fbpx

iqtisadiyyat

iqtisadiyyat

Azərbaycanın 2024-cü il üzrə büdcə gəlirlərilə bağlı proqnozlar

Read this article on other language
Download article
image_pdf
image_pdf

Parlament gələn il üçün dövlət büdcəsinin müzakirəsini başa çatdırdı. Maliyyə Nazirliyinin açıqladığı məlumatlardan aydın olur ki, 2024-cü il üçün gözlənilən büdcə gəlirləri 2023-cü ilin proqnoz göstəricilə müqayisədə 283 mln manat (0,8%) çoxdur. Büdcə gəlirlərinin ümumi məbləğinə gəldikdə, 2024-cü ilin dövlət büdcəsi 34.173 mlrd. manat (2023-cü il üzrə 33.890 mlrd. manat) müəyyən edilib.

Neft və qeyri-neft sektorunun vergi yükü

Hökumət 2024-cü il üçün həm xam neftin, həm də təbii qazın dünya bazarlarında qiymətinin daha aşağı olacağını gözləyir. Gələn il üçün büdcə gəlirlərinin hesablanması üçün xam neftin proqnoz qiyməti 60 dollar səviyyəsindədir. Eyni zamanda, büdcə sənədlərindən aydın olur ki, gələn il xam neft hasilatı 1.1 mln. ton azalma ilə proqnozlaşdırılır.

Hər 2 amil nəzərə alınaraq neft sektoru üzrə vergi daxilolmaları üzrə proqnozlar aşağı müyyən edilib. 2023-cü ilə üzrə dövlət büdcəsinə neft sektoru üzrə vergi ödəmələri 6 mlrd. manat təsdiqlənmişdisə, gələn il üçün həmin məbləğ 4383 mlrd. manata endirilir – yəni təxminən 2 mlrd. manatlıq azalma var. Lakin Dövlət Neft Fondundan transfertlərin həcmi 1 mlrd. manat artırılmaqla 12.8 mlrd. manata çatdırılır. Nəticə etibarı ilə gələn ilin büdcə gəlirlərinin 50,2%-i və ya 17.164 milyon manatı neft sektorunun ödəmələri formalaşdıracaq.

Neft şirkətləri üzrə büdcə ödəmələrinin yarısından çoxunu Azərbaycan Dövlət Neft Şirkəti təmin edəcək. Şirkət büdcəyə 2 mlrd. manat vergi, 408 mln. manat isə dividend formasında – ümumilikdə 2.408 mlrd. manat vəsait köçürməlidir. ARDNŞ-nin gələn il üçün büdcə öhdəliyi 2023-cü ilin analoji göstəricisindən 208 mln. manat (təxminən 10%) çoxdur. Bundan əlavə, xarici neft-qaz şirkətlərinin vergi öhdəlikləri 1.975 mlrd. manat proqnozlaşdırılır (2023-cü ilə nisbətən təxminən 2 mlrd. manat az). Həmin məbləğin 370 mln. manatı Azəri-Çıraq-Günəşli, 1.605 mlrd. manatı isə Şahdəniz layihəsi çərçivəsində ödənəcək.

2024-cü ilin büdcə gəlirlərinin 49,8%-i və ya 17 mlrd. manatı qeyri-neft sektorunda formalaşacaq.  Yeri gəlmişkən, son 10 ildə qeyri-neft sektorunun büdcədə payının ən yüksək olduğu il 2017-ci (52,3%) və 2022-ci (50%) illər olub. Gələn ilin proqnozlarına görə, 2023-cü ilin eyni göstəricisinə nisbətən büdcənin qeyri-neft gəlirlərində 850 mln. manata yaxın (5%) artım gözlənilir. Bu artımın 172 mln. manatını gömrük, 500 mln. manatdan bir az artıq hissəsini isə vergi orqanları təmin edəcək (öz növbəsində sair gəlirlər 190 mln. manata yaxın artacaq).

2024-cü ildə büdcənin qeyri-neft gəlirinin 9,890 mlrd. manatı Dövlət Vergi Xidməti, 5.9 mlrd. manatı Gömrük Komitəsi vasitəsilə formalaşdırılacaq. Bunlardan əlavə, 831 mln. manat büdcə təşkilatlarının ödənişli xidmətləri, 388 mln. manat isə sair gəlir növləri (əsasən dövlət rüsumlarından) xəttilə daxil olacaq.

Rəqəmlərdən göründüyü kimi, Azərbaycanın dövlət büdcəsinin neft-qaz gəlirlərindən asılılığı kifayət qədər yüksəkdir və büdcə mədaxilinin hər 2 manatından 1 manatı təbii resurs satışından formalaşır. Lakin reallıqda bu göstərici daha yüksəkdir. Məsələn, hökumət Dövlət Neft Şirkətində, hasilatın pay bölgüsü sazişlər çərçivəsində ölkədə fəaliyyət göstərən podratçı şirkətklərdə, eləcə də onlara xidmət göstərən subpodaratçı subyektlərdə çalışan muzdlu işçilərə görə gəlir vergisindən daxilolmaları neft-qaz sektoruna aid etmir. Halbuki hökumətin ictimaiyyətə açıqlamadığı, yalnız parlament üzvlərinə təqdim etdiyi büdcə zərfinə daxil olan sənədlərin[1], eləcə də Dövlət Neft Şirkətinin illik və maliyyə hesabatlarında ödənililən vergilərin strukturu ilə bağlı məlumatların analizi göstərir ki, bu mənbədən büdcəyə ən azı 500 mln. manat ödənilir. Bu məbləğ də nəzərə alındıqda neft-qaz sektorunun büdcəyə birbaşa töhfəsi 52%-dən az deyil.

Dövlət və özəl sektorun büdcəyə töhfəsi

Hazırkı büdcə sənədlərində büdcə gəlirlərinin mülkiyyət sturukturuna dair konkret rəqəmlər açıqlanmır. Lakin parlamentə təqdim olunan büdcə sənədlərinin ekspert təhlili belə bir göstəricini təxmini də olsa, hesablamağa imkan verir. Belə ki, həmin sənədlərdə ayrı-ayrı tədiyə növlər üzrə büdcə təşkilatlarının və dövlət müəssisələrinin vergi öhdəliyinə dair məlumatlar əksini tapır və həmin göstəriciləri toplamaqla, həmçinin birbaşa dövlətin öhdəliyi sayılan Dövlət Neft Fondundan transfertləri nəzərə almaqla dövlət və özəl sektorun büdcəyə töhfəsinin miqyasını görmək olur. Aşağıdakı cədvəldə 2024-cü il üçün büdcənin gəlir növləri üzrə dövlət və özəl sektorun ödəmlərinə dair proqnoz rəqəmlər əksini tapıb:

2024-cü il üzrə proqnozlaşdırılan büdcə gəlirlərinin mülkiyyət strukturuna görə bölgüsü

Cədvəldə təqdim edilən məlumatlardan göründüyü kimi, gələn il üçün proqnozlaşdırılan 34.173 mlrd. manat dövlət büdcəsi gəlirlərinin 19.567 mlrd. manatı və ya 57,3%-i dövlət sektorunun ödəmələri hesabına formalaşacaq. Halbuki rəsmi məlumata görə, ÜDM-nin formalaşmasında dövlət sektorunun payı hətta 14%-dən də azdır. Göründüyü kimi, büdcənin dövlət sektorundan asılılıq səviyyəsi neft-qaz gəlirlərindən asılılıq səviyyəsindən daha kritikdir.

Yeri gəlmişkən, gələn il dövlət bücəsinə özəl sektor tərəfindən ödənilməsi proqnozlaşdırılan 14.606 mlrd. manatın 2.8 mlrd. manatı (19,2%-i) xarici investisiyalı müəssisələrin öhdəliyidir. Xarici investorların vergi öhdəliyi əsasən fiziki şəxslərin vergisi, hüquqi şəxslərin mənfəət vergisi və ƏDV hesabına formalaşacaq. Ümumilikdə gələn ilin ümumi büdcə gəlirlərində xarici investisiyalı müəssisələrin payı 8,1%, yerli biznesin payı isə 34,6% səviyyəsində gözlənilir. Bu, o deməkdir ki, yerli sahibkarlıq subyektləri büdcəyə daxil olan hər 3 manatdan 1-ini təmin edə bilir.

 

İstinad:

[1] “Azərbaycan Respublikasının 2024-cü il büdcə zərfi”, 5-ci kitab.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.