Azərbaycan hökumətinin əsas təbliğat kanallarından biri olan APA İnformasiya Agentliyinin saytında iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı ilə bağlı məqalə paylaşılıb. Yazıda 2020-2024-cü illərdə qeyri-neft sahələrinin sürətli inkişafını sübut etmək üçün bir sıra rəqəmlər təqdim edilir. Məsələn, qeyd edilir ki, həmin dövrdə dövlət büdcəsinin gəlirləri 50 faizə yaxın artaraq 37,2 milyard manata, öz növbəsində qeyri-neft gəlirlərinin məbləği 10,7 milyard manatdan 19,2 milyard manata yüksəlib, qeyri-neft ixracatanın həcmi 1,85 milyard dollardan 3,35 milyarda dollaradək genişlənib.
Lakin məqalədə gerçək mənzərəni təhrif etmək üçün aşkar şəkildə bir sıra faktların manipulyasiyasına da yol verilib. Ən mühüm yanlışlıq isə odur ki, 2024-cü ilin göstəriciləri bütün dünyada, o cümlədən Azərbaycanda qlobal pandemiya səbəbindən iqtisadi geriləmənin baş verdiyi 2020-ci ilin rəqəmləri ilə müqayisə edilir. Halbuki heç bir halda müqayisə üçün istinad dövrü kimi 2020-ci il götürülməməlidir və 5 illik zaman intervalı seçilirsə, pandemiyadan öncəki ən son hesabat dövrü kimi 2019-cu ilə istinad edilməlidir.
Gəlin qeyd olunan faktlardan bəzilərin diqqət yetirək.
Birinci fakt: turizm gəlirləri 6,5 dəfə artıb
Yazıda rəsmi statistikaya istinadən qeyd edilir ki, 2020-ci ilə nisbətən 2024-cü ildə turizm xidmətlərinin ixracından gəlirlər 6,5 dəfə artaraq 304 milyon dollardan 2 milyard dollara çatmşdır. Aydındır ki, 2020-ci ildə qlobal pandemiya beynləxalq turist axınlarını demək olar ki, tamamilə dayandırdı. Bu səbəbdən həmin il Azərbaycanın xarici turizmdən əldə elədiyi gəlirlər əvvəlki illə müqayisədə 6 dəfəyə yaxın azalaraq 1,8 milyard dollardan 300 milyon dollara endi. 2024-cü il üzrə turizm xidmətlərinin ixrac həcmi isə 2019-cu illə müqayisədə təxminən 10 faiz və ya 250 milyon dollar çoxdur. Fərid Mehralızadənin Bakı Araşdırmalar İnstitunda hələ 2024-cü ilin may dərc etdiyi təhlildən də görünür ki, sərhədlərin bağlanması səbəbindən ölkəyə xarici turist axınları da xeyli azalıb. Məsələn, əgər 2019-cu ildə ölkəyə 3,2 milyon nəfər əcnəbi gəlmişdisə, 2023-cü ildə həmin rəqəm 2 milyon nəfər ətrafında olmuşdu.
İkinci fakt: otel gəlirləri rekord səviyyədə artıb
APA-nın məqaləsində qeyd edilir ki, 2020-ci illə müqayisədə otel sektorunun gəlirləri 116,8 milyon manatdan 694,2 milyon manata yüksəlib – yəni bu göstərici də 6 dəfədən çox artıb. Halbuki yenə də pandemiya səbəbindən əvvəlki illə müqayisədə 2020-ci ildə otellərin gəlirləri 4 dəfəyə yaxın azalmışdı. 2019-cu ildə sektorun ümumi gəlirləri 450 milyon manat təşkil etmişdi. Deməli, pandemiyanın təsirindən təmizlənmiş artım 6 dəfə yox, təxminən 50 faizdir. Hələ nəzərə almaq lazımdır ki, burda söhbət real artımdam yox, inflyasiyanın təsirindıən təmizlənməmiş nominal göstəricilərdən söhbət gedir. Üstəlik, ölkənin sərhədləri hələ də pandemiya bəhanəsilə qapalı saxlandığı üçün insanlar xarici gedə bilməmələri səbəbilə yerli turizm infrasturukturunun xidmətlərindən istifadə etməyə məcburdur.
Üçüncü fakt: nəqliyyat və logistika xidmətləri qeyri-neft gəlirlərinin mühüm hissəsini təşkil edir
APA-da dərc edilən sözügedən məqalədə faktlar elə təqdim edilir ki, 2020-2024-cü illərdə nəqliyyat və logistika xidmətlərinin ixracatının artımında neft-qaz sektorunun həlledici rol oynadığı aydın olmur. Halbuki həmin dövrdə sektor üzrə ixrac gəlirləri təxminən 2 milyard dollar artaraq 3,1 milyard dollara çatıb. Ümumi artımın 70 faizi və ya 1,4 milyard dolları məhz neft-qaz sektoru, cəmi 30 faizi və ya 600 milyon dolları isə iqtisadiyyatın qeyri-neft seqmenti hesabına formalaşıb. Əgər 2020-ci ildə nəqliyyat və logistika xidmələriniin ixracatında neft-qaz sahələri hesabına formalaşan gəlirlər cəmi 200 milyon dollar idisə, 2024-cü ildə bu rəqəm 8 dəfə genişlənərək 1,6 milyard dollara yüksəlmişdir. Həmin dövrdə qeyri-neft-qaz nəqliyyat və logistika xidmələrinin ixracatından gəlirlər isə 600 milyon dollar artaraq 1,5 milyard dollara çatıb.
Dördüncü fakt: qeyri-neft ÜDM-i 68,7 faiz artıb
Həmin məqalədə nominal göstəricilər təqdim olunaraq qeyri-neft ÜDM-nin 68,7 faiz artımla 50,8 milyard manatdan 85,7 milyard manata çatdığı qeyd olunur. Halbuki elə rəsmi statistikanın öz hesablamalarına baxılsa məlum olar ki, 2024-cü ildə 2020-ci illə müqayisədə ÜDM-nin real artımı təxminən 15 faiz təşkil edib. Təəssüf ki, qeyri-neft ÜDM-üzrə deflyator göstəricisi ayrıca açıqlanmadığı üçün bu seqment üzrə real ÜDM artımının miqyasını da dəqiq bilmək olmur.
Görünür iqtisadi inkişaf gerçək olmayanda onu kağız üzərində, faktların manipulyasiyası ilə reallaşdırmaq lazım gəlir.

