İstanbul Böyükşəhər Bələdiyyə başqanı, Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlunun mart ayında həbs edilməsindən sonra Türkiyə yeni siyasi mərhələyə daxil olub. Bu hadisəyə qədər ölkədə mövcud olan rejimi rəqabətli avtoritarizm adlandırmaq mümkün idisə, ondan sonrası üçün bu qiymətləndirmə artıq mübahisəlidir və yeni reallıqlara uyğun gəlmir. Çünki müxalifətin qələbə şansı yüksək olan namizədinin əvvəlcə ali təhsil diplomu ləğv edilərək onun seçkidə iştirakının önünə hüquqi sədd çəkilib, sonra isə o, həbs olunaraq tutduğu vəzifədən və aktiv siyasi fəaliyyətdən kənarlaşdırılıb. Bütövlükdə, ölkənin ən güclü müxalifət təşkilatı olan CHP hazırda ciddi təzyiq altındadır. Baş verənlər Türkiyədə seçki yolu ilə hakimiyyət dəyişikliyi ehtimalını ilk dəfə olaraq sual altına qoyub. Bu yazıda Türkiyədəki son hadisələr və bunların mümkün siyasi nəticələri araşdırılır.
19 marta gedən yol və müxalifəti əzmək cəhdi
31 mart 2024-cü il bələdiyyə seçkilərində müxalifətin qələbəsindən sonra BAİ-də dərc olunan məqalənin sonunda qeyd etmişdik ki, prezident Ərdoğan məğlubiyyətin səbəblərini təhlil edir və o, hakim partiyada, hökumətin tərkibində kadr dəyişiklikləri edə bilər, amma problemlərin daha dərin səbəbləri var və ölkədə islahatlara ehtiyac duyulur. Lakin Ərdoğan islahat yolunu deyil, avtoritar rejimlərin problemlərlə üzləşərkən göstərdiyi klassik refleksə uyğun olaraq repressiv siyasəti seçdi.
Sərt siyasət kursunu icra etmək üçün 2024-cü ilin oktyabr ayında İstanbul Baş Prokurorluğuna yeni təyinat həyata keçirildi. Siyasi post olan Ədliyyə nazirinin müavini vəzifəsini tutan Akın Gürlek İstanbulun Baş prokuroru təyin olundu. Məhkəmə hakimi olduğu dövrdə bir çox siyasi işlərə baxan və ittiham olunanlar əleyhinə qərarlar çıxaran bu şəxsin siyasi təlimatla İstanbula göndərildiyi aydın idi, bu səbəbdən CHP lideri Özgür Özəl onu səyyar gilyotin adlandırmışdı. Yeni Baş prokurorun xanımının Prezident tərəfindən Türkiyə Sərmayə Bazarları Şurasının (SPK) üzvü təyin edilməsi də diqqətəlayiq faktdır.
Gürlekin təyinatından sonra baş verən hadisələrin xronologiyasına nəzər salanda siyasətin güc strukturları vasitəsilə dizayn edilməsi cəhdini görmək mümkündür. Belə ki, onun fəaliyyətə başladığı 2024-cü ilin oktyabr ayında əvvəlcə İstanbulun 1 milyon əhalisi olan Esenyurt rayonunun CHP-dən seçilmiş, milliyyətcə kürd olan bələdiyyə başqanı PKK terror təşkilatına üzvlük ittihamı ilə həbs olundu. 2025-ci ilin yanvar ayında şəhərin mərkəzi rayonlarından olan Beşiktaş bələdiyyə başqanı, martın əvvəlində isə Beykoz bələdiyyə başqanı korrupsiya ittihamı ilə həbs edildilər.
Əsl hədəfə – yəni İmamoğlunun həbsinə doğru addım-addım gedildiyini hər kəs görürdü. Yanvarın 28-də CHP lideri Özgür Özəl partiyanın prezidentliyə namizədinin müəyyənləşdirilməsi üçün partiyadaxili ilkin seçki keçiriləcəyini açıqladı və fevralın 10-da məlum oldu ki, Ankara Baş Prokurorluğu CHP-də lider dəyişikliyinin baş verdiyi 2023-cü il 4 noyabr tarixli 38-ci Qurultayla bağlı araşdırma aparır. Fevralın 11-də CHP ilkin seçkinin martın 23-də keçiriləcəyini elan etdi və cəmi 10 gün sonra İstanbul Baş Prokurorluğu İmamoğlunun ali təhsil diplomunun qanunsuz olduğu iddiaları barədə təhqiqata başladı. Konstitusiyaya əsasən, ali təhsili olmayan vətəndaş prezident seçilə bilməz. Martın 18-də İstanbul Universitetinin İdarə Heyəti İmamoğlunun diplomunu ləğv etdi və saatlar sonra – 19 martda sübh vaxtı keçirilən genişmiqyaslı polis əməliyyatı ilə İmamoğlu və 100-dən çox şəxs polis tərəfindən saxlanıldı.
19 mart hadisəsinin təkcə fərd olaraq alternativ siyasi fiqura qarşı deyil, institusional olaraq CHP-yə qarşı yönəlmiş, ümumən rejimə qarşı siyasi təhdidi aradan qaldırmağı hədəfləyən strateji əməliyyat olduğunu söyləmək olar. Bu çərçivədə İmamoğlunun prezidentliyə namizədliyini bloklamaq və onu həbsə atmaqla bərabər, daha 2 addım planlaşdırılmışdı.
Birincisi, İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qəyyum təyin edərək geniş resurslara sahib bu strukturu təkrar nəzarətə götürmək. 2019-cu ildə CHP-nin qələbəsindən əvvəl İBB AKP-yə yaxın qeyri-hökumət təşkilatlarının (o cümlədən Prezidentin övladlarının yaratdığı QHT-lərin), medianın və təriqətlərin maliyyələşdirilməsində fəal iştirak edirdi. İmamoğlu gəldikdən sonra bu maliyyələşməni kəsdi və həmin QHT-lərə verilən binaları geri aldı. İBB-yə hökumət tərəfindən qəyyum təyin edilə bilməsi üçün İmamoğluna qarşı korrupsiya ittihamı ilə bərabər, terror təşkilatı ilə əməkdaşlıq ittihamı da irəli sürülüb. 2016-cı ildə hərbi çevriliş cəhdindən sonra elan edilmiş fövqəladə vəziyyət rejimində hökumət, nə qədər absurd səslənsə də, qanun qüvvəsinə malik qərarlar (Kanun Hükmünde Kararname – KHK) qəbul etmək səlahiyyəti əldə etmişdi. O zaman 647 saylı KHK əsasında Bələdiyyə qanununa əlavələr edilib və Daxili İşlər Nazirinə terror təşkilatları ilə əlaqədə ittiham olunan bələdiyyə başqanlarını vəzifədən uzaqlaşdıraraq yerlərinə qəyyum təyin etmək səlahiyyəti verilib.
İkincisi, CHP-nin 38-ci qurultayında Özəlin qurultay nümayəndələrinin pulla ələ alınması nəticəsində sədr seçildiyi iddiası irəli sürülüb. Bu iddia ilə hökumət mövcud CHP rəhbərliyinin məhkəmə tərəfindən kənarlaşdırılmasına nail olmaq istəyirdi. Bu halda ya əvvəlki rəhbərlik (Kamal Kılıçdaroğlu) məhkəmə qərarı ilə geri dönəcəkdi; ya da yeni qurultaya qədər partiyanı idarə etmək üçün partiya üzvləri (indiki rəhbərliyə müxalif olanlar) arasından qəyyumlar heyəti təyin olunacaqdı. Belə olan halda hazırkı və keçmiş rəhbərliyin tərəfdarları arasında qarşıdurma yaranacaq və CHP iç çəkişmələrə sürüklənəcəkdi. Təhlükəni görən Özəl martın 21-də verdiyi qərarla 6 aprel tarixində fövqəladə qurultay çağırdı və rəhbərlik yenidən formalaşdırıldı.
19 martda universitet tələbələrinin aktiv iştirakı ilə başlayan xalq etirazları, eləcə də hadisənin maliyyə bazarında yaratdığı təlatüm Ərdoğanı İBB və CHP ilə bağlı düşünülən növbəti addımları təxirə salmağa vadar etdi. İmamoğlu haqqında məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçildiyi 23 martda CHP-nin keçirdiyi ilkin seçki də böyük etiraz aksiyasına çevrildi və partiya üzvləri ilə bərabər milyonlarla vətəndaş (ümumilikdə 15,5 milyona yaxın) səsvermədə iştirak etdi. Nəticədə axşam saatlarında məhkəmə İmamoğlu haqqında terror ittihamı ilə yox, korrupsiya ittihamı üzrə həbs qərarı çıxardı və İBB-yə nəzarət CHP-də qaldı.
Lakin müxalifət üçün təhlükə hələ sovuşmayıb. İstanbul bələdiyyəsinə qarşı hüquqi təqiblər davam edir, artıq 4-cü həbs dalğası baş verib. Prokurorluq İmamoğlu ilə bağlı bütün vizual materialların (afişa, plakat və s.) şəhərdən yığışdırılmasını və bələdiyyə nəqliyyatında onun görüntülərinin, səs yazılarının yayınlanmasını dayandırmağı tələb edib. İmamoğlunun X səhifəsi bloklanıb. Digər tərəfdən, CHP qurultayı ilə bağlı istintaq yekunlaşır və partiya rəhbərliyinin vəzifədən uzaqlaşdırılması barədə qərar çıxarılacağı istisna deyil. Bir sözlə, CHP-yə qarşı təzyiq var gücü ilə davam etdirilir.
İmamoğlu Ərdoğan üçün niyə təhlükədir?
Türkiyənin ən iri şəhəri, ölkə seçicilərinin 20%-ə yaxınının yaşadığı, Ümumi Daxili Məhsulun üçdə birini istehsal edən İstanbul Ərdoğanın bələdiyyə başqanı seçildiyi 1994-cü ildən 2019-cu ilə qədər siyasi islamçılar tərəfindən idarə olunub. Geniş resurslara sahib İstanbul bələdiyyəsinə uzunmüddətli nəzarət, eyni zamanda Ərdoğanın bələdiyyə başqanlığı dövründə bəzi sosial problemlərin (məsələn, içməli su problemi) həlli mühafizəkar siyasi xəttin populyarlaşmasına və ölkədə mərkəzi hakimiyyəti əldə etməsinə səbəb olan amillərdən biridir.
İmamoğlu İstanbulda islamçı siyasətin 25 illik hegemoniyasına son qoydu. O, 31 mart 2019-cu il bələdiyyə seçkilərində iqtidar partiyasının 2-ci adamı, Türkiyənin sonuncu Baş naziri Binali Yıldırımı az fərqlə, bu seçkinin nəticələrinin ləğvindən sonra 23 iyunda keçirilən təkrar seçkidə isə böyük fərqlə məğlub edərək, bir anda ümummilli miqyaslı siyasi fiqura çevrildi. Adı prezidentliyə iddiaçılardan biri kimi hallanmağa başlayan İmamoğluna qarşı hüquqi təqiblər elə həmin vaxtdan başlanmış və Ali Seçki Şurasının üzvlərini təhqir etdiyi ittihamı ilə barəsində cinayət işi açılmışdı. 2023-cü il prezident-parlament seçkilərindən 5 ay öncə bu iş üzrə İmamoğluna 2 il 7 ay həbs cəzası verildi və siyasi fəaliyyətinə qadağa qoyuldu. Məhkəmə qərarının hələ qüvvəyə minməməsinə və apellyasiya mərhələsində olmasına baxmayaraq, bu fakt CHP-nin o vaxtkı rəhbərliyinin İmamoğlunun namizədliyinin riskli olacağı bəhanəsi ilə Kılıçdaroğlunun namizədliyində israr etməsinə əsas yaratdı. 2024-cü il bələdiyyə seçkilərində Ərdoğanın və hökumət üzvlərinin İstanbulda AKP namizədi lehinə kampaniya aparmalarına baxmayaraq, İmamoğlu rahat qələbə qazandı. Eyni zamanda, bu seçkidə İstanbuldakı 39 bələdiyyədən 26-sı CHP-yə keçdi və Böyükşəhər Bələdiyyə Məclisində çoxluğa nail olundu. 2014-cü ildə Bəylikdüzü bələdiyyəsini qazanması da nəzərə alınarsa, bu nəticə İmamoğlunun İstanbulda iqtidar partiyası üzərində 4-cü qələbəsi idi.
1971-ci il təvəllüdlü İmamoğlu qütbləşmiş Türkiyə toplumunda təkcə CHP-nin klassik elektoratı olan təhsil səviyyəsi yüksək şəhərli sekulyarlardan deyil, mühafizəkarlardan, millətçilərdən və kürdlərdən də səs alır. O, gənclər arasında xüsusilə populyardır. İqtidar təbliğatının işini çətinləşdirən məqam budur ki, sağçı ailədə böyümüş olan, bütün əhali təbəqələri ilə, o cümlədən mühafizəkarlarla rahat dialoq quran İmamoğlunu milli-mənəvi dəyərlərə uzaq biri kimi təqdim edib, din düşməni elitist kimi damğalamaq mümkün olmur. Bütün bunlar onu Ərdoğan üçün arzuolunmaz rəqibə çevirir.
Müxalif blok olan Altılı Masanın məğlubiyyəti ilə nəticələnən, müxalif seçicilər arasında dərin məyusluq yaratmış 2023-cü il seçkilərindən sonra müxalifətin həm özünü toplayıb rəqabətədavamlı halda qala bilməsi, həm də protest elektoratın depressiv ruh halından çıxarılmasında İmamoğlunun böyük rolu var. O, Ərdoğanın yenidən seçildiyi 28 may seçkilərinin ertəsi günü sosial media səhifələrindən videomüraciət yayaraq CHP-də dəyişiklik çağırışı ilə çıxış etdi. Altı ay sonra – 4 noyabr tarixində keçirilən qurultayda İmamoğlunun dəstəklədiyi Özəl 13 ildir partiyanı idarə edən Kılıçdaroğlunu məğlub edərək CHP lideri seçildi. Cəmi 4 ay sonra – 2024-cü ilin martında keçirilən yerli hakimiyyət seçkilərində CHP ilk dəfə olaraq AKP-ni məğlub edərək Türkiyənin 1-ci partiyası oldu. Bu seçki ölkənin siyasi iqlimini müxalifətin xeyrinə dəyişdirdi, müxalif kütlələr arasındakı apatiya yenidən dinamizmlə əvəzləndi.
Bütün bunlar Ərdoğanı vadar etdi ki, İmamoğlu problemini həll edərək bu baş ağrısından xilas olsun. Onun haqqında ard-arda yeni cinayət işləri açıldı. CHP-nin ilkin seçki keçirmək qərarı, bəlkə də, vaxtından bir qədər əvvəl düyməyə basılmasına səbəb oldu və martın 18-də diplom ləğvindən sonra ayın 19-u məlum əməliyyat həyata keçirildi.
Seçki institutu təhlükədə
Ərdoğan dövründə, xüsusən 2016-cı il 15 iyul hərbi çevriliş cəhdindən və 2017-ci ildə keçirilən referendum nəticəsində prezident üsul-idarəsinə keçiddən sonra Türkiyədə hüquq və azadlıqların ardıcıl məhdudlaşdırılması baş verib. İki il – 2016-cı ilin iyulundan 2018-ci ilin eyni dövrünə qədər qüvvədə qalan fövqəladə vəziyyət rejimi zamanı icra hakimiyyəti qanunverici hakimiyyətin səlahiyyətlərini də üzərinə götürərək qanunlara dəyişiklik və əlavələr etmək hüququ qazanıb. Konstitusiyada nəzərdə tutulan hüquq olsa da, Ərdoğan bu hüquqdan sui-istifadə edərək ölkəni addım-addım demokratik standartlardan uzaqlaşdırıb. Dünya Ədalət Layihəsi (World Justice Project – WJP) tərəfindən hər il tərtib edilən Hüququn Üstünlüyü İndeksinə əsasən, Türkiyə 2024-cü ildə 142 ölkə arasında 117-ci sırada; Sərhədsiz Reportyorlar (RSF) təşkilatının 2024-cü il Dünya Media Azadlığı raportuna görə, Türkiyə bu sahədə 180 ölkə arasında 158-ci yerdə; The Economist media qrupuna aid Economist Intelligence Unit tərəfindən hazırlanan 2024-cü il Demokratiya İndeksində isə Türkiyə hibrid rejimin olduğu ölkələr kateqoriyasında göstərilib.
Demokratiya və insan haqları sahəsində baş verən ciddi geriləmələrə baxmayaraq, Türkiyədə, hələ ki, seçki institutu mövcuddur. Seçki kampaniyalarında hakimiyyət dövlət imkanlarından faydalanaraq bərabər rəqabət şəraiti yaratmasa da, nəticələr saxtalaşdırılmır və ümumən seçicilərin iradəsinə uyğun olur. Lakin 19 mart əməliyyatı seçki demokratiyasının da təhlükədə olduğunu göstərdi. Etirazların geniş miqyas almasının əsas səbəbi məhz bu idi. Müxalifətin şanslı namizədinin fiziki təcridi və prezidentliyə namizədlik hüququndan məhrum edilməsi Ərdoğanın qarşıdakı seçkiləri rəqabətsiz şəraitdə keçirmək niyyətini ortaya qoyur və onun müxalifətin namizədini də müəyyənləşdirmək istədiyi yönündə qənaətləri möhkəmləndirir. Ərdoğan postsovet coğrafiyasındakı praktikadan fərqli olaraq, seçkilərin nəticələrini saxtalaşdırmağı yox, müxalifəti qələbə şansı az olan, rejim üçün məqbul namizəd irəli sürməyə vadar etməklə nəticəsi qabaqcadan bəlli olan seçkilər keçirmək istəyir. Eyni zamanda, ardıcıl həbs dalğaları ölkədə qorxu iqlimi formalaşdırmaq, müxalif seçiciləri ümidsizliyə düçar etməklə mübarizədən çəkindirmək, rejimin çox güclü olduğu və hakimiyyəti Ərdoğandan almağın qeyri-mümkünlüyü barədə rəy yaratmaq məqsədi güdür.
Repressiyalarla bərabər, müxalifətin yerli idarəetmədən qaynaqlanan gücünün məhdudlaşdırılması hazırlığını da avtoritarizmi gücləndirmək planının tərkib hissəsi saymaq olar. Prezident Ərdoğan bələdiyyələrin statusuna yenidən baxılmasına ehtiyac olduğunu, yerli idarəetmədə mərkəzdən təyin olunan dövlət məmurlarının (vali və kaymakam) rolunun artırılmasının vacibliyini vurğulayıb. Hazırda Ankara və İstanbul başda olmaqla, 30 böyükşəhər bələdiyyəsindən 14-ü CHP tərəfindən idarə edilir. Türkiyə əhalisinin 62 faizi CHP-nin qazandığı bələdiyyələrin ərazisində yaşayır. Milli gəlirin 73 faizi, ölkə ixracatının 80 faizi bu regionların payına düşür. Yerlərdə uğurlu idarəçilik modellərinin ortaya qoyulması CHP-nin makrosiyasətdə yüksəlməsinə də səbəb olur. Bu səbəbdən hökumət idarəetmədə güclü mərkəzləşmə yaradaraq müxalifəti zəiflətməyi və onun resurslarını azaltmağı planlaşdırır.
Bundan əlavə, hakim partiya Prezidentə Silahlı Qüvvələrin zabitlərini (leytenantdan polkovnikə qədər) ordudan kənarlaşdırmaq səlahiyyəti verilməsini nəzərdə tutan qanun təklifi də hazırlayıb. Sirr deyil ki, burada məqsəd ideoloji baxımdan AKP-yə yaxın olmayan, loyallığından şübhə duyulan orta zabit heyətini ordudan uzaqlaşdıraraq onların gələcəkdə general rütbəsi alıb ali komandanlığa yüksəlməsini qabaqcadan əngəlləməkdir.
Düşünülən bütün addımları gerçəkləşdirmək mümkün olarsa, Türkiyənin sərt, hegemonik avtoritarizmə keçidi baş tuta bilər. Hazırkı beynəlxalq konyuktur bu baxımdan əlverişli sayıla bilər. Liberal demokratiya böhran dövrünü yaşayır. Trampın prezident seçilməsi qlobal miqyasda radikal sağçı-mühafizəkar siyasi cərəyanların güclənməsinə, avtoritar liderlərin daha da cəsarətlənməsinə səbəb olub. Təhlükəsizlik sahəsində ABŞ-ın dəstəyindən məhrum olmaq riski qarşısında qalmış Avropa İttifaqının Türkiyəyə ehtiyacı artıb. Bir sözlə, Qərb Türkiyədə müxalifətin təqib olunmasına, azadlıqların məhdudlaşdırılmasına səssiz qalıb və heç kim Ərdoğanla münasibətlərini korlamaq istəmir. Türkiyə demokratiyası hazırda çox çətin sınaqdan keçir.

