildə yanaşırlar. Erməni tarix dərslikləri bir vaxtlar Ermənistanın indiki Yerevan şəhərinin müsəlman çoxluqlu şəhər olduğunu vurğulamazlar. Eyni şəkildə Azərbaycan tarix kitablarında ermənilərin Cənubi Qafqaza yalnız 18-19-cu əsrdə köçürüldüyünə iddia edərlər. Daha spesifik nümulərə verəsi olsaq, Qamaqelyan və Rumyantsev (2013) öz məqaləsində Cənubi Qafqaz regionundakı demoqrafik dəyişikliklərin hər iki ölkənin tarix dərsliklərində necə narrasiya olunmasına toxunaraq qeyd edir. Müəlliflərə görə, Ermənistan tarix kitabları (bax V. Barkhudaryan, 2008, 51-3) əsrin əvvəlində ermənilərin Naxçıvanda demoqrafik olaraq 40 faiz təşkil etsə də, əsrin sonunda bu faiz göstəricisinin 0 faizə çatdığını göstərərək Naxçıvana avtaxton olan ermənilərin azərbaycanlılar tərəfindən bu ərazilərdən diskriminasiya və qovulma siyasəti ilə necə çıxarılmasını göstərmək istəyir və eyni etnik təmizləmə siyasətinin Dağlıq Qarabağ Ermənilərinin də başına gətiriləcəyi mesajını ötürməyə çalışır.

Azərbaycan dərsliklərindəki narrativ də Ermənistana qarşı bənzər şablonu təkrar edir. Misal üçün Azərbaycan tarix dərslikləri əsrin əvvəlində Zəngəzur regionunu azərbaycanlı çoxluqlu ərazi olmağına baxmayaraq, ermənilərin təşəbbüsü və Sovet İttifaqının dəstəyi ilə necə sistematik etnik təmizləməyə məruz qalmasını təqdim edir. Bu narrativ də əraziyə avtaxton olan bizin (burada: azərbaycanlılar) qərb və cənub diyarlardan gələn başqaları (burada: ermənilər) tərəfindən Azərbaycan ərazisindən qovulması və zəbt edilməsi mesajını ötürməyə çalışır. Qamaqelyan və Rumyantsev doğru olaraq qeyd edirlər ki, demoqrafik vəziyyətin bu kimi selektiv və tarixşünaslığa istismarçı məqsədli təqdimatı təkcə Zəngəzur və Naxçıvan əraziləri ilə məhdudlaşmır. Tarixşünaslıqda əks olunan ədalətsizliklərə istər antik və ya orta əsr dağlıq Qarabağın tarixi, Yerevan/İrəvan xanlığının tarixi, istərsə də daha yaxın dövrlərdə baş verən Bakı və Sumqayıt poqromlarının və ya Xocalı qətliamın təqdimatı və digər tarixşünaslıq narrativlərindəki çoxsaylı ədalətsizlikləri misal gətirə bilərik (Qamaqelyan, Rumyantsev, 2013, 171-3). Hər iki ölkənin tarix dərslikləri bu kimi birtərəfli və selektiv şəkildə seçilən dataların istismarçı interpretasiyası və müvafiq narrasiyaları ilə doludur. Bunlar narrasiyanı cəmiyyətin gözündə legitimləşdirmək məqsədi daşıyır. 1905 və 1918-ci il hadisələrinə baxsaq, onların da eyni məqsədlə narrasiya edildiyinin şahidi olarıq. Ermənistan tarix kitabları bu illərdə ermənilərə qarşı törədilən qətliamlardan danışsa da, azərbaycanlılara qarşı törədilən qətliamları dövlət propaqandası adlandırır. Azərbaycan tarix kitabları da eyni şəkildə azərbaycanlılara qarşı törədilən qətliamlardan ağız dolusu danışsa da, ermənilərə qarşı törədilən heç bir qətliamı dilə gətirmir (Guliyeva, 2010).

Metodologiya

Araşdırma üçün UNESCO-nun dərslik araşdırmaları üzrə bələdçi kitabçasından, eyni zamanda Azərbaycan və Ermənistan milli kurrikulumu, məktəb fənləri üçün milli standart və milli kriteriyaları, milli təhlükəsizlik strategiyası sənədi və ən sonda milli tarix dərsliklərindən istifadə etmişik. UNESCO-nun dərslik araşdırmaları üzrə bələdçi kitabçasından başlayası olsaq, qeyd etmək lazımdır ki, bu kitabça dərslik kitablarının məzmun və metodikasını yenidən düşünmək və modernləşdirmək üçün faydalı sülh yönümlü yanaşmalar təklif edir. Eyni zamanda başqa mədəniyyətlərə, dinlərə və milli heysiyyata olan qərəzli baxışı dəf etməyə kömək olur. Kitabçanın 2010-cu il redaktəsi xüsusi olaraq münaqişə və post-münaqişə cəmiyyətlərində hər kəs üçün keyfiyyətli təhsilin münaqişənin stabilləşməsinə olan müsbət töhfəsinə köklənir (Pingel, 2010, 5). Bu kontekstdə keyfiyyətli təhsil dedikdə tənqidi düşüncənin inkişaf etdirilməsi, fikirin mübahisələndirilməsi, rasional və ağlabatan fikirlərin formalaşdırılması və normaların tənqidi təftişi nəzərdə tutulur. Tələbələr üçün tarixi məzmunlu mətnlərə dəyər mühakiməsi etməyin yeganə üsulu budur. Lakin reallıq da göstərir ki, bu yolda başlıca əngəl məhz milli-dövlətlərin özü olub (Pingel, 2010, 8). Təsadüfi və təəccüblü deyil ki, dünya praktikasında bir çox milli-dövlətlər tarix dərsliklərini müasir siyasi trendi anaxronistik şəkildə tarixə kopyalamaq və millətçi ideologiyanı bəsləmək vasitəsi kimi istifadə edib. Lakin bu vasitə və üsullar icmalar arasında keçid ədalətinə nəinki faydasızdır, hətta əks təsir göstərir. Bu üsullar, məntiqi olaraq, hər iki tərəfin narrativlərində mövcud olan qütbləşməni daha da kəskinləşdirərək konfrontativ və kompromisdən uzaq nəticələr verir. Bu səbəbdən də UNESCO-nun bələdçi kitabının dərslik kitablarının müqayisəli analizi və islahata çağırışlarında əsas məqsədi faktual səhvləri, təhrif edilmiş və çıxdaşolunmuş məlumatları ortaya çıxararaq korrektə etməkdir.

UNESCO-nun bələdçi kitabından istifadə bizə həm Azərbaycan, həm də Ermənistan tarix dərsliklərinə dəyər mühakiməsi etmək imkanı verir. UNESCO-ya görə, kitabların müəllifləri tarix kitabını yazarkən hadisələri daim ana qaynaqlarla əsaslandırmalı, qərəzdən uzaq və bütün perspektivləri əhatə edən narrativ və analizlərlə onu tamamlamalıdırlar. Bizim tarix kitablarının analizi onu göstərir ki, narrativlər şagirdləri öncədən verilən mühakimələrlə və siyasi motivlərlə saturasiya edilmiş istiqamətə naviqasiya etməkdən başqa bir funksiya göstərmir. Təsadüfi də deyil ki, həm Azərbaycan, həm də Ermənistan tarix kitablarında istifadə olunan metaforalar hər iki ölkənin milli təhlükəsizlik strategiyası və Müdafiə Nazirliyi sənədləri ilə üst üstə düşür. Azərbaycan milli təhlükəsizlik mətnlərində Ermənistanın ya “düşmən ölkə”  ya da “təcavüzkar ölkə” olaraq adlandırılması (2020 müharibəsindən sonra da bu mətnlər dəyişdirilməyib) milli təhlükəsizlik strategiyasının koordinasiyalı şəkildə milli tarix kurrikulumuna necə təsir etməsinin göstəricisidir. Ermənistan milli təhlükəsizlik strategiyası sənədi isə Azərbaycanı “hakarakord” (հակառակորդ) adlandırır ki, bu da düşmən və ya rəqib kimi tərcümə olunur. Ermənistan tarix kitablarına kontekstual olaraq da baxsaq, Azərbaycana yalnız Dağlıq Qarabağ münaqişəsi məzmununda və sülhü pozan tərəf kimi toxunulmasını görərik ki, bu da Azərbaycan haqqında bədxah qonşu obrazı canlandırılması deməkdir. Ermənistan tarix kitabları Azərbaycandan savayı, Türkiyəni də sonuncunun hərbi müttəfiqi, həmçinin Ermənistan və Dağlıq Qarabağa təhlükə kimi dəyərləndirir.

Müxtəlif dövrlərdə nəşr olunan Azərbaycan və Ermənistan tarix kitablarını müqayisə edəsi olsaq, görərik ki, əsas fərqlər Sovet və müstəqillik dövrü tarix kitabları arasındadır. Sovet Azərbaycanındakı və Ermənistanındakı tarix kitabları daha çox sinfi mübarizə və Bolşevik ideologiyası çərçivəsinə salınaraq izah olunub. Bu xətt xüsusi ilə də özünü Bolşevik beynəlmiləlçiliyinin kommemorasiyası və kommunist qəhrəmanların təriflənməsi ilə göstərir. Xalqların dostluğu narrativi üzərində konstruksiya olunan bu narrativlərdə isə başqalaşdırılmış düşmən obrazı funksiyasını ya 1918-20-ci illərdəki Müsavat və Daşnaq hakimiyyətləri, ya da ”kapitalist ölkələr” adlandırılan Türkiyə və İran yerinə yetirir. Sovet ittifaqının dağılması yeni versiyada tarix narrativlərinə rəvac verdi ki, bu da Sovet dövründəki narrativlərin əks istiqamətə dəyişdirilməsinə gətirib çıxardı. Müstəqillik dövründən etibarən əvvəllər düşmən obrazı funksiyasını yerinə yetirən tarixi fiqurlar (Azərbaycan nümunəsində Rəsulzadə, Xoyski və s.; Ermənistan nümunəsində isə Qareqin Nijde və Andranik Ozanyan) milli qəhrəmanlara çevrildi. Xalqların dostluğu narrativi isə Əbədi düşmənçilik narrativi ilə əvəz olundu (Abbasov, 2012, 22).

Sovet və müstəqillik dövrü narrativlərindəki digər fərq Qarabağ adlanan ərazinin müqəddəsləşmiş tarixi vətən kimi müstəsna dəyərə mindirilməsidir. Qarabağ münaqişəsini ali milli məsələ kimi təqdim edərək müəlliflər Qarabağın ən qədim dövrdən türk məskəni olan bir yer olduğunu sübut etməyə çalışırlar. Ermənistan tarix kitablarında da narrativ eyni xətt üzrə qurulduğu üçün Satenik Mkrtçyan bu tendensiyaya milli tarixin “Qarabağlaşdırılması” adını verib (Mkrtçyan, 2012. 50).

Sovet və müstəqillik dövrü narrativlərindəki bu dəyişikliklərə baxmayaraq, dəyişməyən məqamlar da var. Misal üçün, ilk dəfə Azərbaycan və Ermənistan tarix kitablarında primordialist və perennialist paradiqmaların istifadəsi Sovet dövründə həyata keçirilsə də müstəqillikdən sonra bu paradiqmalar hələ də istifadə olunur. Misal üçün, Sovet dövrü tarix kitablarında olduğu kimi hələ də Azərbaycan tarix kitabları primordialist və perennialist xəttə uyğun olaraq Qafqaz Albaniyası, Şirvanşahlar və xanlıqları birmənalı olaraq Azərbaycan dövlətləri, türk xanədanlıqları olan Sacilər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi və Əfşarları tarixi kontekst nəzərə alınmadan Azərbaycan xanədanlıqları adlandırmaqdan çəkinmir (Bax: Mahmudlu və Cabbarov, 2020, 6-7). Eyni şəkildə müasir Ermənistan tarix kitabları primordialist və perennialist xəttə uyğun olaraq bugünkü Ermənistan ərazisində mövcud olan xanədanlıq və dövlət qurumlarını tarixi konteksti nəzərə almadan müstəqil Ermənistanın sələfi olaraq qiymətləndirir.

Azərbaycan Demokratik Cümhuriyyəti və onun Ermənistan və Gürcüstan Cümhuriyyətləri ilə münasibətləri (1918-1920)

Empirik araşdırmaya keçid etsək, bu araşdırmada Azərbaycan və Ermənistan tarix kitablarında 1918-1920-ci illərdəki hadisələrin necə narrasiya olunmasına köklənəcəyik. Azərbaycan tarix kitablarında bu dövrdə əhatə olunan hadisələr bunlardır: Mart qırğınları (1918), Brest-Litovsk müqaviləsindən sonra Osmanlı dövləti ilə Azərbaycan Cümhuriyyətinin danışıqları; 1918-ci ilin may ayında müstəqilliyin elanı; iyun-sentyabrda Osmanlı-Azərbaycan səyləri ilə Bakının bolşeviklərdən azad olunması; Qarabağ, Zəngəzur və Naxçıvan regionlarında erməni-azərbaycanlı toqquşmaları; Ermənistan, Rusiya və Gürcüstanla ərazi mübahisələrinin sülh yolu ilə həlli; Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin iştirakı; sonda, “Erməni xəyanəti” nəticəsində Sovetlərin Cümhuriyyəti işğalı (Bax: Ağalarov və digərləri, 2018; Mahmudlu və digərləri. 2016).

Tarix kitablarının kəmiyyət göstəricilərinə baxdıqda görərik ki, bu dövrü narrasiya edən fəsildə Ermənistana və erməni-azərbaycanlı toqquşmalarına Azərbaycan-Gürcüstan münasibətlərindən daha çox yer ayrılıb. Keyfiyyət göstəricilərinə gəldikdə isə ermənilərə xitab edərkən “Qarabağda məskunlaşan erməni quldur dəstələri” və bu kimi metaforalar geniş istifadə olunmasının şahidi oluruq. Sonuncu linqvistik üslub, xüsusən də Azərbaycan milli təhlükəsizlik strategiyasındakı üslubla eynilik təşkil edir. Kitablarda Gürcüstanın təsviri isə daha məhdud şəkildə – 1918 Ermənistan-Gürcüstan müharibəsi, Cənubi Qafqaz Konfransı, Gürcüstan-Azərbaycan arasında bağlanmış hərbi ittifaq – yer alır. Müəlliflər Azərbaycan-Gürcüstan münasibətlərindən danışarkən daha neytral və müsbət təsvirlər  verirlər.

Gürcüstan və Azərbaycan arasında münasibətlərin təsvirindəki ədalətsizlik nümunələri

Öncəki paraqrafda vurğuladığım kimi istər köhnə nəşrlərdə (bax: Məmmədov və Qəndilov, 2009) istərsə də yeni nəşrlərdə (bax: Mahmudov, 2016; Ağalarov, 2018) 1918-1920-ci illərdəki Azərbaycan-Gürcüstan münasibətlərinə çox az yer ayrılıb və yalnız qonşu dövlətlə olan diplomatik münasibətlər çərçivəsində təsvir olunub. 2017-ci il 11-ci sinif Azərbaycan tarixi kitabı Azərbaycan-Gürcüstan münasibətlərinə ərazi mübahisələrinin həlli və üçlü əməkdaşlıq üçün çağırılan 1918-ci il Qafqaz Konfransından danışarkən toxunur. Konfrans barəsində əlavə edir ki, Ermənistan və Gürcüstanın Borçalı, Axalkalaki və Lori əraziləri üzərində ərazi mübahisəsi düşməsi səbəbi ilə 1918-ci il noyabrda baş tutmalı olan konfrans baş tutmur. Daha sonra dərslik 1919-cu il aprel-iyun aylarında və 1919-cu il dekabr ayında Tbilisidə baş tutan konfranslarda Azərbaycan tərəfinin üçlü ittifaq, hətta üçlü konfederasiya təklifinə baxmayaraq, tərəflərin razılığa gəlmədiyini ərz edir. Əvəzində isə Azərbaycanın və Gürcüstanın İyun 1919-da ayrıca hərbi ittifaq imzaladığına toxunur. Həm 2009, həm də 2018-ci il nəşrlərində Azərbaycan və Gürcüstanın Zaqatala dairəsi üzərində ərazi mübahisəsi olmasını etiraf etsə də, növbəti cümlədə bu mübahisənin “dinc” yolla həll edildiyini söyləyərək mübahisənin və danışıqların təfsilatlarını oxucu üçün qaranlıq qoyur (bax: Mahmudov, 2016; Ağalarov, 2018). Gürcüstanla bağlı olan paraqrafın ən maraq oyadan hissəsi isə təqdim olunan xəritələrdə Gürcüstanın bugünkü Kvemo-Kartli və Kaxetiya ərazilərinin Azərbaycanla mübahisəli ərazilər kimi qeyd olunmasıdır. Lakin təqdim olunan xəritələrdəki bu mübahisəli ərazilərlə bağlı mətndə nə deskriptiv nə də analitik informasiyaya yer verilməyib (Bax: Ağalarov, 2018). Buna bənzər örnəklər Gürcüstan tarix kitablarında da mövcuddur.Bu kitablarda 1918-1920-ci illəri təsvir edərkən Gürcüstan-Azərbaycan münasibətlərinə ya neytral tonda, ya da Ermənistan-Azərbaycan toqquşmaları kontekstində toxunulur (Çikovani, 2012). Bundan əlavə, Gürcüstan tarix kitabları da öz perspektivindən olan xəritələr təqdim etsə də, Azərbaycanla ərazi mübahisələrinin təbiəti və həlli ilə bağlı heç bir müzakirəyə yer verilmir (Axmeteli, Lortkipanidze və Pirtskalava, 2020).

Azərbaycan-Gürcüstan münasibətlərinin analizini Ədalət Keçiddə nəzəriyyəsinin çərçivəsinə salsaq görərik ki, Azərbaycan (eyni zamanda Gürcüstan) tarix kitablarının müəllifləri 2 hissəli ədalətsizliyə yol veriblər: a) öz milli tarixinə qarşı olan ədalətsizlik və b) qonşu ölkənin milli tarixinə qarşı ədalətsizlik. a) kontekstindəki ədalətsizlik odur ki, Azərbaycan-Gürcüstan münasibətlərinə yetərli qədər yer ayrılmayıb və analitik müzakirə demək olar ki, yox səviyyəsindədir. Bu da milli tarixin sırf siyasi motivlərlə – misal üçün, Gürcüstanın rolunu tarixdə neytrallaşdıraraq– təqdim olunması deməkdir. Siyasi motivlərlə şəkillənmiş bu cür reduksionist yanaşmanı isə öz milli tarixinə qarşı ədalətsizlik olaraq qiymətləndiririk. b) kontekstində isə Gürcüstan tarixinə qarşı edilmiş ədalətsizlik odur ki,  Zaqatala dairəsi Gürcüstanla mübahisəli ərazi kimi qeyd olunsa da, xəritələrdə Azərbaycanın nəzarətində olan ərazi kimi göstərilir və sonuncu ilə bağlı heç bir izahat verilmir. Gürcüstanla digər mübahisəli ərazilərlə bağlı isə xəritədə təqdim etməsinə rəğmən, mətndə verbal olaraq bu mübahisələrlə bağlı heç bir müzakirə qeyd olunmayıb. Eyni ədalətsizliyi Gürcüstan tarix kitablarında Azərbaycan tarixinə qarşı görmək mümkündür. İstifadə etdiyimiz nəzəriyyə bu kimi narrasiya üslubunu qonşu dövlətin milli tarixinə qarşı ədalətsizlik olaraq dəyərləndirir.

Ermənistan Republikası ilə ərazi mübahisələri: Qarabağ, Zəngəzur, Naxçıvanda erməni qüvvələri ilə toqquşmalar və narrativdəki ədalətsizliklər

Azərbaycan-Gürcüstan münasibətlərindən fərqli olaraq, tarix kitabları Azərbaycan-Ermənistan münaqişəsinə daha geniş yer ayırır (Bax: Mahmudlu və digərləri, 2016; Ağalarov və digərləri, 2018). Öncədən qeyd edildiyi kimi, erməni-azərbaycanlı münasibətləri ya 1918-ci ilin mart hadisələri, Naxçıvan, Zəngəzur və Qarabağ regionlarındakı toqquşmalar çərçivəsində, ya da iki ölkə arasında dövlətlərarası münasibətlər çərçivəsində əhatə olunub. Erməni-azərbaycanlı paraqrafının prelüdü 1918-ci il mart hadisələri ilə verilir. Bu hadisələrin təsvirində istifadə olunan metaforalar “Erməni quldur dəstələrinin genişlənmədə olan etnik təmizləmə fəaliyyəti” və “Ermənilərin azərbaycan xalqına qarşı nifrəti” şəklində ərz olunub. Müəlliflər bu narrativlə Azərbaycan xalqını yer üzündən silərək Cənubi Qafqazda özlərinin uydurulmuş Erməni İmperiyasını bərqərar etmək niyyəti mənzərəsini canlandırır ki, bu təmsil essensialist və təbiət etibarı ilə islaholunmaz olan erməni fəziləti obrazı oyatmaqdan başqa funksiya göstərmir (Bax: Mahmudlu və digərləri, 2016; Ağalarov və digərləri, 2018). Dərslikdə istifadə olunan metafora və epitetlər eyni zamanda erməni milləti haqda şagirdlərin beynində sonradan gəlmə mifini də təkrarçı ritorikalarla büllurlaşdırmağa çalışır. 1918-ci il mart qətliamı barədə danışarkən qətliamda etnik rus olan bolşeviklərin də iştirakına baxmayaraq, dərslik diqqəti yalnız Daşnaq ermənilərinin iştirakçılığına yönəltməyə çalışır. Bolşeviklərin də iştirakını etiraf edərkən isə yalnız erməni əsilli bolşeviklərlə kifayətlənir. Ən əsası, dərslik 1918-ci il mart hadisələrini soyqırımı adlandırsa belə, bu terminin hüquqi tərifini nə konseptual olaraq, nə də empirik əsaslandırmalarla (Məsələn: Nəyə görə 1918ci il mart hadisələri qətliam yox, məhz soyqırımıdır?) oxucuya çatdırmır. Ümumilikdə bu analizlərdən də göründüyü kimi, erməni-azərbaycanlı toqquşmalarına həsr olunan paraqraf oxucuya hadisələrin analitik və gerçək əsaslarını çatdırmaqdan daha çox metaforik olaraq erməni təbiətindən irəli gələn nifrət kimi a priori əsaslandırmaları büllurlaşdırmaqda maraqlı görünür. Paraqraf Bakının müsəlman əhalisinə qarşı törədilən mart qətliamlarının Bakı quberniyasının digər ərazilərinə də nüfuz etməsi və kənd əhalisinin də bu etnik eksterminasiyaya məruz qalması məlumatı ilə tamamlanır (Mahmudlu və digərləri 1016, Ağalarov və digərlər, 2018).

Erməni-azərbaycanlı münaqişəsinə həsr olunmuş növbəti paraqraf mayın 28-də Tiflisdə elan edilmiş Azərbaycan Demokratik Cümhuriyyətinin (Birinci Respublika) ilk aylarına həsr olunub. Paraqrafda Gürcüstanın müstəqillik bəyannaməsindən bəhs edilsə də, bundan cəmi 2 gün sonra Ermənistanın da müstəqilliyini elan etməsini ərz etməkdən yayınır. Bunun ardınca, dərslikdəki narrativ yeni yaranmış olan Azərbaycan Demokratik Respublikasının Osmanlı dövlətinə hərbi yardım üçün müraciət edərək paytaxtını (burada: Bakı) erməni-bolşevik birləşmələrindən azad etmək istəyi ilə davam edir. Osmanlı-Azərbaycan qüvvələri Bakının azad edilməsi istiqamətində irəliləyərkən, müəllif Bakıdakı erməni-bolşevik idarəçiliyindən bəhs edərək şəhərdə azad mətbuatın qadağan edildiyindən, sənayenin əsas infrastrukturu ilə birlikdə milliləşdirildiyindən, şəhərin qarnizonunu təşkil edən qızıl orduda ermənilərin necə çoxluqda olmasından və erməni-bolşevik idarəçiliyinin repressiv xarakterlərindən bəhs etməyi də unutmur. Nəhayət, paraqraf sentyabrın 15-də Bakının Osmanlı-Azərbaycan qüvvələri tərəfindən azad edilməsi ilə başa çatır (Mahmudlu və digərləri 1016, Ağalarov və digərlər, 2018). Dərsliyin müəllifləri eyni ildə şəhərin müsəlman əhalisinə qarşı törədilən mart qırğınlarını geniş şəkildə ərz etsələr də, deyəsən, bu dəfə şəhərin Osmanlı-Azərbaycan qüvvələri tərəfindən tutulmasından dərhal sonra erməni əhalisinə qarşı törədilmiş sentyabr qırğınlarını yad etməyi unudurlar.

Növbəti paraqraf “Xalq Cümhuriyyətinin daxili siyasəti” başlığı altında Naxçıvan, Zəngəzur və Qarabağ bölgələrində baş verən toqquşmalara diqqət ayırır. Paraqrafda diqqət çəkən məqamlardan biri də odur ki, Qarabağ bölgəsində baş verən hadisələr təqdim edilərkən, Azərbaycana qarşı qaldırıla biləcək hər hansı ərazi iddiasını qeyri-legitim qılmaq üçün Qarabağın erməni əhalisinə “Qarabağda məskunlaşmış ermənilər” şəklində xitab edilir. Dərslikdə “Erməni Milli Şurası” və ya “Qarabağ Erməniləri Konqresinin” mövcudluğu bir neçə dəfə, lakin mənfi bir tonda qeyd edilir. Əvvəlki paraqraflarda xatırladıldığı kimi, burada dərsliyin müəllifləri rəsmi Bakı ilə Qarabağın mülki əhalisi arasında dialoq münasibəti mənzərəsi canlandırmaq üçün Qarabağdakı erməni silahlılarını daim sülhü pozmağa davam edən kənar müdaxiləçilər kimi təqdim edir. Naxçıvan bölgəsinə gəlincə, burda da 1918-ci ilin iyununda Osmanlı ordusunun əraziyə gələrək “erməni quldur dəstələri” tərəfindən müsəlman əhaliyə qarşı törədilmiş cinayətlərlərə son qoyması işıqlandırılır. Burda da şagirlərə çatdırılan tarixi narrativin birtərəfli şəkildə ərz olunmasını istər yalnız müsəlman əhaliyə qarşı törədilən qırğınların zikr edilməsi ilə, istərsə də ərazinin yalnız türk-müsəlman əhalisi tərəfindən idarə olunduğu dövrlərin selektiv şəkildə narrasiya edilməsi ilə görə bilərik. Bu ərazilərdə erməni mövcudluğundan danışarkən isə onlar ya yalnızca qeyri-qanuni erməni hərbi birləşmələri şəklində, ya da cuzi əhəmiyyət kəsb edən bir icma şəklində təqdim edilir. Ümumilikdə isə hər iki ölkənin (burada: Azərbaycan və Ermənistan) tarix dərslikləri 1918-1920-ci illəri təsvir edərkən Naxçıvan, Zəngəzur və Qarabağ bölgələrində yalnız dövri nəzarətə malik olmalarına baxmayaraq, bütün dövr ərzində bu bölgələrə tam nəzarət etdiklərini ərz edirlər. Azərbaycan dərsliklərindəki birtərəfli yanaşmanı yuxarıda qeyd olunan rayonların tam Azərbaycanın nəzarəti altında olan və Ermənistanın isə yalnız kiçik bir əraziyə sıxışdırıldığı xəritələrin təqdimatında görə bilərik (Bax: Ağalarov və digərləri 2018).  Eyni şəkildə, Ermənistan tarixi dərslikləri də öz xəritələrində bu bölgələri öz ərazilərinin bir hissəsi kimi, Azərbaycanı isə daha kiçik bir ərazi vahidi kimi təsvir edirlər. (Bax: Bərxudaryan 2008).

Nəhayət ki, 1918-1920-ci illərin təsvir olunduğu fəslin son paraqrafı gənc Azərbaycan Cümhuriyyətinin xarici siyasətinə və 1920-ci ilin aprelində onun süqutuna həsr olunub. Burada Ermənistan Respublikası ilə münasibətlərə qısa şəkildə toxunulsa da, münasibətlər İrəvanın (bugünkü Yerevan şəhəri) Ermənistan tərəfindən paytaxt seçilməsi kontekstində yad edilir. Xüsusi ilə də sonuncu hadisə dərslikdə “vətənin bir hissəsinin itirilməsi” kimi şərh edilir. Paraqrafın qalan hissəsi Gürcüstan və Azərbaycanın müstəqilliyinin müttəfiqlər tərəfindən de-fakto tanınmasının göstərildiyi Paris Sülh Konfransına həsr olunub. Müttəfiqlər faktiki olaraq gənc Ermənistan Cümhuriyyətini da de-fakto tanısa belə, müəlliflər bu faktı diqqətdən kənarda tutmağı lazım bilirlər. Təəssüf ki, iki müstəqil qonşu dövlət kimi Ermənistan-Azərbaycan diplomatik münasibətləri mövzusu ilə bağlı digər məlumatlar qeyd olunmayıb. Son olaraq, Azərbaycanın müstəqilliyinin itirilməsi “Daşnak-bolşevik ittifaqı” başlığı altında işıqlandırılır. Sonuncu isə Sovet işğalı ilə Qarabağda erməni üsyanının yaxın vaxtlarda (1920ci il Aprel və Mart) baş verməsi ilə izah olunaraq hətta bu iki prosesin koordinasiyalı şəkildə həyata keçirildiyi iddia olunur. Müəlliflər Cümhuriyyət ordusu ilə “Qarabağdakı erməni separatçı qüvvələri” arasında baş verən toqquşmaları bütün paraqraflarda birtərəfli şəkildə təqdim edir və təəccüblü deyil ki, bu toqquşmalar zamanı Şuşanın erməni əhalisinin qırğına məruz qalması ilə bağlı heç bir məlumat vermirlər. Sonda, bu paraqraf hissəsi Sovet işğalı, onun xarakter və nəticələri ilə sona çatdırılır (Ağalarov və başqaları 2018).

Ümumilikdə, Azərbaycan tarixi dərsliklərinin nə tarixi ədalətin nə də digər millətlərə qarşı çoxperspektivli yanaşmanın, təəssüf ki, şahidi ola bilmirik. Buna görə iki hissəli ədalətsizlik nümunələrini erməni-azərbaycanlı münasibətlərinə həsr olunan paraqraflarda da gözdən qaçırmaq mümkünsüzdür. Ədalətsizliklərdən birincisi – a) öz tarixinin (müsbət məqsədlərlə olsa belə) təhrif edilməsinin şahidi oluruq ki, bu da keçid ədaləti nəzəriyyəsinə görə öz milli tarixinə qarşı ədalətsizlik aktı kimi qiymətləndirilir. Bu ədalətsizlik isə istər dərsliklərə salınan xəritələrin birtərəfli illüstrasiyaları ilə, istər “öz tarixinin” mütləq müsbət mənzərəsini çəkmək məqsədi ilə, istərsə də özünü “arzuolunmaz elementlərdən” təmizləmək üçün qəsdən edilmiş çıxdaşolunmalarla əks olunur. Belə bir ədalətsizlik aktı gənc oxucuları təkcə öz milli tarixinin çoxperspektivli və çoxölçülü təsvirindən deyil, həm də milli tarixin şəkillənməsində rol oynayan siyasi, etnik və mədəni mozaikanın təsiri ilə tanış olmaqdan məhrum edir. İkinci növ ədalətsizlik isə –  b) rəqib xalqın – bu halda ermənilərin – milli tarixinə qarşı ədalətsizlik aktı hesab olunur. Lakin öz milli tarixinə qarşı “müsbət məqsədlərlə” törədilən ədalətsizlikdən fərqli olaraq, ermənilərə qarşı olan ədalətsizlik qəsdən edilən təhriflərlə, çıxdaşolunmalarla və ermənilərin regiondakı əhəmiyyətinin qeyri-legitim halda şəkilləndirilməsi ilə müşahidə olunur. Ən maraqlısı isə yeridilən narrativ gənc azərbaycanlı tələbələrdə ermənilərə qarşı a priori xarakterli islah olunmaz millət kimi təsvir edilən essensialist bir düşmən obraz konstruksiya edir. Belə bir ədalətsizlik post-müharibə dövrü Azərbaycanında bütün gənc nəsil üçün hər hansı barışıq potensialına, təəssüf ki, əks-təsir göstərməkdən başqa rol oynamır.

Ermənistan Demokratik Respublikası və onun Azərbaycan və Gürcüstan Respublikaları ilə Münasibətləri (1918-1920)

Ermənistan ilə bağlı empirik araşdırmaya keçid etsək, bu araşdırmada Ermənistan tarix kitablarında 1918-1920-ci illərdəki hadisələrin necə narrasiya olunmasına köklənəcəyik.  Ermənistan tarix kitablarında bu dövrü əhatə edən əsas hadisələr bunlardır: “May ayı Qəhrəmanlıq döyüşləri”, “Brest-Litovsk müqaviləsi”, “Trabzon, Batumi, Paris, Sevr, Aleksandropol və Yerevan sülh danışıqları”, “Türk-erməni müharibələri”, “Erməni-gürcü torpaq münaqişələri” və “Erməni-azərbaycanlı torpaq münaqişələri” (Subject Standards, 2021, 64-8).

11-ci sinif Ermənistan tarix kitablarının kəmiyyət göstəricilərinə baxdıqda görərik ki, 11-ci sinif Azərbaycan dərsliklərində olduğu kimi, burda da dövrün təsvir olunduğu fəsildə Azərbaycanla olan münasibətlərə Gürcüstandan daha çox yer ayrılıb (birinciyə 3 səhifə, sonuncuya isə bir səhifə və yarım). Keyfiyyət göstəricilərinə gəldikdə isə Ermənistan-Gürcüstan müharibəsi kontekstində sonuncunun barışmaz mövqeyi, Ermənistan torpaqlarının Gürcüstan tərəfindən işğalı, sonuncunun razılaşmalara əməl etməməsi və s. kimi ölkələrarası problemlərə toxunsa da, son nəticədə hər iki ölkənin dostluq münasibətlərini bərpa etməsini ərz edir. Azərbaycanla (həmçinin Türkiyə ilə) münasibətlərə gəldikdə isə “qana susamış”, “qətliamçı” və digər təşbehlərlə sonuncuları həm erməni torpaqlarında əsassız iddiası olan, həm də Sevan gölündən Bakıya qədər məskunlaşan erməni əhalisinə deportasiya və qətliam təhlükəsi törədən rəqib dövlətlər olaraq təsvir edir. Dövrün erməni şəxsiyyətlərinin necə təqdim olunmasına gəldikdə isə Ermənistan Cümhuriyyətindəki bolşevik dəstəkçiləri xaric olmaqla bütün şəxsiyyət və hadisələr milli özünümüdafiə çərçivəsində ərz edilir.

Ərazi mübahisələri, Ermənistan və Gürcüstan arasında qısa müharibə

Bu problem Ermənistan-Gürcüstan münasibətləri adı altında Cümhuriyyət dövründə Ermənistanın xarici əlaqələrinə həsr olunmuş alt paraqraf kimi təqdim olunur. Məsələyə toxunmazdan əvvəl qeyd etmək lazımdır ki, mətn qonşu ölkələr ilə mehriban qonşuluq münasibətlərinin qurulması ilə bağlı qısa kontekst verməyə çalışır. Misal üçün, İran dost qonşu ölkə kimi qeyd olunur. Gürcüstan ilə bağlı isə Axalkalaki, Borçalı və Lori rayonlarının erməni ərazisi olmasına baxmayaraq, Gürcüstanın bu ərazilərə  iddiası olduğu üçün dostluq və mehriban qonşuluq münasibətlərinin qurulmasının çətinləşdiyini yazır. Bunun ardınca müəllif qeyd edir ki, məhz Gürcüstanın barışmaz mövqeyi Ermənistan və Gürcüstan arasındakı mübahisənin silahlı müharibəyə çevrilməsinə səbəb oldu (Bax: Gevorqyan, Xaçaturyan və Amatuni, 2014, 17). Ən son nəşr dərslik kitablarında belə deyilir (2014 və 2015 ci il 11ci sinif dərslikləri): “1918-ci ilin oktyabr-noyabr aylarında Gürcüstan Axalkalaki, Axaltsix və cənub Lori bölgələrinə hücum etdi. Dekabr ayında Ermənistan Gürcüstana qarşı öz ərazilərini müdafiə etməyə başladı və 20 günlük müharibədə qalib gəldi. Üçlü Antantanın vasitəçiliyi ilə 1918-ci il dekabrın 31-də atəşkəs imzalandı. 1919-cu il yanvarın 9-dan 17-dək Tbilisidə keçirilən Barışıq Konfransı Lorini neytral zona, Cavaxetiyanı isə mübahisəli ərazi elan etdi” (Bax: Gevorqyan, Xaçaturyan və Amatuni, 2014, 18). Gürcüstan tarix kitablarındakı narrativ isə Ermənistanı birinci hücuma keçən və Gürcüstanın Qoriyə qədərki ərazilərinə, o cümlədən Tbilisi üzərində iddiası olan tərəf kimi təqdim olunur. Gürcüstan tarixi dərsliyinin 2003-cü il nəşrində hətta erməni tərəfi böyük itkilərlə geri çəkilmiş təcavüzkar adlandırılır. 2008-ci il nəşri eyni hekayəni təkrarlasa belə, istifadə olunan təşbehlərlə daha ehtiyatlıdır: “Gürcüstan qoşunları erməni qoşunlarının hücumunu dəf etməyə müvəffəq oldu və tezliklə əks-hücuma keçdi” (Mkrtchyan 2015, 180-1). Aydındır ki, hər iki tərəf eyni dövr haqqında və kimin ilk hücum etdiyi və hansı ərazilərə iddia edildiyi ilə bağlı tamamilə zidd narrativlər təqdim edir. Erməni dərsliklərindəki narrativ belə davam edir: “1920-ci illərdə türk-erməni müharibəsi zamanı Gürcüstan Lorini türk qoşunlarından qorumaq bəhanəsi ilə öz hərbi qüvvələrini ora daxil etdi. Lakin bu sonuncunun Ermənistanla bağladı  müqaviləyə zidd olaraq, öz hərbi mövcudluğunu Lori bölgəsində konsolidasiya edilməsi demək idi” (Bax: Gevorqyan, Xaçaturyan və Amatuni, 2014, 19). Ermənistan dərsliklərinə görə, Gürcüstan və Ermənistan arasındakı ərazi mübahisələri 1921-ci ildə bölgənin tam sovetləşdirilməsi ilə Axalkalaki rayonunun Gürcüstana, Lori rayonunun isə Ermənistana birləşdirilməsi nəticəsində, nəhayət ki, həllinə çatdı. Hər iki ölkə bu məsələ ilə bağlı ayrıca müqavilə də imzaladı. Sovet Gürcüstanı Lori bölgəsinin Ermənistana birləşdirilməsinə və Sovet Ermənistanı Axalkalaki rayonunun Gürcüstana birləşdirilməsinə razılıq verdi. Sonuncudan fərqli olaraq isə Gürcüstan dərslikləri münaqişənin izahı və onun yekun həlli barədə susur (Mkrtçyan 2015, 181).

Məqalənin nəzəri hissəsində qeyd edildiyi kimi, həm Ermənistan, həm də Gürcüstanın tarix dərsliklərinin bütün nəşrlərinin müəllifləri iki hissəli ədalətsizliyə yol vermişlər: a) həm öz milli tarixinə qarşı, b) həm də qonşu millətin tarixinə qarşı. Bu dərsliklərin heç bir qeyd edilən nəşrində milli tarixə çoxperspektivli baxış, təəssüf ki, yoxdur. Ermənistan dərsliklərində Gürcüstan tərəfinin mübahisəli ərazilərlə bağlı iddialarının ətraflı izahı yoxdur. Təəaaüf ki, dərslikdə Ermənistanın iddiaları isə tarixi legitimlikdən başqa heç bir arqument ilə əsaslandırılmır. Bu münasibət Gürcüstan dərsliklərində də eyni şəkildə əks olunub. Bununla belə, Gürcüstanın 2003cü il tarix dərsliyində Ermənistan haqda “təcavüzkar” sözü istifadə olunması istisna, digər heç bir nəşrdə tərəflərin heç biri qarşı tərəfi düşmən ölkə kimi təqdim etmir. Beləliklə, güman etmək olar ki, hər iki ölkənin məqsədi dost qonşu ölkə imicini yaratmaqdır ki, bu da hər iki ölkənin milli təhlükəsizlik strategiyası ilə uzlaşma təşkil edir.

Ermənistan və Azərbaycan Cümhuriyyətləri arasında ərazi mübahisələri

Ermənistan və Gürcüstan arasındakı mübahisələr kimi, 1918-1920-ci il Ermənistan Cümhuriyyəti dövründə ölkənin xarici əlaqələrinə həsr olunmuş paraqrafda Azərbaycan Cümhuriyyəti ilə olan ərazi münaqişələri təsvir edilib. Lakin Gürcüstanla olan münasibətlərdən fərqli olaraq, Ermənistan-Azərbaycan münasibətləri “daxili sabitliyə təhdidlər” başlıqları altında və Ermənistan-Türkiyə münasibətləri ilə qarşılıqlı əlaqəli şəkildə verilib. Dərslik narrativi Gürcüstanın müstəqilliyini elan etməsindən bir gün sonra, mayın 27-də “Şərqi Qafqaz Müsəlman Respublikasının” (Burada Azərbaycan nəzərdə tutulur) öz müstəqilliyini elan etməsi şəklində davam edir: “İranın şimal-şərq əyalətinin toponimi (burada: Azərbaycan) ilk dəfə olaraq ölkənin adı kimi istifadə edilmişdir” (Gevorqyan, Xaçaturyan və Amatuni, 2014; Melqonyan və başqaları, 2015, 5).  Ermənistanın post-sovet tarix dərsliklərinin bütün nəşrlərində bu narrativ dəyişməz olaraq qalır ki, növbəti paraqraflarda bu barədə daha ətraflı danışacağıq.

Azərbaycanla olan ərazi münaqişələrinə həsr olunmuş mətn Türkiyənin və müstəqilliyini elan etmiş Azərbaycanın Ermənistan Cümhuriyyətinin bir sıra bölgələrinə olan (Qars, Dağlıq Qarabağ, Naxçıvan, Zəngəzur) iddiaları ilə davam edir. Tarixi narrasiyaya görə, sonuncu iddialar səbəbi ilə Ermənistan Cümhuriyyəti öz ordusunu yaratmaq zərurəti hiss edir. Daxili sabitliyə təhdidlər Azərbaycanın İrəvandakı diplomatik nümayəndəsini (Xan Təkinski) Ermənistanı daxildən zəiflətmək üçün istifadə etməsi ilə xarakterizə olunur: “Türkiyə Ermənistandakı müsəlman əhalini silahlandırmaqla, Azərbaycana isə pul yardımı etməklə onları Ermənistan hökumətinə qarşı dəstəkləyirdi” (Gevorqyan, Xaçatryan və Amatuni 2014, 12-3).

Daha sonra narrasiya Ermənistan və Azərbaycan Respublikası arasında gərgin münasibətləri sonuncunun Ermənistanın bir sıra rayonları ilə bağlı əsassız iddiaları ilə izah edir. Həmin iddialar, eləcə də 1918-ci ilin iyununda Osmanlının Bakıya hərbi yürüşü Bakı və Yelizavetpolda (indiki Gəncə) ermənilərə qarşı potensial deportasiyalar və qırğınlar kimi əsaslandırılır ki, bu da yerli ermənilər üçün özünümüdafiə zərurəti yaradır. Bundan dərhal sonra mətndə həmin ilin sentyabr ayında Bakıda 30000 erməninin qətlə yetirildiyi qeyd olunur (Gevorqyan, Xaçatryan və Amatuni 2014, 12-3).

Mətn daha sonra Dağlıq Qarabağ və Zəngəzur bölgələrinin “anti-erməni” siyasəti ilə tanınan Xosrov Bəy Sultanovun general təyin olunduğu rayonlara və 1919-cu ilin yazında Ermənistana verilən Naxçıvana köklənir. Dərslikdəki narrativə görə, Azərbaycan və Türkiyə tərəfindən dəstəklənən yerli müsəlman əhalisi ilə çoxluqda olan erməni əhalisi arasındakı toqquşmalar səbəbi ilə bölgənin yerli erməni əhalisinin əksəriyyəti adıçəkilən bölgələri tərk etmək məcburiyyətində qaldı (Gevorqyan, Xaçatryan və Amatuni 2014, 20). 1919-cu ilin sonu və 1920-ci ilin əvvəllərində Naxçıvan və Zəngəzur bölgələrində erməni-azərbaycanlı rəqabəti yenidən başladı. İlin əvvəlində Qaregin Njde Zəngəzurda istehkam qurmağa nail olsa da, 1920-ci ilin martında Azərbaycan tərəfi Qarabağa genişmiqyaslı hücuma başlaması dərslikdə ərz olunur. Bu hücumlar zamanı 1920-ci il martın 22-23-ündə “qana susamış” Xosrov Sultanovun əmri ilə Şuşanın erməni əhalisi (3 min nəfərdən çox) qətlə yetirildi və şəhərin erməni kvartalları yandırıldı (Melqonyan et. al., 196). Bunun nəticəsi olaraq Qarabağ ermənilərinin 9-cu qurultayı ilə bölgə Ermənistan Respublikasının tərkib hissəsi elan edilsə də, 1920-ci ilin aprel ayında Azərbaycanın sovetləşməsi ilə regionda vəziyyət yenidən kəskin şəkildə dəyişdi (Gevorqyan, Xaçatryan və Amatuni 2014, 21).

Ermənistanın tarix dərsliyində qeyd olunduğu kimi, Ermənistan Cümhuriyyəti üçün həyati vacib məsələlərdən digəri hakimiyyət uğrunda daxili mübarizə aparan qüvvələrin Rusiya ilə səmimi münasibətlər qurması idi. Bolşevik Rusiyası Ermənistanı Üçlü Antanta müttəfiqi kimi gördüyü üçün sonuncunun müstəqilliyini tanımaqda maraqlı deyildi. Azərbaycanın sovetləşməsindən sonra Sovet Rusiyasının 11-ci Qırmızı Ordu Komandanlığı vasitəsi ilə Ermənistana ultimatum göndərərək, sonuncunu öz hərbi qüvvələrini Qarabağ və Zəngəzurdan çıxarmağa məcbur etdi (Gevorqyan, Xaçatryan və Amatuni 2014, 30). Dərslikdəki narrativə görə, Sovet Rusiyası Kamalist Türkiyəsi və yenicə sovetləşmiş Azərbaycan ilə Ermənistana qarşı gizli müqavilələr imzaladığı üçün bu Ermənistan Cümhuriyyətinin vəziyyətini xüsusi olaraq çətinləşdirdi. (Melqonyan et al. 2015, 185).

Türkiyə və Azərbaycanın ərazi iddiasında olduğu Ermənistan Cümhuriyyətinin Qars, Qarabağ, Naxçıvan, Zəngəzur, Şərur-Dərələyəz, Sürməlu və s. bölgələrindəki yerli türk hərbi birləşmələri Ermənistan hökumətinə tabe olmayaraq, özünü Şura höküməti adlandıran müstəqil respublikalar yaratdılar (Melqonyan və başqaları, 2015, 181). Bunlar Türkiyənin silahla, Azərbaycanın isə pulla dəstək verdiyi birliklər idi. 1920-ci il iyunun 18-də paytaxt Yerevandan bir qədər aralıda Zəngibasarda Ermənistan hökuməti silahlı türk qüvvələrinə ultimatum verdi. Narrativə görə, sonuncunun Ermənistanın suverenliyini tanımaqdan imtina etməsi səbəbi ilə üç gün davam edən toqquşmalardan sonra bölgə tamamilə “ram edildi”. Daha sonra müəlliflər eyni hadisənin Oltı, Artaşat, Naxçıvan və Sevan rayonlarında da baş verdiyini xatırladırlar (Melqonyan et. al. 2015, 186).

1920-ci il avqustun 10-da imzalanan Tbilisi müqaviləsinə görə, Bolşevik Rusiyası, nəhayət ki, Ermənistan Cümhuriyyətini tanıdı. Bunun müqabilində rəsmi Ermənistan rəhbərliyi Sovet hərbi qüvvələrinin Qarabağda, Zəngəzurda və Naxçıvanda müvəqqəti yerləşdirilməsinə razılıq verdi. 1920-ci il Atatürk Türkiyəsi ilə Ermənistan arasında baş verən müharibə Sovet Rusiyasına oktyabrın 28-də Ermənistanın sovetləşməsi üçün daha möhkəm zəmin yaratdı. (Gevorgyan, Khachatryan, and Amatuni 2014, 34).

Bundan əlavə, dərslikdəki narrativ həm də vurğulayır ki, Batumi müqaviləsinə əsasən, erməni tərəfi 1918-ci ildə Bakıdakı daşnaq hərbi hissələrini ləğv etməli idi. Bakıdakı erməni milli məclisi isə bu tələbə məhəl qoymayaraq, 26 Bakı Komissarları (rəhbəri Stefan Şaumyan) ilə əməkdaşlıq etməyə başladı. Dərslikdə ancaq Osmanlı hərbi qüvvələrinin şəhərə daxil olmasından sonra erməni itkilərindən (30 min) bəhs edilir (Melqonyan və başqaları. 2015, 194).

Eyni hadisələrin təfərrüatlı şəkildə Azərbaycan tarix kitablarındakı narrasiyası məqalənin əvvəlində təqdim edilsə də, biz burada erməni narrativindəki seçmə nöqsanlara diqqət yetirmək istəyirik. Əvvəla, Ermənistan dərsliklərində Azərbaycan Cümhuriyyətinin nəzarətində olan ərazilərdə ermənilərin anti-Azərbaycan fəaliyyətindən bəhs edilmir. Gürcüstana həsr olunmuş paraqraflarda olduğu kimi, bu paraqraflarda da Azərbaycanın Ermənistanla olan mübahisəli ərazilərə iddialarının izahı, eləcə də erməni tərəfinin bu ərazilərə dair iddialarının analitik əsaslandırılması yoxdur. Azərbaycan tərəfinin törətdiyi zorakılıqlar qətliam və qırğınlar kimi təqdim edilərkən, erməni tərəfinin Zəngibasar, Oltı, Artaşat, Naxçıvan və Sevanda müsəlman əhalisinə qarşı törətdiyi zorakılıqlar regionun “ram edilməsi” və ya “pasifikasiyası” kimi təqdim olunur. Bu misallar məqalənin nəzəri bölməsində qeyd olunan fikri bir daha açıqlayır: biz milli obrazının adəti üzrə ideal qəhrəman kimi, başqalarının isə yırtıcı və xain düşmən kimi konstruksiyası. Dərslikdə erməni milləti yalnız özünümüdafiə perspektivindən, öz mövcudluğu uğrunda mübarizə aparan millət, təbiətcə pasifist və qırğına qadir olmayan kimi təqdim edilir. Lakin erməni narrativində çıxdaş olunan 1918-ci ilin Bakıda baş vermiş mart hadisələri bu təqdimatın əksini deyir. Yerli erməni daşnaklarından dəstək alan Bakı bolşevikləri ilə (başçısı Şaumyan) Müsavatçılar arasında şəhər üzərində nəzarət uğrunda mübarizə təkcə sonuncunun məğlubiyyəti ilə deyil, həm də dörd gün ərzində 6000-ə yaxın müsəlmanın qətliamı ilə nəticələndi. Bu hadisələr postsovet Azərbaycanında tarix dərslikləri yazılarkən ermənilər haqqında düşmən obrazının konstruksiya edilməsində mühüm rol oynadı (Abbasov 2012, 33, 38).

Göründüyü kimi, Ermənistan-Azərbaycan münasibətlərində Ermənistanın tarix dərsliklərinin müəllifləri ədalətsizliyi yenidən iki müstəvidə nümayiş etdirirlər. Lakin bu dəfə ədalətsizliklər öz milli tarixinə və düşmən ölkənin milli tarixinə yönəlib. Gürcüstan ilə də münaqişə yaşanmasına baxmayaraq, sonuncu dost qonşu ölkə kimi təqdim edilərkən, Ermənistanın milli təhlükəsizlik strategiyasına uyğun olaraq Azərbaycan hazırkı münaqişənin həllinə mane olan və Ermənistana təhlükə yaradan düşmən və ya düşmən qonşu kimi təqdim olunur. 

Məsləhətlər

2020-ci ildə İkinci Dağlıq Qarabağ müharibəsi, daha sonra iki ölkənin yeni sərhədlərində yaranmış vəziyyət, eləcə də yekun demarkasiya prosesi göstərir ki, bu iki dövlətin münaqişəyə yanaşmasını dəyişmək üçün hələ çox yol var. Bu məqalənin diqqət mərkəzinə aldığı və vurğulamağa çalışdığı da odur ki, təhsil və milli tarix dərsliyinin nəşri də daxil olmaqla, daxili siyasətdəki bir çox islahat və dəyişikliklər üçün ilk olaraq hər iki ölkə öz milli təhlükəsizlik strategiyasına düzəlişlər etməlidir. Lakin müharibənin bitməsinə baxmayaraq, dəyişməz qalan hərbi və siyasi dinamika bu ölkələrin nə milli təhlükəsizlik strategiyasının, nə də milli təhsil kurrikulumunun yenidən işlənməsi üçün milli standartları könüllü olaraq islah etməyəcəyini ehtimal etdiyimizdən biz alternativ tarix dərslikləri yaratmağı təklif edirik. Buna başlamazdan öncə isə vətəndaş cəmiyyəti/QHT-lər və müxtəlif sosial media təşəbbüslərindən (məsələn, Bright Garden Voices, Caucasus Crossroads, CaucasusTalks və s. kimi) başlanğıc platforma kimi istifadə etməklə, podkastlar və vebinarlar yolu ilə gənc nəsil arasında tarix dərsliklərinin necə instrumentləşdirildiyi, onların hansı məqsədlərə xidmət etdiyi, yaxın zamanda hər iki dövlətin barışmaz mövqeyi səbəbi ilə dövlətlərin təşəbbüsü ilə alternativ tarix kitablarının çap etdirilməyəcəyi və nəyə görə bizim məhz alternativ tarix kitablarına ehtiyacımız olmağı ilə bağlı məlumatlılığı artırmağa çalışırıq.

Nəticə

Məktəb müəllimləri öz növbəsində tarix dərslərini keçərkən milli kurikulumun tələblərinə uyğun şəkildə yazılan tarix kitablarından əsas ədəbiyyat kimi istifadə edirdilər. Dövlət də öz növbəsində dərsliklərin hazırlanması üçün kurikulum standartlarını müəyyən edir (Мкртчян 2014, 152). Dövlət ideologiyası onların necə yazılmasına nəzarət etdiyi müddətcə, dərsliklər heç bir halda innovativ ola bilməz. İstər Birinci Dağlıq Qarabağ müharibəsindən sonra, istər son otuz il müddətində, istərsə də ikinci Qarabağ müharibəsindən sonra bu respublikaların heç biri keçid ədaləti prosesini tətbiq etməyib. Bunun əvəzində, təxminən otuz il ərzində və bu günə qədər öz yekun həllini axtaran bu dondurulmuş münaqişə həm özünün həm də başqalarının milli tarixinə təhrif olunmuş və şəkilsizləşdirilmiş təsvirlərini gücləndirdi. Bu məqalənin müəlliflərinin ümidi də bunadır ki, hazırkı məqalə öz nəzəri və empirik analizi ilə hər iki ölkənin təhsil sektorunda keçid ədaləti proseslərinə öz ilkin töhfəsini verəcəkdir.

 

Qeyd: Məqalənin orijinal və tam versiyası üçün bax: Ghazaryan, Flora, and Mirkamran Huseynli. “Armenian and Azerbaijani History Textbooks: Time for a Change.” Caucasus Edition 5, no. 1 (2022): 53–89.

Ədəbiyyat siyahısı:

  • Abbasov, Ilham. “The History of Azerbaijan: Deconstructing the ‘Age-Old Friendship’ and the Deadly ‘Feud’ Myths”. In The South Caucasus and Turkey: History Lessons of the 20th Century, Heinrich Boll Foundation, 2012.
  • Amirov, Mubariz (ed). Interactive training of History-teaching at Secondary schools. Baku: Yeni Nashr, 2011. http://anl.az/el/alf7/em_tom.pdf
  • Armenia’s National Security Strategy, 2020 https://www.gov.am/am/NationalSecurity-Strategy/
  • Azerbaijan Ministry of Education. Study plan for I-XI grade groups during 2021-2022 academic years. 2021. https://edu.gov.az/uploads/emre-elave/2021/f415-emre-elave0102.pdf
  • Azerbaijan’s Ministry of Defense, retrieved on 28 January, 2022 from https://mod.gov.az/az/ermenistan-azerbaycan-munaqisesi-599/
  • Azerbaijan’s National  Security  Strategy, 2020, http://www.eqanun.az/framework/13373
  • Brubaker, Rogers. “Myth and Misconceptions in the Study of Nationalism.” In The State of the Nation: Ernest Geller and the Theory of Nationalism. Cambridge University Press, 1998, 272-306.
  • History Teaching in Georgia Representation of Minorities in Georgian History Textbooks. 2007. Available at: http://www.cimera.org/pdf/history_teaching_in_georgia.pdf
  • Ferro, Marc. The Use and Abuse of History or How the Past is Thought to Children. London and New York, 2003.
  • Gready, Paul; Robins, Simon. “Rethinking Civil Society and Transitional Justice: Lessons from Social Movements and ‘New’ Civil Society”. In The International Journal of Human Rights, 21, No 7, Routledge, Taylor & Francis, 2017, 956-975.
  • Guliyeva, H. A Long and Winding Road to Distant and Difficult Peace. Caucasus Editions, 2010.
  • Huseynova, Sevil. “Azerbaijan in the Late 20th-Early 21st Centuries: Ethnic Boundaries in the Context of Relations with ‘Neighbors’. In The South Caucasus and Turkey: History Lessons of the 20th Century, Heinrich Boll Foundation, 2012.
  • Koulouri, C. “The Tyranny of History.” In Teaching the History of Southeastern Europe. Koulouri C., ed. Thessaloniki: Petros Th. Ballidis & Co, 2001.
  • Lange, Roel de (ed). Aspects of transitional justice and human rights: proceedings of the 2006 Annual Conference of the Netherlands School of Human Rights Research. Nijmegen: WLP, 2007.
  • Minasyan, S. “Armenia’s Attitude Towards its Past: History and Politics//Writing National Histories: Coming to Terms with the Past.” In Caucasus Analytical Digest 8, 17 July 2009.
  • Mkrtchyan, Satenik. “Armenia-Georgia Relations (1918-1921), as Reflected in School Textbooks: ‘Wars’ and ‘Dialogues’ of Memories.” In Journal of Educational Media, Memory, and Society (JEMMS), Georg-Eckert Institute Braunschweig, 2011, 169-184.
  • Mkrtchyan, Satenik. “Armenia-Georgia Relations (1918-1921), as Reflected in School Textbooks: “Wars” or “Dialogues” of Memories.” Heinrich Böll Stiftung, Tbilisi South Caucasus Region, 2015. https://ge.boell.org/sites/default/files/uploads/2015/11/satenik_mkrtchyan.pdf
  • Mkrtchyan, Satenik. “Constructing National Identities through General Education: Religion in Armenian Schools”. In Religion, Nation and Democracy in the South Caucasus. Routledge, 2014, 149-162.
  • Mkrtchyan, Satenik. “The Republic of Armenia’s Neighbors in the Late 19th and Early 20th Centuries in Contemporary World History Textbooks”. In The South Caucasus and Turkey: History Lessons of the 20th Century, Heinrich Boll Foundation, 2012.
  • Pingel, Falk. UNESCO Guidebook on Textbook Research and Textbook Revision, 2nd revised and updated edition. Paris/Braunschweig, 2010.
  • Ricoeur, Paul. Paul Ricoeur hermeneutics and the human sciences. J. B. Thompson, Ed. New York: Cambridge University Press, 1981.
  • Rumyantsev Sergei. “Ethnic Territories” Presentation Practices in the Historical Textbooks in Post-Soviet Azerbaijan and Georgia. Internationale Schulbuchforschung, 4, Vol. 30. Hannover: Verlag Hahnsche Buchhandlung, 2008.
  • Rumyantsev, Sergey. “Introduction: ‘History Lessons’ in the year of ‘Anniversay’”. In The South Caucasus and Turkey: History Lessons of the 20th Century, Heinrich Boll Foundation, 2012.
  • Schwartz D. In: Nationalism and History: The Politics of Nation Building in Post-Soviet Armenia, Azerbaijan and Georgia. Toronto: University of Toronto Press, 1994, 1-11.
  • Smith, D. Anthony. Nationalism: Theory, Ideology, History. Cambridge, Polity Press, 2001.
  • State subject standards of general education for Armenian history https://escs.am/files/files/2020-07-17/a266911a693f809df0b4aa3175b0bcdb.pdf
  • Vesely, Lubos (ed). Contemporary History Textbooks in the South Caucasus. Prague: Association for International Affairs, 2008.
  • Zolyan, Mikayel. “Writing the History of the Present: The Post-Soviet Period in Armenian History Textbooks”. In The South Caucasus and Turkey: History Lessons of the 20th Century, Heinrich Boll Foundation, 2012.
  • Аймермахер, К., Бордюгов Г. Ред. Национальные истории в советском и постсоветских государствах, Москва, «АИРО-ХХ», 1999.
  • Воронков, В., Карпенко, O., and Осипова A. Расизм в языке образования. Petersburg: Aleteia, 2008.
  • Гамагелян Ф.; Румянцев С. “Армения и Азербайджан: Конфликт в Нагорном Карабахе и Новая Интерпретация Нарративов в Учебниках Истории.” Мифы и Конфликты на Южном Кавказе, том 1, Инструментализация исторических нарративов. International Alert, 2013, 168-192.
  • Шнирельман, Виктор. Войны памяти: мифы, идентичность и политика в Закавказье. М.: Академкнига, 2003.

Old Textbooks

  • Aliyev, Vali. History of Azerbaijan: 6th grade textbook, Baku: Aspoliqraf, 2004;
  • Barkhudaryan, V. Armenian History: Modern Period. 9th grade textbook, Macmillan Armenia, 2008.
  • Mahmudlu, Yaqub. History of Azerbaijan: 7th grade textbook, Baku: Tehsil, 2003.
  • Mahmudlu, Yaqub. History of Azerbaijan: 8th grade textbook, Baku: Aspoliqraf, 2001.
  • Mammadov, Isaq & Qandilov, Seyfaddin. History of Azerbaijan: 11th grade textbook, Baku: Chashioglu, 2009.
  • Mammadov, S. History of Azerbaijan: 9th grade textbook, Baku: Tehsil, 2008.
  • Valiyev, Tofiq. History of Azerbaijan: 10th grade textbook, Baku: Chashioglu, 2001.

New Textbooks

  • Aghalarov, Parviz & Quliyev, Niyameddin et. al. History of Azerbaijan: 11th grade textbook, Baku: Şərq-Qərb, 2018.
  • Akhmeteli, Nato& Lortkipanidze, Besik & Pirtskhalava, Natia. Georgian History 9th Grade. Tbilisi, 2020.
  • Aliyev Tevekkul & Agalarov, Perviz et. al. History of Azerbaijan: 10th grade textbook, Baku: Sherq-Qerb, 2017.
  • Aliyev, Vali & Babayev, Ilyas et. al. History of Azerbaijan: 6th grade textbook, Baku: Tehsil, 2017.
  • Gevorgyan, Edik; Khachatryan Karen; Virabyan Amatuni. Armenian History 9th Grade. Yerevan: Zangak Publisher, 2014.
  • Mahmudlu, Yagub & Agayev, Sabir et. al. History of Azerbaijan: 7th grade textbook, Baku: Tehsil, 2014.
  • Mahmudlu, Yagub & Aliyev, Qabil et al. History of Azerbaijan: 9th grade textbook, Baku: Şərq-Qərb, 2016.
  • Mahmudlu, Yagub & Aliyev, Qabil et. al. History of Azerbaijan: 8th grade textbook, Baku: Tehsil, 2014.
  • Mahmudlu, Yagub & Jabbarov, Hafiz. History of Azerbaijan: 5th grade textbook Baku: Tehsil, 2020, 6-7.
  • Melqonyan, Ashot; Chobanyan, Pavel; Simonyan, Aram; et al. Armenian History 11th Grade. Yerevan: Zangak Publisher, 2015.

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.