fbpx

Cəmiyyət

Cəmiyyət

Yəhudi xalqının qədim dövr tarixinə qısa bir nəzər

Read this article on other language
Download article
image_pdf
image_pdf

Son dövrdə İsrail-Fələstin qarşıdurması bütün dünyanın diqqətini Yaxın Şərqə cəlb edib. Azərbaycan cəmiyyətinin İsrail-Fələstin problemi ilə bağlı fikirləri isə köhnə Sovet təbliğatının təsiri altında formalaşıb. SSRİ-nin bu münaqişədə Fələstini müdafiə etməsi təbii olaraq cəmiyyətdə anti-İsrail əhvali-ruhiyyəsinin formalaşmasına səbəb olmuşdur. Eyni zamanda Fələstin ərəblərinin əksərən müsəlman olması İsrailə olan münasibətə təsir edən mühüm amillərdəndir.

Bu yazıda məqsədim İsrail-Fələstin münaqişəsini təhlil etmək deyil, bu münaqişənin təhlili zamanı ən çox istinad edilən bir məqama – yəhudlərin Fələstin torpağına sonradan gələrək ərəbləri tədricən doğma yurdlarından sıxışdırıb çıxardıqları iddiasına aydınlıq gətirməkdir. Bunun üçün yəhudilərin dövlətçilik tarixinə qısa bir nəzər yetirmək qərarına gəldim.

Yəhudi tarixi üzrə ən qədim mənbənin müəllifi b.e.ə.I-b.e.I əsrində yaşamış yəhudi mənşəli Roma tarixçisi və sərkərdəsi İosif Flavidir. Flavinin Yəhudilərin qədim tarixiYəhudi müharibəsi adlı iki əsəri İbrani müqəddəs yazıları və yunan mənşəli mənbələr əsasında yazılmışdır. Onun istifadə etdiyi mənbələrin əksəriyyəti müasir tədqiqatçılara tanış deyil. Flavi təsvir etdiyi hadisələrin əksəriyyətinin həm də şahidi və iştirakçısı olmuşdu. Flavi əsərlərində məqsədinin yəhudilərin obyektiv tarixini yazmaq olduğunu vurğulayıb. Müasir dövrümüzdə yəhudi dövlətçiliyinin tarixini yazanlar içərisində David Gordisin, İlan Pappenin, Benny Morisin adlarını çəkmək olar.[i] Bu müəlliflərin hər birinin həm yəhudi xalqı və İsrail dövlətinin tarixinə, həm də İsrail-Fələstin münasaibətlərinə dair özünəməxsus təhlilləri vardır. Bu təhlillər əsasən yəhudilərin qədim tarixinin və müasir İsrail dövlətinin Fələstin siyasətinin təftişi üzərində qurulub.

Müasir İsrail dövləti XX əsrin məhsulu olsa da, yəhudilərin dövlətçilik tarixi çox uzun keçmişə malikdir. Arxeoloji qazıntılar zamanı əldə edilmiş maddi abidələr və Bibliyada (Əhdi-Ətiq və Əhdi-Cədid) adı çəkilən coğrafi adların müqayisəli təhlili alimlərə qədim yəhudilərn Kanaan sivilizasiyasına aid olduqlarını iddia etmək imkanı verir. Bu sivilizasiya Qərbi Asiya bölgəsinin Aralıq dənizinin şərqindəki geniş ərazilərin daxil olduğu Levantın (Məşriq) cənubunda yaşayan semit dilli tayfalarla identifikasiya olunur. Dövrümüzdə bu sivilizasiya təxminən müasir İsrail dövlətinin, Fələstin və İordaniyanın ərazilərini əhatə edir.

Qədim yəhudilər eramızdan əvvəl II minillikldə heç bir mərkəzi hakimiyyətə tabe olmadan 12 tayfa konfederasiyası halında bu ərazilərdə yaşamışdılar. Mərkəzi dövlət yaranana qədər yəhudilər bir neçə yüz il hakimlər tərəfindən idarə olunublar. Əsasən hərbi liderlik rolunu oynayan hakimlərə ehtyac isə xarici düşmənə qarşı mübarizələr zamanı yaranıb. Dəmir dövründə (b.e.ə. II minilliyin son yüzillikləri) Yəhudilərə qarşı ən güclü təhdidləri Kanaanın cənubunda məskunlaşmış filistinlər yaradıb. Egey sivilizasiyasının təmsilçiləri olan filistinlər bu ərazilərə e.ə. II minillikdə gəliblər. Dövrün tədqiqatçıları onların qədim Kritin sakinləri olduğunu güman edirlər.[ii] Bu fikir həm arxeoloji qazıntılar, həm də bioloji qohumluq testlərinin təhlilləri əsasında möhkəmlənir.

Yəhudilərin mərkəzləşmiş hakimiyyət altında birləşməsinə təkan verən səbəb məhz filistinlərin onların ərazilərinə mütəmadi uğurlu hücumları və iri şəhərləri işğalı  olmuşdur. Tarixçilər həmin dövrdə iki yəhudi padşahlığının mövcudluğu haqqında yazırlar: 1) İsrail padşahlığı və ya Yəhudilərin Şimal Padşahlığı, bu ərazidə 10 tayfanın məskunlaşdığı iddia olunur və  2) Yəhudi (İudeya) və ya Yəhudilərin Cənub Padşahlığı, bu ərazidə 2 tayfa məskunlaşmışdır.  Yəhudi Bibliyasında və ya Tanaxda b.e.ə. I minillikdə bu iki padşahlığın birləşməsi və onun 3 padşahı Saul (İslamda: Talut), David (İslamda: Davud) və Solomon (İslamda: Süleyman) haqqında məlumatlar olsa da, tarixçilər Birləşmiş İsrail Padşahlığının mövcudluğuna skeptik yanaşırlar. Buna baxmayaraq tədqiqatçılar Davidin tarixi şəxsiyyət və Yəhudi Padşahlığının lideri olduğunu qəbul edirlər.

İsrail və ya Samariya Padşahlığı kimi tanınan dövlət b.e.ə. 930-720-ci illərdə mövcud olub. Paytaxtı Samariya (yəhudi: Şomron, ərəb: Samirə) olan padşahlıq müasir Fələstinin mərkəzi bölgəsindən, Qalile (ibrani: hagGālīl, ərəb: Əl-Cəlil)) və Transiordaniyanın bir hissəsindən ibarət idi.  Padşahlıq  cənubda paytaxtı Yerusəlim (ibrani: Yeğuşalaym,  ərəb: Qüds) olan Yəhudi (İudeya) Padşahlığı ilə həmsərhəd idi. Arxeoloji qazıntılar e.ə. VIII əsrdə İsrail padşahlığının Levantın çiçəklənən və sıx məskunlaşmış bölgələrindən biri olduğunu təsdiqləyir. Hesablamalar qeyd edilən dövrdə İsrail Padşahlığı ərazisində 300 mindən çox insanın yaşadığını ehtimal etməyə imkan verir. Ərazinin bu cür çiçəklənməsi isə zeytun yağı, şərab və çox guman ki, atların ticarətinə söykənmiş iqtisadi tərəqqi ilə bağlı idi. E.ə. VIII əsrin 20-ci illərində İsrail padşahlığı 20 ildən də çox davam edən müqavimətdən sonra Yeni Assuriya İmperiyasının hökmdarı II Sarqon tərəfindən işğal olundu. İşğal İsrail Padşahlığı əhalisinin  bir hissəsinin Mesopotamiyaya sürgünü ilə nəticələnir. Bəzi tədqiqatçılar Assuriya işğalları nəticəsində İsrail padşahlığı əhalisinin beşdə birinin sürgün olunduğunu yazır. Assuriya mixi yazılarının birində II Sarqonun yeni işğal etdiyi Samariya dövlətindən 27.290 nəfəri sürgün etdiyi qeyd edilib. Yəhudilərin bir qismi işğaldan canını qurtarmaq üçün Yəhudi Padşahlığına qaçır. Bu sürgün Yəhudilikdə  İsrailin İtirlimiş 10 tayfası konsepsiyasının yaranmasının əsasında durur. Bu sürgün eyni zamanda dünyada ilk diasporanın, yəni vətəndən uzaqda kompakt yaşamağa məcbur edilmiş etnik qrupun formalaşmasının əsasını qoyur. Sürgün zamanı vətənlərini tərk etmiş yəhudilərə bir daha geri qayıtmaq icazəsi verilmir. Arxeoloji qazıntılar Assuriya işğallarının böyük dağıntılar və insan tələfatı ilə müşayiət olunduğunu təsdiqləyir.[iii] Assuriya mixi yazılarında İsrail Padşahlığının adı hakim sülalənin adı ilə Omri Xanədanı adlandırılmışdı.

Assuriyalılar cənub Yəhudi Padşahlığının paytaxtı Yerusəlimi mühasirəyə alsalar da, onu işğal edə bilmirlər. Həmin dövrdə Yəhudi Padşahlığının adı Assuriya mənbələrində vassal dövlət olaraq  qeyd olunur. Yəhudi Padşahlığı müstəqilliyini e.ə. 580-ci illərdə Assuriya İmperiyasını dağıtmış Yeni Babil İmperiyasının işğalları nəticəsində itirir. Babil imperatoru II Navuxodonosora yəhudilərin cənub padşahlığını tabe etmək üçün 18 il lazım olur. B.e.ə. VI əsrin 80-ci illərində Yerusəlim dağıdılır, bundan bir neçə il sonra isə padşahlığın əhalisi Babilə sürgün olunur. Babil İmperiyası işğalları yəhudi xalqının tarixində mühüm əhəmiyyətə malikdir. Məhz Yerusəlim dağıdıldıqdan və Yəhudi Padşahlılğı tabe edildikdən sonra yəhudilər vətənlərini tərk edərək müxtəlif torpaqlara yayılmağa başladılar. Asiyanın bir çox torpaqlarında, İraqda, İranda, Mərkəzi Asiyada (Buxara), Gürcüstanda, Azərbaycanda (Bakı və digər bölgələrdə) formalaşmış yəhudi icmaları məhz Babil işğallarının nəticəsidir. Qeyd etmək lazımdır ki, sürgün olunanlar əsasən siyasi və dini rəhbərlər, onların ailələri, varlı, savadlı və bacarıqlı yəhudilər idi. Sadə əhali işğal olunmuş ərazilərdə işçi qüvvəsi kimi saxlanılırdı, onların yerdəyişməsi işğalçılara sərfəli deyildi.

Yerusəlim işğal olunarkən Yəhudilərin İsrail tayfalarının birliyinin simvolu və yəhudilərin mühüm dini məbədi olan Müqəddəs Məbəd də dağıdılır. Məbəd Dağında b.e.ə. X əsrdə  inşa edilmiş bu dini abidə həm İsrail, həm də Yəhudi Padşahlığının əsas ibadətgahı, yəhudiləri birləşdirən dini-mənəvi simvol idi. Yəhudi tarixində bu dövr Süleyman Məbədi və ya Yəhudilərin Birinci Məbəd dönəmi kimi qeyd olunur. Yəhudilərin Babil sürgününə Əhəməni Fars İmperiyasının banisi II Kir (müasir fars: Kuruş, yunan: Cyrus) son qoymuşdur. B.e.ə. 538-ci ildə Babili dağıdan II Kir yəhudilərə vətənə dönmək icazəsi vermiş, eyni zamanda  yəhudi icmasının başçılarına Müqəddəs Məbədi bərpa etmək üçün maliyyə vəsaiti də ayırmışdı. Məhz bu səbəbdən II Kir yəhudilərin müqəddəs kitabında xeyirxah şəxs kimi tanınır.[iv] Bu məbədin tikintisi ilə yəhudi tarixində İkinci Məbəd dönəmi başlayır.

Mənbələr Babil sürgünü zamanı vətənlərindən zorla köçürülmüş yəhudilərin sayı haqqında müxtəlif məlumatlar verir.[v] Yad dövlətin ərazisində fərqli mədəniyyətin ciddi təzyiqləri altında yaşamağa məcbur edilmiş yəhudilər milli və dini kimliklərini qorumaq üçün uzun müddət mübarizə aparmışdılar. Bu iki işğaldan sonra yəhudilər dəfələrlə müstəqil dövlətlərini bərpa etməyə cəhd göstərsələr də, buna müvəqqəti nail ola bildilər.

 B.e.ə. V əsrdən yəhudilər Əhəməni İmperiyasının təyin etdiyi nümayəndələr tərəfindən idarə olunublar. B.e.ə IV əsrin sonlarında Əhəməni şahənşahı III Artakserks (müasir fars: Ərdəşir, yunan: Artaxerxes) Bagoas adlı sərkərdəsini Yerusəlimin hakimi təyin edir. Şahənşah üzərində böyük təsirə malik Bagoas 338-ci ildə həm Artakserksi, həm də onun oğullarını öldürərək III Daranı (müasir fars: Dariuş, yunan: Darius) taxta çıxarır. 333-cü ildə Makedoniyalı İsgəndər Kiçik Asiya işğallarına başlayanda Əhəmənilər imperiyası ilə üz-üzə gəlir. Bu qarşıdurmada III Dara məğlub olur. Yəhudilər hərbi toqquşmalarda işğal altında olduqları farsları dəstəklədikləri üçün ya İsgəndərə qarşı vuruşmalı, ya da ona tabe olmalı idilər. Həmin dövrdə Yəhudi dini institutunun rəhbəri Ədalətli Simeon yunanlarla danışığa getmək qərarı verir. İsgəndərə qarşı vuruşmaq iqtidarında olmayan yəhudilərin torpaqları yunan idarəçiliyi altına düşür. Beləliklə, İsrail torpağında bir əsr yarım davam etmiş ellinizm dövrü başlanır.[vi]

Yəhudi cəmiyyətində Yunan idarə-üsulu və mədəniyyətinə münasibət birmənalı olmayıb. Qatı dindarlar yunan mədəniyyətinin təsirinin genişlənməsinə təhdid kimi baxırdılar, proqressiv yəhudilər isə əksinə, yunan mədəniyyətinin yayılmasına dəstək verirdilər. İsgəndər öldükdən sonra onun imperiyası sərkərdələri arasında bölüşdürüldü. Qüdrətli imperiyanın şimal torpaqlarında Selevkilər, cənubunda isə Ptolemeylər hakimiyyəti ələ keçirdilər. Lakin bu iki dövlət arasında sərhədlərin müəyyənləşdirilməsi üçün İsrail torpaqları üzərində hökmranlığı bərpa etmək lazım idi.  Nəticədə yəhudi torpaqları 100 ildən də çox bu iki böyük güc arasında qalmağa məcbur olur. İsrail torpaqlarında hakimiyyəti möhkəmləndirmək üçün mərkəzi İsgəndəriyyə olan Ptolemeylər mədəni təzyiqlərdən, mərkəzi Dəməşq olan Selevkilər isə hərbi gücdən istifadə edirdilər.

B.e.ə.II əsrin 60-cı illərində Selevkilər yəhudilərə qarşı dini diskriminasiyanı gücləndirdikdə yəhudi Makkaveylər yunan təsir və təzyiqlərinə qarşı üsyan qaldırdılar. Otuz ildən çox davam edən üsyan Makkaveylərin qələbəsi ilə başa çatdı. Lakin yəhudi torpaqları Makkaveylərin rəhbərliyi altında tam müstəqilliyə Selevki çarı III Antioxun b.e.ə. 128/129-cu ildə Ekbatana döyüşündə Parfiyaya məğlub olması ilə nail oldu. Yəhudi dövləti qeyd edilən dövrdə bölgənin ən güclü dövlətinə çevrildi.[vii]Selevkilərin Parfiyaya qarşı uğursuz mübarizəsindən və siyasi parçalanmasından istifadə edən Yəhudi dövlətinin başçısı İoan Hirkan dövlətin ərazisini genişləndirmək məqsədi ilə vaxtilə İsrail padşahlığına daxil olmuş bir çox əraziləri işğal edə bildi. İoan Hirkanın b.e.ə II əsrin sonlarında hakimiyyətə gələn oğlu I Aristobul İuda Yəhudi dövlətçiliyi tarixində Hasmoneylər sülaləsinin əsasını qoydu. B.e.ə. 60-cı illərdə Yəhudi dövlətində taxt uğrunda başlanan vətəndaş müharibəsi Roma Respublikası qüvvələrinin münaqişəyə müdaxilə etməsinə imkan yaratdı. Bu müdaxilə yəhudi dövlətini romalılardan asılı vəziyyətə saldı.

Yəhudilər həm siyasi müstəqilliklərini bərpa etmək, həm də bütpərəst romalıların mədəni-dini təzyiqlərinə son qoymaq məqsədi ilə uzun illər mübarizə aparmışdılar.  B.e.-nın 66-70-ci illərinin Böyük qiyamı və 132-135-ci illərin Bar-Koçba üsyanının əsas səbəbi yəhudilərin Romalıların təklif etdikləri qayda-qanunlarla yaşamaq istəməməsi idi.[viii]

70 il davam etmiş Yəhudi-Roma müharibələri Yəhudi xalqı və onun tarixi-mədəni irsi üçün fəlakətlə nəticələnmişdir. Romalılar Yerusəlimi tamamilə yandırmış, Müqəddəs Məbədi dağıtmış, minlərlə insan öldürülmüş və ya aclığa məhkum edilmiş, əhalinin bir hissəsi qul halına salınmışdır.[ix]  Dağıdılmış Müqəddəs Məbədin yerində romalılar ilahiləri Yupiterin şərəfinə məbəd ucaldırlar. Yəhudi-Roma müharibələrinin son mərhələsi yəhudilərin Yerusəlimdən tamamilə qovulması ilə nəticələndi. Yəhudi dövlətinin ərazisində kütləvi qırğınlar və sürgünlər  nəticəsində bölgədə yaşayan  insanların sayı kəskin şəkildə azaldı. Yəhudilər dünyanın dörd tərəfinə səpələndilər. Bizim eranın ilk əsrlərində dünyanın böyük hissəsi Roma imperiyası tərəfindən işğal olunduğundan ən böyük yəhudi icması da məhz bu imperiyanın ərazisində məskunlaşmışdı.[x] Bu vəziyyət əvvəl bütpərəst olmuş, sonradan xristianlığı qəbul etmiş Roma imperiyasında fərqli mənəvi-əxlaqi dəyərlə malik yəhudi icmasının sosial-hüquqi statusunu müəyyənləşdirmək zərurəti yaradır. Beləliklə də, vətəndən qovulmuş yəhudilərə qarşı sonradan anti-semitizm adlandırılacaq siyasətin əsası qoyulur.

İstinadlar:

[i] Gordis D. İsrael: Concise History of Nation Reborn. Harper Collins: 2016; Pappe I. The Idea of Israel: A History of Power and Knowledge. New York: Verso Book, 2014; Making Israel. Edited by Benny Moris. University of Michigan Press: 2010.

[ii] Killebrew, Ann. Biblical Peoples and Ethnicity: An Archaeological Study of Egyptians, Canaanites, Philistines, and Early İsrael.  1300-1100 B.C.E. Society of Biblical Literature, 2005; Ehrlich, Carl S. The Philistines in Transition: A History from Ca. 1000-730 B.C.E. BRILL, 1996.

[iii] Faust, Avraham. The Neo-Assyrian Empire in the Southwest: Imperial Domination and Its Consequences. Oxford University Press: 2021.

[iv] Hebrew Bible, at Isaiah 45:1–3.

[v] Moore, Megan Bishop; Kelle, Brad E. Biblical History and İsrael’s Past: The Changing Study of the Bible and History. Wm. B. Eerdmans Publishing: 2011; Dunn, James G.; Rogerston, John William. Eerdmans Commentary on the Bible. Wm. B. Eerdmans Publishing: 2003

[vi] Peek C. M. Alexander the Great Comes to Jerusalem: The Jewish Response to Hellenism. Brigham Young University Studies, Vol. 36, No. 3, Masada, and the World of the New Testament (1996-97), pp. 99-112.

[vii] Bickerman E. The Maccabees. New York: Schocken Books:1947.

[viii] Linder A. The Legal status of the Jews in the Roman Empire. The Cambridge history of Judaism. Edited by Steven T. Katz. Bosto University, 2008.

[ix] Guy. M.R. For the Freedom of Zion: The Great Revolt of Jews against Romans, 66–74 CE. New Haven and London: Yale University Press, 2021.

[x] Feldman, Louis H. Judaism and Hellenism Reconsidered. Brill, 2006; Smallwood E. Mary. The Jews Under Roman Rule: From Pompey to Diocletian:  A Study in Political Relations. BRILL, 2011.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.