fbpx

Cəmiyyət

Cəmiyyət

Xarici dünya mövcuddurmu?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Fəlsəfənin mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, böyük əksəriyyətin sorğulamadan qəbul etdiyi fundamental inamlarımızın doğru olmasına da şübhəçi yanaşa bilir. Belə inamlardan ən mühümlərindən biri stol, ağaclar, heyvanlar, ulduzlar və s. kimi bizdən kənarda yerləşən nəsnələr və ya bütövlükdə dünyanın mövcud olması haqqında inamdır. Biz inanırıq ki, həmin nəsnələr mövcuddur və onlar filan-filan cür xüsusiyyətlərə – məsələn, stolun üstü düzbucaqlı formaya, ağac yaşıl rəngə və s. – malikdir. Bununla belə, fəlsəfədə şeylərin bizə verilən xüsusiyyətlərə həqiqətən malik olmalarını və ya bizdən kənar dünyanın mövcudluğunu şübhə altına alan fikirlərə də rast gəlinir. (Belə fikirlər Sekst Empirik, Mişel de Monten, Avqustin, Dekart, Yum kimi filosofların əsərlərində geniş yer alır.) Bu yazıda biz bir neçə  müvafiq skeptik arqumenti ümumi olaraq nəzərdən keçirəcəyik.

Gündəlik həyatımızda tez-tez gördüyümüz müxtəlif şeyləri diqqətlə müşahidə etdikdə məlum olur ki, onlar haqqındakı düşüncələrimizdə tez-tez yanıla bilərik. Məsələn, təsəvvür edin ki, otağınızdakı paltar şkafına baxırsınız. Və ona baxaraq inanırsınız ki, o, qəhvəyi rəngdə, dücbucaqlı paralelepiped formasındadır. İlk baxışdan bu inam çoxlarına problemsiz olaraq doğru gəlir; elə şkafınızı görən digər insanların əksəriyyəti də bu inamın doğruluğunu təsdiqləyərdi. Lakin siz şkafınıza daha diqqətlə baxsanız, görərsiniz ki, onun səthi heç də monoton rəngli deyil; işığın düşməsindən asılı olaraq onun səthinin bəzi hissələri digərilərinə münasibətdə daha parlaq və ya ola bilsin, ağımtıldır. Şkafın qabağında durduğunuz yerdən bir az sağa və ya sola hərəkət etsəniz, yaxud işığın şkafın səthinə düşmə istiqaməti dəyişmiş olsa, parlaq və ağımtıl görünən hissələr tündləşəcək, bəzi digər tünd hissələr isə parlaq və ağımtıl görünməyə başlayacaq. Deməli, şkafın hansı rəngdə görünməsi otağın işıqlanması və bizim məkandakı baxış mövqeyimizdən asılıdır. Bundan əlavə, daltoniklərə və ya rəngli eynək taxmış insanlara şkaf tam fərqli rəngdə görünəcək. Otaq qaranlıq olduqda isə o, lap tünd görünəcək və ya heç görünməyəcək. Söylədiklərimizi yığcam şəkildə ifadə etsək, deyə bilərik ki, ilk baxışdan biz şkafın eyni rəngdə olduğunu düşünsək də, əslində, o, müxtəlif baxış bucaqlarından müxtəlif rənglərdə görünür, yəni rəng görən subyektin məkandakı mövqeyi, onun qavrayış aparatının xüsusiyyətləri və işıqlanmadan asılı olaraq dəyişir. Deməli, buradan belə nəticəyə gəlmək olar ki, bizim yataq otağındakı şkaf qəhvəyi rəngdədir inamımız problemlidir, çünki şkafın rəngi subyektdən asılı olaraq dəyişir – o, sabit olaraq qəhvəyi rəngdə deyil; subyektdən asılı olaraq dəyişən rəngi şeyə aid özlüyündə xüsusiyyət hesab etmək yanlış olardı. Buradan isə belə çıxır ki, şkafın bizə təzahür olan rəngini gerçək (yəni zehnimizdən müstəqil mövcudluğa malik nəsnə) hesab edə bilmərik.[1]

Eyni nəticəyə şkafın forması haqqında da gəlmək olar. Çünki şkafın bizə görünən forması da onun rəngi kimi sabit qalmır, müxtəlif baxış bucaqlarından asılı olaraq şkaf müxtəlif formalarda təzahür olur. Düzbucaqlı formaya malik hesab olunan şkafın ön hissəsi, demək olar, bütün fərqli baxış perspektivlərindən iki iti, iki kor bucağa malik formada görünür və biz məkanda yerimizi dəyişsək, iti görünən bucaqlar kor bucaq kimi, kor görünən bucaqlar isə iti bucaq kimi təzahür olacaq.

Düzdür, adətən, belə rəng və forma dəyişikliyini  biz diqqətə almırıq. Perspektivdən asılı olan bu dəyişikliklərə baxmayaraq, bizim qavrayış sistemimiz təzahür olan rəng və formadan “gerçək” hesab etdiyimiz rəng və formanı dərhal hasil edir və bu səbəbdən, biz şkafın eyni rəng və formada qaldığına inanmaqda israrlı oluruq. Lakin bununla belə, qavrayışımıza verilən hissi məlumatlar üzərində refleksiya etdikdə məlum olur ki, rəng nümunəsindəki kimi, biz şkafın sabit formada olduğunu düşünsək də, əslində, onun forması da subyektin məkandakı mövqeyi və qavrayış aparatının xüsusiyyətlərindən asılı olaraq dəyişir. Və əgər şkafın gerçək forması varsa, həmin formanın bu müddət ərzində dəyişməz qaldığını nəzərə alsaq, onda belə çıxır ki, hisslərimizin bizə verdiyi gerçək forma deyil. Başqa sözlə, buradan belə nəticəyə gəlmək olar ki, bizim yataq otağındakı şkaf düzbucaqlı paralelepiped formasındadır inamımıza da şübhə ilə yanaşmağa əsas vardır – ən azı ona görə ki, hisslərimiz onu bizə düzbucaqlı paralelepiped formasında sabit olaraq təqdim eləmir.

Vəziyyət, bu baxımdan, digər hisslərimizlə də bağlı eynidir. Şkafa toxunduqda, o, bizə daim bərklik hissi versə də, yaşadığımız bu hiss bizim ona göstərdiyimiz təzyiqin yüksək olmasından və bədənimizin hansı hissəsi ilə təzyiq göstərməyimizdən asılı olaraq dəyişir. Və ya şkafı döyəclədikdə çıxan səs yenə onu hansı intensivlik və təyziqlə necə döyəcləməyimizdən, eyni zamanda qulağımızın quruluşu, onun səs mənbəyi ilə arasındakı məsafəsi kimi subyektiv amillərdən asılıdır.

Beləliklə, yuxarıda söylənilənlər əsasında gəlinən nəticə bundan ibarətdir ki, şkaf bizdən kənarda və müstəqil olaraq (yəni gerçək) mövcudluğa malik olsa belə, bizim onun xüsusiyyətlərini (rəngini, formasını, bərkliyini və s.) bilməyə birbaşa çıxışımız yoxdur. Biz ən yaxşı halda ehtimal edə bilərik ki, rəng, forma, səs və s. kimi təzahürlər arxasında bir nəsnə (bizim misalda “şkaf” adlandırdığımız nəsə bir şey) var; və həmin nəsnəyə, həmçinin onun xüsusiyyətlərinə təzahürlərdən kənar, vasitəsiz çıxış imkanımız olmasa belə, sözügedən təzahürlərə səbəb olan həmin nəsnə və ya onun xüsusiyyətləridir. Lakin bu halda biz qəbul etməli oluruq ki, nəsnənin özlüyündə necə olması, onun xüsusiyyətlərinin təzahürlərə uyğun gəlib-gəlməməsi ilə bağlı dəqiq biliklərə malik ola bilmərik.

Bu kontekstdə daha da pessimist mövqe tutmaq mümkündür. Çünki təzahürlər arxasında nəsnənin dayandığını biz yalnız ehtimal edə bilərik. Ancaq bununla belə, təzahürlər arxasında ümumiyyətlə gerçək heç bir şeyin olmaması da mümkündür. Yəni bizim zehnimizdən kənar gerçəkliyin mövcud olub-olmadığını ümumiyyətlə bilmək imkanımız yoxdur.

Hisslərimizin bizə dünya haqqında olduğu kimi məlumat verə bilməsini sual altına salmaqla yanaşı, belə radikal mövqeni motivasiya edən əsas arqumentlərin məğzində illuziya,[2] hallusinasiya hallarında və gerçəklik kimi qəbul olunan yuxularda baş verən yanılmalar dayanır. Hallusinasiya kimi hallara, yəni heç bir müvafiq xarici obyekt olmadan, gözə nəyinsə görünməsi hallarına da vaxtaşırı rast gəlinməsi, həmçinin bir sıra hallarda yuxuda olan zaman onu gerçəklikdən fərqləndirə bilməməyimiz, bizə təzahür olunanların ümumilikdə gerçəkliyə uyğun gəlməsinə olan şübhəni daha da gücləndirir. Çünki indi də bizə təzahür olunanların hallusinasiya və ya uzun bir yuxu olub-olmadığını yoxlamaq imkanınız yoxdur və məntiqi baxımdan mümkündür ki, indi yaşadıqlarımız yuxu və yaxud hallusinasiya olsun. Aldadıcı yuxu, illuziya və hallusinasiya hallarına kifayət qədər tez-tez rast gəlinməsi hisslərimizin bizi yanılda bilməsindən xəbər verir. Və madam ki, hisslərimiz bizi yanılda bilir, onda onların bizi digər hallarda da yanıltmadığına yaxşı əsaslandırma olmadan əmin ola bilmərik.

Beləliklə, xarici dünya haqqında bu cür skeptik düşünənlərin fikrincə, şüurlu həyatı yaşadığımız müddətcə fərqli-fərqli təzahürləri təcrübə etsək də, onların gerçəklikdə nəyisə bildirdiyinə əmin ola bilmərik. Əgər bizdən kənar dünya varsa belə, ona birbaşa çıxışımız yanıldıcı ola bilən təzahürlər vasitəsilə mümkün olduğundan, dünya haqqında formalaşdırdığımız inamların tutarlı əsası yoxdur. Və nə qədər ki ortada tutarlı əsas yoxdur, onda bizdən kənar dünyanın bizə təzahür olan şəkildə olmasına, həmçinin ümumilikdə onun mövcudluğuna şübhə etməyə əsas yaranır.

Növbəti yazılarımızda əks mövqeləri də nəzərdən keçirməyə çalışacağıq.

 

Qeydlər və istinadlar:

[1] Əslində, rəng haqqında düşünən zaman iki fərqli rəng anlayışı ağıla gələ bilər. Birincisi, fizikanın təsiri ilə biz deyə bilərik ki, rəng obyektlərin işıq dalğalarını əksetdirmə xüsusiyyətidir, yəni o, şüurdan asılı olmadan mövcuddur. İkincisi, rəngi subyektiv xüsusiyyət kimi qələmə verərək qeyd etmək olar ki, o, obyektin normal müşahidəçiyə normal şərtlər altında təzahür olan bir xüsusiyyətidir. Burada söhbət ikinci rəng anlayışından gedir.

[2] İlluziya hallarına hər bir normal qavrayışa malik insan gündəlik olmasa da, vaxtaşırı olaraq rast gəlir. Məsələn, yəqin ki, çoxumuz isti havada maşınla yol gedən zaman asfalta baxdıqda bizə elə gəlir ki, o hərəkət edir və ya sanki buxarlanır. Başqa bir misal: dəmir yol xəttinin sağ və sol hissələri uzaq məsafədə birləşirmiş kimi görünür, halbuki həmin dəmir yol xətləri boyunca nə qədər hərəkət etsəniz də, heç bir halda birləşmə nöqtəsinə çatmayacaqsınız, çünki elə bir nöqtə yoxdur. Bununla belə, xətlər yenə də uzaq məsafədə birləşirmiş kimi görünməyə davam edəcək. Daha klassik başqa bir misal: düz olan çubuğun yarısını suya salsanız, o, əyri görünəcək.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.