Tarixi biliklər tənqidi təfəkkürümüzün, analitik qabiliyyətlərimizin inkişafına müsbət təsir göstərir. Tarix eyni zamanda bəşəriyyətin inkişaf istiqamətləri və mərhələlərini təhlil etməklə fərqli mədəniyyətlər və adət-ənənələrlə tanış olmaq, yaxın və uzaq qonşularımızı tanımaq imkanı verir. Qonşu xalqların tarixi dərsliklərdə müxtəlif aspektlərdən, adətən coğrafi, tarixi, mədəni, iqtisadi kontekstdən təqdim olunur. Yaxın qonşuları tanımaq bizə həmçinin müasir dövrümüzdə mövcud olan əlaqələrin məzmunu və səviyyəsini anlamaq və dəyərləndirmək imkanı verir.
Mən bu məqalədə Azərbaycanın coğrafi cəhətdən və tarixən ən yaxın qonşularından biri olan Gürcüstanın tarix dərsliklərində necə təqdim olunduğunu araşdıracağam. Bu məqalədə dərsliklərdəki tarixi saxtalaşdırmalara, qərəzli şərhlərə, sübutu olmayan faktlara toxunmayacaq, dərsliklərin Gürcüstan haqqında hansı fikri formalaşdırdığını, qonşu xalqı necə tanıtdığını müəyyənləşdirməyə çalışacağam.
Gürcüstan qədim və orta əsrlərdə
Azərbaycan ərazisində Qafqazdilli tayfalar haqqında ilk məlumat Albaniya dövlətinin tarixi ilə bağlı təqdim olunur.[1] Albaniyanın ərazisi təqdim olunarkən ilk dəfə İberiyanın adına rast gəlinir. İberiya “Gürcüstanda qədim dövlət”dir. İberiya ilə Xəzər dənizi arasında yaşayan albanların dövləti Gürcüstanın Alazan (Qanıx) vadisini də əhatə edirdi. İkinci dəfə İberiya romalıların Albaniyaya hücumu ilə əlaqədar xatırlanır.[2] Maraqlıdır ki, Albaniyanın nə başlıca şəhəri olan Kabalaka (Qəbələ), nə də digər şəhərlərinin coğrafi cəhətdən çox yaxın olduqları İberiya ilə hər hansı ticarət və mədəni əlaqələrindən bəhs edilmir. Ümumən, Azərbaycanın qədim və erkən orta əsrlər tarixi təqdim olunarkən qonşu tayfa və dövlətlərdən bəhs edilmir.
Erkən orta əsrlərdə, Sasanilərin hakimiyyəti dövründə də Azərbaycan bölgənin digər dövlətlərindən təcrid olunmuş şəkildə təqdim olunur. “Ərəb mənbələrində Arran adlandırılan şimali Azərbaycanın” Ərəb, Sasani, Xəzər və Bizans dövlətlərinin hədəfinə çevrildiyi qeyd olunur.[3] Azərbaycana qonşu olan xalqlar ilk dəfə tarix səhnəsinə İslam dininin şimal torpaqlarında yayılması ilə bağlı çıxırlar. Bütpərəstlərə qarşı assimilyasiya, xristianlara qarşı isə dözümlülük siyasəti yürüdən ərəblərin Şimali Azərbaycanın qərb bölgələrində yaşayan xristian alban əhalini təsir altına sala bilmədikləri qeyd edilir. Dərslikdə qeyd edilir ki, bu şəraitdən erməni və gürcü kilsələri istifadə edir. İki kilsənin xristian albanlar uğrunda mübarizəsi başlayır.[4] Azərbaycanda birləşdirici və qurucu rolu oynayan İslam dini türk və qeyri-türk etnosları dini zəmində səfərbər edir, “Cənubi Qafqazı özünə tabe etməyə çalışan Bizans imperiyasına, erməni və gürcü feodallarına” qarşı vahid cəbhə yaratmağı bacarır.[5] Beləliklə, Ərəb xilafatı işğallarını müsbət qiymətləndirən dərslik Azərbaycanın qonşuluğunda yalnız bir dövlətin, Bizansın mövcudluğunu qəbul edir.
Ərəb xilafətinin zəifləməsi ilə onun ərazisində bir sıra dövlətlər yarandı və bu dövlətlərdən biri də Tiflis əmirliyi idi. Tiflis əmirliyini müsəlman Cəfəri sülaləsi tərəfindən idarə edildiyi üçün Azərbaycan ərazisi hesab edən dərslik Alazan vadisini də nəzərə alsaq, ikinci dəfə müasir Gürcüstan ərazisinin bir hissəsini Azərbaycan torpağı kimi təqdim edir.[6]
XI əsrin əvvəllərində Azərbaycana oğuz türklərinin axını Bizansın və erməni-gürcü feodallarının basqınının qarşısının alınması baxımından əhəmiyyətli hesab edilir.[7] Ərəb xilafəti zəiflədikdən və parçalandıqdan sonra Azərbaycan ərazisində bir sıra dövlətlərin yarandığı iddia olunsa da, Bizansdan başqa bu dövlətlərə bölgədə qonşu olan dövlətlər haqqında məlumat yoxdur, Tiflis isə “orta əsr şəhərlərimiz” sırasındadır.[8] Səlcuq türklərinin Azərbaycan və Qafqazı işğalı təsvir edilərkən bu qüvvələrin Bizans-erməni-gürcü hərbi qüvvələrinə qarşı vuruşduqları diqqətə çatdırılır, Tiflis əmirliyinin də Səlcuqların tabeliyinə keçdiyi bildirilir.[9]
Böyük Səlcuq imperatorluğu parçalandıqdan sonra Azərbaycan ərazisində yaranmış Şirvanşahlar dövlətinin tarixindən bəhs edilərkən ilk dəfə regional dövlətlərdən biri haqqında məlumat verilir, gürcü hökmdarı ilə Şirvanşah III Məniçöhr arasında bağlanan ittifaqdan bəhs edilir, gürcü çarı IV Davidin Tiflis əmirliyini işğal edərək öz dövlətinə birləşdirdiyi qeyd olunur.[10] Bundan sonra dərslik əvvəl Şirvanşahlar, sonra isə Atabəylərlə gürcü dövləti arasında aramsız müharibələrdən bəhs edir, beləliklə də, “Qafqazın cənubunda işğalçı siyasət yürüdən Gürcüstan dövləti”nin mövcud olduğu bəlli olur.[11] Dərslik qeyd edir ki, gürcü hökmdarları Azərbaycana ağır zamanlarda hücum edir, fürsətdən istifadə edərək yerli əhalini qırır, əsir götürür, var-dövlətini talan edirdi. Bu yürüşlərin birində Gəncə qapıları da qənimət kimi götürülmüş və hal-hazırda Gürcüstanda Gelat monastırında saxlanılır.
15-ci əsrin əvvəllərində bölgədə yaranmış gərgin vəziyyət, dövlətlər arasında müharibələr təsvir edilərkən Şirvanşah I İbrahimin Şərqi Gürcüstanı işğal etdiyi, sonradan isə Qara Yusifə qarşı gürcü hökmdarı ilə ittifaqa girdiyi bildirilir.[12] Hərbi toqquşma Qara Yusifin qələbəsi ilə başa çatmış, həm I İbrahim, həm də gürcü çarı və əyanları əsir alınmışdır.[13] Dərslikdə Qara Yusifin I İbrahimə mərhəmət göstərdiyi, lakin gürcü çarı və 300 əyanının isə dərhal edam edildiyi də vurğulanır.[14] Dərslikdə Həsən Ağqoyunlunun Gürcüstan yürüşləri haqqında heç bir məlumat verilmir. Lakin Azərbaycan dövlətləri hesab edilən Eldənizlər, Elxanilər, Qaraqoyunlu, Ağqoyunlu, Şirvanşahlar ərazisində xristian əhaliyə ədalətli davranışdan, gürcü və erməni ruhanilərə imtiyazların verilməsindən danışılır.[15]
Səfəvi hökmdarı I İsmayılın hakimiyyəti illərində Qafqazın mərkəzi və cənub-qərb hissəsinin Səfəvi dövlətinə tabe olduğu qeyd edilir.[16] 1514-cü ildə Səfəvi və Osmanlı dövlətləri arasındakı Çaldıran döyüşündən sonra Osmanlı cənub-qərbi Qafqazda geniş ərazilər işğal etdilər. Bu isə Gürcüstanın həmin dövrdə Səfəvilərə tabe olmamağı demək idi. Bundan sonrakı Osmanlı-Səfəvi döyüşlərində Səfəvilər yalnız Şərqi Gürcüstanı tabeliklərində saxlamağa müyəssər oldular.
16-17-ci əsrlərdə Osmanlı-Səfəvi müharibələri dövründən bəhs edən 8-ci sinif dərsliyində döyüşlərin getdiyi ərazilər arasında Gürcüstanın adına rast gəlinmir, lakin 24-cü səhifədəki xəritədən I Şah Abbasın Gürcüstana yürüşləri əks olunur. “Azərbaycanın beynəlxalq ticarət əlaqələri” adlı bölmədə Azərbaycanın Avropa ölkələri, uzaq Çin və Hindistanla ticarət əlaqələrindən bəhs edilir, lakin region dövlətləri haqqında heç bir məlumat olmadığından onlarla iqtisadi əlaqələrindən də bəhs olunmur.[17] Növbəti dəfə Gürcüstanla bağlı məlumata Nadir şahın tarixi ilə bağlı rast gəlinir. Nadir xanın şah olmasına qarşı çıxan Qarabağ tayfaları Nadir tərəfindən cəzalandırılır, Qarabağ bəylərbəyliyinə daxil olan Borçalı, Qazax, Şəmşəddil mahalları Nadirdən asılı olan gürcü hakiminin tabeliyinə verilir.[18] Müəlliflər bunu “Azərbaycanın gələcək tarixi üçün uğursuz addım” adlandırırlar. Kitabda bu hadisə ilə bağlı Mirzə Adıgözəl bəyin kitabına istinad edilir. Mənbədə isə ərazilərin gürcü hakiminə deyil, “Gürcüstan əmirlərinə və uca mərtəbəli valinin hökmünə” tabe edildiyi bildirilir.[19] Nadir şaha qarşı baş vermiş üsyanlardan bəhs edilərkən Gürcüstan hakiminin üsyanın başçılarından olan və Gürcüstana sığınan II Sam Mirzəni Nadirə təhvil verdiyi vurğulanır.[20]
Dərsliyin 83-ci səhifəsində əks olunmuş xəritədə 18-ci əsrin ortalarında Azərbaycan adlı dövlətin sərhədlərinə Borçalı sultanlığı da daxil edilib. Xanlıqlar dövrü başlandıqdan sonra Azərbaycanın qonşuluğunda mərkəzləşmiş Gürcüstan dövlətinin mövcud olduğu aydınlaşır. Bu dövlət Azərbaycanın böhranlı vəziyyətindən istifadə edərək onun qərb torpaqlarına iddia irəli sürür. Şəki xanlığını özünə tabe etməyə çalışan gürcü çarı II İrakli bu məqsədlə Azərbaycanın beş xanlığı ilə ittifaq bağlamağa müyəssər olur.[21] Dərsliyin “Qızılqaya xəyanəti” adlandırdığı hadisə Azərbaycan xanlarının II İrakli tərəfindən əsir götürülməsidir. Xanların köməyinə gələn Şəki xanı Hacı Çələbi həm II İraklini məğlub edir, həm də vaxtilə Nadirin gürcü hakiminə verdiyi torpaqları geri qaytara bilir. II İraklinin Azərbaycan torpaqlarına növbəti hücumu Quba xanlığının yüksəlməsi dövrünə təsadüf edir. Qafqazda hökmranlığa can atan II İrakli Fətəli xana qarşı Qarabağ və Şəki xanlığının yaratdığı ittifaqa qoşulur.[22] Gürcü çarı eyni zamanda “dəfələrlə Gəncə xanlığı”nı da özünə tabe etməyə çalışmışdı, çünki Cavad xan Borçalı və Qazaxı gürcü təsirindən azad etməyə cəhd göstərmişdi.[23] 18-ci əsrdə baş vermiş hadisələr təsvir edilərkən Kartli çarı, Kartli hakimi terminləri işlədilir, Kartli çarının 18-ci əsrin 50-ci illərində Borçalını işğal etdiyi bildirilir.[24] Ümumiyyətlə, bu dövrdə Gürcüstan hakimlərinin aktiv şəkildə bölgədə baş verən siyasi proseslərdə iştirakını görürük. Beləliklə də, Azərbaycanın bölgədə yeganə siyasi qüvvə kimi təqdim edilməsinə son qoyulur.
Ağa Məhəmməd şah Qacarın yürüşləri təsvir edilərkən Azərbaycan xanlıqları ilə Kartli-Kaxeti çarının mövqelərinin üst-üstə düşdüyü, düşmənə qarşı gürcü və azərbaycanlıların ittifaq yaratdığı qeyd edilir.[25] Bu, bölgənin iki siyasi qüvvəsinin xarici təsirə qarşı birləşdiyini göstərən ilk məlumatdır. Hadisələrin təsvirindən aydın olur ki, Azərbaycanda xanlıqların mövcud olduğu bir dövrdə Gürcüstanda Kartlı-Kaxeti çarlığı, yəni vahid dövlət var idi. Ticarət əlaqələrindən bəhs edilərkən üstünlük xarici dövlətlərlə əlaqələrin şərhinə verilir. Bölgə dövlətləri arasında ticarət və iqtisadi əlaqələr şərh edilmir. Lakin dərslik yazır ki, Şuşada zərb olunan “Pənahabad” adlı pul “nəinki Azərbaycanda, hətta qonşu ölkələrdə” də işlədilirdi.[26] Lakin, təəssüf ki, dərslik bu qonşu ölkələrin adlarını çəkmir.
Buraxılış sinifləri üçün nəzərdə tutulan 10-cu sinif Azərbaycan tarixi dərsliyində Gürcüstan haqqında ilk məlumatlar Ərəb xilafəti işğalları ilə bağlı xatırlanır. 10-cu sinif dərsliyində qeyd olunur ki, “bölgəyə gəldikdən sonra” İslam dini “indiki Gürcüstan torpaqlarında da yayılmağa başlamışdır.”[27] Ərəb xilafətinin yüksəliş dövründə Tiflis şəhəri Şərqi Gürcüstanın mərkəzi olmuşdu. Dərslik yazır ki, xilafət zəiflədikdən sonra Tiflis əmirliyi əvvəlki kimi güclü ola bilmədi və Şərqi Gürcüstan da onun nəzarətindən çıxdı.[28] 1122-ci ildə isə Tiflis müsəlman əmirliyi tamamilə ləğv olunaraq Gürcüstan dövlətinin tərkibinə qatıldı. Beləliklə, dərslik Azərbaycanın qonşuluğunda Gürcüstan adlı bir dövlətin mövcudluğundan bəhs edir. Dərsliyin müəllifləri ərəb coğrafişünaslarına istinad edərək Tiflisi Arranın şəhəri hesab edirlər.
Səlcuqların Azərbaycan ərazisini müqavimətsiz və qısa zamanda istila etməsinin səbəbini müəlliflər yerli əhalinin Bizans-erməni-gürcü feodallarına qarşı mübarizədə Səlcuqları müttəfiq kimi görməkləri ilə izah edirlər. Lakin erməni-gürcü feodallarının necə bir siyasi qüvvə olduqları haqqında məlumat vermirlər.[29] Dərslik gürcü feodallarını siyasi qüvvə kimi təqdim etməsə də, Bizansa arxalanan “gürcü və erməni qəsbkarlarının Azərbaycanın qərb torpaqlarını” işğal etmək niyyətində olduğunu vurğulayır və beləliklə, bu qüvvələri Azərbaycanın qərbində lokalizə etmiş olur.[30]
Gürcüstanla bağlı digər məlumatlar Eldənizlər dövlətinin dövrünə aiddir. 1161-ci ildə gürcü qoşunları çar III Georginin başçılığı altında Eldənizlərin nəzarətində olan torpaqlara hücum edir. Bu məlumat Azərbaycanın qonşuluğunda Səlcuqlarla mübarizə aparmaq iqtidarında olan güclü bir dövlətin olduğundan xəbər verir.[31]Bu dövlət Səlcuqlarla mübarizədə Şirvanşahlar dövləti və qıpçaq türklərinin hökmdarı ilə ittifaq yaratmışdır.[32] Bu ittifaqın üzvləri 1121-ci ildə Didqori döyüşündə səlcuqları məğlub etməyi bacarmışdı. Şirvanşah I Axsitanın dövründə isə gürcü dövləti ilə münasibətlər daha da yaxşılaşmış, o, gürcü çarı III Georgiyə mərkəzi hakimiyyətə qarşı çıxan gürcü əyanlarının qiyamını yatırtmaqda köməklik etmiş, gürcülər isə slavyanların hücumları zamanı Şirvanşahlara yardım etmişlər.[33] Bu, Azərbaycan tarixi dərsliyində gürcülərlə Azərbaycan ərazisində mövcud olmuş Şirvanşahlar dövləti arasında hərbi ittifaq haqqında ilk məlumatdır.
Monqol işğalları təsvir edilərkən dərslik Atabəylər dövləti ilə gürcü çarı IV Georgi arasında bağlanan hərbi ittifaqdan bəhs edir.[34] Teymurun hücumları dövründə Şirvanşah I İbrahim Teymurla gürcü çarı VII Georgi arasında vasitəçi olmuş, onlar arasında sülh müqaviləsi imzalanmışdı. Dərslik qeyd edir ki, bundan sonra “Azərbaycan-Gürcüstan münasibətləri daha da möhkəmlənmişdi.”[35]
15-ci əsrdə Azərbaycan ərazisində yaranmış Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsən Gürcüstana yürüşlər etmiş, bu yürüşlərin nəticəsində gürcü çarı VI Baqratla müqavilə bağlamış və Şərqi Gürcüstan Ağqoyunlu dövlətinə birləşdirilmişdi.[36] Osmanlı-Səfəvi müharibələri Gürcüstanın iki hissəyə bölünməsi, Şərqi Gürcüstanın Səfəvilərin, Qərbi Gürcüstanın isə Osmanlının təsiri altına düşməsi ilə nəticələnmişdi.[37]
Nadirin ölümündən sonra Azərbaycan ərazisində yaranan xanlıqlardan Şəki xanlığının güclənməsi qonşu Kartli-Kaxetiya çarlığını ciddi narahat edir. Müəlliflər Kartli-Kaxetiya çarlığının yaranması ilə bağlı qısa haşiyə çıxaraq, vaxtilə Nadirin Kartli və Kaxetiyaya ata və oğlu çar təyin etdiyini bildirir, bununla da Şərqi Gürcüstanın Nadir şahdan asılı olduğuna işarə vururlar. 18-ci əsrdə birləşmiş çarlığın “Qazax və Şəmşəddil sultanlığını” işğal etdiyi, “Car-Balakən, Gəncə, hətta Qarabağ xanlığını” işğal etməyə cəhd göstərdiyi qeyd edilir.[38] 18-ci əsrin ikinci yarısında Kartli-Kaxetiya çarlığı qısa müddətə də olsa, İrəvan xanlığını özündən asılı vəziyyətə salmağa müyəssər olmuşdu.[39] Həmin əsrin sonunda Ağaməhəmməd şah Qacar Gürcüstanı özünə tabe etmiş, bu isə Rusiyanın Cənubi Qafqaza işğalçı yürüşlərini sürətləndirmişdi.[40] Beləliklə, 10-cu sinif dərsliyi klassik feodalizm dövründə Azərbaycanın qonşusu olan Gürcüstan dövlətini təqdim edir. Bu dövlətlə münasibətlər mövcud şəraitdən asılı olaraq dəyişsə də, ümumən, yadelli işğalçılara qarşı mübarizədə onlar vahid cəbhədə birləşməyi bacarıblar.
Gürcüstan müasir dövrdə
19-21-ci əsrin tarixi hadisələrindən bəhs edən 9-cu sinif Azərbaycan tarixi dərsliyində Rusiya imperiyası işğallarından sonra Gürcüstan ərazisində yaradılmış quberniyalar və kommunikasiyalar haqqında məlumat verilir. İmperiya tərkibinə qatıldıqdan sonra Cənubi Qafqazın bölgələri arasında həm iqtisadi-ticari, həm də mədəni əlaqələr haqqında məlumatlara rast gəlinir. Bunlardan ən önəmlisi 1879-cu ildə Qori müəllimlər seminariyasında Azərbaycan şöbəsinin fəaliyyətə başlamasıdır.[41] Rusiyada çar hakimiyyəti devrildikdən sonra isə Cənubi Qafqaz xalqları arasında siyasi əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
Dərslikdə Cənubi Qafqaz Komissarlığı və Cənubi Qafqaz Seyminin yaradılması və fəaliyyəti haqqında məlumat verilir.[42] 1918-ci ildə bağlanan Brest-Litovski sülh müqaviləsinin Cənubi Qafqazın erməni və gürcü nümayəndələrinin ciddi etirazına səbəb olması, azərbaycanlı nümayəndələrin isə etirazların dinc yolla həll olmasına cəhd etməsi xalqların siyasi gündəliyinin müxtəlifliyinə və fikir ayrılıqlarına dəlalət edir. Bu narazılıqlar Cənubi Qafqaz xalqlarının siyasi əməkdaşlığına son qoyur, 1918-ci ilin mayında Zaqafqaziya Federativ Demokratik Respublikası buraxılır. Bunun əsas səbəbi kimi Zaqafqaziya Seymi nümayəndələri arasında fikir ayrılığı, gürcülərin almanlarla separat danışıqları və gürcü fraksiyasının müstəqilliyini elan etmək istəyi göstərilir.[43]
Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi və onun fəaliyyəti ilə bağlı 90-cı səhifədə verilən xəritədə RSFSR-in cənubu, Gürcüstanın və Ermənistanın cənub-şərqi mübahisəli ərazilər kimi təqdim edilib. Müstəqillik elan edildikdən sonra Azərbaycanla Gürcüstan arasında mübahisəli ərazi problemi olmasına baxmayaraq, diplomatik münasibətlər qurulmuş, Bakı-Batum dəmiryol xətti ilə iqtisadi əlaqələr reallaşdırılmış, ortaq düşmənə, Denikinə qarşı birgə mübarizə üçün hərbi müdafiə paktı imzalanmışdı.[44]
Gürcüstanla münasibətlərin yeni mərhələsi 1922-ci ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının yaranması ilə başlanır. İki respublikanın sovetləşməsindən sonra yeganə ərazi problemi – Zaqatala dairəsi həll olunur. 1921-ci ildə respublikalar arasında bağlanan sazişlə Gürcüstan Zaqatalaya olan iddialarından imtina edir.[45]
Müstəqilliyin bərpasından sonra Gürcüstan “Əsrin müqaviləsi” ilə bağlı neft marşrutlarının müəyyənləşdirilməsi zamanı xatırlanılır. 1999-cu ildə bağlanan müqavilə ilə neft kəmərlərindən biri Gürcüstan ərazisindən keçən Bakı-Supsa kəməri olur.[46] Həmin ildə Gürcüstan ərazisindən keçən ikinci neft kəməri, Bakı-Tbilisi-Ceyhan boru xətti haqqında məlumat verilir.[47] 2001-ci ildə isə Gürcüstan ərazisindən keçən Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsi ilə bağlı müqavilələr imzalanır. Beləliklə, Gürcüstan Azərbaycanın mühüm iqtisadi-ticari partnyoruna çevrilir. Bu əməkdaşlıq 1997-ci ildə Ukrayna və Moldovanın daxil olduğu GUAM təşkilatının yaradılması ilə daha da intensivləşməli idi.[48] Azərbaycanla Gürcüstan arasında çoxşaxəli əməkdaşlıq Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilişi ilə daha da güclənmişdir.[49]
Gürcüstan dünya tarixi kontekstində
Dünya tarixinin qədim dövrünü əhatə edən 6-cı sinif dərsliyində Qafqaz haqqında heç bir məlumat yoxdur. Eyni dövrə aid Azərbaycan tarixi dərsliyində Qafqazın qədim insanların aktiv məskunlaşdığı ərazi olduğu bildirilsə də, bu məlumatlar dünya tarixinə aid dərslikdə əks olunmayıb.
Dünya tarixində Qafqazla bağlı ilk məlumata 7-ci sinif dərsliyində, iki imperiya, Sasanilərlə Romalılar arasında gedən müharibələr təsvir edilərkən toxunulur.[50] Qafqaz tarixi haqqında bir qədər geniş məlumatlar isə 7-ci əsrdən başlayır. “Qafqaz 7-11-ci yüzillikdə” adlı hissədə Ərəb xilafətinin zəifləməsindən sonra Abxaz və Kartlinin qismən müstəqillik qazandığı bildirilir, bu dövlətlərin nə zaman yarandıqları, hansı şərtlərdə müstəqilliklərini itirdikləri haqqında məlumat verilmir.[51] “10-cu yüzillikdə baqratlıların Cənubi Qafqazı tamamilə ələ keçirmək cəhdlərinin qarşısını Saci və Salari dövlətləri”nin aldığı bildirilir. Dərslik baqratlılarla səlcuqları qarşı-qarşıya qoyur, “XI yüzilliyin ortalarında” Bizansın baqratlıları dəstəklədiyini qeyd edir. Bizans və baqratlıların işğalçılıq siyasətinə isə “Oğuz-Səlcuq türklərinin axınları” son qoyur.
17-18-ci əsrləri əhatə edən 8-ci sinfin Ümumi tarix dərsliyində Cənubi Qafqaz Səfəvilərin irsi torpaqları elan edilir. Bu torpaqlar Osmanlı imperiyası tərəfindən işğal edildikdən sonra “Borçalı-Pəmbək və Qazax əhalisi özlərinə müstəqil xanlıqlar” yaratdılar.[52] Dərslik Osmanlı müharibədə gürcü hakimlərinin də qızılbaşlara dəstək verdiyini, qızılbaşların bu müharibələr nəticəsində Gürcüstanın şərq bölgələrini, Kartli və Kaxetiyanı yenidən nəzarətə aldıqlarını qeyd edir.[53] 16-cı əsrin 2-ci yarısında Həştərxanı işğal etmiş Rusiyanın Cənubi Qafqaza da can atdığını yazan müəlliflər bu işdə İber rahibinin rolundan bəhs edirlər. Gürcü rahibi Rusiya çarı ilə görüşərək onu Cənubi Qafqazı işğal etməyə həvəsləndirmiş, əgər o hücuma keçərsə, çoxsaylı gürcü qoşunlarının onu dəstəkləyəcəyini bildirmişdi. Lakin gürcü hakimlər Qızılbaşların tərəfinə keçdikləri üçün bu plan baş tutmamışdı. İkinci dəfə qonşu gürcü xalqının adına dərslikdə I Pyotrun dövründə rast gəlinir. Dərslik yazır ki, I Pyotr öz sarayında “erməni və gürcü keşişləri” ilə görüşmüş, onları “Osmanlı və Səfəvi zülmündən” azad edəcəyini vəd etmişdi. Keşişlər isə onu əmin etmişdilər ki, Pyotrun ayağı Qafqaza dəyən kimi “50 minlik erməni-gürcü ordusu” rus çarına qoşulacaqdır.[54] Lakin gürcü çarı VI Baxtanqın Rusiyanın tərəfinə keçmək planı gürcü əyanlar tərəfindən dəstəklənmədiyinə görə Rusiya heç bir nəticə əldə edə bilmir, onu dəstəkləyən gürcü çarı Baxtanqı sarayında qəbul etməkdən imtina edir.
18-ci əsrdə Rusiya ilə Osmanlı arasında gedən müharibələrdə Qərbi (İmeretiya) və Şərqi (Kartli-Kaxetiya) Gürcüstanın birləşdirilməsi cəhdləri uğursuzluğa düçar oldu. Rusiya ilə Osmanlı arasında bağlanan müqavilələrdə Gürcüstan adı çəkilmədi, üstəlik Rusiya Qərbi Gürcüstanın Osmanlı dövlətinin tərkibində qalması ilə razılaşdı, Şərqi Gürcüstanın çarı ilə isə Georgiyevsk müqaviləsi imzalandı.[55] Dərslikdə eyni zamanda vurğulanır ki, Kartli-Kaxetiya hökmdarı II İraklinin Rusiya ilə imzaladığı müqavilə Səfəvilərlə bağlanılan müqavilədən heç nə ilə fərqlənmirdi, gürcülər yalnız vergi ödəyəcəkdilər və qarşılığında himayə olunacaqları haqqında təminat alacaqdılar.[56]
Osmanlı ilə 18-ci əsr boyu aparılan müharibələrdə uğur qazanan Rusiya Cənubi Qafqazı ələ keçirmək üçün özünü xristianların himayəçisi kimi qələmə verirdi. Bu işdə ona gürcü çarı II İraklı və özlərinə Qafqazda dövlət yaratmaq istəyən ermənilər yardım edirdilər. Beləliklə, dünya tarixinin Qafqaza həsr olunan hissəsində biz qonşu xalqın tarixini görmürük, Qafqazın tarixi Osmanlı-Səfəvi və Rusiya-Osmanlı müharibələri kontekstində şərh olunur. Lakin dərsliyin pərakəndə məlumatından anlamaq olur ki, Cənubi Qafqazda iki gürcü dövləti var və onlar birləşmək uğrunda mübarizə aparırlar. Eyni zamanda Qızılbaşların Gürcüstanın şərqini nəzarətə almaqları da nominal xarakter daşıyır, yəni Şərqi Gürcüstan dərsliyin əvvəl elan etdiyi kimi Səfəvilərin irsi torpaqları deyilmiş və asılılıq gürcü hakimlərin vergi ödəməsilə məhdudlaşır. Ümumən, 16-18-ci əsrlərə həsr olunmuş Qafqaz adlı hissədə natamam da olsa, Azərbaycanın yaxın qonşusu haqqında məlumat almaq asan deyil.
Müasir dövrü əhatə edən 9-cu sinif dərsliyində Qafqaza aid xüsusi bölmə yoxdur. Ehtimal etmək olardı ki, bölgə haqqında məlumat Rusiya imperiyasına aid hissələrdə təqdim olunacaq. Lakin dərslik bu ehtimalı doğrultmur. SSRİ-yə həsr olunmuş hissədə yalnız “1922-ci ildə Cənubi Qafqaz respublikalarının Zaqafqaziya federativ dövlətində (ZSFSR) birləşdiyi” qeyd olunur.[57]
Növbəti dəfə bölgənin tarixinə SSRİ- ilə bağlı məsələlərin şərhi zamanı toxunulur. SSRİ dağıldıqdan sonra keçmiş müttəfiq respublikalar arasında yaranan problemlərdən bəhs edilir, Rusiyanın Gürcüstanla müharibəsi izah olunur. İki dövlət arasında gərginliyin səbəbi kimi Cənubi Osetiya göstərilir. Gürcüstanın Cənubi Osetiyada separatizmə qarşı mübarizəsi Rusiyanın Gürcüstana hücumu ilə nəticələnir. 5 gün davam edən müharibə Rusiyanın qələbəsi, Gürcüstanın isə torpaqlarının 20%-i itirməsi ilə başa çatır.[58]
Dünya tarixinə həsr olunmuş 10-cu sinif dərsliyində də Qafqaz tarixinə aid xüsusi bölmə yoxdur. Qafqazın klassik feodalizm dövrü problemlərinə Rusiya imperiyasına həsr olunmuş hissədə də toxunulmur. 11-ci sinif ümumi tarix kitabında da Qafqazın tarixinə həsr olunmuş xüsusi bölmə yoxdur. Rusiya imperiyasına həsr olunmuş bölmədə isə yalnız müsəlmanların yaşadıqları ərazilərin və Şimali Qafqazın işğalından bəhs edilir. Rusiya Federasiyasına həsr olunan hissədə isə Rusiyanın xarici siyasəti təhlil olunarkən Ukrayna ilə münasibətlər şərh olunmuş, Gürcüstanla münaqişəyə isə toxunulmamışdır.[59]
Nəticə
Nə Azərbaycan tarixi, nə də dünya tarixinə həsr olunmuş dərsliklərdə Azərbaycanın yaxın qonşusu olan Gürcüstanın tarixi haqqında ümumi məlumat əldə etmək mümkündür. Gürcüstanın adı Azərbaycan ərazisində mövcud olan dövlətlərin siyasəti ilə bağlı xatırlanılır. Azərbaycan bölgədə qonşularından ya təcrid olunmuş halda, ya da ümumiyyətlə qonşusu olmadan yaşayan coğrafi-siyasi ərazi kimi təqdim edilir. Azərbaycanın tarixi daha çox böyük imperiyaların və dövlətlərin tarixinin şərhi çərçivəsindən təqdim olunur. Azərbaycan dərslikləri coğrafi cəhətdən Azərbaycana yaxın olan Gürcüstanı qonşu dövlət kimi təqdim etmir, gürcü xalqı ilə azərbaycanlılar arasında hər hansı iqtisadi-ticarət və mədəni əlaqələrin mövcudluğundan bəhs edilmir. Dərsliklərin heç birində gürcü xalqının mədəniyyəti haqqında məlumat verilmir. Azərbaycan dərslikləri böyüməkdə olan nəsilə yaxın qonşularını tanıtmaq kimi bir missiya daşımır.
Ədəbiyyat siyahısı
Azərbaycan tarixi. 6-cı sinif. 2022. Bakı: Təhsil Nəşriyyat-Poliqrafiya ((History of Azerbaijan).
Azərbaycan tarixi. 7-ci sinif. 2023. Bakı: Təhsil Nəşriyyat-Poliqrafiya. (History of Azerbaijan).
Azərbaycan tarixi. 8-ci sinif. 2023. Bakı: Təhsil Nəşriyyat-Poliqrafiya. (History of Azerbaijan).
Azərbaycan tarixi. 10-cu sinif. 2022. Bakı: Şərq-Qərb. (History of Azerbaijan).
Azərbaycan tarixi. 9-cu sinif. 2024. Bakı: Şərq-Qərb. (History of Azerbaijan).
Ümumi tarix. 7-ci sinif . 2022. Bakı: Şərq-Qərb. (World history)
Ümumi tarix. 8-ci sinif. 2023. Bakı: Şərq-Qərb. (World history)
Ümumi tarix. 9-cu sinif. 2024. Bakı: Şərq-Qərb. (World history)
Ümumi tarix. 11-ci sinif. 2023. Bakı: Şərq-Qərb. (World history)
İstinadlar
[1] Azərbaycan tarixi. 6-cı sinif. Bakı: Təhsil Nəşriyyat-Poliqrafiya, 2022, 102.
[2] Yenə orada, 115.
[3] Azərbaycan tarixi. 7-ci sinif. Bakı: Təhsil Nəşriyyat-Poliqrafiya, 2023, 15.
[4] Yenə orada, 25.
[5] Yenə orada.
[6] Yenə orada, 28.
[7] Yenə orada, 39.
[8] Yenə orada, 46.
[9] Yenə orada, 55.
[10] Yenə orada, 59.
[11] Yenə orada, 61.
[12] Yenə orada, 94.
[13] Yenə orada.
[14] Yenə orada, 95.
[15] Yenə orada, 109.
[16] Yenə orada, 113.
[17]Azərbaycan tarixi. 8-ci sinif. Bakı: Təhsil Nəşriyyat-Poliqrafiya, 2023, 31.
[18] Yenə orada, 68.
[19] Yenə orada.
[20] Yenə orada, 77.
[21] Yenə orada, 84-5.
[22] Yenə orada, 99.
[23] Yenə orada, 117-8.
[24] Yenə orada, 126.
[25] Yenə orada, 129.
[26] Yenə orada, 145.
[27] Azərbaycan tarixi. 10-cu sinif. Bakı: Şərq-Qərb, 2022, 6.
[28] Yenə orada, 66.
[29] Yenə orada, 79.
[30] Yenə orada, 80.
[31] Yenə orada, 82.
[32] Yenə orada, 85.
[33] Yenə orada, 86.
[34] Yenə orada, 94.
[35] Yenə orada, 116.
[36] Yenə orada, 111.
[37] Yenə orada, 132.
[38] Yenə orada, 168.
[39] Yenə orada, 176.
[40] Yenə orada, 184.
[41] Azərbaycan tarixi. 9-cu sinif. Bakı: Şərq-Qərb, 2024, 43.
[42] Azərbaycan tarixi. 9-cu sinif. Bakı: Şərq-Qərb, 2024, 77-8.
[43] Yenə orada, 86.
[44]Yenə orada, 102.
[45] Yenə orada, 115.
[46] Yenə orada, 166.
[47] Yenə orada, 167.
[48] Yenə orada, 171.
[49] Yenə orada, 174, 181.
[50] Ümumi tarix. 7-ci sinif Bakı: Şərq-Qərb, 2022, 28
[51] Yenə orada, 33.
[52] Ümumi tarix. 8-ci sinif Bakı: Şərq-Qərb, 2023, 52.
[53] Yenə orada, 53.
[54] Yenə orada, 57.
[55] Yenə orada, 60.
[56] Yenə orada, 61.
[57] Ümumi tarix. 9-cu sinif Bakı: Şərq-Qərb, 2024, 74.
[58] Yenə orada, 117.
[59] Ümumi tarix. 11-ci sinif Bakı: Şərq-Qərb, 2023.

