fbpx

Cəmiyyət

Cəmiyyət

Azərbaycanda rəqəmsal avtoritarizm və aktivistlərin sosial media qavramaları

Read this article on other language
Download article
image_pdf
image_pdf

İnternetin demokratikləşdirici təsiri Misir və Tunisdəki xalq üsyanları zamanı böyük diqqətə səbəb oldu. Bu dövrdə sosial şəbəkələrin siyasi imkan strukturlarını demokratiya tərəfdarı hərəkatların xeyrinə çevirdiyinə inanılırdı. Bu istiqamətdəki yeniliklər internetin insanların siyasi məsələlərlə bağlı xəbərləri görməsini asanlaşdırdığı və siyasətə meylli olanları potensial olaraq səfərbər edə biləcəyini irəli sürən əvvəlki nəzəriyyələrə əsaslanan kiber-optimist arqumentləri gücləndirdi. Tədqiqatçılar FacebookTwitter kimi sosial media platformalarının siyasi kommunikasiya və koordinasiya maliyyətini əhəmiyyətli dərəcədə azalatmaqda mühüm rol oynadığını vurğulayaraq, bu platformaların texnoloji cəhətdən savadlı gənclərə əlaqələr qurmağa və məlumatı daha sürətli yaymağa kömək etdiyini və ümumi narazılıqlarını ifadə etməklə kollektiv kimliklərini səfərbər etdiyini irəli sürmüşdülər (Howard və Hussain 2011; Tufekci və Wilson 2012). Lakin tədqiqatçılar arasında sosial medianın demokratikləşdirmə potensialı barədə fikir birliyi yoxdur. Ərəb dünyasında baş verən dəyişikliklərin arxasındakı ən böyük səbəblərin ərəb rejimlərində başlamış yumşalmalar və gənc nəslin sürətli artımı kimi mövcud siyasi, iqtisadi və demoqrafik meyillər olduğunu iddia edənlər Misir və Tunisdəki sosial medianın rolunun əhəmiyyətini mübahisələndirilmişdir (Ang və başqalarının 2014; Khondker 2011; Miller 2017). Bundan əlavə, qeyri-demokratik ölkələr üzrə tədqiqatlar ona göstərir ki, internet həmçinin “avtokratik rejimin həyatda qalması üçün ictimai rəyi istədikləri kimi formalaşdırmaq və dissidentləri aşkar etmək” üçün “təzyiq texnologiyası” olaraq da işlədilə bilir (Rød and Weidmann 2015, 348).

Fəallar daha öncədən interneti siyasi məqsədlər üçün istifadə etməyə başlasalar da, regiondakı demokratik hərəkatların ardınca 2010-cu illərin əvvəllərində sosial şəbəkələr Azərbaycanın siyasi arenasında əhəmiyyət qazanmağa başladı. Siyasi aktivistlər FacebookTwitteri 2012-2013-cü illərdə paytaxt Bakıda baş verən kütləvi etirazlar da daxil olmaqla, oflayn yığıncaqlar təşkil etmək üçün istifadə edirdilər (Bedford 2014). Bu etirazlar təşkilatçıların və ümumilikdə demokratiya tərəfdarı aktivistlərinin geniş şəkildə sərt repressiyaya məruz qalması ilə nəticələndi. Bu, siyasi məsələlərlə məşğul olan müstəqil təşkilat və şəxslərin fəaliyyətlərini ciddi şəkildə məhdudlaşdırdı. Nəticə olaraq, klassik media üzərində ciddi dövlət nəzarəti və toplaşma azadlığının məhdudlaşdırıldığı bir mühitdə sosial media geniş ictimaiyyətlə əlaqə qurmağın tək vasitəsi halına gəldi. Eyni zamanda, rejim avtoritar rəqəmsal yeniliklərə yatırımlar edərək sosial şəbəkələrdə anti-hökumət siyasi faəllığını dağıtmaq vasitələrini ciddi şəkildə təkmilləşdirdi (Qeybullayeva 2018; Pearce və Kendzior 2012).

Bəs Azərbaycanda hakimiyyətin sərt siyasi tədbirləri və rəqəmsal sahəni idarə etmək üçün digər ardıcıl təşəbbüsləri onlayn siyasi aktivizmə necə təsir edib? Həm onlayn, həm də oflayn olaraq avtoritarizmin dərin kök saldığı bir mühitdə sosial şəbəkələr hansı rol oynaya bilər və oynayır? Bu suallara rəqəmsal avtoritarizm çərçivəsində sosial şəbəkələrin rolu haqqında siyasi aktivistlərin təsəvvürlərini araşdıraraq cavab verməyə çalışdıq. Biz aktivizmin sosial media platformaları ilə məhdud olduğu və hökumətin internetə artan müdaxiləsi dövründə aktiv olan, yəni 2013-cü il sonrası səhnəyə daxil olan azərbaycanlı aktivistlərin yeni nəsli arasında sorğu keçirdik. Beləliklə, biz bu məqalədə Azərbaycan kontekstində sosial şəbəkələrin dəyişən roluna diqqət çəkəcəyik. Həmçinin, sosial şəbəkə saytlarının artıq kollektiv səfərbərliyə təkan verən deyil, əksinə daha çox fərdiləşməyə və parçalanmaya töhfə verdiyini göstərməklə sosial medianın demokratikləşdirici potensialı haqqında nəzəri müzakirəyə öz töhfəmizi verməyə çalışacağıq. Çünki insanlar bu platformalardan az maliyyətli fəallıq formasında, öz fikirlərini ifadə etmək üçün istifadə edirlər.

Nəzəri başlanğıc nöqtəsi: kiber-optimizm və kiber-pessimizm

Sosial media və siyasi iştirakla bağlı araşdırmalar əsasən iki düşərgəyə bölünür. Birincisi, internetin siyasi dəyişikliyə aparan proseslərə təsirini müsbət qüvvə kimi görən kiber-optimistlər, ikincisi isə bu yanaşmanı mübahisələndirən və hətta bunun avtoritar rejimləri gücləndirə biləcəyindən narahatlıqlarını ifadə edən kiber-pessimistlərdir (Soriano 2013). Əsas kiber-optimist nəzəriyyələrə görə, rəqəmsal şəbəkələrin xüsusiyyətləri fərdiləşmiş ifadələrin eyni maraqları bölüşənlərin şəbəkələrinə çevrilməsinə imkan verir. Bu, ənənəvi kollektiv fəaliyyətə alternativ, ya da onun rəqəmsal təkmilləşdirilməsi kimi qiymətləndirilə bilər. Qərb demokratiyası kontekstində mövcud ədəbiyyat gücləndirmə və mobilizasiya mexanizmləri vasitəsi ilə onlayn aktivizm və oflayn siyasi iştirak arasında korrelyasiya müəyyən etmişdir (Nam 2012; Vissers və Stolle 2014). 2008-2015-ci illər arasında aparılan 36 tədqiqatın meta-analizi internetdən istifadə ilə siyasi proseslərdə iştirak arasında 82 faizlik müsbət əmsalı göstərib, lakin bu araşdırmaların aparıldığı ölkələrin böyük əksəriyyəti artıq demokratik olan ölkələr idi (Boulianne 2015). Hətta sosial mediada siyasi məzmunu bəyənmək və şərh yazmaq kimi “sadə onlayn siyasi davranışlar” belə müəyyən insanlar üçün daha önəmli oflayn siyasi aktivizmə aparan “keçid davranışları” ola bilər (Bode 2017, 7). Bu cür az öhdəlikli iştirakçılar onlayn mobilizasiya üçün önəmlidir, çünki onlar oflayn etirazlar haqqında xəbər və məlumatları yayır.

Qeyri-demokratik rejimlərdə sosial media vətəndaşlara müstəqil məlumat əldə etməklə hakimiyyətin informasiya hegemoniyasından yan keçməyə kömək edir. Bundan əlavə, sosial media adətən senzuraya məruz qalan və ya susdurulan şəxslər üçün mövcud status-kvoya etiraz etməyə və hakimiyyət orqanlarını hesaba çəkməyə imkan verən platforma təqdim edir. Sosial şəbəkə saytları və digər onlayn kommunikasiya vasitələri “məlumat yaymaqla, iştirakçılığı gücləndirməklə və kollektiv fəaliyyətə kömək etməklə” demokratiya tərəfdarı hərəkatları dəstəkləyə bilər. Bu mənada internetin Ərəb Baharı (Soriano 2013), 2017-ci ildə Ermənistandakı Məxməri İnqilab (Avedissian 2020) və 2020-ci ildə Belarusdaki etiraz hərəkatı kimi hallarda (Mateo 2022) avtoritarizmi sarsıtmağa töhvə verdiyinə inanılır.

Kiber-pesimistlər sosial medianın “azadedici texnologiya” (Rød və Weidmann 2015, 338) roluna şübhə ilə yanaşaraq onun daha çox əks-səda çənbəri kimi fəaliyyət göstərdiyini və burada “istifadəçilərin əsasən oxşar baxışları olan şəxslərlə qarşılıqlı əlaqədə olduqlarını və bənzər məzmunları paylaşdıqlarını” bildirirlər (Terren və Borge-Bravo 2021, 101). Beləliklə də, sosial media artıq siyasi fəaliyyətlə məşğul olanların fikirlərini gücləndirir və hətta siyasilərlaqeydlər arasında uçurumu artıra bilər (Vromen 2007). Bu kontekstdə, Miller rəqəmsal vasitələrlə edilmiş siyasi ifadə və kommunikasiyaları tənqid edərək onları “fatik mədəniyyətin” elementləri kimi təsvir edir. O, belə bir mədəniyyətin zəruri olaraq xüsusilə məna kəsb edən müzakirə, dialoq və ictimai diskursu təşviq etmədiyini, hətta sosial dəyişikliyi daha az təşviq etdiyini göstərir. (2015, 9).

Bəzi kiber-pessimistlər iddia edirlər ki, “yeni medianın demokratiyanı təşviq etmək imkanı “əlçatanlıq” məsələsinə görə məhdudlaşır”” (Zhao 2014, 116). Bu, xüsusilə senzura və məlumat axınına nəzarətin olduğu avtoritar konsolidasiya şəraiti üçün səciyyəvidir (Moore-Gilbert and Abdul-Nabi 2021; Rød and Weidmann 2015; Sinpeng 2020). Bəzi kiber-pessimistlər hətta internetin, məsələn, mühüm demokratik normaları zədələyərək və antidemokratik qüvvələrin səfərbərliyini sürətləndirərək demokratik sistemlərin liberal təbiətinə mənfi təsir göstərəcəyini proqnozlaşdırırlar (Soranio 2013; Hunter 2013).

Bir sözlə, sosial media demokratiyanı asanlaşdıran və ya demokratiya tərəfdarlarını dəstəkləyən bir vasitə ola bilər. Buna baxmayaraq, “internetin siyasi dəyişikliklərə təsiri kontekstdən və ondan istifadə edən aktyorların bacarığından asılıdır” (Soranio 2013, 332). Sosial media ilə siyasi fəallıq arasındakı əlaqə, şübhəsiz ki, avtoritar rejimlərdə kiber-optimist baxışların təsvir etdiyindən daha mürəkkəbdir. Aktivistlərin bu cür kontekstlərdə sosial şəbəkələrin rolunu necə qavraması ilə bağlı məhdud biliyin olmasını nəzərə alaraq, daha dəqiq mülahizələr irəli sürmək üçün yerli düşüncələri və təcrübələri daha dərindən araşdırmaq vacibdir.

Azərbaycanda sosial media fəallığı və rəqəmsal avtoritarizm

Məlumata çıxış və ifadə azadlığının daha açıq, məlumatlı və güclü cəmiyyətlərin yaranması üçün açar olduğuna inanılır. Buna görə də avtoritar liderlər öz nəzarətləri altında olmayan məlumat təminatını təhdid kimi qəbul etməyə meyllidirlər. Azərbaycanda rejim həm mülkiyyət, həm də redaksiya məzmunu baxımından bütün çap və yayım mediasına effektiv nəzarəti təmin etmək üçün tədricən bu arenada öz inhisarını təmin edib (Qeybulla 2021, 3).

Məhz bu fonda, 2000-ci illərdə azərbaycanlı aktivistlər üçün oyun qaydalarını dəyişdirən internet ortaya çıxaraq alternativ baxışlar və hökm sürən dövlət hekayələri arasında əsas qarşıdurma meydanına çevrildi. Bu dövrdə sosial şəbəkələr hələ geniş populyarlıq qazanmasa da, əhalinin yalnız kiçik bir hissəsi, əsasən orta sinif və təhsilli Bakı sakinləri internetdən istifadə edirdi. Bununla belə,  “bloqosfera”-nı incəsənət, mədəniyyət, ədəbiyyat və cəmiyyət bağlı müxtəlif mövzularla dolduran saysız-hesabsız bloqlar meydana çıxdı. Onların arasında ən aktiv və populyar olanları isə siyasi bloqlar idi (Sidorenko və Qeybullayeva 2010, 6) Bəzi siyasi təşkilatların veb-saytları olsa da, hətta müxalifət liderləri də fikirlərini çatdırmaq üçün bloqlardan istifadə edirdilər.[1] Hakim elita 2000-ci illərdə internetin hələ az yayılmasından dolayı müxaliflərinin onlayn fəaliyyətlərinə ya məhəl qoymur, ya da buna tolerant yanaşırdı (Pearce 2015).

Ancaq tənqidi məzmunun sürətlə yayılması və onun gəncləri səfərbər etmək potensialı rejimin özünü artan təhdid altında hiss etməsinə səbəb oldu və görünən odur ki, o, onlayn medianı daha qəti yollarla hədəf alma ehtiyacı duymağa başladı. Rejimin müxalifətin onlayn fəallığına cavabında dönüm nöqtəsini əks etdirən ən mühüm hadisə 2009-cu ildə iki populyar aktivistin və bloggerin həbsi oldu. Onlar bir il sonra vətəndaş cəmiyyətinin kampaniyaları və Qərbdən gələn təzyiq nəticəsində azad edilsələr də, aktivistlərin sıxışdırılması internet istifadəçiləri arasında siyasi laqeydliyə (apatiyaya) səbəb oldu (Pearce və Kendzior 2012). Bu, onlayn fəaliyyətlərin oflayn mənfi nəticələrinin göstəricisi idi.

2010-cu illərin əvvəllərində FacebookTwitter kimi sosial şəbəkə platformalarının yüksəlişi bloqları mikrobloqlarla əvəzlədi, artan onlayn siyasi canlılığı gücləndirdi, intellektual diskurs və fərqli fikirlərin mübadiləsini asanlaşdırdı, həmçinin dəyişikliyə dəstək toplamaq üçün ictimaiyyətin diqqətini və simpatiyasını çəkmək forması olan siyasi yumorun yolunu açdı (Pearce və Hajizada 2014). Facebook aktivistlər üçün geniş açıq və qapalı müzakirə qrupları yaratmağı, yığıncaqlar təşkil etməyi və Hamamtimes, Heydər Əliyev Adına SəhifəAzTV-dən seçmələr kimi məşhur səhifələr vasitəsilə ideya və məzmunları yaymağı asanlaşdırırdı. Tvitter heşteqləri onlara öz mövzularını trendlərə çıxarmağa və siyasi məlumatlara çıxışı artırmağa imkan verdi. 2013-cü ilin əvvəlində #BakuProtests heşteqi buna nümunə idi. YouTube isə onlara öz fəaliyyətlərini daha geniş auditoriya üçün vizuallaşdırmağa kömək etdi.

Bu, NİDA və Azad Gənclər kimi heç bir siyasi partiyaya bağlı olmayan yeni gənclər hərəkatlarının və gənc aktivistlərin sosial media fəaliyyətini oflayn ictimai iştiraka çevirməyi hədəflədikləri vaxt idi. Bütün bunlar 2013-cü ildə etiraz hərəkatının yüksəlişinə və enişinə səbəb oldu. Ən pik vaxtında Facebookda 20 mindən çox insan qeyri-döyüş şəraitində əsgər ölümlərinə qarşı etiraz aksiyalarında iştirakını təsdiqləmişdilər. Aksiyalarda oflayn iştirakın faktiki səviyyəsi xeyli aşağı olsa da, hətta iştirakın onlayn təsdiqi siyasi risklərə baxmayaraq, vətəndaşlar tərəfindən dəstəyin əyani ifadəsi kimi mühüm idi. Etirazların nəticəsi olaraq orduda ölümlərə səbəb olan pis idarəçiliyə görən ölkənin Müdafiə Nazirinin istefaya göndərilməsi tələbinə nail olundu. Lakin etirazın hökumət əleyhinə yaratdığı küy güc vasitəsilə yatırıldı. Hakimiyyət hərəkatın liderlərini həbs etdi və onların sıralarında olanlara qarşı bədniyyətli trollinq və mem kampaniyaları daxil olmaqla, həm oflayn, həm də onlayn hədə-qorxu gəldi (Pearce və Hajizada, 2014, 80). Gücləndirilmiş qorxu mühitində etirazlarda iştirak azaldı və sosial şəbəkələr aktivistlərə sonrakı yığıncaqlar üçün ictimai dəstək qazanmağa kömək etmədi. Əksinə, bundan sonra bu cür siyasi etirazlarda iştirakda azalma görüldü (Pearce et al. 2014).

Sosial medianın demokratiya fəalları üçün potensialı bir neçə kontekstual faktor ilə toqquşdu. Birincisi, Azərbaycanda internetdən istifadə ilə ictimai siyasi fəallıq arasında əlaqəyə dair heç bir ciddi sübut yox idi. 2011-2013-cü illərə aid ictimai rəy sorğusunun nəticələrinin təhlili internetdən istifadə ilə vətəndaş fəallığının müəyyən formaları arasında əlaqə müəyyən etsə də, ictimai formada siyasi iştirak  ilə heç bir əlaqə tapmamışdı. Hakim elita repressiv dövlət aparatının qurulması və azadlıqların məhdudlaşdırılması ilə yanaşı, demokratiya tələbi ilə yığıncaqların ölkənin sabitliyinə təhdid kimi qələmə verərək ictimaiyyətin siyasi etinasızlığını effektiv şəkildə qoruyub saxladı (Bedford 2014, 7). 2013-cü ilin sorğusunun nəticələrinə əsasən, respondentlərin 21 faizi insanların etiraz aksiyalarında iştirak etməli olduğunu, 57 faizi isə insanların iştirak etməməli olduğunu bildirmişdi (Caucasus Barometer 2013). 2013-cü il hadisələrindən əvvəl kollektiv siyasi fəaliyyət ənənəsinin olmaması sosial medianın səfərbəredici təsirini məhdudlaşdırırdı.

İkincisi, hakimiyyət də sürətli şəkildə sosial media imkanlarından yararlanmağı və bu imkanları pis niyyətlə istifadə edərək müxalifətin gündəm yaratma fəaliyyətlərini alt-üst etməyi bacardı (Goyuşov və Hüseynli 2019; Bedford və Vinatier, 2019). 2013-cü il etirazları ərəfəsində əsas müxalif aktivistləri hədəf alan kompromat və şəxsi memlərin yayılması belə onlayn təcrübələr sırasında idi. Bu cür avtoritar rəqəmsal təcrübələrin siyahısı gələcək illərdə daha da zənginləşdi və nəticədə xüsusilə internet azadlığı daha da pisləşməyə doğru getdi (IREX 2019; Freedom House 2023; Reporters Without Borders 2023). Rəqəmsal avtoritarizmin inkişafı rejimin avtoritar rəqəmsal yeniliklərə investisiya qoymasında və sosial şəbəkələrdə hökumət əleyhinə siyasi fəallığı dağıtmağa yönəlmiş mühüm texnikaların əhəmiyyətli dərəcədə təkmilləşdirməsində aydın görünür. 2019-cu ildə Facebookun keçmiş data mütəxəssisi Sofi Zanq  Azərbaycanda siyasi aktivistlərə, hökumət tənqidçilərinə və müstəqil mediaya hücum edən “təxminən 2.1 milyon mənfi və təhqir edici şərh” yazan minlərlə saxta hesabdan ibarət şəbəkəni müəyyən etdi. Bu troll şəbəkəsi hakim Yeni Azərbaycan Partiyası və Daxili İşlər Nazirliyi tərəfindən idarə edilirdi (Nimmo və s. 2022; Wong və Harding 2021).

Üçüncüsü, hakimiyyət müxalif xəbər saytlarına və sosial mediaya girişi bloklayaraq informasiya axınını məhdudlaşdırdı. 2017-18-ci illərdən etibarən çox sayda onlayn aktorlar müxtəlif növ rəqəmsal hücumlarla üzləşib ki, bu da həm silinmiş məzmun, həm də izləyicilər baxımından böyük itkilərlə nəticələnib (Qeybullayeva 2018). Bir başqa yeni tendensiya isə internetə girişin məhdudlaşdırılmasıdır. Bu, xüsusilə də, 2020-ci ildə İkinci Qarabağ Müharibəsi zamanı özünü göstərdi. Bu zaman sosial media platformalarına və bəzi kommunikasiya tətbiqlərinə internet istifadəçilərinin rəqəmsal çıxışı ya az idi, ya da heç yox idi, çünki onlar dövlət tərəfindən bloklanmışdılar (Aznetwatch 2020; Nahmadova 2021).

2021-ci ildə yüzlərlə azərbaycanlı müxalif və jurnalistin Azərbaycan tərəfindən izləmə imkanlarını inkişaf etdirmək üçün alınmış kütləvi müşahidə texnologiyası Pegasus casus proqramının hədəfində olduğu məlum oldu (Patrucic and Bloss 2021). Bu praktikalar fəalların rəqəmsal səviyyədə təhlükə hissini artırdı. 2021-ci ildə Bakının mərkəzində keçirilən feminist yürüşündən əvvəl və sonra təşkilatçıların feysbuk hesabları sındırılıb və onların şəxsi audiovizual məzmunları eyni hesabda və hüquq-mühafizə orqanları ilə əlaqəli böyük səhifələrdə sızdırıldı (Shahmarzade 2021; Giyasbayli 2021). 2022-ci ildə Facebookun hesabatı göstərirdi ki, tanınmış qadın aktivistlərin hesablarının sındırılması və onların intim məzmununun internetə sızdırılmasının arxasında Azərbaycanın təhlükəsizlik orqanları dayanır (Nimmo et al. 2022). İctimai rəyi manipulyasiya etmək və aktivistləri gözdən salmaq üçün kompromat və seks görüntülərindən istifadə avtoritar hücum metodlarının repertuarında yeni olmasa da, sosial media onların ictimai tirajlanmasıı üçün “effektiv və sürətli kanal” təmin edib (Pearce 2014, 64). Bu, qadınların siyasi iştirakına əhəmiyyətli dərəcədə çəkindirici təsir göstərir.

Buna baxmayaraq, son on ildə siyasi aktivistlərin auditoriyası internetdən istifadənin artması ilə paralel olaraq əhəmiyyətli dərəcədə artıb. 2008-ci ildə Azərbaycan əhalisinin  17 faizi onlayn idisə, 2020-ci ildə bu rəqəm 85 faiz olub və sosial şəbəkələrdən istifadə də davamlı olaraq artıb. Həm alimlər, həm də ekspertlər bu saytları Azərbaycanda fərqli fikirlərin səsləndirilməsi üçün yeganə məkan kimi görürlər. Lakin bunun oflayn siyasi fəallığa çevrilməsi şübhə doğurur, çünki Azərbaycan və qeyri-demokratik ölkələrlə bağlı tədqiqatlar sosial şəbəkələrin etiraz aksiyalarında iştiraka potensial çəkindirici təsirini göstərir (Ang et al. 2014; Pearce and Kendzior 2012). Hal-hazırda Azərbaycan regionda internetin ən yüksək yayılma səviyyəsinə malik olmasına baxmayaraq, Cənubi Qafqazda ən az demokratik olan ölkə olaraq qalır (Nəhmədova 2021). Bütün bunların fonunda, bu araşdırma gücləndirilmiş rəqəmsal avtoritarizm kontekstində siyasi aktivistlərin sosial medianın rolunu və perspektivlərini necə qavradıqlarını aydınlaşdırmağa töhfə verir.

Tədqiqat metodu

Data toplamaq üçün ilk növbədə qeyri-təsadüfi seçmə üsulundan istifadə etməklə, etirazlar və kampaniyalar kimi siyasi fəaliyyətlərdə iştiraklarına əsasən, özünü siyasi aktivist kimi identifikasiya edənlər seçildi. . Seçim meyarları əsasən 2013-cü ilin etirazları və dövlətin buna reaksiyasından sonra fəallığa başlayan yeni nəsil aktivistlər idi. Bu tədqiqatın müəllifləri veb-əsaslı onlayn sorğunu aktivislərə göndərib. Daha sonra daha çox aktivistə çatmaq üçün qartopu üsulundan  istifadə edilib. Sorğu təhlükəsiz platformada yaradılıb və respondentlərdən şəxsiyyəti müəyyən edən heç bir məlumat tələb olunmayıb. Qapalı suallar silsiləsi onların sosial şəbəkə platformalarında motivasiya və fəaliyyətləri, sosial medianın onlayn və oflayn aktivliyə təsiri haqqında təsəvvürləri və sosial media aktivliyinin onlayn və oflayn nəticələri ilə bağlı təcrübələri ilə bağlı idi.

Avtoritar rejimlərdə siyasi tədqiqat aparmağın məlum çətinliklərinə əlavə olaraq Azərbaycanda nümunəsində əsas çətinlik aktivistlərə qarşı tətbiq olunan müntəzəm fişinq hücumları səbəbindən sorğu linkinə ehtiyatlı münasibət idi. Respondentlərin əksəriyyətinin tanıdığı sorğu müəllifin etibarlılığı bu şübhələri azaltmağa yardımçı oldu. Nəticədə, 44 cavab toplandı (sorğuya cavab nisbəti 68%) və bu rəqəm Azərbaycanda siyasi fəal əhalinin azlığını nəzərə aldıqda az deyil.

Bəzi yeni siyasi təşkilatların mövcudluğuna baxmayaraq, onların aktiv üzvləri bir neçə nəfərdən çox deyil və əksər tanınan gənc aktivistlər öz fəaliyyətlərini fərdi qaydada, əsasən onlayn rejimdə həyata keçirirlər. Qeyd etmək vacibdir ki, istifadə olunan qeyri-təsadüfi seçmə üsuluna görə bu nümunə bütün Azərbaycan siyasi aktivistlərini təmsil etməyə bilər. Lakin aşağıda təsvir edildiyi kimi, nəticələr çox sayda fəalların təsəvvürləri ilə bağlı əhəmiyyətli bilgi təqdim edir və Azərbaycanda rəqəmsal avtoritarizm şəraitində sosial medianın siyasi iştirakda rolunun başa düşülməsinə töhfə verir.

Nəticələr və Müzakirə

Respondentlərin xüsusiyyətlərindən başlasaq, sorğuda iştirak edən ümumi 44 fəalın 73%-i kişi və 27%-i qadın olmuşdur. Qadın və qeyri-binar aktivistlərə çatmaq üçün əlavə səylər göstərilməsinə baxmayaraq, nəticələr siyasi sahədəki geniş gender disbalansını əks etdirir.[2] Sorğu iştirakçılarının hamısının yaşı 35-dən aşağı olub və onların 45%-nin yaşı 25-dən aşağıdır. Heç bir təşkilatla əlaqəsi olmayan individual aktivistlər respondentlərin 67 faizini təşkil edib.

Çoxları siyasi təşkilatları səmərəsiz hesab etdiyi üçün fərdilik Azərbaycanda siyasi fəallığın ümumi xüsusiyyətinə çevrilib. Aktivistlər fəaliyyətləri üçün əsasən Facebook, Twitter, Instagram, YouTubeTiktok kimi sosial şəbəkələrə müraciət edirlər. Sorğuda iştirak edənlərin 87 faizi istifadə etdikləri bütün sosial şəbəkə saytları daxil olmaqla, şəxsi hesablarında mindən çox izləyicisinin olduğunu, 43 faizi isə beş mindən çox izləyicisi olduğunu bildirib.

Cədvəl 1. Sorğuda iştirak edən aktivistlərin sosial mediadan istifadəsi[3]

Cədvəl 1-ə əsasən, FacebookTwitter digərlərinə nisbətən siyasi məqsədlər üçün daha çox istifadə olunur. İnstagram, YouTubeTiktokun əhali arasında populyarlığının artmasına baxmayaraq, aktivistlər bu platformaları siyasi məqsədlər üçün faydalı hesab etmirlər. Bu onu göstərir ki, sosial şəbəkələrin həm faktiki, həm də təsəvvür edilən xüsusiyyətləri aktivistlərin gündəlik və siyasi fəaliyyətlə bağlı istifadə seçimlərinə təsir göstərir. FacebookTwitter dostlara və izləyicilərə məlumatın sürətlə yayılmasına imkan verir, digərləri isə audiovizual məzmunun yaradılmasını tələb edir. Bundan əlavə, bəzi platformalar, xüsusilə Instagram, daha çox şəxsi hesab olunur, nəinki siyasi. Sosial mediadan nə üçün istifadə etdiklərini soruşduqda, respondentlərin hamısı “baş verənləri izləmək və məlumat almaq” cavabını seçiblər və digər ən çox seçilən cavablar arasında “fikirlərimi paylaşmaq” (77 faiz) və “xəbərləri paylaşmaq” (73 faiz) var. Respondentlərin yalnız yarısı, yəni 52 faizi sosial mediadan “siyasi koordinasiya və təşviqat” kimi istifadə etmək məqsədini bildirib.

Sorğunun nəticələri aktivistlərin sosial şəbəkə platformalarını necə anlaması və istifadə etməsi ilə bağlı üç fərqli tendensiya ortaya qoyur və bu qavramalarda müəyyən dərəcədə ziddiyyətlər var. Birincisi, Azərbaycanın yeni müxalif nəslinin siyasi spektrində hələ də kiber-optimizm hökm sürür. Aktivistlərin 86 faizi sosial media aktivizminin daha çox insanı onlayn aktiv olmağa təşviq etməsi fikri ilə razılaşır (cədvəl 2-yə baxın). Respondentlərin 43 faizi isə hesab edir ki, sosial media daha çox insanı oflayn rejimdə aktiv olmağa təşviq edir, yerdə qalanların böyük əksəriyyəti isə neytral mövqe nümayiş etdirir. İllər keçdikcə siyasi şəxsiyyətləri izləyənlərin sayının artmasına baxmayaraq, ictimai siyasi toplantılarda iştirakçı sayı nəzərəçarpacaq dərəcədə azaldığı üçün sonuncu cavablar təəccüblü deyil.

Cədvəl 2. Sorğuda iştirak edən aktivistlərin sosial media fəallığının başqalarına təsiri barədə düşüncələri

İkincisi, rəqəmsal avtoritarizm mühitində yeni nəsil aktivistlər sosial mediaya ehtiyyatla yanaşırlar. Son on ildə Azərbaycan hakimiyyəti yuxarıda müzakirə edildiyi kimi, onlayn izləmə və hakerlik imkanlarının inkişafına əhəmiyyətli dərəcədə sərmayə qoyub. Sorğu cavablarında da öz əksini tapdığı kimi bu cür təcrübələr aktivistlərin sosial mediadan istifadəsində tərəddüdə və daha ehtiyatlı olmasına səbəb olmuşdur (cədvəl 3-ə bax). Respondentlərdən dövlət nəzarəti ilə bağlı fikirlərini soruşduqda, onların 68%-i hökumətin onların onlayn hesablarına və fəaliyyətlərinə nəzarəti ilə bağlı narahatlığını qeyd edib. 75% isə hökumətin internetə nəzarət etmək imkanlarına görə sosial mediada ehtiyatlı olduqlarını bildiriblər. Sorğunun üzə çıxardığı digər maraqlı məsələ isə ədəbiyyatda da xüsusilə vurğulanan sosial şəbəkələrin birbaşa ünsiyyət xüsusiyyətləri ilə bağlı idi. Respondentlərin yarıdan bir qədər çoxu (52 faiz) siyasi ünsiyyət üçün sosial şəbəkələrin mesaj qutularından istifadə etmir. Aktivistlər bəzən qabaqlayıcı şəkildə planlaşdırdıqları siyasi fəaliyyəti, məsələn etiraz aksiyalarını internetdə ictimailəşdirməkdən çəkinirlər ki, hakimiyyət öncədən xəbər tutub onları yatırtmağa hazır olmasın. Bundan əlavə, aktivistlərin siyasi fəaliyyətinin şəxsi müstəvidə potensial risklər daşıması da onların onlayn siyasi davranışlarına təsir edə bilər. Məsələn, 2014-cü ildə müsahibə verən gənc aktivistlər qeyd etmişdilər ki, sosial media vasitəsilə qazanılan siyasi imic eyni zamanda onlara qarşı daha geniş çevrələrindəki insanlar tərəfindən təhqiramiz şərhlərə yol açır və onların “şəxsi münasibətlərin pozulmasına” və dostluqdan çıxarılmağa səbəb olur (Pearce et al. 2018, 1320).

Cədvəl 3: Sorğuda iştirak edən aktivistlərin onlayn izlənmə riski ilə bağlı düşüncələri

Üçüncüsü, ehtimal ki, onlayn platformalardan istifadə məqsədlərində davamlılığın əlaməti olaraq, əksər aktivistlər (84 faiz) sosial mediadakı əsas siyasi fəaliyyətlərinin öz fikirlərini səsləndirmək olduğunu bildirdilər (cədvəl 4-ə baxın). Digər ən çox istinad edilən məqsəd isə hökumətin siyasətini tənqid etmək (77 faiz) və daha çox insanı insan hüquqlarının pozulması barədə məlumatlandırmaq (64 faiz) idi. Aktivistlər görünən və görünməyən dəstək əldə etmək üçün öz fikirlərini geniş auditoriyaya nümayiş etdirirlər (Pearce et al. 2018). Bu baxımdan, sosial şəbəkə platformaları aktivistlərə fərdiləşmiş fəallıq və az sayda üzvü olan siyasi gənclər təşkilatları fonunda xəyali kollektivlik hissi vəd edir. Eyni zamanda, informasiyaların paylaşılması və hadisələrlə bağlı fikir bildirmək siyasi ünsiyyət vasitəsi kimi deyil, dəyişiklik məqsədi ilə siyasi fəaliyyətin məhdud alətlərindən biri kimi qiymətləndirilir.

Lakin, bu praktikalar çoxsaylı yan təsirlərə səbəb olur. Bunlardan biri də hər bir siyasi hadisəyə münasibət bildirmək üçün yaranan şəxsi öhdəlik hissidir ki,  beləliklə də, həmin şəxs virtual aləmdə ilişib qalır. Sosial mediadan əsasən mövqe bildirmək üçün istifadə etmək həm də fəalda özündən məmnunluq hissi yarada bilər. Onlar əsasən həmfikir insanlardan bəyənmələr, şərhlər və digər növ qarşılıqlı reaksiyalar alırlar. Lakin onlar eyni zamanda inanırlar ki, onlayn siyasi fəaliyyətlətləri ilə bağlı təhdidlər səbəbindən bu dəstəyi açıq şəkildə qeyd edə bilməyən daha böyük auditoriya tərəfindən dəstəklənirlər. Azərbaycanlı aktivistlər arasında əvvəlki araşdırma bu cür görünməz dəstəyin əslində heç bir əsası olmayan xəyali bir şey olduğunu qeyd edib (Pearce et al. 2018, 1322).

Cədvəl 4. Aktivistlərin sosial mediadan siyasi məqsədlər üçün istifadəsi

Sosial mediadan ekspressionist istifadənin sonuncu nümunəsi ilə əlaqəli bir başqa risk əks-səda çənbərlərinin yaranması, daxili konfliktlərin baş verməsi və kiçik müxalif kütlə içində parçalanmaların dərinləşməsidir və bu tendensiya artıq müşahidə olunur. Beləliklə, sosial media ictimai ünsiyyəti asanlaşdırmaqla bu problemlərin bir qismini yüngülləşdirmək əvəzinə, ənənəvi müxalifət qrupları ilə yeni nəsil aktivistlər arasında daha dərin parçalanmalar və dramalar üçün münbit zəmin yaratdı. Pearcein qeyd etdiyi kimi, “əslində avtoritar media sistemlərində internet və sosial media ənənəvi mediadan daha çox şayiə və qalmaqallarla doludur” (2015, 3).

Nəticə

2013-cü ildə demokratiya tərəfdarı olan gənclər təşkilatlarının sıradan çıxarılmasından sonra Azərbaycanda siyasi fəallıq açıq şəkildə fərdiləşmiş xarakter almışdır. Müxalif düşüncəli aktivistlərin yeni nəsli bütün siyasi ifadələrin sosial şəbəkələrlə məhdudlaşdığı internet tələsinə və ya “virtual getto”-ya sürüklənib. Aktivistlər zamanlarının çoxunu Facebook, Twitter, InstagramTiktokda keçirirlər və onlayn olaraq nəzərəçarpacaq dərəcədə böyük bir auditoriyaya fərqli fikirləri bildirmək kimi az xərcli məşğulluq onlara məmnunluq hissi verir. Tənqidi ədəbiyyat göstərir ki, sosial media platformaları, şübhəsiz ki, qarşılıqlı əlaqə qurmağa imkan yaradır, lakin siyasi fəaliyyətin daha mühüm elementi olan kollektivliyə imkan yaratmır. Tədqiqatımız göstərdi ki, Azərbaycan timsalında hətta sosial şəbəkələrin əlaqə yaratmaq funksiyası belə şübhə doğurur, çünki aktivistlər sosial media vasitələrindən, xüsusən də, mesaj qutularından siyasi məqsədlər üçün istifadə etməkdən çəkinirlər. Aktivistlərin fikirlərinə görə, sosial media onlara daha çox insanı onlayn aktivləşdirməyə xidmət edir, lakin oflayn təsiri məhduddur.

Tədqiqatımız Azərbaycanda rəqəmsal avtoritarizmin inkişafının aktivistlər arasında sosial media qavramalarını necə formalaşdırdığını göstərir. Aydındır ki, rejim kütləvi trollinq, nəzarət, veb saytların bloklanması və s. kimi vasitələrlə siyasi ifadənin rəqəmsal məkanlarını ələ keçirib. Avtoritar liderlərin davamlı gücünün təməllərindən biri odur ki, onlar siyasəti uğurlu şəkildə əhalinin böyük təbəqələri üçün gərəksiz məsələyə çevirə bilirlər. İnsanlar seçkilərin və ya siyasətin önəmini görmədikdə, hökuməti dəyişmək barədə düşünmürlər (Bedford 2017). Nəticədə, onlayn siyasi aktivistlər dövlətin repressiyasının bəlli hədəfləri olurlar və sosial şəbəkələrdə görünənlik  strategiyaları ilə bağlı çox  ehtiyatlı olmalıdırlar. Beləliklə, sosial media Azərbaycanda siyasi fəallıq və təşkilatlanma üçün potensialını və aktuallığını bir qədər itirmiş kimi görünür. Bu, siyasi aktivistlərə avtoritar idarəetmənin mövcud status-kvosunu dəyişməyə imkan yaratmır.

Sorğumuzun nəticələri göstərir ki, koordinasiyalı onlayn və oflayn fəaliyyətləri dəstəkləmək üçün təşkilati strukturların olmadığı halda aktivistlər əsasən sosial şəbəkələri öz fikirlərini səsləndirmək üçün istifadə edirlər, halbuki bu cür siyasi çıxışların kollektiv kimlik yaratdığına dair sübutlar çox azdır. Əvəzində isə sosial şəbəkələrin rolunun oxşar düşüncəli insanlardan ibarət auditoriyaya fikir bildirmək platformasına endirilməsi reallığı parçalanma və daha çox fərdilik ilə nəticələnir. Bu cür hallar yeni nəsil aktivistlər arasında xüsusilə də ölkənin hərbi əməliyyatları ilə bağlı dərin fikir ayrılıqlarının olduğu və sosial şəbəkələrdə mənalı dialoqun olmadığı İkinci Qarabağ Müharibəsi kimi emosional siyasi hadisələr zamanı mütəmadi olaraq özünü büruzə verir. Rəqəmsal siyasi fəallığın onlayn və oflayn nəticələri ilə bağlı suallara cavab olaraq respondentlərin ən çox verdiyi cavablardan biri digər insanlarla tanışlıqlarının və əlaqələrinin kəsilməsi olub. Üstəlik, əvvəlki araşdırmalara uyğun olaraq, insan hüquqlarının pozulması, o cümlədən iş yerlərinin itirilməsi, həbslər və işgəncələrə dair məlumatların müntəzəm yayılması sadə insanları fəallıqdan daha da uzaqlaşdırır. Bu isə siyasi fəallar üçün nəsillər arası dilemma olaraq qalır.

Bir başqa tendensiya, Azərbaycanda onlayn aktivliyin siyasətsizləşməsidir. Çünki geniş mənada vətəndaş cəmiyyəti fəallarının yeni seqmenti, daha geniş manevr imkanı üçün açıq siyasi görülən məsələlərdən (insan hüquqları, söz azadlığı, demokratikləşmə) yayınır. Bu yenilik gələcək tədqiqatlar üçün maraqlı mövzu ola bilər.

 

İstinadlar: 

Ang, A. U., Dinar, S., & Lucas, R. E. (2014). Protests by the young and digitally restless: The means, motives, and opportunities of anti-government demonstrations. Information, Communication & Society, 17(10), 1228–1249.

Avedissian, K. (2020). New media and digital activism: Comparing Armenia and Chechnya. In Yemelianova, G. M., & Broers, L. (Eds). Routledge Handbook of the Caucasus (pp. 416-427). Oxon & New York: Routledge.

Aznetwatch (2020, 27 September). Country-wide internet disruptions reported in Azerbaijan. https://www.az-netwatch.org/news/country-wide-internet-disruptions-reported-in-azerbaijan/

Barberá, P. et al. (2015, November), The Critical Periphery in the Growth of Social Protests, PLoS ONE 10, http://journals.plos.org/plosone/article?id=10.1371/

journal.pone.0143611.

Bedford, S. (2014). Political Mobilization in Azerbaijan – The January 2013 Protests and Beyond. Demokratizatsiya: The Journal of Post-Soviet Democratization, 22(1): 3-14.

Bedford, S., & Vinatier, L. (2019). Resisting the Irresistible: ‘Failed Opposition’ in Azerbaijan and Belarus Revisited. Government and Opposition, 54(4): 686-714,

Bedford, S. (2017). “The Election Game:” Authoritarian Consolidation Processes in Belarus, Democratizatsiya: The Journal of Post-Soviet Democratization, 25(4): 381-406.

Bennett, W. L., & Segerberg, A. (2012). The Logic of Connective Action. Information, Communication & Society, 15(5), 739–768.

Bode, L. (2017). Gateway political behaviors: The frequency and consequences of low-cost political engagement on social media. Social Media+ Society, 3(4), 2056305117743349.

Boulianne, S. (2015). Social media use and participation: A meta-analysis of current research. Information, Communication & Society, 18(5), 524–538.

Caucasus Barometer. (2013). Azerbaijan. https://caucasusbarometer.org/en/cb2013az/PROTEST/

Couldry, N. (2015). The myth of ‘us’: Digital networks, political change and the production of collectivity. Information, Communication & Society, 18(6), 608–626.

Freedom House. (2023). Azerbaijan: Freedom on the Net 2022 Country Report. https://freedomhouse.org/country/azerbaijan/freedom-net/2022

Furman, I., & Tunç, A. (2020). The End of the Habermassian Ideal? Political Communication on Twitter During the 2017 Turkish Constitutional Referendum. Policy & Internet, 12(3), 311–331.

Geybulla, A. (2021). Uncensored journalism in censored times: Challenges of reporting on Azerbaijan. Journalism, 146488492110368. https://doi.org/10.1177/14648849211036872

Geybullayeva, A. (2018). Match made in heaven: Authoritarian states and digital surveillance—Case study from Azerbaijan. Berkman Klein Center for Internet and Society, Harvard University.

Giyasbayli, H. (2021, March 11). Hackers target prominent Azerbaijani feminist with pornography. OC Media. https://oc-media.org/hackers-target-prominent-azerbaijani-feminist-with-pornography/

Goyushov, A., & Huseynli, I. (2019). Halted Democracy: Government Hijacking of the New Opposition in Azerbaijan. In O. Leiße (Ed.), Politik und Gesellschaft im Kaukasus (pp. 27–51). Springer Fachmedien Wiesbaden.

Howard, P. N., & Hussain, M. M. (2011). The Upheavals in Egypt and Tunisia: The Role of Digital Media. Journal of Democracy, 22(3), 35–48.

Hunter, L. Y. (2023) Social media, disinformation, and democracy: how different types of social media usage affect democracy cross-nationally. Democratization.

Hsuan-Ting C., Chan, M. & Francis L. F. Lee (2016) Social media use and democratic engagement: a comparative study of Hong Kong, Taiwan, and China, Chinese Journal of Communication, 9(4): 348-366.

IREX. (2019). Media Sustainability Index: Europe and Asia, Washington DC, 135-146. https://www.irex.org/sites/default/files/pdf/media-sustainability-index-europe-eurasia-2019-full%20updated.pdf

Khondker, H. H. (2011). Role of the New Media in the Arab Spring. Globalizations, 8(5), 675–679.

Lynch, M., Freelon, D., & Aday, S. (2017). Online clustering, fear and uncertainty in Egypt’s transition. Democratization, 24(6), 1159–1177.

Mateo, E. (2022): “All of Belarus has come out onto the streets”: exploring nationwide protest and the role of pre-existing social networks, Post-Soviet Affairs, 38(1-2): 26-42,

Miller, V. (2017). Phatic culture and the status quo: Reconsidering the purpose of social media activism. Convergence, 23(3), 251–269.

Moore-Gilbert, K., & Abdul-Nabi, Z. (2021). Authoritarian downgrading, (self)censorship and new media activism after the Arab Spring. New Media & Society, 23(5), 875–893.

Nahmadova, F. (2021). Internet Censorship: Access, Use, and Restriction in Azerbaijan. Baku Research Institute. https://bakuresearchinstitute.org/en/internet-censorship-access-use-and-restriction-in-azerbaijan/

Nam, T. (2012). Dual effects of the internet on political activism: Reinforcing and mobilizing. Government Information Quarterly, 29, S90–S97.

Nimmo, B., Agranovich, D., & Gleicher, N. (2022). Adversarial Threat Report. Meta.

Patrucic, M., & Bloss, K. (2021). Life in Azerbaijan’s Digital Autocracy: ‘They Want to be in Control of Everything’—OCCRP. https://www.occrp.org/en/the-pegasus-project/life-in-azerbaijans-digital-autocracy-they-want-to-be-in-control-of-everything

Pearce, K. (2014). Two Can Play At That Game: Social Media Opportunities in Azerbaijan for Government and Opposition. Demokratizatsiya: The Journal of Post-Soviet Democratization, 22(1): 39-66.

Pearce, K. (2015). The Best Defense is a Good Offense: The Role of Social Media in the Current Crackdown in Azerbaijan. Caucasus Analytical Digest, 70. https://css.ethz.ch/content/dam/ethz/special-interest/gess/cis/center-for-securities-studies/pdfs/CAD-70-2-5.pdf

Pearce, K., Freelon, D., & Kendzior, S. (2014). The effect of the Internet on civic engagement under authoritarianism: The case of Azerbaijan. First Monday.

Pearce, K., & Guliyev, F. (2015). Digital Knives are Still Knives: The Affordances of Social Media for a Repressed Opposition against an Entrenched Authoritarian Regime in Azerbaijan. In A. Bruns & C. Christensen (Eds.), Routledge companion to social media and politics (pp. 235–247). Mahwah, NJ: Routledge.

Pearce, K., & Kendzior, S. (2012). Networked Authoritarianism and Social Media in Azerbaijan. Journal of Communication, 62(2), 283–298.

Pearce, K., Vitak, J., & Barta, K. (2018). Socially Mediated Visibility: Friendship and Dissent in Authoritarian Azerbaijan. International Journal of Communication, 12: 1310–1331.

Pearce, K., & Hajizada, A. (2014). No Laughing Matter Humor as a Means of Dissent in the Digital Era: The Case of Authoritarian Azerbaijan. Demokratizatsiya: The Journal of Post-Soviet Democratization, 22(1): 67-85.

Reporters Without Borders. (2023). World Press Freedom Index: Azerbaijan. https://rsf.org/en/azerbaijan

Rød, E. G., & Weidmann, N. B. (2015). Empowering activists or autocrats? The Internet in authoritarian regimes. Journal of Peace Research, 52(3), 338–351.

Shahmarzade, N. (2021). Opinion | In Azerbaijan sex is a weapon. OC Media. https://oc-media.org/opinions/opinion-in-azerbaijan-sex-is-a-weapon/

Sidorenko, A., & Geybullayeva, A. (2010). The Internet in Azerbaijan. Caucasus Analytical Digest, 15. https://www.laender-analysen.de/cad/pdf/CaucasusAnalyticalDigest15.pdf

Sinpeng, A. (2020). Digital media, political authoritarianism, and Internet controls in Southeast Asia. Media, Culture & Society, 42(1), 25–39.

Soriano, M. R. T. (2013). Internet as a Driver of Political Change: Cyber-pessimists and Cyber-optimists. Revista del Instituto Español de Estudios Estratégicos, 1: 332-352. http://www.ugr.es/~gesi/internet-political-change.pdf

Terren, L., & Borge-Bravo, R. (2021). Echo Chambers on Social Media: A Systematic Review of the Literature. Review of Communication Research, 9, 99–118.

Tucker, J. A., et al. (2017). From liberation to turmoil: Social media and democracy. Journal of Democracy, 28(4): 46-59.

Tufekci, Z., & Wilson, C. (2012). Social Media and the Decision to Participate in Political Protest: Observations From Tahrir Square. Journal of Communication, 62.

Vissers, S., & Stolle, D. (2014). Spill-Over Effects Between Facebook and On/Offline Political Participation? Evidence from a Two-Wave Panel Study. Journal of Information Technology & Politics, 11(3), 259–275.

Vromen, A. (2007). Judging cyber optimism: Youth-led participation and the internet. In L. Saha, M. Print, & K. Edwards (eds.), Youth participation in democracy (pp. 133-151). Rotterdam: Sense.

Wong, J. C. (2021, April 12). How Facebook let fake engagement distort global politics: A whistleblower’s account. The Guardian. https://www.theguardian.com/technology/2021/apr/12/facebook-fake-engagement-whistleblower-sophie-zhang

Wong, J. C., & Harding, L. (2021, April 13). ‘Facebook isn’t interested in countries like ours’: Azerbaijan troll network returns months after ban. The Guardian. https://www.theguardian.com/technology/2021/apr/13/facebook-azerbaijan-ilham-aliyev

Zhao, Y. (2014). New Media and Democracy: 3 Competing Visions from Cyber-Optimism and Cyber Pessimism. Journal of Political Sciences & Public Affairs, 2(1): 114-118.

 

Qeydlər:

[1] AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər və Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovun bloqlarına hələ də daxil olmaq mümkündür: https://akarimli.wordpress.com/page/22/; http://isagambar.blogspot.com/; https://ilgarmammadov.livejournal.com/).

[2] Üstəlik, qadın aktivistlər arasında, xüsusən də qadın aktivistlərin dövlət tərəfindən təqib edilməsi ilə bağlı yuxarıda qeyd olunan səbəblərə görə cavab verməmə nisbəti daha yüksək olub.

[3] Telegram Azərbaycanda popular olsa da, əsasən mesajlaşma xidməti olduğu üçün sosial media hesab edilmir.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.