Cəmiyyət

Cəmiyyət

Tənqidi Nəzəriyyə Azərbaycan oxucusuna niyə maraqlı ola bilər? (II Hissə)

Read this article on other language
Download article
image_pdf
image_pdf

Tənqidi Nəzəriyyə: Hissə 2

Bu yazı Tənqidi Nəzəriyyə (TN) ilə tanışlıq məqsədli məqalənin ikinci hissəsidir. Birinci hissədə TN-nin mahiyyəti, ideoloji təsir mənbələri və tarixi – ilk üç nəsli haqqında məlumat vermişdim. İkinci hissədə TN-nin son – beynəlmiləşmə dövrünü təqdim edir, həmçinin bu fəlsəfi diskursun postsovet və Azərbaycan oxucusu üçün hansı mövzularda və aspektlərdən maraqlı ola biləcəyi haqqında danışıram.

Tənqidi Nəzəriyyənin beynəlmiləşmə dövrü

Əvvəlki yazıda qeyd etmişdim ki, TN-nin son mərhələsi əvvəlki mərhələlərindən xeyli fərqlənir. Bu fərq ilk növbədə artıq 3-cü nəsildə önə çıxmağa başlayan beynəlmiləşmə tendensiyasında özünü göstərir. Bu tendensiyanın təməli hələ Habermasın öz işlərində analitik fəlsəfə ənənəsinin perspektivini də ehtiva etmək tendensiyası ilə başlamışdı. Bundan başqa, birinci nəsil frankfurtçulardan fərqli olaraq, Habermas beynəlxalq müstəvidə, daha doğrusu, ingilisdilli akademiyada və fəlsəfə çevrələrində tanınan bir müəllif idi. Bu da öz növbəsində TN-nin bu müstəvilərdə refleksiyasına imkan yaratdı.

Lakin TN-nin müasir dövrünü əvvəlki nəsillərdən fərqləndirən beynəlmiləşmə sadəcə Almaniya hüdudlarından kənarda tanınmaq məsələsi deyil. Əsas məqam ondan ibarətdir ki, əvvəlki üç nəsil TN-də müzakirə olunan mövzular, axtarılan həll yolları Avropa fokuslu və milli dövlət(lər) çərçivəsində idi. Kapitalizm bu çərçivələrin daxilində tənqid olunurdu. TN-nin indiki mərhələsinin mövzuları isə qloballaşmış kapitalizmin problemləridir. Bu problemlər miqrasiya böhranları, ekoloji fəlakətlər, kolonializm, postkolonializm, feminizm, irqçilik, qlobal ədalət kimi mövzular üzrə təsnifləndirilə bilər. TN-nin son nəsli bu problemləri milli dövlət(lər) çərçivəsini aşan, həlli bu çərçivələrdə mümkün olmayan məsələlər kimi definisiya edir. Bu metodoloji təməl yanaşma – müasir cəmiyyət(lər)in problem və böhranlarının struktural və transmilli olması fikri – həm də TN-çilərin əvvəlki nəsillərinin tənqidinin təməlində durur.

Klassik TN-yə olan tənqidlərin digər istiqaməti fəlsəfi analizin selektiv olmasıdır. Məsələn, nə birinci, nə ikinci nəsil TN-də feminizmə, ümumiyyətlə, qadın istismarı kimi böyük bir problemə toxunur, halbuki eyni vaxtda dünyada feminist mübarizə vüsət alırdı. Birinci və ikinci nəsil TN müzakirələrinə baxanda elə təəssürat yaranır ki, müəlliflərin belə bir fenomendən ümumiyyətlə xəbərləri olmayıb, paralel dünyada yaşayıblar. İlk iki nəsil Tənqidi Nəzəriyyənin analizdən xaric etdiyi başqa bir mövzu irqçilikdir. Baxmayaraq ki, Tənqidi Nəzəriyyənin yaranmasının əsasında Hitler faşizmi dururdu və bütün birinci nəslin mühacirət tarixçəsi bununla əlaqəli idi, frankfurtçular qəribə bir formada faşizmi ancaq avrosentrik perspektivdən – yalnız Avropanın sosial və siyasi tarixi çərçivəsində və əsasən Hitler Almaniyası konteksinə bağlı bir fenomen olaraq –  görə bilirdilər. Bu, Tənqidi Nəzəriyyənin totalitarlıq (cəmiyyəti bir bütöv olaraq öyrənmək) iddiası fonunda xüsusilə anlaşılmaz görünür.

Tənqidi Nəzəriyyənin beynəlmiləşmə dövrü Honetdən əlavə, əsasən Nensi Freyzer, Rahel Yeqqi, Rayner Forst, Robin Selikates, Seyla Benhabib, Tomas Makkarti, Andreas Rekvits, Emi Allen, Kristof Menke, həmçinin Tommi Şelbi, Salli Haslanger və s. müəlliflərin geniş şəbəkəli araşdırmaları ilə tanınır. Beynəlmiləşmə dövrü Tənqidi Nəzəriyyə artıq bir məktəb yox, əvvəlki nəsillərin (əsasən birinci nəsil) işlərini çıxış nöqtəsi olaraq götürüb, onların refleksiyasını da ehtiva edən müxtəlif nəzəriyyələr şəbəkəsidir. Bu nəzəri yanaşmalar əvvəlki nəsillərdən fərqli olaraq daha normativdirlər. Məsələn, Habermasın diskurs etikası və ictimai razılaşmaların analizinə fokuslanmış perspektivindən fərqli olaraq, son dövr TN-çilər real güc münasibətlərini, güc və iyerarxiyanın məişətdəki təzahürlərini, qlobal bərabərsizliyi, real siyasi münasibətlər və təsisatlardakı ədalətsizliyi və güc dinamikalarını birbaşa hədəfə alırlar.

Yeni dövr TN həmçinin refleksiya fokusunu tipik-ideal, yaxud hipotetik situasiyalardan real mübarizə situasiyalarına dəyişir. Qlobal müstəvidə mövcudiyyəti və hüquqları uğrunda mübarizə aparan bütün qruplar və təşəbbüslər – azlıq, ya çoxluq olmasından asılı olmayaraq,  TN-nin nəzəriyyələşdirmə ambisiyasının predmetidir.

TN-nin ən intensiv təsir dairəsi hazırda əsasən ABŞ akademiyasındadır. Bunun səbəbi ölkənin irqçilik tarixi, əhalinin afro-amerikan və immiqrant keçmişi olan hissəsinin əzilməyə qarşı mübarizəsinin güclənməsi, feminist mübarizə və bunların ictimai-intellektual, eləcə də akademik refleksiyası (məsələn, Kolumbiya Universiteti, Yeni Sosial Tədqiqat Məktəbi (New School for Social Research)) durur. Avropa akademiyasında TN-yə Almaniyadan əlavə, əksərən qərbi Avropa ölkələrində (BB, Belçika, Portuqaliya, İspaniya, Hollandiya) müraciət olunur. Digər geniş maraq və təsir dairəsi Latın Amerikası ölkələridir. Bu ölkələrin kolonial tarixi keçmişi və bununla şərtlənən müasir dövr problemləri, sosial və siyasi mübarizələrinin dominant solçu ənənəsi TN-yə müraciət üçün zəmin yaradır. Dekolonial araşdırmalar perspektivində TN-yə marağın getdikcə artdığı digər coğrafiya Cənubi Koreya, Yaponiya, Hindistan, eləcə də Cənubi Afrikadır ki, bu ölkələrdə TN-nin təsiri əsasən aktivizm sahəsində anti-avtoritar mübarizə təşəbbüslərini və tələbə hərəkatlarını əhatə edir. 

Tənqidi Nəzəriyyə Azərbaycan oxucusuna niyə maraqlı ola bilər?

Mövzu korrelyasiyası

Almaniyada fəlsəfə təhsili almış hər tələbənin yolu bu və ya digər formada TN ilə kəsişir. Belə ki, TN ənənəsinin təsiri həm Almaniya akademiyasında, həm ictimai intellektual məkanda çox açıqdır. Mən də Almaniyada fəlsəfə təhsili almışam, amma tələbə ikən TN məni ancaq təhsil proqramının bir hissəsi kimi maraqlandırırdı. Halbuki son illər həm bizim cəmiyyətdə, həm dünyada gedən sosial dinamikalar TN ilə assosiasiyaların intensivləşməsi üçün zəmin yaradır. Məndə də Tənqidi Nəzəriyyəyə maraq Bakıda yaşadığım son 6-7 il ərzində artmağa başladı. Məruz qaldığımız avtoritar siyasi idarəetmə, hakimiyyətin uzurpasiyası, yəni qeyri-legitim yolla ələ keçirilməsi, cəmiyyətin millətçi və faşist təbliğata məruz qoyulması, qonşu ölkə ilə hərbi münaqişə və bunun nəticələri, cəmiyyətin apolitikliyi və loyallığı (ya da belə görünməsi), əhalinin məlumata əlçatanlığının məhdudlaşdırılması və manipulyasiyası, intellektual qrupların məhv edilməsi, ya da ölkə(lər)dən qovulması və s. kimi siyasi və sosial tendensiyalar avtomatik olaraq  20-ci əsrin əvvəlində Avropada və dünyada cərəyan edən hadisələri xatırladır. TN də birbaşa olaraq bu hadisələrin refleksiyasından yaranan bir intellektual təşəbbüs idi. Başqa sözlə, TN-nin yaranma tarixi və dövrümüzdə təkrarlanan ictimai-siyasi proseslərin bu tarix ilə oxşarlıqları TN-nin aktuallaşmasına, hətta birinci nəsil müəlliflərinin mövzularına yenidən maraq yaranmasına zəmin yaradır.

TN postsovet məkanında, konkret olaraq Azərbaycanda ictimai və akademik refleksiyada çox az maraq və müraciət görür. Baxmayaraq ki, digər coğrafiyalarda TN-yə marağın səbəbi olan bütün faktorlar postsovet məkanı üçün də aktual problemlərdir. Məsələn, Azərbaycan kolonial tarixi olan bir ölkədir. Müasir dövrünün avtoritar idarə üsulu, yaxın keçmişində hərbi münaqişələr, kəskin sosial ədalətsizlik, qeyri-işlək siyasi sistem,  qadınların subordinasiyası və istismarı, azlıqların diskriminasiyası, emiqrasiya (işçi qüvvəsi və beyin köçü) kimi yuxarıda da sadalanan disfunksionallıqların hamısı bizim cəmiyyətimizin də reallığını təşkil edir. Bütün bunlardan başqa, Azərbaycan tarixin ən böyük sol layihələrindən birinin (SSRİ) tərkib hissəsi olub, həm də bu layihədə olması onun kolonial tarixinin bir hissəsidir. Ən azı bu səbəbdən TN kimi klassik solun intellektual korpusunun tənqidinə fokuslanmış böyük bir fəlsəfi ənənənin postsovet məkanında, o cümlədən Azərbaycanın intellektual sferasında maraq görməməsi xeyli diqqət çəkən hadisədir.

TN az qala SSRİ ilə yaşıd olan bir diskursdur və İkinci Dünya müharibəsi, faşizm, klassik marksizmin yenidən dəyərləndirilməsi, post-müharibə cəmiyyəti kimi, SSRİ-nin də birbaşa içində və əlaqəli olduğu tarixi hadisələri refleksiya edən bir ənənədir. SSRİ dövründə maraqdan və diqqətdən kənar qalması ideoloji və siyasi səbəblərə görə təəccüblü deyil. TN heç Almaniya Demokratik Respublikasında (DDR) açıq müzakirə mövzusu deyildi. Amma SSRİ dağılandan sonra başlayan informasiya axınında əvvəl çıxış məhdudiyyəti olan, qadağan edilmiş, sosialist cəmiyyətində tanınmayan bir çox intellektual təşəbbüs və ənənə kəskin maraq obyektinə çevrildi. TN isə bu dövrdə də onların arasında deyildi, baxmayaraq ki, sovet marksizminin əks qütbü olaraq provokativ təsirə malik olması gözlənilən idi. Postsovet ölkələrinin nə  akademik, nə də ictimai-intellektual sahələrində TN müəlliflərinin işlərinin refleksiyasına rast gəlinir. TN ancaq son illərdə postsovet coğrafiyada az-çox tanınmağa başlayıb ki, bunun səbəbi SSRİ dağılandan sonra Avropa və ABŞ universitetlərinə üz tutan təhsil mühacirətinin  nəticəsi olaraq yetişmiş və hazırda Qərb akademiyası ilə bu və ya digər şəkildə əlaqəli olan postsovet mənşəli araşdırmaçı və akademiklər nəslidir.  

Aydınlanma ilə bağlı epistemik stereotiplərin korreksiyası

Yuxarıda qeyd edildiyi kimi, TN-nin postsovet intellektual məkanında refleksiyası çox yeni hadisədir. Yəqin bununla bağlıdır ki, TN çox vaxt anti-aydınlanma və ağlı inkar hərəkatı olaraq təqdim edilir və başa düşülür. Böyük ehtimal, bunun səbəbi birinci nəsil TN-çilərin klassik aydınlanma dövrünün konseptlərini, əsas da ağıl anlayışının tənqidinin düz başa düşülməməsidir.

TN heç bir halda aydınlanmanı və ağlı inkar etmir. Əksinə, TN aydınlanma fəlsəfəsinin davamı və növbəti mərhələsidir. TN klassik aydınlanmadan ağlın emansipativ potensialının təsdiqini olduğu kimi götürüb. Emansipasiya TN-in təməl anlayışlarından biridir və cəmiyyət(lər)in dominasiya, hegemoniya, istismar və ədalətsizlikdən ağıl vasitəsilə azad edilməsini nəzərdə tutur. Klassik aydınlanmanın ¨Sapere Aude!¨ (Öz ağlını işlətmək cəsarətin olsun!) çağırışı həm də TN-nin emansipasiya çağırışıdır. TN-nin klassik aydınlanmada qəbul etmədiyi və tənqid etdiyi məqamlar aşağıdakılardır:

  1. Klassik aydınlanma ağlı zaman və məkan faktorlarının fövqündə universal və vahid bir fenomen kimi görürdü, ağlın formalaşmasında, insanın ağlından istifadəsində tarixi və lokal şəraitin rolunu başa düşmürdü. TN tarixi və mədəni şəraitin ağıla təsirini vurğulayır, həmçinin vahid bir ağıl konseptindən imtina edir. TN ağlın instrumental və tənqidi (Adorno, Horkhaymer) formalarını fərqləndirir. Sonrakı mərhələdə Habermas həmçinin kommunikativ ağıl konseptini təqdim edir.
  2. TN klassik aydınlanmanın ağıla qeyd-şərtsiz etibarını və optimizmini bölüşmür. Klassik aydınlanmada ağıl əxlaqi müsbət evaluativ bir konseptdir, yəni ağıl avtomatik olaraq yaxşı kimi qəbul edilir. Başqa sözlə, qəbul edilir ki, ağıldan pislik gəlməz, ağlımızı işlədərək həm məruz qaldığımız pislikdən azad ola, həm də özümüzün pislik subyekti olmağımıza mane ola bilərik. TN isə ağlın əxlaqi çərçivədə birmənalılığını qəbul etmir. Ağıl avtomatik və istisnasız olaraq yaxşı hesab edilə bilməz. Ağıldan istifadə yaxşılığa xidmət etdiyi kimi pisliyə də xidmət edə bilir. Bu ikisini ayırd edə bilmək üçün instrumental ağıl ilə tənqidi-reflektiv ağıl arasında fərqi diqqətə almaq lazımdır. İnstrumental ağıl sadəcə səbəb-nəticə korrelasiyasına, praqmatik səmərəlilik göstəricilərinə və buna xidmət edən kontrol mexanizmlərinə yönəlmiş rasionallıqdır. İnstrumental ağlın qeyd-şərtsiz, tənqidi-reflektiv rasionallığa məruz qoyulmadan tətbiqi öz növbəsində yeni asılılıqlar, dominasiya və iyerarxiya üçün zəmindir. TN buna misal olaraq, kapitalist cəmiyyət(lər)inin bürokratiyasını, mədəniyyət sanayesini, iş və sərvət bölgüsündəki güc konstellasiyasını (güc münasibətlərinin strukturunu), insan-təbiət münasibətlərindəki istismar və dağıdıcılığı və s. misal gətirir.
  3. Beləliklə, klassik aydınlanmanın ¨Sapere Aude!¨ çağırışı TN-də yeni məna qazanır və tələbi daha subtil və mürəkkəbdir. ¨Öz ağlını işlətmək cəsarətin olsun!¨ şüarı həmçinin öz ağlının şərtlərini, imkanlarını və əxlaqi nəticələrini sorğulamağa çağırışdır.

Nəzəriyyə skeptisizminin refleksiyası üçün alternativ: tənqidin reallıqyaradıcı gücü

Postsovet məkanında diqqətimi çəkən epistemik davranışlardan biri ictimai və siyasi dəyişikliklər kontekstində nəzəri təfəkkürə olan skeptik münasibətdir. Nəzəri təfəkkürü çox vaxt ¨boş-boş işlər¨ olaraq və bunun əksini ¨iş və əməl¨ kateqoriyasında görürlər. Ola bilsin bu davranış Marksın sovet ictimai şüurunda yerləşmiş məşhur ¨Filosoflar dünyanı sadəcə müxtəlif cür şərh ediblər; əsas məsələ isə onu dəyişdirməkdir¨ şüarının ətaləti ilə qalan epistemik vərdişdir. Necə də olsa, SSRİ klassik marksizmə istinad edən bir tarixi layihə idi. Bir neçə il əvvəl yazdığım ¨Maarifçilik, aydınlanma və psevdoaydınlanma¨ yazısının mövzusu da qismən bu vərdişin müşahidəsindən yaranmışdı və səbəbini yarımçıq aydınlanmada görürdüm. O yazıda ¨Sapere Aude!¨ çağırışını bir epistemik konsept olaraq nəzərdən keçirərək aydınlanmanın dekonstruktiv (problem təsbiti, inkar) və konstruktiv (aktiv yaradıcı refleksiya, həll yolu axtarışı) mərhələlərini fərqləndirirdim və iddia edirdim ki, bizdə ancaq birinci mərhələ olub və aydınlanma yarımçıq qalıb.

TN-nin, ümumiyyətlə, fəlsəfənin dünyanı dəyişmək iqtidarında olmayan boş abstraksiya kimi qəbul edilməsi, amma məhz sovet intellektual tarixi fonunda ziddiyyətli misal kimi görünür. Sovet dövründə fəlsəfənin bir diskurs olaraq faktiki qadağa altında olması məhz tənqidi təfəkkürün reallıqdəyişdirici gücünə və avtoritar sovet rejiminin bu gücü özünə təhlükə kimi görməsində idi. Konkret aydınlanma fəlsəfəsinə gəldikdə, SSRİ dövründə o tamamilə ideoloji və təbliğat alətinə reduksiya olunmuşdu. Əvvəlki yazımda da qeyd etdiyim kimi:

Təsadüfi deyil ki, sovet dövründə belə aydınlanma fəlsəfəsi geniş təbliğ olunurdu. İdeyanın eyni vaxtda özündə daşıdığı inqilabi və paternalist potensial sovet ideologiyasına uyğunlaşdırılmaq üçün çox münasib idi. Sovet dövründə təbliğ olunan aydınlanma ideyasının tamamilə anaxronizmə uğradılmış formada öyrədilməsi də təsadüfi deyil. Sovet dövrü maarifçiliyində sapere audenin inkar etdiyi yanlışlar artıq tarixə qovuşmuş Çar Rusiyası dövrünün reallıqlarına aid idi. Məsələn, dini xurafat, sosial iyerarxiya, qadın haqlarının pozulması və s. ancaq Çar Rusiyası misalında tənqid və rədd edilirdi. Sovet reallıqlarına münasibətdə isə sapere aude tamamilə qadağan edildi. Aydınlanmış xilaskar statusu Kommunist Partiyasına keçdi. O, işığı hara yönəldəcəkdisə, hamı da orda olanı görməli idi. Daha sapere audeyə ehtiyac yox idi. Aydınlanma ideyası mahiyyətinə tamamilə zidd olan bir ideologiyanın dekorasiyasına çevrildi.

TN-nin əsas iddiası və ambisiyası isə məhz ondan ibarətdir ki, tənqidi refleksiya reallığı dəyişdirir və qurur, fəlsəfənin də işi elə dünyanı radikal tənqid yolu ilə yaxşılığa doğru dəyişdirməkdir. Tənqidi refleksiya ilə reallığa müdaxilənin yollarından biri nəzəriyyələşdirmədir. TN ənənəsində nəzəriyyələşdirmə sadəcə problemi öyrənmək deyil, həm də onun həlli üçün sistematik çıxış yolu, resept hazırlamaqdır. Nəzəriyyələşdirmə problem və böhranlara sadəcə reaktiv reaksiya deyil, yəni baş verənləri sonradan (deskriptiv (təsviri) və eksplanativ (izahedici)) öyrənməklə kifayətlənmir. Nəzəriyyələşdirmə aktiv reallıq quruculuğudur, data və diaqnoz əsasında proqnozlar hazırlamaqla, onların tətbiqi yollarını refleksiya etməklə reallığa aktiv müdaxilə edə bilmək iddiasındadır. Nə qədər uğurlu olub-olmamasını mübahisələndirmək şərtilə TN-nin bu nəzəriyyələşdirmə ambisiyası mənə yuxarıda bəhs etdiyim postsovet nəzəriyyə skeptisizmi kontekstində çox maraqlı refleksiya alternativi kimi görünür. Həm bu skeptisizmi öyrənmək, həm də aşmaq üçün TN ənənəsinin nəzəriyyələşdirmə konseptinə müraciət etmək maraqlı və effektiv impulslar vəd edə bilər.

Nəticə

TN-nin beynəlmiləşmə dövrü həm bu yanaşmanın nəzəri potensialı, həm də qlobal siyasi və sosial dinamikanın uyğunluğu səbəbinə görə bir tərəfdən onun yenidən aktuallaşmasına və əvvəlki nəsillərdə müzakirə olunan mövzularının yenidən gündəmə gəlməsinə, digər tərəfdən də TN-nin Almaniya və Avropadan kənarda geniş bir coğrafiyada yayılıb tanınmasına səbəb oldu. Çox oxşar problem və mövzu spektrini paylaşmasına, üstəlik sol ideoloji keçmişinə baxmayaraq, postsovet ictimai məkanına TN çox gec və çox səthi formada gəlib çıxdı. Bununla belə, TN postsovet, konkret olaraq isə azərbaycanlı oxucu və araşdırmaçılar üçün maraqlı və səmərəli ola biləcək bir refleksiya platformasıdır. Bunu bir neçə aspektini göstərməyə çalışdım.

İlk növbədə, TN azərbaycanlı oxucuya onun da içində olduğu tarixi şəraitin və məruz qaldığı problemlərin və böhranların fatalist olmadığı, onların dünyanın başqa səmtlərində də aktual olduğu perspektivini açır. Bu öz növbəsində öz problemlərimizin qlobal və sistematik xarakterini görməyə kömək edir. Başqa maraqlı potensial postsovet və azərbaycanlı intellektual tarixində müşahidə etdiyimiz nəzəriyyə skeptisizminin həm özünü bir epistemik fenomen kimi araşdırmaq üçün impuls ola bilər, həm də bu skeptikliyə alternativ təklif edə bilər. Belə ki, TN bizdəki nəzəriyyə skeptisizminin tam tərsi olaraq nəzəriyyə optimizmi ilə səciyyələnir. TN-nin öyrənilməsi həmçinin bizdə onun təqdimatı ilə bir yerdə gəlmiş anti-aydınlanmaağlı inkar imicini nəzərdən keçirərək stereotipləri təmizləmək üçün lazımdır. Belə ki, TN bu imicin altında getdikcə daha tez-tez irtica təbliğatının dekorasiyası olaraq istifadə olunur.

Ümumilikdə, TN sol ideoloji mənşəli bir intellektual təşəbbüs olmasına baxmayaraq, son beynəlmiləşmə dövrü həmçinin nəzəri pluralizmi ilə səciyyələnir. Bu da, zənnimcə, bizim üçün problemlərimizi həm daha geniş qlobal kontekstdə şərh etmək, həm də digər nəzəri perspektivləri də refleksiya edə biləcəyimiz müzakirə müstəvisi tapmaq baxımından maraqlı potensial təklif edir.

İstifadə olunmuş ədəbiyyat:

Bittlingmayer, Uwe H., Demirović, Alex & Freytag, Tatjana (Hg.),  Handbuch Kritische Theorie,Springer VS 2019

Bronner, Stephen Eric, Critical Theory: A Very Short Introduction, Oxford University Press 2011

Celikates, Robin, and Jeffrey Flynn. 2023. “Critical Theory (Frankfurt School).” In The Stanford Encyclopedia of Philosophy, eds. Edward N. Zalta and Uri Nodelman. Metaphysics Research Lab, Stanford University. https://plato.stanford.edu/archives/win2023/entries/critical-theory/

Dubiel, Helmut, Kritische Theorie der Gesellschaft, Weinheim und München: Juventa Verlag 1988

Dubiel, Helmut, Kritische Theorie der Gesellschaft. Eine einführende Rekonstruktion von den Anfängen im Horkheimer-Kreis bis Habermas, 2. Aufl. 2001

Gordon, Peter, Espen Hammer, and Axel Honneth (eds.), The Routledge Companion to the Frankfurt School, London: Routledge 2029

Hoy, David Couzens and Thomas McCarthy, Critical Theory, Oxford: Blackwell 1994

Mushdiyeva, Tinay, Maarifçilik, Aydınlanma və Psevdoaydınlanma haqqında,  Baku Research Institute, 2028 (https://bakuresearchinstitute.org/maarifcilik-aydinlanma-ve-psevdoaydinlanma-haqqinda-3/)

Thompson, Michael J. (ed.), The Palgrave Handbook of Critical Theory, New York: Palgrave Macmillan 2017

Türcke, Christoph, Bolthe, Gerhard, Einführung in die Kritische Theorie, Darmstadt: Wissenschaftliche Buchgesellschaft 1994

Schwandt, Michael, Kritische Theorie: Eine Einführung, Schmetterling 2009

Schweppenhäuser, Gerhard, Kritische Theorie, Reclam, 2010

Tənqidi Nəzəriyyə (Frankfurt Məktəbi): Hissə 1

Tənqidi Nəzəriyyə (Frankfurt Məktəbi): Hissə 1

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.