DİN

DİN

Niyə bu il Azərbaycanda Aşura iki gün keçirildi?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycanda 1930-cu illərdən sonra ilk ən böyük Aşura 2015-ci ildə olmuşdu. Həmin ildə Bakıdakı, habelə Bakıətrafı qəsəbələrdəki, Lənkəran, Gəncə, Bərdə kimi şəhərlərdəki dindarların Aşura mərasimlərində çoxminli yürüşləri təşkil edilmişdi. Lakin 2015-ci ildə ölkənin hüquq-mühafizə orqanları terror və ekstremizmlə mübarizə iddiası ilə  ölkənin məşhur dindar-şiə mərkəzlərindən hesab olunan Bakı ətrafındakı Nardaran kəndində bir neçə nəfərin ölümü ilə nəticələnən əməliyyat keçirmiş və elə bu proseslər fonunda da ölkənin digər yerlərində bir sıra məşhur şiə din xadimləri həbs olunmuşdu.

Sonrakı illərdə qanunlar sərtləşdirilmiş, Dini ekstremizmə qarşı mübarizə haqqında xüsusi qanun qəbul edilmişdi. Bu qanunla Məhərrəm ayı məclislərinin keçirilməsi ilə bağlı ciddi məhdudiyyətlər tətbiq olunmağa başlamışdı. Belə ki, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların nümayiş etdirilməsi, dini bayraqların ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərindən kənar yerləşdirilməsi qadağan olunurdu. Yeni qanunlar həmçinin uşaqların dini mərasimlərdə iştirakını məhdudlaşdırmağı da nəzərdə tuturdu. Bundan sonra məscidlərdə Aşura və Məhərrəmlik məclisləri zamanı içəriyə məktəblilərin buraxılmasına müxtəlif rəsmi, qeyri-rəsmi qadağalar tətbiq olunurdu. Tətbiq edilən məhdudiyyətlər sırasında həmçinin şəxsi avtomobillər üzərində də dini şüarlar nümayiş etdirmək kimi xırdalıqlar belə nəzərə alınırdı. Həmçinin, nəzərdə tutulan cəza tədbirləri də sərtləşdirildi. Bütün bunların nəticəsində Aşura və ümumilikdə Məhərrəm məclisləri yalnız məscidlərin həyəti ilə məhdudlaşdırıldı, məsciddən kənarda əza məclisləri, yürüşlər keçirmək, Aşura ilə bağlı dini simvollar asmağın, yazmağın qarşısı alındı.

Dini sahənin idarə edilməsi yönündə tətbiq edilən digər məhdudiyyətlər nəticəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) səlahiyyətləri artırılaraq, din xadimlərinin təyinatı prosesi bu qurumun əlində cəmləşdirilib. Bu proses bir sıra məşhur şiə din xadimlərinin məscidlərdəki vəzifələrindən uzaqlaşdırılması və yaxud buna cəhd göstərilməsi ilə nəticələnib. Həmçinin, son bir neçə ildə İranla münasibətlərin sərtləşməsi fonunda da xeyli şiə dindar ən müxtəlif ittihamlarla həbs edilib. 

Qeyd etmək lazımdır ki, Azərbaycanda bu cür qadağalar, qonşu postsovet respublikalarında, məsələn, Gürcüstanda və Rusiya Federasiyasının Dağıstan Respublikasında yerli azərbaycanlıların Məhərrəm və Aşura ilə bağlı mərasimlərinin, yürüşlərinin, məclislərinin getdikcə genişləndiyi bir fonda baş verir. Azərbaycan hökumətinin sərt siyasətinə dindarların narazılığı olsa da, bütün bu qadağalar açıq və diqqəti cəlb edəcək ciddi etirazlar doğurmamışdı. Aşura məclislərində iştirakda isə son illərdə aydın şəkildə seziləcək azalma müşahidə olunur.

Belə bir şəraitdə, bu il hökumət bir qədər də irəli gedərək daha bir məhdudiyyət tətbiq etdi. 2025-ci il iyunun 23-də hər il olduğu kimi, Azərbaycanda müsəlman dini icmalarının ali, mərkəzləşdirilmiş qurumu olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının Məhərrəmlik mərasimləri ilə bağlı fətvası yayıldı. Fətvada deyilirdi ki, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə, Hicri-Qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcı, yəni Məhərrəm ayının 1-i Miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf edəcək. Demək, müvafiq olaraq, Məhərrəm ayının 10-a düşən Aşura da Miladi tarixlə iyunun 5-də qeyd olunmalıdır.

Lakin QMİ-nin fətvası Yaxın Şərqdəki şiə dini mərkəzlərinin yanaşması ilə üst-üstə düşmür. Əslində, Azərbaycanda artıq 20 ilə yaxındır ki, dini təqvimlərlə bağlı polemikalar müşahidə olunur. Bu polemikalar daha çox özünü Ramazan ayında və həmçinin Qurban bayramı dövründə büruzə verir. İslam aləmində bu məsələdə məzhəblər arasında fərqlə bərabər, ayın müşahidəsi ilə bağlı fərqli yanaşmalar da mövcuddur. Məsələn, ayın planetin hər hansı bir guşəsində görünməsi yeni Hicri-Qəməri ayının başlanması kimi qəbul oluna bilərmi, yoxsa yeni ayın hilalı ancaq konkret məntəqədə görünərkən müsəlman Hicri-Qəməri ayının başlanğıcı kimi götürülməlidir tipli mübahisələr bu məsələdə əsas rol oynayır. Həmçinin Hicri-Qəməri təqvimində təqvim ayının başlanğıcı kimi ayın fiziki olaraq gözlə görünməsi əsasdır, yoxsa təbiət elmləri əsasında hesablamalar kifayət edir tipli məsələlərdə də fikir ayrılıqları mövcuddur. Bu məsələlərdəki fərqlər səbəbindən, bir qayda olaraq, Ramazan ayında bayram namazlarının fərqli günlərdə qılınması adi hal alıb. Əslində, Ramazan məsələsində təqvim fərqləri bir çox hallarda şiələrin iki əsas elmi mərkəzi olan Nəcəf və Qumdakı üləmaların yanaşmasında da meydana gəldiyi üçün bu məsələdə fikir ayrılığı şiə dindarlar arasında adi qarşılanır.

Burada Azərbaycanda narazılığın səbəbi adətən o olur ki, hökumət QMİ-dən bayram namazlarının gününün sekulyar hökumətin müəyyən etdiyi təqvimə əsasən təyin olunmasını tələb edir və bu cür müdaxilə dindarların narazılığı ilə qarşılanır. Lakin adətən şiə dindarlar vəziyyəti nəzərə alaraq, kompromis variant kimi bayram namazlarını iki gün qılır: Bir gün QMİ-nin elan etdiyi təqvimdə, rəsmi dövlət bayramı kimi qeyd olunur. Xaricdə olan dini mərkəzlərin təyin etdiyi gün isə (bu gün ilindən asılı olaraq QMİ-nin elan etdiyi gündən bir gün əvvəl və yaxud bir gün sonraya düşə bilir) dindarlar sanki fərdi şəkildə məscidlərə axın edir və bu zaman izdihamı nəzərə alaraq din xadimləri ikinci gün də camaat üçün bayram namazı təşkil edir. Lakin bəzi məscidlərdə bunun qarşısı alınır. Məsələn, bayram namazlarını QMİ-nin təyin etdiyi gündən fərqli bir gündə də qıldırdığına görə 2022-ci ildə Neftçalanın axundu Mir Seymur Əliyev, 2023-cü ildə isə Xırdalan şəhər Cümə məscidinin axundu Hacı Azər Qafarov, Corat məscidinin imamı Hacı Sahib Məmmədov, Bakıda yerləşən Qasımbəy məscidinin imamı Samir Ağayev və İmişli şəhər Cümə məscidinin imamı Adıgözəl Bəşirov məscidlərdən uzaqlaşdırılıb.

Aşura gününün Ramazan və ya Qurban bayramlarının namazlarından bu vaxta qədər fərqi o olub ki, bu matəmin keçirildiyi günlə bağlı bu vaxta qədər fikir ayrılığı müşahidə edilməyib.  Ona görə də QMİ fətvasının dünya Şiə mərkəzlərinin yanaşması ilə üst-üstə düşməməsi, Aşura üçün fərqli bir tarix seçilməsi dindarlar arasında narahatlıq doğurdu. Bu həm də Məhərrəmin azərbaycanlılar arasında xüsusi bir əhəmiyyətinin olması ilə əlaqədardır. Yalnız onu demək kifayətdir ki, Azərbaycanda Sovet hökuməti Məhərrəmə qarşı mübarizəni Ramazan və Qurban mərasimlərinə qarşı mübarizədən bir neçə il əvvəl başlatsa da, onunla mübarizədə əldə etdiyi nəticə sonuncularla mübarizədə əldə etdiyi nəticədən qat-qat zəif olub. Camaat Məhərrəm və Aşuraya sadiqliyini ən müxtəlif formalarda Sovet dövründə böyük ölçüdə qoruya bilib.

Beləliklə, Məhərrəmliklə bağlı QMİ-nin fətvası sosial şəbəkələrdə dərhal müzakirə və mübahisələrə səbəb oldu, dindarlar arasında fətvanın həm tərəfdarları, həm əleyhdarları meydana çıxdı. Bir qisim Aşuranın iyulun 5-də, yəni QMİ-nin təyin etdiyi vaxtda keçirilməsində israr edirdisə, digər bir qisim bunu pisləyir və Aşuranın iyulun 6-da keçirilməsini istəyirdi. İyul ayının 4-də Bakının 8-ci kilometr məhəlləsində yerləşən Sahib əz-Zaman məscidinin imamı Hacı Habil İsgəndərli xütbəsində bu məsələyə toxunaraq bildirirdi ki, “Dünyanın Şiə mərkəzləri – Nəcəf, Kərbəla, Məşhəd, Qum və bütün dünya şiələri Aşuranı ayın 6-sı qeyd edirlər. Amma bizə deyilib ki, sabah keçirin. Sabah da keçirə bilərik, birigün də keçirə bilərik. Sabah keçirmək məmuriyyətdən göstərişdir. Birigün keçirmək əqidənin göstərişidir, Allahın göstərişidir”. Onun bu çıxışı TikTok, İnstagram kimi sosial şəbəkələrdə yayılmış və geniş rezonans doğurmuşdu. Bu çıxışından sonra Habil İsgəndərlinin polisə aparıldığı haqqında məlumat yayıldı. Bir müddətdən sonra axundun TikTok hesabından paylaşılan xütbənin yuxarıda qeyd olunan hissəsi silinməklə, o sərbəst buraxılsa da, belə bir məlumat yayıldı ki, DQİDK-nın tələbi ilə dini təhsilini sovet dövründə Özbəkistanın Buxara şəhərində almış 68 yaşlı İsgəndərli məscid imamı vəzifəsindən öz ərizəsi ilə çıxıb.

İyulun 5-də Aşura mərasimi Bakının, demək olar ki, bütün məscidlərində qeyd olundu. Lakin son illər boyu davamlı olaraq aşağı düşən kütləvilik bu il daha da qabarıq şəkildə müşahidə olundu, Aşura bu mərasimə xas olmayan tərzdə coşqusuz və hüquq-mühafizə orqanlarının ciddi nəzarəti altında keçdi. Lakin növbəti gün iyulun 6-da gözlənilmədən əksər məscidlərdə kütləvi toplanma müşahidə olundu. Əksər məscidlər polis və DQİDK əməkdaşlarının nəzarəti altında məqsədli şəkildə bağlı saxlanılsa da (məsələn, Binəqədi rayonunda Həzrət Əli, Gəncədəki İmamzadə, Bakıda İmam Hüseyn məscidlərində mərasimlərin keçirilməsinə icazə verilməyib), kütləvi şəkildə axının qarşısında hökumət bəzi məscidləri açdı. Həmin gün açıq olan məşhur Bibiheybət məscidində toplanan camaatın Aşura mərasimi keçirməsinə hüquq-mühafizə orqanları əvvəl mane olmağa çalışsa da, sonradan icazə verildi. Oxşar hal Binə məscidində də baş verdi, əhalinin sayı çox olduğu üçün polis mərasimin keçirilməsinə razı oldu. Bununla bərabər, bəzi axundlar həmin gün Aşuranın keçirilməsinə xüsusi şərait yaratdığı üçün polis təzyiqi ilə üzləşdi. Məsələn, Novxanı məscidinin axundu Ələsgər Mikayılov polis tərəfindən saxlanıldı, fəqət axşam azad edildi. Əksinə Sumqayıt, Keşlə, Binə, Qobu kimi şəhər və kəndlərdə məscid imamları Aşura mərasimi keçirilməyəcəyini deyərək, məscidi bağlı saxlamağa çalışdığı üçün əhali ilə qarşıdurma yarandı. Keşlə məscidinin imamı Hacı Sirac, habelə Qobu məscidinin imamı yerli sakinlər tərəfindən qovuldu.

Azərbaycanda 2025-ci il Aşura mərasimləri zamanı baş verənlər yuxarıda da qeyd etdiyim kimi, son 10 ildə tədricən tətbiq edilən məhdudiyyətlər silsiləsinin pik nöqtəsi oldu. Nəticədə, məhdud sayda da olsa, narazılıq və nisbi gərginlik müşahidə olundu. İlk növbədə, onu qeyd etmək lazımdır ki, hakimiyyət orqanlarının ildən-ilə dini proseslərə daha dərin müdaxiləsi əks effekt verir və əhalidə narazılıq artır. İkincisi, hökumətin dini sahə ilə bağlı düşünülmüş yumşaq güc, inandırma, anlaşma, birgə işləmə yanaşması ya yoxdur, ya da işləmir. Son illərdə dini sahədə tətbiq edilən prosedurlar nəticəsində təyin olunan yeni din xadimləri isə dindar əhali üzərində ciddi təsirə malik deyil. Belə şəraitdə, daimi həssaslığını saxlayan dini sahədə sanki daha çox hüquq-mühafizə və təhlükəsizlik orqanlarının təzyiq fəaliyyəti nəzərə çarpır.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.