fbpx

Cəmiyyət

Cəmiyyət

Uyğur və kürd məsələlərinin Türk-Çin münasibətlərindəki yeri

Read this article on other language
Download article
image_pdf
image_pdf

Dekabr ayının son günlərində ötən ilin yekunlarına dair hesabata həsr olunmuş çıxışında uyğur məsələsini yenidən gündəmə gətirən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Si Cinpin hökumətinin 5 il öncə verdiyi sözü tutmadığı üçün gileylənib. Belə ki, 2017-ci ildə Çinin anti-terror əməliyyatı adı altında minlərlə uyğur türkünü islah düşərgələrində işgəncəyə məruz qoyması kimi ittihamlara cavab olaraq rəsmi Pekin Türkiyə nümayəndə heyətini Sincan-Uyğur Muxtar Regionuna (SUMR) səfərə dəvət etmişdi. Lakin səfərin şərtlərinin Çin tərəfindən diktə edilməsi, yəni ziyarət ediləcək yerlərin əvvəlcədən təyin edilməsi və təlimatlardan kənara çıxılmaması kimi qeyri-şəffaf sayıla biləcək müəyyən tələblərin qoyulması, beş il ərzində Türkiyə rəsmilərinin regiona səfərinin baş tutmasına əngəl törədib. Çin tərəfini uyğur məsələsi ilə bağlı əməkdaşlıq etməməkdə ittiham edən nazir bu kimi halların iki dövlətin münasibətlərinə mənfi təsir etdiyini qeyd edib. Ölkələrarası əməkdaşlıqların sayı ilbəil artsa da, görünən odur ki, iki dövlət arasında dəfələrlə siyasi gərginliyə səbəb olmuş uyğur məsələsi tərəflər üçün hələ də həssas və aktual mövzu olaraq qalmağa davam edir. Bu yazıda Türkiyənin Çini, Çinin də Türkiyəni ittiham etdiyi məsələlərə aydınlıq gətirməklə yanaşı, Türk-Çin yaxınlaşmasını şərtləndirən amilləri də təhlil etməyə çalışacağıq. Yazıda həmçinin iki Asiya ölkəsinin qarşılıqlı iqtisadi əlaqələri və kommersiya maraqları sistematik şəkildə təhlil edilərək Pekin və Ankara arasında son onillikdə imzalanmış hökumətlərarası sazişlər, Çinin Türkiyədəki investisiya qoyuluşları, beynəlmiləl layihələr çərçivəsində görülən müştərək texniki işlər və s. kimi birgə iqtisadi əməkdaşlıqlar barədə danışacağıq. Bundan savayı, diplomatik münasibətlərin formalaşmasına təsir edən nüansları, əlaqələrin inkişaf dinamikasına mənfi təsir edən problematik məsələlərin həlli yönündə atılan nəticəsiz addımları, Qərbdən uzaqlaşan Türkiyənin Şərqlə yaxınlaşmasını sürətləndirən faktorları, yaxınlaşma prosesində Ankaranın uyğur məsələsindəki mövqeyini, rəsmi Pekinin uyğur probleminin şişirdilməsinə cavab olaraq kürd kartından istifadəsini, habelə müasir Çin-Kürd konstruktiv əməkdaşlığının yaranmasını və Pekinin İraq Kürdüstanındakı strateji hədəf və iqtisadi  maraqlarını təhlil etməyə çalışacağıq. Məqalə əsasən son 20 ildəki prosesləri təhlil etməyi nəzərdə tutsa da, Türkiyənin 1950 və 2000-ci illər ərzində uyğur məsələsində oynadığı rola və eyni zamanda ilkin Kürd-Çin siyasi yaxınlaşmasının tarixinə də müxtəsər şəkildə nəzər salır.

Geoiqtisadi və strateji maraqlar fonunda Ankara-Pekin yaxınlaşması

Diplomatik əlaqələrin qurulduğu 1971-ci ildən etibarən Türk-Çin münasibətlərində periodik olaraq ciddi siyasi böhranlar yaşansa da, tərəflər geoiqtisadi maraqları naminə konstruktiv əlaqələri qorumağa çalışıblar. Xüsusən də Ədalət və İnkişaf Partiyasının (AKP) 2002-ci ildə hakimiyyətə gəlişindən sonra Çin-Türkiyə əlaqələri əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Əlavə olaraq, son illərdə Türkiyə iqtisadiyyatının daralması, valyuta ehtiyatlarının tükənməsi, birbaşa xarici investisiya daxilolmalarında azalmalar, lirənin sürətlə dəyər itirməsi, ümumi daxili məhsulun həcminin kəskin azalması, kütləvi işsizliyin artması və inflyasiyanın tüğyan etməsi konteksində ölkənin hakim partiyası olan AKP-ni münasibətləri korladığı qərb dövlətlərindən kənarda ticari partnyor və etibarlı tərəfdaş axtarışlarına sövq etmişdir. Digər tərəfdən, Tramp administrasiyasi dönəmində Türkiyə-ABŞ diplomatik münasibətlərində yaranmış kritik vəziyyət və birincinin Vaşinqton tərəfindən müəyyən sanksiyalara məruz qalması, o cümlədən Koronavirus pandemiyasının yaratdığı iqtisadi fəsadlar Ankara-Pekin münasibətlərinin inkişafını sürətləndirmişdir. Üstəlik, 2016-ci ildə Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən sonra Ankaranın qərbli müttəfiqləri ilə münasibətlərinin soyumasını da Türk-Çin yaxınlaşmasına təkan verən vacib faktorlardan biri kimi xarakterizə etmək olar. Hətta NATO və Aİ-dən uzaqlaşan AKP rejimi, Türkiyənin də 2012-ci ildən bəri dialoq üzrə tərəfdaşlıq statusu ilə bağlı olduğu Avrasiyanın təhlükəsizlik üzrə ən böyük regional bloklarından biri olan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə sıx əməkdaşlıq üçün bir ara ciddi səylər göstərirdi.

Kəmər və Yol Təşəbbüsü (KYT) çərçivəsində rəsmi Pekin ilə bir çox sahədə münasibətləri möhkəmləndirməyə davam edən AKP hakimiyyəti son dekadada dünyanın ən böyük investor və kreditorlarından birinə çevrilmiş Çinin Türkiyədə investisiya qoyuluşlarına marağını artırmağa çalışır. Bir müddət əvvəl Çin iqtisadi inkişaf modelinin tətbiqiylə sosial-iqtisadi təlatümlərin öhdəsindən gələ biləcəyinə inanan Ərdoğan tərəf müqabili Si Cinpinlə zirvə görüşlərində investisiyaları artırmağa çağırıb. Əlbəttə ki, Türkiyə geostrateji mövqeyinə, Çin üçün əsas istehlak bazarlarından biri olan Avropa İttifaqına yaxınlığına və nə qədər ironik səslənsə də, dinamik və ucuz iş gücünə görə Pekin üçün ciddi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, 1000-dən çox Çin mənşəli şirkətin fəaliyyət göstərdiyi Türkiyədə Huawei, Xiaomi, TCL, OPPO, TECNO və s. kimi transmilli texnologiya korporasiyaları istehsal müəssisələri qurub. Bununla yanaşı, KYT nəzdində inkişafı nəzərdə tutulan Mərkəzi və Qərbi Asiya Nəqliyyat Dəhlizi üzərində yerləşməsi Türkiyənin önəmini tranzit ölkə kimi Pekinin gözündə artıran əsas xüsusiyyətlərdən biridir. Bundan ötrü də Çinin böyük ümidlər bağladığı KYT çərçivəsində Türkiyə ilə strateji əməkdaşlıq müqavilələri imzalanıb. Üstəlik, Rus-Ukrayna müharibəsindən dolayı əhəmiyyəti günbəgün artan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşutunun inkişafına dair tərəflər arasında 2016-cı ildə imzalanmış qarşılıqlı əməkdaşlıq memorandumuna əsasən, 2020-ci ilin dekabr ayından etibarən Azərbaycan və Qazaxıstan ərazilərini keçməklə Türkiyədən Çinə və əksinə müntəzəm olaraq yükdaşımaları həyata keçirilir.

KYT-nin vacib üzvlərindən biri olan Türkiyənin nəqliyyat-logistika potensialının inkişaf etdirilməsi, ələlxüsus qitələrarası daşınan böyük həcmli yüklərin öhdəsindən gələ biləcək dəmir yol şəbəkəsinin tikintisi və maliyyələşdirilməsi Çin tərəfindən dəfələrlə təklif edilsə də, hökumətlər bununla bağlı konkret razılığa gələ bilməyib. Hərçənd 2014-cü ildə istifadəyə verilmiş İstanbul-Ankara şəhərlərarası sürətli dəmir yol xəttinin tikintisi türk şirkətləriylə birgə çinli şirkətlər tərəfindən icra edilib. Həmçinin adı çəkilən sürətli dəmir yolu xəttinin inşası üçün Çin tərəfi 750 milyon ABŞ dolları həcmində kredit ayırıb. Bununla da dünyanın ən böyük sürətli dəmir yol şəbəkəsinə malik olan Çinin ölkə hüdudlarından kənarda sürətli dəmir yol xəttini çəkdiyi ilk ölkə Türkiyə olub. Ümumiyyətlə, son illər Türkiyənin əsas şəhərlərindəki yüksək texnologiyaya malik ictimai nəqliyyat sisteminin inkişaf etdirilməsində çinli şirkətlər yaxından iştirak edir (Türkiyə yerli mətbuatında çox işıqlandırılmasa da). Belə ki, 2023-cü ilin yanvar ayının 22-də Ərdoğanın iştirakı ilə İstanbulda açılışı baş tutan Kağıthane-İstanbul Havalimanı metro xətti boyu saatda 120 km sürətlə tam avtomatlaşdırılmış və sürücüsüz olaraq hərəkət edə bilən vaqonlar Çinin elektirikli lokomativ istehsalçılarından biri olan CRRC Zhuzhou Lokomativ şirkəti tərəfindən təhvil verilib. Ölkə boyu yüksək ötürücülük qabiliyyətinə malik dəmir yol infrastrukturasının qurulması və təkmilləşdirilməsi ilə bağlı Türkiyənin Avropalı dəmir yol tikinti şirkətləriylə də illərlə razılığa gələ bilməməsi, eyni zamanda ölkə daxili resurslar hesabına bu kimi nəhəng layihənin həyata keçirilməsinin mümkünsüzlüyü qitələrarası yük nəqlində əsas tranzit oyunçulardan biri olmağa çalışan Ankaranın yaxın gələcəkdə bu sahədə də Pekinlə əməkdaşlığı davam etdirəcəyi ehtimalını gücləndirir. Bundan başqa, Aralıq dənizi hövzəsində iqtisadi dayaqlarını möhkəmləndirmə cəhdləri fonunda Çin Türkiyənin ən  böyük 3 dəniz limanından biri olan İstanbuldakı Kumport konteyner limanının təxminən 65%-lik hissəsinə 2015-ci ildə 950 Milyon ABŞ dolları müqabilində sahib olub.

Yuxarıda sadalanan tendensiyalara paralel olaraq pandemiyaya qədər qlobal turizm industriyasında ən böyük paya sahib olan çinli turistlərin Türkiyəyə cəlbi istiqamətində də ciddi irəliləyişlər əldə edilib. Təsadüfi deyil ki, Türkiyəyə daha çox çinli turist cəlbinə nail olmağa çalışan Türkiyə Turizm Nazirliyi və Türkiyənin Pekindəki səfirliyinin birgə səyləri nəticəsində 2018-ci ilin Çində Türkiyə Turizm İli olması qərara alınmışdı. Bundan savayı, COVID-19 yoluxmasının qarşısını almaqdan ötrü Çinin Sinovac şirkətinin istehsal etdiyi və geniş müzakirələrə səbəb olmuş CoronaVac adlı vaksinin həm sınaq məqsədilə, həm kütləvi şəkildə ilk istifadə edildiyi ölkələrdən biri də məhz Türkiyə idi. Təfərrüatlarına varmadan, AKP dövründə Çin ilə imzalanmış hökumətlərarası əhəmiyyətli razılaşmalar siyahısına ölkələrarası strateji əməkdaşlıq paktını (2010), cinayətkarların ekstradisiyasını nəzərdə tutan sazişi (2017) və ticari əməliyyatlarda məzənnə mübadiləsinə dair svop (swap) sövdələşmələrini (20122019) əlavə etmək olar.

Sözsüz ki, son onillikdə Çinin qlobal iqtisadiyyatının əsas aktyorlarından birinə çevrilməsi konteksində Şərqi Asiya regionunun dünyanın qabaqcıl maliyyə mərkəzlərindən biri halına gəlməsi Türkiyənin Uzaq Şərq regionu üzrə daha praqmatik və balanslı siyasi kurs mənimsəməsinə təkan verib. Çinin iqtisadi ekspansiyasına paralel olaraq tərəfdaş dövlətlərə KYT çərçivəsində güclü investisiya qoyuluşlarına başlaması Ankaranın Şərqyönlü siyasətini daha da fəallaşdırıb. Bu mənada başda Çin olmaqla, Şərqi Asiya və Cənub-şərqi Asiya ölkələri ilə konstruktiv əlaqələrin hərtərəfli inkişafını nəzərdə tutan 2019-cu ildə elan edilmiş Yenidən Asiya dövlət təşəbbüsü xüsusi əhəmiyyət kəsb edir. Adı keçən dövlət proqramının elanından bir il sonra Türkiyə Xarici İşlər Nazirliyinin nəzdində Asiya ölkələri ilə münasibətlərin tənzimlənməsinə cavabdeh olan Yenidən Asiya Təşəbbüsü Koordinatorluğu adlı yeni qurum da təsis edilib.

Uyğur probleminin ölkələrarası əlaqələrə təsiri

Uyğur və ya Şərqi Türküstan problemi Çin-Türk diplomatik əlaqələrinin inkişaf dinamikasına təsir edən əsas mövzulardan biridir. 2009-cu ildə uyğur türklərinin kompakt yaşadığı Çinin beş muxtar əyalətindən biri olan Sincan-Uyğur Muxtar Regionunun (SUMR) inzibati mərkəzi olan Urumçı şəhərində baş verən qanlı etnik ixtişaşların Pekin tərəfindən güc yoluyla yatırılması Ankaranın sərt reaksiyasına səbəb olmuşdu. Diplomatik münasibətlərin ciddi dərəcədə korlanmasına səbəb olmuş 2009-cu il insidentlərini pisləyən Türkiyənin o vaxtkı baş naziri Rəcəb Tayyib Ərdoğan hətta Çini uyğurlara qarşı soyqırım törətməkdə ittiham etmişdi. Ankara-Pekin diplomatik əlaqələrinə olduqca mənfi təsir edən bir digər hadisə isə 2019-cu ilin fevral ayında baş vermişdi. Belə ki, uyğurların məşhur xalq ozanlarından biri olan Əbdürrəhim Heyitin işgəncələrə məruz qalaraq öldürülməsi xəbərinin yayılması Türkiyə ictimaiyyətində ciddi rezonansa səbəb olmuşdu. Türkiyə Xarici İşlər Nazirliyi Sözçüsünün adı keçən ozanın ölümüylə bağlı sərt bəyənat verməsinin ardından Çin tərəfi Əbdürrəhim Heyitin yaşamasına dair video material paylaşmaqla rəsmi Ankaranın ittihamlarının əsassızlığını sübut etməyə çalışmışdı. 2015-ci ildə Taylanda sığınmış 109 uyğurun Pekinin təzyiqiylə Çinə deportasiya olunması da Türkiyə Xarici İşlər Nazirliyinin qınadığı, lakin ölkələrarası ciddi böhrana səbəb olmayan hadisələrdən biri kimi tarixə düşüb. Bir digər bənzər hadisə isə 2015-ci ildə Çin rejiminin Ramazan ayında uyğur əsilli şagird, müəllim və dövlət işçilərinə oruc tutulmasıyla bağlı tətbiq etdiyi qadağaların dünya mediasına çıxmasıyla baş vermişdi. Türkiyəli milliyətçilər tərəfindən qəzəblə qarşılanan bu xəbər Türkiyədə Çin mallarına qarşı boykot çağırışlarıyla nəticələnmişdi. Eyni zamanda, bütün bu hallar Türkiyədə sinofobiyanın  yayılmasına təsir etmişdir ki, bunu ultra-milliyətçi, ülkücü qrupların çinli turistlərə qarşı təşkil etdikləri hücumlardan da görə bilərik (səhvən qeyri-çinli olan digər Şərqi və Cənub-Şərqi Asiya mənşəli xalqlara hücumlar da olub).

Ötən əsrin 50-ci illərində Ankaranın Qərb blokuna yaxınlaşmasıyla anti-kommunist cəbhəyə qoşulması hakim partiyaların uyğur milliyətçi liderləri ilə sıx əlaqələr saxlamasına münbit geosiyasi şərait yaratmışdı. Yeri gəlmişkən, Türkiyədə məskunlaşmış uyğurların kiçik bir qismi Mustafa Kamal Atatürkün (1881 – 1938) 1932-ci ildəki dəvəti ilə ölkəyə təhsil almaq üçün gələn gənc tələbələrdən ibarət idi. Uyğur diasporasının çiçəklənmə dövrü kimi xarakterizə edilən Soyuq Müharibə illərində (1947 – 1991) uyğurların xaricdəki əsas dayaq nöqtəsi Türkiyə hesab edilirdi. Bütün həyatı boyu uyğurların müstəqilliyi uğrunda mübarizə aparmış mühacirətdə olan əsas siyasi fiqurlardan biri İsa Yusif Alptəkin (1901 – 1995) həmvətənlərinin Türkiyədə məskunlaşmasında müstəsna rol oynayıb. Uyğur məcburi köçkünlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı xəttilə Türkiyəyə gətirələrək həm vətəndaşlıqla, həm də maddi dəstək və imtiyazlarla təmin olunurdular. Türkiyənin dövlət xadimləri Turqut Özala (1927 – 1993) və Süleyman Dəmirələ (1924 – 2015) yaxınlığı ilə tanınan Alptəkin çox çalışsa da, Qərbin diqqətini uyğur məsələsinə çəkməyə nail ola bilmir. Uyğurların Tükiyədəki mövqeyi güclü olsa da, bu dövrdə Qərbin bütün diqqətini əsas rəqibi olan SSRİ ilə mübarizəyə cəmləməsi Çinlə bağlı məsələlərin ikinci plana atılmağına səbəb olmuşdu. Uyğurlara qarşı xüsusi rəğbət bəsləyən Turqut Özal şəxsi münasibət saxladığı Alptəkinin fəaliyyətini dəstəkləməklə yanaşı, Şərqi Türküstanın da Mərkəzi Asiya Türk dövlətləri kimi müstəqil olacağı günü arzuladığını bildirmişdi.

Uzun müddət özünü dünyadan təcrid edən Çin rejimi uyğurların ölkə hüdudlarından uzaqdakı fəal lobbiçilik fəaliyyətinə və Türkiyənin bu istiqamətdəki sistematik dəstəyinə əhəmiyyət verməsə də, 1990-cı illərin əvvəllərindən başlayaraq Türkiyə dövlət başçılarını müxtəlif yollarla (medya, siyasi tribuna və s.) tənqid atəşinə tutmuşdur. Çin və hətta Türkiyə iqtidar nümayəndələrinin bəziləri əleyhinə çıxsa da, o vaxtkı İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri R.T. Ərdoğan 1995-ci ilin aprel ayında İstanbulun tarixi mərkəzi olan Sultan Əhməd Meydanında İsa Yusif Alptəkinin adını daşıyan park saldırır. Parkın təntənəli açılışında iştirak edən şəhər meri Ərdoğan Şərqi Türküstanın çinliləşdirilməsi kimi mövzulara toxunaraq mühacir öndər Alptəkinin Türküstan uğrunda gördüyü işlərin önəmindən danışır. Bununla belə, adıçəkilən parkın açılışından 8 il sonra isə Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı kimi Pekini ziyarət edən AKP-nin sədri Ərdoğan Vahid Çin ərazi bütövlüyü prinsipinə dəstək nümayiş etdirərək Çin Kommunist Partiyasının (ÇKP) separatizmə qarşı mübarizəsini alqışlamışdır. Mahiyyət etibarilə, Soyuq Müharibənin bitməsindən sonra Türk-Amerikan ittifaqının zəifləməsi, davamında Çinin dünya iqtisadiyyatının lokomativlərindən birinə çevrilməsi rəsmi Ankaranın Çin siyasətində daha praqmatik və məqsədyönlü addımlar atmasına gətirib çıxardır.

Şübhəsiz ki, uyğur türklərinin etnik tərkibi, dini inancları, o cümlədən regionun sərhəd olduğu ölkələr, coğrafi mövqeyi, təbii ehtiyatları və s. kimi nüanslar ÇKP-nin SUMR-a ölkənin digər bölgələrindən daha fərqli münasibət göstərməsinə rəvac verib. Üstəlik, sözügedən regionun Kəmər və Yol təşəbbüsünün qərb istiqamətində uzanan ticarət dəhlizləri üzərində yerləşməsi, eyni zamanda KYT-nin əsas ticarət arteriyalarından biri olan və Çinin Hind Okeanına Pakistan üzərindən çıxışını təmin edən Çin-Pakistan Ticarət Dəhlizinin də burdan keçməsi regionun çəkisini daha da artırır. Çinin ucqar şimal-şərq sərhədlərini təşkil edən bu nəhəng bölgənin (1.7 milyon km²-ə yaxın) Mərkəzi Asiyanın türk dövlətləri ilə yanaşı, dini ekstremizmin tüğyan etdiyi Əfqanıstanla da həmsərhəd olması rəsmi Pekinin narahatlığını artıran başlıca amillərdəndir. Bu konteksdə, 1989-cu ildə baş vermiş Tiananmen hadisələri və 1991-ci ildə Mərkəzi Asiyada türk dövlətlərinin müstəqillik əldə etməsi ÇKP-nin SUMR-u daha çox sıxmasına və təzyiq vasitələrini artırmasına gətirib çıxartmışdır. Bəlli ki, vaxtilə ən böyük müttəfiqi olduğu SSRİ-nin gözlənilmədən dağılmasından sonra oxşar ssenarinin yaşanmasından narahat olan ÇKP nümayəndələri etnik separatist meyilləri beşikdəcə boğmağa qərarlı olublar. Digər tərəfdən isə sistematik təzyiqlər nəticəsində xaricə köçən uyğurların sayında ciddi artım yaşanıb. Bu da öz növbəsində beynəlxalq arenada uyğurların effektiv şəkildə təşkilatlanmalarına və güclü diaspor şəbəkəsinin formalaşmasına şərait yaradır.

Əfqanıstanda uzun illər davam edən ölkədaxili silahlı münaqişənin və eləcə də zaman-zaman Mərkəzi Asiyada qeyri-ənənəvi dini cərəyanlar və radikal qüvvələr tərəfindən yayılan məzhəbçi ekstremist fikirlərin öz sərhədinə sıçraya bilməsi riskinə qarşı Çin mərkəzi hökuməti illər boyu sərt tədbirlər görmüşdür. Şərqi Türküstan İslam Hərəkatı (Türküstan İslam Partiyası adı ilə də bilinir) və Şərqi Türküstan Azadlıq Təşkilatı kimi Çinin ərazi bütövlüyünə təhdid doğuran SUMR mənşəli silahlı qrupların (Çin və bəzi dövlətlər tərəfindən terror təşkilatı olaraq qəbul olunurlar), Əl-Qaidə və Taliban daxil bir sıra separatçı və cihadçı qüvvələrlə sıx əlaqə saxlaması anti-terror tədbirlərini gücləndirməyə səbəb olur. Çinin müxtəlif şəhərlərində dəfələrlə qanlı terror aktları törətmiş, eyni zamanda Pakistan və Əfqanistanda güclü ideoloji dayaqları olan Şərqi Türküstan İslam Hərəkatı 2013-cü ildən bəri Suriya vətəndaş müharibəsində fəal iştirak edən cihadçı qruplardandır. Uyğur məsələsini milli təhlükəsizlik doktrinası çərçivəsində ələ alan rəsmi Pekin, Mərkəzi Asiya ölkələrinin də üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) nəzdində 3 şeytan adlandırdığı destruktiv hərəkatlara (terrorizm, radikalizm ve separatizm) qarşı hərbi-strateji tərəfdaşlarıyla birgə mübarizə aparmasını müəyyən aralıqlara dünyaya nümayiş etdirir. Bu minvalla Pekin uyğurların separatçı hərəkatlarına potensial dəstək göstərə biləcək Mərkəzi Asiya mənşəli islami ekstremist qrupların fəaliyyətini ŞƏT vasitəsilə izləməyə və nəzarətdə saxlamağa müvəffəq olur.

Si Cinpin hakimiyyətinin terrorla mübarizə adı altında regionda təzyiq mexanizmlərini və təsir rıçaqlarını artırması, xüsusən də Qərb dövlətlərinin beyinyuma, assimilasiya, əmək və ya həbs düşərgələri, Çinin isə peşə, reabilitasiya, təlim və ya təhsil mərkəzləri adlandırdığı islah düşərgələrində minlərlə uyğur daxil olmaqla, regionda yaşayan digər müsəlman etnik qrupların nümayəndələrinin (yerli müsəlman qazaxlar və özbəklər) saxlanılması xəbəri 2017-ci ildən uyğur məsələsini yenidən dünya və Türkiyə gündəminə gətirib. Əlbəttə ki, dünya ictimaiyyətinin insan hüquqlarının pozuntusu kimi dəyərləndirdiyi kütləvi həbslərin həyata keçirilməsi, dindar qrupların təzyiqlərə məruz qalması, yüksək kalibrli kommunikasiya texnologiyaları hesabına regionun daimi olaraq nəzarət altında saxlanılması, hakim partiyaya loyal hesab edilməyənlərin yenidən təhsil adı ilə düşərgələrdə məcburi olaraq təlimlərə cəlb edilməsi rəsmi Pekin tərəfindən anti-terror tədbirlərinin bir hissəsi kimi qələmə verilir. Çinin Böyük Britaniyadakı səfiri Liu Siaominin (Liu Xiaoming) qeyri-insani vəziyyətlə bağlı ona ünvanlanmış suala 3 il öncə verdiyi cavabda da bunu görə bilirik. Belə ki, düşərgələrin yalnızca tədris məqsədilə qurulduğunu və BBC Panorama tərəfindən həmin yerlərdəki acınacaqlı vəziyyətin ifşası ilə əlaqədar yayılmış sənədlərin saxta olduğunu qeyd edən Çin səfiri, yerli əhalinin hökumətin həmin regionda həyata keçirtdiyi dövlət siyasətini dəstəklədiyini və ümumiyyətlə görülən preventiv işlərin regionda terrorizmin və mütəşəkkil cinayətkarlığın qarşısını böyük ölçüdə aldığını vurğulamışdır. Həmçinin verilişlərin birində eyni səfirin həbslərlə bağlı ona təqdim edilmiş video görüntüyə cavab verməkdə çətinlik çəkdiyini görürük. Bundan başqa, 2022-ci ilin dekabr ayının 30-da Çinin yeni Xarici İşlər Naziri olaraq vəzifəsinin icrasına başlamış Çin Qanq da (Qin Gang) Çinin ABŞ-dakı səfiriykən NPR xəbər portalına 2022-ci ilin  yanvar ayında verdiyi müsahibədə uyğurlarla bağlı ittihamları dezinformasiya adlandırmaqla yanaşı, onların bəzilərinin terrorist olmasını və yerlərinin həbsxana olduğunu qeyd etməsi də həmin vaxt müzakirələrə səbəb olmuşdu.

Ümumiyyətlə, Çin hökumət rəsmiləri uyğur məsələsi bağlı paylaşılan sənəd və materialların Çinin imperialist rəqibləri tərəfindən həyata keçirilən qaralama kampaniyası və suveren bir dövlətin daxili məsələlərinə müdaxilə kimi qiymətləndirir. Etnik təmizləmə zəminində günahsız insanların həbs edilərək işgəncə və fiziki zorakılığa məruz qalmasıyla bağlı Qərb dövlətlərinin irəli sürdüyü ittihamları qətiyyətlə təkzib edən Pekin eyni zamanda müstəqil ekspert qruplarının regionda şəffaf şəkildə araşdırma aparmaqlarına şərait yaratmaqdan yayınır. Bu xüsusda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da 2022-ci ilin dekabr ayının 29-da baş tutan çıxışında Türkiyənin Pekindəki səfirinin 5 il ərzində Sincan-Uyğur Muxtar Regionuna səfərinin baş tutmamasından şikayətlənib. Nazirin açıqlamalarına əsasən, rəsmi Pekin ziyarətin ancaq onların cızacağı plan əsasında mümkün ola biləcəyini bildirməsindən sonra Türkiyə rəsmiləri bu halın səfərin şəffaflığına kölgə sala biləcəyi ehtimalını nəzərə alaraq təklifdən imtina etməyə məcbur olublar.

Türk mediasına baxdığımızda uyğur məsələsi ilə bağlı bir neçə fundamental yanaşmanın mövcud olmasının şahidi oluruq. Müxalif cəbhəyə görə, Ərdoğan hakimiyyəti maliyyə vəziyyətinin kəskin pisləşdiyi bir dövrdə Çinlə olan iqtisadi əlaqələrə xələl gəlməməsindən ötrü uyğur məsələsinin üzərində yetərincə durmur. AKP rejiminin Çinin terror təşkilatı olaraq qəbul etdiyi Dünya Uyğur Qurultayının sədri və Amerika Uyğur Assosasiyasının prezidenti Rəbiyyə Qədirin Türkiyəyə səfər etmə istəyini iki dəfə rədd etməsi (2006 və 2007-ci illərdə) müxalifətin iqtidarı ən çox tənqid etdiyi məqamlardan biridir. Rəbiyyə Qədir rəsmi Ankaranın Çinin kürd məsələsinə müdaxilə edə biləcəyindən narahat olduğu üçün bu problemin onun Türkiyədəki uyğurlarla görüşməsinə əngəl olduğunu 2009-cu ildə nəşr edilmiş bioqrafiyasında qələmə alıb. Dini və etnik mənsubiyyətin təəssübkeşliyini çəkməkdə ön plana çıxan Cümhur İttifaqının (AKP-MHP koalisiyası) parlamentdə çoxluq təşkil etməsi sözügedən məsələyə daha çox həssaslığın göstərilməsinə dair ümidləri artırsa da, iqtidar nümayəndələri ehtiyatlı davranmağa üstünlük verir.

Ana Vətən partiyasının sədri Doğu Pərinçəyin başında olduğu anti-imperialist ifrat solçu bir qrup isə uyğur məsələsinin ABŞ tərəfindən süni olaraq şişirdilməsinə, bu minvalla da Türkiyəylə Çinin arasını vurmağa hesablanmış geosiyasi bir layihə olduğuna inanır və Ankaranı təmkinli davranmağa və spekulyasiyalara uymamağa çağırır. Bundan başqa, son vaxtlarda iqtidar nümayəndələri arasında Avrasiyaçılıq ideologiyasına (Rusiya və Çinlə müttəfiqliyi strateji zərurət hesab edən Qərb əleyhdarı sekulyar solçu millətçi bir cinah) qarşı rəğbətin yaranması, mərkəzi hökumətin Çinin uyğur siyasətinə qarşı tərəddütlü mövqeyinin arxasındakı bir digər həlledici amil kimi təqdim edilir. Daha da maraqlısı budur ki, AKP məlum məsələyə görə laqeyd davranmaqda günahlandırılsa da, Türkiyəli mütəxəssislər ölkədə iqtidara gələcək rəqib siyasi partiya və ya sabiq dövlət məmurlarından heç birinin uyğur məsələsinə mövcud rejimdən daha çox can yandıracağını güman etmir. Bu vəziyyət əvvəlki illərdə həmin partiyaların təmsilçilərinin iqtidarda olduqları zaman haqqında danışdığımız problemə qarşı göstərdikləri səthi yanaşmayla izah olunur.

Rəsmi Pekin, Çinə səfər edən hər türkiyəli dövlət xadimindən ölkənin ərazi bütövlüyünə və milli təhlükəsizliyinə zərər verə biləcək istənilən qüvvəyə qarşı ÇKP-nin apardığı mübarizəyə Ankaranın hörmətlə yanaşacağının təminatını şifahi də olsa, almaq istəyir. Zaman-zaman Pekin bu istəyinə nail olsa da, ABŞ və Britaniyanın son illərdə Hong Kong, Tayvan və Tibet məsələləri ilə yanaşı (tənqidi məsələlərə bəzi hallarda Çin mənşəli Falun Dafa adlı dini cərəyan müridlərinin Pekin tərəfindən sıxışdırılması da daxil edilir), uyğur problemini də mütəmadi olaraq gündəmə gətirməsi rəsmi Ankaranı iki ölkəni qarşı-qarşıya qoyan mövzudan kənarda qalmasına imkan vermir. Üstəlik, özünü bir zamanlar bütün İslam dünyasının xəlifəliyini üstlənmiş bir imperiyanın davamçısı olaraq görən cəmiyyətdə din və dil qardaşlarının başına gətirilənlərə biganə qalmağın düzgün olmadığı fikrinin hakim olması Ankaranın uyğur məsələsində prinsipial mövqe nümayiş etdirməsini təşviq edən etno-kultural faktorlardan biri hesab etmək olar. Türkiyə 2019 və 2020-ci illərdə BMT-nin Çindəki insan hüquqlarının tənqidinə dair sənədi imzalayan 23 ölkə arasında olmasa da, 2021-ci ildə rəsmi Ankara əvvəlki illərdən fərqli mövqe ortaya qoyaraq adıkeçən sənədi imzalayan 43 ölkədən biri olmağa qərar verir. Bundan başqa, 2021-ci ilin noyabr ayında Erdoğan İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin iclasındakı çıxışında uyğur məsələsini nəzarətdə saxladığını açıqlamışdır. Beləliklə, uzun müddət ərzində uyğurların Çin idarəçiliyi altında sülh və əmin-amanlıq şəraitində yaşayacaqlarına ümid bəslədiyini və yaşanan böhranlarla bağlı narahatlığını bildirməklə kifayətlənən AKP iqtidarınının son iki ildə daha qətiyyətli addımlar atmasının şahidi olduq.

Türkiyənin Çindən qaçan uyğur miqrantlara 70 ildir ki qucaq açması (ilk vaxtlarda uyğur köçkünlər vətəndaşlıqla təmin olunurdusa, son illərdə əksər hallarda müvəqqəti və ya daimi yaşamaq üçün icazələr verilir) Ankara-Pekin gərginliyini artıran bir digər məqamdır. Hazırda təkcə İstanbulda 30-50 min aralığında uyğur türkünün yaşadığı təxmin edilir. Uyğurlar Türkiyədə güclü lobbiçilik fəaliyyətinə malik diaspora formalaşdırmağa nail olublar. Getdikcə Pekindən maliyyə və texnoloji cəhətdən asılı vəziyyətə gələn Ərdoğan rejiminin uyğur qaçqınların Çinə geri qaytarılmasında və ya hər hansı formada Çinə təhvil verilməsində rolunun olmasına dair iddialar olsa da, rəsmi dövlət qurumları bununla bağlı qeyd edilən ittihamları təkzib edir. Digər tərəfdən də, Türkiyəyə pənah gətirən uyğur miqrantların bir qisminin Türkiyə üzərindən Suriyaya gedərək İŞİD terror təşkilatına qoşulmaları barədə xəbərlərin yayılması böhranlı vəziyyəti daha da müşkül hala gətirir. Uyğur adının qlobal terror qruplaşmalarıyla bir yerdə hallanması Çinin ölkədaxili təzyiqləri artırmasına fürsət yaradır. Pekinin ciddi səylərinə rəğmən, Türkiyəyə sığınan uyğurların Çinə qaytarılması halları baş verməsə də, 2017-ci ildə iki ölkə arasında cinayət törətmiş şəxslərin təhvil verilməsinə dair imzalanan sənəd ciddi təşvişə səbəb olub. 

Kürd problemi Pekinin gündəliyində

Son vaxtlar Türkiyənin uyğur problemi ilə bağlı BMT vasitəsilə göstərdiyi mövqeyə qarşılıq olaraq, Çin tərəfi də kürd kartını işə salmaqla cavab verir. Uyğur məsələsinin bir çox aspektdən kürd məsələsi ilə eynilik təşkil etdiyini xatırladan Çin rəsmiləri Türkiyəli həmkarları ilə hər görüşdə beynəlxalq terrorizmə, etnik separatizme və dini ekstremizme qarşı birgə fəaliyyətin önəmini diqqət mərkəzində saxlamağa çalışıb.

Dünyanın ən böyük ölkəsiz xalqı hesab edilən kürdlərin ümumi sayı 25-30 milyon ətrafındadır. Orta Şərqin 4 müsəlman ölkəsinin hüdudları daxilində (Cənub-Şərqi Türkiyə, Şimal-Qərbi İran, Şimali İraq və Şimal-Şərqi Suriya) yaşayan kürdlər son bir əsrdə müstəqillik və muxtariyyət uğrunda mübarizə aparıblar. Bu ölkələrin sərhəd əraziləri boyu məskunlaşmış kürdlər hər dörd dövlətin hökumətləri tərəfindən ərazi bütövlüyü üçün ciddi təhlükə mənbəyi hesab edilib. Ələlxüsus, Türkiyə kürdlərinin separatçı meyilləri xeyli müddətdir ki, davam edən türk-kürd münaqişəsinin əsasını təşkil edib. Cumhuriyyət quruculuğunun ilk dönəmlərində həyata keçirilən türkləşdirmə siyasətindən nəsibini alan Anadolu kürdlərinin uzun illər boyu milli kimliklərinin sıxışdırılması etno-millətçiliyin və hökumət əleyhinə əhval-ruhiyyənin formalaşmasına zəmin yaradıb. Kürd mənşəli terror təşkilatı olaraq qəbul edilən Kürdüstan Fəhlə Partiyasının (PKK) Türkiyənin müxtəlif şəhər və regionlarında minlərlə insanın ölümü ilə nəticələnmiş qanlı terror aktları törətməsi, Ankaranı kürd vətəndaşlarına qarşı nəzarət və təzyiq mexanizmlərini gücləndirməyə vadar edib ki, bu da öz növbəsində həlli müşkül olan kürd məsələsinin doğmasına rəvac verib. AKP hökuməti kürd məsələsinin köklü həlli yönündə bir sıra rasional təşəbbüslər (çözüm süreci) irəli sürsə də, hələ ki, yekun bir nəticə hasil olmayıb. Yuxarıda adı sadalanan dövlətlər içərisində say baxımından ən çox kürdün yaşadığı ölkə Türkiyə olsa da (dəqiq rəqəmlər mövcud olmasa da, ümumi ölkə əhalisinin 15-20%-ni təşkil etdikləri təxmin edilir), hazırda kürdlərin siyasi olaraq ən fəal olduğu dövlət İraqdır. İraq müharibəsindən (2003 – 2011) sonra mərkəzi hakimiyyətin zəifləməsindən dolayı ölkədə yaranmış siyasi qarışıqlıqdan istifadə edən yerli kürdlər Şimali İraq torpaqlarında (İraq Kürdüstanı) öz siyasi mövqelərini möhkəmləndirmiş və xarici təmaslarını inkişaf etdirməyə müvəffəq olmuşlar. İraq kürdləri üçün beynəlxalq siyasi-iqtisadi təmaslar içərisində ən vacib oyunçulardan biri də Çin olmuşdur.

Müasir Kürd-Çin əlaqələrinin tarixi ötən əsrin ortalarına qədər gedir. Belə ki, kürd liderlərindən Cəlal Tələbani ilk dəfə 1955-ci ildə Çinə gedərək siyasi dəstək arayışlarına girişsə də, ÇKP kürd milliyətçilərin ümidini puç edir. Yarım əsr sonra isə 2003-cü ildə Kürdüstan Vətənpərvərlər Birliyinin (KYB) sədri və İraq Müvəqqəti İdarə Heyətinin üzvü, daha sonra isə İraqın ilk qeyri-ərəb prezidenti olacaq Cəlal Tələbani (2006 – 2014) Pekində vacib qonaq qismində qarşılanır. Pekinin kürdlərə qarşı rəğbətinin yaranması İraq müharibəsinin (2003 – 2011) başlamasıyla üst-üstdə düşür. Çinin nəhəng istehsalat sənayesinin ehtiyac duyduğu zəngin neft yataqlarının İraqın şimalında kürdlərin kompakt yaşadığı ərazilərdə yerləşməsi ÇKP-nin kürdlərə qarşı isti münasibətinin özəyini təşkil edir. Adətən, beynəlxalq konfliktlərdən uzaq durmağa çalışan Çinin dünyanın ən qaynar nöqtələrindən biri olan İraq Kürdüstanının inzibati mərkəzi Ərbil şəhərində konsulluğunun fəaliyyət göstərməsi bir çox mətləblərə aydınlıq gətirir. İraq kürdlərinin uyğurların da üzv olduğu İŞİD-ə qarşı silahlı mübarizə aparmaları da Çin-Kürd yaxınlaşmasına təsir edən bir digər amildir. Kürdlərlə iqtisadi əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verən rəsmi Pekin Ərbil şəhərinə böyükhəcmli investisiya qoyuluşlarını artan xəttlə davam etdirir. Çin-Kürd əməkdaşlığı təhsil, kənd təsərrüfatı, tikinti, humanitar və s. kimi sektorlarda özünü göstərir. Koronavirus pandemiyasının çətin vaxtlarında Çinin İraq Kürdüstanını tibbi ləvazimat və peyvəndlə təmin etməsi regiondakı vəziyyəti Pekinin lehinə dəyişib. Yardım xarakterli humanitar layihələr konstruktiv əməkdaşlığın inkişafına və tərəflər arasında daha sıx koordinasiyanın formalaşmasına kömək edib. Çinin transmilli korporasiyaları İraq Kürdüstanında möhkəmlənmək uğrunda Türk və İran mənşəli kommersiya şirkətləri ilə rəqabət halındadır. Kürdlərlə münasibətlərini iqtisadi çərçivədə məhdudlaşdırmağa çalışan ÇKP  hökuməti, bundan dolayı birincilərin 2007-ci ildə Pekində siyasi təmsilçilik açma təklifinə razılıq verməmişdi.

Son bir neçə ildir ki, Pekin Universitetinin Ərəb dili fakültəsi nəzdində və Pekin Xarici Dillər Universitetinin Asiya-Afrika fakültəsi nəzdində Kürd dili dərsləri də təşkil edilir. Çində adətən dövlət üçün strateji əhəmiyyəti olan xarici dillərin tədris olunması ənənəsini nəzərə alsaq, ÇKP-nin kürd məsələsinə verdiyi önəmi anlamış olarıq. Mədəni əlaqələrin inkişafı yönündə görülən işlərə misal olaraq, 2019-cu ildən etibarən Ərbildə yerləşən Səlahəddin Universitetində Çin dili ixtisasının tədris olunmasını göstərə bilərik. Çinin  Ərbil Konsulluğunun maddi və texniki dəstəyi hesabına ərsəyə gələn Çin dili şöbəsi bütün İraqda və kürd dünyasında Çin dili üzrə tədris prosesini həyata keçirən ilk və yeganə mərkəz hesab edilir. Əlbəttə ki, Pekin özünün də düşmüş olduğu vəziyyətdən dolayı kürdlərin hər hansı bir suveren dövlətin ərazi bütövlüyünə və ya milli təhlükəsizliyinə təhdid yarada biləcək separatçı fəaliyyətini dəstəkləməkdən olduqca uzaqdır. Lakin son illərdə daha sərt diplomatik ritorikaya və aqressiv xarici siyasi kursa üstünlük verən Si Cinpin iqtidarının insan hüquqlarının pozuntusu ilə bağlı ÇKP-ni tənqid edən hökumətlərin öz ölkələrində etnik zəmində mövcud problematik məsələləri qabartmaqla cavab verdiyini müşahidə edirik.

Bundan savayı, son bir neçə ildə Çin diplomatları Türkiyənin Şimali Suriya və İraqdakı hərbi əməliyyatlarını tənqid edən çıxışlarla da Ankaranın uyğur məsələsi ilə bağlı mövqeyinə cavab verir. Misal olaraq, Çinin BMT yanında daimi nümayəndəliyi, Türk Silahlı Qüvvələrinin ölkənin Cənub-Şərqi sərhədlərinin təhlükəsizliyini təmin etmə adı altında 2021-ci ildə Suriyada keçirtdiyi genişmiqyaslı hərbi əməliyyatların suveren ölkənin ərazisinə kobud şəkildə müdaxilə və beynəlxalq hüquqa zidd olduğunu bildirərək tənqid etmişdi. Əlavə olaraq, İstanbulun əsas turistik məkanlarından biri olan İstiqlal küçəsində (İstiklal Caddesi) 2022-ci ilin noyabr ayında törədilən bombalı terror aktına görə Türkiyənin PKK-nın Suriya qolu hesab edilən YPG-nin (Xalq Mühafizə Dəstələri) və SDF-nin (Suriya Demokratik Qüvvələri) Suriyadakı düşərgələrinə aviazərbələr endirməsi Çin və Türkiyənin BMT-dəki nümayəndələrini yenidən qarş-qarşıya gətirmişdi. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Çinin Yaxın Şərqdə strateji maraqları artdıqca Türkiyənin regiondakı militarist fəaliyyətlərini və geostrateji həmlələrini pisləməsi hallarının yaxın gələcəkdə daha da intensivləşəcəyini güman etmək olar.

Nəticə

Son iki il ərzində qlobal və regional miqyaslarda baş verən geosiyasi hadisələrdən doğan dramatik dəyişikliklərin Ankara-Pekin əlaqələrinin dinamikasına təsir etdiyini və bundan sonra da artan xəttlə təsir edəcəyini görmək mümkündür. Ələxüsus, türk əsilli dövlətlərin Türk Dövlətləri Təşkilatı (TDT) nəzdində beynəlxalq arenada daha əvvəl görünməmiş ölçülərdə həmrəylik nümayiş etdirmələri, Mərkəzi Asiya Türk dövlətlərinin Kremlin orbitindən sürətlə uzaqlaşması, Ankaranın İkinci Qarabağ və Rus-Ukrayna müharibələrindən sonra istər Cənubi Qafqazda, istərsə də Mərkəzi Asiyada mövqeyini möhkəmləndirməsi, həmçinin TDT sammitlərində dövlət başçıları səviyyəsində türk dünyasının təkcə türkdilli dövlətlərdən ibarət olmamasının vurğulanması, əlbəttə ki, Çin rəsmi qurumları tərəfindən birmənalı qarşılanmamış ola bilər. Sadalanan faktorlardan başqa, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından Türk Dövlətləri Təşkilatına dəyişdirildiyi 2021-ci il 12 noyabr tarixinin  müvafiq olaraq, 1933 və 1944-cü illərdə bugünkü Şimal-Qərbi Çində xaotik bir geosiyasi vəziyyətin ortasında əsasları qoyulan birinciikinci Şərqi Türküstan Respublikalarının qurulduğu tarixlərlə üst-üstə düşməsi faktı da (uyğur türklərinin əsasını qoyduğu hər iki dövlətin yaranma tarixi 12 noyabra təsadüf edir) bir digər maraqlı məqamdır.

Ümumiləşdirəsi olsaq, tərəflər hər nə qədər bəlli siyasi məsələlər üzrə vaxtaşırı olaraq fikir ayrılıqları və ziddiyətlər yaşasa da, hətta bunlara görə dünya ictimaiyyəti qarşısında bir-birlərini ciddi şəkildə tənqid etsələr də, istər siyasi-iqtisadi müstəvidə, istərsə də ictimai-mədəni və humanitar sahələrdə birgə əməkdaşlıqlarının sayını artan xəttlə davam etdirməyə meyillidirlər. Təsadüfi deyil ki, 2009-cu ildə baş vermiş qanlı Urumçı hadisələrindən cəmi bir il sonra iki ölkə arasında bir çox sahəni əhatə edən strateji əməkdaşlıq sazişi imzalanıb. Digər tərəfdən isə vəziyyətin hər dəfə böhran səviyyəsinə çatması tərəflər arasında vahid koordinasiyanın və zəruri kommunikasiyanın olmamasına dəlalət edir.

Nəticə etibarilə, AKP rəsmilərinin çıxışlarından gəlinən nəticə odur ki, uyğur problemi təkcə Türkiyənin zaman-zaman narahatlığını ifadə etməsiylə həllinə tapa biləcək məsələ deyil. Başqa sözlə, Ankaranın Çinin uyğur siyasətinə təsir edə biləcək nə iqtisadi potensialı, nə də siyasi gücü var. Bunun üçün digər ölkələrin də həmrəylik nümayiş etdirməyi labüddür. Hər halda, haqqında danışdığımız mövzuyla bağlı Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı kimi etnik və dini mənsubiyyət əsasında qurulmuş beynəlmiləl əməkdaşlıq ittifaqlarının daha konkret və nəticəyönümlü addımlar atması gözlənilir. Fəqət görünən odur ki, Çindən böyük ölçüdə iqtisadi asılılığı olan Mərkəzi Asiyanın ən güclü türk dövləti və Sincan-Uyğur Muxtar Regionu ilə birbaşa sərhədi olan Qazaxıstanın və ya türk dövlətləri içərisində uyğurlara ən yaxın xalq hesab edilən və son bir neçə ildə Pekinlə dərin iqtisadi əlaqələr quran Özbəkistanın (özbək və uyğurların hər ikisi türklərin Karluk boyuna mənsubdur) bu məsələ ilə bağlı hər hansı ciddi narahatlıqları yoxdur. Körfəz neftinin ən  böyük idxalçılarından biri olan Çinlə münasibətlərin hər hansı bir səbəbdən ötrü korlanması ərəb ölkələri üçün də maraqlı olmaz. Xüsusən də, Çin və Səudiyyə Ərəbistanın bu yaxınlarda ölkələrarası geoqitisadi və strateji əlaqələrin möhkəmlənməsi istiqamətində atdıqları addımları nəzərə alsaq.

Bütün bunları və əlbəttə ki, daha əvvəl haqqında danışdığımız iqtisadi əlaqələri və strateji maraqları nəzərə aldıqda rəsmi Ankaranın sözügedən xüsusda ehtiyatlı davranmasının səbəblərini anlamış oluruq. Digər tərəfdən, dünyadakı qütbləşmənin dərinləşməsi fonunda bir çox dövlətin uyğurkürd problemləri ilə bağlı məsələlərdə dilemma qarşısında qalacağını və balansı qorumaqda çətinlik çəkəcəyini görəcəyik. Uzunmüddətli perspektivdə uyğur böhranının daha da qəlizləşəcəyini, bunun da ölkələrarası diplomatik əlaqələrdə özünü büruzə verəcəyini və dolayı yolla da konfliktli münasibətlərin və böhranlı vəziyyətlərin yaranacağını proqnozlaşdırmaq çətin deyil.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.