fbpx

Cəmiyyət

Cəmiyyət

Ukrayna müqaviməti postsovet avtoritarizmini məyus edir

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bir aydan artıqdır davam edən Rusiya ilə Ukrayna arasındakı hərbi qarşıdurma bütün dünyada olduğu kimi Cənubi Qafqazda da ciddi narahatlıqlar və gərginliklərə səbəb olub. Rusiya-Ukrayna qarşıdurmasını siyasətçilər, tarixçilər, beynəlxalq münasibətlər sahəsində çalışan mütəxəssislər müxtəlif nöqteyi-nəzərdən şərh edirlər. Rusiyanın Ukraynaya qarşı müharibəsi NATO-nun genişləmə siyasətinin nəticəsi, Qərb imperializmi, Putinin şəxsi hakimiyyətini möhkəmləndirmək və Rusiyanın ənənəvi təsir zonasında nəzarəti gücləndirmək cəhdi kimi şərh edilir. Münaqişəyə hansı bucaqdan yanaşılmasından asılı olaraq yuxarıda sadalananların hər biri həqiqətə uyğundur. Lakin bu münaqişənin nəticələri onun ümumən iki siyasi sistemin­­ – avtoritarizmlə liberal demokratiyanın qarşıdurması olduğunu sübut edəcək. Burada bir haşiyəyə çıxaraq demokratiya dedikdə elementar liberal azadlıqların, yəni şəxsiyyətin və xüsusi mülkiyyətin toxunulmazlığını, qanunun aliliyini, məhkəmələrin müstəqilliyini və azad bazar iqtisadiyyatını təmin edən siyasi sistemin, avtoritarizm dedikdə isə bunları rədd edən siyasi sistemin nəzərdə tutulduğu qeyd olunmalıdır. Sözsüz ki, bu rakursdan baxdıqda müharibənin postsovet məkanına, o cümlədən Cənubi Qafqaza necə təsir edəcəyi aydın olur. Bunu nəzərə alaraq, münaqişə dövründə Cənubi Qafqaz dövlətlərində siyasi hakimiyyət və cəmiyyətin mövqeyinin bir-birindən nə qədər fərqləndiyini və ya üst-üstə düşdüyünü araşdırmaq regionun siyasi prioritetlərinin müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Bu tədqiqat üçün əsas məlumatlar hakimiyyət təmsilçilərinin rəsmi çıxışları və bəyanatlarından, kütləvi informasiya vasitələri və sosial şəbəkələrdən, həmçinin üç respublikada aparılan sosial sorğulardan əldə edilib. Onlayn sorğular 2022-ci ilin 3-10 Mart tarixində Bakı və Yerevanın hərəsindən 550 respondent olmaqla 1100 nəfər arasında keçirilib. Respondentlərdən 3 suala cavab verməsi istənilib: (1) Rusiya-Ukrayna müharibəsinin görə kim məsuliyyət daşıyır? (2) Bu müharibədə Rusiyanın motivasiyası nədən ibarətdir? (3) Bu müharibədə kimin qalib gəlməsini istəyərdiniz? Bu məqalədə Gürcüstanın ictimai rəyini öyrənmək üçün Gürcüstan QTRM tərəfindən keçirilmiş araşdırmadan istifadə edilib.[1]

Azərbaycan

Rusiyanın Ukraynanı işğalı ərəfəsində 2022-ci il fevralın 22-də Rusiya Prezidenti Putin ilə Azərbaycan Prezidenti Əliyev Moskva Bəyannaməsi imzaladıqlarını elan etdilər. 2011-ci ildən Qoşulmamaq Hərəkatının üzvü olan Azərbaycanı 43 maddədən ibarət və sosial həyatın demək olar ki, bütün sahələrini əhatə edən, həmçinin hərbi əməkdaşlığı nəzərdə tutan bir Bəyannaməni imzalamağa məcbur edən nə idi?[2] Ukrayna ərazisində artıq bir aya yaxındır ki, gedən qanlı döyüşlər fonunda bu suala cavab təkcə Azərbaycan üçün deyil, postsovet məkanının digər dövlətləri üçün də mühüm əhəmiyyət kəsb edir. Bu sualın ən bəsit cavabı Əliyevin Dağlıq Qarabağ probleminin həlli ehtiyacı ola bilər. 2020-ci ilin payızında  Azərbaycan ordusu 1990-cı illərin əvvəllərində gedən hərbi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ətrafındakı heç bir zaman mübahisəli sayılmayan yeddi rayonu 44 günlük müharibə nəticəsində geri qaytara bildi. Lakin Ermənistanla münaqişə və müharibə vəziyyətinin əsas səbəbi olan Dağlıq Qarabağın statusu məsələsində hər hansı irəliləyiş əldə etmək mümkün olmadı, hansı ki, Azərbaycanın bölgə üzərində nəzarəti təmin olunmadı. Sözsüz ki, Dağlıq Qarabağ ətrafında təhlükəsizlik kəməri adlandırılan bölgələrin yenidən Azərbaycanın nəzarətinə keçməsi Azərbaycan cəmiyyətinin gözləntilərini qismən təmin etmiş oldu. Bu qələbə cənab Əliyevin ictimai nüfuzunun artmasına, siyasi müxalifətlə hakimiyyətin bir cəbhədə birləşməsinə səbəb oldu.[3] Qələbə İlham Əliyevi avtoritar dövlət başçısından milli qəhrəmana çevirdi və məntiqi olaraq onun təkhakimiyyətliliyini bir qədər də gücləndirdi. Bu münaqişədə əslində Ermənistanı dəstəkləməsinə baxmayaraq Putin Əliyevə müharibədə qalib gəlmək və Azərbaycanın itirilmiş torpaqlarını geri qaytarmaq imkanı verdi. “Hakimiyyət (yəni mən prezident) hər şeyi daha yaxşı bilir” ritorikası ilə çıxış edən Əliyevin Moskva Bəyannaməsini imzalamasının səbəbi məhz bu qələbə zamanı Putinin müdaxilə etməməsi ola bilər.

Lakin Moskva Bəyannaməsi ilə bağlı sual 2020-ci il müharibəsinin ardınca imzalanan üçtərəfli müqavilənin və son bir neçə ayda rəsmi Bakının yürütdüyü xarici siyasətin daha ciddi təhlilini tələb edir. 2020-ci ilin noyabrında imzalanan Üçtərəfli Bəyanatın 3-cü bəndində Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiya sülhməramlılarının yerləşdirilməsi nəzərdə tutulurdu.[4] Sülhməramlıların sayı və onları müşayiət edən hərbi silah və texnikanın miqyası Azərbaycan cəmiyyətində geniş rezonans doğurdu. Azərbaycan xalqı uzun illər idi ki, Rusiya qoşunlarının ölkədən çıxarılması ilə qürur duyur və bunu dövlət müstəqilliyinin rəmzi kimi qiymətləndirirdi.[5] Bu uğur birmənalı şəkildə Azərbaycanın ilk demokratik seçkilərdə qalib gəlmiş Prezidenti Əbülfəz Elçibəyin (Əliyev) adı ilə bağlı idi. Üçtərəfli Bəyanat geniş miqyaslı hərbi qarşıdurmaya son qoysa da, Rusiya hərbi dəstəsinin təxminən 30 il sonra respublika ərazisinə daxil olması ictimaiyyət tərəfindən mənfi qarşılandı. Sadə insanlar faktiki olaraq dövlətin müstəqilliyinin yeddi rayona dəyişdirildiyini, müstəqilliyin simvolunun itirildiyini düşünürdülər. Vəziyyəti gərginləşdirən isə bütün bu bəlaların səbəbi olan Dağlıq Qarabağın statusunda heç bir dəyişikliyin olmaması idi. Nə müharibə və bağlanan üçtərəfli bəyanat, nə də Moskva Bəyannaməsi  Dağlıq Qarabağın statusu məsələsini müzakirə etmirdi. Üçtərəfli Bəyanat faktiki olaraq mübahisəli ərazi üzərində nəzarəti Rusiyaya verirdi, yəni otuz il davam edən, hər iki tərəfdən minlərlə insan itkisinə səbəb olan və xalqlar arasında düşmənçiliyi görünməmiş həddə çatdıran münaqişədə qazanan nə Azərbaycan, nə də Ermənistan oldu. Qazanan Rusiya oldu. İndiyə qədər erməniləri və Ermənistanı “düşmən Azərbaycan və Türkiyənin təcavüzündən” qoruduğunu iddia edən Rusiya indi də Dağlıq Qarabağın erməni icmasının təhlükəsizliyini təmin edəcəyini bəyan edirdi.

Müharibə dayandırılanda Azərbaycan cəmiyyəti Rusiyanı Azərbaycan ordusunu tam qələbə əldə etməyə, Dağlıq Qarabağı tamamilə erməni silahlılarından azad etməyə imkan verməməkdə günahlandırdı. Lakin sonrakı hadisələr aydın şəkildə göstərdi ki, razılaşdırılmış hərbi əməliyyatlar Dağlıq Qarabağ deyil, Azərbaycanın hesab edilən yeddi rayonun geri qaytarılması üçün aparılmışdı, yəni Dağlıq Qarabağ məsələsi Rusiya-Azərbaycan danışıqlarının predmeti olmamışdı. Yeddi rayonun qaytarılması, kommunikasiyaların açılması ilə bağlı razılığa gəlinmişdir. Azərbaycan Rusiyanın yalnız Dağlıq Qarabağ ətrafındakı torpaqları azad etməyə icazə verməsi ilə razılaşdı və müharibəyə başladı.

Mənim fikrimcə, Rusiyanın Ukraynaya müdaxiləsi bir daha Azərbaycan və Ermənistan arasındakı 2020-ci il müharibəsi və onu sonlandıran Üçtərəfli Bəyanatın Dağlıq Qarabağ probleminin qəti həlli barədə olmaması haqqında gümanımı sübut edir. Rusiyanın uzun müddət planlaşdırdığı Ukrayna müharibəsinə başlamazdan öncə cənub cəbhəsinin təhlükəsizləşdirməsinə ehtiyacı var idi. Üçtərəfli Bəyanat və Moskva Bəyannaməsi həmçinin Putin və Əliyev rejimi arasındakı əlaqələrin möhkəmləndirilməsi vasitəsi kimi xidmət edirdi.

Rusiyanın Ukraynaya təcavüzü Putinin əksər keçmiş sovet dövlətlərinin müstəqilliyi ilə bağlı mövqeyini göstərir: Putin hesab edir ki, onların hamısı süni dövlətlərdir və bolşevik hökumətinin yanlış milli siyasəti ucbatından dünyanın siyasi xəritəsində peyda olublar. Azərbaycan Ukrayna ilə müqayisədə kiçik bir dövlətdir və Rusiyanın hərbi gücünə tab gətirəcək iqtidarda deyil. Bunu həm ölkə rəhbərliyi, həm də ictimaiyyət yaxşı anlayır. Məhz buna görə də cəmiyyət Üçtərəfli Bəyanata və Moskva Bəyannaməsinə mənfi münasibət bəsləsə də, onları anlayışla qarşıladı. Məsələ burasındadır ki, cəmiyyət korrupsiyaya bulaşmış hökumətin idarəsi altında yaşamağı qəbul etsə də, Rusiyanın siyasi hökmranlığı ilə razılaşmaq niyyətində deyil. 1990-cı ilin Qanlı Yanvarını yaşamış nəsillərin yaddaşından  Rusiya ordusunun vəhşilikləri hələ ki silinməyib. Məhz buna görə Ukraynanın Rusiyaya qarşı müqaviməti cəmiyyətin  ruh yüksəkliyinə və antirus əhval-ruhiyyəsinin güclənməsinə səbəb olub. Rusiya-Ukrayna qarşıdurmasına Azərbaycan-Ermənistan (ərazi iddiası) prizmasından yanaşan Azərbaycan cəmiyyətinin əksər hissəsi (respondentlərin təqribən 67%) Rusiyanın bu münaqişədə məğlubiyyətini arzulayır. Cəmiyyətin bir hissəsi (respondentlərin 42%) bu münaqişəni Rusiya-NATO qarşıdurması kimi qiymətləndirir və Rusiyanın Ukraynaya qarşı təcavüzünə dövlət təhlükəsizliyinin qorunması nöqteyi-nəzərindən haqq qazandırır. Azərbaycan cəmiyyətinin kiçik hissəsi (təqribən 15%) bu münaqişəni siyasi sistemlərin (avtoritarizm və demokratiya) qarşıdurması hesab edir.

Rəsmi Bakının münaqişəyə münasibəti birmənalı deyil. Rusiya-Ukrayna münaqişəsindən 39 gün əvvəl, 2022-ci il yanvarın 14-də Prezident Əliyev Ukraynaya  səfər etdi. Bu rusiyayönümlü Prezident Yanukoviçin Aİ ilə Assosiasiya sazişini imzalamaqdan imtina etdiyi üçün onun devrilməsi ilə nəticələnmiş 2014-cü ilin Meydan hadisələrindən sonra ilk səfər idi. Rəsmi açıqlamalara görə, səfər iqtisadi və ticari əhəmiyyət kəsb edib. Bundan başqa münaqişə başlayandan sonra Əliyevin göstərişi ilə Ukraynaya bir neçə dəfə humanitar yardım göndərilib, xüsusi maşınların (təcili tibbi yardım və yanğınsöndürən) neft məhsulları ilə SOCAR tərəfindən ödənişsiz təminatı təşkil olunub. Bütün bunları Əliyevin daxili hakimiyyətini möhkəmləndirən, lakin Qərblə münasibətlərində manevr etmək qabiliyyətini zəiflədən Putinə qarşı etirazı hesab etmək olar.[6] Şəxsi hakimiyyətinin təhlükəsizliyi cənab Əliyevi Putinə yaxın olmağa məcbur edir, lakin iqtisadi və maliyyə cəhətdən bağlı olduğu Qərbin maraqlarını da nəzərə almaya bilmir.

Ermənistan

Bölgədə Azərbaycanın rəqibi olan Ermənistanda Ukrayna münaqişəsi əsasən Dağlıq Qarabağ problemi prizmasından təhlil edilir. Ermənistanda antirus əhval-ruhiyyəsinin artması 2020-ci il müharibəsi zamanı Putinin mövqeyi ilə izah olunur. Ermənistan Rusiyanın bölgədə yeganə müttəfiqi olduğunu xatırladaraq Rusiyadan daha çox dəstək tələb edir. Buna cavab olaraq Rusiya Ermənistanın təhlükəsizliyinin qarantı olduğu üçün ermənilərin məhz Rusiyaya borclu olduğunu hesab edir. 2020-ci il müharibəsinin nəticələrini Ermənistan cəmiyyəti məğlubiyyət kimi qəbul edir və bunun üçün Baş nazir Nikol Paşinyanı günahlandırır. Halbuki bu müharibədə Ermənistan otuz ildir işğal etdiyi Dağlıq Qarabağın ətraf əraziləri üzərində nəzarəti itirib. Hadrut rayonu istisna olmaqla Dağlıq Qarabağda erməni icması yaşamaqda davam edir, lakin bu dəfə onların təhlükəsizliyini erməni silahlı qüvvələri ilə yanaşı Rusiya sülhməramlıları da qoruyur. Rus sülhməramlılarının bölgəyə daxil olması nə erməni icması, nə də Ermənistan siyasi hakimiyyəti üçün ciddi təhdid deyil. Ölkədə hərbi bazasının mövcudluğu sadəcə Qərblə daha yaxın əlaqələr qurmağı mümkünsüz edir. Ermənistanda 1995-ci ildən Rusiyanın 102 saylı hərbi bazası yerləşir və faktdır ki, sovet qoşunları heç vaxt Ermənistanı tərk etmədilər, onlar sadəcə uniformalarının üzərindəki bayrağı dəyişdirdilər.

Ermənistanda anti-Ukrayna əhval-ruhiyyəsi də mövcuddur. Sorğunun suallarına cavablar göstərir ki, 2020-ci il müharibəsi zamanı Ukraynanın Azərbaycana mənəvi dəstəyini, Ukrayna səması üzərindən Azərbaycana silahların daşınmasını və ən önəmlisi Prezident Zelenskinin qələbə münasibəti ilə İlham Əliyevi təbrik etməsini erməni cəmiyyəti unutmayıb.[7] Buna baxmayaraq Rusiyanın Ukraynanı işğalı erməni cəmiyyəti tərəfindən qətiyyətlə pislənilir (respondentlərin 76%). Ermənistanın rusiyayönlü siyasi qüvvələri və onları təmsil edən mətbuat hesab edir ki, Qərbin Ukraynada qələbə qazanması Ermənistanın Dağlıq Qarabağı qəti şəkildə itirməsi ilə nəticələnəcək, çünki Ukrayna hadisələri Qərb dövlətləri və ABŞ-ın Ermənistanı dəstəkləməyəcəyini sübut edir.[8] Rusiyayönlü ekspertlər Rusiya-Ukrayna qarşıdurmasını Rusiya-NATO münaqişəsi prizmasından təhlil edir və Putinin militarist ritorikasına haqq qazandırırlar. Putinin Ukraynanı müstəqil dövlət hesab etməməsini ekspertlər Rusiyanın imperiya təfəkkürü ilə əlaqələndirir  və qeyd edirlər ki, Ukraynasız Rusiya imperiya deyil. Putinin süni dövlətlər və sərhədlər iddiasına haqq qazandıran erməni ictimaiyyətinin bir hissəsi (respondentlərin 29%) 1920-ci illərdə bolşeviklər tərəfindən Dağlıq Qarabağ məsələsi müzakirə edilən zaman belə bir haqsızlığa yol verildiyini vurğulayırlar.[9] Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması, həmçinin Türkiyə ilə aparılan danışıqlar Ermənistanda millətçi sağ qrupun ciddi narahatlığına səbəb olub. 2022-ci il martın 17-də Daşnaksütyun partiyası XİN və hökumət iqamətgahı qarşısında etiraz aksiyası keçirərək, Rusiyanın da dəstəklədiyi Türkiyə və Azərbaycanla aparılan danışıqların dərhal dayandırılmasını tələb edib.[10] Ermənistanda azlıqda olan Qərbyönlü qrup (respondentlərin təqribən 17%) Nikol Paşinyanın mövqeyini dəstəkləyərək Rusiyanın Ukraynada qalibiyyətinin Qafqazda demokratiyanın süqutu olacağını düşünür. Maraqlıdır ki, Türkiyə-Azərbaycan tandemi qərbyönlü elektoratı da ciddi şəkildə narahat edir və onlar müstəqillik təhlükədə olan zaman ölkədə demokratiyanın inkişaf etməyəcəyini, müstəqilliyin demokratiyadan daha vacib olduğunu düşünürlər. Paşinyanın özü olduqca çətin bir mərhələdən keçir. Siyasi lider kimi o, daxili məsələlərdə ictimaiyyətin dəstəyini qazansa da, xarici siyasətdə manevr etmək şansının ciddi şəkildə məhdudlaşdırılması üzündən tez-tez dilemmalarla üzləşir. Ermənistan siyasi hakimiyyəti açıq şəkildə nə Ukraynanın yanında olan Qərbi dəstəkləyə bilir, nə də Ukraynanı işğal edən Rusiyaya qarşı çıxa bilir. Martın əvvəlində Yerevan hava limanında Rusiyaya qarşı tətbiq edilən sanksiyalar çərçivəsində bu ölkənin şirkətinə məxsus S7  təyyarəsinin saxlanıldığı haqqında məlumat yayıldı. Bu xəbərdən sonra Rusiyanın Ural Hava Yolları təyyarəsi saxlanılmaq təhlükəsi altında Zvartnots hava limanına enməkdən imtina edərək, Mineralnı Vodı aeroportuna üz tutdu. Bu onu göstərir ki, Ermənistan hakimiyyəti Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara riayət etməli olacaq. Ermənistan hakimiyyəti həmçinin martın 4-də BMT-nin İnsan Hüquqları Şurasının Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində yol verilən hüquq pozuntularını təhqiq etmək üçün komissiya yaradılması ilə bağlı keçirilən səsvermədə neytrallığını qorudu. Ermənistan qətnamə layihəsinin əleyhinə səs verən Rusiyanı dəstəkləmədi.

Gürcüstan

Qərb dövlətləri uzun müddət Putinin beynəlxalq hüquq normalarını kobud şəkildə pozmasına, o cümlədən 2008-ci ildə Gürcüstana təcavüzünə və 2014-cü ildə Krımın anneksiyasına göz yumdular. Bu hadisələrə Qərbin reaksiyasının olmaması onu Ukraynaya müdaxilə etməyə cəsarətləndirdi. Qızılgül inqilabı nəticəsində hakimiyyətə gəlmiş Qərbyönlü Mixeil Saakaşvilinin Gürcüstanı Aİ və NATO-ya inteqrasiya etdirmək mövqeyi Gürcüstan və Rusiya münasibətlərinin pisləşməsi ilə nəticələndi. Saakaşvilinin 2008-ci ildə Cənubi Osetiyadakı separatizmi hərbi yolla sonlandırmaq cəhdi geniş miqyaslı Rusiya hərbi müdaxiləsinə yol açdı. Hərbi təcavüz nəticəsində Abxaziya və Cənubi Osetiya (Tsxinvali Vilayəti) Muxtar Respublikalarının ilhaq edilməsi və Rusiya Federasiyası tərəfindən onların müstəqilliyinin tanınması Gürcüstanı bölgədə ciddi anti-Rusiya mövqeyinə malik bir dövlətə çevirdi. 2014-cü ildə Rusiyanın Krımı işğalından sonra gürcülər arasında keçirilən sorğular cəmiyyətin Rusiyaya ən ciddi təhlükə mənbəyi kimi baxdığını bir daha sübut etdi.[11] Məhz buna görə Azərbaycan və Ermənistandan fərqli olaraq Gürcüstan cəmiyyətində Ukrayna böhranına münasibətdə fikir haçalanması mövcud deyil. Xatırlamaq lazımdır ki, Rusiya Ukraynanın işğalından bir neçə gün əvvəl Ukraynanın iki separatçı bölgəsinin də müstəqilliyini tanımışdı. Cəmiyyət birmənalı şəkildə Rusiyanın Ukraynadakı “xüsusi əməliyyat”ını pisləyir.  Aparılan sorğuların nəticələri göstərir ki, Gürcüstan cəmiyyəti Ukraynadakı müharibə üçün Rusiya Federasiyası (43%) və şəxsən Putinin (37%) məsuliyyət daşıdığını düşünür. Gürcüstan cəmiyyəti bu münaqişəni Rusiya-NATO qarşıdurması kimi deyil, avtoritar idarəetmə ilə demokratiyanın savaşı kimi qiymətləndirir və müharibəni Rusiya imperiyasını bərpa etmək cəhdi hesab edir. Gürcülərin 60%-dən çoxu ölkənin Ukraynanı dəstəkləməli olduğunu hesab edir. Lakin Gürcüstan siyasi rəhbərliyi Ukrayna böhranı ilə bağlı vahid mövqeyə malik deyil. Baş nazir İrakli Qaribaşvili iqtisadi maraqlardan çıxış edərək ölkəsinin Rusiyaya qarşı tətbiq edilən sanksiyalara “çox guman ki”, qoşulmayacağını bildirib. Prezident Salome Zurabişvili isə Avropaya səfəri zamanı verdiyi bəyanatlarda Ukraynanı dəstəklədiyini ifadə edib.[12] Gürcüstan həmçinin 2022-ci il martın 2-də BMT Baş Assambleyasında Rusiyanın Ukraynanı işğalını pisləyən qətnaməni dəstəkləyən yeganə Cənubi Qafqaz dövləti olub, Ermənistan neytrallığını qoruyub, Azərbaycan isə ümumiyyətlə səsvermədə iştirak etməyib. Ukrayna böhranı fonunda Gürcüstan hökuməti Avropa İttifaqına inteqrasiya məsələsində bir addım da irəliləyərək martın 3-də formal olaraq Avropa İttifaqına üzvlük üçün müraciət edib.

Nəticə

Rusiyanın Ukraynanı işğalı nəticəsindən asılı olmayaraq bütün postsovet məkanına ciddi təsir göstərəcək. Qalib gəldiyi halda cənab Putin Ukraynada öz qoşunlarının yerləşdirilməsi ilə kifayətlənməyəcək. Putinin potensial qələbəsi Ukraynanın həqiqi dövlət müstəqilliyini ləğv edəcək və oyuncaq rejim yaradacaq. SSRİ dağıldıqdan sonra Rusiya və Ukraynada yeddi prezident seçkiləri keçirilib və bu seçkilər zamanı Rusiyada hakimiyyətdə üç (əgər biz Medvedevin prezidentliyinin sadəcə formal olduğunu və real hakimiyyətin Putinin əlində qaldığını nəzərə alsaq, faktiki olaraq iki) prezident olub, Ukraynanın hazırkı Prezidenti Volodimir Zelenski isə ölkənin sayca 6-cı prezidentidir. Putin azad və ədalətli seçkiləri öz hakimiyyətinə açıq təhdid kimi görür. Ukraynada siyasi hakimiyyətin azad, demokratik seçkilər nəticəsində hər beş ildən bir dəyişməsi, xalqın açıq şəkildə iradəsini ifadə etmək imkanı, ümid və gözləntiləri doğrultmayan namizədi geriyə çağıra bilməyin mümkünlüyü bir tərəfdən avtoritar düşüncəyə malik Putini qorxudur və digər tərəfdən Ukrayna üzərində onun nəzarət imkanlarını çətinləşdirir: buna görə də o, Ukraynanın ölkəni Qərbə yaxınlaşdıra biləcək seçdiyi demokratik yolu qəbul etmək istəmir.

Bu da Putinin uzunmüddətli perspektivdə seçdiyi yol üçün təhlükə yaradır. O, aydın başa düşür ki, əgər Ukrayna Qərblə bir demokratiya kimi inteqrasiya edərsə və bu, həyatda nəzərəçarpacaq irəliləyişlər gətirərsə, bir gün o və ya onun varisləri öz xalqına Rusiya ilə eyni mədəniyyəti və tarixi paylaşan, eyni siyasi sistemin kollapsından sonra meydana çıxan Ukrayna xalqının Rusiyanın nail ola bilmədiyi həyat standartlarına necə çatdıqlarını izah etməli olacaqlar.

Putin belə bir uğur hekayəsini dayandırmalı olduğuna inanır. Ona görə də Putinin bu müharibəyə başlamasının səbəbi Ukraynanı Putinin siyasi sistemi və şəxsi hakimiyyəti üçün təhdid kimi qiymətləndirdiyi həmin demokratik yoldan yayındırmaqdır. İndi müharibədə məğlub olarsa, onun rejiminin tərəfdarları ona qarşı çıxa bilər. O, qalib gəlsə, postsovet məkanının əksəriyyətinin Rusiyanın protektoratlarına çevrilməsinə cəhd edə bilər. Bununla belə, bu müharibə artıq Rusiya ordusunun nə qədər bacarıqsız olduğunu göstərdi və görünür, onun Ukraynadakı planları onun ümid etdiyi kimi baş tutmur.

 

Qeydlər və istinadlar:

[1] https://oc-media.org/features/datablog-georgians-want-their-government-to-support-ukraine/ Baxılıb 25 mart 2022

[2] https://president.az/en/articles/view/55498 Baxılıb 25 Mart 2022.

[3] https://musavat.com/news/veten-muharibesinde-partiyalar-ne-edir-yap-ve-diger-teskilatlardan-aciqlamalar_751190.html Baxılıb 25 Mart 2022, http://yap.org.az/az/view/news/50247/bu-gun-yeni-azerbaycan-partiyasi-olkenin-siyasi-sisteminin-monolit-gucudur Baxılıb 25 Mart 2022.

[4] https://news.ru/cis/opublikovan-polnyj-tekst-mirnogo-dogovora-azerbajdzhana-i-armenii/ Baxılıb 25 Mart 2022.

[5] https://www.azadliq.org/a/25283776.html Baxılıb 25 Mart 2022.

[6] https://qafqazinfo.az/news/detail/azerbaycan-ukraynaya-humanitar-yardim-ayirdi-zelenskiden-tesekkur-354817  Baxılıb 25 Mart 2022, https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/azerbaycan-ukraynaya-yene-yardim-gonderib/ Baxılıb 25 Mart 2022,
https://www.amerikaninsesi.org/a/azerbaijan-sent-380-tons-of-humanitarian-aid-to-ukraine/6481951.html Baxılıb 25 Mart 2022.

[7] https://jam-news.net/op-ed-armenia-stays-neutral-in-conflict-between-russia-and-ukraine/ Baxılıb 25 Mart 2022.

[8] https://www.golosarmenii.am/article/144776/beniamin-pogosyan-rossiya-ostanetsya-samym-vliyatelnym-vneshnim-igrokom-v-regione Baxılıb 25 Mart 2022.

[9] https://armenpress.am/rus/news/1077154.html Baxılıb 25 Mart 2022.

[10] https://ru.armeniasputnik.am/20220317/naydi-turka–fotootchet-s-aktsiya-protesta-armyanskoy-oppozitsii-v-erevane–39869113.html Baxılıb 25 Mart 2022.

[11] https://www.opendemocracy.net/en/odr/georgia-and-ukraine-crisis/ Baxılıb 25 Mart 2022.

[12] Georgians  wants their government to support Ukraine. (Mart 15 2022), Əldə edilib  https://oc-media.org/features/datablog-georgians-want-their-government-to-support-ukraine/

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.