Cəmiyyət

Cəmiyyət

Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü: Zəngəzur mübahisələri bitdi

Read this article on other language
Download article
image_pdf
image_pdf

Cənubi Qafqaz regionu tarixi mərhələdən keçir. Azərbaycanlılar və ermənilər arasında hələ Sovet İttifaqı dövründə – 1988-ci ildə başlayan və müstəqillik illərində miqyası daha da böyüyən münaqişə və düşmənçilik rəsmən sona yetmək üzrədir. Avqustun 8-də Vaşinqtonda keçirilmiş görüş bu baxımdan çox vacib addımdır. Bu yazıda Ağ Evdə imzalanmış rəsmi sənədlər, xüsusən Ermənistanın Sünik vilayəti ərazisindən keçəcək nəqliyyat kommunikasiyası ilə bağlı razılaşma, bölgənin əsas oyunçuları Rusiya və İranın bu anlaşmaya reaksiyaları və sülh prosesinin perspektivi təhlil edilir.

Tramp, Əliyev və Paşinyanın imzaladığı Birgə Bəyannamə ABŞ prezidentinin şahidliyində sülh və əməkdaşlıq üçün bir növ təəhhüdnamə mahiyyəti daşıyır. 5-ci maddə bunun aydın ifadəsidir:

Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra, nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik.

Amma başlıca siyasi nəticə budur ki, Ermənistandan keçəcək və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını (NMR) birləşdirəcək nəqliyyat kommunikasiyasına dair mübahisələrə rəsmən son qoyuldu. Bəyannamənin 3-cü və 4-cü maddələrinə əsasən, bu tranzit yolu “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanacaq. Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında Azərbaycanla onun NMR-sı arasında maneəsiz bağlantı yaradılacaq.

Beləliklə, eksterritorial Zəngəzur dəhlizi ideyası baş tutmadı. Xatırladaq ki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 2020-ci il 10 noyabr Bəyanatı bildirirdi ki, Ermənistan Azərbaycanın qərb rayonları və NMR arasında maneəsiz nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir və buna nəzarəti Rusiya Sərhəd Xidməti həyata keçirir. Azərbaycan məhz 9-cu maddəyə istinadla maneəsiz nəqliyyat əlaqəsi ifadəsini dəhliz kimi təfsir edərək, Ermənistandan bu Bəyanatın həyata keçirilməsini tələb edirdi. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın siyasətində prioritet istiqamətlərdən biri idi. Qələbə ölkə rəhbərliyinin ambisiyalarını və əhalinin gözləntilərini yüksəltmiş, irredentist baxış rəsmi ritorikada və ictimai diskursda üstünlük təşkil etməyə başlamışdı. Prezident Əliyev “Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizini icra edəcəyik. İstəməsə, zorla həll edəcəyik”, – deyərək bu məqsədlə hərbi güc tətbiqini də istisna etməmişdi. Xatırladaq ki, 2020-ci ildəki müharibədən sonra iki ölkə sərhədlərində üç dəfə (2021-ci ilin noyabrı, 2022-ci ilin sentyabrı və 2023-cü ilin may ayında) silahlı toqquşmalar baş verib. Sərhəddə ən irimiqyaslı döyüşlər 2022-ci il 12-14 sentyabr tarixində baş verib və Azərbaycan tərəfdən 80, Ermənistan tərəfdən 135 hərbi qulluqçu həlak olub. Ermənistan hökuməti bu toqquşmalar nəticəsində 127 kv. km ölkə ərazisinin Azərbaycan ordusunun nəzarətinə keçdiyini bildirib.

Ermənistandan keçəcək kommunikasiyalara operator qismində üçüncü tərəflərin cəlb olunması fikri əslində Tramp administrasiyası dövründə ortaya çıxmayıb. Bu ideyanı Nikol Paşinyan hələ 2021-ci ilin dekabrında Azərbaycana təklif edib. 2023-cü ilin oktyabrında isə Paşinyan Tiflisdə keçirilən İpək yolu konfransında regionda avtomobil yollarının, dəmir yollarının, boru kəmərlərinin, kabellərin, elektrik xətlərinin tikintisi, təmiri və istismarını nəzərdə tutan “Sülhün kəsişməsi” layihəsini təqdim edib. Vaşinqtonda ABŞ və Ermənistan arasında “Sülhün kəsişməsi” layihəsinin potensialının inkişafında tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması Paşinyanın uğuru sayıla bilər. Mətni hələ dərc olunmasa da, Memorandumun adı onu deməyə əsas verir ki, ABŞ bölgədə nəqliyyat infrastrukturunun qurulması və inkişafı məsələsində məhz Ermənistan tərəfinin vizyonuna dəstək verib. Növbəti mərhələdə Tramp marşrutunun idarəçiliyini həyata keçirəcək operatorlar müəyyən ediləcək. Birgə Bəyannamədə əksini tapmış və bir-birinə zidd görünən məqam – Ermənistanın suverenliyi və yurisdiksiyası altında Azərbaycana maneəsiz keçidin hüquqi və texniki baxımdan hansı şəkildə veriləcəyi də Ermənistan və ABŞ arasındakı müzakirələrin nəticəsində məlum olacaq. 

Rusiyanın reaksiyası: Moskva 10 noyabr Bəyanatında israrlıdır

II Qarabağ müharibəsini yekunlaşdıran üçtərəfli 10 noyabr Bəyanatı bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını da nəzərdə tutur. Qeyd etdiyimiz kimi, Azərbaycan hökuməti bu Bəyanatın 9-cu bəndindəki maneəsiz nəqliyyat əlaqəsini Zəngəzur Dəhlizi adlandırır və bu dəhlizin Rusiya Sərhəd Xidməti nəzarətində olmasını müdafiə edirdi. Bakının bu yanaşması Rusiyanın mövqeyi və maraqları ilə üst-üstə düşürdü. Lakin 2024-cü ilin dekabrında Azərbaycan sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasından sonra iki ölkə münasibətlərində yaranan gərginliyin fonunda Azərbaycanın xarici siyasətində paradiqma dəyişikliyi baş verdi. Putin və Əliyevin imzaladığı 2022-ci il 22 fevral tarixli Bəyannaməyə əsaslanan Rusiya-Azərbaycan müttəfiqliyi zədələndi. Ötən müddətdə Rusiyanın Ermənistanla müttəfiqliyinin də real mahiyyətini itirərək formallığa çevrildiyi, sadəcə kağız üzərində qaldığı məlumdur. Baş nazir Paşinyan başda olmaqla, Ermənistan rəsmiləri Rusiyanın Ermənistan qarşısında öhdəliklərini yerinə yetirmədiyini dəfələrlə vurğulayıblar. Ermənistan artıq Rusiyanın liderlik etdiyi hərbi blok olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini dondurub və bu qurumu tərk etməyə hazırlaşır. Belə bir vəziyyətdə Sünikdəki nəqliyyat arteriyasının ABŞ-ın nəzarətinə keçməsi, şübhəsiz ki, Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsinin nəticəsidir.

Lakin Moskvanın Vaşinqton razılaşmalarına ilkin reaksiyasına nəzər saldıqda rusiyalı sözçülər üçün xarakterik olan aqressiv ton deyil, təmkinli və ehtiyatlı ritorika diqqəti cəlb edir. Hətta Rusiya Baş nazirinin müavini Overçuk bəzi nüansların dəqiqləşdirilməsi şərti ilə Tramp marşrutunun yaradılmasında Ermənistanı dəstəklədiklərini söyləyib. Bu mülayimlik Rusiya və Tramp administrasiyası arasında konstruktiv dialoqun qurulması ilə əlaqədardır, Rusiya iki ölkə münasibətlərindəki pozitiv atmosferə kölgə salmaq istəmir. Bununla yanaşı, Moskva 10 noyabr Bəyanatı ilə əsası qoyulmuş üçtərəfli formatı qorumağa çalışır və Bakı ilə Yerevana öz öhdəliklərini xatırladır. Rusiya XİN-in şərhində xüsusi vurğulanıb ki, Azərbaycan-Ermənistan normallaşmasının hazırkı mərhələsi məhz həmin Bəyanatla başlayıb və 2020-2022-ci illərdə bütün istiqamətlər (sülh müqaviləsi, kommunikasiyaların deblokadası, sərhədlərin delimitasiyası və s.) üzrə yol xəritəsi hazırlanıb. Moskva tərəflərə xəbərdarlıq edir ki, Cənubi Qafqazdakı problemlərin optimal həlli yolu bölgə ölkələri ilə onların qonşularının (Rusiya, İran, Türkiyə) əməkdaşlığından keçir, kənar oyunçuların cəlb edilməsi əlavə çətinliklər və ayırıcı xətlər yarada bilər.

Əgər Rusiya öz etirazlarını yalnız diplomatik müstəvidə ifadə etməklə kifayətlənsəydi, o, Rusiya olmazdı. Son həftələrdə Azərbaycanın iqtisadi maraqlarının Rusiya ordusu tərəfindən hədəf alınması daha əvvəl iki ölkə münasibətlərində görünməmiş eskalasiyadır. Avqustun 6-da Ukraynanın  Odessa vilayətində, Rumıniya sərhədi yaxınlığında Ukraynaya təbii qaz tədarük edən kompressor stansiyasına Rusiya dronları tərəfindən zərbə endirilib. Azərbaycan təbii qazının sınaq həcmləri bu stansiyadan Ukraynaya nəql edilirdi. Avqustun 8-də və 18-də isə Rusiya ordusu SOCAR-ın Odessadakı neft terminalını dronlarla vurub və bu infrastruktur obyekti, demək olar ki, sıradan çıxarılıb. Rusiyanın Azərbaycana öz sərt gücünü nümayiş etdirməsi Bakını yenidən 10 noyabr Bəyanatının, eləcə də Müttəfiqlik Bəyannaməsinin çərçivəsinə qaytarmaq məqsədi güdür.

Ukraynada sülhyaratma cəhdləri çərçivəsində Tramp və Putin arasında qurulan kommunikasiya bu dövlətlərin Cənubi Qafqazda əməkdaşlığı üçün də zəmin yarada bilər. Hazırkı ABŞ prezidentinin məsələlərə geosiyasi maraqlar nöqteyi-nəzərindən deyil, kommersiya maraqları kontekstində yanaşdığı məlumdur. Bu səbəbdən indiki mərhələdə Rusiyanın Cənubi Qafqazdan tamamilə sıxışdırılıb çıxarılacağı barədə birmənalı qiymətləndirmələr hələ tezdir. Amma istənilən halda, qlobal oyunçu ABŞ-ın Cənubi Qafqaza daxil olması iki əsrdən çoxdur bu coğrafiyada dominant güc olan Rusiya üçün geriləmə sayılmalıdır. ABŞ-ın postsovet məkanında güclənməsi, şübhəsiz ki, Rusiyanın maraqlarına uyğun deyil.

İrandan ziddiyyətli mövqe

İranın reaksiyasına gəldikdə isə bu dövlətin ikibaşlı siyasi sistemindən qaynaqlanan ziddiyyətləri burada da görmək olur. Əvvəlcə, ali dini liderin müşaviri Əli Əkbər Vilayəti çox sərt açıqlama verərək Tramp marşrutunun “Trampın muzdluları”na məzar olacağını, İranın “Cənubi Qafqazın təhlükəsizliyi”ni istər Rusiya ilə birlikdə, istərsə də təkbaşına müdafiə etməyə hazır olduğunu bəyan etdi. Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin açılmasında israr edəndə İran ordusunun Azərbaycan sərhədlərində hərbi təlimlər keçirdiyini xatırladan Vilayətinin bu sözləri İranın öz maraqlarını qorumaq üçün hərbi güc tətbiq edə biləcəyinə də işarədir.

Prezident Məsud Pezeşkian və Xarici işlər naziri Abbas Arakçı isə fərqli, daha yumşaq mövqe ortaya qoydular. Pezeşkian hesab edir ki, İranın maraqları TRIPP layihəsində nəzərə alınıb. Söhbət Ermənistanın ərazi bütövlüyünün qorunmasından; İranın Avropa ilə əlaqələrinin (Ermənistan və Gürcüstan vasitəsilə) və şimal istiqamətində (Rusiya) yolunun bağlanmamasından gedir. Arakçı isə məmnuniyyətlə vurğulayıb ki, artıq Zəngəzur dəhlizi məsələsi tamamilə kənara qoyulub. İranın yeganə narahatlığı sadəcə ABŞ şirkətlərinin ərazidə fəaliyyət göstərməsi ilə bağlıdır.

Qeyd etmək lazımdır ki, İran və Rusiya regional məsələlərin 3+3 formatı çərçivəsində müzakirəsi və həllində ortaq mövqe nümayiş etdirirlər.

Sülh sazişinin yekun imzalanması niyə gecikir?

Vaşinqton görüşünün əsas nəticələrindən biri də Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin paraflanmasıdır. Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş 2025-ci ilin mart ayında tam razılaşdırılmışdı. Avqustun 11-də Azərbaycan və Ermənistan hökumətləri paraflanmış Sazişi eyni anda dərc etdilər. Mətndə hər hansı gözlənilməz, sensasion maddə və cümlə yoxdur.

Sənəd iki bərabərhüquqlu tərəfin razılaşması kimi qiymətləndirilməlidir. Tərəflər keçmiş SSRİ dövründə mövcud olmuş inzibati sərhədləri dövlət sərhədi kimi qəbul ediblər və bu barədə mübahisələrə son qoyublar. Sazişin imzalanmasından sonra iki ölkə sərhədlərində hər hansı üçüncü tərəfin qüvvələri yerləşdirilməyəcək. Bu, Avropa İttifaqı missiyasının Ermənistandakı fəaliyyətindən narahat olan Azərbaycanın tələbi idi. Ən vacib məqamlardan biri budur ki, tərəflər hüquqi müstəvidə aralarında mövcud olan bütün dövlətlərarası iddiaları, şikayətləri, mübahisələri Sazişin qüvvəyə mindiyi gündən sonra 1 ay ərzində geri çəkəcək və ya hər hansı formada həll edəcəklər. Onlar bir-birinə qarşı yeni iddialar qaldırmaqdan imtina edir və hər hansı üçüncü tərəfin iddia və şikayətlərinə cəlb olunmayacaqlarına söz verirlər. Tərəflər gələcəkdə Sazişi icra etməməyə haqq qazandırmaq üçün öz daxili qanunvericiliyinə istinad edə bilməzlər. Sülh sazişi imzalandıqdan və parlamentlərdə ratifikasiya edildikdən sonra Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq.

Paraflanma texniki baxımdan sənədin artıq tam razılaşdırıldığını və bu barədə müzakirələrin sona yetdiyini təsdiqləyən addımdır. Lakin paraflanmış sənəd hüquqi qüvvəyə malik olmur. Bu baxımdan prosesə yekun nöqtə qoyulmadığını söyləmək lazımdır.

Sazişin imzalanmamasının səbəbi Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi barədə tələbinin hələ yerinə yetirilməməsi ilə əlaqədardır. Prezident Əliyev Vaşinqtonda Azərbaycan mediasına açıqlamasında bunu bir daha dilə gətirib: “Ermənistanın, necə deyərlər, ev tapşırıqları da var. Bildiyiniz kimi, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər.”

Ermənistan bu şərtə etiraz etmir, lakin Konstitusiya dəyişikliyi mürəkkəb siyasi prosesdir. 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində bu prosedura başlamaq zəif ehtimal kimi görünür. Çünki bu, Paşinyan üçün əlavə siyasi risklər yarada bilər, həm də seçki təbliğatı ilə eyni anda Konstitusiya dəyişiklikləri üçün təbliğat kampaniyası qurmaq çətin işdir. Bu səbəbdən sülhün imzalanması, yəqin ki, hələ azı 1 il uzanacaq. Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası təkrar qələbə qazanıb parlament çoxluğunu qoruyarsa, 2026-cı il ərzində Ermənistanda Konstitusiya referendumunun keçirilməsi və müsbət sonluqla yekunlaşması, daha sonra sülh sazişinin imzalanması ehtimalı yüksəkdir. Lakin əks nəticənin ortaya çıxması və müxalifət partiyalarının, o cümlədən rusiyayönümlü qüvvələrin parlamentdə çoxluğa nail olması yeni, fərqli situasiyanın yaranmasına səbəb olacaq. Bu halda bölgə yenidən qeyri-müəyyənlik mərhələsinə daxil ola bilər.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.