fbpx

Cəmiyyət

Cəmiyyət

Xüsusi ismə tərif vermək olarmı?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Dil fəlsəfəsində müzakirə edilən əsas mövzulardan biri xüsusi isim mövzusudur. Dil filosofları xüsusi ismlə bağlı bir çox fəlsəfi suallara aydınlıq gətirməyə çalışıblar. Nümunə üçün bir neçə suala baxaq: Xüsusi isim öz mənasını, əgər varsa, necə bildirir? Xüsusi isimin referenti – bildirdiyi obyekt – fərz edilə bilən bütün mümkün dünyalarda eynidirmi? Xüsusi isim ilə müəyyənlik təsvirləri[1] arasında nə kimi fərq var? Fikrimizcə, sözügedən sualların içində məntiqi ardıcıllıq baxımından ilk olaraq cavablandırlmalı fəlsəfi sual “hər hansı bir xüsusi ismə tərif vermək mümkündürmü?” sualıdır, çünki sonradan qeyd edəcəyimiz kimi, hər hansı bir anlayışın məzmununu açmaq istədikdə, əvvəlcə, onun tərifini veririk. Əks təqdirdə, məzmunu açılmamış hər hansı bir anlayış bizim üçün məchul olaraq qalacaq. Deməli, xüsusi isimlə bağlı digər fəlsəfi sualları cavablandırmazdan qabaq ona tərif verilməsinin mümkün olub-olmaması aydınlaşdırılmalıdır. Növbəti müvafiq suallar isə məhz bundan sonra aktuallaşa bilər.

Sözügedən sualda məqsəd qrammatika kitablarındakı xüsusi isim termininə tərif verilməsinin mümkün olub-olmamasını müəyyən etmək deyil. Aydındır ki, xüsusi isim anlayışına qrammatik kateqoriya kimi tərif vermək mümkündür. Yazının irəliləyən səhifələrində xüsusi isim termininin tərifi ilə tanış olacağıq. Bununla belə, məqalənin əsas məqsədi Aybəniz, Bakı, Xəzər və s. kimi xüsusi ismin nümunələrinə tərif verilməsinin mümkün olub-olmamasıdır. Bu yazıda sözügedən mövzu ilə bağlı nümunə olaraq İbn Sinanın əl-İlahiyyat kitabında qeyd etdiyi arqumentdən çıxış edərək göstərilməyə çalışacaq ki, hər hansı bir xüsusi ismə tərif vermək heç bir şəkildə mümkün deyil.

1. Xüsusi isim nədir?

Qrammatika kitablarından məlum olduğu kimi, xüsusi isimlər varlığı tək olan nəsnələrin adını bildirir. Bu qrupa daxil olan isimlər bir şəxsi və ya nəsnəni başqalarından fərqləndirmək üçün verilən adlardır. İnsan adları – soyadlar, ləqəb, təxəllüs kimi sözlər, dağ, çay, göl, şəlalə, bulaq, dərə adları, kitab, qəzet, jurnal adları, tək-tək heyvanlara, əşyalara qoyulan adların hamısı xüsusi isimlərdir.[2] Beləliklə, xüsusi isim həmişə müəyyən və konkret bir obyekti bildirir və heç vaxt həmin obyektdən başqasına şamil olmur. Məsələn, Aybəniz xüsusi isimdir, çünki bu adla adlandırılan müəyyən bir şəxsi bildirir və həmin şəxsdən başqasına da şamil olmur; Bakı xüsusi isimdir, çünki müəyyən və konret bir məkanı bildirir və həmin məkandan başqasına da şamil olmur; Xəzər xüsusi isimdir, çünki müəyyən və konkret bir dənizi bildirir və həmin dənizdən başqasına da şamil olmur və s.

2. Tərif nədir?

Xüsusi ismin tərifi ilə tanış olduqdan sonra yazının əsas sualına keçə bilərik: Hər hansı bir xüsusi ismə tərif vermək mümkündürmü? Bu yazıda göstərməyə çalışacağam ki, xüsusi ismə tərif vermək mümkün deyil.[3] Müddəamızın lehinə arqumentimizi qeyd etməzdən öncə gəlin əvvəlcə tərifin tərifi ilə tanış olaq: hər hansı bir şeyə tərif verdikdə, nə edirik?

Hər hansı bir anlayışın məzmununu açmaq istədikdə, əvvəlcə onun tərifi ilə tanış oluruq. Tərif məchul anlayışı məlum anlayışa çevirən məntiqi alətdir. Məntiqdə tərifə belə tərif verilir: tərif – hər hansı bir linqvistik ifadənin (yəni söz, söz birləşməsi və cümlənin) mənasını və ya konseptual məzmununu təyin etmək deməkdir. Tərif iki elementdən ibarətdir: tərif verən anlayış[4] və tərifi verilən anlayış. Çox vaxt sözlərə, bəzən söz birləşmələrinə, nadir halda isə cümlələrə tərif verilir. Tərifin tərifinə diqqət etsək, tərif bəzən linqvistik ifadənin mənasını, bəzən də konseptual məzmununu aydınlaşdırır. İkinci birinicinə nisbətdə daha aydın və aşkar hesab olunur. Məsələn, barometr sözünə tərif vermək istədikdə, ona təyziq ölçən kimi tərif verə bilərik. Bu misalda barometr tərifi verilən anlayış, təyziq ölçən isə tərif verən anlayış hesab olunur. Bu tərif bizə barometr sözünün mənasını aydınlaşdırır. Buna baxmayaraq, verilən tərif bizə qaranlıq və qapalı qalır. Buna görə də kimsə bizə “təyziq ölçən nə deməkdir?” – deyə sual verə bilər. Bu suala verilən “barometr hava təzyiqini ölçmək üçün istifadə olunan elmi alətdir” cavabı isə bizə barometr sözünün konseptual məzmununu aydınlaşdırır. Başqa bir misala baxaq: fəlsəfəmüdriklik sevgisi deyə tərif verə bilərik. Ancaq bu tərif fəlsəfə sözünün mənasını az aydınlaşdırır, sözdəki qaranlığı və qapalılığı aradan qaldırmır. Fəlsəfə sözünə, məsələn, insanın varlıq, bilik və dəyərlə bağlı fundamental suallarını apriori (əqli) metodla araşdıran elm sahəsi kimi tərif versək, bu, fəlsəfə sözünün konseptual məzmununu daha yaxşı aydınlaşdıracaq. Fəlsəfi mövzularda sözlərə tərif verəndə adətən onların konseptual məzmunu aydınlaşdırılır.

3. Müddəamızın lehinə arqument

Tərifin tərifi ilə tanış olduqdan sonra müddəamızın isbatına keçə bilərik. Sözügedən müddəanı, yəni hər hansı bir xüsusi ismə tərif verməyin mümkünsüz olduğunu isbat etmək üçün İbn Sinanın əl-İlahiyyat kitabında qeyd etdiyi arqumentə müraciət edəcəyik.[5] Bu arqumentin məntiqi strategiyası belədir: sübut etməyə çalışdığımız müddəanın, yəni hər hansı bir xüsusi ismin tərifi yoxdur mülahizəsinin əksini, yəni hər hansı bir xüsusi ismin tərifi var mülahizəsini fərz edir, daha sonra bu fərzin ziddiyyətli olduğunu göstərir və buna görə də ilkin fərzdən, yəni hər hansı bir xüsusi ismin tərifi var fərzindən imtina edirik. Beləliklə, aydın olur ki, sübut etməyə çalışdığımız fərzin əksi doğru deyil.

Əgər kimsə xüsusi ismin tərifi yoxdur mülahizəsini qəbul etməsə, onda bu mülahizənin ziddini, yəni xüsusi ismin tərifi var mülahizəsini qəbul etməlidir. Bu fərz əsasında arqumenti belə qururuq:

3.1. Arqumentin forması

1. Hər hansı bir xüsusi ismin tərifi var (fərz).

2. Tərif təsviredici isimlərdən ibarətdir (məntiqi qayda).

3. Təsviredici isim birdən çox predmetə şamil ola bilir (tərif).

4. Xüsusi ismin tərifində qeyd olunan hər bir isim birdən çox predmetə şamil ola bilir (2-ci və 3-cü müqəddimələrə əsasən).

5. Xüsusi isim yalnız bir predmetə şamil ola bilir (tərif).

6. 4-cü və 5-ci mülahizələrin konyunksiyası ziddiyyətlə nəticələnir.

7. Deməli, hər hansı bir xüsusi ismin tərifi yoxdur (1, 2, 3, 4, 5 və 6-cı müqəddimələrə əsasən).

3.2. Arqumentin dəyərləndirilməsi

Gəlin arqumentin müqəddimələrini bir-bir nəzərdən keçirək. Birinci müqəddimədə sübut etməyə çalışdığımız müddəanın, yəni xüsusi ismin tərifi yoxdur mülahizəsinin əksini, yəni xüsusi ismin tərifi var mülahizəsini fərz edirik. Daha sonra belə bir fərzin ziddiyyətlə nəticələndiyini göstərib bu ilkin fərzdən imtina edəcəyik, çünki ziddiyyətsizlik qanununa[6] əsasən, sözügedən hər iki mülahizə – xüsusi ismin tərifi varxüsusi ismin tərifi yoxdur – doğru ola bilməz; ya xüsusi ismin tərifi var mülahizəsi doğrudur, ya da xüsusi ismin tərifi yoxdur mülahizəsi. Birinci mülahizə, bir az sonra göstərəcəyimiz kimi, ziddiyyətlə nəticələndiyinə görə doğru hesab oluna bilməz və beləliklə, ikinci mülahizə – xüsusi ismin tərifi yoxdur – doğru hesab olunacaq.

İkinci müqəddimədə təriflə bağlı məntiqi bir qaydaya toxunulur: tərif təsviredici isimlər vasitəsilə həyata keçirilir. Nəyəsə tərif verdikdə həmin şeyi bu və ya o işarə əvəzliyi ilə işarə etmirik, əksinə, həmin şeyə tətbiq olunan anlayışın məzmununu açmaq məqsədilə onu bizə təsvir edən anlayışlardan istifadə edirik. Məsələn, barometr sözünə tərif vermək istədikdə, ona bu barometrdir və ya o barometrdir, – deyə işarə etmirik, çünki işarə etmək adlandırma hesab olunur; qarşımızdakı əşyaya işarə edərək bu barometrdir dedikdə, həmin əşyanı barometr adı ilə adlandırırıq. Barometrə tərif vermək istədikdə isə onu bizə təsvir edən anlayışlara – atmosfer, təzyiq, ölçmək, cihaz – müraciət edirik: Atmosfer təzyiqini ölçən cihaza barometr deyilir

Üçüncü müqəddimədə təsviredici ismin tərifindən söz açılır: Birdən çox predmetə şamil ola bilən ismə təsviredici isim deyilir. Təsviredici ismi daha yaxşı anlamaq üçün onu məntiqdəki universalpartikular anlayışları ilə müqayisə etmək lazımdır. Universal anlayış birdən çox predmetə şamil ola bilən anlayışa deyilir.[7] Məsələn, insan anlayışı universal anlayışdır, çünki çoxsaylı predmetə şamil olur: İlqar, Samir, Gülnar, Səbinə və s. Kitab, su, dəmir, daş və s. anlayışlar da bu qəbildəndir, çünki bu anlayışların hər birinin şamil olduğu çoxsaylı predmetlər var. Partikular anlayış isə yalnız bir predmetə şamil ola bilən anlayışa deyilir.[8] Məsələn, İlqar xüsusi bir anlayış kimi yalnız müvafiq adla adlandırılan konkret şəxsə şamil olur. Bakı, Xəzər, Neftçi, Feysbuk, və s. anlayışlar da bu qəbildəndir, çünki bu anlayışların hər biri yalnız bir predmetə şamil olur. Başqa sözlə, partikular anlayışlar universal anlayışların əksinə olaraq təkrarolunmaz, tək və individual nəsnələrə tətbiq üçün istifadə olunur. Beləliklə, aydın olur ki, təsviredici isimlər universal anlayışları ifadə edir.[9]

Dördüncü müqəddimə ikinci və üçüncü müqəddimələrdən nəticə kimi çıxarılır, belə ki, əgər tərif təsviredici isimlərdən ibarətdirsə və təsviredici isim də birdən çox predmetə şamil ola bilirsə, onda xüsusi ismin tərifində qeyd olunan hər bir isim, yəni təsviredici isim də birdən çox predmetə şamil olacaq; hətta bir neçə təsviredici isimdən vahid bir isim düzəldilsə belə, yenə də nəticə etibarilə birdən çox predmetə şamil ola biləcək. Başqa sözlə desək, bir universal anlayışı tərif daxilində başqa bir universal anlayış ilə əlaqələndirsək, yenə də universal anlayış hasil olacaq və beləcə, nə qədər universal anlayış əlavə etsək, nəticə dəyişməyəcək, yəni hasil olan anlayış həmişə universal olacaq və heç bir vaxt partikular ola bilməyəcək. Məsələn, su universal anlayışdır, bu anlayışa saflıq adlı universal anlayış əlavə edib saf su desək, hasil olan yeni anlayış – saf su yenə də universal anlayış hesab olunacaq. Şirinlik adlı üçüncü bir universal anlayışı saf su anlayışına əlavə edib şirin saf su desək, hasil olan yeni anlayış – şirin saf su yenə də universal anlayış hesab olunacaq və bu qaydada nə qədər bu anlayışa başqa bir universal anlayış əlavə etsək, nəticə dəyişməyəcək.

İndi isə gəlin İbn Sinanın öz misalı ilə bunun tətbiqinə baxaq. Fəlsəfə tarixindən bildiyimiz kimi, Sokrat eramızdan əvvəl 470–399 illər arasında Afinada yaşamış yunan filosofunun adıdır. Deməli, Sokrat xüsusi isim hesab olunur. Əgər Sokrata tərif vermək istəsək, bunu aşağıdakı şəkillərdə edə bilərik:

1. Sokrat – filosofdur.

2. Sokrat – inanclı filosofdur.

3. Sokrat – haqsız yerə qətlə yetirilən inanclı filosofdur.

4. Sokrat – filankəsin övladıdır.

5. Sokrat – filan şəhərdə filan gündə qətlə yetirilən şəxsdir və s.

Bu tərif verənlərin hər biri sıra ilə Sokratı daha dəqiq təsvir etməyə çalışsa da, onların heç biri müəyyən və konkret bir predmetə şamil olmur, əksinə, birdən çox predmetə şamil ola bilir, çünki təriflərdə işlədilən sözlər – filosof, inanclı filosof, haqsız yerə qətlə yetirilən inanclı filosof, filan şəhərdə filan gündə qətlə yetirilən şəxs – təsviredici isim, yəni universal anlayışı ifadə edir, yəni bu anlayışlar müxtəlif predmetlərə şamil ola bilirlər; məsələn, filosof anlayışının Sokratdan əlavə şamil olduğu başqa predmetlər də var, başqa sözlə, filosof anlayışı təkcə Sokrata şamil olmur, həm də başqalarına şamil olur. Yuxarıda sadalanan digər anlayışlar da bu qəbildəndir. Dördüncü tərifdə qeyd olunan filankəsin övladı anlayışı isə digər anlayışlardan bir qədər fərqlidir, çünki filankəs dedikdə, Sokratın atası Sofroniskos nəzərdə tutulursa, onda Sofroniskosa da – xüsusi isim olduğuna görə – tərif verilməlidir, tərif isə artıq qeyd olunduğu kimi təsviredici isimlərdən ibarətdir, təsviredici isimlər də birdən çox predmetə şamil ola bilən universal anlayışları ifadə edir. Nəticə etibarilə filankəsin övladı da təsviredici isim kimi birdən çox predmetə şamil ola bilir. 

Beşinci müqəddimədə xüsusi ismin tərifinə toxunulur. Qeyd etdiyimiz kimi, xüsusi isim yalnız bir predmetə şamil ola bilən ismə deyilir, başqa sözlə, xüsusi isim partikular anlayış ifadə edir, məsələn, Sokrat xüsusi bir isim kimi yalnız bu adla adlandırılan konkret şəxsə şamil olur, həmin şəxsdən başqasına isə şamil olmur.

Altıncı müqəddimədə isə göstərilir ki, 4-cü və 5-ci müqəddimələrin konyunksiyası ziddiyyətlə nəticələnir, yəni xüsusi ismin tərifində qeyd olunan hər bir isim birdən çox predmetə şamil ola bilir və xüsusi isim yalnız bir predmetə şamil ola bilir mülahizəsi ziddiyyətli mülahizədir, çünki tərifin tərifinin birinci və ikinci şərtinə əsasən tərif verən anlayış ilə tərifi verilən anlayışın həcminin bərabər olduğunu nəzərə aldıqda,[10] belə bir halda, bir tərəfdən, tərifi verilən anlayış – və ya onu ifadə edən xüsusi isim – yalnız bir predmetə şamil olur, digər tərəfdən isə tərif verən anlayış birdən çox predmetə şamil olur, çünki tərifdə qeyd olunan hər bir isim təsviredicidirsə, onda onların toplusu da təsviredici olacaq. Beləliklə, tərif verən anlayış ilə tərifi verilən anlayış eyni şeyə tətbiq olunmalı olduğu halda, buradan belə ziddiyətli nəticə çıxır ki, xüsusi isim eyni anda həm yalnız bir predmetə şamil olur, həm də bir bir neçə predmetə. Ziddiyyəti daha aydın ifadə etsək, xüsusi isim eyni anda həm yalnız bir predmetə şamil olur, həm də yalnız bir predmetə şamil olmur.   

4. Nəticə

Beləliklə, 1, 2, 3, 4, 5 və 6-cı müqəddimələrə əsasən aydın olur ki, Aybəniz, Bakı, Xəzər və s. kimi hər hansı bir xüsusi isimlərə tərif vermək heç bir şəkildə mümkün deyil. Xüsusi isim tərifi verilə bilməyən konkret anlayışı ifadə edirdır ki, ona da tərif verilməsi ziddiyyətə səbəb olur.

Qeydlər və istinadlar:

[1] Hər bir dildə xüsusi isimlərlə yanaşı, müəyyən və konkret bir obyekti bildirən təsvirlər də var. Başqa sözlə, xüsusi isimlərın özəlliyinə malik olan bir sıra təsvirlər də var. Məsələn, Sirlər xəzinəsinin müəllifi, SpaceX şirkətinin təsisçisi, Azərbaycanın paytaxtı, Amerikanın indiki prezidenti, ən kiçik sadə ədəd və s. kimi təsvirlər müəyyən və konkret bir obyekt bildirir, belə ki, birinci təsvir Nizami Gəncəvini, ikinci təsvir Elon Maskı, üçüncü təsvir Bakını, dördüncü təsvir Co Baydeni, beşinci təsvir isə 2 rəqəmini bildirir. Bu kimi təsvirlərə müəyyənlik təsvirləri (definite descriptions) deyilir.

[2] Qəzənfər, K. (2010): Müasir Azərbaycan dili – Morfologiya, Bakı: Elm və Təhsil, səh. 44

[3] Bildiyimiz kimi, tərifin müxtəlif növləri var. Xüsusi ismə tərif verilməsi mümkün deyil – dedikdə, tərifin yalnız bir növünü – işarəedici tərif (ostensive definition) çıxmaq şərti ilə yerdə qalan bütün növləri nəzərdə tutulur.

[4] Tərifdə adətən tərif verən anlayış ilə tərifi verilən anlayış birgə nəzərdə tutulur. Bəzən isə tərif dedikdə, yalnız tərif verən anlayışın özü nəzərdə tutulur. 

[5] İbn Sina (2015): əl-İlahiyyat, V  məqalə, VIII  fəsil, İran: Bustane-ketab, səh. 248

[6] Ziddiyyətsizlik qanunu insan düşüncəsinin dörd ana qanunundan biridir. Ziddiyyətsizlik qanununun ontoloji oxunuşu belədir: bir şey eyni anda həm var, həm də yox ola bilməz: ya var, ya da yoxdur. Bu qanunun məntiqi/epistemoloji oxunuşu isə belədir: bir fikir (mənalı bir cümlə) eyni anda həm doğru, həm də yanlış ola bilməz: ya doğrudur, ya da yanlış.

[7] Daha dəqiq desək, universal anlayış birdən çox predmetə şamil olması qeyri-mümkün olmayan anlayışa deyilir.

[8] Daha dəqiq desək, partikular anlayış birdən çox predmetə şamil olması qeyri-mümkün olan anlayışa deyilir.

[9] Verilən izahlardan aydın olur ki, qrammatikada əsas nitq hissələrindən hesab olunan sifət də təsviredici sözlərdən ibarətdir. Ağ, böyük, isti, ədalətli, dözümlü və s. sifətlər təsviredici söz hesab olunur, çünki müxtəlif nəsnələr və ya şəxslər bu sifətlərlə işarələnə bilirlər: ağ qapı, ağ kitab, ağ stul, ağ çanta; isti çay, isti yemək, isti əl, isti dəmir və s.

[10] Məntiqdə qeyd olunduğu kimi, tərif nə həddindən artıq məhdud (exclusive), nə də həddindən artıq geniş (inclusive) olmalıdır. Tərif həddindən artıq məhdud olmamalıdır: yəni tərif verən anlayış o qədər dar olmamalıdır ki, tərifi verilən anlayışın tətbiq olunduğu bütün fərdləri əhatə edə bilməsin. Məsələn, subay sözünə evlənməmiş azərbaycanlı yetkin insan kimi tərif versək, bu tərifi verilən anlayışın tətbiq olunduğu bütün fərdləri əhatə etməyəcək, çünki evlənməmiş çinli, afrikalı, pakistanlı və s. yetkin insan da subay hesab olunur. Deməli, tərifdən azərbaycanlı sözünü ixtisar etmək lazımdır. Tərif həddindən artıq geniş də olmamalıdır, yəni tərif verən anlayış o qədər gen olmamalıdır ki, həm tərifi verilən anlayışın fərdlərini, həm də tərifi verilməyən anlayışın fərdlərini əhatə etsin. Məsələn, subay sözünə evlənməmiş insan kimi tərif versək, onda bu tərif dörd yaşlı uşağa da şamil olacaq, halbuki bu yaşdakı uşağa subay deyilmir. Deməli, tərifə yetkin sözü əlavə edilməlidir ki, aidiyyətsiz fərdlərə şamil olmasın. (Bax: Munson. R, Black. A (2012): The elements of reasoning, USA: Wadsworth, pp. 153-154)

Tərifin nə həddindən artıq məhdud, nə də həddindən artıq geniş olması o deməkdir ki, tərifi verilən anlayış ilə tərif verən anlayışın həcmi bərabər olmalıdır, yəni tərifi verilən anlayış nəyə şamil olursa, tərif verən anlayış da yalnız ona şamil olamlıdır: tərifi verilən anlayış = tərif verən anlayış. Başqa sözlə desək, tərif linqvistik ifadənin mənasını və ya konseptual məzmununu açırsa, bu o deməkdir ki, tərifi verilən ilə tərif verən eyni həcmə malikdir, sadəcə olaraq biri bağlı halda, o biri isə açıq haldadır. Kobud şəkildə desək, tərifi verilən anlayış ilə tərif verən anlayış sinonim hesab olunurlar; əks halda, tərif verən tərif verən hesab olunmayacaq.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.