fbpx

Cəmiyyət

Cəmiyyət

Şah Abbasın Avropa casusları – Polşa səfirliyi

Read this article on other language
Download article
image_pdf
image_pdf

Ötən 4 yazıda Şah Abbasın Avropadakı casusluq və diplomatik fəaliyyətləri haqda bəhs etmişdim.[1] Bu yazı isə ikinci məqalədə adı çəkilən – 1598-ci ildə Boris Qodunovun taxta çıxması münasibəti ilə Şah Abbas tərəfindən Rusiyaya səfir kimi göndərilmiş – Pirqulu bəyin aqibəti və Polşa ilə münasibətlərin yenidən qurulmasından bəhs edir.

İran və Polşa arasındakı son diplomatik əlaqə baş tutanda Ağqoyunlu hökmdarı Uzun Həsən və Polşa kralı IV Kazimir Yaqellon hakimiyyətdə idi. Ambrocio Kontarini (1429 – 1499) sayəsində baş tutmuş bu diplomatik əlaqə nəticəsiz olmuşdu. Aradan hardasa bir əsr keçəndən sonra Şah Abbas bu münasibətləri bərpa etmək istəyirdi. Öncəki məqalələrdə gördüyümüz kimi, bu cəhd Rusiya sayəsində uğursuz olmuşdu. Növbəti addım isə III Sigizmunddan gəldi. III Sigizmund İsveç əsilli Vaza sülaləsindən idi, Böyük Avropa Səfirliyi yola çıxan tarixdə (May 1599) həm İsveçin, həm də Reç-Pospolitanın[2] hökmdarı idi. Lakin təkcə 2 ay sonra protestant İsveç əsilzadələri və şahzadə Karlın müvəffəqiyyətli üsyanından sonra Sigizmund İsveç taxtından əl çəkdi və təkcə Reç-Pospolita ilə kifayətlənməli oldu.

III Sigizmund Polşa taxtına 1587-ci ildə, Stefan Batorinin ölümündən sonra seçilmişdi. İsveç şahzadəsi olsa da, anası Katerina Polşanı idarə etmiş Yaqellon sülaləsindən olduğu üçün yeni vəzifəyə uyğun görülmüşdü. Bu seçkiyə Yaqellonlarla ana tərəfdən qohum olan başqa bir əsilzadə – Avstriya arxihersoqu və II Rudolfun qardaşı – Maksimilian qarşı çıxmışdı. 1558-ci ildəki həlledici döyüşdə Maksimilianı əsir alan Sigizmund Habsburqları Polşa taxtına olan iddialarından əl çəkdirə bilmişdi. Sigizmundun sələfi Stefan Batori Transilvaniya voyevodası kimi Osmanlı vassalı olsa da, sultanın dəstəyi ilə Polşada kral taxtına oturmuşdu və Osmanlı ilə neytral münasibətlər yürüdürdü.[3] Sigizmund sələfinin Osmanlıya qarşı bu neytrallıq prinsipini davam etdirmək istəsə də, İngiltərə-İspaniya rəqabəti onu bu münasibətlərə də yeni bucaqdan yanaşmağa məcbur etmişdi.

III Sigizmund (Peter Soutman, 1624)
III Sigizmund (Peter Soutman, 1624)

III Sigizmund Polşadakı hakimiyyətinin onuncu ilində –  Səfəvi səfirliyinin yola çıxmasından 2 il əvvəl – İngiltərə ilə diplomatik böhran yaşamışdı. Bu dövrdə İngiltərə açıq dənizlərdə İspaniya ilə ticarət edən neytral ölkələrin ticarət gəmilərinə hücum edir, Qdansk və Elblaq kimi liman şəhərlərinin iqtisadiyyatına ciddi zərbə vururdu. Pavel Cilinskini Niderland və İngiltərəyə səfir kimi göndərən III Sigizmund bu hücumlar davam edərsə, Niderlanda taxıl ixracını dayandırmaqla hədələmişdi. Yelizavetaya edilən təhdid isə təhqir səviyyəsində qəbul edilmişdi – Sigizmund kraliçaya indiyəcən neytral qaldığını çatdırmış, əgər bu hücumlar dayandırılmasa, İngiltərəyə qarşı Avstriya və İspaniya ilə ittifaq yaratmaqla hədələmişdi. Hiddətlənən kraliçanın təsiri ilə Cilinskiyə London küçələrində hücumlar olmuş, ölümlə təhdid edilmişdi. Hər bir halda, kraliça sonda tələblərlə razı olmuş, Polşa gəmilərinə təzminat vermişdi, lakin münasibətlər artıq soyuq idi.[4]

Belə bir geosiyasi mühitdə Polşanın İspaniya və Avstriyaya, eləcə də Osmanlının düşməni olan Səfəvilər dövlətinə müttəfiqlik əlini uzatması təbii idi. Gözlənilən Səfəvi səfirləri Polşaya gəlməyəndə, Batorinin bir zamanlar Osmanlıdakı səfiri olan, türk və fars dillərini öyrənmiş tərcüməçi və diplomat Kristof Circek krala 1602-ci ildə Səfər Muradoviç adlı bir erməni tacirini Şah Abbasın sarayına göndərməyi məsləhət görmüşdü.

Səfər Muradoviç Qarahisarda[5] doğulub. Böyük ehtimalla, 1577/78-ci ildə Osmanlının İran səfəri vaxtı doğulduğu üçün ona bu ad verilib.[6] 1596-cı ildə Reç Pospolita hakimiyyətindəki Lvov[7] şəhərinə gələrək burada erməni icmasında ticarətlə məşğul olub, xüsusilə erməni tacirlər Murat Kerimoviç və Norbeq Popoviç ilə birlikdə ticarət şirkətində işləyib. 1599-cu ildə Murat Kerimoviçin ölümündən sonra şirkətdə ortaq olan Səfər Muradoviçin kimliyi Lvov şəhər sənədlərində “Türkiyə ermənisi” (armenus turcicus) kimi yazılıb.[8] Bu şirkətin fəaliyyəti Konstantinopoldan Moskvaya, İngiltərədən Qdanska qədər yayılmışdı.[9] Səfər Muradoviç şirkətin keçmiş ortaqlarından qalan mülklərini Polşa sarayını ziyarət edən İbrahim və Mehmet adlı Osmanlı səfirləri sayəsində müvəffəqiyyətlə qaytardıqdan sonra diqqətləri üzərinə çəkdi. Saray tərcüməçisi Kristof  Circeklə də bu dövrdə əlaqə qurmuş olduğu güman edilə bilər.

Kralın əmri ilə Səfəvilər dövlətinə yola düşən Səfər Muradoviç Varşavadan Lvova, oradan Valaxiyaya keçərək Osmanlı tabeliyindəki müasir Rumıniyanın Manqaliya şəhərinə gələrək, 1 Aprel 1601-ci il tarixində Trabzona doğru yola düşdü.[10] Əsəd bəy kimi Səfər Muradoviç də rəsmi olaraq səfir yox, tacir olduğu üçün Osmanlı ərazisində problemsiz səyahət edə biləcəkdi. Dənizdə keçən 2 aylıq səyahətdən sonra Trabzon-Ərzurum-Qars yolu ilə Gürcüstanın Qori şəhərinə gələn Səfər Muradoviç xatirələrində bu yolu təhlükəsizlik səbəblərindən seçdiyini qeyd edirdi. İrəvan-Naxçıvan-Culfa-Təbriz-Qəzvin yolu ilə Kaşan şəhərinə gələn Səfər Muradoviç burada rəsmi missiyasını yerinə yetirir – kral Sigizmund üçün xalçalar sifariş edir. Kaşan şəhəri bu zamanlar İran xalçaçılıq sənayesinin mərkəzi sayılırdı.[11] Ümumiyyətlə, səyahət 158 gün çəkmişdi.

Səfərinin rəsmi hissəsi bitən tacir burada Anisəddövlə Təhmasibqulu xan Mirimanidzenin xidmətçisinin müşayiəti ilə Şah Abbasın İsfahandakı sarayına yollandı. Təhmasibqulu xan onu qarşılayan ilk şəxs oldu. Səfiri sorğulayarkən Hüseynəli bəy və Şörlinin səfirliyinin aqibəti haqda soruşan Təhmasibqulu səfirliyin ümumiyyətlə Polşaya getmədiyini, Moskvaya yönləndiyini öyrəndi. Növbəti gün Nəqşi Cahan sarayında şah ilə görüşən Səfər Muradoviç ona indiyədək başına gələn hadisələri, Polşa sarayında Kristof Circekin ona verdiyi tapşırıq haqda bəhs etdi.

Söhbətdən sonra şahın əmri ilə Təhmasibqulunun malikanəsinə geri qaytarılan səfir növbəti gün Hüseynəli bəy və komandasını Moskvaya aparan Pirqulu bəy ilə üzləşdiriləcəkdi. Bu haqda Muradoviç belə yazır:

Gecə yemək yeyərkən, Təhmas bəy yanıma gəldi və dedi: “Doğrudur ki, səni əvvəllər tanımırdım, amma qardaşlarından[12] sənin haqqında çox yaxşı şeylər eşitmişəm, onlar yaxşı dostlardır. Və buna görə də səni məlumatlandırıram, biləsən ki – burada Moskvadan gəlmiş səfir var, o, şahımıza, xristian hökmdarlarına, Fransa kralına, İngiltərə, Venesiya və digər millətlərə və knyazlara deyib ki, Polşa kralı, sənin hökmdarın, Moskva çarına vergi ödəyir. Sabah bu səfir padşahın, ya da onun xidmətçisinin qarşısında olacaq. İngilis səfiri[13] də orada olacaq, həmçinin Venesiya təmsilçisi də olacaq və onlar səndən də ora gəlməyini istəyirlər. Şahın səndən nə soruşacağını və onların qarşısında necə cavab verəcəyini düşün ki, utandırıcı bir vəziyyətdə ayrılmayasan.” Ona bunun üçün təşəkkür etdim və sonra o, məni tərk etdi.

Növbəti gün şahın sarayına qayıdan Səfər Muradoviç şahın solunda Robert Şörlini, Venesiya səfirini, Moskvadan gəlmiş bir boyarı, onun tərcüməçisini gördü. Şahın sağında isə onun beş vəziri oturmuşdu. Şahın əmri ilə Səfər də solda oturdu. Niyə Sigizmunddan məktub gətirmədiyini soruşan Şaha cavab olaraq, Səfər sadəcə bir tacir olduğunu, bu sarayda diplomat kimi oturmadığını qeyd etdi. Şah Abbas ona Moskva, Müqəddəs Roma, Venesiya hökmdarları və Roma papası ilə məktublaşmalarının olduğunu dedi və Polşa kralından heç bir xəbər gəlməməsindən təəssüfləndiyini açıq bildirdi. Səfir də öz növbəsində şaha onun özünün də Polşa kralına məktub yazmadığını xatırlatdı. Muradoviçin xatirələrinə əsasən, bundan təəccüblənən Şah qəzəblə əvvəl Robert Şörliyə, daha sonra isə İsa xan Şeyxavəndə baxdı. Sorğu-sual zamanı, həqiqətən də, Polşa kralına məktub göndərildiyi, lakin Rus çarının səfirləri məcbur saxlayaraq Polşaya buraxmadığı üzə çıxdı: “Şah heç nə demədi, sadəcə başını buladı”

Səfər Muradoviçin Kaşanda sifariş etdiyi ov mövzulu xalçadan bir hissə

Səfər Muradoviç öz növbəsində kralın ona verdiyi etimadnaməni Venesiya səfirinə göstərərək Polşa kralının Rus çarına vergi vermədiyini, əksinə onun özünün Rus torpaqlarının hökmdarı[14] olduğunu çatdırdı. Stefan Batorinin 1577-1582-ci illərdə Çar IV İvanın əlindən torpaqlarını aldığını, Roma Papasının vasitəçiliyi ilə sülh bağlanmasa, Moskva knyazlığının sonunu gətirəcəyini deyən Muradoviç Polşa krallığının qısa tarixçəsini danışdı. Rəsmi Polşa dövlətinin mövqeyini təqdim edən tacir Moskva knyazının bir çar, yəni imperator olmadığını[15], sadəcə kiçik feodal olduğunu izah edirdi. Bu barədə çıxışını bitirərkən səfir, “buna görə də Moskva knyazına Bütün Rusiyanın çarı deyəndə mənə pis gəlir”- dedi. Polşa kralının Osmanlı ilə münasibətlərinə də toxunan Muradoviç Valaxiya knyazı Cəsarətli Mixaylın Moldova knyazı Eremiya Moqila ilə döyüşlərindən bəhs edərək, onları Polşa-Osmanlı arasındakı proksi müharibələr kimi qələmə verirdi. Şah bu çıxışdan çox təsirlənmiş, vəziri Hətəm bəy Ordubadiyə[16] Səfər Muradoviçin səfir olmasa da, tam bir diplomat kimi danışdığını qeyd etmişdi.

Şah bundan sonra Rusiyaya səfir kimi göndərilmiş Pirqulu bəyi hüzuruna çağırdı. Muradoviç Şahın Pirqulu bəylə dialoqunu oxuculara belə çatdırır:

– Eşidirsən, Pirqulu bəy? Bu adamı görürsən? O, səfir deyil, amma muzdlu, ya da işçidir, ticarətlə məşğul olan bir adamdır, buna baxmayaraq o, öz hökmdarının dürüstlüyünü, şöhrətini və adını gör necə müdafiə edir ki, bunu qınaya bilmərəm. O, bunu əzab qorxusu ilə etməyə məcbur edilməmişdi, amma o, həqiqəti söylədi və yaxşı bir insan kimi öz hökmdarının şöhrətini sevərək ona qarşı atılan iftira qarşısında səssiz qala bilmədi. Amma sən, bədxah, düşüncəsiz kəs, öz vəzifələrini unutdun; bizim iradəmizi və əmrlərimizi yerinə yetirmək istəmədin. Səni ingilis səfirinin qardaşı ilə Polşa kralının yanına göndərdim. Sən geri qayıtdın. Bizim sözümüzə qarşı çıxaraq onunla getmədin!

– Moskva çarı mənim getməyimi istəmədi. Dedi ki, orada etməli olduğum heç bir şey yoxdur, dili bilmədiyim üçün; İngilis səfirinin qardaşının məktublar və hədiyyələrlə getməsi kifayət idi.

– Və hələ sən mənə dedin ki, ‘İngilis elçisinin qardaşı mənimlə birlikdə Moskvadan Polşaya getdi’. İndi isə xəbər aldım ki, Moskva çarı o elçini həbs edib, buna görə də nə məktublar, nə də hədiyyələr Polşa kralına çatıb.

– Dediyiniz doğrudur, o mənimlə getdi, amma indi həqiqəti danışmalı olsaq, belədir ki, o, Moskvada qaldı və mən qayıtdım.

– Bəs niyə əvvəlcə bizə həqiqəti demədin?

– Qorxurdum. 
Şah vəzirinə dönərək dedi: “Həqiqəti danışmayanların cəzası nədir?” Vəzir dedi: “Əlahəzrət nə cəzanı uyğun görürsə, onu çəkməlidirlər.” Şah dedi: “Bunu tutub aparın, dilini və gözlərini çıxarın!”

Pirqulu bəy, beləliklə, tacirin gözləri önündə cəzalandırıldı və Səfər Muradoviçə hədiyyələr verildi. Moskvadan gəlmiş səfir Muradoviçi üç dəfə nahara dəvət etsə də, tacir təmkinli davranaraq dəvətdən imtina etdi. Tacir Robert Şörlinin də nahar təklifini iki dəfə rədd etmişdi. Görünür, tacir rəsmi səfir olmadığı üçün belə diplomatik şəxslərlə əlaqələrdən və şayiələrin yayılmasından ehtiyat edirdi. Şah 10 gün sonra onu İsfahanın yaxınlığındakı bir bağa oğlunun yenicə toyu olmuş Məhəmmədbağır Mirzə və Təhmasibqulu xanla birlikdə nahara dəvət etdi. Şah yemək zamanı Hətəm bəyə dönərək bir çox səfirlə söhbət etdiyini, lakin ən çox Səfərlə söhbətdən zövq aldığını qeyd etdi. Şahın fikrincə, bunun səbəbi tərcümənin yorucu olması, səfirlə ana dilində söhbət edə bilməyi idi. Güman ki, burda söhbət türk dilindən gedir – Səfər Muradoviç Osmanlıda doğulmuşdu və türk dilini ana dili kimi danışırdı.

Səfər Muradoviç, daha sonra şahın oğlunu və vəzirini yolladığını, ona gizlincə bir otaqda xristian olduğundan danışırdı.[17] Şah Abbas, görünür, Polşada krallığın seçki ilə olduğunu bilmir, öz oğlu və Polşa kralının oğlu ilə gələcək üçün öncədən ittifaq yaratmağa çalışırdı. Səfər Muradoviç Şah Abbası Məşhəd ziyarətində izləmiş, 600 qulamla hərəkət etdiyini qeyd etmişdi.

Nəticə

155 günlük səyahətdən sonra 1602-ci ilin avqustunda Polşaya qayıdan Səfər Muradoviç həmin ayın 12-ində Cerzi Mlodeçkiyə səfər xərclərini və getdiyi şəhərlərin siyahısını təqdim etdi. Kaşanda 876 talerlik[18] alışveriş edən Səfər 324 taleri də səyahəti üçün xərcləmiş, toplam 1200 taler borcla qayıtmışdı. Missiyanı uğurlu sayan III Sigizmund Səfər Muradoviçi 26 oktyabr 1602-ci ildə mükafatlandırmış, ona Krım xanlığı, Səfəvi dövləti və Osmanlı dövlətindən gətirilən malları tarifsiz idxal etmək icazəsi vermişdi.[19] Səfər Muradoviç Varşava və Lvovda yaşamağa davam etmiş, 1631-ci ildə Polşa ermənilərinin nümayəndəsi kimi Səfəvilər dövlətinə geri qayıtmışdı. Lakin bu nümayəndəlik Səfəvi sarayına deyil, Eçmiədzindəki Erməni Kilsəsinin rəhbərliyinə göndərilmişdi. Belə ki, Polşa erməniləri katolikos III Movsesə (1629–1632) müraciət edərək, Nikol Torosoviç adlı bir erməni yepiskopun katolik (yezuit) məzhəbinə keçməsindən şikayət edirdilər. Movses öz növbəsində III Sigizmundun bunu dayandırmasını xahiş etsə də, katolik kral öz məzhəbinin yayılmasından narahat olmadığı üçün hadisələrə müdaxilə etmədi. Nəticədə, erməni əhalisinin 90%-i Lvovu tərk etdi, qalanları isə katolik məzhəbini qəbul etdi.

Şah bundan sonra Polşaya 4 dəfə – 1605, 1612, 1622 və 1627-ci illərdə səfirlər göndərdi. Şah Abbasın Avropa diplomatiyasının Polşa cinahı Rusiya və Osmanlı faktorlarına, Polşa Seyminin monarxdan fərqli olan xarici siyasətinə görə çox da uğurlu olmadı. Səfər Muradoviçin Kaşanda sifariş etdiyi xalçalar Sigizmundun 1632-ci ildəki ölümündən sonra qızı Anna Katarina Konstansaya qaldı. Anna Katarina 1642-ci ildə Pfals Kürfürstü Filip Vilhelmlə evlənərkən bu xalçaları cehizinin bir hissəsi kimi Bavariyaya aparmışdı. Xalçalar hazırda Bavariyada, Hüseynəli bəy hersoq Maksimilianın bir zamanlar görüşdüyü Münhen İqamətgahında sərgilənir.

Səfər Muradoviçin adı qaynaqlarda ən son 1632-ci ildə Kamenets-Podolski (müasir Ukrayna) şəhərinin sakini kimi çəkilir.[20] Onun xatiratı ilk dəfə Kazimir İqnat tərəfindən Polşanın Varşava şəhərində 1743-cü ildə yayımlanıb. Bir digər variantı 1777-ci ildə erməni əsilli Yuzef Minasoviç tərəfindən çap edilib. Xatiratın ingilis dilinə tərcüməsi 2014-cü ildə Mixail Polçinski tərəfindən edilib.[21]

Səfər Muradoviçin sifariş etdiyi xalçalardan biri. Ortada III Sigizmundun gerbi ilə.

Növbəti məqalədə Hüseynəli bəy və Entoni Şörlinin Romadakı sərgüzəştlərindən bəhs etməyə davam edəcəyəm.


İstinad və qeydlər

[1] Bax: Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – İlk Kontaktlar,” Baku Research Institute, Yanvar 21, 2024, https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari/; Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – Böyük Avropa Səfirliyi,” Baku Research Institute, Fevral 22, 2024 https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-boyuk-avropa-sefirliyi/; Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – Gizli Səfirlik,” Baku Research Institute, Mart 15, 2024 https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-gizli-sefirlik/; Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – Böyük Avropa Səfirliyi (II hissə),” Baku Research Institute, Aprel 14, 2024 https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-boyuk-avropa-sefirliyi-2/

[2] Polyakca “Rzeczpospolita Obojga Narodów” (İki xalqın respublikası) və ya “Królestwo Polskie i Wielkie Księstwo Litewskie” (Polşa krallığı və Böyük Litva knyazlığı) kimi tanınan, Polşa və Litva dövlətlərinin 1569-cu ildə yaranmış birliyi. 1795-ci ildə varlığına son qoyulmuşdur.

[3] Jerzy Besala; Agnieszka Biedrzycka (2004–2005). “Stefan Batory“. Polski Słownik Biograficzny [Polşa Bioqrafik Lüğəti]. Kraków: Polska Akademia Nauk., 1977, cild XLIII, səh. 120

[4] Radosław Patlewicz, Mała Księga Bohaterów Polski [Polşa qəhrəmanlarının kiçik kitabı] Częstochowa: 3DOM, 2018, səh. 61–62.

[5] Müasir Şebinkarahisar, Giresun. Bu şəhərin tarixən böyük ölçüdə erməni əhalisi olub. Aram Haykaz, Andranik Ozanyan və Ara Güler kimi məşhur ermənilər buralıdır.

[6] Morsztyn Zbigniew; Niemirycz Teodor, “Muratowicz Sefer”. Polski Slownik Biograficzny [Polşa Bioqrafik lüğəti], cild XXII, səh. 269-270.

[7] Müasir Lviv, Ukrayna.

[8] Tadeusz Mańkowski, Wyprawa Po Kobierce do Persji w Roku 1601 [1601-ci ildə İrana xalçalar üçün ekspedisiya], Kraków: Nakładem Polskiego Towarzystwa Orientalistycznego z zasiłku Ministerstwa Szkół Wyższych i Nauki, 1951, səh. 185 https://polona2.pl/item/wyprawa-po-kobierce-do-persji-w-roku-1601,MTU0MTg2Mzc4/8/#info:metadata

[9] Acta judicii Armenorum Leopoliensis [Lvov erməni məhkəməsinin aktları], cild 4, səhifələr 3, 818, 839, 859, 861, 866, 892, 894, 928, 999

[10] Səfər Muradoviçin xatirələrinə istinad və ordan sitatların hamısı buradandır: Kazimir Neselovski, Otia Publica Vix Domestica [İctimai və məişət hadisələri], Varşava, 1743

[11] Matthee, Rudolph, The Politics of Trade in Safavid Iran: Silk for Silver, 1600-1730, Cambridge University Press, 1999, səh. 28.

[12] Yəni digər erməni tacirlərdən.

[13] Robert Şörli, Entoni Şörlinin İranda qalmış qardaşı.

[14] Rex Ruthenorum

[15] Çar titulu latınca “caesar” sözündən götürülüb, Roma və Bizans imperatorlarına tay titul mənasına gəlirdi. İlk dəfə Bolqar xanı və ya knyazı I Simeon tərəfindən 927-ci ildə istifadə edilmişdir.

[16] Mariya Szuppe bu şəxsin Hüseyn bəy Zülqədər olduğunu düşünür. Bax: Maria Szuppe. Un marchand du roi de Pologne en Perse, 1601-1602. Moyen Orient & Océan Indien, 1986, 3, səh. 92

[17] Şah Abbas xarici ölkələrin nümayəndələrinə daha öncələr də belə davranmışdı. Mattinin fikrincə, Şah Abbas özü bilə-bilə xristian missionerlərin önündə “xaç vurur,” İsa və İncil haqda soruşur, hətta portuqallar kimi geyinirdi. Bax: Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – Gizli Səfirlik,” Baku Research Institute, Mart 15, 2024 https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-gizli-sefirlik/

[18] 1 taler 25.984 qram dəyərində gümüşə bərabər idi.

[19] Acta judicii Armenorum Leopoliensus ab Anno 1611 ad 1615, cild. 8, səh. 1018

[20] Kołodziejczyk, Dariusz. “Sefer Muratowicz”. D. Thomas (ed.), Christian Muslim Relations Online II. Brill, 2015. https://doi.org/10.1163/2451-9537_cmrii_COM_28799 səh. 702

[21] Michael Połczyński, “The Relacyja of Sefer Muratowicz: 1601–1602 Private Royal Envoy of Sigismund III Vasa to Shah ‘Abbas I.” Turkish Historical Review 5 (1), 2014: 59-93

Eyni silsilədən ötən yazılar

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.