fbpx

iqtisadiyyat

iqtisadiyyat

Azərbaycanın daimi mühərriki – neft!

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycan dünyada neftdən asılı ölkələrə ən bariz nümunələrdən biridir. 2022-ci ilin ilkin göstəricilərinə görə, ölkədə ÜDM-in 47,8%-i neft-qaz sektorunda yaranmış (bundan sonra neft-qaz əvəzinə qısaca neft deyiləcək), büdcə gəlirlərinin 52,7 %-i neft gəlirlərinin hesabına əmələ gəlmişdir və nəhayət, ixracın 92,5% -i neft məhsulları hesabına yaranmışdır.  Bu rəqəmlər aşağı-yuxarı 2005-ci ildən bəri cüzi dəyişikliklərə məruz qalsa da, tendensiya dəyişmir. Bir qayda olaraq, dünya bazarında neft qiymətinin yüksək dövrlərində yuxarıda qeyd edilən nisbət daha yüksək olur, qiymətlər enəndə isə nisbətən azalır və bununla da əksəriyyətimizdə illərdir arzu etdiyimiz iqtisadi şaxələnmə illuziyasını yaradır.

Bunun fonunda hökumət xüsusən son illərdə iqtisadiyyatın neftdən asılılığının azaldığını iddia edir və sübut kimi qeyri-neft sektorunun artım tempinin neft sektoru ilə müqayisədə yüksək olduğunu, habelə ÜDM-in strukturunda qeyri-neft əlavə dəyərinin ilbəil artdığını göstərir. Bununla belə, bir qədər uzun zaman kəsiyində, misal üçün son 10 ildə bu dinamikanı müşahidə etdikdə görürük ki, məsələn, əgər 2011-ci ildə neftin dünya bazarında nisbətən yüksək qiymətlərində ölkədə qeyri-neft sektorunun ÜDM-də payı 48,8% olmuşdusa, 2015-ci ildə məhz dünya neft qiymətlərinin çökməsi nəticəsində ölkədə yaşanan böhran qeyri-neft sektorunun ümumi ÜDM payında 69,7%-ə yüksəlməsinə şərait yaratmış, sonra isə iqtisadiyyatın bərpası və neft qiymətlərinin özünə gəlməsi nəticəsində 2018-ci ildə 58,8%-ə enmiş, daha sonra 2020-ci ildə pandemiya səbəbindən neft qiymətlərinin kəskin enişi qeyri-neft sektorunun yenidən artaraq ÜDM-də nisbətinin hətta 70,1%-nə çatmağına səbəb olmuşdur.

Necə olur ki, son 20 ildən çox dövr ərzində iqtisadi konyunktura tez-tez dəyişilsə də, sanki bu qapalı dairədən heç cür çıxa bilmirik. Axı sadə iqtisadi məntiq göstərir ki, bu dövr ərzində qeyri-neft sektorunda qeydə alınan kifayət qədər yüksək artım templəri püskürən effekt yaradaraq neft sektoruna real alternativ iqtisadi potensialın yaranmasına gətirib çıxarmalı idi.  Niyə bu baş vermir və biz bundan sonra hələ neçə il dünya neft (qaz) qiymətlərindən asılı qalacağıq? Bu sualın cavabını axtarmaq yazının əsas məqsədidir.

Qeyri-neft sektoru neftə alternativdir, yoxsa onun davamı?

Azərbaycan iqtisadiyyatının sektoral strukturu ölkənin dayanıqlı inkişafını təmin etmək üçün əlverişsizdir. ÜDM-in  47,8 %-ni təmin edən neft sektorunda cəmi 39,4 min məşğul işçi olduğu halda,  ÜDM-in  4.7%-ni təmin edən kənd təsərrüfatında ümumi məşğul əhalinin 36,2%-i, yəni 1 mln. 809 min işçi çalışır. Belə çıxır ki, ÜDM-i əsas etibarı ilə bir sahə yaradır, məşğulluğu isə ən aşağı əmək məhsuldarlığına malik olan başqa bir sahə. Kənd təsərrüfatı, bir qayda olaraq, dövlətdən subsidiyalaşmaya meylli olan əsas sektorlardan biridir. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə qonşu Gürcüstanın məşğul əhalisinin cəmi 19,9%-i kənd təsərrüfatında çalışıb. Aqrar sektor Gürcüstanın ÜDM-nin 6,3%-ni yaradıb və ölkənin əsas ixrac yükü (ümumi ixracın 27%-i) həmin sektorun üzərinə düşüb.

Azərbaycanın qeyri-neft sektorunda 2021-ci ildə ən böyük payla (10%) ticarət və nəqliyyat vasitələrinin təmiri, ondan sonra nəqliyyat və anbar təsərrüfatı (6,9%), emal sənayesi (6,9%) və tikinti (5,9%) yer tutur. Maraqlı burasıdır ki, emal sənayesinin 45%-dən çoxu neft emalı, kimya məhsulları, rezin və plastmasa məhsullarının istehsalından ibarətdir ki, bu da birbaşa və dolayısı ilə neft sənayesinin davamıdır. Eyni zamanda, Azərbaycanın qeyri-neft ixracının da əhəmiyyətli hissəsi neft mənşəli məhsullardır. Misal olaraq, elektrik enerjisi və kimya sənayesi ixracını göstərmək olar. Təsadüfi deyil ki, nə qədər paradoksal səslənsə də, ölkənin milli neft şirkəti SOCAR qeyri-neft ixracında da liderlik edir.

Yuxarıda sadalananları yekunlaşdıraraq belə qənaətə gəlmək olar ki, son illər qeyri-neft sektorunun yüksək artımı kimi dəyərləndirilən iqtisadiyyatımız neftdən çox da uzaqlaşmayıb. Neft qiymətlərinin əlverişsiz dövrlərində isə qeyri-neft sektorunda qeydə alınan nisbətən yüksək artım daha çox neft sektorunun həmin dövrdə aşağı dəyərliliyi ilə izah edilə bilər. Başqa sözlə, qeydə  alınan qeyri-neft sektorunun artımı iqtisadi şaxələndirmədən daha çox neft sektorunun konyunktur volatilliyindən irəli gəlir. Bu yolla isə, təbii ki, neftdən asılılığı azaltmaq real görünmür.

Təəssüf ki, yuxarıda sadaladığımız neftdən asılılığın azaldılması yolunda mövcud olan yeganə problem deyil. Digər, daha əsaslı sayıla biləcək maneələr isə aşağıdakılardır.

Renta axtarışı

İstənilən iqtisadiyyatın strukturu onu formalaşdıran iqtisadi siyasətdən daha konservativdir.  Bəzən oturuşmuş iqtisadi strukturu əsaslı sürətdə dəyişmək on illər tələb edir. Azərbaycanın iqtisadi strukturu isə bir sıra səbəblərdən daha konservativdir və onu dəyişmək xeyli səy, müqavimət və zaman tələb edir. Qeyd edək ki, iqtisadiyyatın strukturu dedikdə, biz ilk növbədə onun sektoral strukturunu və habelə institusional bazasını nəzərdə tuturuq.

Azərbaycanın bütövlükdə iqtisadi sistemi renta axtarışı prinsipinə əsaslanır. Dünya ədəbiyyatında artıq oturuşmuş bu termin, qısa olaraq,  ona dəlalət edir ki, məhdud təbii resursların, xüsusilə neftin istismarından yaranan izafi marja hesabına əmələ gələn yüksək mənfəət hökuməti daim yüngül gəlir axtarışına sövq edir. Neft gəlirinin fövqəl renta gücü həm hökumətin, həm də digər bazar iştirakçılarının  sərt rəqabət yarışında rəqabətə davamlı mal və məhsul istehsal etmək səyini korşaldır. Hazırda dünya bazarında 80 dollar civarında satılan Azəri light neftinin bir barelinin maya dəyəri orta hesabla 20 dollara başa gəlir. 60 dollara bərabər marja isə neftin iqtisadi rentasıdır. Nəzərə alaq ki, hazırkı qiymətlər hələ ən yüksək həddə deyil. 2008-ci ildə dünya bazarında neftin 1 barreli 146 dollara ticarət olunurdu. Heç bir qanuni rəqabət biznesi bu cür 7 dəfə artıq mənfəət verə bilməz. Təbii ki, belə olan şəraitdə istənilən digər alternativ investisiya və inkişaf imkanı həm hökumət, həm də potensial investor üçün, yumşaq desək, maraqsız görünür.

Beləliklə, hökumət iqtisadiyyatı şaxələndirmək yönümündə nə qədər səy göstərsə də, neft qiymətləri bərpa olunan kimi yenə əvvəlki davranışına qayıdır. Hökumətin qeyri-neft sektorunun inkişafı istiqamətində indiyə kimi fəaliyyəti əsas etibarı ilə birbaşa və dolayısı ilə elə özünün dəstəklədiyi və maliyyələşdirdiyi layihələrdir. İnvestor belə şəraitdə riski bölüşmək istəmir. Təbii ki, burada qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək çox çətin olur və o səbəbdən də 30 il keçməsinə baxmayaraq, ölkənin qeyri-neft sektoru hələ də kövrək olaraq qalmaqda davam edir.

Neft iqtisadiyyatının drayveri – dövlət xərcləmələri

Bütün yuxarıda qeyd edilənlərə rəğmən, neft iqtisadiyyatının müsbət tərəfləri də var. Bu ilk növbədə enerji təhlükəsizliyinin təminatı, dövlətin təhlükəsizlik yastığı rolunu oynayan maliyyə ehtiyatlarının yığımı, nəhəng infrastruktur layihələrinin reallaşdırılması imkanları və nəhayət, sosial problemlərin neft gəlirləri hesabına həlli ilə bağlıdır. Əgər elə demək mümkünsə, neftin iqtisadiyyatda pozitiv rolu, bir qayda olaraq, dövlətə bağlıdır. Bu mənada neftlə zəngin ölkələrin hökumətləri digərləri ilə müqayisədə özlərini daha arxayın hiss edir, istənilən sosial, iqtisadi, hətta siyasi təhdidlər qarşısında duruş gətirə biləcəyinə inanır. Bu avantajı yaradan neft amili olsa da, praktikada hökumət onu dövlət xərcləmələrini idarə etməklə həyata keçirir. Əksər neftlə zəngin ölkələrin hökumətləri vergi yükünü azaltmaqla əlavə sosial kreditlər də əldə edə bilir. Bununla da neft amili üzərində qurulan dövlət maliyyə sistemi bir qayda olaraq vergi ödəyicisindən daha az asılı olur. Neft rentası bir tərəfdən hökuməti vergi yükünü daha az hədəfləməyə imkan yaradır. Digər tərəfdən isə orta statistik vergi ödəyicisi dövlətdən aldığı xidmətlər müqabilində ona daha az vergi ödəməyə alışır. Beləliklə, sərt vergi mühitinə malik təbii resursu kasıb ölkələrlə müqayisədə hökumət-vergi ödəyicisi münasibətindən daha çox hökumət-gəlir bölüşdürücüsü statusuna malik olur. Neftin volatilliyi mütəmadi olaraq büdcə üçün problem yaratsa da, hökumətlər müvafiq yığım fondlarını yaratmaqla bu problemi idarə edə bilir və  mövcud sosial problemlərin həllində mərkəzi fiqura çevrilir.

Neftlə zəngin ölkələrdə hökumət adətən büdcəni ölkənin sosial, infrastruktur və müdafiə probleminin həlli vasitəsi kimi dəyərləndirir. Kölgədə qalan isə dövlət xərcləmələrinin iqtisadiyyatda yarada biləcəyi multiplikativ makroiqtisadi effektlər olur. Azərbaycan dövlət büdcəsi onun Neft Fondu ilə birlikdə potensial olaraq böyük multiplikativ effekt yarada bilən nəhəng bir maliyyə sistemidir. Keynsin təbirincə desək, hökumət xüsusən də əlverişsiz konyunktura dövründə büdcə xərcləmələrinin artımı ilə makroiqtisadi mühiti canlandıra, onu ilk növbədə iri dövlət layihələrinin reallaşdırılması hesabına daim tonusda saxlaya bilir. Hazırda azad edilmiş Qarabağ və ətraf ərazilərdə reallaşdırılan dövlət investisiya layihələri məhz bu rolu oynaya bilər. Odur ki, yaxın və orta müddətli perspektivdə ölkədə makroiqtisadi durumu nisbətən sabit vəziyyətdə saxlamaq çətin olmamalıdır. Lakin bununla yanaşı belə bir sual ortaya çıxır. Yalnız dövlət investisiya layihələri hesabına iqtisadiyyatı nə zamansa neft iynəsindən azad etmək mümkündürmü? Cavab mənfidir.  Və yalnız ona görə yox ki, dövlət maliyyəsi limitsiz deyil. Burada əsas toksik rolu oynayan odur ki, öncə qeyd etdiyimiz renta axtarışı amili qeyri-neft sektorunun müstəqil və davamlı inkişafına maneə yaradır. Nəzərə almaq lazımdır ki, xərclənəcək dövlət vəsaiti üçün öncə neft gəlirləri yığılmalıdır. Büdcə gəlirlərinin isə neft hissəsi yalnız onun birbaşa neftdən daxilolmaları (büdcəyə ödənilən neft vergiləri və ARDNF transferti) deyil, həm də dolayısı ilə neftin hesabına formalaşan digər vergilərdir. Qeyri-neft sektorunda olduğu kimi, qeyri-neft gəlirlərinin də əsas hissəsi yenə neftə bağlıdır və mövcud siyasətlə yaxın perspektivdə bu qapalı dairəni qırmaq real görünmür.

Xatırladım ki, hələ 2016-cı ildə təsdiq edilən Strateji Yol Xəritəsində qeyd edilmişdi ki, “yüksək neft qiymətləri dövründə pro-tsiklik iqtisadi siyasət iqtisadi artımın dövlət tələbindən asılılığını yüksəltmişdir. Əsas çağırışlardan biri kimi iqtisadi artımın dövlət tələbi üzərindən dayanıqlı özəl tələb üzərinə transformasiyası öz aktuallığını qoruyub saxlayır.” O zamandan bəri makroiqtisadi konyunktura bir neçə dəfə dəyişilsə də,  bu istiqamətdə ciddi dəyişiklik baş verməyib.

Dövlət maliyyəsi ilə bağlı əsas risk yalnız onun neftə bağlılığı deyil. Daha böyük makroiqtisadi risk onun getdikcə ağırlaşan sosial yükün altına girməsidir. Dövlət büdcəsinin son 20 ildə xərcləmələrinin cari və kapital proporsiyası bu dövr ərzində ciddi dəyişikliyə uğrayıb. 2023-cü ilin büdcəsinin yalnız 28,9%-i kapital xərcləri üçün nəzərdə tutulub. Bunun müqabilində cari xərclər 68,1%, dövlət borcu üzrə xərclər isə 3% təşkil edir. Halbuki öncəki ən əlverişsiz dövrlərdə belə kapital xərclərinin payı bu qədər aşağı olmamışdır. Qarabağ və ətraf ərazilərin bərpasının bu xərclərin əsas benefisiarı olacağını nəzərə alsaq, onda digər sahələr bu ənənəvi avantajdan getdikcə daha az bəhrələnəcək. Kapital xərcləri isə iqtisadi artım üçün əsas amildir. Beləliklə, dövlət xərcləmələri iqtisadi artımı ən yaxşı halda minimal səviyyədə saxlamağa kifayət edəcək.

Dövlət kapitalizmi modeli və neft amili

Strateji Yol Xəritəsində qeyd edilir ki, “Azərbaycan dünyanın sürətli inkişaf edən Cənub–Şərqi Asiya ölkələrində reallaşdırılmış ‘dövlət kapitalizmi’ inkişaf modelindən istifadə etmişdir. ‘Dövlət kapitalizmi’ xarakterli makroiqtisadi siyasətin ən aktiv qanadı isə fiskal siyasət olmuşdur. İrihəcmli neft gəlirlərinin dövlət tərəfindən iqtisadiyyata yönəldilməsinin əsas kanalı kimi məhz dövlət büdcəsinin investisiya xərcləri çıxış etmişdir.” Yuxarıdakı qeydlər ölkənin 2004-2010-cu illərdə formalaşmış iqtisadi sisteminin təhlilinə əsaslanır.

O zamandan 15 ildən çox keçməsinə baxmayaraq, dövlət kapitalizminin əksər atributları bu gün də ölkə iqtisadiyyatının idarəçiliyinin əsasını təşkil edir.  Düzdür,  dövlət kapitalizmi haqqında bir zaman rəsmi sənəddə əksini tapan müddəalar artıq dəbdə deyil, bunun əksini sübüt edərək hökumət ÜDM-in 82%-nin özəl sektorun payına düşdüyünü təqdim edir. Amma bu statistika vəziyyəti dəyişmir. İqtisadçılar bilir ki, özəl sektorun ÜDM-də yüksək payı olan Hasilatın Pay Bölgüsü (HPB)  neft müqavilələrində xarici neft şirkətlərinin ölkə iqtisadiyyatına töhvəsidir. İkincisi də, elə Yol Xəritəsinin işıq üzü gördüyü 2016-cı ildə də özəl sektorun ÜDM-də payı 80% civarında idi.

Dövlət kapitalizmi modeli birbaşa neftlə bağlıdır və müəyyən mənada daha münasib vasitə  olduğu üçün idarəçiliyin bel sütununa çevrilib. Xatırladaq ki, dövlət kapitalizmi biznesin və kommersiya fəaliyyətinin əsas etibarı ilə dövlət müəssisələri vasitəsilə dövlətin nəzarəti altında həyata keçirilən iqtisadi sistemdir. Fərqli formalarda bu sistem Çində, Rusiyada, Sinqapurda və hətta Norveçdə tətbiq edilir. Azərbaycanda bu sistemin əsas bel sütunu özəl maliyyə ilə müqayisədə dövlət maliyyəsinin müqayisəyə gəlməz dərəcədə nəhəng miqyasıdır.

Dövlət kapitalizmi qeyr-neft sektorunun möhkəm bünövrəsinin qurulması üçün ilkin təkan rolunu oynaya bilər. Bunun üçün ən azından institusional mühit əlverişli olmalıdır. Yəni rəqabət və bazarlara məhdudiyyətsiz çıxış bu bünövrəni tədricən yaratmağa kömək edə bilər. Əks halda qeyr-neft sektorunun davamlılığı sual altında qalır və yuxarıda da qeyd edildiyi kimi, daim kövrək olaraq qalmaqda davam edəcək. Deməli neftin dalğavari dinamikası iqtisadiyyatımızı davamlı olaraq izləməkdə davam edəcək.

İqlim dəyişikliyi, enerji keçidi və neft amili

Neftdən asılılığın qurtulmasını bəzi iqtisadçılar qlobal iqlim dəyişikliyi və enerji keçidi ilə bağlı ümidlərə bağlayır. Necə deyərlər, özümüz istəməsək belə, bəşəriyyət bərpa olunan enerjiyə keçməklə ənənəvi enerji mənbələrindən imtina edəcək və bununla neft və qazımız heç kimə lazım olmayacaq. Bu bir illuziyadır. Əvvəla, bərpa olunan enerjiyə keçidlə bağlı qlobal planlar və hədəflər bu günün planıdır. Yaxın gələcəkdə bu planın necə reallaşacağını biz bilmirik. Regional və qlobal geosiyasi təhdidlər göstərir ki, bu istiqamətdə proqnozlar çox kövrəkdir və ciddi sürətdə dəyişikliyə məruz qalacaq. İkincisi, bərpa olunan enerjiyə keçid belə neft və qaz resurslarının istifadəsini hələ yaxın on illiklərdə azaltmayacaq. Bərpa olunan enerji bir anda ənənəvi enerji mənbələrindən istifadənin üstündən xətt çəkməyəcək. Nəzərə almaq lazımdır ki, bərpa olunan enerjiyə keçid problemlərin həllindən çox, yeni problemlərin yaranmasına gətirəcək. Məsələn, bərpa olunan enerjiyə keçid öz növbəsində növbəti asılılığı yarada bilər. Hazırda bərpa olunan enerji üçün vacib olan metalların (kobalt, nikel və s.)  orta hesabla 70 %-nə artıq Çin nəzarət edir və bu konsentrasiya əmsalı ilbəil artır.

Və, nəhayət, iqtisadiyyatda neft amili enerji portfelində bərpa olunan enerjinin payı ilə ölçülmür. Hətta Səudiyyə Ərəbistanı kimi neft hegemonunun 266 mlrd. doll. bərpa olunan enerji layihəsi planı belə onu neft ölkəsi kimi mövqeləndirməkdən çəkindirməyəcək.İqlim dəyişikliyi ilə bağlı hədəflər yaxın on illiklərdə Avroatlantik məkanı üçün nisbətən aydın görünsə də, digər ölkələr hələ uzun müddət ənənəvi enerjiyə üstünlük verməyə məcburdur.  Odur ki, dünya neft xəritəsində Səudiyyə Ərəbistanı və digər neftlə zəngin ölkələr hələ uzun müddət qlobal enerji təminatçısı olaraq qalmaqda davam edəcək. Azərbaycan da son illər nəhəng bərpa olunan enerji layihələrinə imza atır. Misal kimi Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkəti ilə ötən il imzalanmış 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası layihəsini, perspektiv olan Dənizdə inteqrasiya edilmiş bərpa olunan enerji layihəsini, habelə hökumətin bu istiqamətdə çoxşaxəli hədəflərini göstərmək olar. Bu layihələrin gəlirliliyi haqqında danışmaq hələ tezdir. Nəzərə almaq lazımdır ki, bərpa olunan eneri mənbəyi neft və qaz kimi  məhdud deyil, bu biznes rəqabət şəraitində həyata keçirilir. Orada isə oyun qaydaları tamam fərqlidir. İstənilən halda enerji keçidi ilə neftdən asılılığın azalması arasında xətti mütənasiblik yoxdur. Ən azından neft və qaz ölkələri üçün bu dinamika fərqli məcrada cərəyan edəcək.

Neftin fantom ağrıları[1]

Hətta neft erasının bitməyi ilə belə ölkə iqtisadiyyatında neftin fövqəlgücü amili bitməyəcək. Renta axtarışı hələ uzun müddət bizi izləyəcək. Neftin izafi gəlirliliyi bütün iqtisadi oyunçuları, adi vətəndaşları belə, əgər belə demək mümkünsə, korlayıb. İlk növbədə hökumətin davranışları daim renta axtarışına köklənib. İstənilən digər fəaliyyət sferası hökumət üçün gəlir əldə etmək niyyətindən daha çox vəsait xərcləmək mənasını daşıyır. Təsadüfi deyil ki, dövlət büdcəsinin neftdən xaric ən böyük daxilolma mənbəyi gömrük rüsumu və vergiləridir. 2022-ci ildə gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalar büdcənin bütün gəlirlərinin 19, 4%-ini təşkil edib. Dolayısı ilə bu onu göstərir ki, qeyri-neft sektorunun son illər nisbətən yüksək templi inkişafı belə bu sektorun münbit (vergi bazası) olmasına dəlalət etmir. Son bir neçə ildə qeyri-neft sektorunda yığılan vergilərin artımı isə bu sektorda və bütövlükdə iqtisadiyyatda baş verən fundamental dəyişikliklərlə bağlı deyil, daha çox kölgə iqtisadiyyatının daraldılması istiqamətində atılan addımların nəticəsidir. Bu isə o deməkdir ki, qeyd edilən artım müvəqqəti və iqtisadi baxımdan texnikidir.

Beləliklə, orta müddətli perspektivdə proqnozlaşdırıldığı kimi, neft-qaz hasilatının azalması nəticəsində bu sektorun gəlirləri tədricən azalacaq və bununla belə iqtisadiyyat hələ uzun müddət neftsiz iqtisadiyyat paradiqmasına uyğunlaşa bilməyəcək. Əlbəttə, bu prosesin nə qədər ağrılı və uzun keçəcəyi çoxlu sayda amillərdən asılıdır. Ekzogen amilləri bir tərəfə qoysaq, daxili iqtisadiyyatda bu prosesin nisbətən daha tez və ağrısız keçməyi üçün hələ çox şey etmək olar. Hələlik isə yaxın və orta müddətli perspektivdə sosial-iqtisadi hədəflərimizi neft amilinin iqtisadiyyatımız üçün yaratdığı şərtlərə və mühitə  uyğunlaşdırmalıyıq.

 

Qeyd:   

[1] Fantom ağrısı, amputasiyadan sonra mövcud olmayan bir əzada ağrı hissidir.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.