fbpx

Cəmiyyət

Cəmiyyət

Şah Abbasın Avropa casusları – Böyük Avropa Səfirliyi (II hissə)

Read this article on other language
Download article
image_pdf
image_pdf

İlk yazıda Şah Abbasın Avropaya səfirlik göndərdiyi ərəfədəki geosiyasi mənzərəni təsvir etmiş[1], ikinci yazıda Şah Abbasın böyük Avropa səfirliyinin Gilandan Praqayadək olan sərgüzəştləri haqda bəhs etmişdim[2]. Üçüncü məqalədə isə fokusu dəyişdirərək, Şah Abbasın eyni anda İtaliyada başlatdığı gizli diplomatik missiyadan danışdım.[3] Bu yazı isə ikinci məqalənin davamıdır, Hüseynəli bəy və Şörlinin missiyasının növbəti sərgüzəştlərindən bəhs edir.

Almaniyada

Səfirlik 5 fevral 1601-ci ildə Praqadakı danışıqlarını bitirdikdən sonra İtaliyaya yollandı. Yola düşməmişdən öncə imperator II Rudolf məşhur flamand qravürçü Aegidius Sadelerə hər iki səfirin rəsmini çəkməyi tapşırdı. Praqadan imperatorun atlı arabaları çıxan səfirliyi 25 kilometr aralıdakı Beroun qəsəbəsinə qədər Rudolfun mehmandarı müşayiət etdi.

Hüseynəli bəyin qravürü, 1601, Praqa (Aegidius Sadeler)
Entoni Şörlinin qravürü, 1601, Praqa (Aegidius Sadeler)

Səfirliyin getdiyi yolu Oruc bəy Bayat öz xatirələrində qeyd etsə də, dayandıqları yaşayış məntəqələri, görüşdükləri şəxslərin adları barədə məlumatlar, təəssüf ki, bizə deformasiya edilmiş halda gəlib çatıb.[4] Buna görə də şəhərlərin adlarını alman şərqşünas Franz Babingerin təklif etdiyi aydınlaşdırılmış sıralama ilə qeyd edəcəyəm.[5] Beroundan yola çıxan səfirlik Rokitsani[6], Plzen[7], Kladrubi[8], Prşimda[9] yolu ilə Bohemiya torpaqlarını tərk edərək Bavariyaya daxil oldu. Səfirliyin Vaidhaus[10] və Foenştraus[11] qəsəbələrini ziyarət etdiyini bilsək də, Oruc bəyin adını çəkdiyi Ginthoth adlı yaşayış məntəqəsinin harada olduğunu Babinger də tapa bilməyib. Buradan Hirşau[12] və Hanbax[13] yolu ilə gedərək gecəni keçirmək üçün Sulzbax[14] şəhərində dayandılar. Bu zaman Sulzbax qalası Sulzbax pfalsqrafı Otto Henrinin iqamətgahı idi.[15] Oruc bəyin yazdıqlarına görə, pfalsqraf onları hər cür şəraitlə təmin etmişdi. Səhəri gün Hersburk şəhərinə yollanan səfirlik Lauf an der Peqnitz şəhərini də keçərək Nüremberqə daxil oldu.

Səfirliyin bu nöqtəyədək keçdiyi yolu, dayandıqları şəhəri nəzərə alsaq, güman etmək olar ki, Hüseynəli bəyin komandası Müqəddəs Roma imperatorlarının Praqadan Nüremberqə səyahət etmək üçün ənənəvi yolu olan Qızıl marşrut[16] ilə getmiş, yolu daha da qısaltmaq üçün cənub alternativini istifadə etmişdilər.

Oruc bəy Bayatın yazdıqlarına əsasən, Nüremberqdə 12-15 fevral tarixlərində qalaraq dincələn səfirlik Frankoniya torpaqlarında səyahətinə qaldığı yerdən davam etdi. Kornberq, Rot[17], Playnfeld[18], Ellingen, Vayzenburq[19], Monhaym[20], Kayshaym[21] və Donauvört[22] şəhərlərini keçərək Bavariya hersoqluğunun əsas şəhərlərindən olan Auqsburqa çatdılar. Bu marşrut da bizə səfirliyin Nüremberqdən sonra Müqəddəs Roma imperiyasının saldığı bir başqa yol olan Via Imperii[23] yolu ilə səyahət etdiyini göstərir.

Oruc bəy Bayat bu şəhərdə 6 gün qalıb yerli şəhər rəhbərindən hədiyyələr aldığını qeyd edir. Maraqlıdır ki, şəhər həyatının xronikasını yazan müəlliflər belə bir böyük səfirlik haqqında ciddi məlumat qeyd etməyiblər. Nüremberq xronikasında ancaq 1628-ci ildə Hans Stark tərəfindən yazılmış bir qeyddə səfirlik ötəri xatırlanır. Auqsburq xronikasında təkcə səfirlik üçün xərclənmiş pullar haqda səthi məlumat verilir.

Hər bir halda, Münxenə irəliləyən səfirlik yenə Oruc bəy Bayatın qeydlərinə əsasən, burada 3 gün qalıb və Bavariya kurfürstü I Maksimilian tərəfindən yaxşı qəbul edilib:

O, bizimlə inanılmaz dərəcədə yaxşı rəftar etdi, sarayında[24] yer verdi. O, bizə qiymətli daş-qaşlarla, incə işlənmiş gümüş və qızıl əşyalarla dolu xəzinəsini göstərdi. Müxtəlif xariqələr arasında xüsusilə unikal salınmış bir bağ diqqətimizi çəkdi. Onun mərkəzində qeyri-adi üslubda hazırlanmış yeməkxana var idi, burada hər növ heyvanın, quşların və balıqların heykəlləri ilə əhatə olunmuş sümükdən oyulmuş fəvvarə var idi, hər birindən su fışqırırdı. Bütün bu maraqlı şeyləri tam qiymətləndirmək üçün bir ay lazım olardı. Münxendə üç gün qaldıqdan sonra Hersoq bizi atlı arabalar və səyahətimiz üçün mehmandar ilə təmin etdi və lazım olan hər şeyə sahib olduğumuzdan əmin oldu. Ona səxavətinə görə dərin təşəkkürümüzü bildirdik və biz bu möhtərəm knyaz ilə vidalaşdıq.[25]

Münxeni tərk edən səfirlik Via Imperii yolu ilə İnsbrukdan yola çıxaraq Almaniyanı İtaliyaya bağlayan, Alp dağlarının arasından keçən Brenner keçidi ilə Trento şəhərinə, daha sonra Mantuaya çatdılar. Mantua hersoqu I Vinsentzo Qonzaqa onları qəbul etdi. Səfəvi casusu Mixelangelo Korayın daha öncə Mantuada işlədiyini nəzərə alsaq, bu şəhəri marşruta daxil edən şəxsin də o olduğunu düşünmək olar. Böyük ehtimalla Oruc bəyin Vinsentzo və Mantuanı tərifləməsi də əsasən buna görə idi. Buna baxmayaraq, Oruc bəy müəyyən coğrafi məlumatları səhv verir. Mantuanın bir gölün yanında yerləşdiyini qeyd edir, əslində isə böyük ehtimal söhbət Minço çayından gedir. Oruc bəy Mantuadakı təcrübəsi haqda belə yazır:

Möhtəşəm Qonzaqa ailəsindən olan hersoq və şahzadə bizi salamlamaq üçün atlı arabaları və mehmandar göndərdilər və biz də Mantuaya daxil olduq. Hersoq bizi sarayın ön otağında mehribanlıqla qarşıladı və təkid etdi ki, təmtəraqla bəzədilmiş sarayın özündə qalaq. Bu, hersoqun yüksək qonaqpərvərliyinin nəticəsi idi. İki gün orada qaldıq. Bizə onun heyranedici daş-qaş kolleksiyası və xüsusilə də görkəmli rəssamlar tərəfindən yaradılan müstəsna olan rəsm əsərləri nümayiş etdirildi. Bundan əlavə, biz onun müxtəlif xarici ölkələrin ənənəvi geyimləri ilə dolu qarderobunu gördük. Bizi ziyafətdə qonaq etdikdən və çoxsaylı əyləncələr təqdim etdikdən sonra səyahətimiz üçün gəmi təşkil etdi və onun xidmətçiləri bizi Florensiyaya qədər müşayiət etməyə göndərildi.[26]

Lakin görünür ki, səfirlik Florensiyadan əvvəl Venesiyaya getməyə qərar vermişdi. Mixelangelo Koray ilə bir-birini tapan səfirlik Korayı Venesiyaya göndərdi. 3 gün Veronada dojdan rəsmi icazə gözləyən səfirlik gözləmədiyi bir xəbər aldı: Venesiya hazırda bir Osmanlı səfirini qonaq edirdi və Səfəvi səfirləri orda xoş qarşılanmayacaqdı. Oruc bəyin sözlərinə görə, bu Hüseynəli bəyi çox qəzəbləndirmişdi və bunu özünə təhqir kimi qəbul etmişdi.

Səfirlik hər bir halda çarəsizcəsinə Şörlinin 4 il əvvəl döyüşmək üçün gəldiyi Ferraraya daxil oldu. Səfirlər 16 mart 1601 tarixində Toskana hersoqluğunun paytaxtı Florensiyaya gəldi. Onları Skarperiya kəndində Mediçilərin mehmandarı Ennea Vaini di İmola qarşıladı. Pratolino kəndindən keçərkən Şörlinin atını bərk çapmağa başlaması və Hüseynəli bəydən tez Florensiyaya çatmaq istəməyi Ennea Vainini şübhələndirdi:

Ayın 20-də bu səfir [Şörli] Skarperiyadan gəldi. Mən onunla yaxşı cənablar və atlı arabaların müşayiəti ilə görüşdüm. O istəmirdi ki, iranlı [Hüseynəli bəy] onunla birlikdə daxil olsun; əslində, o, onu geridə qoymaq üçün Pratolinodan çapmağa başladığını etiraf etdi. Əgər yalan demirsə, onların arasında çox az anlayış və məmnuniyyət var. Mən cəngavər Skipioneni qapıda qarovul qoydum, o, iki atlı araba ilə sözügedən iranlını bizdən bir qədər aralıda aparırdı. İngilis qısqancdır, qorxur ki, bu adamlar aralarında öz dillərində danışırlar […]. Praqadan bura qədər onlar, Mantuadan başqa heç bir sarayda dayanmayıblar, orada onlara çox yaxşı rəftar edildiyini deyib hersoqu tərifləyirlər, baxmayaraq ki, onlar bu hersoq üçün heç bir məktub və ya xüsusi səfirlik olmadığını deyirlər. İtaliyada onlar yalnız siz Əlahəzrət və Papa ilə, xaricdə isə Fransa və İspaniya kralı ilə danışmaq səlahiyyətinə malikdirlər, sonra İngiltərəyə, oradan da İrana gedəcəklər. […] Bu ingilis mənim gözümə o qədər də sağlam gəlmir. Onun ruhundan xəbərim yoxdur, amma görünüşü mənə yaxşı görünmür. Onunla cibimdə pul hansısa mehmanxanaya getsə idim, qorxardım ki, orda məni girov qoysun. O, italyan və ispan dillərinin qarışığını, çox başa düşülən şəkildə, təvazökarlıq və nəzakətlə danışır, xüsusən də Əlahəzrətinizin gücü və adına tərif yağdırır.[27]

Haşiyə

Ferdinando de Mediçi (Skipione Pulzone,1590)

Bu nöqtədə Korayın indiyəcən Toskanada apardığı təbliğat barədə haşiyə çıxmaq yerinə düşər. Toskana sarayı, daha dəqiq desək, hersoq Ferdinando Mediçi Səfəvi səfirliyinin gəlişini çoxdan gözləyirdi. Əsəd bəy Venesiyada öz alternativ missiyası ilə məşğul olarkən, Koray da 17-20 dekabr 1599 tarixlərində Florensiyaya gələrək Hüseynəli bəyin gələcəyini öncədən xəbər vermişdi. Toskanalı əyanlar bu məlumata şübhə ilə yanaşırdılar. Həmin vaxt Osmanlı ilə mübarizə içində olan hersoq isə hər bir imkana, eləcə də Şah Abbasla ittifaq imkanına müsbət baxırdı. Koray hamıya danışdığı hekayəni hersoqa da danışmışdı – şahın xanımı gürcü xristiandır, şahın özü boynunda xaçla gəzir, 50000 süvarisi, 20000 tüfəngli piyadası, 100000 atlı oxçusu, çoxlu nizəli əsgəri var idi.[28]

Korayın 20 dekabrda verdiyi məlumat daha maraqlıdır. O vaxtilə Cığalızadə Sinan paşaya xidmət edən Cusaen (böyük ehtimalla Hüseyn) adlı bir yeniçəri yüzbaşısının və bir Katibin Osmanlıya qarşı üsyanda olduğunu, Suriyada bir çox xristianın Şah Abbasın dəstəyi ilə Osmanlıya qarşı üsyana hazır olduğunu qeyd edirdi. Bu Cusaen böyük ehtimalla dövrün Karaman bəylərbəyi və Anadolu müfəttişi Hüseyn Paşadır. Katib adı ilə tanınan şəxs isə Qarayazıçı ləqəbli Urfada üsyana başlamış Əbdülhəlimdir. Cəlali üsyançılarının ən böyükləri kimi tanınan bu iki şəxs haqda Korayın artıq məlumata sahib olması Şah Abbasın Anadoluda da geniş casus şəbəkəsi olduğuna sübutdur. Hələbdəki Venesiya konsulu Giorgio Emo Korayın Florensiyaya gedişindən 5 gün əvvəl sinyoriyaya belə yazmışdı:

Düşünürəm ki, bu il, şübhəsiz ki, o [Şah Abbas], çox şey vəd edərək, gürcülər, kürdlər və hökumətdən çox yorularaq bezmiş, Osmanlı qalalarını ələ keçirməyi təklif edən Şirvandan olan bəzi xalqlar tərəfindən dəvət edilərək Osmanlı ilə müharibəyə başlayacaq.[29]

Koray bu məlumatla hersoq Ferdinandın diqqətini qazanmışdı. Ferdinand atası Kosimo kimi Toskananı Venesiyaya rəqib bir Aralıq dənizi gücünə çevirmək, Mediçi sülaləsini bankir və tacirdən güclü monarx statusuna qaldırmaq istəyirdi. Bu statusa qalxmaqdan ötrü Roma Katolik kilsəsinin dəstəyini alması və Florensiyadan başqa tutduğu digər Toskana torpaqlarını ortaq hədəfdə birləşdirməsi üçün Osmanlı düşmənliyini prioritet kimi seçmişdi. Bu məqsədlə Ferdinand Kosimonun qurduğu Müqəddəs Stefan orderi cəngavərlərindən istifadə edirdi.[30] Ferdinand elə həmin il Xios (Sakız) adasını Osmanlının əlindən almağa cəhd etmişdi. Korayın bu məlumatı verməsi sonrakı karyerasında önəmli rol oynayacaq, o, Səfəvilərdən əlavə, Mediçilərin də casusuna çevriləcəkdi. Bu mövzu isə məqalələr silsiləsinin əhatə dairəsini aşdığı üçün Hüseynəli bəy və səfirliyinin sərgüzəştlərinə qayıdıram.

Toskanada

Səfirlik Vaininin əmri ilə Pitti sarayında gecələdi. Vaini qonaqların rahatlığı üçün Şörli və Hüseynəlinin otaqlarını əks mövqelərdə seçmişdi. Hüseynəli bəy və komandası qonaq zalının yanındakı 4 otaqda, Şörli və komandası isə saray kapellasının yanındakı dörd otaqda gecələdi. Səfirlik Vaini ilə birlikdə 19 martda yola çıxaraq, San Romano üzərindən növbəti gün hersoqun qaldığı Pizaya gəldi. Hersoqun görüşü gecikdirməkdə məqsədi Entoni Şörli haqqında əlavə məlumat almaq idi. Vaini bu zaman kəsiyində Entoni Şörlinin əslində Ferdinandoya yaxından tanış olan Robert Şörlinin qardaşı olduğunu başa düşdü. Vaininin hersoqun katibi Marselo Akkoltiyə yazdığı məktubdan Robertin 5 il əvvəl Florensiyada yaşadığı, hersoqun atlarından məsul şəxsi cəngavər Pikkardinidən at sürməyi öyrəndiyi məlum olur.[31]

Vaini Şörliyə güvənmirdi. Entoni İtaliyada yalnız Papa və Ferdinando ilə danışıqlar aparmaq əmri aldığını və səfəri zamanı sonuncu şəhərdə danışıqlar aparmadan yalnız Praqa və Mantuada dayandığını iddia etmişdi. Bununla belə, Vaini Entoninin dayanacaqları haqqında yalan danışdığını öyrəndi: imperator sarayından əvvəl Səfəvi səfirliyi bir neçə alman knyazını ziyarət edib, çoxlu hədiyyələr alıb və hələ imperator sarayından bir nəfər tərəfindən müşayiət də edilirdilər. Bundan əlavə, Səfəvi səfirləri Mantuada hersoq Vintsenzo Qonzaqa ilə bir neçə dəfə təkbətək görüşmüşdülər. Bu kimi sonradan üzə çıxan məlumatlar Şörlinin narahatlığını daha da artırırdı.

Enea Vaininin portreti (anonim)

Ferdinando səfirləri Arno çayının sahilində, o zamankı Mediçi sarayı, müasir Milli Kral Sarayı Muzeyində qəbul etdi. Səfirləri sarayın önündə ilk qarşılayan şəxs isə hersoqun kiçik qardaşı, Kosimonun məşuqəsi Eleanora delli Albiççidən olan oğlu Ciovanni de Mediçi idi.[32] Ciovanni həmçinin Toskananın İspaniyadakı səfiri kimi fəaliyyət göstərdiyi üçün bu görüşdə baş rollardan birini almağı məntiqli idi. Səfirlik saraya axşam vaxtı çatdığı üçün Ciovanni onlara sarayın San Nikola kilsəsinə baxan tərəfində otaqlarını göstərdi.

Piza Milli Kral Sarayı muzeyi və San Nikola kilsəsinin qülləsi

Sonrakı gün Ferdinando ilə görüşən zaman səfirlik əsas görüş zalında yerdə qızıl suyuna salınmış xalçanın üzərində, hersoq isə taxtda oturmuşdu. Hersoq görüş zamanı Şörliyə 700 skudi[33] məbləğində, Hüseynəli bəyə isə iki medal və 300 skudi məbləğində qızıl zəncir vermişdi.

Henri Uotton (Mixiel Yanş van Mierevelt, 1620)

Şörli və Hüseynəli bəy arasındakı problem özünü Toskanada da göstərmişdi. Şörli hersoqla ayrıca görüşmüş və ona Şah Abbasdan gəldiyi iddia edilən bir məktub vermişdi. Florensiya arxivlərində saxlanan tamamilə italyanca yazılmış bu məktub[34] haqqında Oruc bəy bir məlumat vermir. Hətta Hüseynəli bəyin verdiyi məlumata görə isə Şah Abbas Ferdinando üçün xüsusi bir məktub yazmamışdı. Məktubda Osmanlının Yerusəlim, Hələb, Dəməşq, Antioxiya kimi şəhərlərdə nə qədər yeniçəri saxladığı, Livandakı katoliklərin və dürzilərin vəziyyəti haqqında spesifik məlumatlar verilirdi. Nə türkcə, nə farsca yazılmamış, Suriya haqqında bu qədər unikal məlumat daşıyan məktub böyük ehtimalla suriyalı casus Mixelangelo Korayın işi idi. Ümumiyyətlə, Koray və Şörlinin əksər mövzularda ortaq hərəkət etməsi, Şah Abbasın onlara gizli tapşırıqlar verməsi ilə əlaqədar ola bilər.

Şörli Pizada olarkən İngiltərədən tanıdığı, köhnə dostu Henri Uotton ilə rastlaşmışdı. Uotton da Şörli kimi Esseks qrafı Robert Devörönün çevrəsindən idi. Daha öncə ona Transilvaniya, Polşa və Müqəddəs Roma imperiyasının digər ərazilərində casusluq etmişdi. 14 aprel – 4 sentyabr 1599 tarixlərində İrlandiya üzrə dövlət katibi olacaq qədər yüksək vəzifəyə qalxmışdı. Robert Devörö Kraliça Yelizavetanın gözündən düşəndən sonra Uottonu Ferdinandodan dəstək almaq üçün göndərmişdi. Ferdinando ilə Şörli vasitəsilə tanış olan Uotton bir müddət burada yaşayacaqdı.[35]

Səfirlik Pizanı tərk etməzdən əvvəl Mediçi sarayı 24 mart tarixində Romadakı Toskana səfiri Ciovanni Nikkoloniyə hazırlıq görülməsi üçün xəbər verdi. İki gün sonra Romanın Florensiyadakı nunsiyası Askanio Yakobaççi də bu haqda papaya raportlar verdi. Oruc bəy Bayatın yazdıqlarına görə, səfirlik Pizada 10 gün qalmışdı, lakin Toskana rəsmi sənədləri onların bir həftədən bir az çox qaldığını göstərir. Hersoq onları Livorno şəhərinə aparmış, yeni tikdirdiyi istehkam və limanı göstərmiş, bunlar Səfəvi səfirlərini heyrətləndirmişdi. 28 martda hersoqla birlikdə Florensiyaya qayıdan səfirlik Romaya yola düşməyə hazırlanırdı. Şörli isə yenə də Hüseynəli bəylə rəqabət içində olduğu üçün tələsik Culio Çezare Qayetano adlı bir cəngavərlə papaya məktub göndərib gəlişini xəbər verdi.[36] Lakin növbəti gün Venesiyadan aldığı bir məktubdakı bəd xəbərlə sarsıldı – Şörlinin qohumu və hamisi Esseks qrafı kraliça Yelizaveta tərəfindən xəyanətlə ittiham edilərək 25 fevral 1601-ci ildə edam edilmiş, bir çox əlaqəli şəxs də həbsə atılmışdı. Əsas maliyyə mənbəyini və himayədarını itirən Şörli yenə tələsik yeni bir yalan uydurdu – yola çıxmazdan əvvəl, 30 martda hersoqa keyfiyyətli bir tacirdən aldığı xəbərə görə Şah Abbasın Təbrizi geri qaytardığını dedi.[37] Ferdinandonun hələlik Şörlidən şübhələnmək üçün heç bir əsası yox idi. Yelizaveta Səfəvi səfirliyində bir ingilisin olduğunu öyrənəndən sonra qəzəblənmiş, bunun İngiltərə-Osmanlı əlaqələrinə zərbə vuracağını düşündüyü üçün öz səfirini Praqaya göndərmişdi. Praqadakı Venesiya səfiri Piero Duodo sinyoriyaya göndərdiyi 2 aprel tarixli məktubda həmin şəxsin Fransada Mozel şəhərini keçərkən saxlandığını, taleyinin naməlum qaldığını çatdırmışdı.[38]

Məqalənin son hissəsində Şörli və Hüseynəli bəy arasındakı son mübahisədən bəhs edəcəyəm. Mübahisənin konteksti məlum olsa da, hadisənin baş verdiyi yer haqda Oruc bəy Bayat və İspaniyanın Romadakı səfiri olan Sessa hersoqunun verdiyi raportlarda ixtilaf var – Oruc bəy Toskananın qutaracağındakı Siena şəhərini, Sessa hersoqu isə Romanın yaxınlıqlarındakı Viterbo şəhərini nişan verir. Bu iki şəhər arasında ən yaxşı halda 140 km məsafə var. Hüseynəli ingilis səfirini onların mallarını Arxangelskdə oğurlamaqda ittiham etdi. Bu mallar Arxangelskdən birbaşa Romaya gələcəkdi. Şörli isə vaxtı çatdıqda hər şeyi izah edəcəyinə söz vermişdi. Hər bir halda səfirlik 2 apreldə artıq Viterboda idi. Şörli həmin tarixdə bu şəhərdən kardinal Çinçio Aldobrandiniyə məktub yazmışdı. Məktubu çatdıran şəxs sinyor Angelo[39] – yəni böyük ehtimalla Mixelangelo Koray idi.

Səfirliyi Romaya aparan şəxs Çinçio Aldobrandini idi, o da öz növbəsində tərəflərə səfirlər arasındakı problemi Vatikanda həll edəcəyini demişdi.

Nəticə

Fevral-mart-aprel aylarında İtaliyada səyahət edən Şörli və Hüseynəli arasındakı mübahisə səfirliyin işinə mane olmağa davam edirdi. Bununla belə, Şörli və Koray Toskana hersoqu Ferdinandonu Osmanlıya qarşı öz xüsusi müharibəsini aparmaq barədə ilhamlandırmışdı. Biz həmçinin Şah Abbasın geniş geosiyasi strategiyası çərçivəsində Osmanlıda istər üsyanlarla, istər Avropa ölkələrinin əli ilə qarışıqlıq yaratmaq istədiyinə şahid olduq. Növbəti məqalədə üzümü yenidən şərqə çevirərək Səfəvilər dövlətindən, Şah Abbasın Rusiyaya səfir kimi göndərdiyi Pirqulu bəyin aqibətindən və Polşa ilə əlaqələrinin yenidən qurulması prosesindən bəhs edəcəyəm.


İstinad və qeydlər

[1] Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – İlk Kontaktlar,” Baku Research Institute, Yanvar 21, 2024, https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari/.

[2] Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – Böyük Avropa Səfirliyi,” Baku Research Institute, Fevral 22, 2024, https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-boyuk-avropa-sefirliyi/.

[3] Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – Gizli Səfirlik,” Baku Research Institute, Mart 15, 2024 https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-gizli-sefirlik/

[4] G. Le Strange, Don Juan of Persia – A Shiah Catholic 1560-1604, Harper&Brothers, 1926, fəsil 6 – bu nöqtədən sonra Oruc bəydən gətirəcəyim bütün istinadlar bu fəsildəndir.

[5] Franz Babinger, Sherleiana: I. Sir Anthony Sherley’s Persische Botschaftsreise (1599-1601), Berlin: Gedruckt in der Reichsdruckerei, 1932, 22-24

[6] Çex: Rokycany; Almanca: Rokitzan

[7] Çex: Plzeň; Almanca: Pilsen

[8] Çex: Kladruby; Almanca: Kladrau

[9] Çex: Přimda; Almanca: Pfraumberg

[10] Almanca: Waidhaus

[11] Almanca: Vohenstrauß 

[12] Almanca: Hirschau

[13] Almanca: Hahnbach

[14] Almanca: Sulzbach

[15] Georg Christoph Gack, Geschichte des Herzogthums Sulzbach: nach seinen Staats- und Religions-Verhältnissen, als wesentlicher Beitrag zur bayerischen Geschichte, Weigel, 1847, s.183

[16] Almanca: Goldene Straße, yol haqqında əlavə məlumat üçün bax: https://www.historisches-lexikon-bayerns.de/Lexikon/Goldene_Stra%C3%9Fe

[17] Almanca: Roth

[18] Almanca: Pleinfeld

[19] Almanca: Weißenburg in Bayern

[20] Almanca: Monheim

[21] Almanca: Kaisheim

[22] Almanca: Donauwörth

[23] Baltik dənizi sahilindən İtaliyaya qədər uzanan marşrut. Yol haqqında ətraflı məlumat üçün bax: Christoph Kühn, Die Via Imperii als Pilgerstraße In: Unterwegs im Zeichen der Muschel. Rundbrief der Fränkischen St. Jakobus-Gesellschaft Würzburg, say 52, Yanvar 2005, s. 13–14

[24] Böyük ehtimalla, müasir Münxen İqamətgahından söhbət gedir. Almanca: Münchner Residenz

[25] G. Le Strange, Don Juan of Persia, s. 280

[26] G. Le Strange, Don Juan of Persia, səh 281

[27] Davide Trentacoste. Granducato di Toscana e Persia Safavide. Informazione, politica e diplomazia mediterranea e levantina nel XVII secolo. Université de la Sorbonne nouvelle – Paris III; Università degli studi (Teramo, Italie), 2021, səh. 224-225

[28] Davide Trentacoste, Granducato di Toscana e Persia Safavide, səh. 223

[29] Guglielmo Berchet, Relazioni dei consolati di Alessandria e di Soria, Turin 1866, 108

[30] Roger Mason. The Medici-Lazara Map of Alanya. Anatolian Studies 39 (1989): 86.

[31] Davide Trentacoste, Granducato di Toscana e Persia Safavide, səh. 225

[32] G. Le Strange, Don Juan of Persia, səh 282

[33] Skudo (cəm – skudi) – İtaliyada XIX əsrə qədər istifadə edilmiş pul vahidi.

[34] Florensiya arxivi, Carte Strozziane, Serie 1, 15, ff. 66-69v.

[35] Gustav Ungerer, A Spaniard in Elizabethan England. The Correspondence of Antonio Pérez’s Exile, 2 vols (1974–1976), 2: 322

[36] Vatikan arxivi, Fondo Borghese, III, cild 106, fasc. E, sənəd 3.

[37] Florensiya arxivi, Mediceo del Principato, 896, f. 577.

[38] ‘Venice: April 1601′, Calendar of State Papers Relating to English Affairs in the Archives of Venice, cild 9, 1592-1603, (London, 1897) səh. 449-457. British History Online https://www.british-history.ac.uk/cal-state-papers/venice/vol9/pp449-457

[39] Carlos Alonso, Embajadores de Persia en las cortes de Praga, Roma y Valladolid (1600-1601): Anthologica Annua 36 (1989) səh. 73 – bu sənədi əldə etməkdə mənə kömək etdiyi üçün İspan Kilsə Tarixi İnstitutundan Ernan Qodoya təşəkkür edirəm.

Eyni silsilədən ötən yazılar

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.