Sosial elmlər, xüsusilə də tarix üzrə orta məktəb dərsliklərinin tədqiqi, təftişi və müqayisəli təhlilinə ilk cəhdlər Birinci Dünya müharibəsinin qurtarmasından sonra başlanmışdı. Bunun ən mühüm səbəbi həmin müharibə dövründə baş vermiş dəhşətli faciələrdə sosial fənlər üzrə dərsliklərin oynadığı mənfi rol idi. O dövrün Qərb dövlətlərinin həm siyasətçiləri, həm məktəb müəllimləri dərslikləri millətlər arasında mənfi stereotipləri, düşmənçilik, irqi və milli ayrı-seçkiliyi yaymaqda, milli təəssübkeşliyi təşviq etməkdə günahlandırırdılar. 1922-ci ildə Millətlər Liqasının nəzdində yaradılmış İntellektual Əməkdaşlıq üzrə Beynəlxalq Komitənin (İƏBK) fəaliyyət istiqamətlərindən biri məhz millətlər arasında düşmənçiliyə, anlaşılmazlığa yol açan qərəzli və qüsurlu dərsliklərin müəyyənləşdirilməsi, digər dövlət və millətlərin yanlış anlaşılmasına səbəb olan məlumatların korreksiya edilməsi idi. 1932-ci ildə İƏBK dərsliklər üzrə beynəlxalq məsləhət modelinin yaradılması haqqında qətnamə qəbul etdi.[1] Lakin İkinci Dünya müharibəsinin başlanması ilə bu addımlar nəticəsiz qaldı. Bu məsələyə diqqət yenidən Birləşmiş Millətlər Təşkilatının nəzdində UNESCO-nun yaradılması ilə yönəldildi. Soyuq Müharibə bitdikdən sonra isə sosial elmlər üzrə yaradılmış dərsliklərdə yeni təhdidlər yaranmağa başladı. Bu, bir tərəfdən sovet təsirindən azad olmuş və dövlət müstəqilliyi əldə etmiş millətlərdə özünü təsdiqlə bağlı aqressiv millətçiliyin güclənməsində, digər tərəfdən də həmin dövlətlərdə hakimiyyətin milli azlıqlara münasibətində özünü büruzə verdi.
Bəs dərslikləri bu qədər önəmli edən nədir? Dərsliklər hansı vəzifələri yerinə yetirir və hansı məqsədlərə çatmağa çalışırlar? Tarix dərslikləri istənilən cəmiyyətin keçmişini, mədəniyyətini, adət və ənənələrini identifikasiya etdiyi üçün önəmlidir. Tarix dərsliklərinin çatmağa çalışdığı aydın məqsəd və hədəfləri var. Lakin bu xüsusiyyətlər dərsliklərin həmçinin ən mühüm çatışmazlığıdır. Çünki aydın məqsəd və hədəflərə malik dərsliklər dövlət ideologiyasının təmsilçiləri kimi çıxış edir, cəmiyyət üçün arzuolunmaz hesab edilən məsələlərə toxunmağa imkan vermirlər.[2] Olduqca həssas məlumatları özündə əks etdirən tarix dərslikləri bir tərəfdən millətin sosial kimliyini və dünya tarixində tutduğu yeri müəyyənləşdirir, digər tərəfdən də millətin digər millətlərlə əlaqə və münasibətlərini onun öz prizmasından təyin edir.
Tarix dərsliklərinin məqsədi keçmişlə bağlı bilikləri böyüməkdə olan nəsillərə çatdırmaqla bitmir, bu dərsliklər eyni zamanda cəmiyyətin sosial və siyasi normalarının qurucusu rolunda çıxış edir. Bu baxımdan dərsliklər həm cəmiyyətin özünün qaydalarını, həm də digər cəmiyyətlərlə birgə yaşam qaydalarını anlamağa yardım edir.[3] Tarix dərsliklərinin təhlili göstərir ki, adətən onların ən mühüm məqsədi həsr olunduğu millətin keçmişini və bu gününü vəsf etmək, dünya tarixində yerini və xidmətlərini şişirtmək, digərlərinin, xüsusilə də qonşu millətlərin dünya tarixindəki yerini kiçiltməkdir. Millətlər və dövlətlər arasında sülhü, cəmiyyətlər arasında qarşılıqlı anlaşmanı təşviq etməli olan tarix təhsili çox zaman münaqişələrin, nifrət və qərəzli münasibətlərin qızışdırılması, millətçilik zəminində dözümsüzlük və aqressiv siyasətin yürüdülməsinə əsas yaradır. Tarix təhsili vasitəsilə müəyyən tarixi rəvayətlərin təşviqi təhsilə nəzarət edənlərin müəyyən münaqişədəki və ya sosial rekonstruksiyadakı rolu ilə izah olunur.[4]
Bu məqalədə məqsədim müasir Azərbaycanın orta ümumtəhsil məktəbləri üçün nəzərdə tutulmuş tarix dərsliklərində qonşu İranın imicini təhlil etmək və bu imic vasitəsilə yuxarıda qeyd olunan fikirləri əsaslandırmaqdır. Tədqiqata 1991-ci ildən sonra Təhsil Nazirliyi (hazırda Elm və Təhsil Nazirliyi) tərəfindən məktəblərdə tədris üçün təsdiq edilmiş “Azərbaycan tarixi” və “Dünya tarixi” (bu dərslik müxtəlif dövrlərdə müxtəlif cür adlanır) üzrə dərsliklər cəlb edilib. Dərsliklərdəki tarixi məlumatlar kontent-analiz üsulu ilə təhlil edilib. Dərsliklərdə İran tarixi ilə bağlı mövcud olan elmi səhvlər, tarixi faktların saxtalaşdırılması bu tədqiqatın obyekti deyil. Təhlil zamanı yalnız İranın imici və dərslik müəlliflərinin nöqteyi-nəzərindən İranın dünya tarixindəki yerinə diqqət yetirilib.
Qədim İran
Azərbaycanın qədim tarixi müasir Azərbaycan Respublikasının deyil, İran İslam Respublikasının ərazisindən başlanır.[5] Bunu mümkün edən İranın şimal-qərb hissəsində, Şərqi və Qərbi Azərbaycan vilayətlərində (ostanlarında) türk dilli xalqın yaşaması və Azərbaycan Respublikasının Cənubi Azərbaycan adlandırdığı hissəsinin tarixini özünküləşdirməsidir.
1994-cü ildə məktəblilərə təqdim edilmiş 6-cı sinif “Azərbaycan tarixi” dərsliyində Aratta, Lullubi və Kuti dövlətləri “Cənubi Azərbaycanın qərb torpaqlarında” yaranmış “erkən Azərbaycan dövlətləri” kimi xatırlanılır.[6] Bu dövlətlərin coğrafi cəhətdən Mesopotamiyaya yaxın olduqları üçün onun tarixi-mədəni təsirinə məruz qaldığı bildirilir. Erkən dövlətlərin parçalanmasından sonra yaranmış Manna dövləti Urmiya gölünün ətrafında yerləşdiyi üçün qədim Azərbaycan dövlətlərindən biri kimi təqdim olunur.[7] “Azərbaycan Midiya dövlətinin hakimiyyəti illərində” adlı bölmədə Midiya Mannanın cənub-şərqində lokalizə edilir, midiyalıların/madayların isə türk mənşəli olduğu qeyd edilir.[8] Midiya sarayında “farsmeyilli qüvvələrin gizli fəaliyyət göstərdiyi”ni və bu qüvvələrin yardımı ilə Midiya dövlətinin süquta uğradığını qeyd edən müəlliflər onun yerində fars mənşəli Əhəməni dövlətinin yarandığını vurğulayırlar.[9] E.ə. 323-cü ildə Azərbaycanın cənubunda daha bir dövlət, Atropatena (Aderbayqan) da yaranmışdı.[10] 6-cı sinif şagirdləri üçün nəzərdə tutulmuş “Azərbaycan tarixi” dərsliyində müasir İranın şimal hissəsi Azərbaycan torpaqları kimi təqdim olunur.[11]
Qədim dövlət qurumları lokalizə edilərkən müxtəlif coğrafi obyektlərdən istifadə olunur. Məsələn, Lullubinin ərazisinin Urmiya gölündən Diyala çayına qədər uzandığı, Kuti dövlətinin isə Urmiya gölünün qərbində yerləşdiyi bildirilir. “Azərbaycanda qədim dövlətlər” bölməsində Manna dövlətinin Azərbaycan ərazisində yaradıldığı, Mesopotamiya ilə yaxın ticarət əlaqələrində, Urartu ilə isə düşmən münasibətdə olduğu qeyd edilir.[12] “Azərbaycan Midiya və Əhəmənilər İmperiyası dövründə” başlıqlı hissədə müəlliflər Midiyanın coğrafi mövqeyini izah edərkən onu Ön Asiyanın ən qüdrətli dövləti adlandırırlar. Dərslik Əhəmənilər dövlətinin ictimai quruluşundan və sosial həyatından bəhs edərkən fars terminini işlədir və farsların Əhəməni imperiyasında hakim mövqedə olduqları vurğulanır.[13] “Atropatena dövləti” adlı hissədə Atropatın Kiçik Midiyanın hökmdarı təyin edildiyi bildirilir, lakin ərazisi haqqında məlumat verilərkən onun Cənubi Azərbaycanı və Azərbaycan Respublikasının bəzi cənub rayonlarını əhatə etdiyi qeyd olunur.[14]
Azərbaycan tarixindən fərqli olaraq, dünya tarixinə həsr olunmuş dərsliklər İran terminini işlətməkdən çəkinməyiblər. 1990-cı illərdə 6-cı sinif şagirdləri üçün nəzərdə tutulmuş və “Qədim dünya tarixi” adlanan dərslikdə “Midiya və İran” başlıqlı paraqraflar var.[15] Midiyanın bir dövlət kimi İranın mərkəzində yarandığı, midiyalıların isə altı tayfadan ibarət olduğu bildirilir, lakin tayfaların etnik mənşəyi haqqında məlumat verilmir. İran ərazisində farsların adına ilk dəfə b.e.ə 9-cu əsrdə Aşşur kitabələrində rast gəlindiyi, Əhəmənilərin isə fars dövləti olduğu qeyd olunur. 2021-ci ildə hazırlanmış “Ümumi tarix” dərsliyində İran ərazisində mövcud olmuş üç qədim dövlətin tarixindən bəhs edilir. Ən qədim dövlət “Midiya dövləti”dir.[16] “Azərbaycan tarixi” dərsliyindən fərqli olaraq, bu dərslikdə Midiya dövlətinin müasir İranın ərazisində yerləşdiyi qeyd olunur. Midiya dövləti fars dövləti kimi təqdim olunmur, onun süqutunu tezləşdirən faktor isə Astiaqın sarayında farsmeyilli qüvvələrin güclənməsidir. Qədim İran ərazisindəki ikinci dövlətdən, Əhəmənilərdən bəhs edilərkən dərslik İran yaylasında müxtəlif mənşəli xalqların məskunlaşdığını, ari tayfalarının isə yerli elamlılara qarışaraq onları asimilə etdikləri bildirilir.[17] Qədim İran ərazisindəki üçüncü dövlətin, Parfiya dövlətinin əsasının parn tayfaları tərəfindən qoyulduğu bildirilir, lakin bu tayfaların mənşəyi məsələsinə toxunulmur. “Azərbaycan dövlətləri Atropatena və Albaniyanın” daima Parfiyanın yanında olduğunu, Roma imperiyasına qarşı birgə mübarizə apardıqlarını bildirən dərslik İranla Azərbaycanın tarixi əlaqələrindən bəhs edir.[18]
Beləliklə, həm 1990-cı, həm də 2020-ci illərdə yazılan Azərbaycanın tarix dərsliklərində müəlliflər İran terminini işlətməkdən yayınmışlar. Qədim tayfa ittifaqları və dövlət qurumları lokalizə edilərkən İran və Zaqros dağı terminlərindən istifadə etmək əvəzinə, Mesopotamiya, Urmiya gölü və müasir İraqın ərazisində yerləşən Diyala çayına oriyentasiya edilmişdir. İranın şimal və şimal-qərb hissəsində məskunlaşmış İrandilli tayfalar isə türkləşdirilmişdir. İran terminini işlətməmək üçün dərsliklərin müəllifləri Midiya və Əhəməni imperiyasını Ön Asiya dövləti kimi təqdim etmişlər. Dünya tarixinə həsr olunmuş dərsliklərdə İran termini və müasir İranın ərazisində mövcud olmuş qədim dövlətlərdən bəhs edilsə də, onlar regional tarix çərçivəsində təqdim edilmiş, qədim İran dövlətlərinin dünya tarixindəki yeri məsələsinə toxunulmamışdır.
Orta əsr İranı
Qafqazda təqribən 3-cü əsrdən 19-cu əsrə qədər davam etmiş və feodalizm münasibətləri ilə xarakterizə olunan orta əsrlər Azərbaycan və dünya tarixi üzrə 2 dərslikdə, 7 və 8-ci siniflər üçün nəzərdə tutulmuş dərsliklərdə təhlil edilir. 1990-cı illərdə mövcud olan “Azərbaycan tarixi” dərsliklərində İran termini Sasani imperiyası ilə bağlı işlədilir. İranda hakimiyyətə gələn Sasanilərin Azərbaycanı əyalətə çevirdiyi, Şimali Azərbaycan ərazisində yaradılmış Girdman dövlətinin isə Sasani şahı II Xosrovun qohumu Mihr tərəfindən yaradıldığı, Mihrin Uti vilayətinə öz nəslindən olan 30 min ailə ilə köçdüyü yazılır və faktiki olaraq bu dövlətin əsasının fars mənşəli hökmdar tərəfindən qoyulduğu qeyd edilir.[19] 2023-cü ildə dövriyyəyə buraxılmış “Azərbaycan tarixi” dərsliyində Girdman dövlətini artıq Sasani hökmdarının qohumu Mihr deyil, Sabirlər adlı türk tayfasından olan Mehran yaradır.[20] Ərəb xilafətinin süqutundan sonra Azərbaycan ərazisində yaradılmış dövlətlərdən bəhs edən dərslik Sacilərin “Dərbənddən Zəncana qədər” olan “Azərbaycan ərazisi”nə nəzarət etdiyini yazır.[21] Monqol işğallarından bəhs edilərkən əsasının Hülakü tərəfindən qoyulduğu dövlətin əsas torpaqlarının İrandan ibarət olduğu qeyd edilmir, dövlətin mərkəzinin Azərbaycan olduğu bildirilir.[22]
1990-cı illərdə yaradılan “Azərbaycan tarixi” dərsliklərində Hülakülər dövlətinin zəifləməsindən sonra bölgədə baş verən proseslər, bir-birinin ardınca yaradılan dövlətlər təsvir edilərkən Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri Azərbaycan dövlətləri kimi təqdim olunur. Bunun əsas səbəbi kimi isə dövlətlərin Azərbaycan ərazisində yaradıldığı, əhalinin əsas hissəsinin isə Azərbaycan türklərindən ibarət olduğu göstərilir. Qaraqoyunlu dövləti Azərbaycanın qərbində, Ağqoyunlu dövləti isə Azərbaycanın cənubunda yaradılmışdı.[23] Lakin coğrafi cəhətdən hansı Azərbaycan ərazisindən, 15-ci əsr, yoxsa 21-ci əsr Azərbaycanı ərazisindən bəhs edildiyi qeyd edilmir. 21-ci əsr “Azərbaycan tarixi” dərslikləri Qaraqoyunlu və Ağqoyunlu terminləri əvəzinə, müvafiq olaraq Baharlı və Bayandurlu dövləti terminini işlədirlər.[24] Bayandurlu dövlətindən bəhs edilərkən bu dövlətin əsas ərazisinin İran ərazisindən ibarət olduğu deyilmir, əksinə İranın bu dövlətin tərkibinə qatıldığı bildirilir.[25]
Səfəvilər dövlətinin tarixi 1990-cı və 2000-ci illərdə nəşr olunmuş “Azərbaycan tarixi” dərsliklərində fərqli təqdim olunur. Hər iki dövr Səfəviləri Azərbaycan dövləti kimi təqdim etsə də, 1990-cı illərdə yazılmış dərsliklər 15-ci əsrdə Azərbaycan Qızılbaş dövlətinin faktiki olaraq 2 feodal dövləti təsiri altında saxladığını qeyd edirlər. Bunlardan birincisi “Ağqoyunlu-Azərbaycan, Ermənistan və iki İraq”dır (Əcəmi İraqı və ərəb İraqı). İkincisi isə Teymurləngin şərqi İrandakı torpaqları, Xorasandır. Dərsliklər Xorasanda hakim təbəqənin fars olduğunu yazırlar.[26] I Şah Abbasın hakimiyyətə gəlməsi ilə qızılbaşların nüfuzlarını itirdikləri və dövlətin də artıq Azərbaycan dövləti olmadığı deyilir. 2023-cü ildə nəşr olunmuş dərslikdə Səfəvi dövlətinin farslaşması qəbul edilmir. Səfəvilər Azərbaycan dövləti kimi təqdim edilir, amma Şah Abbasın sülh danışıqları nəticəsində bütün Azərbaycan torpaqlarını Osmanlıya verdiyi yazılır. Bu hissədə də hansı Azərbaycan torpaqlarından (şimal, yoxsa cənub) bəhs edildiyi bildirilmir.[27] Bu kitabda İran coğrafi termin olaraq Hörmüz körfəzi uğrunda Portuqaliya ilə Səfəvilər arasında gedən mübarizə ilə bağlı işlədilir.[28] “Azərbaycan beynəlxalq ticarət əlaqələrində” adlı hissədə də İran termininin işlədilməsindən qaçılır, Rusiya-Azərbaycan ticarət əlaqələrindən bəhs edilir, Avropanın Azərbaycanla ticarət əlaqələri qurmaqda maraqlı olduğu yazılır.
Dünya tarixinə həsr olunmuş və 7-8-ci siniflər üçün nəzərdə tutulmuş dərsliklərdə İran tarixi səthi təqdim olunur. Keçən əsrin sonlarında 7-ci sinif şagirdləri dünya tarixini sovet dərsliyindən öyrəniblər. “Orta əsrlər tarixi” adlanan dərslikdə İran tarixinə aid xüsusi paraqraf yoxdur və İran yalnız Ərəb xilafətinin işğalları ilə bağlı xatırlanır, ərəblərin uzun müharibələrlə bir-birini zəiflətmiş İran və Bizansa hücumlarından bəhs edilir.[29] 21-ci əsr “Ümumi tarix” dərsliyində İran tarixi ilə tanışlıq “Sasani dövləti və Qafqaz” adlı bölmə ilə başlayır. Müəlliflər “Azərbaycan tarixi” dərsliyindən fərqli olaraq, Sasaniləri dünya tarixi kontekstində imperiya kimi təqdim etmirlər, dövlətin İran mənşəli olması və müasir İranın ərazisində yerləşməsi isə ümumiyyətlə qeyd edilməyib.[30] “İslam mədəniyyəti” adlı bölmədə İran elmi və mədəniyyəti ilə bağlı xüsusi bölmə yoxdur, bəzi adları çəkilən alimlərin isə İrana aid olduğu anlaşılmır. “Şərq xalqlarının mədəniyyəti” adlı bölmədə İran alimləri və şairlərindən (məs. Ömər Xəyyam, Cəlaləddin Rumi) bəhs edilsə də, ya onların etnik mənşəyi məsələsinə toxunulmayıb, ya da onlar türk kimi təqdim edilib.[31] Monqol işğalları və Monqol imperiyasına həsr olunmuş hissədə müəlliflər İranın monqollar tərəfindən işğalı və Hülakülər dövləti haqqında məlumatları dərsliyə daxil etməyiblər.
Yeni və müasir dövr İranı
18-ci əsrin əvvəllərində Qafqazda aktiv işğallara başlayan Rusiya bölgədə tənəzzül dövrünü yaşayan iki şərq dövləti, İran və Osmanlı imperiyası ilə qarşılaşır. 1990-cı illərdə dövriyyəyə buraxılmış dərsliklərdə işğal edilən torpaqların İrana aid olduğu bildirilir. 9-cu sinif üçün nəzərdə tutulmuş “Azərbaycan tarixi” adlı dərslikdə “1804-1813-cü illər Rusiya-İran müharibəsi. Gülüstan müqaviləsi” və “1826-1828-ci illər Rusiya-İran müharibəsi. Türkmənçay müqaviləsi” adlı hissələrdə Rusiyanın Xəzəryanı vilayətləri və Azərbaycanın şimalını işğalını məhz İranla bağlanılan müqavilələrlə rəsmiləşdirdiyi bildirilir və bu ərazilərin İranın nəzarətində olduğu dolayısı ilə qeyd edilir.[32] 21-ci əsr dərsliklərində Azərbaycanın istilasına fərqli bucaqdan yanaşılır. Rusiyanın işğalları “Azərbaycanın Xəzərsahili torpaqlarının Rusiya tərəfindən işğalı” kimi təqdim edilir. Lakin bu torpaqların işğalının rəsmiləşdirilməsi zamanı Rusiyanın nə üçün Azərbaycanla deyil, İranla – yəni Qacarlar dövləti ilə müqavilə bağlaması isə izah edilmir. “Ağa Məhəmməd xan Qacarın birləşdirmə siyasəti” adlı hissədə Qacarın İranı birləşdirmək uğrunda yox, Səfəvilər dövlətini bərpa etmək uğrunda mübarizə apardığı qeyd edilir.[33] “Gülüstan müqaviləsi” adlı paraqrafda müqavilənin Şah dövləti ilə Rusiya arasında bağlandığı bildirilir. “Türkmənçay müqaviləsi” adlı hissədə müəlliflər müqavilənin Qacar sarayı ilə Rusiya dövləti arasında bağlandığını qeyd edərək İran terminini işlətməkdən yayınmışlar. [34]
Azərbaycan tarix dərsliklərində Nadirin hakimiyyəti dövründə İrana münasibət də fərqlidir. 1990-cı illərdə dərc olunmuş dərsliklərdə “Nadir şahın hakimiyyətə gəlməsi” adlı hissədə Nadirin hakimiyyəti ilə Azərbaycanda “İran hakimiyyətinin bərpa olunduğu”, Nadirin işğalları nəticəsində İranda mərkəzləşdirilmiş hakimiyyətin möhkəmləndiyi bildirilir, beləliklə də, Nadirin İran şahı olduğu qeyd olunur.[35] 21-ci əsr dərsliklərində “Azərbaycan torpaqlarının azad edilməsi” adlı hissədə Nadirin Xəzəryanı vilayətləri yenidən Səfəvi dövlətinin tərkibinə qaytardığı, Nadirin Səfəvi dövlətini əvvəlki sərhədlərdə bərpa etdiyi bildirilir, Nadir Azərbaycan hökmdarı kimi təqdim olunur.[36] “Əfşar imperiyasının süqutu” adlı hissədə Azərbaycanın hər iki tərəfində xanlıqların yaradıldığı, cənub xanlıqların qısa müddət sonra Qacarların hakimiyyəti altına düşdüyü qeyd edilir, lakin Qacarların hansı ərazilərdə hakimiyyətdə olduqları bildirilmir.[37] “Ağa Məhəmməd xan Qacarın birləşdirmə siyasəti” adlı hissədə də Qacarın İranı birləşdirməyə can atdığı deyil, məhz Səfəvilər dövlətini əvvəlki sərhədlərdə bərpasına çalışdığı qeyd olunur.[38]
Birinci Dünya müharibəsi ərəfəsində və ondan sonra baş verən tarixi hadisələr təsvir edilərkən 1990-cı illərdə yazılmış “Azərbaycan tarixi” dərsliklərində İran termininə tez-tez rast gəlinir. “Cənubi Azərbaycan İranın hakimiyyəti altında” adlı hissədə Cənubi Azərbaycanın İranın ən inkişaf etmiş aqrar hissəsi olduğu bildirilir.[39] “Cənubi Azərbaycan 20-ci əsrin əvvəllərində” adlı hissədə inqilab dövründə əsasən demokratik tələblərin səsləndirildiyi, konstitusiyanın qəbul edilməsi, xarici məmurların ölkədən qovulması, şah məmurlarının özbaşınalığına son qoyulmasının tələb edildiyi, konstitusiya uğrunda mübarizə zamanı isə söz, vicdan azadlığı, şəxsiyyətin, mülkiyyətin toxunulmazlığı kimi tələblərin səsləndirildiyi vurğulanır.[40]
21-ci əsr “Azərbaycan tarixi” dərsliklərində İranda baş verən proseslər “Cənubi Azərbaycan” adlı bölmələrdə təsvir edilir, lakin bu zaman İran termini deyil, Qacarlar dövləti termini işlədilir.[41] Birinci Dünya müharibəsindən sonra baş verən hadisələr, Xiyabani hərəkatı təsvir edilərkən Qacarlar dövlətinin, o cümlədən dövlətin “şimal-qərb torpaqlarını əhatə edən Cənubi Azərbaycan”ın xarici dövlətlərin “hərbi əməliyyat meydanına” çevrildiyi vurğulanır.[42] “Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı” adlı hissədə 1925-ci ildə Qacarlar sülaləsinin hakimiyyətinin sona çatdığı və Pəhləvilər sülaləsinin hakimiyyətinin başlandığı qeyd olunur. Pəhləvilərin hakimiyyətə gəlməsi ilə İran terminindən istifadə edilir, Cənubi Azərbaycanın 1920-40-cı illərdə İran iqtisadiyyatının əsas mərkəzlərindən biri olduğu bildirilir.[43]
Hər iki dövrün dərslikləri Pəhləvilərin hakimiyyətə gəlməsi ilə güclü farslaşdırma siyasətinin başlandığını və etnik zəmində diskriminasiyanın artdığını yazır. 1995-ci ildə nəşr olunan dərsliyin “Cənubi Azərbaycan Rza şah diktaturası dövründə” adlı hissəsində 1925-ci ildə Qacarların devrilməsi ilə Pəhləvi ailəsinin hakimiyyətə gəldiyi, Pəhləvilərin hakimiyyəti dövründə keçirilən islahatların isə dövləti gücləndirdiyi, xarici asılılığı azaltdığı qeyd olunur. Lakin bu islahatlar Cənubi Azərbaycanın iqtisadi inkişafına təkan verməmiş, əksinə əhalinin vəziyyətini daha da pisləşdirmiş, ciddi farslaşdırma siyasəti isə zülmü artırmış, paniranizm ideologiyasını möhkəmləndirmişdir.[44]
1990-cı illərdə hazırlanan və dünya tarixinə həsr olunan dərsliklərdə İran Asiya ölkələrinə həsr olunmuş hissədə təqdim edilir. İran geridə qalmış aqrar, feodal ölkə kimi xarakterizə olunur, 20-ci əsrin əvvəllərində İranın müstəqilliyinin xeyli zəiflədiyi, Qacarların qeyri-məhdud hakimiyyətə malik olduqları, demokratik hərəkatın geniş vüsət aldığı qeyd edilir.[45] 21-ci əsr dərsliklərində “Qacarlar dövləti” adlı hissədə dərslik İranın 19-cu əsrdə türksoylu Qacar sülaləsi tərəfindən idarə olunduğu, Qacarların Cənubi Qafqazı Rusiyanın xeyrinə itirdiyi bildirir.[46] Bu dərsliklərdə Birinci Dünya müharibəsi dövründəki problemlər “İran” başlıqlı hissədə şərh olunur.[47] Birinci dünya müharibəsi dövründə İranın ərazisinin “Rusiya, Böyük Britaniya və Osmanlı imperiyası” tərəfindən işğal olunduğu, ingilis ağalığına qarşı ölkədə etirazların başlandığı və bu etirazların “Cənubi Azərbaycanda demokratik mübarizə” xarakteri daşıdığı qeyd edilir. “Mədəniyyət” bölməsində bir çox xalqların və dövlətlərin mədəni inkişaf məsələsinə toxunulsa da, İran ümumiyyətlə xatırlanmır.[48]
İkinci Dünya müharibəsindən sonra İranda baş verən hadisələr, xüsusilə də İran İslam İnqilabı şərh edilərkən Cənubi Azərbaycanın bu proseslərdə mühüm rol oynadığı, sonrakı dövrlərdə milli ayrı-seçkilik siyasətinin ölkənin daxili vəziyyətini gərginləşdirdiyi qeyd olunur.[49]
İranın müasir dünya tarixində yeri ilə bağlı problemlər İran İslam İnqilabı və bu inqilabla bağlı İranda baş verən proseslərin qısa şərhindən ibarətdir. “Azərbaycan tarixi” dərsliklərində irəli sürülən farslaşdırma və milli zəmində diskriminasiya siyasəti dünya tarixinə həsr olunmuş dərsliklərdə də təkrarlanır.[50] Dərslik Pəhləvilərin hakimiyyəti altında İranın sosial-iqtisadi nailiyyətlərinə toxunaraq, 1970-ci illərdə İranın Asiyada Yaponiyadan sonra iqtisadi inkişaf sürətinə görə 2-ci yerdə olduğunu vurğulayır.[51]
Dərsliklərdə müasir dövrdə Azərbaycan İran münasibətləri ilə bağlı hər hansı xüsusi bölmə yoxdur. “Azərbaycan Respublikasının xarici siyasəti” adlı hissədə ümumi sözlərlə Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinin “beynəlxalq hüquq normalarına uyğun” qurulduğu və “tarazlaşdırılmış siyasətin həyata keçirildiyi” bildirilir.[52]
Nəticə
Orta məktəb üçün nəzərdə tutulmuş bütün tarix dərslikləri tarixi proses və hadisələri xroniki ardıcıllıqla təqdim edir. Bu ardıcıllıqda bir məqsəd bəşər tarixinin zaman çərçivəsində artan inkişaf xətti ilə izlənilməsidir. Bu ardıcıllıq eyni zamanda mühüm siyasi və ideoloji missiya daşıyır. O müəyyən məkan çərçivəsində hər hansı millətin sosial-mədəni kimliyi və siyasi təfəkkürünün, dövlətçilik ənənələrinin qırılmadan, davamlı olaraq inkişafı haqqında reallıqdan uzaq olan narrativlərin yaradılmasına imkan verir. Xəyali tarixi ardıcıllıq konsepsiyası bir qayda olaraq digərlərinin, xüsusilə də qonşu millətlərin və dövlətlərin tarixinin saxtalaşdırılması, tarixi rolunun kiçildilməsi və qərəzli təqdim olunması hesabına mümkün olur.
Azərbaycanda dövlət müstəqilliyi əldə edildikdən sonra yaradılan milli tarix iki mühüm məqsədə xidmət edib: 1) dövlətçilik ənənələrinin qədimləşdirilməsi və milli dövlətçilik ideyasının legitimləşdirilməsi; 2) milli dövlətçilik ideyasına uyğun millət (cəmiyyət) kateqoriyasının yaradılması. Azərbaycan nümunəsində bu iki məqsədin reallaşdırılmasına ən böyük əngəl müasir Azərbaycanın dünya sivilizasiyalarının mərkəzlərindən sayılan İran ilə qonşu olmasıdır. Qədim İranın dövlətçilik tarixi müasir Azərbaycanın milli dövlətçilik ideyasına kölgə salan ən güclü faktordur. Azərbaycan tarixşünaslığı qədim İranın mövcudluğunu inkar etməklə bu faktordan yaxa qurtarmağa çalışıb. Bunun üçün ən asan yol isə İran terminindən imkan daxilində istifadə edilməməsi, İran ərazisində yaşayan cəmiyyətlərin İrandilli mənşəyinin danılması və ya türkləşdirilməsi olub.
Məktəblər sosial institutlar içərisində informasiyanın ən güclü ötürücüsü hesab edilirlər. Tarixi dərsliklər isə keçmiş haqqında milli narrativləri formalaşdıran ən mühüm vasitədir. Azərbaycan məktəblərində tədris edilən dərsliklərdə tarix konkret etnik qrupların və dövlətlərin marginallaşdırılması, tarixi yaddaşdan silinməsi və ya diskriminasiyasına haqq qazandırılması üzərində qurulub. İranın timsalında bu, İran ərazisində mövcud olan qədim dövlətlərin azərbaycanlaşdırılması, İran mədəniyyəti haqqında məlumatların dərsliklərə daxil edilməməsi və ya unudulması, İranın əsrlər boyu türk mənşəli sülalələr tərəfindən idarə olunması ilə reallaşdırılıb. Bu dərsliklərdə İran marginallaşdırılmış və mədəniyyətsizləşdirilmiş məkandır. Bunun əsas səbəbi isə İranın mövcudluğunun Azərbaycanın milli dövlətçilik narrativlərinə uyğun gəlməməsidir.
Tarix dərsliklərinin və tarixi təhsilin ayrı-ayrı şagirdlərin və bütövlükdə cəmiyyətin dünyagörüşünə necə təsir göstərdiyini ölçmək və ya qiymətləndirmək asan deyil. Lakin sosial şəbəkələrdə İran tarixinin marginallaşdırılması, İrana mənfi münasibət təkcə irridentist sentimentlərlə izah edilməməlidir. İran tarixinə bu cür münasibətdə tarix dərsliklərinin rolu danılmazdır.
Ümumən, İrana münasibətdə 1990-cı illərdə yazılmış dərsliklərlə 21-əsr dərslikləri arasında ciddi fərq yoxdur. Lakin 1990-cı illərdə yazılmış həm Azərbaycan tarixi, həm də dünya tarixi üzrə dərsliklərdə İran termini daha tez-tez işlədilir, İran tarixi dünya tarixi kontekstində təqdim edilməsə də, ona qismən neytral münasibət mövcuddur.
Ədəbiyyat siyahısı
Azərbaycan tarixi. 6-cı sinif. 1994. Bakı: Öyrətmən (History of Azerbaijan)
Azərbaycan tarixi. 6-cı sinif. 2022. Bakı: Təhsil Nəşriyyat-Poliqrafiya ((History of Azerbaijan)
Azərbaycan tarixi. 7-ci sinif. 1994. Bakı: Öyrətmən. (History of Azerbaijan)
Azərbaycan tarixi. 7-ci sinif. 2023. Bakı: Təhsil Nəşriyyat-Poliqrafiya (History of Azerbaijan).
Azərbaycan tarixi. 8-ci sinif. 1999. Bakı: Təhsil (History of Azerbaijan)
Azərbaycan tarixi. 9-cu sinif. 1998. Bakı: Təhsil (History of Azerbaijan)
Azərbaycan tarixi. 9-cu sinif. 2024. Bakı: Şərq-Qərb (History of Azerbaijan)
Azərbaycan tarixi. 8-ci sinif. 2023. Bakı: Təhsil Nəşriyyat-Poliqrafiya (History of Azerbaijan)
Azərbaycan tarixi. 10-cu sinif. 1998. Bakı: Maarif (History of Azerbaijan)
Azərbaycan tarixi. 11-ci sinif. 1995. Bakı: Öyrətmən (History of Azerbaijan)
Azərbaycan tarixi. 11-ci sinif. 2023. Bakı: Şərq-Qərb (History of Azerbaijan)
Cole Elizabeth A. and Barsalou Judy. 2006. Unite or Divide? The Challenges of teaching History in Societies emerging from Violent Conflict. US Institute of Peace. Special Report.
Orta əsrlər tarixi. 7-ci sinif. 1998. Bakı: Maarif (History of Middle Ages)
Qədim dünya tarixi. 6-cı sinif üçün dərslik.1995. Bakı: Maarif (History of Ancient World)
Pingel Falk. 2008. “Can Truth Be Negotiated? History Textbook Revision as a Means to Reconciliation,” The Annals of the American Academy of Political and Social Science, Vol. 617, The Politics of History in Comparative Perspective (May 2008): 81-98
Schissler Hanna.1990. “Limitations and Priorities for International Social Studies Textbook Re-search,” In The International Journal of Social Education, 4, 81-9.
School Text-Book Revision and International Understanding. 1933. Paris: International Institute of Intellectual Co-Operation.
Ümumi tarix. 6-cı sinif üçün dərslik. 2021. Bakı: Azpoliqraf (World History)
Ümumi tarix. 7-ci sinif üçün dərslik. 2022. Bakı: Şərq-Qərb (World History)
Ümumi tarix. 9-cu sinif üçün dərslik. 2024. Bakı: Şərq-Qərb (World History)
Ümumi tarix. 11-ci sinif üçün dərslik. 2010. Bakı: Çaşıoğlu (World History)
Yeni tarix. 9-cu sinif. 1998. Bakı: Maarif (Modern History)
[1] School Text-Book Revision and International Understanding, (International Institute of Intellectual Co-Operation, 1933).
[2] Falk Pingel, “Can Truth Be Negotiated? History Textbook Revision as a Means to Reconciliation,” The Annals of the American Academy of Political and Social Science, Vol. 617, The Politics of History in Comparative Perspective (May 2008): 184.
[3] Hanna Schissler, “Limitations and Priorities for International Social Studies Textbook Re-search,” The International Journal of Social Education, 4 (1989–90): 81.
[4] Elizabeth A. Cole and Judy Barsalou, Unite or Divide? The Challenges of teaching History in Societies emerging from Violent Conflict, (US Institute of Peace, 2006), Special Report, 2.
[5]Müasir İran İslam Respublikasının ərazisi tarix boyu müxtəlif cür adlanıb: İran, Eran, Aryan, “Arilərin torpağı” tarixi termin olaraq ilk dəfə b.e.ə. 4 (3)-cü əsrə aid Nəqşi-Rüstəm arxeoloji abidəsində işlədilib. 1935-ci ildən bu ərazi rəsmi olaraq İran adlandırılır. Bu mətndə müxtəlif tarixi mərhələlər üçün bir termin, İran termini işlədilir.
[6] Azərbaycan tarixi. 6-cı sinif (Öyrətmən, 1994), 32.
[7] Yenə orada, 42.
[8] Yenə orada, 55.
[9] Yenə orada, 58.
[10] Yenə orada, 61.
[11] Azərbaycan tarixi, 6-cı sinif (Təhsil Nəşriyyat-Poliqrafiya. 2022), 49.
[12] Yenə orada, 59-61.
[13] Yenə orada, 82.
[14] Yenə orada, 89.
[15] Qədim dünya tarixi, 6-cı sinif üçün dərslik (Maarif, 1995), 93, 98.
[16] Ümumi tarix, 6-cı sinif üçün dərslik (Azpoliqraf, 2021), 54.
[17] Yenə orada, 60.
[18] Yenə orada, 66-7.
[19] Azərbaycan tarixi, 7-ci sinif (Öyrətmən, 1994), 8, 17.
[20] Azərbaycan tarixi, 7-ci sinif (Təhsil Nəşriyyat-Poliqrafiya, 2023), 12.
[21] Yenə orada, 33.
[22] Yenə orada, 74-5.
[23] Azərbaycan tarixi, 8-ci sinif (Təhsil, 1999), 102, 104, 112, 145.
[24] Azərbaycan tarixi, 7-ci sinif (2023), 93, 98.
[25] Yenə orada, 99.
[26] Azərbaycan tarixi, 9-cu sinif (Təhsil, 1998), 5.
[27] Azərbaycan tarixi, 8-ci sinif (Təhsil Nəşriyyat-Poliqrafiya, 2023), 15.
[28] Yenə orada, 23.
[29] Orta əsrlər tarixi, 7-ci sinif (Maarif, 1998), 72.
[30] Ümumi tarix, 7-ci sinif (Şərq-Qərb, 2022), 28.
[31] Yenə orada, 106, 128.
[32] Azərbaycan tarix, 9-cu sinif (Təhsil, 1998), 140, 143, 153.
[33] Azərbaycan tarixi, 8-ci sinif (Təhsil Nəşriyyat-Poliqrafiya, 2023), 128.
[34] Yenə orada, 166, 179.
[35] Azərbaycan tarixi, 9-cu sinif (1998), 62-3.
[36] Azərbaycan tarixi, 8-ci sinif (2023), 64.
[37] Yenə orada, 89.
[38] Yenə orada, 128.
[39] Azərbaycan tarix, 10-cu sinif (Maarif, 1998), 41-50.
[40] Azərbaycan tarixi, 10-cu sinif (1998), 211-13, 217.
[41] Azərbaycan tarixi, 9-cu sinif (Şərq-Qərb, 2024), 38.
[42] Azərbaycan tarixi, 9-cu sinif (2024), 104.
[43] Azərbaycan tarixi, 9-cu sinif (2024), 126.
[44] Azərbaycan tarixi, 11-ci sinif (Öyrətmən, 1995), 182, 184, 191.
[45] Yeni tarix, 9-cu sinif (Maarif, 1998), 183.
[46] Ümumi tarix, 9-cu sinif (Şərq-Qərb, 2024). 35.
[47] Yenə orada, 83.
[48] Yenə orada, 96.
[49] Yenə orada, 122-23.
[50] Ümumi tarix, 11-ci sinif (Çaşıoğlu, 2010), 33.
[51] Yenə orada, 98.
[52] Azərbaycan tarixi, 11-ci sinif (Şərq-Qərb, 2023), 187-89.

