fbpx

iqtisadiyyat

iqtisadiyyat

2023-cü ilin yenilənən büdcəsi: nə dəyişdi?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycan hökuməti uzun illərdir istifadə etdiyi ilin ortasında büdcəni dəyişmək təcrübəsinə bu il də müraciət etdi. Parlamentə təqdim edilən sənədə əsasən, büdcənin həm gəlir, həm də xərc hissəsi orta hesabla 10 faiz artırılır. Bəs büdcə dəyişiklikləri, xüsusilə xərclərin artımı hansı zərurətdən irəli gəlir? Təəssüf ki, ictimaiyyət üçün əlçatan olmayan izahat sənədilə bağlı ancaq Hesablama Palatasının rəyindən məlumat almaq olur. İzahatda əsaslandırmanın bu şəkildə qeyd edildiyi aydın olur: “ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası üzrə müvafiq dövlət proqramının icrası, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi əlavə xərclərə ehtiyac yaradıb.” Həm neft-qaz və qeyri-neft/qaz sektoru üzrə əlavə gəlirlərin yaranması bu tələbatı qarşılamaq üçün imkan yaradır və bu şərtlər büdcə qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsinə yenidən baxılması ehtiyacını doğurur.

2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı əsas məlumatları Hesablama Palatasının sənədə verdiyi rəydə görmək mümkündür və məqalədə istifadə olunan bütün rəqəmlər həmin sənəddən götürülüb.

Büdcə gəlirlərində dəyişikliklər 

Dövlət büdcəsinin gəlirləri ilin əvvəlindən təsdiqlənən göstəricilərlə müqayisədə təxminən 3 mlrd. manat (9,8) artırılır – 30.774 mlrd. manatdan 33.779 mlrd. manata çatdırılır. Gəlirlərin artımı əsasən 3 tədiyə növü hesabına təmin ediləcək: mənfəət vergisi – 1.061 mlrd. manat, ƏDV 1.110 mldr manat (o cümlədən idxal ƏDV-si 832 mln. manat), DNF-dən transfert 458 mln.manat. Yerdə qalan 370 mln. manata yaxın artım isə gömrük rüsumları (108 mln. manat), sadləşdirilmiş vergi (46 mln. manat), qiymətləri tənzimlənən ixrac mallarına görə ödənişlər (74 mln. manat), ödənişli büdcə xidmətləri (74,5 mln. manat) hesabına təmin ediləcək.

Artımların təxminən yarısı və ya 1.443 mlrd. manat neft, yerdə qalan 1.563 mlrd. manatı isə qeyri-neft mənbələri hesabına formalaşacaq. Əslində qiymətləri tənzimlənən ixrac mallarına görə ödənişlər də neft sektoruna aiddir,çünki bu ödənişlər demək olar ki, bütünlüklə neft-qaz məhsullarına tətbiq edilir. Bunu nəzərə aldıqda bütün artımların 50%-dən çoxu və ya 1.517 mln. manatı neft-qaz sektorundan formalaşacaq.

İlin əvvəlindən qüvvədə olan büdcədə neft-qaz sektorundan daxilolma 16.297 mlrd. manat təsdiqlənmişdi. Yenidən baxılan büdcədə bu göstərici 17.740 mlrd. manata, öz növbəsində Dövlət Neft Şirkətinin (SOCAR) vergi öhdəliyi 1.650 mlrd. manatdan 2 mlrd. manat (artım 350 mln. manat), xarici neft-qaz konsorsiumlarının öhdəliyi 3.367 mlrd. manatdan 4.002 mlrd. manata (635 mln. manat artım), Dövlət Neft Fondunun (ARDNF) transfertlərinin həcmi isə 11.280 mlrd. manatdan 11.738 mırd. manata (458 mln. manat artım) çatdırılır. Yeri gəlmişkən, qanun layihəsinə görə, xarici neft-qaz şirkətlərinin vergi öhdəliyinin 3.235 mlrd. manatı Şahdəniz, 767 mln. manatı Azəri-Çıraq-Günəşli layihəsi çərçivəsində ödənəcək.  Hazırkı büdcə dəyişikliyindən sonra 2023-ci ilin büdcəsində neft-qaz sektorunun payı 52.5% təşkil edəcək ki, bu 2022-ci ilin uyğun göstəricisindən (49,9%) xeyli yüksəkdir.

Qeyri-neft sektoru üzrə 1.563 mlrd. manatlıq artımın 60%-i 940 mln. manatı gömrük orqanlarına məxsusdur. Büdcənin köhnə variantı ilə müqayisədə gömrük orqanlarının vergi öhdəliyi təxminən 20% artırılaraq 5.7 mlrd. manata çatdırılır. Bu artımdan sonra gömrük vergi-yığımlarının dövlət büdcəsinin məcmu gəlirlərdə payı da artaraq 15.5%-dən 17%-ə yüksəlir. Bu o deməkdir ki, büdcəyə daxil olan hər 6.5 manatdan biri gömrük sisteminin hesabına təmin edilir. Nəzərə alaq ki, gömrük yığımlarının bu şəkildə kəskin artımı və gəlirlərdə yüksək payı ölkənin istehlak bazarının idxaldan asılılığı, eləcə də idxalın həcminin əhəmiyyətli dərəcədə genişləndiyi və idxal inflyasiyanın yüksək səviyyəsi şəraitində baş verir. Belə ki, Dövlət Statistika Komitəsinin aprel ayında açıqladığı ən son xarici ticarət statistikasına görə, ötən ilin eyni dövrünə nisbətən idxal qiymətləri 20,5% yüksək olub. Ümumilikdə qeyd olunan dövrdə idxalın həcmi 30%-ə yaxın artdığı halda, bu artımın təxminən 21%-i idxal mallarının qiymətinin yüksəlməsi, 9%-i isə idxalın fiziki həcminin artımı hesabına olub.

Gömrük yığımları və neft-qaz gəlirləri büdcə gəlirlərinin 70%-ini təmin edəcək. Həm idxal, həm də neft-qaz gəlirləri qiymət artımları hesabına genişlənir. Bu amili nəzərə alındıqda, hazırkı şəraitdə Azərbaycanın dövlət büdcəsinin böyüməsinin iqtisadi fəallığın artımı hesabına deyil, inflyasiya mənşəli bir böyümə olduğu aydın görünür. Fiskal sisteminin dayanıqlılığı baxımından bu risklidir və hökuməti daima idxalı stimullaşdıran mövqedə qalmağa, neft gəlirlərindən gen-bol istifadə etməyə həvəsləndirir.

Artan və azalan xərclər

Dövlət büdcəsinin xərcləri ilin əvvəlindən təsdiqlənən göstərici ilə müqayisədə təxminən 3,2 mlrd. manat (9,6) artırılır – 33.353 mlrd. manatdan 36.569 mlrd. manata çatdırılır. Xərclərin artımı əsasən aşağıdakı funksional istqamətlər üzrə nəzərdə tutulur:

  • İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı xərclər 1.8 mlrd. manat artırılaraq 4.8 mlrd. manata çatdırılır. Məlumat üçün qeyd etməyə dəyər ki, 2021-2022-ci illərdə bu istiqmətə 6.8 mlrd. manat xərclənmişdi və 2023-cü ildə ayrılan xərclərlə birgə adıçəkilən ərazilərin yenidən qurulması xərclərinin ümumi məbləği 11.6 mlrd. manata çatır;
  • Müdafiə xərcləri 724 mln. manat artırılır. Bu artımdan sonra bölmə üzrə büdcə ayırmalarının məbləği 5.331 mlrd. manatdan 6.055 mlrd. manata çatır.
  • Dövlət idarəetmə bölməsilə bağlı xərclər 316 manat artımla 3.808 mln. manatdan 4.124 mlrd. manata çatdırılır. Bu artımların 16 mln. manatı seçkilərin təşkilinə, 100 mln. manatı xarici yardımlara (mümkündür ki, Türkiyədə zəlzələ bölgəsinə dəstəklə bağlıdır), 182 mln. manatı dövlət borcu ilə bağlı ödəmələrə yönəldiləcək. İlkin təsdiqlənən büdcədə dövlət borcunun ödənilməsi məqsədilə 1 mlrd. manat nəzərdə tutulmuşdu, dəyişiklikdən sonra həmin məbləğ 1.182 mlrd. manata çatdırılır.
  • Məhkəmə və hüquq mühafizə xərcləri 20 mln. manat, “iqtisadi fəaliyyətlə bağlı digər xidmətlər” üzrə xərclər 733 mln. manat artırılır. Ətraflı büdcə izahatı olmadığı üçün qeyd olunan artımların məqsəd və təyinatı ilə bağlı nəsə demək mümkün deyil.

Yeni dəyişikliklər artımlarla yanaşı bəzi xərc istiqamətləri üzrə ixtisarı nəzərdə tutur. Məsələn, Prezidentin Ehtiyat Fondunun 200 mln. manat,  nəqliyyat və rabitə xərclərinin 31,5 mln. manat, sosial müdafiə xərclərinin 100 mln. manat, səhiyyə xərclərinin 102,4 mln. manat, təhsil xərclərinin 16 mln. manat azaldılması nəzərdə tutulur.

Büdcə qaydasına əməl olunmur

Bakı Araşdırmalar İnstitutunun hələ il yarım əvvəl yeni büdcə qaydası ilə bağlı yaydığı məqalədə risklərə toxunulmuşdu. Əvvəlki təcrübədən çıxış edərək qeyd olunurdu ki, büdcə qaydasının maliyyə ili əzində dayandırılması üçün hüquqi tələblər kifayət qədər yumşaqdır. Bu isə qaydaların tətbiqinin mütəmadi dayandırılması tətbiq edilən mexanizmin rolunu əhəmiyyətli dərəcədə azaldır. Amma Hesablama Palatasının rəyindən aydın olur ki, 2020-ci ildəki təcrübədən fərqli olaraq bu dəfə hökumət qaydanın tətbiqini dayandırmır, onu pozur. Mövcud büdcə qaydasına görə, 2023-cü il üzrə qeyri-neft büdcə kəsiri 25% səviyyəsində müyyən edildiyi halda, son büdcə dəyişikliyindən sonra bu göstəricinin 25.4%-ə çatdığı aydın olur. İlk baxışdan çox böyük kənarlaşma olmadığı deyilə bilər. Amma qeyd etməliyik ki, heç bir halda qayda pozulmamalıdır və bunun hüquqi əsaslandırması yoxdur. 

Şəffaflıq problemi

Əslində büdcə dəyişikliyində müşahidə olunan şəffaflıq problemi yeni deyil və son onilliklərdə daima qarşılaşdığımız məsələlərdir. Lakin əgər problem həll olunmursa, demək, onu hər dəfə yazmaq lazımdır.

Əvvəla, büdcə dəyişikliyilə bağlı qanun layihələri çox gec – artıq parlamentdə müzakirə edildikdən sonra qanunverici orqanın (həmçinin Maliyyə Nazirliyinin) saytı vasitəsilə ictimailəşdirildi. Amma parlament müzakirələri vaxtı digər vacib sənədlər – qanun layihəsinə dair izahat, büdcə xərclərinin funksional, iqtisadi və inzibati təsnifatlarının paraqrafları səviyyəsində baş verən dəyişikliklər ictimaiyyət üçün əlçatan olmadı.

İşğaldan azad edilmiş ərazilər üçün 1.8 mlrd. manat xərc artımının hansı davam etməkdə olan və hansı yeni başladılacaq layihələr üçün nəzərdə tutulması ilə də bağlı qanunverici orqana təqdim olunan sənədlərdə hər hansı açıqlamaya ehtiyac duyulmayıb. 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.