fbpx

Cəmiyyət

Cəmiyyət

Postsovet məkanında Rusiyanın nüfuzu azalırmı?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Rusiyanın Ukraynaya qarşı müharibədə qısa müddətdə planlaşdırdığı nəticəni əldə edə bilməməsi və hərbi əməliyyatların uzanması Moskva üçün ciddi reputasiya riskləri yaradıb. Üstəlik, payız aylarında Rusiya ordusunun cəbhədə təşəbbüsü əldən verməsi və 24 fevraldan sonra işğal etdiyi ərazilərin yarısını itirməsi dünyada belə bir rəyin möhkəmlənməsinə səbəb olub ki, Rusiyanın bu müharibədə uğursuzluqla üzləşməsi onun postsovet məkanında və ümumilikdə qlobal miqyasda nüfuzunu sarsıdacaq. Ukraynada baş verənlər bütün dünyada yaxından izlənilir, amma keçmiş sovet coğrafiyasında daha böyük diqqət var, çünki hərb meydanındakı yekun nəticə onların taleyinə, qərarlarına, seçimlərinə birbaşa təsir göstərəcək, bu ölkələrin gələcəyini müəyyənləşdirəcək. Bu yazıda Rusiya-Ukrayna müharibəsinin postsovet regionunda özünü göstərən ilkin geosiyasi nəticələri və təsirlərindən bəhs olunur.

Rusiya-Ukrayna münasibətləri baxımından bu müharibənin yalnız 2 nəticəsi ola bilərdi: ya Rusiya Ukraynanı nəzarətə götürərək onu öz təsir sferasına qaytarır (Putinin niyyəti məhz bu idi), ya da Ukraynanı tamamilə itirir. 10-cu ayı geridə qoyan hərbi əməliyyatlar Moskvanın planlaşdırdığı kimi getmir və necə yekunlaşacağı hələ aydın olmasa da, Ukraynanın öz müstəqilliyini və suverenliyini qoruyaraq belaruslaşma perspektivindən qaça bildiyini söyləmək mümkündür. Bunun nəticəsi olaraq Rusiya Ukraynadakı nüfuzunu və təsir alətlərini itirmiş görünür. 2014-cü ildə Rusiya tərəfindən Krımın ilhaqına və Donbas bölgəsinin bir qisminin işğalına baxmayaraq, Ukrayna siyasi, biznes elitaları içərisində və sosiumunda Rusiyanın ağırlığı, təsir gücü qalırdı.

Ukrayna hökuməti 24 fevral 2022-ci ildə başlayan işğalçı müharibənin ilk şokundan sürətlə çıxaraq ciddi silahlı müqavimət təşkil etməyi bacardıqdan sonra daxildə Rusiyanın yumşaq gücünün qırılması istiqamətində addımlar atmağa başlayıb. Ali Radanın ən böyük fraksiyalarından olan Müxalifətçi Platforma-Həyat Uğrunda Partiyası başda olmaqla 12 rusiyayönümlü siyasi partiyanın fəaliyyəti qadağan edilib. Bütün ölkə boyu derusifikasiya tədbirlərinə – Rusiya tarixi və mədəniyyəti ilə əlaqəli küçə adlarının, toponimlərin kütləvi dəyişdirilməsinə, abidələrin sökülməsinə başlanıb. Moskva Patriarxlığına bağlı Ukrayna Pravoslav Kilsəsinin fəaliyyətinin qadağan olunmasına hazırlıq görülür. Putin Ruslar və ukraynalıların tarixi birliyi haqqında 12 iyul 2021-ci il tarixində qələmə aldığı, Ukraynaya qarşı bir neçə ay sonrakı qəsbkarlığın ideoloji əsaslandırması mahiyyətindəki geniş məqaləsində iddia edirdi ki, Qərb Ukraynada anti-Rusiya layihəsi həyata keçirir və onu Rusiyaya qarşı platsdarma çevirir. Lakin Ukraynanı məhz Putinin özünün siyasəti anti-Rusiya layihəsinə çevirib və sülh əldə olunsa belə, iki ölkə arasında münasibətlərin heç vaxt əvvəlki vəziyyətə qayıtmayacağı aydındır.     

Qazaxıstan-Rusiya: müttəfiqliyin eroziyası və Transxəzərin prioritetə çevrilməsi

Postsovet məkanının ərazisinə görə ikinci böyük ölkəsi olan Qazaxıstan SSRİ-nin demontajından sonra Moskvanın bu regionda hegemoniyasını qoruyub saxlamağa yönəlmiş inteqrativ birliklərin həmtəsisçisi qismində çıxış etməklə Rusiyanın orbitində qalmağa davam edib. Ölkədə real hakimiyyətin Təhlükəsizlik Şurasının sədri və Konstitusiya ilə müəyyənləşdirilmiş Elbaşı statusuna malik Nazarbayevdən prezident Tokayevə keçməsi ilə nəticələnən 2022-ci ilin yanvar hadisələri zamanı Tokayevin kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciəti onun barəsində Moskvanın adamı, hətta kuklası rəyinin möhkəmlənməsinə səbəb olmuşdu. Əksəriyyəti Rusiya ordu hissələrindən ibarət KTMT qüvvələrinin yanvarın 6-dan etibarən Qazaxıstana göndərilməsinə başlanıldı və ayın 10-da onların ölkədə yerləşdirilməsi tamamlandı, lakin Tokayev gözlənilmədən – cəmi 2 gün sonra KTMT-yə təkrar müraciət edərək yanvarın 13-dən etibarən sülhməramlı missiyanın yekunlaşdırılmasını xahiş etdi. KTMT hərbi kontingenti praktik olaraq öz missiyasının icrasına başlamadan Qazaxıstanı tərk etməli oldu. Missiyanın bu qədər qısamüddətli olmasının – demək olar ki, başlamadan bitməsinin səbəbləri hələ dəqiq məlum deyil. Qazaxıstanın əsas siyasi-iqtisadi tərəfdaşlarından biri olan və Mərkəzi Asiyada öz nüfuzunu son illərdə sürətlə artıran Çinin bu məsələdə rolu olduğuna dair spekulyativ iddialar səslənsə də, Tokayevin özünü müstəqil qərarverici və Qazaxıstandakı yeganə güc sahibi kimi dünyaya təqdim etmək istəməkdə marağı daha inandırıcı ehtimal kimi görünürdü. Amma yanvar iğtişaşlarından 8 ay sonra – sentyabrda Qazaxıstana rəsmi səfər edən Çin lideri Si Tszinpin (bu, pandemiyadan sonra onun ilk xarici səfəri idi) Tokayevlə görüşündə belə bir açıqlama ilə diqqəti cəlb etdi: “Beynəlxalq konyukturun necə dəyişməsindən asılı olmayaraq, biz bundan sonra da müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün müdafiəsində Qazaxıstanı qətiyyətlə dəstəkləyəcək və istənilən qüvvənin sizin ölkənizin daxili işlərinə müdaxiləsinə qəti şəkildə qarşı çıxacağıq.”

Belə bir sual yaranır ki, Qazaxıstanın ərazi bütövlüyünə, müstəqilliyinə təhlükə haradan qaynaqlanır və onun daxili işlərinə müdaxilə edə biləcək güc kimdir? Bu sualın mümkün cavab variantlarını tapmaq çətin deyil: ağla gələn güc mərkəzləri Rusiya və Qərbdir. İl ərzində Qazaxıstanın Rusiya və Qərblə münasibətlərinin necə cərəyan etdiyinə nəzər saldıqda görürük ki, Moskva ilə kommunikasiyada problemlər və anlaşılmazlıqlar, Qərblə əlaqələrdə isə qarşılıqlı anlaşma və tərəqqi meylləri informasiya axınlarında daha çox önə çıxıb.

2022-ci il fevralın 21-də Ukraynanın şərqindəki separatçı regionların Rusiya tərəfindən müstəqil dövlət kimi tanınması barədə qərarın ertəsi gün Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı ölkəsinin fərqli mövqeyini açıqlamaq ehtiyacı hiss edərək yalnız BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri əsasında hərəkət edəcəklərini söylədi. Prezident Administrasiyası rəhbərinin birinci müavini Timur Suleymenov bu mövqeni inkişaf etdirərək qeyd etdi ki, Qazaxıstan Krımın ilhaqını da tanımayıb və tanımayacaq, eyni zamanda Rusiyanın Qərb sanksiyalarından yayınmasına kömək etməyəcək. Müdafiə nazirinin müavini Sultan Kəmaləddinovun Ukraynadakı hadisələrin Qazaxıstanda təkrarlanması halında qazax ordusunun müqavimətə hazır olub-olmayacağı barədə suala “bu məsələ hər kəsi narahat edir”, – cavabı isə belə bir qənaətə əsas yaradır ki, Rusiyadan qaynaqlanan potensial təhdid Astanada gözardı edilmir.

Rusiyada Qazaxıstanın ünvanına səslənən aqressiv bəyanatlar – xüsusən Gennadi Züqanov və Sergey Mironov kimi Dövlət Dumasının fraksiya liderləri və digər qanunvericilərin açıqlamaları bu narahatlığa əsas yaradır. Moskvada qıcıq doğuran məqamlardan biri odur ki, Qərb tərəfindən Rusiyaya qarşı sanksiyaların tətbiqindən dərhal sonra Qazaxıstan bu sanksiyalara uyğunlaşmaq üçün fəal siyasət yeritməyə başladı. Prezident Tokayev bəyan etdi ki, Qərbin sanksiyalarına əməl edəcəklər və bundan sonra Rusiya ilə qarşılıqlı münasibətlər məhz bu sanksiya rejimi çərçivəsində qurulacaq. Qazaxıstan Maliyyə Nazirliyi isə Rusiya və Belarusa sanksiya altındakı əmtəələrin tədarükünü qadağan edən xüsusi əmr hazırladı. Tokayevin iyunun 17-də Peterburq İqtisadi Forumunda Rusiya prezidenti Putinlə bərabər qatıldığı paneldə moderatorun sualına cavabında Donetsk və Luqansk respublikalarını kvazidövlətlər adlandıraraq bu əraziləri tanımayacaqlarını, ərazi bütövlüyü prinsipinə üstünlük verdiklərini söyləməsi də salonda xoş qarşılanmadı. Yeri gəlmişkən, bu forumda Putin keçmiş SSRİ-nin bütün ərazisini tarixi Rusiya torpaqları adlandırmaqla postsovet məkanına olan baxışını bir daha elan etmiş oldu.

Ukrayna müharibəsinə və sanksiyalara Qazaxıstan hökumətinin ilkin reaksiyalarından sonra Xəzər Boru Kəməri Konsorsiumu ətrafında şübhəli hadisələr baş verməyə başladı. Qazaxıstan neftinin 80%-i Qazaxıstan, Rusiya və Qərb şirkətlərinin təmsil olunduğu bu Konsorsiumun neft kəməri vasitəsilə Rusiyanın Novorossiysk limanı yaxınlığındakı Yujnaya Ozereyevka terminalından dünya bazarına çıxarılır. Mart ayından başlayaraq terminalın 3 yanalma qurğusundan ikisinin fəaliyyəti periodik olaraq dayandırıldı və bunun səbəbi gah qəza, gah terminal ərazisində II Dünya müharibəsindən qalmış minaların aşkarlanması, gah da texniki baxışla izah olundu. Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyətində problemlərin yaranmasından sonra Qazaxıstan diversifikasiyanın əhəmiyyətini anlayaraq alternativ marşrutlara yönəlməyə qərar verdi. Prezident Tokayev ölkənin nəqliyyat-tranzit potensialının inkişafı mövzusunda keçirdiyi müşavirədə Transxəzər nəqliyyat dəhlizini prioritet istiqamət elan etdi. Bu çərçivədə Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin imkanlarından isitfadə edilməsi gündəmə gəldi. Lakin bu kəmərlərlə gündə təxminən 100 min barel Qazaxıstan nefti Avropa bazarına çıxarıla bilər ki, bu da Xəzər Konsorsiumu vasitəsilə ixrac olunan neftin 8 faizidir. Bu səbəblə prezident Tokayev Aktau və Kurık limanlarının texniki imkanlarının ildə 20 milyon tona qədər neft nəqlinə imkan verəcək qədər genişləndirilməsini tapşırıb.

Orta Dəhliz də adlandırılan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Çin və Avropanı əlaqələndirən nəqliyyat marşrutudur. Marşruta 10.000 km dəmir yolu şəbəkəsi və 10 dəniz limanı daxildir, bu şəbəkə vasitəsilə ildə 10 milyon tona qədər yük daşımaq imkanı var. Son vaxtlara qədər Çin və Avropa İttifaqı (Aİ) arasında yük daşımalarının 95%-i Şimal Dəhlizi, yəni Qazaxıstan-Rusiya-Belarus vasitəsilə həyata keçirilirdi, lakin Ukraynada müharibə başladıqdan sonra geosiyasi səbəblər və təhlükəsizlik problemləri ilə əlaqədar Şimal Dəhlizinin əhəmiyyəti azalıb. Bu səbəbdən Rusiyadan yan keçən nəqliyyat dəhlizinin önəmi Aİ və Çin üçün də artıb. Təsadüfi deyil ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Orta Dəhlizin modernizasiyası üçün Qazaxıstan Dəmir Yollarına 50 milyard tenqe (103 milyon ABŞ dolları) yatırım qoymaq qərarına gəlib. 2022-ci ilin ilk 9 ayında Transxəzər marşrutu üzrə yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə artaraq 1 milyon 84 min ton təşkil edib. İlin son ayında baş verən mühüm hadisələrdən biri budur ki, Qazaxıstan ilk dəfə olaraq Transxəzər marşrutu üzrə təbii uran ixracına başlayıb. Uran Azərbaycan üzərindən Gürcüstanın Poti limanına, oradan dəniz yolu ilə Kanadaya çatdırılıb. Qazaxıstan uran istehsalı üzrə dünya lideridir və indiyədək bu xammalı Rusiya vasitəsilə dünya bazarına çıxarırdı. Dekabr ayında Özbəkistan ilk dəfə olaraq Rusiyadan yan keçməklə Avropaya mis konsentratı ixrac edib. Məhsul Orta Dəhlizlə – Türkmənistan, Azərbaycan və Gürcüstandan keçməklə Bolqarıstana göndərilib. 

Putinin qaz ittifaqı təklifinə soyuq münasibət

Rusiya prezidenti noyabrın sonlarında yeni strateji tərəfdaşlıq ideyası ilə çıxış edərək Qazaxıstan və Özbəkistana qaz ittifaqı yaratmağı təklif etdi. Söhbət Rusiya təbii qazının Qazaxıstan və Özbəkistan ərazisi ilə Asiya bazarına çıxarılmasından gedir. Müharibə başladıqdan sonra Rusiya həm sanksiyalar, həm də öz birtərəfli qərarları nəticəsində Avropa enerji bazarındakı strateji tədarükçü rolunu itirib və sülh əldə olunarsa, bu mövqeyini bərpa edəcəyi şübhə altındadır. Bu səbəblə Rusiya alternativ bazarlar axtarışındadır və Asiya istiqamətindəki mövcud qaz nəqli infrastrukturu yetərli olmadığı üçün yeni kəmərlərin çəkilməsində maraqlıdır. (Rusiyadan Çinə uzanan Sibirin gücü qaz kəmərinin maksimal buraxıcılıq imkanı illik 35 milyard kubmetrdir, bu isə müharibədən əvvəl Avropaya nəql olunan həcmin beşdə biridir.) Qazaxıstan təklifə dərhal rədd cavabı verməsə də, xarici işlər nazirinin müavini Roman Vasilenko bildirib ki, onlar bu məsələni sanksiya risklərini nəzərə almaqla qiymətləndirəcəklər, çünki Qazaxıstan sanksiyalardan yayınmaq məqsədilə öz ərazisindən istifadə olunmasına imkan vermək istəmir. Putinin ideyasına Özbəkistanın reaksiyasını da isti saymaq olmaz. Bu ölkənin enerji naziri Jurabek Mirzəmahmudov xatırladıb ki, Özbəkistanın Rusiya ilə quru sərhədi yoxdur, bu məsələdə əvvəlcə Moskva ilə Qazaxıstan razılığa gəlməlidir, Daşkənd isə bundan sonra Astana ilə anlaşa bilər, amma hər hansı ittifaqdan söhbət gedə bilməz: “Biz heç vaxt milli maraqlarımızı təhlükəyə atmarıq. Bu məsələ baş tutacaqsa, yalnız kommersiya xarakterli sazişlər olacaq. Bizə hansısa siyasi şərtlər diktə edilməsinə yol verə bilmərik.” 

Avropa İttifaqı (Aİ) Rusiya nüfuz sahəsinə müdaxilə edir

İndi ,gəlin, eyni dövrdə Mərkəzi Asiya – Qərb münasibətlərindəki tendensiyaya nəzər salaq. Əvvəlcə, onu qeyd etmək lazımdır ki, Ukrayna müharibəsindən sonra Qərb və xüsusən Aİ postsovet məkanına daha fəal siyasi müdaxilələrə başlayıb. Qərb ötən dövrdə keçmiş sovet coğrafiyasını Rusiya nüfuz dairəsi olaraq qəbul etməsə belə, Moskvanın buradakı maraqlarına, qırmızı xətlərinə hörmətlə yanaşıb. Bunu Ukrayna və Gürcüstanın timsalında izah etmək olar: hər iki ölkə (xalq) avroatlantik inteqrasiya yolunu seçməklə Rusiyanın ağır təzyiqlərinə, birbaşa hərbi müdaxilələrinə məruz qalsalar da, Qərbdən gözlədikləri səviyyədə dəstək ala bilmədilər. Onlara Aİ-yə üzvlük perspektivi verilmirdi və NATO-ya üzvlük də çox uzaq perspektiv kimi görünürdü – baxmayaraq ki, Aİ ilə assosiativ saziş imzalamışdılar və NATO-dan nə vaxtsa ittifaqa qəbul ediləcəklərinə dair rəsmi vəd (2008-ci il Buxarest zirvəsində ) almışdılar. Avroatlantik dünyaya qovuşmaq xəyalı uğrunda Rusiya ilə qarşıdurma riskinə getmiş 2 ölkənin meydanda tək və köməksiz qalmasının əsas səbəbi Qərb siyasətçilərinin, etiraf etməsələr də, Putinin qırmızı xətlərinə riayət etmələri ilə bağlı idi. Bütövlükdə Qərbin postsovet məkanındakı siyasəti əslində sovet dövründəkindən fundamental şəkildə fərqlənmirdi və Moskva mərkəzli siyasət olaraq qalırdı. Almaniya sosial-demokratlarının lideri və federal kansler Villi Brandtın (1969-1974) məşhur yaxınlaşma yolu ilə dəyişdirmə (Wandel durch Annäherung) konsepsiyası qüvvədə idi və Avropa liderləri kontinental təhlükəsizliyi yalnız Rusiya ilə birlikdə təmin etməyin mümkün olduğu fikrinə o qədər inanmışdılar ki, Putinin bu təhlükəsizliyi sarsıtmağa yönəlmiş addımlarını görmək istəmirdilər.

Ukrayna müharibəsi bu siyasətin fiasko olduğunu bariz şəkildə ortaya qoydu. Aqressiv və imperialist Putin diktaturası ilə sıx iqtisadi kooperasiyanın təhlükəsizliyə və tərəqqiyə gətirmədiyini gördükdən sonra Qərb inanılmaz sürətlə yeni strategiya müəyyənləşdirərək bu istiqamətdə addımlar atmağa başladı. Sanki onlar ötən illərin yanlışlarını mümkün olan ən tez müddətdə düzəltmək və kompensasiya etməyə çalışırlar. Məsələn, Almaniyanın xarici siyasəti, təhlükəsizlik və enerji siyasətindəki radikal transformasiyası heyrətamizdir. Ukrayna və Moldovaya Aİ-yə rəsmi namizəd statusu, Gürcüstana isə üzvlük perspektivi verilməsi tarixi qərardır.

Qərbin keçmiş SSRİ məkanının təkcə Avropa hissəsində deyil, Mərkəzi Asiya və Cənubi Qafqaz subregionlarında da fəallığını ciddi şəkildə artırdığını görürük. Zəngin mineral resurslara sahib olması və geostrateji mövqeyi səbəbilə Qazaxıstana xüsusi diqqət müşahidə edilir. Ötən aylarda Almaniyanın xarici işlər naziri Annalena Berbok və Aİ-nin bütün yüksək vəzifəli təmsilçiləri – Aİ Şurasının sədri Şarl Mişel, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen, xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Jozep Borrel regiona səfərlər ediblər. Von der Leyenin səfəri zamanı Qazaxıstan və Aİ dayanıqlı xammal, akkumulyatorlar və yaşıl hidrogen sahəsində anlaşma və strateji tərəfdaşlıq Memorandumu imzalayıblar. İyulun 6-da Brüsseldə Aİ və Özbəkistan arasında genişləndirilmiş tərəfdaşlıq və əməkdaşlığa dair Saziş imzalanıb. Oktyabrın 27-də Qazaxıstanda Mərkəzi Asiya ölkələri və Aİ arasında ilk zirvə toplantısının keçirilməsi münasibətlərdə yeni mərhələnin başlanğıcı sayıla bilər.

Tərəflər arasında başlıca qarşılıqlı maraq sahələri bundan ibarətdir ki, Aİ bu regionu (Azərbaycan da daxil olmaqla) xammal mənbəyi kimi Rusiyanın əsas alternativlərindən biri olaraq görür. Bölgə ölkələri, xüsusən Qazaxıstan, Özbəkistan və Türkmənistan neft, təbii qaz, təbii uran, nadir torpaq elementləri, kimya sənayesi məhsulları və dənli bitkilər baxımından sahib olduqları potensialla Avropanın diqqətini cəlb edir. Region ölkələri isə öz növbəsində Avropanın investisiya imkanlarına və texnologiyalarına ehtiyac duyur. Rusiyadan çıxan, istehsalla məşğul olan Avropa şirkətlərinin Mərkəzi Asiyaya yönəlməsi də ortaq maraqdır, bölgədə ucuz işçi qüvvəsi və xammalın mövcudluğu, bu ölkələrin və onların qonşularının əhalisinin sayı baxımından dünyanın ən böyük istehlak bazarı olması mühüm faktorlardır. Noyabr ayında əvvəlcə Özbəkistan prezidenti Mirziyoyev, daha sonra Qazaxıstan prezidenti Tokayevin Fransaya rəsmi səfərləri həyata keçirilib və hər iki dövlət başçısı fransız şirkətlərini ölkələrinə yatırım qoymağa dəvət ediblər. Tokayevin səfəri zamanı müxtəlif əməkdaşlıq sahələri ilə bağlı 35 sənəd, Mirziyoyevin səfəri zamanı ümumi dəyəri 6 milyard avrodan çox olan anlaşmalar imzalanıb.

Oktyabr ayında Qazaxıstanda Rusiya – Mərkəzi Asiya forumu da keçirilib. Lakin bu forum əməkdaşlıq məsələlərinin müzakirəsindən çox, Tacikistan prezident Rahmonun şikayəti ilə yadda qalıb. Rahmon Putinə üzünü tutaraq Vladimir Vladimiroviç, xahiş edirik ki, Mərkəzi Asiya ölkələrinə keçmiş Sovet İttifaqındakı münasibət olmasın. Biz istəyirik ki, bizə hörmət edilsin”, – deyib.

Oktyabr ayında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qırğızıstanda keçirilməli olan komanda-qərargah təlimlərinin bu ölkə hökuməti tərəfindən səbəb göstərilmədən ləğvi də maraqlı faktlardan biridir. Güman olunur ki, bu addım sentyabrda Qırğızıstan-Tacikistan sərhədində 100-dən çox insanın ölümü ilə nəticələnmiş hərbi toqquşmalara Rusiyanın münasibəti ilə bağlı ola bilər.

Avropanın alternativ enerji mənbələri axtrarışında müraciət etdiyi ünvanlardan biri də Azərbaycandır və Brüssel Bakıdan müsbət cavab alıb. İyulun 18-də tərəflər arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, növbəti 5 ildə Azərbaycanın Avropaya qaz ixracını 2 dəfə artıraraq 20 milyard kubmetrə çatdırması nəzərdə tutulub. Lakin, enerji sahəsində Qərblə strateji tərəfdaşlıq Azərbaycanın ənənəvi siyasətidir və Ukrayna müharibəsindən sonra yaranan geosiyasi reallıqlardan irəli gəlmir. Müharibədən 2 gün əvvəl Rusiya Federasiyası ilə Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalamasına və orada iki ölkənin aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutması ilə bağlı müddəa olmasına baxmayaraq, Bakı Moskvanın müttəfiqi kimi hərəkət etmir. Əksinə, Azərbaycan hökuməti Ukraynaya müharibənin ilk günlərindən humanitar yardımlar (o cümlədən yanacaq) göndərib və son olaraq Ukraynanın enerji infrastrukturunun Rusiyanın raket zərbələri nəticəsində ciddi zərər görməsi ilə əlaqədar bu ölkəyə 45 güc transformatoru və 50 generator verib. 

Rusiyanın Paşinyan, Azərbaycanın sülhməramlılar problemi

Müstəqillik dövründə postsovet məkanında Rusiya ilə ən dərin müttəfiqlik əlaqələri quran ölkə Ermənistan olub. İki ölkənin hərbi müttəfiqliyinin ciddi müqavilə-hüquq bazası var. Lakin 2018-ci ilin mayında baş verən xalq inqilabı nəticəsində Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra vəziyyət dəyişməyə başlayıb. İmzalanan sənədlər qüvvədə qalsa da, Qarabağ müharibəsində və sonrakı dövrdə Rusiyanın siyasəti onu deməyə əsas verir ki, Rusiya-Ermənistan hərbi müttəfiqliyi faktiki olaraq formallığa çevrilib və qarşılıqlı etimad itib. Ermənistanda Rusiyaya olan etimadsızlıq təkcə hökumət səviyyəsində deyil, ictimai rəydə də özünü göstərir. Bunun ən bariz sübutu müharibədəki ağır məğlubiyyətə və böyük itkilərə baxmayaraq, keçirilən növbədənkənar seçkilərdə xalqın Rusiyaya bağlı müxalifətə deyil, bir daha Paşinyanın Vətəndaş Müqaviləsi Partiyasına səs verməsidir. (Bakı Araşdırmalar İnstitutunda bu seçkilərin nəticələrinə Məğlub liderin triumfu adlı yazı həsr etmişdik.) Rusiya prezidenti Putinin iştirakı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrda Ermənistanda keçirilən zirvə toplantısının yekun Bəyannaməsinə Paşinyanın veto qoyması, dekabrın 23-də Moskvada Rusiya, Azərbaycan, Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündən eməni tərəfinin imtinası da göstərir ki, Moskva-Yerevan münasibətləri 2023-cü ilə problemli daxil olur.

Moskva-Bakı münasibətlərində isə rəsmi səviyyədə ciddi problemlər hələlik müşahidə olunmur, əksinə, Ermənistana – Paşinyan hökumətinə təzyiq məsələsində maraqlar üst-üstə düşür. Amma bununla bərabər, Azərbaycanda Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətindən ciddi narazılıq var və Laçın dəhlizində dövlət tərəfindən təşkil olunan vətəndaş cəmiyyəti nümayəndələrinin aksiyasında bunu görmək mümkündür, baxmayaraq ki, bu tədbir birbaşa sülhməramlılara qarşı yönəlməyib. Azərbaycan dövlət televiziyasında Rusiya sülhməramlılarına qarşı sərt tənqidlərin efirə verilməsi, Rusiyanın Ukraynada işğalçı siyasət apardığının vurğulanması rəsmi dairələrin icazəsi olmadan mümkün deyil. (Ümumiyyətlə, Bakının öz xarici siyasətində mediadan çox aktiv istifadə etməyə başlaması diqqəti cəlb edir.)

Bakıda narahatlıq doğuran başqa bir məsələ rusiyalı milyarder Ruben Vardanyanın Qarabağa gəlməsi və yerli separatist administrasiyada təmsil olunmasıdır. Prezident Əliyevin 17 noyabrda Aİ nümayəndə heyəti ilə görüşündə “biz Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib”, – sözləri bunun təsdiqidir. Azərbaycan cəmiyyətində Rusiya hərbi kontingentinin 5 illik müddətin sonunda Qarabağı tərk etməsi ilə bağlı ciddi tələb və gözlənti var və 2025-ci il yaxınlaşdıqdca Azərbaycan-Rusiya münasibətlərində bu problem ciddi şəkildə aktuallaşacaq.

Nəticə

Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) təsis olunmasından tam 100 il ötür. (SSRİ 1922-ci il dekabrın 29-30-da yaradılıb.) Putinin simvolik tarixlərə, numerologiyaya önəm verən lider olduğu məlumdur. Əgər Ukraynaya qarşı hərbi əməliyyat onun planlaşdırdığı kimi getsəydi və Ukraynanı Rusiya təsir sferasına qaytarmaq mümkün olsaydı, bu hadisə və ümumən 2022-ci il Putinin triumfu kimi tarixə keçəcəkdi. Şübhə yoxdur ki, Kiyevdə Moskvaya bağlı kukla rejim qurulduqdan sonra Ukrayna da Rusiya-Belarus İttifaq Dövlətinə qoşulacaqdı. Lukaşenko bu barədə niyyətlərini açıq ifadə etmiş, hətta Qazaxıstan, Ermənistan və digər keçmiş sovet respublikalarının da ittifaqa üzv qəbul oluna biləcəyini söyləmişdi. Bir sözlə, Rusiya-Belarus-Ukrayna ittifaq dövlətinin təməlində (digər keçmiş sovet respublikalarının bu ittifaqa qoşulub-qoşulmayacağından asılı olmayaraq) Moskvanın bütün keçmiş SSRİ coğrafiyasında tam hegemonluq qurma hazırlığından söhbət gedirdi. Ukraynaya hücum əmri verən Putinin baş planı bu idi. Ukraynanın Kremlin iradəsinə tabe etdirilməsindən sonra digər postsovet ölkələrinin də başqa yolu qalmayacaqdı və beləliklə, 100-cü ildönümdə Putinin geosiyasi fəlakət adlandırdığı hadisənin (SSRİ-nin dağılmasının) nəticələri faktiki aradan qaldırılmış olacaqdı. Lakin plan baş tutmadı: müharibə hələ sona yetməsə də, bunu söyləyə bilərik.

Biz bu yazıda bütün postsovet ölkələrinin Rusiyadan qopmaq istiqamətində siyasət apardığını iddia etmirik. Əlbəttə ki, onlar Rusiya kimi böyük dövlət və önəmli tərəfdaşla əlaqələrini davam etdirməkdə maraqlıdırlar. Bu ölkələrin Rusiya ilə sıx iqtisadi-siyasi əməkdaşlığı var, onların milyonlarla vətəndaşı əmək miqrantı kimi Rusiyada çalışır və əldə etdikləri maddi qazancı vətənə  – öz ailələri və yaxınlarına göndərirlər, bu isə həmin ölkələrdə sosial stabilliyə töhfə verir. Amma bir məqam artıq göz önündədir ki, Rusiyanın regional və qlobal səviyyədə nüfuzu 23 fevral 2022-ci ildəki qədər deyil, onun gerisindədir. Suverenliyi xeyli məhdudlaşmış Belarus istisna olmaqla, Rusiyanın KTMT üzrə müttəfiqləri, Avrasiya İqtisadi İttifaqı üzrə ortaqları Qərbin Rusiyaya qarşı sanksiyalarını pozmamağa və bu məhdudiyyətlərə uyğunlaşmağa çalışırlar.

2023-cü ildə Rusiyanın Ukrayna cəbhəsində məğlub olması, hətta Krımı itirməsi ehtimalı da imkansız görünmür, bu halda, ümumiyyətlə, qlobal geosiyasətdə Rusiya adlı böyük oyunçudan danışmaq mümkün olmayacaq.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.