Cəmiyyət

Cəmiyyət

Azərbaycan kontekstində siyasi millət və etnik kimlik

Read this article on other language
Download article
image_pdf
image_pdf

Müasir siyasi-hüquqi nəzəriyyədə millət anlayışı uzun müddət etnik mənşə, dil və mədəni identiklik kimi amillər üzərindən izah edilmişdir. Lakin XX əsrin ikinci yarısından etibarən hüquqi dövlətin formalaşması, vətəndaşlıq institutunun inkişafı və siyasi iştirak mexanizmlərinin genişlənməsi nəticəsində millət anlayışı getdikcə daha çox hüquqi-siyasi kateqoriya kimi şərh olunmağa başlamışdır. Bu yanaşma çərçivəsində formalaşan siyasi millət (civic nation) anlayışı milləti etnik homogenlik deyil, vətəndaşlıq, hüquqi bərabərlik və ortaq siyasi iradə əsasında yaranan ictimai birlik kimi müəyyən edir.

Bu məqalədə iki anlayış prinsipial şəkildə fərqləndirilir: etnik kimlik milli kimlik. Etnik kimlik ortaq mənşə, dil, mədəniyyət və tarixi yaddaş üzərində formalaşan sosial-mədəni mənsubiyyət formasıdır. Etnik kimliyi millətin əsas müəyyənedici meyarı kimi qəbul edən yanaşma etnik millət anlayışını formalaşdırır və bu anlayışa görə etnik millət eyni etnik kimliyi bölüşən insanlardan ibarət sosial birlik kimi başa düşülür. Milli kimlik isə dövlətlə hüquqi bağlılıq, vətəndaşlıq statusu, konstitusion dəyərlərə sədaqət və ortaq siyasi iradə əsasında formalaşan siyasi-hüquqi mənsubiyyəti ifadə edir. Yəni milli kimlik etnik məzmun daşımır və etnik kimliklə sinonim hesab edilə bilməz. Bu anlayış çərçivəsində siyasi millət dövlətlə hüquqi bağlılıq əsasında birləşən vətəndaşların siyasi birliyi kimi izah olunur.

Müasir Qərb siyasi-hüquqi diskursunda millət anlayışı əsasən siyasi millət mənasında istifadə olunur. Buna baxmayaraq, postsovet məkanında, o cümlədən Azərbaycanda etnik millət və siyasi millət anlayışları çox vaxt bir-birindən aydın şəkildə ayrılmır. Nəticədə millət, milli kimliketnik mənsubiyyət anlayışları eyni semantik səviyyədə təqdim olunur ki, bu da siyasi millətin hüquqi mahiyyətini zəiflədir.

Azərbaycan kontekstində bu problem xüsusilə “azərbaycanlı” anlayışının istifadəsində özünü göstərir. Mövcud rəsmi və statistik praktikada bu termin həm milli kimlik, həm də (yanlış olaraq) etnik kimlik kimi işlədilir. Lakin ən azından rəsmi praktikada azərbaycanlı termini etnik kimliyi deyil, yalnız və yalnız milli kimliyi ifadə etməlidir. Rəsmi sənədlərdə, məsələn, siyahıyaalmada, azərbaycanlı deyiləndə Azərbaycan vətəndaşlarının bir qismi deyil, hamısı nəzərdə tutulmalıdır.  

Siyasi millət anlayışı

Millət anlayışını iki əsas tipə ayırmaq mümkündür: etnik və siyasi. Etnik millət ortaq mənşə, dil və mədəniyyət üzərində qurulduğu halda, siyasi millət vətəndaşlıq, hüquqi bərabərlik və siyasi institutlara sədaqət əsasında formalaşır. Bu bölgü siyasi millətin hüquqi və institusional mahiyyətini aydın şəkildə ortaya qoyur və onu etnik identiklikdən fərqləndirir.[1]

Siyasi millət anlayışının izahında belə bir baxış mövcuddur ki, millət nə irqi, nə də dil və dini amillərlə müəyyənləşdirilir, onun əsasını birgə keçilmiş tarixi təcrübə və bu birliyi gələcəkdə davam etdirmək iradəsi təşkil edir. Millət hər gün yenidən təsdiqlənən siyasi və mənəvi razılaşma kimi ortaya çıxır. Bu baxış siyasi milləti statik etnik kateqoriya yox, dinamik və hüquqi birlik kimi təqdim edir.[2] Müasir dövrdə siyasi millət anlayışına yeni məzmun verən nəzəriyyələrdən biri konstitusional patriotizmdir. Filosof Yürqen Habermas milli mənsubiyyətin mədəni və etnik eynilik üzərində deyil, konstitusion dəyərlərə, hüquqi normalara və demokratik institutlara sədaqət əsasında qurulmasını təklif edir.[3] Bu yanaşma xüsusilə müasir demokratik dövlətlərdə siyasi millətin etnik neytrallıq üzərində formalaşmasının mümkünlüyünü əsaslandırır və hüquqi dövlət[4] ideyası ilə sıx bağlıdır.

Siyasi millət anlayışı yalnız sosioloji və ya ideoloji kateqoriya deyil, eyni zamanda hüquqi məzmun daşıyan anlayışdır. Hüquqi baxımdan siyasi millət ilk növbədə vətəndaşlıq institutu üzərində qurulur.[5] Vətəndaşlıq fərdin dövlətlə hüquqi bağlılığını ifadə etməklə yanaşı, onun siyasi millətin üzvü kimi tanınmasının əsas meyarıdır. Siyasi millətin formalaşmasında bərabər hüquq və vəzifələr prinsipi həlledici rol oynayır. Hüquqi bərabərlik yalnız formal konstitusion müddəa deyil, siyasi iştirak, hüquqların müdafiəsi və dövlət institutlarına çıxış imkanlarının bərabərliyini nəzərdə tutur.[6] Beləliklə, siyasi millət dövlətə mənsubluğun hüquqi xarakteri ilə müəyyən olunur. Bu mənsubluq konstitusiya, qanunlar və siyasi institutlarla münasibət üzərində qurulur.

Siyasi millətin beynəlxalq nümunələri

Siyasi millət modeli əsasən çoxetnik və çoxmədəniyyətli cəmiyyətlərdə dövlətin etnik müxtəlifliyə münasibəti fonunda formalaşır. Məsələn, Amerika Birləşmiş Ştatlarının təcrübəsində millət anlayışı konstitusiyaya bağlılıq və vətəndaşlıq statusu ilə müəyyən olunur.[7] Fərqli etnik, dini və mədəni qrupların vahid siyasi birlik çərçivəsində inteqrasiyası siyasi iştirak, hüquqi bərabərlik və vətəndaşlıq hüquqları vasitəsilə təmin edilir. Bununla belə, bu yanaşma tarixən bütün qrupları eyni dərəcədə əhatə etməmişdir; xüsusilə yerli xalqların fərqli tarixi təcrübələri, kollektiv kimlik formaları və ictimai ənənələri siyasi millət modelinin ilkin quruluşunda nəzərə alınmamışdır. Bu hal siyasi millət anlayışının ideal-tipik xarakter daşıdığını və praktikada müəyyən məhdudiyyətlərlə üzləşdiyini göstərir.

İsveçrə Konfederasiyası siyasi millətin çoxdilli və çoxetnik modelinin klassik nümunəsidir. İsveçrə siyasi milləti ortaq dil və ya etnik mənsubiyyət üzərində deyil, federal quruluş, birbaşa demokratiya institutları və konstitusion razılaşmalar əsasında formalaşmışdır.[8] Alman, fransız, italyan və retoroman dillərinin rəsmi statusu, habelə kantonların geniş muxtariyyəti siyasi millətin inklüziv xarakterini təmin edən əsas amillərdən biridir.

Kanada təcrübəsində isə siyasi millət multikulturalizm siyasəti və hüquqi bərabərlik prinsipi üzərində qurulmuşdur.[9] Kanada dövləti etnik və mədəni müxtəlifliyi rəsmi şəkildə tanıyaraq onu siyasi və hüquqi sistemin tərkib hissəsinə çevirmişdir. Multikulturalizm yalnız sosial siyasət elementi deyil, eyni zamanda konstitusion və hüquqi yanaşma kimi qəbul olunur.

Niderland Krallığında siyasi millət modeli həm vahid, həm də regional inklüziv xüsusiyyətlər daşıyır. Dövlət dili rəsmi sənədlərdə Niderland dili kimi göstərilir; filoloji baxımdan bu dil holland (Dutch) dilidir. Hollandlar əhalinin əksərini təşkil edir, frizlər isə Frislan provinsiyasında regional və ikinci rəsmi dil statusunda friz dilinə malikdir.[10]

Beynəlxalq nümunələrin bəzilərini sadalamaqda məqsədim onu göstərməkdir ki, siyasi millətin formalaşmasında həlledici amil dövlətin etnik müxtəlifliyə münasibətidir. Etnik fərqliliklərin təhlükə kimi deyil, siyasi resurs kimi qəbul edildiyi hallarda siyasi birlik etnik homogenlik tələb etmədən də möhkəm dövlət quruluşu yarada bilər. Bununla belə, bu yanaşma ideal-tipik xarakter daşıyır və real siyasi praktikada müxtəlif tarixi, sosial və institusional məhdudiyyətlərlə qarşılaşa bilər.

Azərbaycan siyasi millətinin komponentləri və onların rəsmi diskursda təqdimatı

Müasir Azərbaycanın ərazisi qədim dövrlərdən çoxetnik və çoxmədəniyyətli bir sosial-siyasi məkan olmuşdur. Türk, talış, kürd, ləzgi, avar və digər etnoslar uzunmüddətli birgəyaşayış təcrübəsi formalaşdırmış və torpağın müdafiəsi ilə siyasi müstəqillik uğrunda kollektiv şəkildə iştirak etmişlər. XIX əsrin əvvəllərindən başlayaraq Rusiya imperiyasının işğal siyasətinə qarşı müqavimət, həmçinin 1990-cı ilin Yanvar hadisələri və Qarabağ münaqişəsi dövründə ərazi bütövlüyünün qorunmasında etnik mənsubiyyətindən asılı olmayaraq (etnik ermənilər istisna olmaqla) Azərbaycan vətəndaşları arasında geniş ictimai həmrəylik müşahidə olunmuşdur. Bu kimi hadisələr göstərir ki, Azərbaycan yalnız bir etnik qrupun deyil, müxtəlif etnosların ortaq siyasi və tarixi vətəni kimi formalaşmışdır.

Bununla belə, rəsmi statistik məlumatlar Azərbaycan əhalisinin çoxetnik reallığını tam şəkildə əks etdirmir. Dövlət Statistika Komitəsinin açıqladığı 2019‑cu il siyahıyaalmasına görə, əhalinin 94,8 faizi “azərbaycanlı”, 5,1 faizi isə digər etnik qruplar kimi qeyd olunub.[11] Siyahıyaalma zamanı respondentlərdən “milli (etnik) mənsubiyyətiniz” sualı əsasında məlumat toplanıb.[12] Sualın qoyuluşundan da göründüyü kimi, dövlət milli mənsubiyyətetnik mənsubiyyət anlayışlarını sinonim kimi istifadə edir.[13] Bu suala respondentlərin mütləq əksəriyyəti “azərbaycanlı” cavabını verir. Lakin problem ondadır ki, azərbaycanlı termini həm bir etnik qrupu, həm də bütün Azərbaycan vətəndaşlarını ifadə etmək üçün istifadə olunur. Nəticədə, rəsmi statistikada “azərbaycanlı” həm etnik, həm də vətəndaşlıq kateqoriyası kimi qarışdırılır ki, bu da ölkədə etnik mənzərənin dəqiq əks olunmasına mane olur.

Lakin bu cavabın avtomatik şəkildə etnik kimlik kimi rəsmiləşdirilməsi metodoloji və hüquqi baxımdan problemli yanaşmadır. Belə ki, mövcud terminoloji qarışıqlıq şəraitində “azərbaycanlı” cavabı respondent tərəfindən milli kimlik (yəni bu məqalədə istifadə edilən siyasi millət) mənasında verilə biləcəyi halda, rəsmi statistikada bu cavab etnik kimlik kimi kodlaşdırılır. Nəticədə siyahıyaalma məlumatlarında “azərbaycanlılar” əhalinin 94 faizindən çoxunu təşkil edən etnik qrup kimi təqdim olunur. Bu isə sualın məzmunu ilə verilən cavab arasında semantik uyğunsuzluq yaratmaqla yanaşı, əvvəlcədən arzu olunan monoetnik nəticənin statistik yolla təsdiqlənməsi təsiri bağışlayır.  Əvvəlki siyahıyaalmalarda digər etnik qrupların payının daha yüksək olması[14] faktı göstərir ki, sualın formulə olunma tərzi, respondentlərin özünü təqdim etmə üsulu və siyahıyaalmanın metodologiyası statistik nəticələrdə əhəmiyyətli təsir göstərir.

Qeyd olunan yanaşma eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyası ilə də ziddiyyət təşkil edir. Konstitusiyanın 1-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, “Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir.”[15] Bu baxımdan “azərbaycanlı” anlayışının etnik kimlik kimi təqdim edilməsi konstitusion məntiqə ziddir. Belə yanaşma faktiki olaraq etnik azlıqları siyasi millət anlayışından kənarlaşdırmaq riski yaradır və onları konstitusion mənada “xalq” anlayışının xaricində qoyur. Halbuki Konstitusiyanın məntiqinə görə Azərbaycan Respublikasının bütün vətəndaşları milli kimlik baxımından azərbaycanlıdır və bu status etnik mənsubiyyətdən asılı olmadan bütün vətəndaşlara tanınmalıdır.

Bu problemin praktik təzahürünü talış etnosunun kompakt yaşadığı Lerik rayonu nümunəsində müşahidə etmək mümkündür. Yerli icra strukturlarının rəsmi məlumatlarına əsasən, rayon əhalisinin əksəriyyəti “azərbaycanlı”, daha kiçik hissəsi isə talış kimi göstərilir.[16]  İlk baxışdan bu bölgü statistik xarakter daşısa da, hüquqi və məntiqi baxımdan müəyyən uyğunsuzluqlar yaradır. Çünki Lerik rayonunda əhalinin hamısı siyasi millət baxımından “azərbaycanlı”dır. Deməli siyasi millət kimi “azərbaycanlı” anlayışının etnik kimlik formasında təqdim edilməsi metodoloji problem ortaya qoyur. Faktiki vəziyyət də bu uyğunsuzluğu təsdiqləyir. Lerik rayonunda əksər ümumtəhsil müəssisələrində talış dilinin, formal olaraq fakültativ statusda olsa da, ana dili kimi tədris edilməsi bölgədə talış etnik kimliyinin geniş yayılmasını göstərən sosial göstəricilərdən biridir.[17] Bu hal rəsmi statistikada göstərilən payla[18] real sosial-mədəni ehtiyaclar arasında fərqin mövcudluğuna işarə edir. Bir sıra hallarda fərqli etnik mənsubiyyətə malik şəxslər rəsmi statistikada məqsədli olaraq özlərini “azərbaycanlı” kimi göstərirlər. Bu, yalnız terminoloji qarışıqlıqdan deyil, həm də sosial, siyasi və strateji səbəblərdən də irəli gələ bilər. Nəticə etibarilə, statistik məlumatlar sosial reallığın neytral təsviri olmaqdan çıxaraq, müəyyən siyasi-narrativ çərçivə daxilində formalaşan alətə çevrilir. Bu isə həm etnik azlıqların hüquqi və siyasi mövcudluğuna, həm də siyasi millət anlayışının legitimliyinə mənfi təsir göstərir.

Məxsusən bu yanlış yanaşmanın davamı olaraq siyahıyaalmalarda türk etnik kimliyi ayrıca qeydiyyat vahidi kimi tanınmamış, faktiki olaraq “azərbaycanlı” adı altında təqdim edilmişdir. Beləliklə, türk etnosu hüquqi statistik müstəvidə öz adından məhrum edilmiş, onun etnik mövcudluğu siyasi terminologiya ilə əvəzlənmişdir. Məhz bu səbəbdən ölkənin ictimai-siyasi gündəmində etnik mənsubiyyətlə bağlı bir-birinə zidd, bəzən isə açıq-aşkar elmi əsasdan məhrum iddialar dövriyyəyə buraxılır. Bu iddialar yalnız intellektual xaos yaratmır, eyni zamanda siyasi millətin formalaşmasına mane olan əsas amillərdən birinə çevrilir.[19]

Uzunmüddətli perspektivdə “azərbaycanlı” anlayışının bu cür qeyri-müəyyən və ziddiyyətli istifadəsi ictimai etimadın zəifləməsinə səbəb ola bilər. Siyasi millət yalnız hüquqi bərabərlik, qarşılıqlı etimad və inklüzivlik prinsipləri üzərində formalaşa bilər. Etnik özünüifadənin məhdudlaşdırılması isə siyasi millətin deyil, inzibati homogenləşmə meyllərinin gücləndiyini göstərir.

Beləliklə, Azərbaycan siyasi millətinin formalaşması tarixi çoxetnik birlik təcrübəsi ilə rəsmi statistik və diskursiv praktikalar arasında mövcud olan gərginlik fonunda baş verir. Bu gərginlik siyasi millət və etnos anlayışlarının qarışdırılmasının hüquqi və siyasi nəticələrini aydın şəkildə ortaya qoyur və mövzunun nə qədər həssas olduğunu göstərir.

Siyasi millət və etnik haqlar

Siyasi millət anlayışı ilə etnik haqlar arasında ziddiyyət olduğu iddiası, müasir siyasi-hüquqi nəzəriyyədə qəbul edilən yanaşma deyil. Əksinə, beynəlxalq hüquq və müqayisəli dövlətçilik təcrübəsi göstərir ki, etnik haqların tanınması mütləq separatizm yaratmır, onların sistemli şəkildə inkarı isə separatist meyllərin əsas sosial-siyasi mənbəyinə çevrilir.[20] Bu, ideoloji deyil, empirik və hüquqi cəhətdən təsdiqlənmiş bir nəticədir.

Beynəlxalq hüquqda etnik və milli azlıqların hüquqları dövlətin ərazi bütövlüyünə alternativ kimi deyil, məhz dövlət daxilində sabitliyin və siyasi inteqrasiyanın təminat mexanizmi kimi nəzərdə tutulur. Birləşmiş Millətlər Təşkilatının[21], Avropa Şurasının[22] və ATƏT-in[23] müvafiq sənədlərində azlıqların hüquqları aşağıdakı əsas prinsiplər üzərində qurulur: 1) özünüidentifikasiya hüququ; 2) mədəni muxtariyyət və mədəniyyətin qorunması; 3) ana dilindən istifadə və təhsil hüquqları; 4) özünüidarə hüququ; 5) ictimai və siyasi həyatda bərabər iştirak imkanları.

Bu hüquqların heç biri dövlətin suverenliyini zəiflətmir və ya özündə siyasi ayrılma tələbini ehtiva etmir. Əksinə, onlar fərdlərin və azlıqda qalan etnosların dövlətlə münasibətlərini hüquqi və könüllü əsasda möhkəmləndirir. İnsanlar öz kimliklərinin tanındığı və qorunduğu dövləti parçalamağa deyil, onun bir hissəsi kimi qalmağa daha çox meylli olurlar.

Problemlər isə etnik haqların tanınmadığı, yaxud təhlükə kimi təqdim edildiyi hallarda ortaya çıxır. Etnik kimliyin inkarı, dil və mədəni hüquqların məhdudlaşdırılması, özünüifadənin qeyri-legitim elan edilməsi fərdlərdə və etnoslarda siyasi yadlaşma, etimadsızlıq və təcrid hissi yaradır. Məhz bu mühitdə separatizm ideyaları sosial baza qazana bilir. Başqa sözlə, separatizm etnik haqların nəticəsi deyil, onların uzunmüddətli inkarının məhsuludur.

Azərbaycan kontekstində isə etnik haqlara münasibət çox vaxt təhlükəsizlik prizmasından qiymətləndirilir.[24] Rəsmi diskursda etnik tələblər, hətta mədəni və dil xarakterli olanlar belə, tez-tez “separatizm riski”, “dövlətçiliyə təhlükə” və ya “xarici təsir” çərçivəsində təqdim olunur.[25] Bu yanaşma həm hüquqi, həm də siyasi baxımdan problemlidir. Çünki mədəni muxtariyyət, ana dilində təhsil, özünüidentifikasiya və özünüidarə hüquqları beynəlxalq hüquqda legitim və qorunan haqlar kimi tanınır və onların avtomatik olaraq siyasi parçalanma ilə əlaqələndirilməsi elmi əsasdan məhrumdur.

Belə bir diskursun davam etməsi nəticə etibarilə iki təhlükəli proses yaradır. Birincisi, etnik qrupların hüquqi və siyasi sistemə inteqrasiyası zəifləyir, onlar özlərini dövlətin bərabərhüquqlu subyekti kimi deyil, şübhə obyektləri kimi görməyə başlayırlar. İkincisi isə siyasi millət anlayışı zədələnir. Çünki siyasi millət qorxu üzərində deyil, bərabər hüquqlar, qarşılıqlı etimad və könüllü mənsubluq üzərində formalaşmalıdır.

Nəticə etibarilə, etnik haqların tanınması siyasi millətə alternativ deyil, onun ayrılmaz tərkib hissəsidir. Güclü siyasi millət fərqlilikləri inkar edən deyil, onları hüquqi çərçivədə tanıyan və inteqrasiya edən dövlətdə formalaşır. Etnik haqların təhlükə kimi təqdim edilməsi isə siyasi milləti möhkəmləndirmir, əksinə onu daxildən aşındırır və uzunmüddətli perspektivdə dövlətin özünə zərər vurur.

Azərbaycan siyasi millətinin formalaşmasının şərtləri və perspektivləri

Azərbaycan siyasi millətinin formalaşması mümkündür, lakin bu perspektivin reallaşması mövcud siyasi-hüquqi yanaşmaların dəyişdirilməsindən birbaşa asılıdır. Siyasi millət spontan şəkildə və ya ideoloji çağırışlar vasitəsilə formalaşan birlik deyil. O, hüquqi təminat, institusional mexanizmlər, siyasi plüralizm və inklüziv sosial-ideoloji diskurs üzərində qurulan mürəkkəb və uzunmüddətli prosesin nəticəsidir. Mövcud yanaşmalar dəyişmədiyi halda siyasi millət ideyası normativ və deklarativ səviyyədən kənara çıxa bilməz.

Hüquqi baxımdan siyasi millətin real formalaşması üçün vətəndaşlıq anlayışı formal statusdan çıxarılaraq real hüquqi məzmun qazanmalıdır. Konstitusiyada təsbit olunmuş bərabərlik prinsipi yalnız bəyanat xarakteri daşımamalı, onun tətbiqini təmin edən effektiv hüquqi mexanizmlərlə müşayiət olunmalıdır. Etnik, dil və mədəni hüquqlar dövlətin tolerantlığına bağlı xoş niyyət ifadəsi kimi deyil, subyektiv hüquq statusunda tanınmalıdır. Hüquqi təminat olmadan siyasi millət ideyası hüquqi reallığa çevrilmir və ideoloji şüar səviyyəsində qalır.

İnstitusional müstəvidə siyasi millət yalnız ideya deyil, konkret idarəetmə və təmsilçilik mexanizmləri ilə möhkəmləndirilən konstruksiyadır. Şəffaf və etibarlı əhali siyahıyaalmasının aparılması, etnik özidentifikasiyanın sərbəstliyinin təmin edilməsi, mərkəzi idarəetmə və yerli özünüidarə orqanlarında siyasi millətin komponentlərinin real təmsilçiliyinin artırılması bu baxımdan həlledici əhəmiyyət daşıyır. Eyni zamanda məhkəmə sisteminin siyasi və etnik məsələlərdə neytrallığı təmin olunmadan hüquqi bərabərlikdən danışmaq mümkün deyil. Təmsilçilik olmayan yerdə mənsubiyyət hissi formalaşmır və siyasi millət ideyası sosial dayaqlardan məhrum qalır.

Siyasi aspektdən avtoritar idarəetmə modeli siyasi millətin formalaşmasına maneə yaradır. Plüralizm separatizmə aparan yol deyil, əksinə siyasi inteqrasiyanın əsas şərtidir. Siyasi millət güclü və nəzarətçi dövlət deyil, hüquqi baxımdan ədalətli, siyasi baxımdan açıq və iştirakçı dövlət tələb edir. Siyasi rəqabət, ifadə azadlığı və real iştirak imkanları olmadan siyasi millət inzibati məcburiyyətlə saxlanılan formal birlikdən kənara çıxa bilməz.

Sosial və ideoloji müstəvidə vahid “azərbaycanlı” kimliyi etnik kimlikləri inkar edən formada deyil, onları hüquqi çərçivədə birləşdirən inklüziv model kimi təqdim olunmalıdır. Təhsil sistemi, mətbuat və rəsmi ideologiya monoetnik tarix narrativindən çıxmalı, etnik müxtəlifliyi problem və risk mənbəyi kimi deyil, siyasi millətin sosial kapitalı və dəyəri kimi təqdim etməlidir. Yalnız bu halda ortaq və könüllü siyasi mənsubiyyət hissi formalaşa bilər.

Siyasi millətin formalaşması ideoloji olaraq onu ifadə edən terminologiyanın məzmunu ilə də bilavasitə bağlıdır. Siyasi birlik anlayışının hansı ad altında təqdim olunması onun etnik yoxsa vətəndaşlıq əsaslı mahiyyətinin ictimai şüurda necə qavranıldığını müəyyən edən mühüm amillərdən biridir. Bu baxımdan azərbaycanlı anlayışı siyasi milləti və vətəndaşlıq mənsubiyyətini ifadə etməli olsa da, faktiki diskursda tez-tez etnik kateqoriya kimi qəbul edilir. Termin rəsmi hüquqi sənədlərdə və dövlət kontekstində istifadə olunduğu üçün siyasi millət üçün hüquqi əsas rolunu saxlayır, lakin onun tətbiqi etnik yükdən azad edilməli və yalnız siyasi-vətəndaşlıq kateqoriyası kimi normativləşdirilməlidir. Siyasi millətin adlandırılması məsələsi yalnız daxili ideoloji seçim deyil, həm də hüquqi öhdəliklər və müqayisəli dövlətçilik təcrübəsi fonunda qiymətləndirilməli olan normativ məsələdir.

Beynəlxalq kontekst də Azərbaycan siyasi millətinin formalaşmasında mühüm rol oynayır. Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar siyasi millət modelini hüquqi öhdəlik səviyyəsində tələb edir və etnik hüquqların tanınmasını dövlətin suverenliyinə alternativ kimi deyil, onun legitimliyini gücləndirən mexanizm kimi qiymətləndirir. Beləliklə, Azərbaycan siyasi millətinin formalaşması yalnız tarixi irsə və deklarativ çağırışlara deyil, hüquqi təminata, institusional təmsilçiliyə, siyasi plüralizmə və inklüziv sosial-ideoloji yanaşmaya əsaslanmalıdır. Bu şərtlər təmin olunmadan siyasi millət ideyası real siyasi birlik deyil, yalnız rəsmi diskursun elementi olaraq qalacaq.


Qeyd və İstinadlar

[1] Hans Kohn, The Idea of Nationalism: A Study in Its Origins and Background. New York, Macmillan, 1944, s. 329–334.

[2] Ernest Renan, “What Is a Nation?”, trans. Martin Thom, in: Homi K. Bhabha (ed.), Nation and Narration, Routledge, 1990, pp. 8–22. https://english.hku.hk/staff/kjohnson/PDF/engl55_kj_renan_nation.pdf  

[3] Jürgen Habermas, Between Facts and Norms: Contributions to a Discourse Theory of Law and Democracy, Cambridge, MIT Press, 1996, s. 491–515. https://teddykw2.wordpress.com/wp-content/uploads/2012/07/jc3bcrgen-habermas-between-facts-and-norms.pdf

[4] Bax: A. Əbilov. Demokratiya dərsləri, Bakı, Qanun, 2020, səh: 30-35.

[5] Rogers Brubaker, Citizenship and Nationhood in France and Germany, Cambridge, Harvard University Press, 1992, s. 1–16; 44–61.

[6] Will Kymlicka, Multicultural Citizenship: A Liberal Theory of Minority Rights, Oxford, Oxford University Press, 1995, s. 10–26.

[7] Will Kymlicka, Politics in the Vernacular: Nationalism, Multiculturalism and Citizenship. Oxford University Press, 2001, s. 97‑128.

[8] Marc Helbling. Practising Citizenship and Heterogeneous Nationhood: Naturalisations in Swiss Municipalities. Amsterdam University Press, 2008, s. 11‑47. https://library.oapen.org/bitstream/handle/20.500.12657/35252/340078.pdf

[9] Bhikhu Parekh. Rethinking Multiculturalism: Cultural Diversity and Political Theory. Cambridge, Harvard University Press, 2002, s. 75‑104.  

[10] H. Lademacher. Staat, natie en nationaliteitsbesef: Over Nederlandse en Duitse uitgangspunten van politieke cultuur. Amsterdam, Koninklijke Nederlandse Akademie van Wetenschappen, 2000, s. 1–23.

[11] Bax: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması. 2019-cu il: Statistik məcmuə. Bakı, Narıncı Nəşriyyat Evi MMC, 2022, cild 1-28.

[12] Modern.az. Azərbaycanda əhalinin növbəti siyahıyaalınması keçirilir. https://modern.az/az/aktual/213073/azerbaycanda-ehalinin-nvbeti-siyahiyaalinmasi-kecirilir

[13] Bax: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Azərbaycanın regionları. Statistik məcmuə. Rəsmi nəşr. Bakı, 2024, səh.: 469. https://stat.gov.az/menu/6/statistical_yearbooks/source/regions_2024.pdf

[14] Bakuresearchinstitute.org, Azərbaycan etnik azlıqlarının hüquqlarının tənzimlənməsi, Bakı, 2019. https://bakuresearchinstitute.org/azerbaycanda-etnik-azliqlarin-huquqlarinin-tenzimlenmesi/  

[15] Azərbaycan Respublikasının Konstitusiyası. http://e-qanun.az/framework/897

[16] Lerik Rayon İcra Hakimiyyəti. Rayon əhalisi haqqında rəsmi məlumat. http://lerik-ih.gov.az/az/ehalisi.html

[17] Muallim.edu.az. Cənub rayonlarının 235 məktəbində talış dili öyrədilir. https://muallim.edu.az/cenub-rayonlarinin-235-mektebinde-talis-dili-oyredilir

[18] Modern.az, Lerik əhalisinin milli tərkibi. Talışlar azərbaycanlılardan azdır. Https://modern.az/az/reportaj/454949/lerik-ehalisinin-milli-terkibi-resmi-statistikada-talishlar-choxdur-yoxsa-siyahi/

[19]Bax: Modern.az, Erməni alimləri kimi düşünür: Zərdüşt Əlizadənin iddiaları narazılıq doğurdu. https://modern.az/az/olke/561974/genetik-test-aparilsazerdustu-itireceyimizden-ehtiyat-edirem  

[20] Will Kymlicka, Multicultural Citizenship: A Liberal Theory of Minority Rights, Clarendon Press / Oxford University Press, 1995, Chapter 6: Justice and Minority Rights, pp. 107–130.  

[21] United Nations, Declaration on the Rights of Persons Belonging to National or Ethnic, Religious and Linguistic Minorities (A/RES/47/135) https://www.ohchr.org/en/instruments-mechanisms/instruments/declaration-rights-persons-belonging-national-or-ethnic  

[22] Avropa Şurası, Milli azlıqların müdafiəsi haqqında Çərçivə Sazişi. https://rm.coe.int/CoERMPublicCommonSearchServices/DisplayDCTMContent?documentId=09000016800c12fd
Council of Europe, European Charter for Regional or Minority Languages (ECRML). https://www.coe.int/en/web/european-charter-regional-or-minority-languages/text-of-the-charter  

[23] OSCE, High Commissioner on National Minorities. https://hcnm.osce.org/  

[24] S.E. Cornell. Azerbaijan Since Independence. 2011, pp. 258–261. http://lib.ysu.am/open_books/304695.pdf 

[25] Daha ətraflı bax: The Public Council of Talysh People in Azerbaijan. An Alternative Report (2016–2021). Bakı, 2021.  https://www.irfs.org/wp-content/uploads/2021/09/An-alternative-report.pdf   

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.