fbpx

iqtisadiyyat

iqtisadiyyat

Pandemiyanın Azərbaycanda təhsil nəticələrinə təsiri

Read this article on other language
Download article
image_pdf
image_pdf

2020-ci ildən etibarən Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlər tətbiq edilməyə başlandı. Bu məhdudiyyətlərin ən çox təsir göstərdiyi sahələrdən biri təhsil sistemidir. Belə ki, pandemiya dövründə Şərqi Avropa və Cənubi Qafqaz regionunda məktəbləri ən çox qapalı saxlayan ölkələr Polşa və Azərbaycan olub: Azərbaycandakı məktəblərdə 205  dərs günündə dərslər onlayn qaydada həyata keçirilib.

Rəsmi rəqəmlər göstərir ki, dərslərin distant keçirilməsi şagirdlərin nəticələrinə mənfi yöndə təsir edib. 2019-cu ildə qəbul imtahanında iştirak edənlərin topladığı median bal 245 olduğu halda, 2020-ci ildə median bal 231-ə, 2021-ci ildə isə 222-ə enib (bütün illərdə beşinci qrup və rus bölməsi nəzərə alınmayıb). Yəni qəbul imtahanlarında qeydə alınan median bal 2019-cu illə müqayisədə 2021-ci ildə 10 faizə yaxın azalıb. Dövlət rəsmiləri isə pandemiya dövründə təhsil nəticələrindəki azalmanın qlobal trend olduğunu bildirib. Bəs bu iddia nə dərəcədə doğrudur?

Bu yazıda pandemiya dövründə Azərbaycanda təhsil nəticələrində qeydə alınan dəyişiklikləri digər ölkələrlə müqayisə edəcəyəm. Eləcə də hökumətin pandemiya dövründə dərslərin onlayn keçirilməsi ilə bağlı atdığı addımları və həmin addımların effektivliyini tədqiq edəcəyəm.

Azərbaycanda nəticələr daha çox pisləşib

Pandemiyanın müxtəlif ölkələrin təhsil sisteminə təsirini qiymətləndirmək baxımından ən uyğun göstəricilərdən biri Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı – PISA-dır. Üç ildən bir həyata keçirilən PISA qiymətləndirməsində 15 yaşlı şagirdlər iştirak edir və qiymətləndirmə üç istiqamətdə – riyaziyyat, oxu bacarıqları və təbiət elmləri üzrə aparılır.

2023-cü ilin sonunda PISA-nın 2022-ci ildə apardığı qiymətləndirmənin nəticələri açıqlandı. Qiymətləndirmədə Bakının 178 məktəbində təhsil alan toplam 7 min 912 şagird iştirak edib. Qiymətləndirməyə həm Azərbaycan, həm də rus bölməsində təhsil alan şagirdlər daxildir. 2022-ci ildəki qiymətləndirmədə Azərbaycanı digər ölkələrdən fərqləndirən bir məqam xüsusi diqqət çəkir. Belə ki, PISA-ya qatılan 81 ölkədən sadəcə Çin və Azərbaycanda qiymətləndirmədə sadəcə bir şəhərdə yaşayan şagirdlər iştirak edib. Tədqiqatçı Rəşad Əliyev PISA nəticələri ilə bağlı Bakı Araşdırmalar İnstitutunda yayımlanan yazısında bunu “statistik fənd” adlandıraraq bildirir ki,

Bu statistik fəndin məqsədi Azərbaycanın tədqiqatdakı nəticələrini süni şəkildə şişirtməkdir. Məsələn, bu fəndin sayəsində 2018-ci ildə ölkənin nəticələri Qazaxstanın nəticələrindən çox cüzi də olsa, yuxarı ola bildi. Halbuki 2009-da Azərbaycan Qazaxıstandan xeyli geridəydi. Lakin 2022-ci il tədqiqatında hətta bu fəndin də heç bir faydası olmadı, çünki nəticələrimiz Qazaxstandan ciddi şəkildə geridədir, həmçinin Gürcüstandan da üç sahədən ikisi üzrə aşağı pillədəyik. Buna baxmayaraq, hökumətyönümlü media və təhsil ekspertləri məsələyə manipulyativ yanaşaraq, Azərbaycanın guya reytinq cədvəlində Gürcüstan və Özbəkistandan öndə olduğunu, regiondakı ölkələrdən irəlidə, MDB ölkələri arasında 3-cü yerdə olduğunu bəyan etdi.

Əksər regionlarda imtahan nəticələrinin Bakıdan aşağı olduğunu nəzərə alsaq, deyə bilərik ki, PISA qiymətləndirməsinin bütün ölkə ərazisində keçirilməsi Azərbaycanın qiymətləndirmədəki nəticələrinin daha zəif olmasına yol açacaqdı.

Pandemiya səbəbi ilə öncəki (2018) qiymətləndirmə ilə müqayisədə bir çox ölkələrin nəticələrində geriləmə baş verib. Lakin Azərbaycanın nəticələrindəki azalma digər bir çox ölkə ilə müqayisədə daha yüksəkdir. Gəlin hər üç istiqamət üzrə Azərbaycanın nəticələrinə baxaq.

Riyaziyyat üzrə azərbaycanlı şagirdlərin 2018-ci ildəki qiymətləndirmədə orta balı 420-yə bərabər olub. 2022-ci ildə bu rəqəm 5.5% azalaraq 397-yə edib. Eyni dövr ərzində qiymətləndirməyə qatılan bütün ölkələr üzrə azalma isə 11 bala bərabər olub. Ümumilikdə Azərbaycan qiymətləndirməyə qatılan 81 ölkə arasında pandemiyadan əvvəlki qiymətləndirmə ilə müqayisədə riyaziyyat üzrə nəticəsi ən çox geriləyən 15 ölkədən biridir.

Oxu bacarıqları üzrə azərbaycanlı şagirdlərin 2018-ci ildə orta balı 389 olduğu halda, 2022-ci ildə bu göstərici 6% azalaraq 365-ə enib. Qiymətləndirməyə qatılan bütün ölkələrin oxu bacarıqları üzrə ortalaması isə eyni dövr ərzində cəmi 9 bal aşağı düşüb – yəni Azərbaycanla müqayisədə təxminən üç dəfə daha az. 24 ballıq azalma ilə Azərbaycan oxu bacarıqları üzrə 2018-lə müqayisədə göstəriciləri ən çox aşağı düşən 10 ölkədən biridir.

Təbiət elmləri üzrə azərbaycanlı şagirdlərin 2018-ci ildə orta balı 398 olduğu halda, 2022-ci ildə bu göstərici 5% azalaraq 380-ə enib. Qiymətləndirməyə qatılan bütün ölkələrin təbiət elmləri üzrə ortalaması eyni dövr ərzində cəmi 11 bal aşağı enib – yəni Azərbaycanla müqayisədə təxminən 40 faiz daha az. 2018-ci illə müqayisədə təbiət elmləri üzrə nəticəsi ən çox azalan beşinci ölkə məhz Azərbaycandır.

Beləliklə, hər üç istiqamət üzrə açıqlanan nəticələr göstərir ki, PISA qiymətləndirməsinə qatılan ölkələr arasında pandemiyadan öncəki nəticələrlə müqayisədə göstəriciləri ən çox pisləşən ölkələrdən biri Azərbaycandır. Bu baxımdan, hökumət rəsmiləri pandemiya dövründə təhsil nəticələrinin aşağı düşməsini qlobal trendin tərkib hissəsi kimi qiymətləndirsələr də, Azərbaycanın nəticələrin ən çox azaldığı ölkələrdən biri olması göstərir ki, pandemiya Azərbaycanın təhsil sisteminə digər ölkələrlə müqayisədə daha çox mənfi təsir göstərib. Bu isə hökumətin onlayn təhsillə bağlı atdığı addımların effektivliyinin aşağı olduğunu göstərir.

Pandemiya dövründə Azərbaycanda təhsilin əhatə dairəsi

Pandemiya səbəbi ilə Azərbaycanda məktəblərin bağlı qaldığı dövrdə Təhsil Nazirliyi onlayn platforma yaradaraq dərsləri həmin platforma üzərindən həyata keçirmişdi. Təhsil naziri Emin Əmrullayev pandemiyanın başlamasından təxminən 1 il sonra keçirdiyi brifinqdə bildirmişdi ki, onlayn təhsil platformasında qeydiyyatdan keçən şagirdlərin sayı 1 milyon 442 min olub. 2020-2021-ci tədris ilində ümumi şagirdlərin sayının 1 milyon 569 min nəfər olduğunu nəzərə alsaq, bu o deməkdir ki, hətta onlayn təhsil platformasında qeydiyyat sayının ən yüksək olduğu dövrdə bütün şagirdlərin 92 faizi bu platformada qeydiyyatdan keçib. Şagirdlərin 8 faizi, yəni təxminən 127 min şagird isə həmin platformaya qoşulmayıb. Şagirdlərlə yanaşı, müəllimlərin də hamısı onlayn təhsil platformasından qeydiyyatdan keçməyib. 2021-ci ilin əvvəlində ölkədəki 150 min müəllimin 85 faizinin onlayn təhsil platformasında qeydiyyatdan keçdiyi açıqlanmışdı. Yəni, 127 min şagirdlə yanaşı, təxminən 22 min müəllim də onlayn təhsil platformasına qoşulmamışdı.

Onlayn təhsil platformasında qeydiyyatdan keçən şagirdlərin hamısı platformadan aktiv istifadə etməyib. Əmrullayev bildirdi ki, platformada aktiv istifadəçilərin sayı 1 milyon 170 min nəfər olub. Aktiv istifadəçi deyərkən, son bir həftədə ən azı bir dəfə platformaya qoşulan şəxslər nəzərdə tutulur. Əmrullayev aktiv istifadəçilərin müəllim və şagirdlər üzrə sayını ayrılıqda açıqlamayıb. Lakin qeyd edilən rəqəmlərdən aydın olur ki,  pandemiya dönəmində toplam sayı 1 milyon 719 min nəfər olan müəllim və şagirdlərin cəmi 68 faizi – 1 milyon 170 min nəfəri onlayn təhsilə aktiv qatılıb, 550 min nəfərə yaxın şagird və müəllim isə aktiv təhsildən kənar qalıb.

Əyalətlərdə yaşayan şagirdlər arasında onlayn təhsil platformasına qoşulma daha da aşağı səviyyədə olub. Əmrullayev bildirmişdi ki, Bakı, Gəncə və digər böyük şəhərlərdə şagirdlərin 74-75 faizi son bir həftə ərzində ən azı bir dəfə onlayn dərslərə qoşulub ki, bu da ölkə üzrə ən yüksək göstərici sayılır. Ölkə üzrə təhsil alan bütün şagirdlərin təxminən 40 faizinin Abşeron yarımadasında yaşadığı nəzərə alınsa, bu o deməkdir ki, 1 milyon 569 min şagirdin təxminən 627 min nəfəri Abşeron yarımadasında, 942 min nəfəri ölkənin digər bölgələrində təhsil alır. Abşeron yarımadasında onlayn dərslərə 75 faizlik qoşulma isə o deməkdir ki, bu ərazidə təhsil alan 627 min şagirdin təxminən 470 mini onlayn təhsilə qoşula bilib. Regionlarda təhsil alan şagirdlərin isə təxminən hər üç nəfərindən biri məktəblərin bağlı olduğu dövrdə davamlı onlayn təhsil almayıb.

 Onlayn təhsildən kənarda qalmanın səbəbləri

Azərbaycanda şagirdlərin əhəmiyyətli hissəsinin onlayn təhsildən uzaq qalmasının əsas səbəblərindən biri maddi-texniki infrasturukturun yetərli olmamasıdır. 2020-ci ildə ölkədəki hər 100 evdən 66-sında, 2021-ci ildə isə 71-ində internetə giriş qurğusu (modem) olub. Yəni pandemiya səbəbi ilə onlayn təhsilə keçildiyi dövrdə ölkədəki evlərin təxminən 30 faizində internetə giriş qurğusu yox idi. Ümumilikdə, həmin illərdə ölkədəki ev təsərrüfatlarının 85 faizinin internetə çıxışı olub. Yəni hər 100 evin 15-ində internetə çıxış olmayıb. Pandemiya dövründə evində kompüter olan ev təsərrüfatlarının xüsusi çəkisi isə nisbətən daha aşağı – 75 faiz səviyyəsindədir. Bu o deməkdir ki, onlayn təhsil platformasına qoşulan şagirdlərin bir hissəsi dərslərə kompüterlə deyil, telefon vasitəsi ilə qoşulub. Onu da nəzərə almaq lazımdır ki, hətta kompüterin olduğu ev təsərrüfatlarında heç də bütün şagirdlər onlayn təhsil platformasına kompüter vasitəsi ilə qoşula bilməz. Çünki, evdə bir kompüter olduğu halda birdən çox şagird ola bilər. Eyni zamanda, həmin kompüterlər digər ailə üzvləri tərəfindən istifadə edilə bilər və s.

İnternetə çıxış qurğularının və kompüterlərinin mövcudluğu ilə yanaşı, internet sürəti də onlayn təhsil platformasında iştiraka təsir edib. Belə ki, 2020-2021-ci illərdə 3G şəbəkəsi ölkə əhalisinin 80 faizini əhatə edib. Regionlarda bu göstərici daha aşağı olub. Əlavə olaraq,  pandemiya dövründə (2021-ci ildə) təxminən 225 min evdə – yəni hər on evdən birində fiber-optik internet mövcud idi. 2021-ci ildə sabit genişzolaqlı internet abunəçilərinin 35 faizi 256 kbit/s-dən 2 Mbit/s-ə qədər, 38 faizi 2 Mbit/s-dən 10 Mbit/s qədər, 27 faizi isə 10 Mbit/s-dən yüksək sürətlə internetə qoşulub.

Bütün bu rəqəmlər göstərir ki, ölkədə internetin keyfiyyəti və əhatə dairəsi ilə bağlı problemlərin olması məktəblilərin bir qisminin onlayn təhsildən yararlanmasına ciddi əngəl olub. İnternetin sürəti və əhatə dairəsi ilə bağlı problemlər isə yeni deyildi. Uzun illərdi ki, xüsusilə regionlarda keyfiyyətli internetə çıxış bir neçə dəfə hökumətin gündəminə gəlsə də, həmin vaxta qədər əsaslı addım atılmamışdı.

Əvvəlki illərdə hökumət informasiya və kommunikasiya texnologiyaları infrastrukturunun inkişafı ilə bağlı bir çox hədəflər müəyyən etmişdi. Məsələn, 2013-cü ilin Azərbaycanda İKT ili elan edildiyi zaman açıqlanmışdı ki, həmin ilin sonunadək bütün məktəblər internetlə təmin ediləcək. Amma 2022-ci ilin sonuna məktəblərin cəmi 76%-nin internetə çıxışı var. Yəni pandemiyada ölkədəki hər dörd məktəbdən birində internetə çıxış yox idi. İnternetə çıxışla yanaşı, hökumət şagirdlərin kompüterlə təminatı ilə bağlı vədini də yerinə yetirməyib. 2012-ci ilin sonunda qəbul edilən Azərbaycan 2020: Gələcəyə baxış inkişaf konsepsiyası adlı sənəddə bildirilirdi ki, 2020-ci ilin sonunadək 1 şagird – 1 kompüter proqramı çərçivəsində bütün şagirdlər kompüterlə təmin ediləcək. Ancaq DSK-nın açıqladığı rəqəmlərdən görünür ki, 2020-ci ildə məktəblərdə hər kompüterə düşən şagird sayı 18-ə bərabər olub. Yəni hökumətin nə bütün məktəbləri internetlə, nə də bütün şagirdləri kompüterlə təmin etmək hədəfi gerçəkləşməyib. Halbuki bu hədəflərin icrası məktəblilərin həm kompüterlə, həm internetlə işləmə bacarıqlarını artıra bilərdi ki, bunlar da pandemiya dövründə onlayn təhsil platformasında iştirak imkanlarına müsbət təsir göstərəcəkdi.

Məktəblərlə yanaşı, bütün ölkə ərazisində internet infrastrukturunun inkişafı ilə bağlı müəyyənləşdirilən hədəflərə də çatılmayıb. Məsələn, 2016-cı ildə qəbul edilən telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi adlı sənəddə bildirilirdi ki, internetdən istifadə sürəti 3.6 Mbit/s orta sürətdən 2020-ci ilədək 20 Mbit/s-ə çatdırılacaq. Ancaq, 2020-ci ildək ölkədə intenet sürəti cəmi 5 Mbit/s səviyyəsinə çata bilib. Bu isə hökumətin hədəflədiyi göstəricidən 4 dəfə aşağıdır.

Nəzərə almaq lazımdır ki, hələ devalivasiyadan öncə Azərbaycanda Hər evə optika adlı layihənin icrası gündəmə gəlmişdi. Bu layihədə 2017-ci ilədək ölkədə yüksək sürətlə təminat səviyyəsinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması nəzərdə tutulurdu. Bu layihənin ilkin olaraq Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşməsi gündəmə gəlsə də,  sonradan hökumət bu layihənin maliyyələşməsinə getmədi.

2021-ci ildən etibarən Onlayn Azərbaycan layihəsinin icrasına başlanılıb və bu layihə çərçivəsində 2024-cü ilin sonunadək bütün ölkənin fiber-optik internet şəbəkəsi ilə əhatə edilməsi nəzərdə tutulur. Yəni ilkin olaraq nəzərdə tutulan dövrdən 7 il sonra. Halbuki ölkədə sürətli internet təminatı ilə bağlı layihə  vaxtında icra edilsəydi, pandemiya dövründə ölkədə internet infrastrukturunun səviyyəsi onlayn təhsil imkanlarının artmasına səbəb olacaqdı.

 Nəticə

PİSA hesablamaları göstərir ki, pandemiya dövründə Azərbaycanda təhsil nəticələrindəki azalmalar əksər ölkələrdən daha yüksəkdir. Bunun əsas səbəblərindən biri ölkədə internet infrasturukturu ilə bağlı problemlərdir. Belə ki, hökumətin bu istiqamətdə nəzərdə tutduğu layihələri vaxtında icra edə bilməməsi pandemiya dövründə onlayn təhsil platformasında iştirakçılığın daha aşağı olmasına gətirib çıxarıb.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.